Milli maraqlara əsaslanan xarici siyasət
xətti
2009-cu ildə Prezident İlham Əliyevin rəhbərliyi
ilə diplomatiya sahəsində mühüm nailiyyətlər
qazanan Azərbaycan beynəlxalq mövqelərini daha da gücləndirmişdir
(əvvəli ötən saylarımızda)
Sınaqdan çıxan strateji müttəfiqlik
2009-cu ilin fevralından rəsmi Ankaranın Ermənistanla sərhədləri açacağı, diplomatik münasibətləri bərpa edəcəyi ilə bağlı məlumatların yayılması fonunda Azərbaycan-Türkiyə strateji münasibətlərinin daha bir sınaqdan da uğurla çıxdığını demək olar. Açıq demək lazımdır ki, müəyyən spekulyativ qüvvələr iki ölkə arasındakı münasibətlərə xələl gətirməyə çalışsalar da, buna nail ola bilmədilər. Azərbaycan və Türkiyə arasındakı münasibətlər ümummilli lider Heydər Əliyevin “bir millət, iki dövlət” devizinə uyğun qurularaq yüksələn templə inkişaf edir və heç bir amil bu əməkdaşlığa mənfi təsir göstərmək gücündə deyildir. Xalqlarımızın iradə və məramının ifadəsi olan tarixin sınaqlarından çıxmış dostluq və qardaşlıq əlaqələri bu gün dövlətlərarası münasibətlərimizin ruhunda bilavasitə öz təcəssümünü tapmışdır. Azərbaycan-Türkiyə münasibətləri iki qardaş xalqın mənafelərinə xidmət etməklə yanaşı, dünyada və bölgədə sülhün və əmin-amanlığın bərqərar olması işinə də öz töhfəsini verir.
Türkiyə
Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətdir.
Azərbaycanda diplomatik nümayəndəliyini açan birinci
dövlət də məhz Türkiyə olmuşdur. Bu gün
Azərbaycan Türkiyənin ən etibarlı siyasi müttəfiqi,
bərabərhüquqlu iqtisadi tərəf-müqabilidir. Bu, Ankarada yerləşən Beynəlxalq Strateji
Araşdırmalar Təşkilatının (USAK) 2009-cu ilin
sonunda əhali arasında keçirdiyi “Türkiyənin xarici
siyasətində istiqamət dəyişikliyi və
qonşularla əlaqələr anlayışı” adlı
sorğunun nəticələrindən də aydın
görünür. Ankara, İstanbul, Adana və Trabzon
şəhərlərində 2000 nəfər arasında
aparılmış sorğuda iştirak edənlərin 19,5
faizinin fikrincə, Azərbaycan Türkiyənin əsas
müttəfiqidir. Digər yerləri isə 13 faizlə Bosniya
və Herseqovina və 12,5 faiz səslə ABŞ tutur.
Nüfuzlu beyin mərkəzinin keçirdiyi rəy
sorğusunda Azərbaycanın Türkiyənin müttəfiqi
kimi birinci yerdə olması heç də təsadüfi
deyildir. Ortaq mənəvi dəyərləri bölüşən
xalqlarımızın iradəsi ilə Azərbaycan-Türkiyə
münasibətləri özünün ən yüksək səviyyəsinə
çatmışdır. Xalqlarımızın
bir-birinə bəslədiyi qardaşlıq duyğularından
qaynaqlanan Azərbaycan-Türkiyə tərəfdaşlığı
bu gün dövlətlərarası münasibətlərin ən
yüksək səviyyəsini bariz nümayiş etdirən
örnək sayıla bilər. Ulu öndər Heydər Əliyevin
sözləri ilə desək, “Türkiyə ilə Azərbaycan
arasında əlaqələrin böyük tarixi var. Biz kökü
bir olan xalqıq. Bizim tariximiz bir, dilimiz bir, dinimiz birdir.
Tarixin bütün mərhələlərində
bizi bir-birimizdən ayırmağa çox
çalışsalar da, buna müvəffəq
olmamışlar”.
