Bacarıqlı təşkilatçı, istedadlı alim

 

Azərbaycan Respublikası Auditorlar Palatasının sədri, sözün əsil mənasında milli audit sisteminin qurucularından biri, ölkə iqtisad elminin görkəmli nümayəndəsi, bacarıqlı təşkilatçı və qayğıkeş, mehriban insan, professor Vahid Tapdıq oğlu Novruzovun 60 yaşı tamam olmuşdur.

 

V.Novruzov hər bir soydaşımıza örnək olası şərəfli bir ömür yaşayıb: müəllim adına ucalıq, şərəf gətirmiş mərhum Tapdıq kişi ilə Mehriban xanımın ailəsində boya-başa çatmış, valideynlərinin şəxsi nümunəsi və zəhmətsevərliyi həyat yollarında ona yol göstərən mayak olmuş, erkən yaşlarından qəlbində elmə, biliyə sonsuz həvəs oyatmışdır. Qərbi Azərbaycanın Loru mahalındakı kənd məktəbindən başlanan həyat yolu Vətənimizin paytaxtı Bakı şəhərində universitet, Moskva şəhərində G.V.Plexanov adına Xalq Təsərrüfatı İnstitutunda aspirantura təhsili ilə, həmin elm və təhsil ocağında 1978-ci ildə “Xidmət sferasının maddi-texniki təchizatının planlaşdırılmasının normativ bazasının təkmilləşdirilməsi” mövzusunda namizədlik, 1990-cı ildə isə “Müttəfiq respublikalarda sosial-məişət infrastrukturunun inkişaf problemləri” mövzusunda doktorluq dissertasiyalarının müdafiəsi ilə, professor elmi rütbəsinə yetişməklə davam etmişdir.

Təxminən 20 il ərzində keçmiş Dövlət Plan Komitəsi yanında Elmi Tədqiqat İqtisadiyyat İnstitutunda, iqtisadçı, kiçik elmi işçi, bölmə müdiri və şöbə müdiri, Əhaliyə Məişət Xidməti Nazirliyi yanında Layihə-Konstruktor Texnologiya İnstitutunda elmi işlər üzrə direktor müavini, 1992-1996-cı illərdə isə Azərbaycan Respublikası Milli Məclisi Aparatının Mülki hüquq və iqtisadi qanunvericilik şöbəsində bölmə müdiri, şöbə müdirinin birinci müavini və şöbə müdiri kimi bir-birindən məsul vəzifələrdə çalışarkən özünü yüksək dərəcədə səriştəli mütəxəssis və bacarıqlı təşkilatçı kimi tanıdan Vahid Novruzov respublikanın elmi-ictimai dairələrində haqlı olaraq böyük hörmət və nüfuz qazanmışdır.

O, ümummilli liderimiz Heydər Əliyev tərəfindən imzalanmış 1994-cü il 16 sentyabr tarixli “Auditor xidməti haqqında” Qanunun və milli audit qanunvericiliyimizin məhək daşı sayılan digər hüquqi-normativ aktların layihələrinin işlənib hazırlanmasında və qəbul olunmasında müstəsna dərəcədə böyük əmək sərf etmiş, Azərbaycan Respublikası Auditorlar Palatasının yaranıb fəaliyyətə başlamasında və hazırda ölkəmizin bazar infrastrukturları arasında layiqli yer tutmasında əvəzsiz rol oynamışdır. Bu gün ölkədə auditor xidmətinin təşkili və tənzimlənməsi, auditor kadrların yetişdirilməsi, auditə dair elmi-kütləvi və metodik ədəbiyyatın yazılması və nəşr etdirilməsi, auditor peşəsinin müsbət imicinin formalaşdırılması və ictimai nüfuzunun artırılması Vahid müəllimin təşkilatçı-rəhbər və elmi-yaradıcı fəaliyyəti ilə sıx bağlıdır. Məhz Vahid müəllimin ardıcıl və məqsədyönlü səyləri sayəsində bu gün Auditorlar Palatasının fəaliyyəti, müstəqil auditor xidməti Azərbaycan cəmiyyətinin ayrı-ayrı zümrələri, ən əvvəl də dövlətimizin başçısı, möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən yüksək qiymətləndirilir.

