Minkənd məktəbinin 120 illiyi təntənə ilə qeyd edilmişdir

 

Fevralın 20-də Xırdalan şəhər mədəniyyət sarayında Laçın rayon Minkənd orta məktəbinin 120 illiyi təntənə ilə qeyd edilmişdir. Əvvəlcə Laçın Rayon İcra Hakimiyyətinin sifarişi ilə çəkilmiş “Dağların ziyalılıq yaddaşı” sənədli filmi nümayiş etdirilmişdir.

 

Sonra Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Cəbrayılov Minkənd kənd orta məktəbinin, ümumiyyətlə, Laçında təhsilin keçdiyi tarixi yol barədə geniş məruzə etmişdir. Natiq bildirmişdir ki, Azərbaycan Respublikası Dövlət Tarix Arxivinin fond materiallarına əsasən, Qafqaz Təhsil Nazirliyinin Minkənd kənd birsinifli məktəbinin əsası 1890-cı ildə qoyulmuşdur. Məktəb 42 nəfər şagirdlə açılmış və ilk şəriət müəllimi Molla Vəli Kəlbəlayioğlu olmuşdur. 1896-cı ildə məktəbə ilk azərbaycanlı — Rəsul bəy Tahirov müdir təyin edilmişdir. 1912-ci ildə birsinifli məktəb ikisinifliyə çevrilmişdir. 1920-ci ildən 7 illik natamam məktəb, 1940-cı ildən isə orta məktəb kimi fəaliyyət göstərmişdir.

Yarandığı vaxtdan Minkənd məktəbi qonşu kəndlərin əhalisinin diqqətini cəlb etmiş, onlar da öz övladlarını oxutmaq üçün bura göndərmişlər. Həmin dövrdən başlayaraq Minkənd məktəbi Azərbaycanın cənub-qərbində savadsızlığın aradan qaldırılmasında, görkəmli şəxsiyyətlərin yetişməsində mühüm rol oynamışdır.

Vaxtilə Minkənd məktəbində təhsil alanlardan Nurməmməd bəy Şahsuvarov 1918-ci ildə Dağlılar Respublikasının xalq maarif naziri, 1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının sədri Nəsib bəy Yusifbəylinin birinci hökümət kabinetində maarif nazirinin müavini, 1920-ci ildə ikinci hökumət kabinetində maarif və dini işlər naziri təyin olunmuşdur. Aprel işğalından sonra Nurməmməd bəy Şahsuvarov Azərbaycan SSR xalq maarif komissarının müavini təyin edilmişdir. Bakı Dövlət Universitetinin təsis olunmasında, respublikada pedaqoji kadrların yetişdirilməsində, Azərbaycan məktəblərində rus dilinin tədrisi prinsiplərinin hazırlanmasında onun xüsusi xidmətləri olmuşdur. Vaxtilə Xalq Maarif Şöbəsinin Qarabağ bölgəsi üzrə inspektoru, ilk dəfə Laçın Təhsil Şöbəsinin müdiri, Şuşa Mədəni Maarif Texnikumunun direktoru vəzifəsində çalışmış Müseyib İlyasov, savadsızlığa qarşı mübarizədə xüsusi yeri olan Mirzəli İlyasov, Sumqayıt şəhər səhiyyəsinin qurucularından biri olan İzzət Sadıqov, Böyük Vətən müharibəsi illərində Azərbaycan Respublikası hərbi komissarının müavini işləmiş Vəli Əliyev də bu məktəbdə təhsil almışlar.

Məktəbin yetirmələrindən olan Mürsəl bəy və Surxay bəy Şahsuvarovlar Azərbaycan Demokratik Respublikasının göndərişi ilə Almaniyada təhsil almağa gedən ilk azərbaycanlılardan olmuşlar. Onların hər ikisi elmlər doktoru idi. Ümumiyyətlə, Minkənd məktəbinin məzunları arasında 10 elmlər doktoru, 22 elmlər namizədi vardır.

Məktəbin məzunlarından hazırda 18 saylı Laçın məktəbində müəllim işləyən Bacıxanım Lətifova, BDU-nun professoru Mustafa Qarayev əməkdar müəllimlərdir. Həmin məktəbdə işləmiş Cəfər Əhmədov da əməkdar müəllim olmaqla bərabər, “Lenin”, “Şərəf nişanı”, “Qırmızı əmək bayrağı” ordenləri ilə təltif olunmuşdur. Məktəbin məzunu olmuş, həm də orada direktor işləmiş Surxay Allahverdiyev “Şərəf nişanı” ordeninə layiq görülmüşdür. SSRİ maarif əlaçısı Əli Cəfərov rayonda, demək olar ki, böyük bir riyaziyyatçı ordusu yetişdirmişdir.

