Milli maraqlara əsaslanan xarici siyasət xətti

 

2009-cu ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə diplomatiya sahəsində mühüm nailiyyətlər qazanan Azərbaycan beynəlxalq mövqelərini daha da gücləndirmişdir

 

(əvvəli ötən saylarımızda)

 

Beləliklə, Azərbaycan regionun nadir ölkələrindən biridir ki, çətin geosiyasi mühitdə müstəqil xarici siyasət yürüdür və xarici siyasət strategiyasını özünün milli məqsədləri üzərində qurur. Dövlətçiliyin, müstəqilliyin, ərazi bütövlüyünün və suverenliyin, milli təhlükəsizliyin qorunması, beynəlxalq aləmə çoxşaxəli inteqrasiyanın təmin olunması, iqtisadi və geostrateji maraqların ödənməsi, vətəndaşların firavan, təhlükəsiz yaşayışının təmin olunması 2009-cu ildə həyata keçirilən xarici siyasətdə dominantlıq təşkil etmişdir. Rəsmi Bakının yeritdiyi praqmatik, çevik, milli maraqların prioritetliyinə əsaslanan diplomatiya Azərbaycanı bütövlükdə dünyada strateji önəmi birmənalı etiraf olunan dövlətə çevirmişdir.

Bu gün Azərbaycan istər qonşu, istərsə də yaxın və uzaq ölkələrlə dostluq və strateji tərəfdaşlıq çərçivəsində münasibətlərini müvəffəqiyyətlə inkişaf etdirir. Azərbaycanın həyata keçirdiyi balanslaşdırılmış və çoxşaxəli praqmatik xarici siyasət xətti nəinki ölkəmizin beynəlxalq aləmdə mövqeyini möhkəmləndirmiş, həmçinin milli təhlükəsizliyini gücləndirmişdir. Bununla yanaşı, Azərbaycanın geosiyasi rəqabət meydanına çevrilməsinin qarşısı alınmışdır. Strateji baxımdan əlaqələri genişlənən Azərbaycanın dünya geosiyasi məkanına siyasi, iqtisadi inteqrasiyası üçün də geniş imkanlar açılmışdır. Avropa və Asiyanın qovuşuğunda yerləşən mühüm geostrateji məkan kimi Azərbaycan regionda sülhün və sabitliyin təmin olunması üçün dayaq nöqtəsi kimi ən perspektivli tərəfdaş hesab edilir. Ölkəmiz bütün regional məsələlərdə əsas oyunçudur və regiondakı strateji əhəmiyyətli heç bir layihə Azərbaycansız gerçəkləşə bilməz. Dünya şöhrətli siyasətşünas Zbiqnev Bjezinski özünün “Böyük şahmat lövhəsi: Amerikanın üstünlüyü və onun geostrateji zəruriliyi” adlı kitabında Azərbaycanın geosiyasi cəhətdən ən mühüm dövlətlər sırasında yer aldığını xüsusi olaraq vurğulayır. Z.Bjezinski Mərkəzi Asiyanın enerji ehtiyatlarının Avropa bazarlarına alternativ yolla çatdırılmasında əsas tranzit ölkə kimi məhz Azərbaycanı göstərir və bununla da onun geosiyasi çəkisinin daha böyük olduğunu qeyd edir. Bu baxımdan Azərbaycanın Qafqaz-Xəzər regionunda tutduğu coğrafi mövqeyinə görə onun “darvaza ölkəsinə” (S.Koen), Avropanı Mərkəzi Asiya və Uzaq Şərq ilə birləşdirən nəhəng kommunikasiya körpüsünə çevrilməsi perspektivləri kifayət qədər realdır. Nəhəng qitələrarası kommunikasiya layihələri (Böyük İpək Yolu, Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi (TRASECA), Şimal-Cənub nəqliyyat dəhlizi və b.) ilk növbədə bu məqsədə xidmət edir. Digər tərəfdən, Azərbaycanın iştirakı olmadan həmin layihələrin həyata keçirilməsini təsəvvür etmək çətindir.