V.Novruzov Azərbaycan Respublikası Auditorlar Palatasının beynəlxalq və regional peşə qurumlarına inteqrasiyası, bu qurumların himayəsi altında keçirilən ən müxtəlif səviyyəli məclislərdə ölkəmizin ləyaqətlə təmsil olunması naminə yorulmadan fəaliyyət göstərir. Həmçinin, onun təşəbbüsü və fəal iştirakı ilə son illərdə respublikamızda maliyyə nəzarətinin, şəffaflığın və korrupsiyaya qarşı mübarizənin aktual problemlərinə dair keçirilmiş beynəlxalq elmi-praktik konfranslar, ən müxtəlif səviyyələrdə geniş maraq doğurmuş, müvafiq sahələrdə Azərbaycan təcrübəsinin öyrənilməsi və təbliği sahəsində əvəzsiz rol oynamışdır. Ümummilli liderimiz Heydər Əliyev tərəfindən müəyyənləşdirilən və inkişafımızın müasir mərhələsində Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilən sosial-iqtisadi inkişaf siyasətinin fəal təbliğatçısı və tədqiqatçısı kimi V.Novruzovun səmərəli fəaliyyəti də alqışalayiqdir. Onun təşəbbüsü və baş redaktorluğu ilə nəşr olunan, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının elmi nəşrlər reyestrinə daxil edilmiş “İqtisadiyyat və audit” elmi-praktik jurnalı bu istiqamətdəki çoxşaxəli fəaliyyətinin bəhrəsidir.

Respublikanın tanınmış iqtisadçı alimlərindən olan professor Vahid Novruzov ümumiyyətlə son on beş il ərzindəki elmi fəaliyyətini bütünlüklə Heydər Əliyev siyasətinin, inkişaf və tərəqqimizin Heydər Əliyev modelinin ayrı-ayrı elementlərinin tədqiqinə həsr edən, bu mövzuda ardıcıl olaraq müxtəlif səviyyəli elmi məclislərdə və nəşrlərdə çıxışlar edən istedadlı tədqiqatçılarımızdandır. Onun hələ 1998-ci ildə bir qrup həmkarı ilə birgə yazıb nəşr etdirdiyi “Heydər Əliyev və Azərbaycan iqtisadiyyatı” monoqrafiyası özünün elmi siqlətinə görə ölkə ictimaiyyəti tərəfindən çox yüksək qiymətləndirilmiş, ölkədə gedən quruculuq işlərinin, aparılan radikal islahatların mahiyyətini anlamaq baxımından sanballı elmi mənbə rolunu oynamışdır. Professor V. Novruzovun 2004-cü ildə “Azərnəşr” tərəfindən çapdan buraxılmış “İnkişaf və tərəqqinin Heydər Əliyev modeli” adlı kitabı isə müəllifin son illər ərzində yazdığı və Rusiyada çıxan “Vestnik Mejparlamentskoy Assamblei SNQ”, lAudit seqodnya” məcmuələrindən tutmuş, respublikamızın “Dirçəliş - XXI əsr”, “İqtisadiyyat və audit” jurnalları, “Azərbaycan”, “Xalq qəzeti”, “Respublika” və “Yeni Azərbaycan” qəzetləri kimi müxtəlif profilli nəşrlərdə dərc etdirdiyi məqalələrin toplusu, mövzusu və müəllif qayəsi dəqiq müəyyən olunmuş bir kitabdır.

Azərbaycan Respublikasının ictimai-siyasi və iqtisadi həyatının konkret məsələlərinə həsr olunmuş məqalələr bir toplu halında Heydər Əliyevin iqtisadi inkişaf strategiyasının mahiyyəti, onun reallaşdırılmasının yolları, konkret nəticələri və ölkənin sabahı üçün təminatlı uğur faktoru olması barədə bitkin tədqiqat səciyyəsi daşıyır. Kitabda üç bölmə üzrə qruplaşdırılmış məqalələrin bir qismi sosial-siyasi və iqtisadi proseslərə kompleks yanaşmanın təzahürüdür; digər qisim yazılar sırf sosial-iqtisadi inkişafa, müəyyən zaman kəsiyi ərzində bu istiqamətdə ölkədə aparılmış işlərin konkret nəticələrinə və perspektivlərinə həsr olunmuşdur; üçüncü qisim məqalələrin tədqiqat obyekti isə nisbətən daha konkretdir - bazar iqtisadiyyatı şəraitində maliyyə vəsaitlərindən istifadə üzərində nəzarətin, o cümlədən korrupsiyaya qarşı mübarizə məqsədilə nəzarətin təşkili və bu prosesdə auditin yeri və roluna həsr olunmuşdur. Lakin belə qruplaşma da kitabda toplanmış materialların tematik baxımdan “qohumluğu”nu istisna etmir və müəllifin bəzi məqamlarda publisistik pafosla ifadə etdiyi fikirlərin elmi-praktik əsaslarını üzvi vəhdətdə tamamlayır.