Lakin son illər, xüsusilə
Türkiyə ilə Ermənistan arasında İsveçrənin
vasitəçiliyi ilə sərhədlərin
açılması ilə bağlı gedən
danışıqlara ABŞ Prezidenti Barak Obamanın Türkiyəyə
səfəri zamanı verdiyi dəstək Azərbaycan tərəfdən
birmənalı qarşılanmadı və Ermənistana
açıq-aşkar dəstək kimi qəbul edildi. Beləliklə, Türkiyə hökumətinin Ermənistanla
sərhədləri açacağı ilə bağlı
kütləvi informasiya vasitələrində aramsız olaraq
məlumatların yayılması Azərbaycanda haqlı
narahatlıq doğurmaya bilməzdi.
Ancaq iki
qardaş dövlət arasında belə
anlaşılmazlıqların uzun sürməyəcəyi
şübhəsiz idi. Artıq ötən il mayın əvvəllərində
Prezident Abdullah Gül və Baş nazir Rəcəb Tayyib Ərdoğan
səviyyəsində məsələyə aydınlıq gətirən
açıqlamalar gündəmə gəldi. Açıqlamaların
mahiyyəti son dövrlərə qədər olan mövqeyin
eyni idi. “Azərbaycanın işğal altında olan
torpaqları azad olunmayana, Ermənistanın
işğalçı qüvvələri bu ərazilərdən
çıxmayana qədər sərhədlərin
açılması danışıqlar mövzusu ola bilməz”.
Etiraf etmək
lazımdır ki, bu dövrdə Azərbaycanın dövlət
başçısı siyasi müdriklik, qətiyyət və
çevik diplomatik fəaliyyət nümayiş etdirdi. Nəhayət, münasibətlərə
müəyyən gərginlik gətirən proseslər onunla nəticələndi
ki, 2009-cu il mayın 14-də Azərbaycana səfərə gələn
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan mətbuat
nümayəndələri üçün verdiyi bəyanatda
bildirdi: “Dağlıq Qarabağ işğal edildiyi
üçün Türkiyə sərhədləri
bağlamışdır. İşğala son
qoyulmayınca bilavasitə sərhədlərin
açılması da mümkün deyildir. Bunu çox açıq şəkildə bir
çox yerdə ifadə etdiyim kimi, bu gün Bakıda da bunu
ifadə edirəm”.
Prezident İlham Əliyev də
öz növbəsində jurnalistlərin sualına
cavabında bəyan etdi ki, “...Heç kim
üçün sirr deyil, son aylar ərzində Azərbaycan cəmiyyətində
müəyyən mənada bir narahatlıq hissləri var idi. O
hisslərin yəqin ki, müəyyən təbii səbəbləri
də var idi. Ancaq ən önəmlisi odur ki,
hesab edirəm və bu gün mən üzümü Azərbaycan
xalqına tutub demək istəyirəm ki, heç bir
şübhə üçün, möhtəkirlik
üçün yer qalmadı. Türkiyə
hökumətinin başçısı, Türkiyə
Prezidenti dəfələrlə bu məsələyə
aydınlıq gətirmişlər və bu gün də dəyərli
qardaşım cənab Baş nazirin sözləri, bir daha demək
istəyirəm ki, bunun ən gözəl cavabıdır”.
Bu yaxınlarda Türkiyə
mediasına müsahibəsində Baş nazir Rəcəb
Tayyib Ərdoğan protokolların imzalanmasına rəğmən,
Ermənistanla münasibətlərin bundan sonrakı taleyinin,
habelə sərhədlərin açılmasının
Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli
ilə bağlı olduğunu bir daha
vurğulamışdır. İki strateji
müttəfiq arasında psixoloji diskomfort yaradan
anlaşılmazlığın tamamilə aradan qalxması
ikitərəfli münasibətlərin perspektiv
inkişafı baxımından da vacib amildir.
