2009-cu ildə ölkənin sosial,
iqtisadi inkişafı
Əsas makroiqtisadi
göstəricilərin təhlili, ölkənin strateji valyuta
ehtiyatlarının artması, xarici ticarətdə
çoxmilyardlı müsbət saldonun yaranması, dövlət
büdcəsinin parametrlərinin təhlili, yoxsulluq səviyyəsinin
azalması, investisiyaların ixracı, yeni iş yerlərinin
yaradılması, regionların sosial-iqtisadi inkişafı
siyasətinin davam etdirilməsi, dövlət tərəfindən
bütün sosial öhdəliklərin tam yerinə yetirilməsi,
sahibkarlıq subyektlərinin sayının artması və digər
amillər onu deməyə əsas verir ki, dünyada baş verən
maliyyə iqtisadi böhrana baxmayaraq makroiqtisadi sabitlik qorunub
saxlanılmış, ölkə iqtisadiyyatı inamla
inkişaf etmişdir. Ölkədə aparılan iqtisadi siyasət
dünyadakı böhranlı proseslərin Azərbaycana təsirini
minimuma endirməyə imkan vermiş, Ümumi Daxili Məhsul və
sənaye istehsalının artım göstəricilərinə
görə Azərbaycan MDB dövlətləri arasında
lider mövqeyini saxlamaqda davam edir. Əldə olunmuş
uğurları əyani nümayiş etdirən makroiqtisadi
göstəricilər ölkəmizin inkişaf sürətinə
görə öncüllər sırasında olduğunu
göstərir.
Makroiqtisadi göstəricilər
2009-cu il
faktiki, milyon manat 2009-cu il 2008-si ilə nisbətən, faizlə
Ümumi daxili məhsul 34 578.7 109.3
Sənaye məhsulunun (işlərin, xidmətlərin) ümumi həcmi 22 184.4 108.6
Əsas kapitala yönəldilən vəsait 7 358.7 81.3
Kənd, meşə və balıqçılıq təsərrüfatlarının ümumi məhsulu 3 435.6 103.5
Nəqliyyat sektorunda yük daşınması, mlyn. Ton 189.8 103.7
Poçt və rabitə xidmətlərinin həcmi 1 010.5 113.1
Pərakəndə əmtəə dövriyyəsi 11 828.5 108.9
Əhaliyə göstərilən pullu xidmətlər 4 088.2 112.5
Xarici ticarət dövriyyəsi, mlyn. ABŞ $ 20 818.2 x
O cümlədən:
İxracın ümumi həcmi 14 698.5 x
İdxalın ümumi həcmi 6 119.7 85.4
Dövlət büdcəsinin gəlirləri 10 325.9 95.9
Dövlət büdcəsinin xərcləri 10 567.9 98.1
Dövlət büdcəsinin kəsiri 242.0 -
Əhalinin gəlirləri 22 396.1 108.0
Adambaşına düşən gəlirlər, manat 2 537.2 106.7
Bir işçiyə hesablanmış orta aylıq əmək haqqı, manat 298.0 108.6
İstehlak qiymətlərinin indeksi x 101.5
İqtisadi və sosial tərəqqinin əsas keyfiyyət göstəricisi olan Ümumi Daxili Məhsul istehsalı 2009-cu ildə əvvəlki ilə nisbətən 9.3 faiz və ya müqayisəli qiymətlərlə 3.7 milyard manat artaraq 34.6 milyard manata çatmışdır. Son 5 ildə əlavə dəyər istehsalı 2.6 dəfə yaxud hər il orta hesabla 20.8 faiz artmışdır. ÜDM-in adambaşına həcmi 7.9 faiz artaraq 3917.3 manat və ya 4874.1 ABŞ dolları təşkil etmişdir.
Yola saldığımız ildə iqtisadiyyatın bütün sahələrində cari qiymətlərlə 48.0 milyard manatlıq məhsul istehsal olunmuş və xidmətlər göstərilmiş, istehsalı təmin etmək üçün 16.1 milyard manatlıq və ya məhsul buraxılışının 33.5 faizi qədər mal və xidmətlər sərf edilmişdir.
Bu dövrdə ümumi daxili məhsulun 64.1 faizi iqtisadiyyatın istehsal, 28.3 faizi xidmət sahələrinin payına düşmüş, məhsula və idxala görə ödənilmiş xalis vergilər isə ÜDM-in 7.6 faizini təşkil etmişdir.
İqtisadiyyatın qeyri-neft sahələrində yaradılmış əlavə dəyərin ÜDM-də xüsusi çəkisi 2008-ci ildəkinə nisbətən 7.5 faiz bəndi artaraq 45.4 faiz təşkil etmişdir.
2009-cu ildə iqtisadiyyatın əksər sahələrində istehsalın artımı müşahidə edilmiş və sənayedə yaradılmış əlavə dəyərin əvvəlki illə müqayisədə 12.8 faiz artması ilə yanaşı, poçt və rabitə xidmətləri sahəsində 13.1 faiz, nəqliyyatda 9.3 faiz, ticarətdə 8.9 faiz, sosial və digər xidmətlər sahəsində 7.7 faiz artım qeydə alınmışdır.
2009-cu ildə sənaye müəssisələri, fərdi sahibkarlar və ev təsərrüfatları tərəfindən 22.2 milyard manatlıq sənaye məhsulu istehsal edilmiş, onun 16.8 milyard manatlıq hissəsi və ya 75.7 faizi mədənçıxarma, 4.2 milyard manatlıq hissəsi və ya 18.9 faizi emal, 1.2 milyard manatlıq hissəsi və ya 5.4 faizi elektrik enerjisi, qaz və suyun istehsalı və bölüşdürülməsi bölmələrində yaradılmışdır.
Əsas sənaye məhsulları olan xam neftin həcmi 13.5 faiz artaraq 50.4 milyon ton, əmtəəlik təbii qaz hasilatı isə 16.3 milyard kub metr olmuşdur.
Sənaye məhsulunun beşdə dörd hissəsi özəl bölmənin payına düşmüş, ümumi istehsalın 92.7 faizi sənaye mallarının (əmtəələrin), 7.3 faizi isə sənaye xarakterli xidmətlərin istehsalı hesabına yaranmışdır.
Sənayenin mədənçıxarma bölməsi ölkə iqtisadiyyatı üçün xüsusi önəm daşıyır və bu sahədə istehsalın həcmi 16.8 milyard manat olmaqla ötən ilin müvafiq dövrünün səviyyəsini 12.5 faiz üstələmişdir.
2009-cu ildə Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) tərəfindən 41.9 milyon ton neft və ya 16.8 faiz çox, 10.1 milyard kubmetr və ya 9.0 faiz çox əmtəəlik təbii qaz hasil edilmişdir. Eyni zamanda, bu sahədə fəaliyyət göstərən müştərək müəssisələr xam neft hasilatını 5.5 faiz artırmışlar.
İqtisadiyyat üçün xüsusi önəmi olan qızılın hasilatına başlanmış və ötən aylar ərzində mədənlərdən 333 kq qızıl hasil edilərək təmizlənməyə göndərilmişdir.
Mədənçıxarma bölməsində fəaliyyət göstərən sahibkarlar tərəfindən il ərzində 3.0 milyon ton çınqıl, qırma daş, xırda çay daşı, 801.1 min ton tikinti qumu, 533.0 min ton inşaat üçün əhəng daşı və s. istehsal edilmişdir.
Sənayedə ikinci böyük xüsusi çəkiyə malik emal bölməsinin müəssisələri və fərdi sahibkarları (ev təsərrüfatlarının sənaye istehsalı da nəzərə alınmaqla) tərəfindən 4.2 milyard manatlıq məhsul istehsal olunmuş, sənaye xarakterli xidmətlər göstərilmişdir. İstehsalın daha çox hissəsi – içki və tütün də daxil olmaqla qida məhsullarının istehsalının payına düşmüşdür. Qida məhsullarından şəkər istehsalı 16.5 faiz artaraq 314.9 min ton, çay 8.3 faiz artaraq 7.7 min ton, ət 2.8 faiz artaraq 159.5 min ton, süd 3.0 faiz artaraq 61.7 milyon dkl, kərə yağı 0.9 faiz artaraq 14.2 min ton, şampan şərabı 17.7 faiz artaraq 42.2 min dkl, pivə 9.5 faiz artaraq 3.5 milyon dkl, araq 15.6 faiz artaraq 865.5 min dkl olmuşdur.
Toxuculuq, tikiş, dəri, dəridən məmulatlar və ayaqqabı istehsalı ilə məşğul olan müəssisələr tərəfindən 2009-cu il ərzində 77.4 milyon manatlıq məhsul istehsal edilmişdir. Yanvar-dekabr aylarında yüngül yataq örtüklərinin istehsalı 37.6 faiz, pambıq yataq ağlarının istehsalı 2.5 dəfə artmışdır. Geyim istehsalında yüksək artım müşahidə olunur. Kişi və oğlanlar üçün kostyumlar istehsalı 59.0 faiz, palto, gödəkcə və plaş istehsalı 1.0 faiz artmışdır.
Emal sənayesində
ikinci böyük xüsusi çəkisi olan neft məhsullarının
istehsalı sahəsində 1345.6 milyon manatlıq məhsul
istehsal olunmuşdur. İl
ərzində 1237.7 min ton avtomobil benzini, 609.6 min ton ağ neft,
2366.5 min ton dizel yanacağı istehsal edilmişdir. Avtomobil yollarının çəkilişi
üçün mühüm əhəmiyyətə malik olan
neft bitumunun istehsalı yanvar-dekabr aylarında 7.2 faiz
artmış və 236.2 min ton təşkil etmişdir.
Kimya sənayesində,
rezin və plastik kütlə məmulatları istehsalı
müəssisələri tərəfindən 163.7 milyon
manatlıq məhsul istehsal edilmişdir. Ötən
illə müqayisədə məhsul istehsalı kimya sənayesində
37.0 faiz, rezin və plastik kütlə məmulatları
istehsalında isə 15.6 faiz azalmışdır. Əsas kimya məhsullarından azotun, propilenin,
polietilenin, izopropil spirtinin istehsalı aşağı
düşmüşdür. Lak boya məmulatlarının
istehsalında 5.2 faiz, yuyucu maddələrin istehsalında 31.1
faiz, plastik pəncərə qapaqlarının və jalüzlərin
istehsalında 44.3 faiz artım olmuşdur.
Tikinti materialları
sənayesində istehsal və göstərilmiş xidmətlərin
həcmi 16.1 faiz azalmışdır. Bu sahədə əsas məhsullardan
olan sement və sementdən hazırlanan məhsulların
istehsalının azalmasına baxmayaraq, asfalt istehsalı 2.0 dəfə
artmış, həmçinin, keramika tavaları və
lövhələrinin də istehsalı ötən illə
müqayisədə 87.1 faiz, tikinti gipsi isə 18.9 faiz
çox olmuşdur. Müəssisələr tərəfindən
1.3 milyon ton sement, 18.4 min kub metr sementdən yığma-tikinti
konstruksiyaları, 5.5 min ton tikinti blokları istehsal edilmişdir.
