Ucar: uğurlar böyükdür,
rəqəmlər təzə...
Fevralda yağan qarı Bakıda,
bəzi başqa şəhər və rayonlarımızda
qışın bir qədər gecikmiş hirs-hikkəsi kimi
qarşılamışdılar. Ucarda isə tamamilə əksinə
idi. Hamı bu yağıntını nur kimi qəbul etdi, arzu
olunan bir nemət kimi qarşıladı. Çünki bu aran
bölgəsində torpağın bərəkəti həm də
göylərin səxavətindən asılıdır. Elə
bilirəm ki, buradakı “həm də” ifadəsini diqqətli
oxucu məhz bizim istədiyimiz kimi qəbul etdi. Bir də ki,
qar, yağış ucarlıları niyə
qorxutmalıdır, qaz var, elektrik enerjisi kəsilmir, yollar,
küçələr abaddır. Ucarın yayda
tozlu-dumanlı, qışda palçıqlı günləri,
demək olar ki, geridə qalıb. Ölkənin gündən-günə
genişlənən sosial-iqtisadi inkişafı Ucarda da məhz
respublika səviyyəsindədir. Hər addımda, hər sahədə
inkişafın, tərəqqinin şahidi olursan.
Bu aran rayonunun
qonağı olanda yeniliyin, müasirləşmənin fərqinə
o qədər də varmaq olmur. Çünki bu gün ölkənin
bütün rayonları bərabər şəkildə
inkişaf edir. Ancaq bu inkişafın sürətini konkret bir
hesabatda səsləndirilən faktlar və rəqəmlər
vasitəsiylə qəbul edəndə bu qədər işlərin
görülməsinə təəccüblənirsən də.
Rayon icra hakimiyyətinin başçısı Arzu Qafurovun
2009-cu ilin sosial-iqtisadi yekunlarına və 2010-cu ildə
qarşıda duran vəzifələrə həsr edilmiş ənənəvi
hesabatında bu barədə məlumat verildi. Bildirildi ki,
ötən il Ucarda tikinti-quruculuq və abadlıq işləri
iqtisadi böhrana və ya hansısa başqa səbəbə
baxmayaraq, iti sürətlə genişləndirilib. Pirkənd
kəndində 180 şagird yerlik məktəb binası, rayon mərkəzində
Qarabağ əlilləri və şəhid ailələri
üçün 16 mənzilli yaşayış binası, Əhalinin
Sosial Müdafiəsi Mərkəzi üçün inzibati
idarə binası, Xüsusi Dövlət Mühafizə Xidməti
İxrac Neft və Qaz Boru Kəmərlərinin Təhlükəsizliyi
İdarəsinin hərbi qulluqçuları üçün
16 mənzilli yataqxana binası, eləcə də rayonun Boyat və
Qarabörk kəndlərinin hər birində 1 nəfər
Qarabağ əlilinin ailəsi üçün ümumi sahəsi
144 kvadratmetr olan fərdi yaşayış evləri tikilib
istifadəyə verilib. Rayon mərkəzində Heydər Əliyev
Mərkəzi üçün binanın təməli qoyulub və
artıq binanın üst örtüyünün qurulması
işləri başa çatmaq üzrədir. Bundan əlavə,
şəhərin Oğuz küçəsindəki “Veteranlar
bağı”nda əsaslı təmir işləri
aparılıb, fontan və hovuz inşa edilib, parkın ərazisinə
1600 kvadratmetrdən çox beton plitə döşənib,
gül kolları və dekorativ bitkilər əkilib, yeni
işıqlandırma sistemi qurulub.
Keçən il rayon mərkəzində və bir sıra kəndlərdə primitiv, mənəvi cəhətdən köhnələn köşk və xidmət obyektlərinin müasir üslublu tikililərlə əvəz olunması davam etdirilib. 20 Yanvar küçəsindəki kanalizasiya xətlərinin inşası, eləcə də yeni işıqlandırma sisteminin quraşdırılması başa çatdırılıb və ərazidə xeyli təmizlik, abadlıq işləri görülüb. Bundan əlavə, həmin küçədə səkilərə və yol kənarlarına asfalt örtük vurulub, piyadaların hərəkəti üçün nəzərdə tutulan səkinin inşası başa çatdırılıb.
