Xatırlama
Böyükağa Mirzəzadənin
sənət dünyası
Rəssamlıq ilahi bir sənətdir.
Onun öz qəribəlikləri, sirləri, möcüzələri
var. Hər dəfə yaxşı bir rəsm əsəri
qarşısında dayanıb tamaşa etdikdə insanda qəribə
bir rahatlıq yaranır. Bəzən elə əsərlər
yaradılır ki, onlar əsrlər boyu bəşəri mənəvi
dəyər kimi öz qiymətini saxlayır,
yarandığı dövrün ab-havasını nəsillərdən
nəsillərə ötürür. Belə əsərləri
yaradan nadir istedadlar isə, hər zaman və hər yerdə
yetişmir.
Biz xoşbəxt
xalqıq ki, çox istedadlı rəssamlarımız
olmuş və bu gün də onların yaradıcı ənənələri
davam etməkdədir. Onların sayı onlarcadır. Bu sənət
adamları içərisində öz dəst-xətti ilə
seçilən bir rəssamımız da olmuşdur ki, o da əsərləri
dünyanın bir çox məşhur muzeylərinin
eksponatına çevrilən xalq rəssamı
Böyükağa Mirzəzadədir.
Xalq rəssamı,
Dövlət mükafatı laureatı, Azərbaycan
Respublikası Prezidentinin fərdi təqaüdçüsü,
“Şöhrət” ordeni ilə təltif edilmiş, mənzərə,
natürmort və portret ustası olan professor
Böyükağa Mirzəzadə uzun illər Azərbaycan rəssamlıq
sənətinin inkişafına xidmət etmişdir. Onun rəngkarlıq,
qrafika və digər janrlarda, müxtəlif mövzularda
yaratdığı əsərlər qiymətli sənət
nümunələri kimi rəssamlıq tariximizə daxil olub.
Böyükağa Mirzəzadə 1921-ci ildə Bakıda dünyaya gəlib. O, Bakı Rəssamlıq Texnikumunda təhsil almış, sonra isə Moskvada Ali Rəssamlıq Məktəbinə qəbul olunmuşdu. İkinci Dünya müharibəsi onun təhsilinin yarımçıq qalmasına səbəb oldu. O, sonralar ali təhsilini Azərbaycan İncəsənət İnstitutunda başa vurdu. Böyükağa Mirzəzadə əmək fəaliyyətinə ilk sənət təhsili aldığı Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində başlayıb. Daha sonra o, Azərbaycan İncəsənət İnstitutunda müəllim, dosent, professor və kafedra müdiri işləyib. O, son illər Rəssamlıq Akademiyasında, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyət göstərmişdir. O, teatrla sıx əlaqədə idi. Demək olar ki, B. Mirzəzadə, hətta teatr rəssamı idi. Onun yetişdirdiyi onlarca tələbəsi Azərbaycanın məşhur rəssamlarıdır.
Böyükağa müəllim rəssamlığa gəlişini belə xatırlayırdı: “Mən əlimə birinci dəfə fırça yox, qələm almışam. Rəssamlığa da getmək fikrim yox idi. Sənədlərimi Tibb İnstitutunun “rabfak”ına verdim. Atam istəyirdi ki, həkim, mühəndis olum. Mən “Sovetski” məhəlləsində böyümüşəm. Bu məhəllələrdə ziyalı adam az idi. Qonşuda bir kasıb ailə vardı. Onların oğlu Muxtar rəssamlıq məktəbində oxuyurdu. Mən də ona qoşulmuşdum. Bir gün o, mənə dedi ki, gəl, səni də rəssamlıq texnikumuna aparım. Onun sözünü zarafat hesab elədim. Axı o yaxşı bilirdi ki, mən şəkil çəkməyi bacarmıram. Həmin il Mikayıl Abdullayev də texnikuma ərizə vermişdi. Mən də evimizdən xəbərsiz sənədlərimi Tibb İnstitutunun “rabfak”ından alıb, rəssamlıq texnikumuna verdim. Bir neçə gündən sonra qəbul imtahanları başlanacaqdı. Muxtar məni başa saldı ki, evdə əlinə nə düşsə şəklini çək. “Qorxma, əlin öyrəşər, lap papağını qoy qabağına çək” – dedi. İmtahan günü gəlib çatdı. Bir neçə gün ərzində rəsmdən, rəngdən və kompozisiyadan imtahan verdik. Texnikuma qəbul olunandan xeyli sonra evimizdə xəbər tutdular. Atamın yaman acığı tutdu, amma iş-işdən keçmişdi.”
B. Mirzəzadənin ilk dəfə tanış olduğum əsəri “Abşeron” adlanır. Əsərin bədii məziyyətləri haqqında yalnız onu deyə bilərəm ki, bu diyarın bir güşəsi fonunda Abşeron haqqında tam təsəvvür yarada bilib. Üstü qırlı evlər, qumluq yol, bir də ki, əncir ağacları. Evlərə bitişik yerdə isə dənizin lacivərd ləpələri görsənir. Bax, budur Abşeronun əsl təbiəti. “Zuqulbada dəniz”, “Abşeron” peyzajlarında, eləcə də “Karqanov küçəsində gecə”, “Bakı küçəsi”, “Bakının köhnə neft buruqlarının görünüşü”, “Neft mədənlərində” və başqa onlarca əsərində tamaşaçıya Abşeron torpağının özünəməxsus təbiəti haqqında maraqlı süjetlər təqdim olunur. Amma bu əsərlər təkcə Abşeronun təsviri deyildi. O, bu əsərlərdə milli koloriti elə ustalıqla verirdi ki, tamaşaçı onun məhz, Azərbaycan rəssamı olduğunu ilk baxışdan sezirdi.
