Silahlı Qüvvələrimizdə islahatlar davam etdirilir

 

Hərbi komissarlıqların təşkilati-ştat strukturunun təkmilləşdirilməsi üçün mühüm addım atılır

 

Bu gün Azərbaycan ordusu regionun ən güclü ordusudur və Silahlı Qüvvələrimiz işğal altındakı torpaqlarımızı azad etməyə həmişə hazırdır. Bu fikir Azərbaycanın dövlət rəsmilərinin, xüsusən respublika Prezidenti, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı İlham Əliyevin nitqlərində dəfələrlə qeyd olunub. Bu da təsadüfi deyil. Çünki Azərbaycanın beynəlxalq ictimaiyyət tərəfindən tanınmış tarixi ərazisinin 20 faizi artıq 20 ilə yaxındır ki, Ermənistanın işğalçı qüvvələri tərəfindən qəsb olunub və xalqımız dədə-baba yurdlarımızın işğaldan azad ediləcəyi günü həsrətlə gözləyir.

 

Doğrudur, 1994-cü ilin mayında əldə olunmuş atəşkəs haqqında razılaşmadan sonra Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə nizamlanması istiqamətində səylər göstərilir. Beynəlxalq ictimaiyyətin dəstəyi ilə problemin ATƏT-in Minsk qrupu çərçivəsində, beynəlxaq hüquq normaları əsasında nizamlanması qərarlaşdırılıb. Azərbaycan Respublikası da münaqişənin dinc vasitələrlə, sülh yolu ilə, insan itkisi olmadan həll edilməsi zərurətini nəzərə alaraq artıq 16 ildir ki, işğalçı Ermənistanın rəhbərləri ilə danışıqlarda iştirak edir. Ancaq bu, heç də o demək deyil ki, danışıqlar prosesi sonsuza qədər uzanmalıdır. Artıq bu barədə də Ali Baş Komandanımız öz fikrini bildirmişdir. Prezident İlham Əliyev dəfələrlə vurğulamışdır ki, Ermənistan işğal etdiyi Dağlıq Qarabağı və ətrafındakı 7 rayonu sülh və danışıqlar yolu ilə azad etməsə, o zaman Azərbaycan başqa vasitələrə əl atmalı, problemi Milli Ordumuzun köməyi ilə həll etməli olacaq. Azərbaycan Prezidentinin bu fikirləri hər dəfə Ermənistanın rəhbərlərini təlaşa salıb və onlar Azərbaycanın bu niyyəti barədə beynəlxalq təşkilatlara dəfələrlə şikayətlər ünvanlayıblar. Ermənistan, əlbəttə, regionun ən güclü ordusu olan, son illər ərzində istər hərbi-texniki, istərsə də maddi cəhətdən güclənmiş Azərbaycan ordusunun öz tarixi torpaqlarını azad etmək üçün hərbi yola əl atacağı barədə bəyanatlardan çəkinir. Ona görə də əsasən beynəlxalq təşkilatlar, eləcə də vasitəçi dövlətlər vasitəsilə Azərbaycanı bu addımdan çəkindirməyə çalışır. Azərbaycan isə özünün birmənalı mövqeyinin dəyişməz olaraq qaldığını dəfələrlə bəyan edib: münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir, əgər Ermənistan problemin sülh yolu ilə nizamlanmasına mane olmaq, bununla da hazırkı status-kvonun uzadılmasına nail olmaq istəyirsə, o zaman qarşısında Azərbaycan ordusunu görəcək!

