Azərbaycan elminə qiymətli töhfə

 

Akademik Qərib Məmmədov, professor M.Xəlilov və professor S.Məmmədova tərəfindən tərtib edilmiş Azərbaycan Respublikasının Ekoloji Atlası ölkənin elmi ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılanmışdır.

 

Keçən əsrin ikinci yarısından başlayaraq insan fəaliyyətinin bütün sahələrində nəhəng sürətlə vüsət almış sənaye inqilabı, xüsusilə də kənd təsərrüfatının başdan-başa sənayeləşməsi və kimyalaşması nəticəsində ətraf təbii mühitdə baş vermiş qlobal dəyişikliklər, o cümlədən iqlimin istiləşməsi, atmosferin qaz tərkibinin pozulması, təbiətdə maddələr dövranının pozulması, meşələrin kütləvi şəkildə qırılması, torpağın müxtəlif mənbələrdən çirklənməsi, bioloji proseslərin zəifləməsi ilə əlaqədar torpaqların eroziya prosesinin güclənməsi, böyük ərazilərdə baş verən şorlaşma, şorakətləşmə və səhralaşma prosesləri bəşəriyyətin gələcəyi üçün ciddi təhlükəyə çevrilməkdədir.

Bu problemlərin yaratdığı fəsadlar respublikamızın ərazisində də qabarıq şəkildə özünü büruzə verir.

Azərbaycan Respublikası ölkənin qlobal ekoloji problemlərin aradan qaldırılmasında fəal iştirakını tələb edən bütün beynəlxalq konvensiyalara qoşulmuşdur və son 10 il ərzində bu sahədə qanunvericilik bazasının yaradılması ilə yanaşı, geniş praktiki tədbirlərin həyata keçirilməsini də uğurla davam etdirir.

Bu baxımdan həyata keçirilən tədbirlərin keyfiyyətinin idarəolunması üçün respublikanın ekoloji vəziyyəti haqqında yeni tərtib edilmiş Ekoloji Atlasın vasitəsilə mükəmməl və ətraflı məlumatın əldə olunması bu sahədə fəaliyyət göstərən dövlət qurumları və məsul mütəxəssislər üçün son dərəcə vacib və aktualdır. Atlasın tərtib edilməsində respublika alimlərinin tədqiqatlarından istifadə olunmuşdur. Xəritələrin xüsusi məzmununu respublikanın görkəmli alimləri işləmişlər. Bu atlas ilk dəfə olaraq vahid xəritəçilik əsəri kimi nəşr olunmuşdur.

Atlasa daxil edilmiş xəritələr elmi yenilikçi məzmununa görə fərqlənir. Burada 110-dan artıq xəritə verilmişdir. Xəritələr izahedici mətnlərlə, cədvəllərlə, diaqramlarla, qrafiklərlə, şəkillərlə tərtib edilmiş dolğun informasiya mənbəyidir.

Ekoloji Atlas 11 bölmədən ibarətdir: atmosfer, hidrosfer, litrosfer, torpaqlar, biosfer, landşaftlar bitki örtüyü, heyvanlar aləmi, təbii fəlakətlər, cəmiyyətin ekologiyası və Azərbaycan ekologiyasının hüquqi əsasları.

Atlas estetik cəhətdən cox nəfis zövqlə tərtib olunub. Atlasın ilk səhifələrində ekoloji sistemlərin kosmosla qarşılıqlı təsiri göstərilir. Qalaktika və Günəş sistemi, Yerin biosferi, dünya yarımkürələrinin fiziki xəritəsi və böyük 1:1.500.000 miqyasında olan Azərbaycanın xəritəsi verilib. Atlasda əsas yeri Azərbaycan torpaqları tutur.

Birinci bölmə atmosferə həsr edilmişdir. Burada tərtibatçılar dünya iqlim amilləri və iqlim dəyişikliklərini əks etdirən diaqram və şəkillərdən istifadə etmişlər. Həmçinin, atmosferin stratosfer təbəqəsində ozon qatını göstərən və əks etdirən şəkil, xəritə və diaqramlar göstərilmişdir. Tərtibatçılar Yer kürəsinin iqlim xəritəsini, atmosferin texnogen çirklənməsini əks etdirən xəritələri də atlasa daxil etmişlər. Bununla yanaşı, geniş surətdə Azərbaycanın iqlim xəritəsini, əsas iqlim tiplərini və havalar üzrə iqlim strukturlarını (quruluşunu) əks etdirən diaqramlar da verilmişdir. Bu bölmənin nəticəsi kimi Azərbaycanın aqroiqlim rayonlaşdırılması elmi cəhətdən təhlil olunmuş və geniş surətdə oxuculara təqdim edilmişdir. Burada həmçinin, əlverişli təbii iqlim şəraitləri və iqlim kontinentallığını da əks etdirən xəritələr və onlara dair izahlar verilmişdir. Bu bölmədə tərtibatçılar Azərbaycanın ümumi günəş radiasiyasının paylanması və günəş parıltısı saatlarının miqdarını əks etdirən xəritələri də təqdim etmişlər. Bu bölmənin sonunda respublika atmosferinin çirklənməsi ilə əlaqədar izahedici mətn verilmişdir.

