Zərdab dinamik və əhatəli inkişaf yolundadır

 

Zərdab Rayon İcra Hakimiyyətində keçirilən ümumrayon toplantısında 2009-cu ildə əldə olunmuş uğurlara, bu il qarşıda duran sosial-iqtisadi vəzifələrə ətraflı nəzər salındı, həlli vacib məsələlər önə çəkildi. Rayon icra hakimiyyətinin başçısı Lütvəli Babayev geniş hesabat məruzəsi ilə çıxış etdi. Məruzə ətrafında müzakirələrdə Maliyyə Şöbəsinin müdiri Cərulla Cərullayev, Suvarma Sistemləri İdarəsinin rəisi Soltan Sadıqov, Əlvənd ərazi icra nümayəndəsi Adəm Rəhimli, Zərdab şəhər 3 nömrəli orta məktəbin müəllimi Cəvahir İsmayılova və digər natiqlər ayrı-ayrı sahələrdə qazanılmış nailiyyətlərdən, problemləri aradan qaldırmaq yollarından söz açdılar. Məruzə və çıxışlarda ifadə olunmuş önəmli məsələləri oxuculara təqdim edirik.

 

Rayon icra hakimiyyəti başçısının hesabatında bildirilir ki, 2009-cu ildə respublikamızda əldə olunmuş nailiyyətlər, qazanılmış uğurlar Zərdab rayonunun da sosial-iqtisadi inkişafında özünü göstərmişdir. 2009—2013-cü illərdə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq, rayonda da xeyli iş görülmüş, böyük abadlıq və quruculuq işləri aparılmışdır. İnsanları narahat edən sosial məsələlərin həlli istiqamətində cəsarətli addımlar atılmışdır.

Əhalinin əksəriyyətinin məşğuliyyəti kənd təsərrüfatı ilə bağlı olduğu üçün əsas diqqət aqrar sektorun inkişafına yönəldilmişdir. 2009-cu ildə 33942 hektarda kənd təsərrüfatı bitkiləri əkilmişdir. Sahələrin 57,3 faizini payızlıq dənli bitkilər, 39,9 faizini yem bitkiləri, 0,7 faizini texniki bitkilər (pambıq), qalanını isə bostan və tərəvəz bitkiləri təşkil etmişdir. Əhalinin ərzaq məhsullarına olan tələbatını ödəmək və bu məqsədlə taxılçılığı daha da inkişaf etdirmək məqsədi ilə kənd təsərrüfatı məhsulları istehsalçılarına istifadə etdikləri yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına 2009-cu ildə də maliyyə yardımının edilməsi, “Aqrolizinq” ASC xətti ilə 50 faiz güzəştlə mineral gübrələrin satılması və həyata keçirilən digər tədbirlər aqrar sahənin inkişafına stimul yaratmışdır.

Rayonda taxılçılığın inkişaf etdirilməsi istiqamətində xeyli iş görülmüş, 2009-cu ildə rekord miqdarda taxıl istehsal olunmuşdur. 19163 hektar taxıl sahəsindən 52382 ton məhsul əldə edilmiş, məhsuldarlıq 27,3 sentner olmuşdur. Taxıl istehsalı 2008-ci ilə nisbətən 12255 ton, məhsuldarlıq 0,2 sentner çox olmuşdur. 2009-cu ildə toxumçuluq üzrə 14 fermer təsərrüfatı 770 hektar sahədə taxıl əkmiş, 2112 ton fiziki, 1924 ton kondisiyalı çəkidə toxum istehsal edilmişdir. 2008-ci ildə bu göstərici 805 ton olmuşdu. Hesabat ilində 3228 ton kartof, 3399 ton tərəvəz istehsal olunmuşdur ki, bu göstəricilər 2008-ci ilə nisbətən, uyğun olaraq, 524 ton və 71 ton çoxdur.

Ötən il heyvandarlığın inkişaf etdirilməsi, cins tərkibinin yaxşılaşdırılması istiqamətində xeyli iş görülmüşdür. Rayonda iri malın sayı 2008-ci ilə nisbətən 592 baş artaraq 52527-ə, qoyun-keçilərin sayı 1545 baş artaraq 106111-ə, quşların sayı 503 baş artaraq 176121-ə çatmışdır. Rayonda ət istehsalı keçən ilə nisbətən 39,4 ton artaraq 2931 tona, süd istehsalı 58,1 ton çoxalaraq 21663 tona, yumurta istehsalı 28 min ədəd artaraq 7734 min ədədə çatmışdır. Heyvandarlığın yem bazasının möhkəmləndirilməsi üçün 2491 hektarda təzə yonca əkilmişdir. 2009-cu ildə 103596 ton qaba yem tədarük edilmişdir ki, bu da 2008-ci ildəkindən 1292 ton çoxdur.

