Qara Qarayev irsini əks etdirən biblioqrafik məlumat bazası yaradılmışdır

 

Tariximizin hər bir əsri onun səhifələrində silinməz izlər qoyan dahilər ərsəyə gətirir. XX əsr tarixi də bir neçə dahi şəxsiyyətin yaranmasının şahidi olmuşdur ki, onların yaradıcılığı bəşəriyyət mövcud olduğu müddətdə yaddaşlardan silinməyəcək. Belə böyük simalardan biri də SSRİ xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, SSRİ və Azərbaycan Dövlət mükafatları laureatı Qara Qarayevdir.

 

Ölməz bəstəkarımız Q.Qarayevin yaradıcılıq irsi çox geniş və rəngarəngdir. Onun yaradıcılığına həsr olunan biblioqrafik göstəricilər bunu bir daha təsdiq edir. Bu vaxta kimi onun yaradıcılığını özündə əks etdirən iki fundamental biblioqrafik göstərici çap olunmuşdur. Q.Qarayev haqqında ilk biblioqrafik göstərici 1969-cu ildə Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanası tərəfindən “Azərbaycan elm və mədəniyyət xadimləri” seriyasında nəşr edilmişdir (Tərtibçiləri M.İbrahimova, A.İsazadə, X.Məmmədova, redaktorları isə L.V.Karagiçeva, R.Ə.Kazımovdur).

Q.Qarayev haqqında növbəti biblioqrafik göstərici dahi bəstəkarımızın 90 illiyi münasibətilə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası tərəfindən “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyası ilə nəşr olunmuşdur. 1969-cu il göstəricisindən bəhrələnərək tərtib edilmiş yeni biblioqrafik göstərici daha mükəmməldir və oraya xeyli yeni məlumatlar daxil edilmişdir. “Q.Qarayev: Biblioqrafiya” adlı göstərici R.Orucəliyeva, H.Haşımova, Y.Sadıqova, P.Qurbanova tərəfindən tərtib edilmiş, elmi redaktoru və ön sözün müəllifi Z.Səfərova, ixtisas redaktoru və buraxılışa məsul K.Tahirov, redaktoru G.Səfərəliyevadır.

Göstərici Azərbaycan və rus dillərində tərtib olunmuşdur. Göstəricidə dahi bəstəkarımızın 1937-ci ildən 2008-ci ilin sentyabrınadək dərc olunmuş materialları öz əksini tapmışdır.

Göstərici “Q.Qarayevin anadan olmasının 90 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı” adlı bölmə ilə başlayır.

“Q.Qarayevin ölməz irsi” bölməsində bəstəkarın həyat və yaradıcılığı haqqında geniş məlumat verilmiş, onun dünya şöhrətli əsərlərinin böyük əksəriyyəti haqqında materiallar öz əksini tapmışdır. Burada sənətşünaslıq doktoru, professor, AMEA-nın müxbir üzvü Zemfira Səfərovanın təqdimatı ilə bəstəkarın yaradıcılığı haqqında yetərli məlumat verilir. “Q.Qarayevin həyat və fəaliyyətinin əsas tarixləri” bölməsində onun fəaliyyəti xronoloji ardıcıllıqla verilmişdir.

Öz daxili quruluşuna görə mükəmməl tərtib olunmuş bu biblioqrafik göstəricinin diqqətəlayiq bölmələrindən biri “Görkəmli şəxsiyyətlərin Q.Qarayev haqqında fikirləri” bölməsidir. Bu bölmədə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin dahi bəstəkarımız Q.Qarayevin yaradıcılığı haqqında fikirləri verilmişdir. Bundan başqa, bölmədə Azərbaycanın və dünyanın tanınmış bəstəkarlarının, incəsənət xadimlərinin, yazıçılarının və s. əbədiyaşar bəstəkarımızın ölməz irsinə olan yüksək münasibəti öz əksini tapıb.

Göstəricinin “Əsərləri” bölməsində bəstəkarın 1945-ci ildən 1992-ci ilə kimi nəşr olunmuş 92 not əsəri verilmişdir. “Səsyazmaları” yarımbölməsində Q.Qarayevin 29 səsyazma əsəri öz əksini tapmışdır. “Dövri mətbuatda çap olunmuş əsərləri” adlanan yarımbölmədə 1948-ci ildən 1983-cü ilə kimi qəzet və jurnallarda çap olunmuş əsərləri xronoloji ardıcıllıqla göstəricidə öz yerini tapmışdır.

Buradakı “Haqqında” adlı bölmə xüsusilə qeyd edilməlidir. Bu bölmənin “Kitablar” adlı yarımbölməsində Q.Qarayevin həyatı, yaradıcılığı, əsərləri haqqında 1953-cü ildən 2007-ci qədər yazılmış mənbələr xronoloji ardıcıllıqla qruplaşdırılmışdır.

Göstəricinin geniş bölmələrindən biri “Dövri mətbuatda gedən məqalələr” bölməsidir.

Dahi bəstəkarımızın xarici dillərdə də bir neçə əsəri var. Bu əsərlər ayrıca bölmədə öz əksini tapmışdır. Bundan başqa, Q.Qarayevin əsərləri Britaniya kitabxanalarının kataloquna daxil edilmişdir.

Göstərici geniş oxucu kütləsi, habelə musiqi təhsili alan tələbələr, eləcə də musiqi ilə maraqlanan bütün oxucu kütləsi üçün nəzərdə tutulmuşdur. Göstəricidə materialların axtarışını asanlaşdırmaq məqsədilə sonda yardımçı göstərici bölməsindən istifadə olunmuşdur. Yardımçı göstəricilər həm Azərbaycan dilində, həm də rus dilində verilmişdir.

“Q.Qarayev” adlı biblioqrafik vəsait Azərbaycanın informasiya arealında mühüm hadisədir.

 

 

Nadir İSMAYILOV,

pedaqoji elmlər namizədi, dosent

 

Xalq qəzeti.- 2010.- 18 fevral.- S. 7.