Metallurgiya sənayesi və
hazır metal məmulatlarının istehsalı müəssisələrində
169.9 milyon manatlıq məhsul istehsal olunmuş, xidmətlər
göstərilmişdir. İl ərzində sahədə 1.5
min ton çuqun tökmə, 312.7 ton məftil və s. məhsullar
istehsal edilmişdir.
Maşın və
avadanlıqların istehsalı, elektrik və elektron
avadanlığı, nəqliyyat vasitələri və
avadanlıqlarının istehsalı sahəsində məhsul
istehsalının həcmi 346.9 milyon manat olmuşdur. Ölkədə
traktor istehsalı 20.2 faiz artmış və bu dövr ərzində
578 ədəd traktor istehsal edilərək
istehlakçılara satılmışdır. İlk dəfə olaraq Gəncə Avtomobil Zavodunda
6 ədəd “Kəpəz” markalı avtokran istehsal
edilmişdir. 2009-cu ildə 9970 ədəd televizor
istehsal olunmaqla 13.4 faiz çoxalmış, kassa
aparatlarının istehsalı isə əvvəlki illə
müqayisədə artaraq 326 ədəd olmuşdur.
Sənayedə
elektrik enerjisi, qaz və suyun istehsalı və
bölüşdürülməsi bölməsinin xüsusi
çəkisi 5.4 faizdir. Elektrik enerjisi istehsalının
azalması səbəbindən sahə üzrə sənaye məhsulunun
və göstərilmiş xidmətlərin həcmi 10.8 faiz
azalmış və 1205.9 milyon manat təşkil etmişdir.
Ölkədə 17.8 milyard kVt-saat elektrik enerjisi istehsal
olunmuş, onun 12.5 faizi su elektrik stansiyalarının, 87.5 faizi
isə istilik elektrik stansiyalarının payına
düşmüşdür. Elektrik enerjisi
istehsalının aşağı düşməsinin əsas
səbəbi əhalinin enerji istehlakının strukturunda
baş vermiş dəyişiklərlə bağlıdır.
Belə ki, son illər əhalinin qaz təchizatının
xeyli yaxşılaşması əvvəllər olduğu kimi
elektrik enerjisindən isitmə məqsədləri
üçün istifadə olunmasını lüzumsuz
etmiş, bu isə öz növbəsində elektrik enerjisinə
olan tələbatın azalmasına gətirib
çıxarmışdır. Bundan əlavə,
sayğaclaşdırmanın aparılması, itkilərin
azaldılması, ənənəvi elektrik lampalarının qənaətcil
lampalarla tədricən əvəz edilməsi, istehsalatda daha qənaətcil
müasir texnologiyaların tətbiqi və s. kimi tədbirlərin
həyata keçirilməsi də elektrik enerjisinə tələbatın
azalmasına təsir göstərmişdir.
2009-cu ildə
ölkədə fəaliyyət göstərən müəssisə
və təşkilatlarda çalışan muzdlu
işçilərin 12.1 faizi və ya 160.7 min nəfəri
ölkə sənayesində
çalışmışdır. İşçilərin hər beş nəfərindən üçü sənayenin
dövlət bölməsinə, hər beş nəfərindən
ikisi isə qeyri-dövlət bölməsinə məxsus
müəssisələrdə
çalışmışdır. Mədənçıxarma
sənayesi üzrə fəaliyyət göstərən
müəssisələrdə çalışan
işçilər bütün sənayeçilərin 22.7
faizini, elektrik enerjisi, qaz və suyun istehsalı və
bölüşdürülməsi ilə məşğul
olanlar 25.7 faizini, emal sənayesində çalışanlar isə
51.6 faizini təşkil etmişdir.
Emal bölməsində
içki və tütün istehsalı da daxil olmaqla, qida məhsullarının
istehsalı ilə məşğul olanlar daha böyük –
23.2 faizlik, dəri, dəridən məmulatlar və
ayaqqabı istehsalı ilə məşğul olanlar isə
daha az - 0.7 faizlik xüsusi çəkiyə
malik olmuşdur.
2009-cu ilin
yanvar-dekabr aylarında sənaye işçilərinin orta
aylıq əmək haqqı 438.8 manat təşkil etmiş və
2008-ci ilin müvafiq dövrü ilə müqayisədə
2.3 faiz artmışdır. Qeyri-dövlət
müəssisələrində işçilərin əmək
haqqı 522.0 manat olmaqla dövlət müəssisələrində
işləyənlərin əmək haqqından 1.4 dəfə
yüksək olmuşdur. Əmək
haqqı emal sənayesində 6.5 faiz, elektrik enerjisi, qaz və
suyun istehsalı və bölüşdürülməsi
bölməsində isə 2.5 faiz artmışdır.
Əmək
haqqının daha yüksək səviyyəsi neft sektorunda, nəqliyyat
avadanlıqlarının istehsalı, metallurgiya və digər
qeyri-metal mineral maddələrin istehsalı sahələrində
müşahidə olunmuşdur.
2009-cu ildə
ölkənin iqtisadi və sosial sahələrinin
inkişafı üçün bütün maliyyə mənbələrindən
əsas kapitala 7.4 milyard manat vəsait yönəldilmişdir. Tikinti-quraşdırma
işlərində 5.1 milyard manat vəsait istifadə
edilmiş və ümumi vəsaitin 69.9 faizini təşkil
etmişdir. Əsas kapitala qoyulan vəsaitin
60.3 faizi dövlət mülkiyyətinə məxsus müəssisə
və təşkilatlar, 39.7 faizi qeyri-dövlət təşkilatları
tərəfindən yönəldilmişdir.
İstehsal təyinatlı
obyektlərin inşasında 5.5 milyard manat, qeyri-istehsal təyinatlı
obyektlərin tikintisində 1.9 milyard manatlıq vəsaitdən
istifadə edilmişdir.
Əsas kapitala
yönəldilmiş vəsaitin 79.9 faizini daxili, 20.1 faizini isə
xarici vəsaitlər təşkil etmişdir. Xarici mənbələrdən
əsas kapitala yönəldilmiş vəsaitin 87.3 faizi
Böyük Britaniya, ABŞ, Yaponiya, Fransa, Norveç,
İsveçrə, Çexiya və Türkiyə
investorlarına məxsusdur.
2009-cu ildə
dövlət büdcəsində inşaat işləri
üçün nəzərdə tutulmuş əsaslı vəsait
qoyuluşunun 2.5 milyard manatından istifadə edilmişdir.
Əsas kapitala yönəldilmiş
sərmayənin ümumi həcmində müəssisə və
təşkilatların vəsaitləri 3.5 milyard manat, bank
kreditləri 384.7 milyon manat, büdcə vəsaitləri 2.7
milyard manat, büdcədənkənar fondların vəsaitləri
473.9 milyon manat, əhalinin şəxsi vəsaitləri 299.7
milyon manat, digər vəsaitlər isə 0.5 milyon manat təşkil
etmişdir.
İl ərzində əsas
kapitala yönəldilmiş bütün vəsaitin 40.9 faizi sənaye
sahələrinin inkişafına, 3.5 faizi kənd təsərrüfatına,
0.1 faizi balıqçılığa, 0.4 faizi tikintiyə, 2.9
faizi ticarət və xidmətə, 0.7 faizi mehmanxana və
restoranlara, 23.8 faizi nəqliyyata, 1.9 faizi rabitəyə, 0.2
faizi maliyyə sektoruna, 10.9 faizi daşınmaz əmlakla əlaqədar
əməliyyatlara (ondan 8.8 faizi mənzil tikintisinə), 7.1
faizi dövlət idarəetməsinə, 1.5 faizi təhsilə,
2.1 faizi səhiyyəyə, 4.0 faizi digər kommunal, sosial və
şəxsi xidmətlərin göstərilməsi sahələrinə
sərf edilmişdir.
2009-cu ildə əsas
kapitala yönəldilmiş vəsaitin 73.0 faizi qeyri-neft
bölməsinin, 27.0 faizi neft bölməsinin
inkişafında istifadə edilmişdir.
İl ərzində ümumi
sahəsi 1363.3 min kv.metr olan yaşayış evləri, 20622
şagird yerlik ümumtəhsil məktəbləri, 605
çarpayılıq xəstəxana, növbədə 1235 nəfəri
qəbul etmək imkanına malik ambulatoriya-poliklinika müəssisəsi,
90 yerlik məktəbəqədər uşaq müəssisəsi,
140 yerlik klub, Bakı şəhərində Elmi-Tədqiqat
Göz Xəstəlikləri İnstitutu, Tennis Akademiyası,
“Azadlıq prospekti” metro stansiyası, Beynəlxalq Avtovağzal
Kompleksi, “Sərhədçi” İdman Olimpiya Mərkəzi,
Hövsan və Şağanda Olimpiya İdman Kompleksləri,
Naxçıvan MR-da Şərur Olimpiya İdman Kompleksi,
Avtovağzal Kompleksi, “Gəmiqaya” mineral sular zavodu, unlu qənnadı
məmulatlar istehsalı sexi, meyvə-tərəvəz soyuducu
anbarı, istixana kompleksi, Asfalt-beton zavodu, Bərdədə
Müalicə-Diaqnostika Mərkəzi və avtovağzal
binası, Şəmkirdə və İsmayıllıda
Olimpiya İdman kompleksləri, Gədəbəydə
qızıl-mis emalı zavodu, Hacıqabul rayonunda Uşaq Tibb
Mərkəzi və kərpic zavodu, Quba rayonunda “Şahdağ”
elektrik stansiyası və Müalicə-Diaqnostika Mərkəzi,
Sumqayıtda Elektrik Stansiyası, Şamaxıda Müalicə-Diaqnostika
Mərkəzi və s. istifadəyə verilmişdir.
2009-cu ildə
inşaat bölməsində çalışmış 62.0
min nəfərin orta aylıq nominal əmək haqqı 449.9
manat təşkil etmiş və əvvəlki ilin müvafiq
dövrünə nisbətən 10.6 faiz artmışdır. İri və
orta tikinti müəssisələrində işləyənlərin
orta aylıq nominal əmək haqqı isə 500.7 manat
olmuşdur. Əmək haqqı tikinti sahəsinin
hazırlanması sahəsində 46.6 faiz, bina və qurğuların
tikintisi sahəsində 11.5 faiz artmış, bina və
örtüklərin mühəndis avadanlıqlarının
quraşdırılması və bəzək işləri sahələrində
isə müvafiq olaraq 441.6 və 261.2 manat olmuşdur.