Xüsusi
vurğulamaq lazımdır ki, 2009-cu ildə Azərbaycan
Türkiyə də daxil olmaqla, bütün türkdilli
dövlətlərin ümumi maraq və mənafelər naminə
konsolidasiyası istiqamətində inamlı addımlar
atmışdır. Bu birlik və həmrəylik, eyni zamanda,
çoxqütblü əməkdaşlığın
subregional inteqrasiya modelini – türkdilli dövlətlərin
müxtəlif qlobal enerji və kommunikasiya layihələrinin
gerçəkləşdirilməsi naminə birgə səy
göstərməsini, geniş iqtisadi əlaqələr
qurmasını təmin edir. Azərbaycan
Prezidenti İlham Əliyev ümumtürk birliyinin möhkəmləndirilməsi
xəttini xarici siyasətdə mühüm istiqamətlərdən
biri kimi müəyyənləşdirərək, təkcə
Türkiyə ilə deyil, Mərkəzi Asiyanın
türkdilli dövlətləri ilə münasibətləri
gücləndirmək xəttinə üstünlük verir.
Dövlət başçısı türkdilli
xalqların oxşar milli irsinə, ülvi və pak dəyərlərinə,
mental xüsusiyyətlərinə həm də ümumi
müqaviməti və səfərbərliyi təmin edən
güclü ideoloji-siyasi təsir vasitəsi kimi
yanaşır. Türk dövlətlərinin,
xalqlarının, diaspor təşkilatlarının vahid ideya
və məqsədlər uğrunda mübarizə aparması,
ideoloji-siyasi cəbhədə eyni nöqtəyə
vurması, bədnam erməni lobbisinə qarşı mütəşəkkil
mübarizəyə qoşulması cənab İlham Əliyevin
ən çox səy göstərdiyi məsələlərdəndir.
Ötən
ilin oktyabr ayında Bakıda Türkdilli Ölkələrin
Parlament Assambleyasının birinci sammitinin keçirilməsi
isə ümumtürk birliyinin möhkəmləndirilməsi
istiqamətində həyata keçirilən məqsədyönlü
strategiyanın uğurlu davamıdır. İlk dəfə
2006-cı ildə türkdilli ölkələrin dövlət
başçılarının sammitində Prezident Nursultan
Nazarbayev Türkdilli Ölkələrin Parlament
Assambleyasının yaradılması ideyasını irəli
sürmüşdür. Ortaq mədəni
irsə, dinə, dilə malik olan dövlətləri bir araya
gətirdiyi üçün assambleya böyük əhəmiyyətə
malikdir. Türkdilli Ölkələrin
Parlament Assambleyası parlamentlərarası ünsiyyətin
demokratik forumu kimi təşəkkül tapacaq, bölgələrin
əmin-amanlıq və inkişaf ərazilərinə
çevrilməsi məqsədi ilə müxtəlif təşəbbüslərin
irəli sürülməsinə və həyata keçirilməsinə
əlverişli şərait yaradacaqdır.
Nəhayət, türkdilli
ölkələrin dövlət
başçılarının yenə də 2009-cu ilin
oktyabrında keçirilmiş IX zirvə
görüşü Türkiyə, Azərbaycan, Qazaxıstan,
Qırğızıstan və Türkmənistan arasında
münasibətlərin keyfiyyətcə yeni mərhələdə
intensiv inkişafı, ümumi səylərin vahid məqsədlər
naminə səfərbər olunması baxımından
mühüm nəticələrlə yadda qalmışdır.
Faydalı müzakirələrlə əlamətdar
olan zirvə toplantısında türk dövlətləri
arasında hərtərəfli siyasi, iqtisadi və mədəni
əlaqələrin yaradılması vacibliyi önə
çəkilmişdir. Eyni zamanda,
türkdilli dövlət başçıları ildə iki dəfə
– rəsmi və qeyri-rəsmi görüşmək barədə
razılığa gəlmişlər. Rəsmi
imzalanmış Naxçıvan Bəyannaməsinə görə
isə yaxın perspektivdə Türkdilli Ölkələrin Əməkdaşlıq
Şurasının yaradılması nəzərdə tutulur.