1941-1945-ci illərin ağır müharibə dövründə Böyükağa müəllim öz fırçası ilə faşizmə qarşı mübarizə mövqeyini tutdu. “Müharibə etüdləri”, “Azərbaycan əsgərləri”, generalların portretləri onun yaradıcılığında çox dəyərli işlərdən hesab olunur. 1946-50-ci illərdə isə o quruculuq dövrünün ab-havasını çox ustalıqla rəssamlığa gətirə bildi. Kolxoz həyatından elə epizodlar seçirdi ki, onlarda kənd həyatının bütün gözəlliyi canlanırdı. “Pambıqçı S. Kərimovanın portreti”, “Bizim kəndin adamları” və başqa əsərlərində rəssam kəndin qəribə gözəlliklərini rənglərin dili ilə çox səlis əks etdirə bilib. 1947-ci ildə çəkdiyi “Pambıq tarlasında” əsərində rəssam bütöv bir panorama yaradıb. Dövrün ruhunu ustalıqla tutan rəssam insanların məhsul yığımına necə can yandırmalarını, onların istirahətinin təşkilini bir tabloya məharətlə sığışdıra bilib.
Böyükağa Mirzəzadə rənglərin dilini çox gözəl bilirdi. O, qəhrəmanlarının ovqatına uyğun elə rənglər tapır və onları canlı obraz formasına elə salırdı ki, tamaşaçı bu əsərlərin realist üslubunu aydın duyurdu.
Böyükağa müəllim bu əsərləri böyük sevgi ilə işləyirdi. Ona görə də əksər vaxt onun qəhrəmanları nikbindirlər. Rəssamın əsərlərində ən kiçik detal belə onların bütövlüyünə xidmət edir. Bu əsərlər ona görə də həyatın hansı tərəfini əks etdirirsə, orada bütövlük yaranır, tamlıq olur.
“Lənkəran lövhələri” Böyükağa müəllimin yaradıcılığında mühüm yerlərdən birini tutur. “Lənkəranda”, “Lənkəran mənzərəsi” kimi əsərlərində bu torpağın əsrarəngiz gözəlliyi, ucsuz-bucaqsız tarlaları, zəhmət adamları olduqca təbii işlənmişdir. Bu mənzərələrin elə cizgiləri var ki, bəlkə də adi baxışda onu hiss etmək olmur. Ancaq bütövlükdə onlar əsərin mahiyyətinə xidmət edir.
Portret janrının ustalarından idi Böyükağa müəllim. “Gənc rəssamın portreti” əsərinə tamaşa etdikcə onun görkəmindəki narahatlıq, daxili aləmi aydın nəzərə çarpır. Aydınca duymaq olur ki, gənc rəssam yaratdığı tablonun taleyindən narahatdır. “Əsgər”, “Adilənin portreti”, “Rita”, “Sağıcı”, “Maldar qadın”, “Kolxozçu” “Mavi paltarlı qız”, “Aşıq Ələsgərin portreti” kimi əsərlərdə müxtəlif xarakterdə olan insanların çox maraqlı obrazları canlandırılmışdır. Xüsusilə “Aşıq Ələsgərin portreti” yüksək professional səviyyədə işlənilmiş çox qiymətli əsərlərdəndir.
Ümumiyyətlə, rəssamın portretə yanaşmasında qəribə bir özünəməxsusluq var. Tamaşaçı bu əsərlərə baxarkən aydın hiss edir ki, müəllif bu adamları çox yaxşı tanıyıb, onları öyrənib, daxili dünyalarına sirayət edib. Məhz ona görədir ki, bu əsərlər canlı alınıb. “Sıravi polis Hüseynov” portretinə diqqətlə nəzər yetirdikcə elə hiss edirsən ki, onu tanıyırsan. Olduqca sadə və səmimi təsir bağışlayan polis işçisinin portreti sadə rənglərin fondunda işlənmişdir. “Şıxəli Qurbanovun portreti”, “Xalq artisti Ş. Bədəlbəylinin portreti” və onlarla digər əsərlərində rəssam portret janrının həqiqi ustası olduğunu bir daha təsdiq etmişdir.
Rəssamın yaradıcılığında səhnə əsərlərinə verdiyi tərtibatı xüsusi nəzərə çarpdırmaq lazımdır. Çünki Böyükağa müəllim uzun müddət teatrlarla əməkdaşlıq etmişdir. Onun dekorasiyaları canlı mənzərələri xatırladır. O, həmişə əsərin ruhunu çox aydın əks etdirirdi. “Fərhad və Şirin”, “1905-ci ildə”, “Milyonçunun dilənçi oğlu” və digər tamaşaların quruluşçu rəssamı kimi fəaliyyət göstərmişdir. Müxtəlif illərdə sərgilərin fəal iştirakçısı olmuş bu böyük sənətkarın dəfələrlə fərdi sərgisi də keçirilmişdir.
Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü idi. Xalqın sevimlisi olan Böyükağa Mirzəzadə haqlı olaraq “xalq rəssamı” fəxri adını almış, “Şöhrət” ordeni ilə təltif edilmişdir.
Bu böyük sənətkar 2007-ci ildə 87 yaşında vəfat etmişdir. Milli rəssamlıq sənətimizin inkişafında xüsusi xidmətləri olan bu istedadlı sənətkarın əsərləri indi nəinki Azərbaycanın, eləcə də dünyanın məşhur muzeylərində qorunub saxlanılır. Bütün yaradıcı ruhu ilə xalqa bağlı olan bu böyük sənətkarı xalqımız heç zaman unutmayacaq.
M.MÜKƏRRƏMOĞLU
Xalq qəzeti.- 2010.- 21 fevral.- S. 8.