İlkin məlumatlara
görə 2009-cu ildə xarici ölkələrdən və
onların firmalarından ölkəmizə 5.5 milyard ABŞ
dolları məbləğində xarici investisiya daxil olmuş
və onun 44.1 faizi neft sektoruna yönəldilmişdir.
Ölkənin aqrar bölməsi
2009-cu ili uğurla başa vurmuşdur. Kənd təsərrüfatının ümumi məhsulunun
sabit qiymətlərlə dəyəri 2008-ci ildəkinə
nisbətən 3.5 faiz, o cümlədən bitkiçilik məhsulları
4.0 faiz, heyvandarlıq məhsulları 2.8 faiz
artmışdır.
Regionların sosial-iqtisadi
inkişafına və əhalinin ərzaq məhsulları ilə
etibarlı təminatına dair Dövlət Proqramlarında nəzərdə
tutulmuş tədbirlərin həyata keçirilməsi, “Kənd
təsərrüfatı məhsulları
istehsalçılarına dövlət dəstəyi
haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 23
yanvar tarixli 1907 nömrəli Sərəncamına uyğun
olaraq kənd təsərrüfatı məhsulları
istehsalçılarının məhsul istehsalı
üçün istifadə etdikləri yanacağın, motor
yağlarının və mineral gübrələrin dəyərinin
orta hesabla 50 faizinin dövlət tərəfindən ödənilməsi,
eləcə də buğda istehsalçılarının
maddi marağının artırılması və buğda
istehsalının stimullaşdırılması məqsədi
ilə dövlət büdcəsinin vəsaiti hesabına əkilən
hər hektar üçün 40 manat yardımın verilməsi,
məhsuldarlığa təsir göstərən
reproduksiyalı toxum materialının satışına
görə hər kq-a 30-40 faiz əlavə maliyyə vəsaitinin
ayrılması, habelə həftənin altıncı və bazar
günləri kənd təsərrüfatı məhsullarının
satışı üzrə yarmarkaların təşkil edilməsi
yetişdirilən məhsulun itkisiz yığılmasına
müsbət təsir etmiş və 2009-cu ildə 2008-ci ilə
nisbətən bir sıra kənd təsərrüfatı məhsullarının
istehsalında artım əldə edilmişdir.
Bitkiçilik. 2009-cu ildə
qarğıdalı da daxil olmaqla 1125.4 min hektar sahədən,
hər hektardan orta hesabla 26.6 sentner olmaqla, ilkin çəkidə
rekord miqdarda – 2988.3 min ton taxıl məhsulu
toplanılmış və 2008-ci ilə nisbətən onun
istehsalı 19.6 faiz və ya 490.0 min ton artmışdır.
Dənli və
dənli paxlalıların tərkibində payızlıq və
yazlıq buğda əsas yer tutur və istehsal olunmuş
taxıl məhsulunun 71.7 faizini və ya 2141.4 min tonunu buğda
təşkil etmişdir. Taxılın 5.1 faizi və ya 151.2 min tonu
isə qarğıdalının payına düşür.
Aqrar bölmədə
bazarın tələblərinin nəzərə
alınması, taxıl istehsalına dövlət tərəfindən
xüsusi diqqət yetirilməsi kənd təsərrüfatı
bitkilərinin əkin sahələrinin strukturuna öz təsirini
göstərmişdir. Belə ki, taxılın əkin sahəsinin
xeyli artması müqabilində 2008-ci ilə nisbətən
pambığın, dən üçün günəbaxanın,
kartofun, tərəvəzin və bostan bitkilərinin əkin
sahələri azalmışdır.
Əkin sahəsinin
genişləndirilməsi nəticəsində tütün
istehsalı 2008-ci ilə nisbətən 5.0 faiz artaraq 2.6 min
tona çatmışdır.
Bitkiçiliyin mühüm
sahəsi olan pambıqçılığın 2009-cu ildə
əkin sahəsinin 21.1 min hektara qədər azalması səbəbindən
xam pambığın istehsalı 30.9 min ton olmuş, 182.3 min
ton şəkər çuğunduru, 983 min ton kartof, 1177.9 min
ton tərəvəz, 410.8 min ton bostan məhsulları
toplanmışdır.
2009-cu ildə əksər
növ meyvələrin artması hesabına rekord miqdarda –
721.4 min ton meyvə və giləmeyvə istehsal edilmiş,
üzüm istehsalı 129.2 min tona, yaşıl çay
yarpağı istehsalı 447 tona çatmışdır.
2008-ci illə müqayisədə meyvə istehsalı 1.2 faiz,
üzüm istehsalı 11.5 faiz, yaşıl çay
yarpağı istehsalı 38.3 faiz artmışdır.
2010-cu ilin məhsulu
ücün təmiz herik şumu da daxil olmaqla 991.6 min hektar sahədə
şum qaldırılmış, 919.7 min hektarda dən və
yaşıl yem üçün payızlıq taxıl, o
cümlədən 908.7 min hektar taxıl səpilmişdir. Dənlik taxılın 72.6 faizi və ya 659.3 min
hektarı buğda, 27.4 faizi və ya 249.1 min hektarı arpa əkini
sahəsidir. Əvvəlki ilin müvafiq dövrünə
nisbətən dən üçün taxılın cəmi əkin
sahəsi 13.6 faiz, o cümlədən buğdanın əkin
sahəsi 18.3 faiz azalmış, arpanın əkin sahəsi isə
1.6 faiz genişlənmişdir.
Heyvandarlıq. Heyvandarlıq
kənd təsərrüfatının mühüm sahəsidir
və son illər sürünün cins tərkibinin
yaxşılaşdırılması istiqamətində
görülmüş müəyyən işlər məhsul
istehsalına öz müsbət təsirini göstərmişdir.
Belə ki, 2009-cu ildə diri çəkidə 305.1 min ton ət,
1433.1 min ton süd, 1209.4 milyon ədəd yumurta və 15.3 min
ton yun istehsal edilmiş və 2008-ci illə müqayisədə
ət istehsalı 0.8 faiz, süd - 3.7 faiz, yumurta – 9.8 faiz, yun
istehsalı 3.3 faiz artmışdır.
Respublikada
iribuynuzlu mal-qaranın yetişdirilməsi və qoyunçuluq
heyvandarlığın inkişaf etmiş sahələrindəndir. 2010-cu il
yanvarın 1-i vəziyyətinə ölkə üzrə
2600.4 min baş iri buynuzlu mal-qara, 8387.0 min baş qoyun və
keçi mövcud olmuşdur.
Ölkə
iqtisadiyyatının əsas infrastrukturlarından biri olan nəqliyyat
sektoru inkişafdadır. 2009-cu ildə də nəqliyyat sektoruna
investisiyaların yönəldilməsi, nəqliyyatın hərəkət
heyətinin yeniləşməsi, yeni avtomobil yollarının
çəkilişi, yenidənqurulması və s. işlər
davam etmiş, həyata keçirilmiş transmilli layihələr
sahənin inkişafına öz müsbət təsirini
göstərmişdir.
2009-cu il ərzində nəqliyyat
sektorunda yük daşınması 2008-ci ilə nisbətən
3,7 faiz, yük dövriyyəsi isə 10,1
faiz artmış, son beş ildə bu göstəricilərin
artımı müvafiq olaraq 1,6 və 4,2 dəfə təşkil
etmişdir.
Ötən ildə nəqliyyat
müəssisələri və fərdi sahibkarlar tərəfindən
göstərilmiş nəqliyyat xidmətlərinin ümumi həcmi
2008-ci ilə nisbətən 7,8 faiz
artmışdır.
Nəqliyyat vasitələri
ilə daşınmış 189,8 milyon ton yükün 49,7
faizi avtomobil, 32,7 faizi boru kəməri, 10,7 faizi dəmir yolu,
6,9 faizi dəniz nəqliyyatı vasitəsilə həyata
keçirilmişdir.
Özəl bölmənin nəqliyyat
vasitələri ilə yük daşınması 10,1 faiz artmış, bu bölməyə məxsus
nəqliyyat vasitələri ilə yük
daşınmasının payı nəqliyyat sektorunda 73,7 faiz
təşkil etmişdir.
2009-cu ilin yekunları üzrə
nəqliyyat sektorunda xidmət göstərilmiş sərnişinlərin
sayı 1,3 milyard nəfər olmaqla, əvvəlki
illə müqayisədə 6,9 faiz artmışdır. Bu sahədəki
fəaliyyətin 83,9 faizi qeyri-dövlət
bölməsinin payına düşmüş, sərnişinlərin
83,9 faizi avtomobil, 15,5 faizi metro nəqliyyatı ilə
daşınmışdır.
Dəmir yolu nəqliyyatı
ilə 20,3 milyon ton yük
daşınmış, orta hesabla sutkada 631 vaqon yüklənmiş,
487 vaqon boşaldılmışdır. Sutka ərzində dəmir
yolunun Şimal istiqaməti üzrə 29,7
min ton, Qərb istiqaməti üzrə 3,8 min ton, Cənub
istiqaməti üzrə isə 2,7 min ton yüklənmə
işi yerinə yetirilmişdir.
Dəniz nəqliyyatında
daşınmış yüklərin həcmi 10,9
faiz artmış və 13,2 milyon ton təşkil etmişdir. Yüklərin dörddə üç hissəsini
neft yükləri, dörddə bir hissəsini isə quru
yüklər təşkil etmiş və bütün
daşımalar xarici əlaqə üzrə həyata
keçirilmişdir. Bu nəqliyyat növündə
yük dövriyyəsi 1,6 faiz
artmış və 6,2 milyard ton-km təşkil etmişdir.
Ötən ildə donanmaya yükgötürmə qabiliyyəti
13,5 min ton olan bir maye yük daşıyan
gəmi alınmış və gəmilərin sayı 80-ə
çatdırılmışdır. İl ərzində
Bakı Beynəlxalq Dəniz Ticarət Limanında 5,1 milyon ton yükləmə-boşaltma işləri
həyata keçirilmişdir. İşlənmiş yüklərin
84,1 faizini təşkil edən beynəlxalq
tranzit yüklərin həcmi 5,4 faiz, ixrac yüklərinin həcmi
21,5 faiz azalmış, idxal yüklərinin həcmi isə 1,6
dəfə artmışdır.