İl ərzində rayon icra hakimiyyətinin təşəbbüsü ilə iməciliklər keçirilib, şəhərin Heydər Əliyev, Oğuz, N. Nərimanov, Koroğlu, 20 Yanvar, Azərbaycan küçələrində bir sıra həyətyanı divarlar sökülərək yenidən inşa olunub, ərazidəki bağlarda quru ağaclar kəsilib və səliqə-sahman yaradılıb. Koroğlu küçəsində həyətlərin çöl divarları yenidən suvanıb, ümumilikdə ərazidə 25000 kvadratmetrdən yuxarı rəngləmə işləri aparılıb. Eləcə də şəhərin Oğuz küçəsində 3 binanın, həmin küçədəki 40 saylı binanın həyətindəki talvarın üst örtüyünün 11200 kvadratmetr sahəsi dəyişdirilib, Heydər Əliyev küçəsindəki 136 və 138 saylı yaşayış binalarının fasadı rənglənib, 13 ticarət xidməti obyekti yenidən inşa olunaraq fəaliyyətə başlayıb.
Qeyd olunan küçədəki 2 ədəd çörəkbişirmə sexində əsaslı yenidənqurma işləri aparılıb, bir ədəd bərbərxana, 1 ədəd dərzi sexi, 2 ədəd istifadə olunmayan bina sökülərək yenidən tikilib. Həmin ərazidəki elektrik xətləri yeraltı xətlərlə əvəz olunub, rayon Tarix-Diyarşünaslıq Muzeyinin divarları rənglənib, kompyuter mərkəzində əsaslı təmir işləri aparılıb, rayonun Ağdaş rayon tərəfdən giriş hissəsində müasir üslublu ünvan göstəricisi inşa edilib.
İcra başçısının hesabatını daha əlamətdar və zəngin edən məqamlardan biri də o idi ki, Arzu müəllim görülmüş işlər barədə söhbət açarkən sırf Ucarın sosial-iqtisadi və ya ictimai-siyasi həyatı barədə faktlarla kifayətlənmir, öz fikirlərini bütövlükdə ölkənin həyatındakı əlamətdar hadisələr və faktlarla əlaqələndirirdi.
Natiq bildirdi ki, Prezident İlham Əliyevin 2010-cu ili respublikamızda “Ekologiya ili” elan etməsi, hər yerdə olduğu kimi, rayonda da ümumxalq hərəkatına çevrilmişdir. Belə ki, ağacəkmə kompaniyasında yüzlərlə ucarlı həvəslə iştirak edir. Bir faktı vurğulayaq ki, 2009-cu ildə rayonun bütün ərazisində, o cümlədən rayon mərkəzində və Bakı-Qazax avtomobil yolunun rayon ərazisindən keçən hissəsində 10 mindən çox yerli və dekorativ ağac, o cümlədən gül kolları əkilib.
Məruzəçi qeyd etdi ki, əvvəlki illərdə olduğu kimi 2009-cu ildə də ölkədə aparılan iqtisadi islahatlara uyğun olaraq rayonun sosial-iqtisadi inkişafının, əhalinin məşğulluğunun təmin edilməsi, maddi rifah halının yaxşılaşıdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilib.
Bunun nəticəsidir ki, rayonda ümumi daxili məhsul istehsalı 4,8, investisiya qoyuluşu 23,1, kənd təsərrüfatı məhsulları istehsalının həcmi 6,3, pərakəndə əmtəə dövriyyəsi 19,1, büdcə gəlirləri 9,6, əhalinin pul gəlirləri 15,9, orta aylıq əmək haqqı 20,4 faiz artmış, yoxsulluq səviyyəsi 15 faizdən 12 faizə düşmüşdür.
Biz Ucar haqqında əvvəlki yazılarımızdan birində qeyd etmişdik ki, bu gün rayonda dövlət başçımızın təsdiq etdiyi dövlət proqramlarından irəli gələn vəzifələr məhz dövlətin tələb etdiyi səviyyədə icra edilir. Rayon rəhbərinin hesabatından eşitdiyimiz faktları həmin fikirlərin təsdiqi kimi qəbul edirdik. Arzu Qafurov çox qətiyyətlə bildirdi ki, Azərbaycan Respublikası Prezidentinin 14 aprel 2009-cu il tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionların 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq rayonda müvafiq tədbirlərin icrasına başlanmışdır.