Ədəbi publisistikadan fərqli olaraq, bu “elmi reportaj”larda fakt və hadisələr, sadəcə, qeydiyyata alınmayıb, nəyin necə və niyə baş verdiyinin səbəbləri elmi təhlil süzgəcindən keçirilməklə təqdim olunub, zəruri ümumiləşdirmələr aparılıb, dəyərli nəticələr çıxarılıb və perspektiv üçün diqqətəlayiq tövsiyələr verilib. Bütövlükdə isə kitaba daxil edilmiş məqalələrdə müəllif bir növ salnaməçi kimi, həm də içində yaşadığımız və sürətlə dəyişən Azərbaycan reallığının dolğun mənzərəsini yaradıb, sabah-birisi gün tariximizin, həyatımızın həmin dövrünə müraciət etmək istəyən araşdırıcılar üçün ilkin məxəz rolunu oynayacaq qiymətli faktoloji materialları və analitik səciyyəli qənaətlərini toplayıb. Bu kitab hamıya və hər kəsə anlaşıqlı şəkildə, dəlil-sübutlarla izah edir ki, yeni Azərbaycan quruculuğunun müasir mərhələsində Heydər Əliyev siyasəti - sabahımızın təminatlı uğur faktoru ölkədə niyə davam etdirilməlidir və bu siyasətin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bugünkü məqsədyönlü səyləri tərəqqi və yüksəliş yollarında Vətənə, xalqa daha nələri bəxş edəcəkdir.

1996-cı ilin aprel ayından Azərbaycan Respublikasının Auditiorlar Palatasına başçılıq edən V.Novruzovun rəhbərliyi və iştirakı ilə Azərbaycanda audit sisteminin inkişafına və tənzimlənməsinə dair bir sıra xüsusi ədəbiyyat, metodik göstəriş, tövsiyə və standartlar işlənib hazırlanmış və audit praktikasında tətbiq edilməkdədir. Bunlara misal olaraq, “Audit” izahlı lügətini, 5 cildlik “Audit. Qanunvericilik və normativ sənədlər” toplusunu, “Auditin əsasları” və ali məktəblər üçün “Audit” dərs vəsaitini, “Azərbaycan milli audit standartları” toplusunu, 40-dan artıq normativ və metodik-tövsiyə xarakterli sənədi göstərmək olar. Bundan əlavə, o, “Tikintidə mühasibat uçotu və audit” və “Auditin əsasları” fənlərinin tədris proqramlarını işləyib hazırlamışdır.

Beynəlxalq Mühasiblər Federasiyası ilə imzalanmış memoranduma əsasən, V.Novruzovun rəhbərlik etdiyi redaksiya heyəti beynəlxalq audit standartlarının və “Peşəkar Mühasiblərin Etika Məcəlləsi”nin Azərbaycan dilinə tərcümə olunmasını həyata keçirmiş və bu yaxınlarda nəşr etdirmişdir.

Auditin müstəqil rolu olan daxili auditin ölkəmizdə təşəkkülü və təbliği məhz professor V.Novruzovun fəaliyyəti ilə bağlıdır. O, ABŞ Daxili Auditorlar İnstitutunun ölkəmizdə yaradılmış bölməsinin - Azərbaycan Daxili Auditorlar İnstitutunun prezidentidir. 2007-ci ildə MDB məkanında ilk dəfə olaraq Azərbaycanda qəbul edilmiş “Daxili audit haqqında” Qanunun layihəsinin hazırlanmasında yaxından iştirak etmiş, 2001-ci ildə çapdan çıxmış “Daxili audit” tədris-praktika vəsaitinin, 2008-ci ildə isə ali məktəblər üçün “Daxili audit” dərs vəsaitinin redaksiya heyətinin rəhbəri və müəlliflərindən biri olmuşdur.

Bütövlükdə V.Novruzov 90-dan artıq əsərin müəllifidir, 2000-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası Rəyasət Heyətinin qərarı ilə ona professor elmi adı verilmişdir. O, uzun illər Ali Attestasiya Komissiyasının İqtisad və Hüquq Elmləri üzrə Ekspert Şurasının üzvü və sədri olmuşdur. V.Novruzov audit və bazar iqtisadiyyatı infrastrukturunun aktual problemləri üzrə 20-dən çox dissertasiya işinin elmi rəhbəri olmuş, onlarca dissertasiyalara opponent və rəyçi qismində çıxış etmişdir.

V.Novruzovun ictimai xadim və alim kimi malik olduğu hörmət-izzət, əldə etdiyi nailiyyətlər onun insani keyfiyyətləri ilə bilavasitə bağlıdır. Son dərəcə mehriban və eyni zamanda tələbkar, rəhbər, heç kimdən köməyini əsirgəməyən qayğıkeş dost olan Vahid müəllimi doğum günü münasibətilə ürəkdən təbrik edir, ona uzun ömür, həyatda ən şirin nemət olan cansağlığı, şəxsi həyatda əbədi səadət diləyirik!

 

 

Asəf NADİROV, akademik,

 

Ziyad Səmədzadə akadimik

 

Xalq qəzeti.- 2010.- 18 fevral.- S. 6.