Nəqliyyatda
daha böyük xüsusi çəkiyə malik olmaqla ən
sabit sürətlə inkişaf edən sahə avtomobil nəqliyyatıdır. 2009-cu ildə ölkədəki
mövcud avtomobil nəqliyyat vasitələrinin sayı əvvəlki
illə müqayisədə 65,8 min ədəd
artaraq 925,9 min ədəd təşkil etmişdir. Əhalinin
hər 1000 nəfərinə düşən avtomobillərin
sayı son 5 ildə 1,7 dəfə artaraq
105 ədəd olmuşdur. Avtomobillərin 82,0 faizini minik
avtomobilləri, 12,7 faizini yük avtomobilləri, 3,2 faizini
avtobuslar, qalan hissəsini isə xüsusi təyinatlı və
digər avtomobillər təşkil etmişdir. 2009-cu ildə
avtomobil nəqliyyatı ilə fiziki şəxslərin - fərdi
sahibkarların fəaliyyəti də nəzərə
alınmaqla 94,2 milyon ton yük, 1,1 milyard sərnişin
daşınmış və 2008-ci illə müqayisədə
müvafiq olaraq 7,1 və 7,8 faiz artmışdır. Sərnişinlərin
96,6 faizi avtobus, 3,4 faizi isə minik taksilərinin
xidmətlərindən istifadə etmişlər. Avtomobil nəqliyyatı
ilə yük və sərnişin dövriyyəsində
artım müvafiq olaraq 6,9 və 8,9 faiz təşkil
etmişdir.
Metro nəqliyyatının
xidmətlərindən il ərzində istifadə edən sərnişinlərin
sayı əvvəlki illə müqayisədə 2,9 faiz çoxalaraq 206,1 milyon sərnişin təşkil
etmişdir.
Hava nəqliyyatı ilə
941,2 min sərnişin
daşınmış, daşınmanın 89,8 faizi dövlət
bölməsinə, 10,2 faizi isə özəl müəssisələrə
məxsus hava gəmiləri ilə həyata
keçirilmişdir. İl ərzində hava nəqliyyatı
ilə 31,8 min ton yük
daşınmış, onun 87,1 faizi qeyri-dövlət bölməsinin
payına düşmüşdür.
Magistral neft kəmərləri
ilə 50,5 milyon ton neft nəql
edilmişdir. Nəqletmənin dörddə üç hissəsi
ölkənin əsas nəqliyyat infrastrukturlarından olan BTC
neft ixrac kəməri ilə həyata keçirilmiş və
ötən il ərzində bu kəmər vasitəsilə 38,2 milyon ton neft
ötürülmüşdür. İl ərzində BTC kəməri
ilə Azərbaycan nefti ilə yanaşı, ölkə ərazisindən
1,9 milyon ton Qazaxıstan nefti də nəql
edilmişdir.
Magistral qaz kəmərləri
ilə 11,6 milyon ton və ya əvvəlki
illə müqayisədə 2,5 faiz çox qaz nəql
edilmişdir. Nəql edilmiş qazın üçdə bir
hissəsi Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri
vasitəsilə həyata keçirilmiş və 5,2 milyard kub-metr qaz
ötürülmüşdür.
2009-cu ilin yanvar-noyabr
aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan
ərazisindən keçən hissəsində 39,6 milyon ton yük, 188,4 milyon sərnişin
daşınmışdır. Yüklərin 44,3 faizi dəmir
yolu, 37,2 faizi avtomobil, 18,5 faizi dəniz nəqliyyatı ilə
daşınmış və ölkənin nəqliyyat sektorunda
daşınmış bütün yüklərin 23,2 faizini təşkil
etmişdir.
Daşımalardan 218,6 milyon
manat gəlir əldə edilmiş, gəlirlərin 48,8 faizi dəmir
yolu, 26,8 faizi dəniz, 24,4 faizi isə avtomobil nəqliyyatının
fəaliyyəti nəticəsində əldə edilmişdir.
2009-cu ildə nəqliyyat
müəssisələrində 68,5 min işçi
çalışmış, onların orta aylıq əmək
haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən
16.8 faiz artaraq 363,7 manat təşkil etmişdir.
Ölkənin
rabitə sektoru əvvəlki illərdə olduğu kimi,
2009-cu ildə də uğurla inkişaf etmiş əsas sahələrdən
biridir. İl
ərzində telekommunikasiya və poçt müəssisələri
tərəfindən təsərrüfat subyektlərinə və
əhaliyə göstərilmiş xidmətlərin həcmi 1,0 milyard manatı keçmiş və ötən
illə müqayisədə 13,1 faiz artmışdır. Rabitə xidmətlərinin dörddə üç
hissəsi əhaliyə göstərilmişdir.
Əldə olunmuş gəlirlərin
70,3 faizi mobil telefon rabitəsindən
yaranmış və 2008-ci illə müqayisədə bu xidmətlərin
həcmi 11,0 faiz çoxalmışdır. Mobil telefon abunəçilərinin
sayı son bir il ərzində 1,6 milyon
artmış, hazırda əhalinin hər beş nəfərindən
dördü mobil telefon abunəçisidir. Mobil
telefon rabitəsində 3-cü nəsil (3G) texnologiyası tətbiq
olunmağa başlamış, əhalinin İnternetdən
istifadə tarifləri iki dəfə aşağı
salınmışdır.
2009-cu ildə rabitə
müəssisələrində 22,7 min işçi
çalışmış, onların orta aylıq əmək
haqqı 432,3 manat olmaqla əvvəlki ilin eyni dövrünə
nisbətən 14.6 faiz artmışdır. Rabitə
sahəsində əmək haqqının artımı
dövlət sektorunda 13.2 faiz, qeyri-dövlət sektorunda 5.8
faiz təşkil etmişdir.
2009-cu ilin on bir ayında
İKT sektorunda fəaliyyət göstərmiş müəssisələr
tərəfindən istehsal olunmuş məhsul və göstərilmiş
xidmətlərin həcmi 1,1 milyard manat
olmuş və 13,7 faiz artmışdır.
2009-cu ildə istehlak
bazarında ölkə əhalisinə 15.9 milyard manatlıq və
ya 2008-ci illə müqayisədə 9,9
faiz çox geniş çeşidli istehlak malları
satılmış və pullu xidmətlər göstərilmişdir.
Ticarət və xidmət üzrə ümumi artımın 69,5 faizi ticarət fəaliyyəti, 30,5 faizi
göstərilmiş xidmətlər hesabına
yaranmışdır.
Əmtəə
dövriyyəsinin 99.2 faizi, pullu xidmətlərin 72.2 faizi
özəl bölmə tərəfindən həyata
keçirilmişdir.
Pərakəndə
əmtəə dövriyyəsinin və əhaliyə
göstərilən pullu xidmətlərin artımı həm
istehlak bazarının müxtəlif çeşidli əmtəə
və xidmət resursları ilə təminatının
artması, həm də əhalinin alıcılıq qabiliyyətinin
yüksəlməsi sayəsində yaranmışdır. Ticarət və xidmət
şəbəkələrindən hər bir ölkə sakini
hər ay orta hesabla 149,5 manatlıq və
ya 2008-ci ilə nisbətən 13,9 manat çox müxtəlif
istehlak malları almış və pullu xidmətlərdən
istifadə etmişdir.
Pərakəndə əmtəə
dövriyyəsi və əhaliyə göstərilən pullu
xidmətlərin ümumi artımının 84,2 faizi istehlak
bazarında əhalinin tələbatının ödənilməsində
önəmli yer tutan özəl müəssisələrin fəaliyyəti
sayəsində təmin edilmiş, bu müəssisələr
tərəfindən əhaliyə satılmış istehlak
mallarının və göstərilmiş xidmətlərin həcmi
14.7 milyard manat təşkil etmişdir.
2009-cu ildə pərakəndə
əmtəə dövriyyəsinin artımının 99,5 faizi özəl müəssisələrin
ticarət və iaşə fəaliyyəti sayəsində
yaranmış və bu müəssisələr üzrə pərakəndə
əmtəə dövriyyəsinin həcmi 8,9 faiz artaraq 11.7
milyard manata çatmışdır.
Pərakəndə əmtəə
dövriyyəsinin ümumi həcminin 2,8
faizini iaşə müəssisələrinin dövriyyəsi
təşkil etmiş, əhaliyə 335,1 milyon manatlıq və
ya 2008-ci ildəkindən 17,1 faiz çox iaşə xidmətləri
göstərilmişdir. Özəl iaşə müəssisələri
üzrə dövriyyənin real həcmi 19,5
faiz artaraq 323,6 milyon manat olmuşdur.
Pərakəndə əmtəə
dövriyyəsinin ümumi artımının 84,8 faizi hüquqi şəxs statuslu və
hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti
göstərən fərdi sahibkarların ticarət müəssisələrinin,
15,2 faizi isə yarmarka və bazarların ticarət fəaliyyəti
sayəsində yaranmışdır.
İstehlak bazarından
alınmış məhsulların 64,5
faizini ərzaq malları, 35,5 faizini qeyri-ərzaq malları təşkil
etmiş, ərzaq məhsullarının satışı 10,6
faiz, qeyri-ərzaq mallarının satışı isə 4,9
faiz artmışdır. Ərzaq məhsullarının
alınmasına çəkilmiş xərclərin 17,9 faizini
tərəvəz məhsulları, 14,6 faizini meyvə və
giləmeyvə, 14,8 faizini ət və quş, 6,4 faizini
çörək, 3,9 faizini kərə yağı, 4,8 faizini
qənnadı məmulatları təşkil etmişdir. Qeyri-ərzaq
mallarının alınmasına ödənilmiş vəsaitin
22,8 faizi paltar və trikotaj, 21,4 faizi neft məhsulları, 6,5
faizi avtomobillər, 6,9 faizi ayaqqabı, 6,8 faizi elektrik və
teleradio avadanlığı, 5,2 faizi tikinti materiallarına sərf
edilmişdir. İl ərzində adambaşına
satılmış orta aylıq ərzaq mallarının həcmi
72,1 manata, qeyri-ərzaq mallarının həcmi
39,6 manata çataraq, əvvəlki ilin göstəricisini
müvafiq olaraq 5,1 və 2,6 manat üstələmişdir.
2009-cu ildə əhaliyə
4.1 milyard manatlıq və ya 12,5 faiz
çox pullu xidmətlər göstərilmişdir. Əhaliyə
göstərilən pullu xidmətlərin 13,4
faizini məişət xidmətləri təşkil
etmişdir.
2009-cu ildə
Azərbaycan Respublikası dünyanın 137 ölkəsi ilə
ticarət əməliyyatları aparmışdır. Bu dövr ərzində
xarici ticarət dövriyyəsinin həcmi 20.8 milyard ABŞ
dolları, o cümlədən ixrac 14.7 milyard, idxal 6.1 milyard
dollar təşkil etmişdir. Ticarət əlaqələrinin
70,6 faizi ixracın, 29,4 faizi idxalın
hesabına formalaşmış, 8.6 milyard dollarlıq müsbət
saldo yaranmışdır.
