Səbail rayonunda Qızıl
Aypara Cəmiyyətinin 90 illiyi qeyd olunmuşdur
Bu ilin martında Azərbaycan Qızıl Aypara Cəmiyyətinin
yaranmasının 90 illiyi tamam olur. Səbail Rayon İcra
Hakimiyyətində əlamətdar yubileyə həsr
olunmuş təntənəli yığıncaq
keçirilmişdir.
Səbail Rayon İcra
Hakimiyyətinin başçısı Asif Əsgərov mərasimi
giriş sözü ilə açaraq qeyd etmişdir ki,
ümummilli lider Heydər Əliyevin diqqət və
qayğısı nəticəsində müstəqillik illərində
Qızıl Aypara Cəmiyyətinin fəaliyyətində yeni
bir səhifə açılmış, qurum daha səmərəli
fəaliyyət göstərməyə
başlamışdır. 1994-cü ildə ulu öndərin təşəbbüsü
ilə Qızıl Aypara Cəmiyyəti dövlət tərəfindən
rəsmən tanınmış və Milli Məclisdə
müvafiq qərar qəbul edilmişdir. Bu qərardan sonra beynəlxalq
qurumlar, o cümlədən Beynəlxalq Qızıl Xaç
və Aypara Federasiyası Azərbaycan Qızıl Aypara Cəmiyyətini
bərabərhüquqlu üzv qəbul etmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də cəmiyyətin fəaliyyətinə böyük diqqət yetirir. 2004-cü ildə ölkə başçısı Azərbaycan Qızıl Aypara Cəmiyyətinə dövlət qayğısının artırılması haqqında sərəncam imzalamış və bu sənəd cəmiyyətin fəaliyyətinə geniş imkanlar yaratmışdır.
Asif Əsgərov Qızıl Aypara Cəmiyyətinin bütün üzvlərini, könüllülərini yubiley münasibəti ilə təbrik etmiş, onlara fəaliyyətlərində yeni uğurlar arzulamışdır.
Cəmiyyətin Səbail rayon bölməsinin sədri Adilə Yaqubova, Səbail Bələdiyyəsinin komissiya sədri, Dövlət Dəniz Akademiyasının baş müəllimi Hacı Babayev, Teleradio İstehsalat Birliyinin mühəndisi, ilk təşkilatının sədri Xaqani Tanverdiyev, Səbail Rayon Veteran Təşkilatları Şurasının sədri, Sosialist Əməyi Qəhrəmanı Ömər Ağayev və başqaları cəmiyyətin rayonda keçirdiyi tədbirlər barədə məlumat vermiş, çətinliyə, dara düşən vətəndaşların, xəstə və kimsəsizlərin, ehtiyacı olanların problemlərinin həllində “qızıl ayparaçılar”ın fəaliyyətini yüksək qiymətləndirmişlər.
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, millət vəkili Novruz Aslan çıxış edərək bildirmişdir ki, cəmiyyət hər zaman ölkə rəhbərliyinin diqqət və qayğısını hiss edir. Bunun təzahürüdür ki, ümummilli lider Heydər Əliyev və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Qızıl Aypara Cəmiyyətinin fəxri üzvü seçilmişlər. “Azərbaycan Qızıl Aypara Cəmiyyəti haqqında” Qanun qəbul edilməsi, hər il mart ayının 10-nun “Qızıl Aypara günü” kimi qeyd olunması da məhz Prezident İlham Əliyevin təşəbbüsü ilə olmuşdur.
Novruz Aslan son illər ərzində cəmiyyətin gördüyü işlər və həyata keçirdiyi layihələr barədə də ətraflı məlumat vermişdir.
Tədbirin sonunda yubiley münasibəti ilə Azərbaycan Qızıl Aypara Cəmiyyəti Səbail rayon bölməsinin bir qrup fəalı və könüllüsünə rayon icra hakimiyyətinin qiymətli hədiyyələri təqdim olunmuşdur.
R.TAHİR
Xalq qəzeti.- 2010.- 18 fevral.- S. 4.