Yüksək icra intizamı və təşəbbüskarlıq Tərtərə yeni uğurlar qazandırmışdır

 

Regional inkişaf proqramlarını ardıcıl və təşəbbüskarlıqla həyata keçirən tərtərlilər ötən ili də sanballı nailiyyətlərlə yola salmış, bu il daha yüksək göstəricilərə nail olmaq üçün möhkəm özül yaratmışlar. Tərtər Rayon İcra Hakimiyyətində keçirilmiş ümumrayon toplantısında ölkədəki sürətli inkişaf və yeniləşmənin fonunda bölgədə qazanılmış uğurlara geniş nəzər salındı, qarşıda duran məsul vəzifələr diqqət mərkəzində oldu.

 

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayevin hesabat məruzəsi bu baxımdan böyük maraqla dinlənildi, səmərəli diskussiya doğurdu. Maliyyə Şöbəsinin müdiri Zahid Təhməzov, Subartezian Quyularının İstismarı İdarəsinin rəisi Rüfət Qasımov, Qaz Satışı Müəssisəsinin rəisi Bəkir Qurbanov, “Samirə” firmasının rəhbəri Tofiq Kərimov və digər natiqlər məruzədə əksini tapmış məsələlərə münasibətlərini bildirdilər, ayrı-ayrı sahələrdəki vəziyyətə toxundular. Hesabat yığıncağında səslənmiş başlıca uğurları və hədəfləri oxucularımızın nəzərinə çatdırırıq.

2009-cu ildə rayonun sosial-iqtisadi inkişafının əsas yekunları və qarşıda duran vəzifələr barədə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayevin hesabatında bildirildi ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin diqqət və qayğısı, tərtərlilərin fədakar əməyi ilə 2009-cu ildə rayonun sosial-iqtisadi inkişafı təmin olunmuşdur. Ötən il rayonda ümumi məhsul buraxılışının həcmi 2008-ci ilə nisbətən 7,9 faiz artaraq 79,3 milyon manat, kənd təsərrüfatı istehsalı 18,2 faiz artaraq 49,9 milyon manat, yükdaşımalar 3,4 faiz artaraq 401 min ton, pərakəndə əmtəə dövriyyəsi 8,3 faiz artaraq 79,3 milyon manat, pullu xidmətlər 1,7 faiz artaraq 14,1 milyon manat təşkil etmişdir. Bir nəfərə düşən ümumi daxili məhsulun həcmi 799 manat təşkil etmişdir. Ümumi məhsulun 98 faizi qeyri-dövlət bölməsində istehsal olunmuşdur.

İstehsalın artması hər bir sakinin həyat səviyyəsinin yüksəlməsinə səbəb olmuşdur. İl ərzində bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı 12,9 faiz artaraq 144,9 manat təşkil etmişdir. 142 nəfər qeydiyatdan keçərək fiziki şəxs kimi fəaliyyət göstərməyə başlamış, 7 yeni hüquqi şəxs yaradılmışdır. Rayonda 573 yeni iş yerləri açılmışdır ki, bunun 176-sı daimidir.

İl ərzində respublika əhəmiyyətli avtomobil yolları 31329 kvadratmetr asfalt-beton qarışığı və 44856 kvadratmetr qum-çınqılla orta və cari təmir edilmişdir. Yerli əhəmiyyətli Qaynaq — Qapanlı — Qazyan, İsmayılbəyli — Evoğlu, Kəbirli — Kovdadıq — Rəcəbli, Çaylı — Talış, Səhlabad — Qarağacı, Qaradağlı — Seyidsulan, Sarıcalı və Bayandur yolları 138300 kvadratmetr asfalt-beton və qum-çınqıl qarışığı verilməklə hissə-hissə təmir olunmuşdur. Kənddaxili yolların 99,2 kilometrinə qum-çınqıl verilmiş, 34 kəndin yollarına 862 maşın əlavə qum-çınqıl yayılmış və hərəkətin rahatlığı təmin edilmişdir.