İkinci bölmə hidrosferə həsr edilmişdir. Burada dünya su ehtiyatlarının və Yer səthində su anbarlarının paylanması xəritələri verilmişdir. Bölmədə dünya ölkələri üzrə əhalinin adambaşına düşən tam çay axımı ehtiyatları ilə təminolunma dərəcəsi, hidrosferdə su kütləsinin paylanması, su anbarlarının həcmi, içməli suyun paylanması, su ehtiyatları, istifadə olunan sular və dünya hidroenerji potensialının istifadəsi diaqramları verilmişdir. Eyni zamanda burada su anbarları və çay şəbəkəsinin sıxlığı, çayların ekoloji problemlərinə, qrunt sularının yatma dərinliklərinə həsr edilmiş xəritələr və onlara izah verilir.

Bu bölmədə ardıcıl olaraq Xəzər dənizinin fiziki, geomorfoloji xəritələri və son 160 il ərzində Xəzər dənizi səviyyəsinin tərəddüdü diaqramı da verilmişdir. Səth suları üzərində ümumi günəş radiasiyasının paylanması, küləyin sürəti və səth suların duzluluğu xəritələri də burada öz əksini tapmışdır.

Litosfer – Yer qabığıdır. Bu bölmədə Yerin quruluşu və Yer qabığının funksional xüsusiyyətləri, litosferin quruluşu və ekoloji funksiyaları, mineral ehtiyatların hasilatı, dünyanın yanacaq - energetika hasilatı sxemləri verilib. Burada faydalı qazıntıların dağ-mədən hasilatı nəticəsində ekoloji sistemlərin pozulması və dünyanın ekoloji sistemə texnogen təsirlərin təsnifatı cədvəlləri verilib. Həmçinin, bu bölməyə yanacaq-energetika kompleksləri və təbii ekosistemlərin antropogen pozulmaları, Yer qabığının quruluşu, seysmik rayonlaşdırılma və kosmotektonik xəritələr də daxil edilmişdir.

Atlasın geniş əks olunmuş hissələrindən biri də torpaqlar hissəsidir. Bu hissəni tərtibatçılar daha ətraflı vermişlər. Bu bölmədə dünyanın torpaq ehtiyatları, dünya torpaqları xəritələri verilmişdir. Burada Azərbaycanın torpaq xəritəsi və torpaq profillərinin şəkilləri izahları ilə verilmişdir. Həmçinin, Azərbaycanın təbii-iqtisadi rayonlarının ayrı-ayrı torpaq xəritələri, Naxçıvan MR-da ekomeliorativ şəraitin qiymətləndirilməsi xəritəsi də verilmişdir.

Azərbaycanın torpaqəmələgətirən süxurları, torpaqların eroziyası, eroziyanın yayılması, eroziya təhlükəli torpaqlar, qobu, yastı-qobu və çay vadisi şəbəkəsinin sıxlığı, torpaqların qranulometrik tərkibi, torpaqlarda humusun ehtiyatı, torpaqların şorluluğu, qrunt sularının ümumi minerallığı xüsusi xəritələrdə öz əksini tapmışlar. Burada sodalı-şorlaşmış torpaqlar, torpaqların gipsliyi də verilir.

Torpaq bölməsində ekoloji qiymətləndirmə xəritəsi və cədvəlləri verilmişdir. Torpaqların münbitliyi, torpaq-kadastr rayonlaşdırılması, kənd təsərrüfatı torpaqlarının mülkiyyət formaları üzrə paylanması, torpaqların aqroistehsalat qruplaşması, kənd təsərrüfatında istifadə olunan antropogen torpaqlar, texnogen pozulmuş torpaqlar və iqlim-meliorasiya rayonlaşdırılması xəritələri və onlara əlavə edilən legendalar verilmişdir. Antropogen təsirlərə məruz qalmış və texnogen fəaliyyət nəticəsində pozulmuş torpaqların profillərinin fotoşəkilləri də daxil edilmişdir. Əlavə olaraq, iqlim-meliorasiya rayonlaşdırılma və torpaq -kadastr rayonlarının konturlar üzrə elmi izahlar gətirilmişdir.