İdxal-ixrac əməliyyatlarının
18,8 faizi İtaliya, 9,7 faizi Amerika Birləşmiş
Ştatları, 8,7 faizi Rusiya, 7,1 faizi Fransa, 6,3 faiz İsrail,
4,9 faizi Türkiyə, 3,3 faizi Ukrayna, 3,3 faizi Tayvan (Çinin əyaləti),
3,2 faizi İndoneziya, 3,1 faizi Almaniya, 3,0 faizi Çin, 2,9 faizi
Kanada, 2,3 faizi Böyük Britaniya, 2,2 faizi Gürcüstan, 2,1
faizi Malayziya, 1,6 faizi İspaniya, 17,5 faizi isə digər
ölkələrlə aparılmışdır. İdxal əməliyyatlarının
17,5 faizi Rusiya, 14,8 faizi Türkiyə, 9,0 faizi Almaniya, 8,4 faizi
Ukrayna, 7,9 faizi Çin, 4,5 faizi Böyük Britaniya, 4,3 faizi
Amerika Birləşmiş Ştatları, 2,4 faizi Yaponiya, 2,3
faizi Fransa, 2,2 faiz Belarus, 2,1 faizi İtaliya, 2,0 faizi Koreya
Respublikası, 1,9 faizi İsveç, 1,9 faizi Braziliya, 1,5 faizi
İsveçrə, 17,3 faizi isə digər ölkələrlə
aparılmışdır.
Keçən il ölkəmizə
gətirilən məhsulların 34,8 faizini maşın və
mexanizmlər, elektrotexnika avadanlığı, 12,8 faizini quru,
hava və su nəqliyyatı vasitələri, 10,8 faizini az qiymətli
metallar və onlardan hazırlanmış məmulatlar, 8,5
faizini hazır ərzaq məhsulları, spirtli və spirtsiz
içkilər, sirkə, tütün, 6,6 faizini kimya sənayesi
məhsulları, 5,1 faizini bitki mənşəli məhsullar,
3,5 faizini optik, fotoqrafik, tibbi, digər cihaz və aparatlar, 2,8
faizini mineral məhsullar, 2,8 faizini plastik kütlə,
kauçuk, rezin və onlardan hazırlanmış məmulatlar,
qalan 12,3 faizini digər mallar təşkil etmişdir.
İxrac əməliyyatlarının
25,8 faizi İtaliya, 11,9 faizi Amerika Birləşmiş
Ştatları, 9,0 faizi Fransa, 8,4 faizi İsrail, 5,1 faizi Rusiya,
4,6 faizi Tayvan (Çinin əyaləti), 4,5 faizi İndoneziya,
4,0 faizi Kanada, 2,7 faizi Gürcüstan, 2,6 faizi Malayziya, 2,2 faizi
İspaniya, 1,8 faizi Hindistan, 17,4 faizi isə digər ölkələrlə
həyata keçirilmişdir.
Xarici ölkələrə
göndərilən malların 92,8 faizini mineral məhsullar,
1,5 faizini bitki mənşəli məhsullar, 1,2 faizini quru, hava
və su nəqliyyatı vasitələri, 1,2 faizini hazır ərzaq
məhsulları, spirtli və spirtsiz içkilər, sirkə,
tütün, 0,9 faizini heyvan və ya bitki mənşəli
piylər və yağlar, 0,8 faizini az qiymətli metallar və
onlardan hazırlanmış məmulatlar, 0,4 faizini plastik
kütlə, kauçuk, rezin və onlardan
hazırlanmış məmulatlar, 0,3 faizini toxuculuq
materialları və məmulatları, 0,2 faizini kimya sənayesi
məhsulları, qalan 0,7 faizini digər mallar təşkil
etmişdir.
Xarici ticarət dövriyyəsinin
17.9 milyard dolları və ya 85,8 faizi, o cümlədən
ixracın 92,3 faizi, idxalın 70,2 faizi uzaq xarici dövlətlərin
payına düşmüş, Müstəqil Dövlətlər
Birliyinə üzv olan ölkələrlə ticarət əlaqələrinin
14,2 faizi, o cümlədən ixracın 7,7 faizi, idxalın 29,8
faizi aparılmışdır.
2009-cu il
yanvarın 1-i vəziyyəti ilə müqayisədə
keçən il ərzində hüquqi şəxslərin
sayı 4.4 faiz artmış və 2010-cu ilin yanvarın 1-nə
89.9 min olmuşdur.
İqtisadiyyatın “Digər
sahələrdə xidmətlərin göstərilməsi”,
“Su təchizatı: Çirkli suların və
tullantıların təmizlənməsi”, “Təhsil”,
“Daşınmaz əmlakla əlaqədar əməliyyatlar”,
“Tikinti” və “Peşə, elmi və texniki fəaliyyət”
bölmələrində artım daha nəzərəçarpacaq
dərəcədə olmuşdur.
“Topdan və pərakəndə
ticarət; avtomobillərin və motosikletlərin təmiri”, “Kənd
təsərrüfatı, meşə təsərrüfatı
və balıqçılıq”, “Tikinti”, “Digər sahələrdə
xidmətlərin göstərilməsi” və “Emal sənayesi”
bölmələrində cəmləşən hüquqi
şəxslərin Dövlət registrində xüsusi çəkisi
daha yüksək olmuşdur.
Statistik vahidlərin Dövlət
registrində qeydiyyatdan keçmiş tam xarici investisiyalı
və birgə müəssisələr əsasən Türkiyə
(29.7%), Böyük Britaniya (11.6%), Rusiya (7.4%), İran (5.9%) ABŞ (5.7%), və Almaniya (2.7%) sahibkarları tərəfindən
yaradılmışdır.
2009-cu il ərzində yeni
yaradılmış müəssisələrin 30.2 faizi “Digər
sahələrdə xidmətlərin göstərilməsi”,
23.6 faizi “Topdan və pərakəndə ticarət; avtomobillərin
və motosikletlərin təmiri”, 13.1 faizi “Tikinti”, 5.8 faizi
“Peşə, elmi və texniki fəaliyyət”, 4.6 faizi
lİnzibati və yardımçı xidmətlərin
göstərilməsi”, hər birində 4.4 faiz olmaqla “Emal sənayesi”
və “Kənd təsərrüfatı, meşə təsərrüfatı
və balıqçılıq” bölmələrinin
payına düşür.
2009-cu ildə qeydiyyatdan
keçmiş yeni müəssisələrin 85.2 faizi
xüsusi mülkiyyətli, 3.7 faizi dövlət mülkiyyətli,
8.7 faizi tam xarici investisiyalı, 2.4 faizi isə birgə müəssisələrin
payına düşür.
Bu dövrdə ləğv
edilmiş müəssisə və təşkilatların 78.5
faizi bələdiyyələr də daxil edilməklə
“Dövlət idarəetməsi və müdafiə, icbari
sosial təminat”, 4.3 faizi lİnformasiya və rabitə”, 3.6
faizi “Topdan və pərakəndə ticarət; avtomobillərin
və motosikletlərin təmiri”, 2.2 faizi “Digər sahələrdə
xidmətlərin göstərilməsi”, 1.8 faizi “Emal sənayesi”,
hər birində 1.7 faiz olmaqla “Tikinti” və “Peşə, elmi
və texniki fəaliyyət”, 1.6 faizi “Nəqliyyat və anbar təsərrüfatı”,
1.4 faizi “Elektrik enerjisi, qaz, buxar və
kondisiyalaşdırılmış hava ilə təchizat”, 1.0
faizi “Kənd təsərrüfatı, meşə təsərrüfatı
və balıqçılıq”, qalanları isə digər
bölmələrin payına düşür.
Ölkənin vergi
orqanlarının məlumatına görə, 2010-cu il yanvarın 1-i vəziyyətinə vergi
orqanlarında qeydiyyatdan keçmiş, hüquqi şəxs
yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul
olan fiziki şəxslərin sayı 273 minə
yaxınlaşmışdır.
Fərdi
sahibkarların çox hissəsi ticarət (42.4%), nəqliyyat
(21.0%), xidmət (10.4%) və kənd təsərrüfatı
(8.9%) sahələrində fəaliyyət göstərmişdir. Hüquqi
şəxs yaratmadan sahibkarlıqla məşğul olan fiziki
şəxslərin əsas hissəsi Bakıda (36.2%), Aran
(18.5%), Gəncə-Qazax (10.9%) və Abşeron (8.0%) iqtisadi
rayonlarında fəaliyyət göstərir.
Ölkədə torpaq
islahatının həyata keçirilməsi, torpağın
xüsusi mülkiyyətə verilməsi nəticəsində,
2010-cu il yanvarın 1-i vəziyyətinə Statistik vahidlərin
Dövlət registrinə daxil edilmiş ailələrin
sayı 850 mini keçmiş və ölkədə torpaq
payı alanların 98.0 faizini təşkil etmişdir.
2009-cu ildə ölkədə
73.6 min yeni, o cümlədən 54.5 min daimi iş yeri
açılmışdır. Ümumilikdə isə, 2003-cü
il oktyabrın 1-dən 2009-cu ilin sonunadək 839.9 min, o cümlədən
602.1 min daimi iş yerləri yaradılmışdır.
Azərbaycan
Respublikası Maliyyə Nazirliyinin məlumatlarına əsasən
2009-cu ildə dövlət büdcəsinə 10.3 milyard manat
vəsait daxil olmuş, büdcədən 10.6 milyard manat vəsait
xərclənmişdir. Büdcənin gəlirləri ilə xərcləri
arasında yaranmış 242.0 milyon manatlıq defisit ümumi
daxili məhsulun 0.7 faizinə bərabər olmuşdur.
2010-cu ilin
yanvar ayının 1-nə olan məlumatlara görə əhalinin
banklardakı əmanətləri əvvəlki ilin eyni
dövrü ilə müqayisədə 22.7 faiz artaraq 2.3
milyard manat təşkil etmişdir. Əmanətlərin
41.4 faizi və ya 965.6 milyon manatı milli valyuta şəklində
qoyulmuşdur. Özəl banklarda yerləşdirilmiş
əmanətlərin həcmi 1791.6 milyon manata çatmış,
onun əmanət qoyuluşlarının həcmində
payı isə 76.7 faizədək yüksəlmişdir.
Cari ilin yanvar
ayının 1-i vəziyyətinə iqtisadiyyatın maliyyə
sektoru tərəfindən hüquqi və fiziki şəxslərə
verilmiş kreditlərin məbləği 8.4 milyard manat təşkil
edərək əvvəlki ilin eyni dövrü ilə
müqayisədə 17.4 faiz və ya 1244.3 milyon manat
artmışdır. Kredit qoyuluşunun 46.5 faizi dövlət,
51.4 faizi özəl banklar, 2.1 faizi isə qeyri-bank kredit təşkilatları
tərəfindən həyata keçirilmişdir. Verilmiş kreditlərin 71.9 faizini uzunmüddətli
kreditlər təşkil etmiş, 3.6 faizinin isə ödənilmə
vaxtı keçmişdir.