Tərtər şəhərindən çıxan respublika əhəmiyyətli 2,65 kilometr yollara müasir tipli işıqlandırma verilmiş, avtobus dayanacaqları qoyulmuş, reklam plakatları quraşdırılmışdır. Yol kənarındakı daş hasarlar və binalar suvanmış və rənglənmişdir. Hər üç istiqamətdə yolun kənarında salınmış yaşıllıqların suvarılması üçün yeraltı suvarma şəbəkəsi çəkilmiş, yaşıllıqlara aqrotexniki qaydada xidmət göstərilmişdir. Səhləbad və Buruc kənd dairələri genişləndirilmiş və abadlaşdırılmışdır. E.Hüseynov küçəsində 2,2 kilometr səki yenidən qurulmuş və asfalt-beton örtüyü çəkilmişdir. E.Səfərov küçəsində yeni salınan yaşayış massivinin ətrafında 2 hektar ərazidə istirahət parkı salınmiş, abadlıq işləri aparılmış, ağac və güllər əkilmiş, yaşıllıq zolaqları salınmışdır. Şəhərin girişində dövlət bayrağı ucaldılmışdır.

Rayonda ekoloji durumu yaxşılaşdırmaq məqsədilə il ərzində 225160 ədəd müxtəlif meyvə və bəzək ağacları, 41100 ədəd qızılgül əkilmiş, 4790 kvadratmetr sahədə yaşıllıq sahəsi salınmışdır. Ağac və yaşıllıqlara aqrotexniki qaydada xidmət göstərilməsi üçün suvarma şəbəkəsi yaradılmışdır. Şəhərin girəcəyində yol kənarında 2 hektar əraziyə 7 min maşın torpaq verərək, yaşıllıq massivi yaradılmış, həmin əraziyə 32 min qızılgül və 6 min həmişəyaşıl ağac və kol əkilmişdir.

Respublika Prezidenti İlham Əliyevin 2010-cu ili “Ekologiya ili” elan etməsi ilə əlaqədar rayonda həyata keçiriləcək tədbirlər müəyyən edilmiş və icrasına başlanmışdır. İlin əvvəlindən indiyədək 80 mindən çox ağac və gül əkilmişdir. Rayonda ağac və gül ehtiyatı yaratmaq üçün Meyvə tingliyi ərazisində 2 hektar yer ayrılmış, orada 200 min gül çiliyi, 800 min lüqüstr, 4 min şam və çinar tingi əkmək nəzərdə tutulmuşdur.

Hesabat ilində sutkalıq gücü 10 ton olan süd emalı zavodunun, sahəsi 400 kvadratmetr olan mebel mağazasının tikintisi başa çatdırılmışdır. Yeni avtovağzal kompleksinin, motel, şadlıq sarayı və digər xidmət sahəsi olan kompleksin, onlarla digər obyektlərin tikintisi davam etdirilmişdir. Müasir qum-çınqıl karxanasının istifadəyə verilməsi rayonda qum-çınqıl istehsalının iki dəfədən çox artmasına imkan verəcəkdir. Sənaye məhsulunun 817,1 min manatı qeyri-dövlət bölməsində istehsal edilmiş, xüsusi çəkisi 2003-cü ildəki 23,5 faizdən 2009-cu ildə 31,3 faizə yüksəlmişdir. 13 sahibkarlıq subyekti il ərzində 719,6 min manatlıq sənaye məhsulu istehsal etmişdir. Fəaliyyəti bərpa edilmiş elektromexanika zavodunda il ərzində 280,1 min manatlıq məhsul buraxılmışdır.

Bu zavodun və “Tərtər-Pambıq” ASC-nin istehsal güclərindən tam istifadə olunması, yeni istehsal sahələrinin yaradılması, dayanmış müəssisələrin fəaliyyətlərinin bərpa edilməsi, sahibkarlığın inkişafı, investorların rayona cəlb edilməsi üçün rayon icra hakimiyyəti ardıcıl iş aparır.