Dövlət Proqramına uyğun olaraq şəhərin M. Ə. Rəsulzadə küçəsində sahibkarın vəsaiti hesabına yeni konserv zavodunun tikintisi aparılmış rayon Baytarlıq İdarəsi üçün inzibati idarə binasının inşası davam etdirilməklə Aipout kəndində sahə baytarlıq məntəqəsinin tikintisi başa çatdırılmış, bu məqsədlərə 364,2 min manat vəsait xərclənmişdir.
Eləcə də Dövlət Proqramında nəzərdə tutulmuş magistral avtomobil yollarının ətrafının yaxşılaşdırılması maddəsinin icrası ilə əlaqədar daxili imkanlar hesabına Kürdəmir-Yevlax sahəsi üzrə 750, Ucar-Zərdab-Ağcabədi sahəsi üzrə 700, Göyçay-Bərgüşad sahəsi üzrə 200 və Ağdaş-Ləki sahəsi üzrə 550, cəmi 2200 ədəd ağac əkilməsi və becərilməsi təmin edilmişdir. Rayon ərazisindən keçən Bakı-Ələt-Qazax-Gürcüstan – dövlət sərhədi avtomobil yolunun Ucar-Yevlax hissəsinin tikintisi başa çatdırılmış və Ucar-Kürdəmir hissəsinin tikintisinin layihəsi üzrə işlər hazırda davam etdirilir.
Dövlət Proqramının icrası ilə əlaqədar rayonun ərazisindən keçən Türyançay və Göyçay çayının sağ və sol sahilləri boyunca Lək, Qəzyan, Şahlıq və digər kəndlərdə 246,2 min kubmetr həcmində 28,1 kilometr məsafədə bəndin təmiri, 190 kubmetr həcmində betonla sahilbərkitmə işləri görülüb, rayonun Mərkəzi ATS-i tam rekonstruksiya olunaraq istifadəyə verilib.
Rayon mərkəzində uzun müddət fəaliyyətsiz qalan broyler quşçuluq fabriki tam özəlləşdirildikdən sonra burada 2008-2009-cu illərdə əsaslı yenidənqurma işləri həyata keçirilib, 6 cücə yetişdirmə sexi yenidən qurulub, 4 sex istismara verilib, 3 sex hazır vəziyyətə gətirilib, 1 kəsim sexi qurulub və əlavə yardımçı binaların tikintisi davam etdirilib.
İl ərzində əhaliyə və digər istehlakçılara 468 ton quş əti satılıb və bununla da bazarda quş ətinin qiyməti aşağı salınıb. 81 nəfər yeni iş yeri ilə təmin olunub.
İl ərzində “Ucar-Konserv-Ko” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 115 min manatlıq 230 min şüşə nar şirəsi istehsal edilib.
Hesabat dövründə sahibkarlığın inkişaf etdirilməsi diqqət mərkəzində saxlanılıb, sahibkarlara dövlət qayğısı davam etdirilib.
Bunun da nəticəsində rayon iqtisadiyyatının inkişaf etdirilməsində qeyri-dövlət sektorunun xüsusi çəkisi artaraq 93,2 faiz təşkil edib.
Maraqlı və sevindirici məqamlardan biri də odur ki, bu gün həm Prezident İlham Əliyev, həm də Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva ölkənin bütün bölgələrində mədəniyyət və turizm ocaqlarının günün tələbləri səviyyəsində inkişaf etdirilməsi üçün daim qayğı göstərir, diqqət ayırırlar. Ucar camaatı bu qayğıdan çox səmərəli şəkildə bəhrələnir. Rayon icra hakimiyyətinin başçısının hesabatında bu məqama da xüsusi diqqət yetirildi.
Göstərildi ki, keçən il rayon mədəniyyət müəssisələrinin ayrı-ayrı nümayəndələri Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən bir sıra müsabiqə və baxışlarda iştirak edib. Görkəmli dramaturq Cəfər Cabbarlının anadan olmasının 110 illiyinə həsr olunmuş dördüncü respublika müsabiqəsində Ruslan Rəsulov, mahnı ifaçılığı üzrə Bərdə şəhərində keçirilən baxış-müsabiqədə Xələc kənd mədəniyyət evinin yetirməsi Sevinc Salmanova müvəffəqiyyətlə iştirak edib, Yuxarı Şilyan mədəniyyət evinin kollektivi isə Şəki şəhərində keçirilən dekoprativ-tətbiqi sənət ustalarının sərgisində toxuduqları xalça ilə qaliblərdən biri olub və Bakı şəhərində keçirilən müsabiqəyə vəsiqə alıblar.