Azərbaycanın Avropa ilə əlaqələri artıq xüsusi əhəmiyyət kəsb etməyə başlamışdır. Ölkəmiz Avropa təhlükəsizlik arxitekturasının etibarlı tərəfdaşı kimi qitənin enerji təhlükəsizliyinin təmin olunmasında vacib rol oynayır. Azərbaycan bu gün dünyanın və dünya siyasətinin mərkəzinə çevrilmiş Avropanın ən mühüm istiqamətlər üzrə tərəfdaşı kimi tanınır. Avropa İttifaqı ilə əlaqələrin inkişaf etdirilməsi dövlətimizin xarici siyasətinin üstün istiqamətlərindən biridir. Azərbaycan ilə Avropa İttifaqı arasında 1996-cı ildə imzalanmış və 1999-cu ildə qüvvəyə minmiş Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi ölkəmizin bu nüfuzlu qurumla münasibətlərinin hüquqi bazasını təşkil etmişdir. 2004-cü ildə Azərbaycanın Avropa İttifaqı tərəfindən “Yeni qonşuluq siyasəti”nə daxil edilməsi qarşılıqlı iqtisadi inteqrasiyanın və siyasi əməkdaşlığın daha da genişlənməsinə təkan vermişdir. 2006-cı ildə “Yeni qonşuluq siyasəti” çərçivəsində ikitərəfli fəaliyyət planı imzalanmış və əməkdaşlığın əsas istiqamətləri müəyyənləşdirilmişdir. Azərbaycan ilə Avropa İttifaqı arasında imzalanmış “Enerji sahəsində Strateji Tərəfdaşlıq haqqında” Anlaşma Memorandumu da birgə fəaliyyət üçün yeni imkanlar açır. 2009-cu ilin may ayından Azərbaycan Avropa İttifaqı ilə “Şərq tərəfdaşlığı” proqramı çərçivəsində də əməkdaşlıq etməyə başlamışdır ki, həmin proqram Avropa İttifaqı ilə assosiasiya haqqında yeni saziş, azad ticarət haqqında hərtərəfli saziş, Aİ ölkələrinə gediş-gəlişi sadələşdirə biləcək mobillik və təhlükəsizlik haqqında müqavilələrin bağlanmasını, eləcə də əmək bazarının imkanlarının öyrənilməsi, Avropa İttifaqının və onun Şərq tərəfdaşlarının enerji təhlükəsizliyinin gücləndirilməsi məsələlərini nəzərdə tutur.

Azərbaycan strateji tərəfdaşı olan ABŞ ilə qlobal problemlərə və təhlükələrə qarşı mübarizə aparmaq məqsədi ilə uğurlu əməkdaşlığı davam etdirir. Ölkəmiz Birləşmiş Ştatların rəhbərlik etdiyi antiterror koalisiyasının üzvüdür, beynəlxalq birliyin terrorizmə qarşı mübarizəsini hərtərəfli şəkildə dəstəkləyir və bu istiqamətdə bir sıra əhəmiyyətli addımlar atır. Azərbaycan ABŞ-la, habelə iqtisadi, enerji təhlükəsizliyi və demokratik inkişafın təşviqi sahələrində də əməkdaşlığın genişləndirilməsi istiqamətində fəal iş aparır. ABŞ-ın nüfuzlu nəşrlərindən olan “The Washington Times” qəzetində dərc edilmiş məqalədə deyilir: “Azərbaycanda Amerika şirkətlərinin fəaliyyəti üçün şərait var (GE şirkəti tərəfindən hazırlanan turbinlər ”Azərenerji" dövlət müəssisəsi üçün elektrik enerjisi istehsal edir, “Exxon” və “Şevron” şirkətləri isə ARDNŞ ilə birlikdə nəhəng neft və qaz yataqlarının işlənməsində iştirak edirlər).

...Xəzər dənizindəki neft və təbii qaz yataqlarında kəşfiyyat, hasilat və bu məhsulların dünya bazarlarına çatdırılması Bakı və Vaşinqtonun ümumi məqsədidir.

... indi Azərbaycan Vaşinqtonun Avropaya qaz ixracını şaxələndirmək və təbii qazın nəql edilməsi marşrutlarının Rusiya sərhədlərindən uzaqlaşdırmaq cəhdlərinin əsas elementidir. Özünün bəzi qonşularından fərqli olaraq Azərbaycan ölkədə iqtisadi və siyasi sabitliyin bərqərar olması və məsuliyyətli rəhbərliyi ilə fəxr edə bilər. Bu, Azərbaycanın iri yataqlarında hasil edilən təbii qazı Avropaya nəql etmək üçün nəzərdə tutulan Nabukko strateji boru kəmərinə dair planları həyata keçirməkdə bu ölkəyə güvənməyə imkan verir.

Vaşinqton Azərbaycan ilə infrastruktur və enerji sahələrində əlaqələrlə yanaşı Amerikanın İraqda, Əfqanıstanda və Kosovoda həyata keçirdiyi əməliyyatlarda Azərbaycanın onu dəstəkləyəcəyinə ümid edir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev 2001-ci il 11 sentyabr hadisələrindən sonra Amerikanın dünyada terrorizmə qarşı mübarizəsində ona dərhal kömək təklif etmiş, əsgərlərinin Əfqanıstana və İraqa göndərilməsinə razılıq vermişdir".