Azərbaycan ordusu isə, təbii ki, dövlət başçısı İlham Əliyevin birbaşa diqqəti və qayğısı, eləcə də dövlətimizin hərtərəfli dəstəyi ilə günbəgün güclənməkdədir. Son illər ərzində orduda islahatlar da sürətlə aparılır, ara-sıra qarşıya çıxan cari məsələlərin aradan qaldırılması istiqamətində ardıcıl tədbirlər görülür. Bu məsələdə respublika Silahlı Qüvvələrinin rəhbərliyi, Müdafiə Nazirliyi, eləcə də ayrı-ayrı hərbi hissələr öz üzərlərinə düşən vəzifəni yerinə yetirirlər. Təbii ki, hazırda ordu quruculuğunun təkmilləşdirilməsi, hərbi intizam qaydalarının tətbiqi, təlim-məşq proseslərinin təşkili və s. baxımdan Silahlı Qüvvələrimizdə ciddi problemə rast gəlmək mümkün deyil. Amma gündəlik həyatda bəzən müəyyən nüanslar meydana çıxır ki, operativ olaraq onların həllinə başlanılır.

Bir müddət əvvəl hərbi çağırış qaydalarına dəyişikliklər edilməsi bu qəbildən olan islahatlar sırasında idi. Əgər əvvəlki çağırış qaydaları ilə bağlı ictimaiyyətimiz arasında müəyyən narazılıq halları yaranmışdısa, deməli, təcili olaraq ordumuzda saflığın, şəffaflığın qorunması üçün tədbirlər görülməli idi. Belə də oldu. Müdafiə naziri Səfər Əbiyevin əmri ilə yeni çağırış qaydaları tətbiq olunmağa başladı. Artıq gənclərin hərbi xidmətə çağırışını birbaşa rayonların hərbi komissarlıqları deyil, nazirliyin Təşkilat və Səfərbərlik İdarəsi həyata keçirir, çağırışçıların respublika ərazisindəki hərbi hissələr arasında bölüşdürülməsini də bu idarə təşkil edir. Bununla da, hərbi çağırış zamanı yaranan bütün söz-söhbətlərə, nöqsanlara, sui-istifadə hallarına son qoyuldu. Yeni qaydalar ölkə və ordu rəhbərliyini qane etdiyi kimi, vətəndaşları, əsasən də çağırışçıların valideynlərini, yaxınlarını da tam qane edir.

Bu barədə Binəqədi rayonunun hərbi komissarı, polkovnik-leytenant Feyzi Ağabəyovla geniş söhbət etmişdik. Onun yeni qaydaların üstünlükləri barədə dediklərini ötən yazılarımızdan birində oxucuların diqqətinə çatdırmışdıq. Hərbi komissar tam ürək rahatlığı ilə bildirmişdi ki, artıq ictimaiyyətin bütün umu-küsülərinə son qoyulub, bütün neqativ hallarla bağlı dedi-qodular kəsilib, eyni zamanda,hərbi komissarlıqların işçiləri üçün işləmək xeyli asanlaşıb.

Feyzi Ağabəyovla bu günlərdəki söhbətimizdə isə ordumuzda islahatların ardıcıl şəkildə davam etdirildiyini öyrəndik. Atılan növbəti addım da birbaşa hərbi komissarlıqlara aiddir. Binəqədi rayonunun hərbi komissarı bildirdi ki, yeni təşəbbüsün məqsədi hərbi komissarlıqlarda vəzifələrin sayını tənzimləmək və təşkilati-ştat quruluşunu təkmilləşdirməkdir. Müdafiə naziri Səfər Əbiyevin bu məqsədlə imzaladığı əmr belə adlanır: “Rayon hərbi komissarlıqlarının quruluşunda təşkilati-ştat tədbirlərinin aparılması haqqında”. Komissarın sözlərinə görə, yeni addım mühüm əhəmiyyət kəsb edir, ordu hissələrində mobilliyin artırılması məqsədi daşıyır. Eyni zamanda, uzun illər ərzində rayonların hərbi komissarlıqlarında işin həcminə uyğun olmadan ştatların süni surətdə artırılması hallarına yol verilib. Təbii ki, hərbi komissarlıqlarda bu qədər işçinin cəmləşdirilməsinə heç bir ehtiyac olmayıb və onların ümumi işə xeyrindən çox ziyanı dəyib. Bir çox hallarda komissarlıqların adlarının ayrı-ayrı nöqsanlarla bağlı hallandırılması da məhz belə süni ştatların hesabına baş verib. ”İndi ordumuzda mənəvi saflığın, eləcə də şəffaflığın artırılması istiqamətində dövlət rəhbərliyi və ordu komandanlığı tərəfindən ciddi işlər görülür. Ən xırda məsələlər, nöqsanlar belə nəzərdən qaçırılmır. Süni ştat artımı əslində xırda məsələ olsa da, ümumi inkişafımıza mane olan detallardandır və onların aradan qaldırılması günümüzün vacib məsələlərindəndir”.