Arıçılığın inkişaf etdirilməsi istiqamətində əhali arasında təbliğat işi gücləndirilmiş, il ərzində 13 kənddə 180 arı ailəsi yaradılmasına nail olunmuşdur.

2009-cu ildə aqrar sahənin inkişafı üçün suvarma işlərinə diqqət artırılmışdır. 37070 hektar sahəyə 72 nasos stansiyasının 166 aqreqatı vasitəsilə xidmət göstərilmiş, 505 kilometr suvarma kanalları lildən təmizlənmişdir. Alıcanlı, Cilovxanlı, Bıçaqçı, Siləyli, Hüseynxanlı və Bəyimli nasos stansiyalarında daha məhsuldar nasoslar quraşdırılmaqla həmin ərazilərdə suvarmada olan çətinliklər aradan qaldırılmışdır.

Dövlət Proqramında Zərdab rayonunda suvarma-drenaj şəbəkələrinin bərpası ilə bağlı nəzərdə tutulmuş işlərə başlanılmış, bu məqsədlə, Gəlmə və Kəndəbil kəndləri ərazisində də 963 min manatlıq iş görülmüşdür. İl ərzində Şahhüseynli, Dəkkəoba və Körpükənd ərazi vahidlərində sudan istifadəedənlər birlikləri yaradılmışdır. Suvarma Sistemləri İdarəsi 753 min manatlıq maşın-mexanizm və avadanlıq, o cümlədən 2 “Hunda”, 1 troslu ekskavator və 1 UAZ markalı avtomaşın almışdır.

Rayon sahibkarlarının Bakı şəhərində keçirilən kənd təsərrüfatı məhsullarının yarmarkasında fəal iştirakı təmin edilmiş, 2009-cu ildə 225 ton meyvə-tərəvəz məhsullarının satışı təşkil edilmişdir.

Bütövlükdə hesabat ilində rayonun iqtisadiyyatının əsas sahələrində 51,4 milyon manatlıq məhsul və xidmətlər istehsal olunmuş, əvvəlki ilə nisbətən artım 6,3 faiz olmuşdur. Ümumi məhsul buraxılışında qeyri-dövlət sektorunun xüsusi göstəricisi 87,2 faiz olmuşdur. Məhsul və xidmətlərin 64,8 faizi kənd təsərrüfatı, 20,2 faizi ticarət və xidmət, 11 faizi tikinti, 2,1 faizi sənaye, 1,4 faizi nəqliyyat, 0,5 faizi poçt və rabitə sahələrinin payına düşmüşdür.

Rayonda işsizliyin azaldılması, yeni iş yerlərinin açılması istiqamətində də xeyli iş görülmüşdür. 2009-cu ildə 246 , son 6 ildə isə 5528 yeni iş yeri yaradılmışdır. Rayon Məşğulluq Mərkəzində 216 nəfər işaxtaran kimi qeydiyyata alınmış, onlardan 174 nəfər rayonun müxtəlif idarə və təşkilatlarında işlə təmin olunmuşlar. Hər bir işçiyə hesablanan orta aylıq əmək haqqı 2008-ci ilə nisbətən 12,8 faiz və ya 17,6 manat artaraq 157,5 manat təşkil etmişdir. Əhalinin aztəminatlı hissəsinə ünvanlı sosial yardımın verilməsi davam etdirilmiş, il ərzində 971 ailəyə 569,2 min manat yardım verilmişdir. Şəhid ailələrinə, Qarabağ və Çernobl əlillərinə, Böyük Vətən Müharibəsi veteranlarına, tək və kimsəsizlərə, yetim və valideyn himayəsindən məhrum olmuş uşaqlara rayon fondundan 40 min manatdan çox yardım edilmişdir.

Hesabat ilində rayon əhalisinə göstərilən ticarət, nəqliyyat, rabitə və məişət xidmətləri sahəsində müəyyən işlər görülmüş, ticarət şəbəkələri tərəfindən 34,5 milyon manatlıq və ya əvvəlki ilə nisbətən 3,1 faiz çox istehlak malları satılmışdır. Məişət xidməti 1277,7 min manat təşkil etmişdir ki, bu da yalnız fiziki şəxslər tərəfindən yerinə yetirilmişdir. Nəqliyyat sektorunda məhsul buraxılışı 775,5 min manat olmaqla rayon üzrə ümumi məhsul buraxılışının 1,3 faizini təşkil etmişdir.