Rusiya Federasiyası ilə ölkəmizin əlaqələri dinamik şəkildə inkişaf edir və münasibətlərimiz strateji tərəfdaşlıq xarakteri daşıyır. Rusiya ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsi Azərbaycanın xarici siyasətinin prioritet istiqamətidir. Müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə əməkdaşlığımız daim genişlənir. Azərbaycan Rusiyanın bölgədə əsas iqtisadi və siyasi tərəfdaşıdır.

Azərbaycan MDB-nin üzvü olan digər ölkələrlə də siyasi, iqtisadi, ticarət və mədəni əlaqələrini xeyli inkişaf etdirmişdir. Həmin ölkələrlə həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığımız məhsuldar və faydalı olmuşdur.

Azərbaycanın etibarlı strateji tərəfdaşı olan Türkiyə ilə münasibətlərin möhkəmləndirilib daha da genişləndirilməsi ölkəmizin xarici siyasətinin çox mühüm tərkib hissəsidir. Hər iki ölkənin dövlət başçılarının qarşılıqlı səfərləri ikitərəfli siyasi, iqtisadi əməkdaşlığın inkişafında əhəmiyyətli rol oynamışdır. Ölkələrimiz arasında strateji tərəfdaşlıq münasibətləri mövcuddur, bütün sahələrdə əlaqələr uğurla inkişaf edir. Türkiyə beynəlxalq aləmdə Azərbaycanın fəal tərəfdarı kimi çıxış edir, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli üçün Azərbaycanın göstərdiyi səyləri dəstəkləyir. Türkiyə və Azərbaycan regional əməkdaşlıq prosesinin fəal və söz sahibi olan iştirakçılarıdır. Hər iki ölkə özünün iqtisadi-enerji imkanlarından və geosiyasi mövqeyindən ikitərəfli və regional əməkdaşlığın genişlənməsi naminə səmərəli istifadə edir. Azərbaycan və Türkiyə arasında strateji tərəfdaşlıq və dərinləşən əməkdaşlıq regionda sabitliyin göstəricisinə çevrilmişdir.

Ölkəmiz İranla mütərəqqi və gələcəyə istiqamətlənmiş dialoq aparır və İran dövləti ilə xalqlarımızın mənafeyinə cavab verən mehriban qonşuluq, qarşılıqlı faydalı əməkdaşlıq prinsipləri əsasında ikitərəfli siyasi, iqtisadi, mədəni münasibətlərin inkişafına müvəffəq olmuşdur. Hər iki dövlətin mühüm coğrafi mövqedə yerləşməsi və zəngin iqtisadi potensiala malik olması mövcud əməkdaşlığı daha da genişləndirmiş, iqtisadi əlaqələrin sürətlə inkişafına, əmtəə dövriyyəsinin həcminin ildən-ilə artmasına gətirib çıxarmışdır. İran Azərbaycanın ixrac-idxal əməliyyatları apardığı əsas dövlətlərdən biridir.

Azərbaycan İslam aləminin tərkib hissəsi olaraq müsəlman dünyası ilə sıx əməkdaşlığı inkişaf etdirir. Şərq ilə Qərb, xristian dünyası ilə islam aləminin qovuşuğunda yerləşərək nadir coğrafi mövqeyi, tolerantlığı, sülh ənənələri və etnik rəngarəngliyi ilə seçilən Azərbaycan mədəniyyətlər və sivilizasiyalar arasında təbii körpüyə çevrilmişdir.

Azərbaycan Xəzər dənizi ilə Avropa regionu arasında körpü yaratmaq məqsədi ilə Mərkəzi Asiya dövlətləri ilə münasibətlərini inkişaf etdirir. Orta Şərq və Asiya ölkələri ilə əlaqələr yeni siyasi güc mərkəzləri ilə və sürətlə artan iqtisadiyyatlara malik regionlarla iqtisadi, telekommunikasiya və digər sahələrdə qarşılıqlı faydalı əməkdaşlıq üçün perspektivlər açır.

Azərbaycan regional əməkdaşlığı regionda sülhün və sabitliyin qorunub saxlanılması üçün mühüm amil hesab edir və yuxarıda qeyd edilmiş səbəblərə görə Ermənistan istisna olmaqla bütün yaxın qonşuları ilə qarşılıqlı faydalı dostluq münasibətləri qurmuşdur. Qonşu dövlətlərlə əlaqələrin daha da inkişafı həllini gözləyən regional problemlərin qarşılıqlı surətdə qəbul olunan şəkildə nizamlanması variantının tapılmasına imkan yaradacaqdır.