Son illər Azərbaycan
Respublikasında bazar iqtisadiyyatının hərtərəfli
inkişafını təmin etmək üçün həyata
keçirilən tədbirlərlə yanaşı istehlak qiymətlərin
və xidmət tariflərin sərbəstləşdirilməsinə
də xüsusi diqqət yetirilmiş, azad rəqabət
üçün əlverişli şərait
yaradılmışdır. Bu tədbirlər nəticəsində
istehlak bölməsində qiymətlərin aşağı
düşməsinə nail olunmuş, inflyasiyanın artım
surəti kəskin azalmış və son 9 ildə, o cümlədən
ərzaq mallarının qiymətləri son 10 ildə ən
aşağı göstəricilərlə müşahidə
olunmuşdur. 2009-cu ildə əvvəlki ilə nisbətən
istehlak mallarının qiymətləri və xidmət tarifləri
1.5 faiz, qeyri-ərzaq mallarının qiymətləri 3.4 faiz,
xidmət tarifləri 7.1 faiz bahalaşmış, ərzaq məhsullarının
qiymətləri isə 1.5 faiz ucuzlaşmışdır.
Yanvar-dekabr aylarında ərzaq
məhsullarından “Ət məhsulları” qrupu məhsullarının
qiymətləri 2,1 faiz, “Yağ və piylər” qrupu 8,5 faiz,
“Tərəvəz” qrupu 0,1 faiz, “Çörək məmulatları
və yarmalar” qrupu məhsullarının qiymətləri 10,4
faiz ucuzlaşmış, “Süd məhsulları, pendir və
yumurta” qrupu 1,1 faiz, “Qəhvə, çay, kakao” qrupu 8,6 faiz,
“Meyvə” qrupu 1,0 faiz, “Qənd, cem, bal, şokolad və konfetlər”
qrupu 6,6 faiz, “Spirtli içkilər” qrupu 3,2 faiz, “Balıq məhsulları”
qrupu 4,2 faiz, “Pivə” qrupu 11,0 faiz, “Tütün məmulatları”
qrupu 3,2 faiz, “Mineral sular, sərinləşdirici içkilər,
şirələr” qrupu məhsullarının qiymətləri
isə 4,6 faiz bahalaşmışdır. Ümumilikdə isə
ərzaq məhsullarının qiymətləri əvvəlki
ilin müvafiq dövrü ilə müqayisədə 1,5 faiz ucuzlaşmışdır.
İl ərzində
“İnşaat materialları” qrupu mallarının qiymətləri
1,3 faiz, “Minik avtomobilləri” qrupu 0,9 faiz, “Telefon faksimil
cihazları” qrupu mallarının qiymətləri 0,9 faiz
ucuzlaşmış, “Parçalar” qrupu mallarının qiymətləri
3,2 faiz, “Geyim” qrupu 4,5 faiz, “Ayaqqabı” qrupu 5,3 faiz, “Mebel və
ev əşyaları” qrupu 3,9 faiz, “Xalça və digər
döşəmə örtükləri” qrupu 2,4 faiz,
“Kiçik elektrik cihazları” qrupu 6,8 faiz, “Ev
üçün toxuculuq məmulatları” qrupu 2,8 faiz, “Məişət
cihazları” qrupu 1,7 faiz, “Tibb təyinatlı digər məhsullar”
qrupu 7,9 faiz, “Dərmanlar” qrupu mallarının qiymətlərinin
13,3 faiz bahalaşması nəticəsində qeyri-ərzaq
mallarının qiymətləri əvvəlki ilin müvafiq
dövrü ilə müqayisədə 3,4 faiz yüksəlmişdir.
İl ərzində əhaliyə
göstərilən pullu xidmətlərdən
“Ayaqqabıların təmiri” qrupunun 5,4 faiz, “Təbii qaz”
qrupunun 50,0 faiz, “Məişət cihazlarının təmiri”
qrupunun 6,8 faiz, “Tibbi xidmət” qrupunun 10,6 faiz, “Stomotoloji xidmət”
qrupunun 10,7 faiz, “Avtomobillərin təmiri” qrupunun qiymət və
tarifləri 5,1 faiz bahalaşmışdır. Ümumilikdə
isə yanvar-dekabr aylarında əhaliyə göstərilən
pullu xidmətlərin qiymət və tarifləri əvvəlki
ilin müvafiq dövrünə nisbətən 7,1
faiz bahalaşmışdır.
2009-cu ildə
ölkə əhalisinin adambaşına gəlirləri əvvəlki
illə müqayisədə 6.7 faiz artaraq 2537.2 manata
çatmış və ayda orta hesabla 211.4 manat təşkil
etmişdir.
İl ərzində əhali tərəfindən əldə
edilmiş 22.4 milyard manatlıq gəlirin 66.2 faizi son istehlaka,
10.6 faizi vergilər, sosial sığorta və
könüllü üzvlük haqlarının ödənilməsinə
sərf edilmiş, 21.6 faizi isə yığıma yönəldilmişdir.
Vergilər, digər icbari ödəmələr
və könüllü üzvlük haqları ödənildikdən
sonra əhalinin sərəncamında 20.0 milyard manatlıq və
ya əvvəlki ildəkindən 8.7 faiz çox vəsait
qalmışdır.
2009-cu ilin yanvar-dekabr
aylarında ölkə iqtisadiyyatında muzdla
çalışan işçilərin orta aylıq əmək
haqqı əvvəlki ilə nisbətən 8.6 faiz artaraq 298.0
manata çatmış və inflyasiya səviyyəsini 7.0
faiz üstələmişdir.
Digər fəaliyyət
növləri ilə müqayisədə mədənçıxarma
sənayesində, maliyyə fəaliyyətində,
daşınmaz əmlakla əlaqədar əməliyyatlar, icarə
və istehlakçılara xidmət göstərilməsi və
tikinti sahələrində orta aylıq əmək haqqı
daha yüksək olmuşdur.
Ölkə əhalisinin maddi
rifahının getdikcə yaxşılaşması,
ünvanlı dövlət sosial yardımların davam etdirilməsi,
habelə dövlətin öz üzərinə
götürdüyü bütün sosial öhdəliklərin
yerinə yetirilməsi yoxsulluğun azalmasına öz təsirini
göstərmiş və ilkin məlumatlara görə 2009-cu
il ərzində yoxsulluğun səviyyəsi 2.2 faiz bəndi
azalaraq 11.0 faizə enmişdir.
Ölkə
iqtisadiyyatının bütün sahələrində
olduğu kimi, əhalinin pensiya təminatı sistemində də
islahatlar uğurla həyata keçirilir. Ötən il
“Əmək pensiyaları haqqında” Qanuna edilən əlavə
və dəyişikliklər pensiyaların məbləğinin
artımına, ayrı-ayrı sosial qruplar arasındakı
mövcud narazılığın aradan
qaldırılmasına və sosial ədalətin bərpa
olunmasına xidmət edir.
İlkin məlumatlara əsasən,
2010-cu ilin əvvəlinə ölkədə
pensiyaçıların sayı 1301 min nəfər olmuş və
onların ölkə iqtisadiyyatında məşğul olan əhalinin
hər 1000 nəfərinə düşən sayı 319 nəfər
təşkil etmişdir. Təyin olunmuş aylıq
pensiyaların orta məbləği ötən il
100 manatı ötub keçmiş və orta əmək
haqqının 34 faizini təşkil etmişdir.
Cari ilin əvvəlinə
663 min nəfər ünvanlı dövlət sosial
yardımı almış, bir nəfərə düşən
yardımın məbləği 25 manat olmuşdur. Ölkədə
294 min nəfər sosial müavinət, Azərbaycan
Respublikası qarşısında xüsusi xidmətlər
göstərmiş 33 min nəfər təqaüd
almışdır. 12 min şəhid ailəsi,
müharibə əlilləri, I və II qrup Çernobıl
AES əlilləri və müddətli hərbi xidmət
qulluqçularının 23 min uşağına müavinət
verilmişdir.
Ölkədə
səhiyyə sisteminin inkişafı, bu sahənin maddi-texniki
bazasının, kadr potensialının gücləndirilməsi
və infrastrukturun yeniləşdirilməsi istiqamətində
2009-cu ildə mühüm addımlar atılmış,
çoxsaylı tibb məntəqələri, müalicə-diaqnostika
mərkəzləri, uşaq xəstəxanaları, Talassemiya
və Respublika Perinatal Mərkəzləri istismara
verilmişdir.
İlkin məlumatlara görə,
2010-cu ilin əvvəlinə ölkədə 762 xəstəxana,
1707 ambulatoriya-poliklinika müəssisəsi, 914 qadın məsləhətxanası,
uşaq poliklinika və ambulatoriyaları fəaliyyət
göstərir. Bu müəssisələrdə
bütövlükdə 33 min həkim və 64 min orta tibb
işçisi çalışır, əhalinin hər 10 min
nəfərinə 37 həkim və 72 orta tibb işçisi
düşür.
Ötən il
ölkənin bütün bölgələrində ekoloji
tarazlığı bərpa etmək, neftlə çirklənmiş
əraziləri bərpa etmək, əhalinin təmiz suya və
təmiz havaya olan ehtiyacını ödəmək məqsədilə
bir sıra tədbirlər həyata keçirilmişdir.
Hövsan aerasiya stansiyası yenidən qurularaq genişləndirilmiş,
12 rayonun 122 kəndində 224 min nəfər əhalini təmiz
içməli su ilə təmin edən modul tipli təmizləyici
qurğular quraşdırılaraq istifadəyə
verilmişdir. Bakıda məişət
tullantıları zavodunun tikintisinə
başlanılmış, yaşıllaşdırma işləri
geniş vüsət almışdır.
Ətraf mühitin mühafizəsinə
xüsusi önəm verən Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyev 2010-cu ili
ölkəmizdə “Ekologiya ili” elan etmişdir.
Bioloji müxtəlifliyin
qorunub saxlanması məqsədilə xüsusi mühafizə
olunan təbiət ərazilərinin inkişaf etdirilməsi,
yeni milli parkların, dövlət təbiət
qoruqlarının yaradılması, mövcud qoruq ərazilərinin
genişləndirilməsi kimi tədbirlər həyata
keçirilir.
2010-cu ilin əvvəlinə ölkədə ümumi sahəsi
218,3 min hektar olan 11 dövlət qoruğu
və 295,9 min hektar olan 8 milli park mövcud olmuşdur.
2009-cu ildə Ekologiya və
Təbii Sərvətlər Nazirliyinin monitorinq xidmətləri
tərəfindən 1302 müəssisədə müayinə
aparılmış və nəticədə su hövzələrinin
çirkləndirilməsi üzrə tədqiq olunmuş hər
üç müəssisədən birində və atmosfer
havasının çirkləndirilməsi üzrə
müayinə edilmiş hər beş müəssisədən
birində atılan tullantıların icazə verilən həddən
artıq olması qeydə alınmışdır.