Danışıqlarda intensivlik artır
Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli
ötən il də Azərbaycan
Respublikasının yeritdiyi xarici siyasətin prioritet istiqaməti
olaraq qalmış, bu məsələ daim diqqət mərkəzində
saxlanmışdır. Münaqişənin həlli
ilə bağlı danışıqlar prosesinin fəallaşması
ölkə diplomatiyasını bu yöndə daha çevik fəaliyyətə
sövq etmiş, ərazi bütövlüyü ilə öz
müqəddəratını təyinetmə prinsiplərinin
hüquqi tətbiq edilməsində kolliziyanın aradan
qaldırılması məsələsində taktiki hücum
fəaliyyətinə keçid əldə olunmuşdur.
İl ərzində
münaqişənin nizamlanması üzrə
aparılmış danışıqlar intensivliyi ilə səciyyələnmişdir. ATƏT-in
Beynəlxalq
birlik münaqişədə status-kvonun
saxlanılmasının yolverilməzliyini və münaqişənin
tezliklə həllinin zəruriliyini dərk edir. Bu xüsusda, 2009-cu il iyulun
10-da “Böyük səkkizliyin” İtaliyanın Akvil şəhərində
keçirilmiş sammitində ATƏT-in Minsk qrupunun həmsədr
ölkələri prezidentlərinin Dağlıq Qarabağ
münaqişəsi ilə bağlı birgə bəyanatının,
habelə dekabrın 1-də Afinada keçirilmiş ATƏT-in
Nazirlər Şurası çərçivəsində Minsk
qrupunun həmsədr ölkələri nümayəndə heyətlərinin
rəhbərləri olan Rusiya və Fransa xarici işlər
nazirlərinin və ABŞ dövlət katibinin müavininin,
Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin
birgə bəyanatının qəbul olunması
münaqişənin nizamlanmasına ən yüksək səviyyədə
diqqətin artdığını göstərir.
ATƏT-in
xarici işlər nazirləri səviyyəsində Afinada
keçirilən iclasında bu münaqişənin məhz ərazi
bütövlüyü çərçivəsində həllinə
dair sənəd qəbul edilmişdir. Münaqişə
dövrü ərzində ilk dəfə Ermənistan bu sənədə
qoşulmuş və etiraf etmişdir ki, problemin həlli
yalnız ərazi bütövlüyü çərçivəsində
mümkündür. Beləliklə, ərazi
bütövlüyü prinsipinin xalqın öz müqəddəratını
təyin etməsi problemi ilə qarşı-qarşıya
qoyulduğu uzun dövr başa çatmışdır.
Nəticə sadədir: öz müqəddəratını təyinetmə
məsələsi ərazi bütövlüyü prinsipi
çərçivəsində həll olunmalıdır. Azərbaycan
Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2009-cu ilin
sosial-iqtisadi inkişafının yekunlarına həsr
olunmuş iclasında demişdir: “Xalqların öz müqəddəratını
təyinetmə məsələləri ölkələrin ərazi
bütövlüyünü pozmamalıdır və bu məsələ
yalnız ölkələrin ərazi bütövlüyü
çərçivəsində həll oluna bilər. Bu
düstur Dağlıq Qarabağ məsələsinin həlli
üçün hesab edirəm ki, həlledici ola
bilər. Məsələ Azərbaycanın ərazi
bütövlüyü çərçivəsində həll
olunacaqdır. Bütün işğal
edilmiş torpaqlardan Ermənistanın işğalçı
qüvvələri çıxarılmalıdır. Bizim soydaşlarımız – məcburi
köçkünlər ora qayıtmalıdırlar. Təhlükəsizlik tədbirləri görülməlidir.
Gələcəkdə Dağlıq
Qarabağın Azərbaycan və erməni icmaları yüksək
muxtariyyət şəraitində, Azərbaycan dövləti tərkibində
yaşamalıdırlar. Bizim mövqeyimiz
bundan ibarətdir. Afinada ATƏT-in xarici
işlər nazirlərinin səviyyəsində keçirilən
görüşdə qəbul edilmiş sənəd məhz
bu yanaşmanı təsdiq edir. Ondan əvvəl
– 2008-ci ildə Moskvada Azərbaycan, Ermənistan və Rusiya
prezidentlərinin birgə imzaladıqları bəyanatda da məhz
bu yanaşma göstərilir. Məsələ
beynəlxalq təşkilatlar çərçivəsində
qəbul edilmiş qətnamələr və qərarlar əsasında
həll olunmalıdır. Bu hansı qərarlar və qətnamələrdir
– bunu siyasətdən bir az başı
çıxan adam dərhal deyə bilər. İlk
növbədə BMT Təhlükəsizlik
Şurasının 4 qətnaməsi - hansılar ki, Ermənistan
silahlı qüvvələrinin Azərbaycan torpaqlarından
qeyd-şərtsiz çıxarılmasını tələb
edir. ATƏT-in sənədləri, digər
beynəlxalq təşkilatların qəbul etdiyi sənədlər
ki, Azərbaycanın ərazi bütövlüyünü təsdiq
edir”.