Telekommunikasiya Qovşağı 266,7 min manatlıq iş görmüşdür, bu əvvəlki ildən 5,7 faiz çoxdur. İl ərzində 287 elektron telefon çəkilmiş, 1939 ədəd analoq tipli ATS nömrəsi yeni EATS nömrəsi ilə əvəz olunmuşdur. Xidmətin səviyyəsinin yüksəldilməsi üçün rayonun Qaravəlli kəndində tutumu 200 nömrə olan ATS 256 nömrə tutumlu EATS-lə əvəz olunmuş, Pərvanlı kəndində 256 nömrə tutumlu EATS quraşdırılmışdır. Azərpoçt Dövlət Müəssisəsinin Zərdab filialı tərəfindən 2009-cu ildə 50,4 min manat taarif gəliri proqnozuna qarşı 50,9 min manat icra olunmuş, Çallı və Məlikli kəndlərində yeni poçt şöbələri üçün bina tikilərək istifadəyə verilmişdir. 2010-cu ildə rayonun Qaravəlli, Hüseynxanlı, Gəlmə və Təzəkənd kəndlərində yeni poçt şöbələri üçün bina tikilməsi nəzərdə tutulmuşdur.

Hesabatda göstərilir ki, əhalinin elektrik enerjisi, qaz və içməli su ilə təminatını yaxşılaşdırmaq üçün 218 transformator yarımstansiyasında, 65,1 kilometr elektrik verilişi xəttində əsaslı və cari təmir işləri aparılmışdır. 287 abonentə yeni elektron sayğaclar quraşdırılmış, elektrik təsərrüfatında daxili imkanlar hesabına 52,7 min manatlıq iş görülmüşdır. 2009-cu ildə dəyəri 2,34 milyon manat olan 39 milyon kvt/saat elektrik enerjisi istehlak edilmiş, ümumi ödəmə 100, əhali üzrə ödəmə 99,5 faiz təşkil etmişdir.

Zərdab şəhərinin Qumlu və 15-ci məhəllə və Təzəkənd yaşayış massivlərinə yeni qaz xətləri çəkilmişdir. Yarımçıq qalmış işlər isə bu il davam etdirilir. 2009-cu ildə dəyəri 364 min manat olan qaz istehlak olunmuş, ödəmə ümumi 82,7 faiz, əhali üzrə 81,2 faiz təşkil etmişdir.

Rayon əhalisinin içməli suya olan tələbatının ödənilməsi istiqamətində də müəyyən işlər görülmüşdür. Üzən nasos qurğusunda, Zərdab şəhərinin M.Zalov, Füzuli, B.İsmayılov, 20 Yanvar, M.Hüseyn, S.Mahmudov küçələrində, kommunal yaşayış sahələrində təmir işləri aparılmışdır. İstehlak olunmuş suyun dəyərinin 80,5 faizi toplanmışdır. Kənd əhalisinin içməli suya olan tələbatını ödəmək üçün Yuxarı Seyidlər, Məlikli, Gödəkqobu, Məmmədqasımlı, Yarməmmədbağı kəndlərində modul tipli sutəmizləyici qurğular qurulmuşdur. Hazırda rayonun 12 kəndində əhali ekoloji cəhətdən təmiz sudan istifadə edir.

Hesabat ilində Zərdab şəhərində Uşaq İncəsənət Məktəbi, Əhalinin Sosial Müdafiəsi Mərkəzi, Rayon İcra Hakimiyyəti, Heydər Əliyev parkında Heydər Əliyev İdeoloji Mərkəzi üçün binalar tikilib istifadəyə verilmişdir. Sovet İttifaqı Qəhrəmanı Məlik Məhərrəmovun büstü qoyulmuşdur. Ümumiyyətlə, 2009-cu ildə rayon ərazisində 3,3 milyon manatlıq əsaslı tikinti, 1,9 milyon manatlıq təmir və abadlıq, cəmi 5,2 milyon manatlıq tikinti quruculuq işləri aparılmışdır. Daxili imkanlar hesabına 307 min manatlıq iş görülmüşdür. İl ərzində küçə və parklarda, magistral yolların kənarlarında 30 mindən çox ağac əkilmişdir.

2009-cu ildə rayonun bütün məktəblərində şagirdlərin məktəbə vahid məktəbli formasında gəlmələri təmin edilmişdir. Rayonda regional “Uşaqlara və ailələrə dəstək mərkəzi” yaradılmışdır. Keçən il orta məktəbi bitirmiş 545 nəfərdən ali məktəblərə qəbul olmaq üçün 260 nəfər məzun sənəd vermiş, onlardan 78 nəfəri müxtəlif ali məktəblərə daxil olmuşdur. 2009-cu ildə təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində xeyli iş görülmüşdür. Məktəblərə yeni 14 ədəd müasir tipli kompyuter verilmiş və beləliklə, hazırda məktəblərdə 196 kompyuter quraşdırılmışdır.