Dünyanın ən böyük dövlətlərindən biri və BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan Çin, həmçinin nəhəng intellektual potensiala malik Yaponiya Azərbaycanın siyasi və iqtisadi tərəfdaşına çevrilmişdir ki, bu da xarici siyasətimizin şəksiz uğurlarıdır. Azərbaycanla İsrail dövləti arasında da siyasi, iqtisadi əlaqələr genişlənməkdədir.

Azərbaycan Respublikası ölkəmizdə ümumbəşəri dəyərlərin bərqərar edilməsi işində nüfuzlu beynəlxalq təşkilatlar ilə əməkdaşlığa böyük əhəmiyyət verir. Ötən dövrdə beynəlxalq təşkilatlarda Azərbaycanın nüfuzu artmış, dövlətimizin maraqlarını təmin edən, o cümlədən Ermənistanın təcavüzkar siyasətini pisləyən bir çox sənədlər qəbul edilmişdir. Ölkəmizin Avropa İttifaqı və NATO ilə əlaqələri yeni mərhələyə daxil olmuşdur.

Dağlıq Qarabağ probleminin beynəlxalq hüquq normalarına uyğun, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində həlli, qaçqın və məcburi köçkünlərin öz torpaqlarına qaytarılması dövlətimizin xarici siyasətinin prioritet məsələsi olaraq qalmışdır. Azərbaycan Prezidentinin yürütdüyü uğurlu xarici siyasət nəticəsində artıq dünya və beynəlxalq təşkilatlar Ermənistanı işğalçı dövlət kimi tanımış və ölkə başçısının bu məsələdəki birmənalı mövqeyi təsdiqləmişdir ki, Dağlıq Qarabağın Azərbaycandan ayrılma mexanizmi yoxdur. Münaqişənin nizamlanmasında Azərbaycanın tutduğu mövqe birmənalıdır. Problem yalnız Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində öz həllini tapmalıdır. Bu mövqe beynəlxalq hüququn normaları və prinsipləri, BMT Nizamnaməsi, Helsinki Yekun Aktı və münaqişənin tənzimlənməsi çərçivəsində qəbul edilmiş çoxsaylı beynəlxalq sənədlərə əsaslanır. Münaqişənin sülh yolu ilə həll olunması üzrə aparılan danışıqlar məhz bu prinsiplərdən irəli gələn detalların razılaşdırılmasına yönəlmişdir.

Azərbaycan regional və qlobal səviyyədə gözəçarpacaq dərəcədə öz mövqelərini möhkəmləndirmiş, milli maraqlarının irəliləməsi və müdafiə olunmasında hücum taktikasını gücləndirmiş, ənənəvi və yeni təhdidlərə qarşı mübarizədə rolunun artmasına nail olmuşdur. Bundan əlavə, Azərbaycan əməkdaşlıq coğrafiyasını genişləndirmiş, regionlararası iqtisadi əlaqələr və sivilizasiyalararası dialoqun inkişafında özünün əhəmiyyətli rolunu təsdiq etmişdir.

Mədəniyyətin ayrılmaz tərkib hissəsinə çevrilən, əsrlərcə müxtəlif etnik və dini qruplar arasında dinc yanaşı yaşamaq və tolerantlıq ənənələrinin formalaşdığı bir ölkə kimi, Azərbaycan müxtəlif dinlərə və mədəniyyətlərə məxsus insanları anlamaq və qarşılıqlı hörmət yolu ilə dinlərarası və mədəniyyətlərarası dialoqun inkişaf etdirilməsi istiqamətində müxtəlif mədəniyyətləri və sivilizasiyaları bir araya gətirmək üçün təbii körpü rolu oynamağa sadiq olduğunu dəfələrlə nümayiş etdirmişdir. Azərbaycan Türkiyənin və İspaniyanın təşəbbüsü ilə baş tutan Sivilizasiyalararası Alyansa qoşulan ilk ölkələrdəndir.

Azərbaycan öz geosiyasi və geoiqtisadi xüsusiyyətlərini nəzərə alaraq, əsas diqqətini transregional layihələrin həyata keçirilməsində əməkdaşlıq etdiyi Avropa, Yaxın və Mərkəzi Asiya dövlətləri üzərində cəmləşdirmişdir. Bu ölkələrlə yüksək səviyyədə səmərəli təmaslar və imzalanmış müqavilələr siyasi, ticari-iqtisadi, enerjidaşıma və mədəni-humanitar sahələrdə Azərbaycanın ikitərəfli beynəlxalq əməkdaşlıq bazasını möhkəmləndirmişdir.

Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və Bakı-Tbilisi-Qars kimi meqalayihələr nəinki region miqyasında, habelə bütün Avrasiya məkanı üçün xüsusi əhəmiyyətə malikdir. Bu qlobal partnyorluq Qara dəniz və Xəzər dənizi regionunu ədalətli və bərabər əməkdaşlıq meydanına çevirmiş, dünya iqtisadiyyatına inteqrasiya prosesinin sürətlənməsini təmin etmişdir.

Azərbaycanın şərqlə qərbin, şimalla cənubun əsas nəqliyyat yollarının kəsişdiyi məkanda yerləşməsi və regional avtomobil və dəmir yol şəbəkəsinə birləşən sürətlə inkişaf edən milli nəqliyyat infrastrukturu ölkənin strateji əhəmiyyətini artırır. Azərbaycan, həmçinin Şərq-Qərb nəqliyyat dəhlizinin əsas hissəsi olacaq və 20-dək ölkəni internet, telekommunikasiya sistemləri, elektron informasiya resursları ilə təmin etməyə qadir olan Trans-Avrasiya Super İnformasiya Magistralı yaratmaq təşəbbüsü ilə çıxış etmişdir.

Ənənəvi yanaşma və situativ maraqları özündə əks etdirən praqmatizm, əməkdaşlıq və çevik ixrac siyasətinin həyata keçirilməsi xətti yürüdən Azərbaycanın enerji-nəqliyyat daşımalarında aparıcı regional rolunun daha da möhkəmlənməsinə imkan yaratmışdır. Ölkənin qlobal çağırış, təhdid və risklərə qarşı aparılan beynəlxalq səylərə töhfəsi davam etdirilmişdir. Azərbaycan Respublikası müasir dövrün hədə və təhdidlərinin əlaqələndirilmiş şəkildə aradan qaldırılması və qarşısının alınması üçün beynəlxalq birliyin səylərini səfərbər etmək məqsədi ilə mötəbər qlobal və regional təşkilatların işində fəal iştirak etmişdir.

Eyni zamanda, ölkəmizin iqtisadi qüdrətinin və maliyyə imkanlarının artması Azərbaycanın potensial donor ölkəyə çevrilməsinə gətirib çıxarmışdır. Mövcud vəziyyətdə təbii fəlakətlərlə bağlı və inkişafa dəstək çərçivəsində müxtəlif ölkələrə hökumətimiz tərəfindən birbaşa və ya beynəlxalq təşkilatlar vasitəsilə maliyyə və texniki yardımların həcmi artırılmışdır. Qlobal iqtisadi böhranın mövcudluğu şəraitində ölkəmiz tərəfindən edilən yardımlar Azərbaycan iqtisadiyyatının dinamikliyini dünya ictimaiyyətinə nümayiş etdirməklə yanaşı, dövlətimizin beynəlxalq nüfuzunun yüksəlməsinə müstəsna təsir göstərmişdir.

Göründüyü kimi, 2009-cu il Azərbaycanın xarici siyasəti üçün mühüm məqamlarla yadda qalmışdır. Ötən il diplomatiyamızın əldə etdiyi nailiyyətlər bərabərhüquqlu və qarşılıqlı faydalı əlaqələrə əsaslanan konstruktiv beynəlxalq əməkdaşlığın gələcək inkişafı, həmçinin sülh, təhlükəsizlik və mehriban qonşuluq strategiyasına yönəlmiş milli xarici siyasət vəzifələrinin həllinə zəmin yaratmışdır. Əsas vəzifə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun şəkildə ədalətli həlli və dövlətimizin ərazi bütövlüyünün bərpa edilməsidir. Azərbaycanın Cənubi Qafqaz regionunda lider rolunun gücləndirilməsi, ikitərəfli və çoxtərəfli münasibətlərin inkişaf etdirilməsi, Avratlantik inteqrasiya proseslərində və enerji daşıyıcılarının ixracçısı və tranzit ölkə kimi qlobal enerji təhlükəsizliyinin təminatında iştirak imkanlarının genişləndirilməsi ilə bağlı məsələlər də prioritet olaraq qalır.

 

 

Kamal ADIGÖZƏLOV,

Azərbaycan Respublikasının Prezidenti

yanında Strateji Araşdırmalar Mərkəzinin eksperti

 

Xalq qəzeti.- 2010.- 19 fevral.- S. 5.