Minkənd məktəbi özünün vətənpərvər, mərd oğulları ilə öyünə bilər. Məktəbin məzunlarından 19 nəfər şəhidlik zirvəsinə yüksəlmişdir. Onlardan biri 20 Yanvarda, 18-i isə Qarabağ döyüşlərində şəhid olmuşdur. Azərbaycan Respublikasının Milli Qəhrəmanı Kamil Nəsibov da bu məktəbin məzunudur. Məktəbin adını daşıdığı şəhid Bayram Məmmədov ölkə Prezidenti İlham Əliyevin fərmanı ilə ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunmuşdur.

Yubiley mərasimində qeyd olunmuşdur ki, istər məzunlarının ali məktəblərə qəbulu, istərsə də maddi texniki bazasının möhkəmlənməsi cəhətdən ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi ötən əsrin 70-ci illəri Minkənd məktəbi üçün ən uğurlu dövr olmuşdur. Məktəb həmin illərdə ali və orta ixtisas məktəblərinə tələbə qəbulu üzrə respublikada öncül yerlərdən birini tutmuşdur. Ümummilli liderin göstərişi və qayğısı nəticəsində 1979-cu ildə Minkənd kəndində 620 yerlik müasir tipli məktəb binası tikilib istifadəyə verilmişdir.

İşğaldan sonra, 1992-ci ildən etibarən Minkənd məktəbi Abşeron rayonu Ceyranbatan Peşə Liseyinin yataqxanasının birinci mərtəbəsində fəaliyyət göstərir. Köçkünlük dövründə məktəbi 150-yə yaxın şagird bitirmişdir. Onlardan 35 nəfəri respublikamızın müxtəlif ali məktəblərinə daxil olmuşdur.

Hazırda məktəbdə 120 şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 27 nəfər müəllim məşğul olur. Məktəb bütün ixtisaslar üzrə fənn müəllimləri ilə təmin olunmuşdur. Müəllimlərdən bir nəfəri elmlər namizədi, bir nəfəri baş müəllim, bir nəfəri isə metodist müəllimdir. Beş nəfər müəllim Qarabağ müharibəsi veteranıdır.

Daha sonra bildirilmişdir ki, təhsilə, elmə, məktəbə göstərilən daimi diqqət və qayğının nəticəsidir ki, yubiley ərəfəsində ölkə Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə Minkənd kənd orta məktəbinin 2 müəllimi “Tərəqqi” medalı ilə təltif olunmuş, bir nəfər isə əməkdar müəllim adına layiq görülmüşdür.

Baş nazirin müavini, “Dövlətqaçqınkom”un sədri Əli Həsənov köçkünlük həyatı yaşamasına baxmayaraq, pedaqoji uğurlarını ildən-ilə artıran Minkənd orta məktəbinin müəllim və şagirdlərini əlamətdar yubiley münasibətilə təbrik etmiş, doğma yurd yerlərinə qayıdış gününün çox da uzaqda olmadığını bildirmişdir.

Respublikanın təhsil naziri Misir Mərdanov Azərbaycan təhsilinin, o cümlədən Minkənd orta məktəbinin tarixindən, keçdiyi şərəfli inkişaf yolundan, bugünkü uğurlarından danışmış, fərqlənən müəllimlərə Təhsil Nazirliyinin fəxri fərmanlarını və xüsusi mükafatlarını təqdim etmişdir.

Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən Minkənd kənd orta məktəbinə 3, Şuşa Rayon İcra Hakimiyyəti tərəfindən 2 kompüter dəsti hədiyyə edilmişdir. Prezident Administrasiyasının məsul işçisi Rövşən Ağayev yubiley mərasimində çıxış etmişdir.

Sonda ölkə Prezident İlham Əliyevə müraciət qəbul olunmuşdur. Yubiley təntənəsində incəsənət ustaları geniş konsert proqramı ilə çıxış etmişlər.

 

 

Ziyəddin SULTANOV,

“Xalq qəzeti”nin bölgə müxbiri

 

Xalq qəzeti.- 2010.- 21 fevral.- S. 5.