Ötən il Qubadlı məcburi köçkünlərinin həyat şəraiti əsaslı şəkildə yaxşılaşdırılmışdır

 

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin qayğısı nəticəsində qaçqınların və məcburi köçkünlərin sosial problemlərinin həlli istiqamətində son illər səmərəli iş aparılır. Yüz minlərlə insan yeni qəsəbələrə köçürülmüş, onların məişət şəraiti yaxşılaşdırılmış, məcburi köçkünlər yeni iş yerləri ilə təmin olunmuşlar. Söz yox ki, Qubadlıdan olan məcburi köçkünlərə də bu qayğıdan kifayət qədər pay düşmüşdür. Qubadlı Rayon İcra Hakimiyyətində 2009-cu ilin yekunları və qarşıda duran vəzifələrlə bağlı keçirilən geniş iclasda səslənən fikirlər bunu bir daha təsdiq edir. Rayon İcra hakimiyyətinin başçısı Malik İsaqovun “2009-cu ildə Qubadlı rayonunda görülən işlər və 2010-cu ildə qarşıda duran vəzifələr” mövzusundakı hesabat məruzəsində rayonda həyata keçirilən geniş miqyaslı tədbirlərdən danışılmışdır.

 

Malik müəllim bildirmişdir ki, rayonun əhalisi respublikanın 5 şəhər və 42 rayonunda məskunlaşmışdır. Ötən il Qubadlıdan olan 19 ailə, yaxud 80 nəfər yeni mənzillə təmin olunmuşdur.

Nazirlər Kabinetinin 2009-cu ilin yekunları ilə bağlı keçirilən iclasındakı nitqində cənab Prezident yenidən vurğulamışdır ki, bu il məcburi köçkünlərin vəziyyətinin yaxşılaşdırılması üçün səylər davam etməlidir. Yeni qəsəbələr salınmalıdır və eyni zamanda yataqxanalarda yaşayan köçkünləri biz oradan köçürülməlidir.”

Qubadlı məcburi köçkünlərinin kommunal-mənzil, təhsil, səhiyyə, sosial və digər problemlərinin həlli xeyli dərəcədə onların məskunlaşma yerlərinin spesifikası, demoqrafik vəziyyətin nəzərə alınması ilə bağlıdır. Rayonun 31 inzibati vahidində birləşən 33,5 min nəfər əhalinin 21,4 min nəfəri, yəni 64 faizi Sumqayıt şəhərində, 12,1 min nəfər, yaxud 36 faizi respublikanın 42 müxtəlif şəhər və rayonlarında məskunlaşmışdır. Rayon icra hakimiyyəti və rayonun yerli strukturları müvafiq dövlət orqanları ilə birlikdə ilk növbədə köçkünlərin sosial şəraitinin yaxşılaşdırılması istiqamətində səmərəli iş aparmışlar. 2009-cu ilin yanvar-dekabr ayları ərzində məcburi köçkünlərin məskunlaşdıqları Sumqayıt şəhəri 11-ci mikrorayonda 2b saylı binanın dam örtüyünün, giriş qapılarının, kanalizasiya xətlərinin və sanitar qovşağının təmiri başa çatdırılmışdır. 15-ci məhəllədəki 5 saylı, 41-ci məhəllədəki 14 və 15 saylı, “İnşaatçılar” qəsəbəsindəki 15 saylı yataqxanalarda pilləkən qəfəslərinə qapılar qoyulmaqla əsaslı təmir işləri aparılmış, digər zəruri işlər görülmüşdür.