Qeyd etmək
lazımdır ki, ATƏT-in
Region dövlətləri
sıx şəkildə iqtisadi inteqrasiya proseslərində fəal
iştirak etsələr də, Ermənistan faktiki olaraq bu
imkandan məhrum olub, davamlı inkişaf perspektivini itirərək
xarici borcların və yardımların ümidinə
qalmış, xarici borcları da artmışdır. Böhranla əlaqədar
Ermənistanda ümumi daxili məhsulun 20 faiz azalması,
sosial-iqtisadi tənəzzülün dərinləşməsi
əhalinin sosial vəziyyətini daha da
ağırlaşdırır. Qlobal
böhran şəraitində xarici borclarını ödəmək
iqtidarında olmayan Ermənistan bütün strateji əhəmiyyətli
müəssisələrini itirir.
Üstəlik,
ABŞ və Qərb dövlətləri Türkiyənin sərt
mövqeyini nəzərə alaraq bu ölkə ilə
münasibətlərini sahmana salmağa çalışan
Ermənistanın münaqişənin həllində
konstruktivlik nümayiş etdirməsinə
çalışırlar. Bu və digər
reallıqlar isə təcavüzkar tərəfi geri çəkilmək
məcburiyyətində qoyur.
Ötən il
Azərbaycan və Ermənistan prezidentlərinin ATƏT-in
Rusiyalı politoloq Aleksey
Vlasov yazır: “Azərbaycan liderinin əsaslandırılmış
və təmkinli mövqeyi hələ Heydər Əliyev
dövründən Azərbaycan Respublikasının xarici siyasət
doktrinasının əsasını təşkil edən
çoxvektorluluq və praqmatizm siyasətinin təbii
davamı olmaqla yanaşı, həm də dünyadakı yeni
reallıqların dəqiq başa düşülməsinə
dəlalət edir. İndi
çoxqütblülük şəraitində region üzrə
tərəfdaşlarla qarşılıqlı fəaliyyət
kənardan təklif edilən ambisiyalı layihələrdə
iştirak etməkdən daha artıq xeyir verə bilər”.
Beləliklə, keçən
il Azərbaycan diplomatiyası Ermənistan
və Azərbaycan arasında silahlı münaqişənin
Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və
beynəlxalq səviyyədə tanınmış sərhədlərinin
toxunulmazlığına hörmət prinsipləri əsasında
həll edilməsi istiqamətində ardıcıl fəaliyyətini
davam etdirmişdir. Münaqişəni tənzimləmək
üçün ATƏT-in
Prezident
İlham Əliyev dəfələrlə bəyan etmişdir
ki, Azərbaycan bütün qonşuları ilə dostluq
münasibətləri saxlayır və regionda sabitliyin və
təhlükəsizliyin təmin edilməsi üçün hər
cür səy göstərməyə hazırdır. Lakin ölkəmizi
ən çox narahat edən - uzun illər boyu gedən
danışıqlar prosesinə baxmayaraq, münaqişənin
hələ də həll olunmamasıdır. “On beş ildir ki, atəşkəs rejimi
mövcuddur, lakin təəssüf ki, münaqişə hələ
də həll olunmayıbdır. Bizim mövqeyimiz tam
aydındır: münaqişə beynəlxalq hüquq normaları
əsasında, Ermənistan qoşunlarının ərazilərimizdən
dərhal çıxarılması ilə bağlı BMT-nin
Təhlükəsizlik Şurasının qətnamələri
əsasında həll olunmalıdır. Amma əfsus
ki, Ermənistan beynəlxalq hüquq normalarına əməl
etmir və bu, münaqişənin həll olunmamasının əsas
səbəbidir. Danışıqlarda irəliləyiş
olmuşdur, amma bu, kifayət deyildir”.