Qeyd olunan dövrdə rayonun kitabxana və muzeylərində də məqsədyönlü tədbirlərin hazırlanıb keçirilməsinə diqqət yetirilib, bir sıra yazıçı və şairlərin yubileyləri ilə əlaqədar kitab müzakirələri, qiraət günləri təşkil olunub, sərgilər nümayiş etdirilib, Heydər Əliyev Muzeyi rayon sakinlərinin, xüsusilə məktəblilərin zirayətgahına çevrilib.
Ucarın təhsil sahəsindəki uğurları da ürəkaçan və təqdir edilməli səviyyədədir. Hesabatda bu sahənin nailiyyətləri barədə xüsusi vurğunluqla danışan icra başçısı görülən işləri xüsusilə qeyd etdi. Bildirdi ki, 2009-cu ildə rayon üzrə bir sıra məktəblərdə, o cümlədən şəhər 1,2, 4 və 5 saylı, Quləbənd, Müsüslü, Qazyan kənd 1 və 2 saylı, Qazıqumlaq kənd 2 saylı orta məktəblərində tədrisin keyfiyyəti daha yüksək olub, bu məktəblərdə şagirdlərin müstəqil həyata hərtərəfli hazırlanması işləri daha yaxşı təşkil olunub.
Keçən il rayon üzrə on birinci sinif şagirdləri buraxılış test imtahanlarını respublika Təhsil Nazirliyinin mərkəzləşdirilmiş qaydada müəyyən etdiyi formada vermiş, şagirdlərdən 802 nəfəri orta məktəbi bitirmək haqqında attestat almış, 2009-cu il məzunlarından 141 nəfəri, əvvəlki illər üzrə məzunlardan isə 12 nəfəri – rayon üzrə cəmi 153 nəfər ali məktəblərə qəbul olunmuşlar.
Məzunlardan 6 nəfəri qəbul imtahanlarında 600-dən çox, o cümlədən Orxan Ağayev, Səidə Baxışova 670 bal toplamışlar. Səidə Baxışova Prezident təqaüdünə layiq görülmüşdür.
2009-cu ildə rayon müəllimləri möhtərəm Prezidentimiz cənab İlham Əliyevin qayğısını daim öz üzərlərində hiss etmiş, şəhər 5 saylı orta məktəb “İlin ən yaxşı məktəbi”, şəhər 2 saylı məktəbin tarix müəllimi Hamlet Əliyev “İlin ən yaxşı müəllimi” müsabiqələrinin qalibi olmaqla müvafiq olaraq 10 min manat və 5 min manat pul mükafatları almış, Müsüslü kənd əsas məktəbin direktoru Nurəddin Xəlilov isə “Əməkdar müəllim” fəxri adına layiq görülmüşdür.
Daha sonra icra hakimiyyətinin başçısı rayon səhiyyəsinin qazandığı uğurları da qeyd etməyi unutmadı.
Xüsusilə qeyd edilməli məqamlardan biri də o idi ki, rayon rəhbəri istənilən sahədəki uğurlardan danışandan sonra “bütün bunlarla yanaşı” ifadəsini dilə gətirir, haqqında danışdığı sahənin nöqsanlarını göstərirdi. Bu isə hesabat tədbirində tənqid kimi səslənsə də, əslində gələcək uğurların rəhni kimi qəbul edilirdi.
Yığıncağın işində Azərbaycan Respublikası Prezident Administrasiyasının məsul işçisi Rəhim Məmmədov və Milli Məclisin deputatı Elton Məmmədov çıxış etdilər.
...Yazını başlayanda bir neçə həftə ölkə ərazisində “at oynadan” şaxtalı, qarlı günləri yada salmışdıq. Biz Ucardan qayıdanda isə yol boyu yazın uzaqda olmadığını göstərən seyrək dumanın və ot göyərdən çiskin yağışın şahidi olduq. Yalançı çərşənbə geridə qaldı, üç gündən sonra ilk çərşənbəni bayram edəcəyik. Ayağı sayalı olsun. Elə 2009-cu ildəki kimi.
İlqar HƏSƏNOV,
“Xalq qəzeti”nin bölgə
müxbiri
Xalq qəzeti.- 2010.- 21 fevral.- S. 5.