Kimyaçılar qəsəbəsindəki 2 saylı yataqxanada və Binəqədi rayon B. Sərdarov adına zavodun 1 saylı yataqxanasında əsaslı təmir işləri tam başa çatdırılmışdır. 15-ci məhəllədəki 16 saylı yataqxanada təmir işləri operativ qaydada həyata keçirilmişdir. Bunlarla bərabər Sumqayıt şəhəri 42-ci məhəllədə 86 məcburi köçkün ailəsinin yaşadığı 4 saylı Peşə Liseyinin, İnşaatçılar qəsəbəsində 14 məcburi köçkün ailəsinin məskunlaşdığı Hərbi Vətənpərvərlər Cəmiyyətinin inzibati binasının, 18-ci mikrorayonda 7 məcburi köçkün ailəsinin məskunlaşdığı 63 saylı uşaq bağçasının dam örtükləri əsaslı təmir edilmişdir. Şəhid ailələrinin mənzil şəraiti xeyli yaxşılaşdırlmışdır. Bundan başqa, Sumqayıt şəhəri Sarıqaya yaşayış massivindəki 23 məcburi köçkün ailəsinin məskunlaşdığı 2 saylı xəstəxanasının yardımçı binalarının dam örtüyünün əsaslı təmiri işi başa çatdırılmışdır. “28 May” Mədəniyyət evinin birinci mərtəbəsində yerləşən Mahmudlu kənd uşaq musiqi məktəbi yenidən qurularaq istifadəyə verilmişdir.

Məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində iş 2009-cu ildə də davam etdirilmişdir. Belə ki, Çərəli kənd orta məktəbində yenidənqurma işləri başa çatdırılmış, Xanlıq kənd 2 saylı orta məktəbi əsaslı təmir edilmiş, Xanlıq 3 saylı orta məktəbində 2 sinif otağı tikilməklə genişləndirmə işləri aparılmışdır.

Bununla bərabər üç orta məktəbin əsaslı tikintisi, altı orta məktəbin əsaslı təmiri və hər birində 23-dən çox ailə yaşayan səkkiz məskunlaşma yerinin dam örtüklərinin təmiri ilə əlaqədar icmalar yaradılaraq 18 layihə hazırlanmış və Məcburi Köçkünlərin Sosial İnkişaf Fonduna təqdim edilmişdir.

İcra başçısı bildirmişdir ki, məcburi köçkünlərin həyat səviyyəsinin yaxşılaşdırılması, üzləşdikləri problemlərin aradan qaldırılması işində Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun köməyini həmişə hiss edilib.

Yerli icra nümayəndəliklərinin hesabatları zamanı irəli sürülən təkliflər, ümumiyyətlə, məskunlaşma şəraitinin təhlili əsasında cari ildə yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində görüləcək ən zəruri işlər müəyyənləşdirilmişdir. Bu il 33 obyektdə əsaslı və cari təmir aparılması nəzərdə tutulmuşdur.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 2010- cu ilin “Ekologiya ili” elan olunması ilə əlaqədar rayonda görüləcək işlər müəyyənləşdirilmiş, tədbirlər planı hazırlanmışdır. Qış mövsümü başlayanadək 2824 ağac əkilmişdir. Ağaclara qulluq göstərilməsi, yaz mövsümündə bu işin davam etdirilməsi nəzərdə tutulmuşdur. “Ekologiya ili”ndə ağacəkmə kampaniyasının ümumxalq hərəkatına çevrilməsi rayonun da hər bir idarə, müəssisə və təşkilatı qarşısında bu işə məsuliyyətlə yanaşılmasını tələb edir.

Rayon üzrə əmək ehtiyatlarının sayı 18 min 535 nəfər təşkil edir. Bunlardan 18 min 113 nəfəri əməkqabiliyyətli əhali, 422 nəfəri işləyən təqaüdçülərdir. Rayonda bu müddətdə 1865 yeni iş yeri açılmışdır. 2009- cu ildə isə açılan yeni iş yerlərinin sayı 159- dur.

Ötən il rayonda sahibkarlıq fəaliyyəti ilə məşğul olanların sayı nisbətən azalsa da 115 hüquqi, 789 fiziki şəxs tərəfindən 2009-cu ildə büdcəyə 2 milyon 86,6 min manat vəsait daxil olmuşdur. Bu, 2008-ci ildəkindən 628,2 min manat çox, proqnoz tapşırıqlarının 164 faiz yerinə yetirilməsi deməkdir.

Dövlət qayğısı nəticəsində təqaüdçülərin, aztəminatlı ailələrin vəziyyəti ilbəil yaxşılaşır.