Hərbi komissarın dediyinə görə, bu, ilk növbədə komissarlıqlarda mənəvi ab-havanın təmizlənməsinə kömək edəcək. Artıq hər bir əməkdaş əmin olacaq ki, onun tutmuş olduğu vəzifə ordumuzun bu və digər probleminin həlli üçün lazımdır. Heç kəsə boş yerə əmək haqqı verilmir. Bu addım, eyni zamanda, komissarlıq işçiləri arasında daha savadlı, təcrübəli, müasir tələblərə cavab verən əməkdaşların sıralarının genişlənməsinə səbəb olacaq. Artıq təsadüfi adamlar hərbi komissarlıqlarda özlərinə sığınacaq tapa bilməyəcəklər.

Digər tərəfdən, ordu rəhbərliyinin yeni təşəbbüsü dövlət büdcəsinin külli miqdarda vəsaitinə qənaət olunmasına gətirib çıxaracaq. Ordunun ayrı-ayrı strukturları, eləcə də hərbi komissarlıqlar tərəfindən dövlət vəsaitinin səmərəsiz məsrəf olunmasının qarşısı alınacaq. Bu yolla qənaət ediləcək dövlət vəsaiti son nəticədə düşmənlə üzbəüz hərbi-strateji mövqelərdə xidmət edən əsgər və zabitlərimizin əmək haqlarının artırılmasına, ordumuzun başqa ehtiyaclarının ödənilməsinə sərf oluna, daha layiqli hərbi xidmət etmək istəyənlər üçün mühüm bir stimul rolunu oynaya bilər.

Polkovnik-leytenant əlavə etdi ki, yeni təşkilati tədbirlər nəticəsində ixtisara məruz qalan komissarlıq işçiləri heç də tamamilə işsiz qoyulmur, onlara ölkədəki hərbi hissələrdə xidmət etmək, müəyyən vəzifələr daşımaq təklif edilir. Onlara hətta hazırda aldıqlarından daha artıq əmək haqqı almaq imkanları yaradılır. Arzu edənlər buyursunlar. Bundan çəkinmək lazım deyil. Çünki hərbi mütəxəssislər bizə arxa deyil, ön cəbhədə daha çox lazımdır.

Binəqədi rayonunun hərbi komissarı ilə söhbət zamanı aydın oldu ki, Müdafiə Nazirliyinin böyük bir strukturu olan bu qurum özünün şərəfli və təmiz adının bərpasında, sadə vətəndaşların, çağırışçıların, onların yaxınlarının etimadının qazanılmasında olduqca maraqlıdır. Ona görə də ölkə və ordu rəhbərliyi tərəfindən irəli sürülən bütün xoşməramlı təşəbbüsləri dəstəkləyirlər ki, indiyədək komissarlıqlarla bağlı deyilən bütün neqativ söhbətlər tamamilə aradan qalxsın.

