Məcburi köçkünlərin həyat səviyyəsinin yüksəldilməsi dövlətin diqqət mərkəzindədir

 

Ermənistanın işğalçılıq siyasətini davam etdirməsi, qonşu dövlətlərin torpaqları hesabına öz ərazilərini böyütmək cəhdi nəticəsində doğma ata-baba yurdlarından didərgin salınmış bir milyondan artıq soydaşımızın yaşayış şəraitinin yaxşılaşdırılaması və məşğulluğunun artırılması dövlətin daim diqqət mərkəzində saxladığı prioritet məsələlərdən biridir.

 

Ümummilli lider Heydər Əliyev öz isti ocaqlarından didərgin salınmış soydaşlarımızın yaşayış şəraiti ilə daim maraqlanar, onların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm əhəmiyyətli tədbirlərin həyata keçirilməsinə nail olardı. Ulu öndər prezident seçkiləri ərəfəsində seçicilərlə ilk görüşünü məcburi köçkünlərin daha çox məskunlaşdıqları Biləsuvar çadır şəhərciklərində keçirər, onları əmin edərdi ki, işğal altında olan torpaqlarımızın sülh yolu ilə azad olunması üçün bütün imkanlardan istifadə edəcək.

Böyük tarixi şəxsiyyətin siyasi kursunu layiqincə davam etdirən, ideyalarını həyata keçirən möhtərəm Prezidentimiz İlham Əliyev də ölkəyə rəhbərlik etdiyi gündən qaçqın və məcburi köçkünlərin həyat səviyyəsinin yüksəldilməsi, məşğulluğunun artırılması istiqamətində sərəncamlar imzalamış, bu istiqamətdə böyük əhəmiyyət kəsb edən tədbirlər həyata keçirilmişdir. Dövlət başçımız hələ 2003-cü ildə keçirilən prezident seçkilərində prezidentliyə namizəd kimi seçicilərlə ilk görüşünə Biləsuvar çadır şəhərciklərində məskunlaşmış məcburi köçkünlərlə başladı. O zaman söz verdi ki, əgər prezident seçilərsə, ölkənin bütün ərazilərindəki çadır şəhərcikləri ləğv ediləcək, məcburi köçkünlər hər cür şəraiti olan rahat mənzillərlə təmin olunacaqlar.

İlk baxışdan çox gözəl bir vəd edi. Lakin bunun həyata keçirilməsi də mürəkkəb proses idi. Ulu öndərin siyasi kursuna inanan və buna böyük ümid bəsləyən məcburi köçkünlər prezidentliyə namizəd İlham Əliyevə güvəndilər və ona səs verdilər. Seçicilərə verdiyi vədlərə sadiq qalan möhtərəm Prezidentimiz cənab İlham Əliyevin göstərişi ilə qaçqın və məcburi köçkülərin sosial problemlərinin aradan qaldırılması, həyat səviyyəsinin yüksəldilməsi və məşğulluğunun artırılmasının təmin olunması məqsədi ilə Dövlət Proqramı hazırlandı. Bu tarixi sənədin qarşıya qoyduğu əsas vəzifələrdən biri çadır şəhərciklərinn ləğvi, əvəzində hər cür infrastruktura malik yeni qəsəbələrin salınması idi. Bununla yanaşı, Dövlət Proqramında bu qəbildən olan insanların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində də bir sıra müddəalar öz əksini tapırdı.

“Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın uğurlu icrası nəticəsində ölkəmizin müxtəlif regionlarında hər cür şəraiti olan qəsəbələr salındı. Çadır şəhərciklərində, dəmir yol stansiyalarında saxlanılmış köhnə vaqonlarda, həmçinin yarımçıq tikililərdə məskunlaşdırılmış məcburi köçkünlər rahat mənzillərdə yerləşdirildi.

Bu məqsədlə qaçqın və məcburi köçkün ailələri üçün 63 yeni qəsəbə salınmış, 100 min nəfərədək soydaşımız yeni evlərə köçürülmüş, 150-dən artıq təhsil, 50-yə yaxın səhiyyə, çoxlu sayda rabitə müəssisələri tikilib istifadəyə verilmişdir. Bununla yanaşı, müasir tələbələrə cavab verən mədəniyyət ocaqları, uşaq bağçaları, Olimpiya İdman Kompleksi də məcburi köçkünlərin ixtiyarına verilmişdir. Məcburi köçkünlərin daha çox məskunlaşdıqları ərazilərdə hər cür şəraiti olan müəssisələrin yaradılması onların məşğulluğunun təmin olunması məqsədini daşıyır. Məsələn, Biləsuvar rayonu ərazisində salınmış yeni yaşayış qəsəbələrinin yaxınlığında “Azərsun” Holdinq və “ÇTS Aqro” MMC-yə məxsus zavodlar tikilmiş, kənd təsərrüfatı məhsullarının yetişdirilməsi üçün minlərlə hektar torpaq sahəsi ayrılmışdır. Bu müəssisələrdə çalışan minlərlə məcburi köçkün hər gün onlar üçün ayrılmış avtobuslarla iş yerlərinə gətirilir və işdən sonra evlərinə aparılır. Bununla yanaşı, onların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində də bir sıra qanunlar qəbul olunmuşdur.

Azərbaycan Prezidenti İlham Əliyevin “Məcburi köçkün ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” 17 fevral 2010-cu il tarixli sərəncamı məcburi köçkünlərin sosial problemlərinin həlli, mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində irəliyə doğru atılmış daha bir addımdır. Möhtərəm Prezidentimizin Dövlət Proqramına uyğun olaraq 700-ə yaxın məcburi köçkün ailəsi üçün nəzərdə tutulmuş yeni çoxmərtəbəli yaşayış binalarının tikilməsi üçün Azərbaycan Respublikasının 2010-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə 14 milyon manat məbləğində vəsait ayrılması barədə imzaladığı sərəncam böyük sevinclə qarşılanıb. Öz doğma ocaqlarından didərgin düşənlər bir daha əmin oldular ki, onların yaşayış səviyyəsinin və mənzil-məişət şəraitinin getdikcə yaxşılaşdırılması bir an da olsa dövlətin və möhtərəm Prezidentimizin diqqətindən kənarda qalmır. Məcburi köçkünlər əmindirlər ki, onlar məhz ümummilli lider Heydər Əliyevin siyasi kursu və möhtərəm Prezidentimiz İlham Əliyevin düşünülmüş xarici siyasəti sayəsində öz doğma ata-baba ocaqlarına qayıdacaqlar.

Hazırda Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində dövlətimizin başçısının mövqeyinin dünyanın qüdrətli dövlətlərinin və nüfuzlu beynəlxalq qurumların nümayəndələri tərəfindən də dəstəklənməsi bu inamı daha da artırıb.

 

 

Əliqismət BƏDƏLOV

 

Xalq qəzeti.- 2010.- 19 fevral.- S. 5.