Biz, bölgənin
sabitliyi və təhlükəsizliyi üçün nəticələrin
tələb olunduğu bir dövrdə yaşayırıq. Təəssüflə
qeyd etmək lazımdır ki, bölgənin ən
böyük probleminin həlli ilə bağlı
danışıqlar prosesində Ermənistan tərəfinin
nümayiş etdirdiyi qeyri-konstruktiv mövqe münaqişənin
nizama salınması yolunda başlıca maneəyə
çevrilmişdir. Bu münaqişə
yalnız ərazi bütövlüyü prinsipi əsasında
nizama salına bilər. Ermənistan tərəfinin
danışıqlarda əsas gətirdiyi “öz müqəddəratını
təyin etmə” prinsipi “ərazi bütövlüyü”
prinsipi ilə ziddiyyət təşkil etməməlidir.
Azərbaycan tərəfi hər zaman
Dağlıq Qarabağa yüksək status verməyə
hazır olduğunu bəyan edib. Lakin bu
status bütün hallarda Azərbaycanın ərazi
bütövlüyü çərçivəsində müəyyənləşməlidir.
Dağlıq Qarabağa Azərbaycanın ərazi
bütövlüyü çərçivəsində status
verilməsi təklifi ilə bağlı dünya təcrübəsində
kifayət qədər misallar var.
Həmçinin
Türkiyə-Ermənistan sərhədlərinin
açılmasının Dağlıq Qarabağ
münaqişəsinə aid olmadığını
düşünənlərə bölgədəki proseslərə
ehtiyatla yanaşmağı tövsiyə etmək olar. Əgər
Dağlıq Qarabağ münaqişəsində irəliləyiş
əldə olunmasa, nə Türkiyə-Ermənistan münasibətlərinin
yeni mərhələyə daxil olmasından, nə də ki, Cənubi
Qafqazda sabitliyin yaranmasından söhbət gedə bilməz.
Ermənistan-Azərbaycan münaqişəsi və
Türkiyə-Ermənistan münasibətlərinin
normallaşması bir-biri ilə bağlıdır və
proseslərin hər ikisində paralel olaraq irəliləyişin
əldə edilməsi zəruridir.
Münaqişə
həll olunmadan Avropaya enerji idxalı üçün yeni
yollar haqqında danışmaq da qeyri-mümkündür. Regionda
davamlı sülhün və sabitliyin təminatı olan
kommunikasiyaların və yolların açılması
üçün Azərbaycanın işğal
altındakı ərazilərinin azad edilməsi əsas şərtdir.
Dünya birliyi
münaqişənin həll olunması istiqamətində səylərini
artırsa, Cənubi Qafqazda real dəyişikliklərə
töhfə verə bilər. Cənubi Qafqazdakı
mahiyyətcə eyni münaqişələrə münasibət
də eyni olmalıdır. Münaqişə
ətrafında yaranmış vəziyyət həm
Münaqişənin
bir anda nizama salınması sxemi yoxdur. Lakin
sülhün yaradılması üçün lazım olan
şərtlər, hər bir tərəf üçün məqbul
olan sülh, hamını razı salacaq gələcək
münaqişə tərəflərin ayırd edilməsindən
bilavasitə asılıdır.
Hazırkı
danışıqlar prosesi münaqişənin həll
olunmasında pat vəziyyətinin aradan qalxacağına
ümidləri artırır. 2008-ci ilin noyabrında Azərbaycan,
Ermənistan və Rusiya prezidentləri tərəfindən
Moskvada imzalanmış bəyannamədə Ermənistan tərəfinin
münaqişənin beynəlxalq hüququn norma
və prinsipləri əsasında mərhələli həllini
qəbul etməsi yaxşı əlamətdir. Azərbaycan
Cənubi Qafqaz regionunda və ondan kənarda təhlükəsizlik
və sabitlik naminə Ermənistan rəhbərliyi ilə
danışıqları davam etdirir və bu da gələcəkdə
geniş regional imkanları bütün tərəflərin
faydası üçün istifadə etməyə şərait
yaradacaqdır.