Ötən il təbiəti
mühafizə qanunvericiliyini pozduğuna görə 885 nəfər
vəzifəli şəxs və vətəndaş inzibati məsuliyyətə
cəlb olunmuş, onlardan tutulan cərimələrin məbləği
1,4 milyon manat təşkil etmişdir.
Bundan başqa, 614 müəssisəyə qarşı iddia
qaldırılmış, bu iddialara əsasən 78,1 min manat həcmində cərimə
tutulmuşdur.
Təhsil
sisteminin maddi-texniki bazasının möhkəmləndirilməsi
və təhsildə aparılan islahatlar nəticəsində
nəzərəçarpacaq müsbət dəyişikliklər
baş vermiş, təhsilin səviyyəsinin beynəlxalq
standartlara uyğunlaşdırılması istiqamətində
məqsədyönlu işlər həyata keçirilməkdədir.
2009-cu il
iyunun 19-da vətəndaşların təhsil hüququnun təmin
edilməsi sahəsində dövlət siyasətinin əsas
prinsiplərini və təhsil fəaliyyətinin tənzimlənməsinin
ümumi şərtlərini müəyyən edən “Təhsil
haqqında” Qanun qəbul olunmuşdur.
Təhsil sistemində
aparılan islahatlar nəticəsində əhalinin təhsil səviyyəsi
artır və bu gün 15 və yuxarı yaşda olan əhalinin
hər 1000 nəfərindən 766-sı ali və tam orta təhsilə
malikdir. 15 və yuxarı yaşda olan əhalinin savadlılıq
səviyyəsi 99,6 faizə
çatmışdır.
Cari ilin əvvəlinə
ölkədə fəaliyyət göstərən 1607
dövlət və 5 qeyri-dövlət məktəbəqədər
təhsil müəssisəsində 103 min uşaq və ya
müvafiq yaşda olan uşaqların 14,9 faizi tərbiyə
alır. Məktəbəqədər təhsil
müəssisələrinin 96 faizi Təhsil Nazirliyinin sisteminə
daxildir və onların 23 faizi Bakı şəhərində
yerləşir.
2009-2010-cu tədris ilinin əvvəlinə
ölkənin 4503 dövlət və 17 qeyri-dövlət əyani
ümumi təhsil müəssisələrində 1,4 milyon
şagird təhsil almışdır. Bundan əlavə,
sağlamlıq imkanları məhdud olan 6483 uşağın
təhsil aldığı 19 xüsusi məktəb və ya
ümumi təhsil müəssisələrində xüsusi
siniflər fəaliyyət göstərmişdir.
Dövlət
orta ümumi təhsil müəssisələrinin ümumi
sayında lisey və gimnaziyalar şəbəkəsinin
inkişafı davam edir. 2009/2010-cu tədris ilinin əvvəlinə
şagirdlərinin sayı 44 min nəfərdən artıq
olan 73 dövlət liseyi və gimnaziyası fəaliyyət
göstərmişdir.
Dövlət
müəssisələrinin ümumi sayında məcburi
köçkün uşaqlar üçün 644 əyani
ümumi təhsil müəssisəsi fəaliyyət göstərir
və burada 79 min nəfər şagird təhsil alır.
2009-cu ildə əyani
ümumi təhsil müəssisələrini bitirən 108 min
nəfər məzundan 84 min nəfəri və ya 78 faizi tam
orta təhsil haqqında attestat almışdır.
Dövlət Statistika Komitəsi
tərəfindən cari il sentyabr ayının 22-si vəziyyətinə
ölkədə fəaliyyət göstərən dövlət
əyani ümumtəhsil məktəblərində
keçirilmiş statistik müayinənin nəticələrinə
görə, məktəblərin 83 faizi, o cümlədən
şəhər yerlərində 92 faizi, kənd yerlərində
isə 79 faizi kompyuterlərlə təmin olunmuşdur. Əvvəlki
illə müqayisədə kompyuterlərin sayı 1,8 min ədəd və ya 5 faiz artaraq 38,5 minə
çatmış, orta hesabla hər 35 şagirdə bir
kompyuter düşür. Elektron poçtu və
internetə çıxışı olan məktəblərin
sayı da əhəmiyyətli dərəcədə
artmışdır. Cari tədris ilinin əvvəlinə
394 şəhər, 317 kənd məktəbinin internetə
çıxışı, 164 şəhər, 208 kənd məktəbinin
isə elektron poçtu olmuşdur.
Müayinə
ilə əhatə edilmiş məktəblərdə cari tədris
ilinin əvvəlinə bütün sinif otaqlarında istilik
sistemi mövcud olmuş, onların 8 faizi mərkəzləşdirilmiş
istilik sistemindən, qalanları isə fərdi istilik sistemindən
təchiz olunur. Fərdi istilik sisteminə malik olan məktəblər
şəhər yerləri üzrə 73 faiz, kənd yerləri
üzrə 99 faiz olmuşdur. Şəhər təhsil
müəssisələrinin 52 faizi qazdan, 26 faizi bərk
yanacaqdan, 22 faizi maye yanacaqdan, kənd təhsil müəssisələrinin
69 faizi bərk yanacaqdan və 24 faizi maye yanacaqdan istifadə
edir. Şəhər məktəblərinin 20
faizi, kənd məktəblərinin isə 3 faizi siniflərin
qızdırılması üçün elektrik
qızdırıcılarından istifadə edir.
Hazırda Azərbaycanda 53
min tələbənin orta ixtisas təhsili aldığı 58
dövlət və 4 qeyri-dövlət orta ixtisas müəssisəsi
və 138 min nəfər tələbənin təhsil
aldığı 37 dövlət və 16 qeyri-dövlət ali
təhsil müəssisələri fəaliyyət göstərir.
2009-cu ildə ölkənin
ali təhsil müəssisələrinə 29,7
min və ya əvvəlki ildəkindən 1,0 min nəfər,
yaxud 3 faiz çox tələbə qəbul olunmuşdur.
Azərbaycan
Respublikasının Tələbə Qəbulu üzrə
Dövlət Komissiyasının məlumatlarına görə,
2009-cu ildə ali məktəblərə
2008-ci ildəkindən 3645 nəfər az və ya 112875
abituriyent ərizə vermişdir. Müsabiqədə
100 yerə orta hesabla 389 ərizə daxil olmuşdur.
Müsabiqəyə görə 1 yerə təxminən 5 nəfər
düşən tibb, kimya, biologiya və idman ixtisaslarına
son illər maraq xeyli artmış, ənənəvi olaraq
riyaziyyat, fizika, mühəndislik, memarlıq və dizayn
ixtisasları üzrə də müsabiqənin yüksək
olması qeydə alınmışdır. Humanitar, beynəlxalq
münasibətlər, psixologiya, pedaqogika, incəsənət
və musiqi ixtisaslarına 1 yerə orta hesabla 4 nəfər,
iqtisadiyyat, idarəetmə, sosiologiya və coğrafiya
ixtisaslarına isə 1 yerə orta hesabla 3 nəfər
düşmüşdür.
Hazırda dövlət ali təhsil müəssisələrinin əyani
şöbələrində oxuyan tələbələrin 42
faizi təqaüd alır. Tələbələrin
aldığı təqaüdün orta məbləği
bakalavr səviyyəsi üzrə 55 manat, magistratura səviyyəsi
üzrə 60 manat, əlacılığa görə
müvafiq olaraq 70 və 75 manat olmuşdur.
Ölkənin ali
təhsil müəssisələrində Azərbaycan vətəndaşları
ilə yanaşı 42 xarici ölkənin 5285 nəfər vətəndaşı
da təhsil alır. Əcnəbi tələbələrin
sırasında Türkiyə, İran, Rusiya, Çin Xalq
Respublikası, Türkmənistan və İraq vətəndaşları
üstünlük təşkil edirlər.
Əvvəlki illə
müqayisədə 2009-2010-cu tədris ilinin əvvəlinə
xarici ölkələrdə dövlət xətti ilə təhsil
alan tələbələrin sayı 25 faiz
artaraq, 2081 nəfər təşkil etmişdir. Xaricdə təhsil
alan gənclərin 57 faizi Bakı, 43 faizi
isə Azərbaycanın müxtəlif regionlarında yerləşən
məktəblərin məzunlarıdır. Tələbələrin
əsas hissəsi Türkiyə və Rusiyada təhsil
alır.
Ötən il Azərbaycan
Respublikasının Prezidenti elmin inkişafında yeni mərhələyə
start verilməsi üçün “Azərbaycanda 2009-2015-ci illərdə
elmin inkişafı üzrə Milli Strategiya” və bu
strategiyanın həyata keçirilməsi ilə bağlı
Dövlət Proqramını təsdiq etmişdir.
Cari ilin əvvəlinə Azərbaycanda
146 elmi təşkilat və müəssisə, o cumlədən
97 elmi-tədqiqat təşkilatı, 35 ali məktəb, 8 elm
və elmi xidmət sahəsinin sair təşkilatları və
6 konstruktor təşkilatı fəaliyyət göstərir. Bu elm ocaqlarında elmi tədqiqat və işləmələrlə
18 min mütəxəssis məşğul olur, onların da 62
faizi tədqiqatçılardır. Mütəxəssislərin
hər dörd nəfərindən birinin elmlər doktoru və
elmlər namizədi alimlik dərəcəsi vardır.
Bundan əlavə, elmi-tədqiqat
bölmələrində ştatda olmayan və ali
məktəblərdə çalışan 12 min nəfər
elmi pedaqoji işçi elmi-tədqiqat bölmələrində
tədqiqat və işləmələri yerinə yetirirlər.
Onların da yarıdan çoxu elmlər doktoru
və elmlər namizədi alimlik dərəcəsinə
malikdirlər.
2010-cu ilin əvvəlinə
Azərbaycan Milli Elmlər Akademiyasında 62 akademik və 111
müxbir üzv çalışır.
Azərbaycan
dövləti digər sahələrdə olduğu kimi, mədəniyyətin
inkişafı sahəsində də uğurlu addımlar
atır və milli mədəniyyətin inkişafını
dövlət siyasətinin prioritet məsələlərindən
biri hesab edir.
Bu istiqamətdə bir
çox dövlət proqramları, o cümlədən Azərbaycan
Respublikası Prezidentinin 6 oktyabr 2008-ci il
tarixli, 3072 nömrəli Sərəncamı ilə təsdiq
olunmuş “Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin
2008-2013-cü illərdə inkişafı üzrə Dövlət
Proqramı” qəbul edilmişdir. Bu proqrama uyğun olaraq, Azərbaycan
Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən
cari il sentyabr ayının 1-i vəziyyətinə
“Kitabxanaların fəaliyyəti haqqında” statistik müayinə
keçirilmiş və müayinə ilə kütləvi,
uşaq, gənclər, elmi, elmi-texniki, digər
ixtisaslaşdırılmış, həmçinin müəssisələrin
nəzdində olan 8507 kitabxana əhatə olunmuşdur.