Hazırda rayon əhalisinin sosial müdafiə orqanlarında 7 min 515 nəfər pensiyaçı qeydiyyatdadır. Yaşa görə pensiya alanlar 3 min 377 nəfər, əlilliyə görə 3 min 282 nəfər, ailə başçısını itirməyə görə 279 nəfər, sosial pensiyaçılar isə 585 nəfərdir. Aztəminatlı ailələrə dövlət yardımının göstərilməsi ilə əlaqədar rayonda ardıcıl iş aparılır. 2009-cu ildə 227 ailənin 915 üzvünə 23,7 manat ünvanlı sosial yardım təyin olunmaqla 21 min 685 manat məbləğində yardım ödənilmişdir.

Rayonda qeydiyyatda olan 4 Milli Qəhrəman ailəsinin hər birinə 600 manat, 124 şəhidin 170 ailə üzvünə üst-üstə 11 min 558 manat aylıq təqaüd ödənilmişdir. Bundan əlavə, 164 ananın 290 uşağına hər ay 1885 manat müavinət verilir.

Hazırda rayon üzrə 33 orta, 1 əsas, 1 ibtidai məktəbdə 6 min 652 şagird təhsil alır. Ötən dərs ilinin yekunları göstərmişdir ki, əvvəlki illərə nisbətən təhsilin keyfiyyət göstəriciləri yaxşılaşmışdır.

Milli Qəhrəman Vaqif Əliyev adına rayon mədəniyyət evi, mərkəzi rayon kitabxanası və həm də tarix-diyarşünaslıq muzeyinin xətti ilə müxtəlif tədbirlər həyata keçirilir.

Rayonda ideoloji istiqamətdə fəaliyyəti də uğurlu saymaq olar. İl ərzində dövlətimizə sədaqət, dövlətçilik ənənələrinə ehtiram, tarixi keçmişimizə hörmət və gənc nəsil arasında vətənpərvərlik ruhunun aşılanmasına xidmət edən onlarca tədbir keçirilmişdir.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin irsinin öyrənilməsi və təbliği sahəsində silsilə tədbirlər, yeniyetmələr və gənclər arasında rəsm, şeir, inşa yazı müsabiqələri təşkil edilmişdir.

Hesabat ilində gənclərin siyasi, mənəvi-əxlaqi, fiziki tərbiyəsi sahəsində ardıcıl iş aparılmışdır. Gənclərin idmana cəlb edilməsi, rayon, respublika və beynəlxalq yarışlarda iştirakının təmin edilməsi üçün iş davam etdirilmişdir.

2009-cu ildə əlbəyaxa döyüş növləri üzrə 3 idmançımız Avropa çempionu, 2 idmançımız dünya çempionatının gümüş medalçısı olmuş, 1 güləşçimiz beynəlxalq turnirdə ikinci nəticə göstərmişdir.

Ötən il 23 nəfər rayon idmançısı müxtəlif növlər üzrə respublika çempionu, 16 nəfər 2-ci və 3-cü yerlərin mükafatçısı olmuşdur.

İcra aparatına daxil olan müraciətlərə baxılması müvafiq qanunun və təlimatın tələblərinə uyğun aparılmış, 133 ərizə müsbət həll olunmuş, 27 ərizəyə izahat verilmiş, 9 ərizədə vətəndaşın tələbi əsassız sayılmış, 48 ərizə aidiyyətı üzrə göndərilmişdir.

Natiq sonda bildirdi ki, qarşıda çox mühüm vəzifələr durur. Qubadlı əhalisi cənab Prezidentimizin qarşıya qoyduğu vəzifələrin yerinə yetirilməsində ön sıralarda olacaq və daha böyük uğurlar qazanılmasına öz töhfələrini verəcək.

Sonra çıxış edənlər dövlət rəhbərinin rayona göstərdiyi qayğıdan, işğal olunmuş rayonların azad edilməsi istiqamətində dövlətimizin həyata keçirdiyi davamlı tədbirlərdən, son illər məcburi köçkünlərin sosial problemlərinin həlli istiqamətində aparılan işlərdən, qarşıda duran vəzifələrdən danışdılar.

Tədbirdə Milli Məclisin deputatı İmamverdi İsmayılov, Prezident Administrasiyasının məsul işçisi Rövşən Ağayev iştirak etmişlər.

 

 

M.MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.- 2010.- 18 fevral.- S. 7.