Tibb müəssisələrinin zəruri bərk və yumşaq inventarlarla, dərman və tibbi ləvazimatlarla, ərzaq məhsulları ilə təminatı xeyli yaxşılaşmışdır. 87 min manatlıq bərk və yumşaq inventar, 156 min manatlıq dərman sarğı materialı alınmışdır. Respublika Səhiyyə Nazirliyinin Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzindən 55 min manatlıq dəyərində inventar və tibbi avadanlıqlar əvəzsiz olaraq rayon Mərkəzi Xəstəxanasına verilmişdir. Mərkəzi Rayon Xəstəxanasının terapiya, doğum və uşaq şöbələrində və poliklinikanın bir hissəsində 50,6 min manatlıq cari təmir işləri görülmüşdür.

Rayon əhalisinə göstərilən mədəni xidmətin səviyyəsi xeyli yüksəlmiş, həyata keçirilən tədbirlərin dairəsi genişlənmiş, keyfiyyəti yaxşılaşmışdır. Hesabat ilində Heydər Əliyev İdeoloji Mərkəzi və rayon icra hakimiyyətində Heydər Əliyev kitabxanası istifadəyə verilmişdir. Gənc nəslin vətənpərvərlik və dövlətçilik ruhunda formalaşmasında Mərkəzin gücündən səmərəli istifadə olunmuşdur. Vaxtaşırı olaraq müxtəlif festivallar, baxış-müsabiqələr keçirilmişdir. Azərbaycan Dövlət Akademik Milli Dram, Mingəçevir Dövlət Dram, İrəvan Azərbaycan Dövlət Dram teatrlarının rayon əhalisi qarşısında çıxışları təşkil edilmişdir.

Toplantıda bu il rayonda həyata keçiriləcək mühüm işlərdən və tədbirlərdən də geniş söz açıldı. Bildirildi ki, aqrar sahənin inkişaf etdirilməsini xüsusi nəzarətdə saxlamaq, kənd təsərrüfatı məhsullarının istehsalını artırmaq üçün əlavə tədbirlər görmək, pambıq, barama, bostan məhsulları istehsalında olan geriliyi aradan qaldırmaq lazımdır.

Təzəkənd yaşayış massivinə və 15-ci məhəlləyə 2009-cu ildə başlanılmış qaz xəttinin çəkilişi başa çatdırılmlıdır. Daxili imkanlar hesabına MTN-nin Zərdab Rayon Şöbəsi üçün inzibati binanın tikintisinin başa çatdırılması da nəzərdə tutulur. Dövlət Proqramı çərçivəsində 180 şagird yerlik Şıxbağı kənd orta məktəbi üçün yeni bina istifadəyə verilməlidir. Cilovxanlı kənd ibtidai məktəbinin fəaliyyətə başlaması üçün Maliyyə və Təhsil nazirliklərinə müraciət olunacaq.

Seysmik monitorinq şəbəkəsini genişləndirmək məqsədilə Çallı kəndi ərazisində seysmik stansiyanın tiklməsi, Dövlət Proqramına uyğun olaraq Zərdab şəhərinin içməli su təchizatının yenidən qurulması və kanalizasiya sisteminin yaxşılaşdırılması işlərinə başlanılması, süd emalı zavodunun istifadəyə verilməsi, ehtiyac olan kommunal yaşayış binalarının dam örtüyünün dəyişdirilməsi də qarşıda duran vacib işlərdəndir. Ekologiya ili çərçivəsində rayonun küçə və parklarında, magistral yolların və kənd yollarının kənarlarında 40 min ədəd, o cümlədən Mərkəzi Stadionda 2 min ədəd ağac əkiləcək.

Milli Məclisin deputatı Jalə Əliyeva və Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Rəhim Məmmədov yığıncaqda çıxış etdilər, diqqəti respublikamızda, eləcə də Zərdabda həyata keçirilən quruculuq işləri ilə bağlı mühüm məqamlara yönəltdilər.

Hesabat yığıncağında dönə-dönə qeyd olundu ki, son illərdə rayonda əldə olunmuş misilsiz nailiyyətlər Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən irimiqyaslı quruculuq işlərinin və modernləşdirmə xəttinin ardıcıl reallaşdırılmasının nəticəsidir. Zərdablılar bu yöndə mühüm dövlət proqramlarını bundan sonra da vaxtında və tam həcmdə yerinə yetirəcək, sosial-iqtisadi sahədə yeni-yeni uğurlar qazanacaqlar.

 

 

Ziyəddin SULTANOV,

“Xalq qəzeti”nin bölgə müxbiri

 

Xalq qəzeti.- 2010.- 18 fevral.- S. 6.