Qarabağ münaqişəsi regional maraqlar kontekstində

 

Azərbaycanın regionda coğrafi mövqeyi, Qərb və Şərq arasında körpü rolunu oynaması, Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin yaradılmasında Böyük İpək yolunun bərpasında fəal iştirak etməsi və qitənin enerji təhlükəsizliyində vacib rol oynayan ölkələrdən biri kimi zəngin təbii ehtiyatları, regionda tarixən olduğu kimi, bu gün də böyük dövlətlər arasında regional maraqların formalaşmasına və siyasi-iqtisadi rəqabətə səbəb olan amillərdən biri olmaqdadır.

 

Münaqişə vəziyyətini yaradan amillərdən danışarkən belə bir metodoloji prinsipi qeyd etmək yerinə düşər ki, etnik qruplar və dövlətlər arasındakı müasir münaqişələr böyük tarixi hadisələrin mirasıdır. Bu baxımdan Qarabağ münaqişəsinin də genezisi bariz nümunə kimi götürülə bilər.

Ümumiyyətlə, beynəlxalq münasibətlərin müasir real məntiqi tələb edir ki, iri dövlətlər regional münaqişələri vaxtında birgə səylə tənzimləməlidirlər. Yoxsa, onun fəalları təkcə münaqişə tərəflərinə deyil, regionun digər dövlətlərinə də təsirsiz ötüşməyəcəkdir. Ermənistanın təcavüzkarlıq siyasəti regionda inteqrasiya prosesinə, demokratikləşməyə mane olur və insan hüquqlarını pozur.

Sovet İttifaqının süqutundan sonra Cənubi Qafqazda geosiyasi proseslərin intensivliyi ilə böyük dövlətlərin maraqlarının müəyyən məqamlarda kəsişməsi paralellik təşkil edir. Artıq dünyanın və regionun aparıcı dövlətləri həmin gerçəklikdən çıxış edərək Cənubi Qafqaz siyasətlərini tənzimləyirlər. Bunların fonunda region dövlətlərinin yeritdikləri daxili və xarici siyasətin aktuallığı daha da artır. O cümlədən, Azərbaycanın bölgədəki mövqeyi daha böyük əhəmiyyət kəsb etməyə başlayır. Bunun əsas səbəbi Azərbaycanın Cənubi Qafqazda iqtisadi və mədəni baxımdan potensial lider dövlət olmasıdır.

“Azərbaycanın coğrafi mövqeyi özü onun xarici siyasətini müəyyən edir”, – deyən Prezident İlham Əliyev respublikamızın necə həssas və mürəkkəb geosiyasi məkanda yerləşməsinin fərqindədir və özünün xarici siyasət strategiyasını bölgənin xüsusiyyətlərini, özəlliklərini nəzərə almaqla həyata keçirir.

Ölkəmizin xarici siyasəti son dərəcə düşünülmüş proqram üzərində qurulmuş və uzaq geostrateji perspektivlərin nəzərə alınması ilə həyata keçirilir. Azərbaycan regionda maraqları toqquşan bütün dövlətlərlə əlaqələrini bərabərhüquqlu iqtisadi-siyasi tərəfdaşlıq səviyyəsində qurmağa müvəffəq olmuşdur. Azərbaycan Cənubi Qafqazda, bütövlükdə MDB və Avropa məkanında çox az sayda olan dövlətlərdən biridir ki, Rusiya, ABŞ, Türkiyə, İran və İsrail kimi maraqları toqquşan dövlətlərlə bərabər hüquqlu, qarşılıqlı hörmətə, praktiki əməkdaşlığa əsaslanan münasibətlər qurmağa nail olmuşdur.