Aqrar sahənin inkişaf etdirilməsi məqsədi ilə 2009-cu ildə “Aqrolizinq” xətti ilə 13 ədəd texnika alınmışdır. Fermerlərə ziyanvericilərə qarşı mübarizə məqsədi ilə dövlət vəsaiti hesabına 80 kiloqram sink fosfit pereparatı verilmişdir. 3200 hektar sahədə çəyirtkəyə, 150 hektar pambıq sahəsində mənənə və pripisə qarşı, 5300 hektar taxıl sahəsində alaq otlarına qarşı herbisidlə mübarizə aparılmışdır. 7587 nəfər kənd təsərrüfatı məhsulları isrehsalçılarına 1 milyon 126 min manat kompensasiya ödənilmişdir. Güzəştli qiymətlərlə mülkiyyətçilərə 610 ton azot və 500 ton superfosfot gübrələri satılmışdır.

Rayonda 32674 hektarda müxtəlif növ kənd təsərrüfatı bitkiləri becərilmişdir. İlk dəfə olaraq 73,2 min ton taxıl, o cümlədən 65,1 min ton buğda istehsal olunmuş, hər hektardan 33,8 sentner taxıl götürülmüşdür. Həmçinin 630 ton paxlalılar, 923 ton dən üçün qarğıdalı, 1438 ton pambıq, 7083 ton şəkər çuğunduru, 811 ton günəbaxan dəni, 4751 ton kartof, 10183 ton müxtəlif növ tərəvəz, 84614 ton yem, 8244 ton müxtəlif meyvə, 827 ton üzüm istehsal edilmişdir. 2010-cu ilin məhsulu üçün 17832 hektarda payız şumu aparılmışdır.

İl ərzində iri malın sayı 532, ana inək və camışların sayı 226, qoyun və keçilərin sayı 1345 baş, quşların sayı isə 13060 baş artmışdır. 2008-ci ilə nisbətən 6,2 ton çox ət, 561,4 ton çox süd, 2,6 ton çox yun və 940 min ədəd çox yumurta istehsal edilmişdir. Hesabat dövründə kənd təsərrüfatı məhsulları istehsalının ümumi həcmi 2008-ci ilə nisbətən 18,2 faiz artaraq 46,9 milyon manata çatmışdır. Hər həftə Bakı şəhərində keçirilən yarmarkalara 675,7 ton kənd təsərrüfatı məhsulları və 120 min dəstə göy-göyərti göndərilmişdir.

İl ərzində 35/10 kv-lıq Sarıcalı qidalandırıcı yarımstansiyasında 5,6 MVA, şəhər 1 saylı qidalandırıcı yarımstansiyasında 4 MVA gücündə transformatorlar quraşdırılmışdır. 600 metr istismara yararsız kabel yenisi ilə əvəz edilmiş, güc transformatorlarının 33 ədədi əsaslı, 102 ədədi cari təmir olunmuşdur. İstehlak olunmuş elektrik enerjisinin miqdarı 2008-ci ilə nisbətən 3,7 milyon kvt/saat azalmış, enerji haqqının ödəniş səviyyəsi 7 faiz artaraq 100 faizə çatmışdır.

Əhalinin təbii qazla təminatını yaxşılaşdırmaq məqsədilə 500 metr uzunluğunda 57 millimetrlik, 520 metr uzunluqda 40 millimetrlik, 3500 metr uzunluqda 108 millimetrlik və 4500 metr uzunluqda müxtəlif diametrli paylayıcı qaz xətləri çəkilmişdir. 2 qaz tənzimləyici şkaf, 2 təmizləyici qurğu, 5 siyirtmə quraşdırılmışdır. 350 metr korroziyaya uğramış qaz kəməri yenisi ilə əvəz olunmuş, 150 metr qaz kəməri yer üstünə çıxarılmışdır. 1 kənd qazlaşdırılmış, 315 yaşayış evinə təbii qaz verilmişdir. Satılan qazın dəyəri rayon üzrə 92,2 faiz ödənilmişdir.

Hesabat dövründə 3003 içməli su abonentinə xidmət göstərilmiş, 19 ədəd subartezian quyusunun dərinlik nasosları və 9 ədəd quyunun transformatoru və gərginlik şitləri təmir edilmiş, 9 küçədə təmir işləri aparılmışdır. Ümumilikdə şəbəkədə 48,7 min manatlıq təmir-bərpa işləri aparılmışdır. İstehlak olunmuş içməli suyun dəyərinin 84,6 faizi, o cümlədən əhali sektorundan 79,5 faizi yığılmışdır.