20 ildir davam edən, beynəlxalq
və regional sülhə, təhlükəsizliyə ciddi təhlükə
olan Dağlıq Qarabağ münaqişəsi beynəlxalq
hüququn norma və prinsiplərinin
kobudcasına pozulmasının ən canlı nümunəsidir.
Ermənistan tərəfindən həyata
keçirilən təcavüzün nəticəsi olaraq Azərbaycan
ərazilərinin beşdə biri zəbt olunmuş, etnik təmizləməyə
məruz qalmış bir milyonadək azərbaycanlı
qaçqın və məcburi köçkünə
çevrilmiş, ölkənin minlərlə tarixi-mədəni
irsi dağıdılaraq qarət edilmişdir.
Münaqişənin həllinin
hüquqi əsasları BMT-nin Nizamnaməsi, Helsinki Yekun
Aktı, BMT Təhlükəsizlik Şurasının 822, 853,
874 və 884 saylı qətnamələri, BMT Baş Məclisinin
2008-ci ildə qəbul etdiyi A/RES/62/243 saylı qətnaməsi,
habelə ATƏT və Avropa Şurasının müvafiq sənədləri
və qərarlarında əks olunan beynəlxalq hüququn
norma və prinsiplərinə söykənir. Bütün
bu sənədlər Azərbaycanın suverenliyi, ərazi
bütövlüyü və beynəlxalq səviyyədə
tanınan sərhədlərinin toxunulmazlığını
təsdiqləyir.
Dağlıq Qarabağ
münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik
Şurasının qəbul etdiyi 4 qətnamədə
başqa bir dövlətin ərazisinin güc tətbiq etmək
yolu ilə ələ keçirilməsinin yolverilməzliyi və
Azərbaycanın ərazi bütövlüyü, suverenliyi
vurğulanmış, Dağlıq Qarabağ Azərbaycanın
bir hissəsi kimi tanınmış, zəbt olunmuş Azərbaycan
torpaqlarından işğalçı qüvvələrin
qeyd-şərtsiz çıxması
çağırışı əksini tapmışdır.
BMT Baş Məclisinin 14 mart 2008-ci il
tarixli Azərbaycanın “işğal edilmiş ərazilərində
vəziyyət” qətnaməsində Azərbaycanın ərazi
bütövlüyünə və suverenliyinə dəstək
bir daha ifadə olunmuşdur. BMT Təhlükəsizlik
Şurasının və Baş Məclisinin qətnamələrində
əks olunmuş yanaşma Azərbaycanın tutduğu
mövqe ilə tamamilə üst-üstə düşür.
Azərbaycan ilk gündən münaqişənin
mərhələli həllinin yeganə mümkün yol
olduğunu demişdir. İşğal
olunmuş bütün ərazilərdən erməni
silahlı qüvvələrinin çıxarılması, həmin
ərazilərin bərpası, qaçqın və məcburi
köçkünlərin doğma yurdlarına – Dağlıq
Qarabağa və ətraf rayonlara geri qayıtması,
qarşılıqlı istifadə üçün
bütün kommunikasiyaların açılması kimi bir
sıra vacib işlər görülməlidir. Bu, müharibənin nəticələrini aradan
qaldırmağa, regionun azərbaycanlı və erməni
icmalarının qarşılıqlı
razılığı nəzərə alınmaqla Azərbaycan
daxilində Dağlıq Qarabağ regionunun hüquqi statusunun
işlənib hazırlanmasına, regionda davamlı
sülhün və sabitliyin təşəkkül tapmasına
zəmin yaradacaqdır.
(ardı var)
Kamal ADIGÖZƏLOV,
Azərbaycan Respublikasının
Prezidenti yanında Strateji
Araşdırmalar Mərkəzinin eksperti
Xalq qəzeti.- 2010.- 18 fevral.- S. 3.