Kitabxanaların 111,0 milyon
nüsxədən ibarət olan fondunun 80,5 faizini kitablar, 5,4
faizini qəzet və jurnallar, 14,1 faizini isə digər
materiallar təşkil edir və onların 72,8 faizi şəhər,
27,2 faizi isə kənd yerlərində fəaliyyət
göstərən kitabxanaların payına düşür.
Kitabxana fondunun 34,6 faizi
ümumtəhsil məktəblərində, 32,0 faizi Mədəniyyət
və Turizm Nazirliyinin nəzdində olan kitabxanalarda, 21,4 faizi
elmi və elmi-texniki kitabxanalarda, 12,0 faizi isə digər
müəssisə və təşkilatların
kitabxanalarındadır.
Kitabxanalarda olan fondun 65,5 faizi azərbaycan, 31,1 faizi rus, 2 faizi ingilis,
1,4 faizi digər dillərdədir. Azərbaycan dilində olan
ümumi fondun 71,9 faizi latın əlifbasındadır,
şəhər yerlərində latın qrafikasında olan
fondun xüsusi çəkisi 81,6 faiz, kənd yerlərində
56,8 faiz təşkil edir.
İnternet vasitəsilə
elektron kitabxanalara edilən müraciətlər kitabxanalara
olunan ümumi müraciətlərin cəmi 2,0
faizini təşkil etmişdir.
Bu gün Azərbaycanda 2751
klub müəssisəsi, 205 muzey, 31 peşəkar teatr, 4
filarmoniya, 6 musiqi kollektivi və 2 konsert zalı əhaliyə
xidmət göstərir.
2009-cu ildə muzeylərə
gələnlərin sayı 1,4 milyon nəfər,
teatrlara gələnlərin sayı 0,6 milyon nəfər
olmuşdur. Teatrlarda repertuar müntəzəm
olaraq təzələnir və tamaşalar azərbaycan dili ilə
yanaşı, rus və ləzgi dillərində də göstərilir.
Ölkədə
tarix və mədəniyyət abidələrinin qorunub
saxlanması və mühafizəsinə xüsusi diqqət
yetirilir, hazırda Azərbaycanda dövlət əhəmiyyətli
qoruqların sayı 27-yə çatmışdır.
2009-cu il
iyunun 30-da Azərbaycan Respublikası Prezidenti tərəfindən
“Bədən tərbiyəsi və idman haqqında” Qanunun
imzalanması ölkədə bədən tərbiyəsi və
idmanın inkişafı üçün daha geniş imkanlar
yaratmışdır.
Ölkənin
müxtəlif bölgələrində yeni idman
qurğuları tikilib istifadəyə verilir, mövcud idman
qurğuları, stadionlar və digər idman
meydançaları təmir edilir, günün tələblərinə
uyğun olaraq yenidən qurulur. 2009-cu ildə daha beş
Olimpiya İdman Kompleksi tikilib istifadəyə verilmiş və
bu komplekslərin ümumi sayı 24-ə
çatmışdır.
İlkin məlumatlara
əsasən, 2010-cu ilin əvvəlinə ölkədə
idman qurğularının sayı 9802, idmanla məşğul
olanların sayı isə 546 min nəfərə
çatmışdır. İdman
seksiyalarında məşğul olanların sayı da müntəzəm
olaraq artır. Əhali arasında daha
çox futbol, voleybol, şahmat, yüngül atletika, basketbol,
dama və sərbəst güləş kimi idman növlərinə
maraq göstərilir.
Ötən il bütün
beynəlxalq yarışlarda idmançılarımız tərəfindən
619, o cümlədən 249 qızıl, 176 gümüş,
194 bürünc medal qazanılmışdır ki, onlardan da
174-ü olimpiya idman növləri üzrə olan
medallardır.
Azərbaycan
Respublikası Daxili İşlər Nazirliyinin məlumatlarına
əsasən, 2009-cu ildə ölkədə 22830 və ya əhalinin
hər 100 min nəfərinə hesabı ilə 259 cinayət
hadisəsi qeydə alınmışdır. Cinayətlərin 88,3 faizi
az ağır və böyük ictimai təhlükə
törətməyən cinayətlərə aiddir, 35,2 faizi
şəxsiyyət əleyhinə, 30,6 faizi ictimai təhlükəsizlik
və ictimai qayda əleyhinə, 28,9 faizi iqtisadi sahədə
törədilmişdir.
Qeydə alınmış
cinayətlərin 236-sı qəsdən adam
öldürmə və adam öldürməyə cəhd,
239-u qəsdən sağlamlığa ağır zərər
vurma, 19-u adam oğurluğu (onlardan 10-u evlənmək məqsədilə
qadın oğurluğu) cinayətlərinə aiddir. 472 cinayət hadisəsi xarici ölkələrin
(onların 219-u MDB ölkələrinin) vətəndaşları
tərəfindən törədilmişdir.
Ötən il narkotiklər və
güclü təsiredici vasitələrin qanunsuz dövriyyəsi
ilə bağlı 3160 cinayət hadisəsi qeydə
alınmış və onların 39,2 faizi
satış məqsədi ilə törədilmişdir.
2009-cu ildə
qeydə alınmış cinayətlərin əməliyyat
istintaq tədbirləri nəticəsində 17180-i
açılmışdır. Açılmış cinayətlərin
2286-sı əvvəllər cinayət törətmiş
şəxslər, 2089-u bir qrup şəxs, 707-si sərxoş
vəziyyətində olan şəxslər, 381-i 18
yaşına qədər olan uşaqlar tərəfindən və
ya onların iştirakı ilə, 370-i isə narkomanlar və
ya narkotik vasitə təsiri altında olan şəxslər tərəfindən
törədilmişdir.
Ötən il ərzində
aşkarlanmış 19417 nəfər hüquqpozucunun 78,4 faizi cinayət məsuliyyətinə cəlb
edilmişdir. Aşkar olunmuş hüquqpozuçuların 82,3
faizi əmək qabiliyyətli yaşda olub, heç bir yerdə
oxumayan və işləməyənlər, 9,5 faizi əvvəllər
cinayət törətmiş şəxslər, 4 faizi sərxoş
vəziyyətində olan şəxslər, 13,7 faizi
qadınlardır.
Törədilmiş
cinayətlər nəticəsində 11851 nəfər zərər
çəkmiş, 1235 nəfər həlak olmuşdur. Zərərçəkənlərin
55,7 faizi kişi, 44,3 faizi isə
qadınlardır.
2009-cu ildə
ölkənin avtomobil yollarında 2792 yol-nəqliyyat hadisəsi
qeydə alınmışdır. Yol-nəqliyyat hadisələrinin
sayı ötən illə müqayisədə 6,0 faiz
azalmış, baş vermiş qəzalar nəticəsində
3974 şəxs zərər çəkmiş, onların 23,4
faizi həlak olmuş, 76,6 faizi isə müxtəlif dərəcəli
bədən xəsarəti alaraq yaralanmışdır. Yol-nəqliyyat
hadisələrinin sayının azalması ilə
yanaşı, həlak olanların sayı da 122 nəfər
azalaraq 930 nəfər, yaralananların sayı isə 188 nəfər
azalaraq 3044 nəfər olmuşdur. Qəzalar nəticəsində
zərər çəkənlərin hər dörd nəfərindən
biri qadın olmuşdur.
İlkin məlumatlara görə
2010-cu ilin əvvəlinə Azərbaycan Respublikasının əhalisinin
sayı 8997 min nəfərə çatmış və ötən
il ərzində 100 min nəfər və yaxud 1,1 faiz
artmışdır. Cari ilin yanvar ayının
15-də isə 9 milyonuncu Azərbaycan sakini dünyaya gəlmişdir.
Əhalinin 54,2 faizi şəhər, 45,8 faizi isə kənd
yerlərində yaşayır, kişilər 49 faiz,
qadınlar 51 faiz təşkil edir və hər 1000 kişiyə
1041 qadın düşür.
Əhalinin 23 faizi 0-14
yaşda, 70 faizi 15-64 yaşda, 7 faizi isə 65 və yuxarı
yaşda olanlardır, ölkə əhalisinin 31,2 faizini 14-29
yaşda olan gənclər təşkil edir.
Hesablamalara görə, əhalinin
orta yaşı 32, doğulan körpələr
üçün gözlənilən ömür uzunluğu
72,7 yaş, o cümlədən oğlanlar üçün 70
yaş, qızlar üçün 75,4 yaş təşkil
edir.
2009-cu il ərzində Azərbaycanda
152,2 min və ya əhalinin hər 1000 nəfərinə
17,3 körpə doğulmuş və orta hesabla bir qadına
bütün ömrü boyu 2,3 doğulmuş uşaq
düşür. Doğulanların 54,1
faizi oğlanlar, 45,9 faizi isə qızlardır. Körpələrin 1710-u əkiz, 33-ü isə
üçəmdir. Doğulan oğlan uşaqlara ən
çox Əli, Məhəmməd, Hüseyn, Murad, Nihad və
Kənan, qızlara isə Fatimə, Zəhra, Fidan, Nuray, Nərmin
və Aysu adları verilmişdir.
Ötən il ölkədə
52,0 min ölüm halı qeydə alınmış, 2008-ci
illə müqayisədə əhalinin hər 1000 nəfərinə
hesabı ilə ölənlərin sayı 6,0-dan 5,9-a qədər
azalmışdır.
2009-cu ildə Azərbaycanda
78,9 min nikah və 7,8 min boşanma
halları qeydə alınmışdır. 2008-ci illə
müqayisədə əhalinin hər 1000 nəfərinə
hesabı ilə nikahların sayı 9,2-dən
8,9-a qədər azalmış, boşanmaların sayı isə
eyni səviyyədə qalmışdır. Birinci
nikaha daxil olanların orta yaş həddi kişilər
arasında 27, qadınlar arasında isə 23 yaş təşkil
etmişdir.
2009-cu ildə Daxili
İşlər Nazirliyinin pasport xidmətləri tərəfindən
Azərbaycana daimi yaşamaq üçün 1,8
min nəfər gələn və 1,5 min nəfər ölkədən
gedən qeydə alınmışdır. Gələnlərin
69,3 faizi, gedənlərin isə 73,4 faizi
Rusiya Federasiyasının payına düşür.
Dövlət Statistika Komitəsi
Xalq qəzeti.- 2010.- 19 fevral.- S. 6-7.