Ötən il telefon stansiyalarında modernləşdirmə işləri aparılmış, sıxlaşdırıcı, yüksək sürətli geniş zolaqlı avadanlıqlar quraşdırılaraq istifadəyə verilmişdir. Geniş zolaqlı avadanlıqlarla internetə qoşulan abonentlərin sayı 16-ya çatdırılmış, internet klublarından 17500 nəfər istifadə etmiş, 3 abonent optik kabel vasitəsilə rəqəmsal sistemə qoşulmuşdur. Mərkəzi ATS-də 15 giriş-çıxış kanalından ibarət alternativ rabitə yaradılmış, 2 kilometr telefon xətti çəkilmiş, 161 dirək basdırılmış, 349 abonentə telefon çəkilmişdir. Qaradağlı və Qaynaq kəndlərində poçt şöbələri tikilib istifadəyə verilmişdir.

Hesabat dövründə Tərtər şəhər 2 saylı məktəb-liseydə əsaslı, şəhər 5 saylı orta və Balakəngərli kənd əsas məktəblərində, Metodmərkəzdə cari təmir işləri aparılmışdır. Sarıcalı kəndində 220 şagird yerlik məktəbin tikintisinə başlanmışdır. 2008-ci ilə nisbətən tələbə adını alan məzunların sayı 42 nəfər artmış və məzunlardan 3 nəfəri qəbul imtahanlarında 600-dən çox bal toplamışdır.

Ötən il mərkəzi poliklinika əsaslı təmir edilmiş, 34,5 min manatlıq müasir tibbi avadanlıq və inventar quraşdırılmışdır. Uşaq xəstəxanasında təmir işləri görülmüş, Bəyimsarov və Azad Qaraqoyunlu kənd xəstəxanalarının dam örtükləri cari təmir edilmişdir. İl ərzində 11,5 min manat dəyərində bərk və yumşaq inventar, 120,9 min manat dəyərində dərman preparatları və sarğı materialları alınmışdır. İmtiyazlı xəstələrə 67,7 min manatlıq pulsuz dərman preparatları verilmişdir.

Hesabat dövründə mədəni-maarif müəssisələrində 12,7 min manat dəyərində əsaslı, 1,9 min manatlıq cari təmir işləri aparılmışdır. 10,3 min manat dəyərində inventar və avadanlıqlar alınmışdır. Təmir olunacaq mədəni-maarif müəssisələrinin layihə-smeta sənədləri hazırlanmışdır.

Ötən il 1,5 mindən çox mədəni-kütləvi tədbir keçirilmiş, bu tədbirlərdə 54 mindən çox tamaşaçı iştirak etmişdir. “Uşaq ili” ilə əlaqədar rayonda 80 gənclər və 46 idman tədbirləri, məktəblilər arasında “Sağlam ol, sağlamlığını qoru” devizi altında bilik yarışmaları keçirilmişdir.

Hesabat yığıncağında mövcud nöqsanlar və onları aradan qaldırmaq yolları da səsləndi. Rayonda aparılan genişmiqyaslı quruculuq işlərinə göstərilən diqqət və qayğıya, iqtisadi yüksəliş üçün yaradılan əlverişli şəraitə görə ölkə Prezidenti İlham Əliyevə tərtərlilərin dərin minnətdarlığı da toplantıda dəfələrlə vurğulandı. Bildirildi ki, rayon əməkçiləri bu yüksək diqqəti məhsuldar əməklə, yeni nailiyyətlərlə cavablandıracaqlar.

Azərbaycan Respublikası Prezident Administrasiyasının məsul işçisi Hafiz Məmmədov yığıncaqda çıxış etdi, ölkəmizin daxili və xarici siyasətinin maraq doğuran tərəflərindən, regional inkişaf proqramının həyata keçirilməsi gedişindən söhbət açdı.

 

 

Ziyəddin SULTANOV,

“Xalq qəzeti”nin bölgə müxbiri

 

Xalq qəzeti.- 2010.- 21 fevral.- S. 6.