Bu mənada respublikanın bir çox rayon hərbi komissarlıqları, eləcə də Binəqədi Rayon Hərbi Komissarlığı öz üzərinə düşən bütün vəzifələri ləyaqətlə yerinə yetirməyə çalışır. Bu isə əsasən hər üç aydan bir respublika Prezidentinin fərmanları ilə həyata keçirilən növbəti hərbi çağırışın lazımınca təşkilində üzə çıxır. Feyzi Ağabəyov bildirdi ki, təxminən son bir il ərzində yeni çağırış qaydaları əsasında işləyirlər və çağırışçıların hərbi hissələr arasında bölgüsü ilə məşğul olmurlar. Bu məsələni Müdafiə Nazirliyinin Təşkilat və Səfərbərlik İdarəsi həyata keçirir. Onun sözlərinə görə, yeni qaydalarla işləmək komissarlıq üçün olduqca rahatdır. Artıq qulaqları yerli-yersiz söhbətlər eşitmir. Əksinə, çağırışçıların hansı hərbi hissələrdə xidmət edəcəyini təsdiq edən siyahılar komissarlığın həyətindəki lövhələrdə asıldıqdan sonra bir çox valideynlərdən razılıq, minnətdarlıq sözləri eşidirlər. Maddi imkanı heç də böyük olmayan valideyn görəndə ki, oğlu heç bir təmənna olmadan ürəyindən keçən hərbi hissəyə xidmətə göndərilir, bu, onun üçün böyük sevinc olur. Eyni zamanda, bu vəziyyət hərbi komissarlığın adını, nüfuzunu qaldırmış olur. Feyzi Ağabəyovun sözlərinə görə, məsələnin məhz bu cür həllində təkcə nazirlik deyil, elə komissarlıqların özləri də maraqlıdır. Bu, işlərin daha yaxşı qurulmasını, çağırış prosesinin tam qaydasınca keçməsini, çağırışçıların vaxtında komissarlığa gəlməsini və tibbi komissiyadan keçərək hərbi xidmətə yollanmasını təmin etmək üçün çox vacibdir. Eyni zamanda, valideynlərlə komissarlıqlar arasında normal insani münasibətlərin qurulması baxımından da əhəmiyyətlidir.

Komissarın fikrincə, işlərin məhz bu şəkildə qurulmasının nəticəsidir ki, bu ilin yanvarında keçirilmiş son çağırış prosesində gənclərin orduya cəlb edilməsi işində heç bir çətinliklə rastlaşmayıblar. Əksinə, təkcə ilk dəfə çağırış vərəqəsi alan gənclər deyil, indiyədək axtarışda olan, müəyyən səbəblərdən çağırışdan yayınmış gənclər də könüllü şəkildə hərbi komissarlığa gələrək hərbi xidmətə getmək istədiklərini bildiriblər. Amma bir neçə il əvvəl komissarlıq işçiləri onların çağırışa cəlb edilməsi üçün minbir əziyyətə qatlaşmalı olurdular.

Vaxtilə Rusiyanın ayrı-ayrı şəhərlərində sığınacaq taparaq Azərbaycan ordusunda xidmətdən yayınanlar da indi hərbi xidmətə həvəslə, könüllü surətdə gəlirlər. Bunu da Feyzi Ağabəyov son ayların təcrübəsinə əsaslanaraq söylədi. Belələri bütün rayonlarda olduğu kimi, Binəqədi rayonunda da var. İndi onların Rusiyadan, başqa qonşu ölkələrdən qayıdıb əsgərliyə getməsi heç bir problem yaratmır.

Komissar bildirdi ki, vətəndaşlarla arada inam və etibarın möhkəmləndirilməsi artıq vaxtilə xəstəliyə və ya digər səbəbə görə hərbi xidmətə getmədən hərbi bilet alanların da yenidən komissarlığa gəlməsinə səbəb olub. Artıq bu qəbildən olan bir neçə gənc Binəqədi Rayon Hərbi Komissarlığına ərizə ilə müraciət edərək sağlam olduğunu və əsgərliyə getmək istədiyini bildirib. Komissar belələrinin yenidən tibbi komissiyadan keçirildiyini, xəstə olmadıqları təqdirdə hərbi xidmətə göndərildiyini, xəstələrin isə, təbii ki, xidmətdən azad edildiyini qeyd etdi.

 

 

Paşa ƏMİRCANOV

 

Xalq qəzeti.- 2010.- 18 fevral.- S. 4.