Növbəti hissə biosferə həsr edilib. Bu bölmədə tərtibatçılar biosferə məxsus funksional xüsusiyyətləri və onun hüdudlarında baş verən prosesləri nəfis formada şəkil və diaqramlar vasitəsilə oxuculara çatdırılmasını təmin etmişlər. Burada biogeosenoz ekosistemləri də öz əksini tapmışdır.

Landşaftlar bölməsində dünyanın coğrafi qurşaqları, qurunun biomları, təbii ekosistemləri, pozulmuş ekosistemlərin və Azərbaycanın geomorfoloji, landşaft tipləri, landşaftların ekoloji potensialı və tibbi ekogeokimyəvi landşaft xəritələri verilmişdir. Bundan başqa tibbi-ekogeokimyəvi landşaftların cədvəl və izahları, həmçinin ətraf mühitin ağır metallarla çirklənməsi cədvəlləri və onların geniş izahları verilmişdir. Bölməyə bunlarla yanaşı Azərbaycanın ekoloji-coğrafi rayonlaşdırılma və milli parklar, qoruqlar və yasaqlıqlar əraziləri əks olunmuş xəritələr və onların izahları da daxil edilmişdir.

Bitki aləmi – biosferin ən əsas tərkib hissəsidir. Bitki örtüyü bölməsində tərtibatçılar quruda fitokütlənin və meşə formasiyalarının paylanması, Yerin bitki örtüyü, Azərbaycanın bitki örtüyü və meşə formasiyalarının paylanması xəritələri və onlara izahlar vermişlər. Bu bölmədə Azərbaycanın Qırmızı kitabına düşən ağac və kolların, dərman və zəhərli bitkilərin, yeməli göbələklərin əlvan şəkilləri verilmişdir. Həmçinin, burada fitokütlənin illik artımı xəritəsi və geniş izahı yer tapmışdır.

Heyvanlar aləmi - biosferin mühüm tərkib hissəsidir. Bu bölmədə dünya heyvanlarının yayılması və Azərbaycanın zoocoğrafi xəritələri verilmişdir. Burada Azərbaycanın Qırmızı kitabına düşən heyvanların, bitki zərərvericilərinin rəngarəng şəkilləri göstərilir.

Təbii fəlakətlər bölməsində fəlakətlərin tipləri, son 200 il ərzində ən güclü vulkan püskürmələrinin cədvəlləri və diaqramlar verilmişdir. Burada tərtibatçılar dünyada baş verən zəlzələ və vulkanların, palçıq vulkanlarının, Azərbaycanın palçıq vulkanlarının, sel axınlarının, sürüşmələr və zəlzələlərin xəritələri və onların izahlarını vermişlər. Bu bölməyə baş verən fəlakətlərin fotoşəkilləri də daxil edilmişdir.

Cəmiyyət ekologiyası bölməsində tərtibatçılar tərəfindən dünyanın ekoloji problemlərini, təbiətin mühafizəsini, dünya əhalisinin sayını, əhalinin sıxlığını, urbanizasiyanı, Azərbaycan Respublikasının inzibati bölünməsini, Azərbaycanın əhalisini, şəhərlərinin fuksional-genetik tiplərini, əhalinin məskunlaşmasını, ekoloji vəziyyətin qiymətləndirilməsini, zəhərli tullantıların, neft kəmərinin, dəmiryolu və avtomobil nəqliyyatının təsirini, tibbi-ekoloji vəziyyəti əks etdirən xəritələr, onların izahları və fotoşəkillər verilmişdir. Bundan başqa, Abşeron yarımadasının ekoloji vəziyyətinin qiymətləndirilməsi və sənaye tullantıları ilə çirklənməsi xəritələri də verilmişdir. Bu bölmədə Azərbaycanın rayonlar üzrə sanitariya-ekoloji vəziyyəti, onların izahları və fotoşəkillər verilmişdir.

Ekoloji Atlasın sonuncu bölməsində Azərbaycan ekologiyasının hüquqi əsasları və sənədlərin siyahısı bəndləri ilə verilmişdir. Bölməyə ətraf mühit sahəsində beynalxalq konvensiyalar, ətraf mühitin qorunması və xüsusi mühafizə olunan ərazilərin yaradılması haqqında Azərbaycan Respublikasının qanunları və Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları, ətraf mühitə dair Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları daxil edilmişdir.

Böyük məsuliyyətlə hazırlanmış Azərbaycan Respublikasının Ekoloji Atlası Azərbaycan elminə və praktikasına dəyərli töhfədir.

 

 

A.BABAYEV,

kənd təsərrüfatı elmləri doktoru,

professor,

 

O.SEYİDZADƏ,

kənd təsərrüfatı elmləri namizədi

 

Xalq qəzeti.- 2010.- 21 fevral.- S. 6.