2009-cu ildə münaqişənin həlli prosesində danışıqların intensivləşməsi daha fəal şəkil almışdır. Prezident İlham Əliyev , Rusiya Prezidenti Dmitri Medvedev və Ermənistan Prezidenti Serj Sərkisyanın 2008-ci ilin noyabrın 2-də da keçirilən görüşdən sonra “Moskva Bəyannaməsi”nin imzalanması, bunun ardınca prezidentlərin növbəti üçtərəfli görüşü 2009-cu ilin iyunun 4-də Sankt-Peterburqda, üçüncü görüşləri bir ay sonra Moskvada, dördüncü isə ötən ilin oktyabrında Kişinyovda MDB dövlət başçılarının sammiti çərçivəsində keçirilmişdir. 2009-cu ildə də Azərbaycan və Ermənistan prezidentlərinin altı görüşü olmuşdur. Bir il ərzində bu qədər görüşün keçirilməsini atəşkəs imzalandıqdan sonra münaqişənin həlli istiqamətində böyük bir fəallıq kimi qiymətləndirmək olar. Son iki ildə Rusiya – Azərbaycan münasibətlərinin inkişaf səviyyəsi, Azərbaycan və Ermənistan dövlət başçıları arasında altı görüşün ikisinin Rusiya Prezidentinin iştirakı ilə keçirilməsi, bir ildə iki dəfə Rusiya Prezidentinin Azərbaycana səfəri, eləcə də Rusiyanın Dağlıq Qarabağ münaqişəsində göstərdiyi fəallıq deməyə əsas verir ki, bu məsələ Moskvanın regional və dövlət maraqlarındadır.

Bu məsələlərlə paralel regionda digər müsbət tendensiya Türkiyə və Rusiya münasibətlərindəki ənənəvi qarşıdurma meyillərinin istiqamətinin dəyişməsi, iqtisadi tərəfdaşlıq və siyasi sahədə strateji müttəfiqlik səviyyəsinə qalxmasıdır. Rusiya və Türkiyə arasında yaxınlaşma iqtisadi-siyasi münasibətlərin dərinləşməsi, nəticə etibarilə Cənubi Qafqazdakı münaqişələrin həllinə də müsbət təsir göstərə bilər.

Cənubi Qafqaz regionunda geostrateji maraqları cəmləşmiş digər güc mərkəzlərindən biri də Türkiyədir. Türkiyə ilə münasibətlərin yeni mərhələyə keçməsi ulu öndər Heydər Əliyevin xarci siyasətinin uğurlarındandır. Bu siyasətin mahiyyəti onun dillər əzbərinə çevrilmiş “bir millət iki dövlət” formulunda öz əksini tapmışdır. Bu gün Türkiyə Azərbaycanın ən etibarlı siyasi müttəfiqi, bərabərhüquqlu iqtisadi tərəfdaşıdır.

Azərbaycanla Türkiyənin regionda sülhün və təhlükəsizliyin qorunması üçün həm ATƏT və BMT başda olmaqla bir çox beynəlxalq və regional təşkilatlar çərçivəsində həm ikitərəfli münasibətlərdə, həm də beynəlxalq aləmdə nümayiş etdirdiyi əməkdaşlıq klassik beynəlxalq münasibətlər nəzəriyyəsinin postulatları ilə üst-üstə düşür.

Hazırda Azərbaycan regionda fəaliyyət göstərən geosiyasi güc mərkəzlərinin, demək olar ki, hamısı ilə dostluq və əməkdaşlıq prinsipləri üzərində qurulan münasibətlər yaratmaqla, eyni zamanda, Qərblə və o cümlədən ABŞ-la strateji əməkdaşlığa yönəldilmiş siyasi xətti uğurla davam etdirməkdədir.

İri dövlətlərin və region ölkələrinin münaqişənin nizamlanmasına göstərdikləri cəhdlər o zaman konkret və rasional olur ki, münaqişə bilavasitə tərəflərin maraqlarından daha çox iri dövlətlərin və region ölkələrinin mənafelərinə ziyan vursun. Beynəlxalq təcrübə son vaxtlar sübut edir ki, mühüm siyasi münaqişələrin böyük dövlətlərin birgə səyi ilə həlli eyni zamanda, həmin ölkələr arasında kiçik ziddiyyətlərin də aradan götürülməsinə imkan yaradır. Bu baxımdan geostrateji regionda yerləşən Azərbaycan da Ermənistan tərəfindən təcavüzkarlıqdan yaxa qurtarmaq üçün iri dövlətlərin və region dövlətlərinin Qafqazda maraqlarının üst-üstə düşməsindən, münaqişənin həlli prosesinə regionda maraqların cəmləşməsindən, toqquşmasından məharətlə istifadə etməlidir.

Azərbaycan Respublikasının Qarabağ münaqişəsinə son iki ilə dair diplomatik uğurlarını aşağıdakı kimi müəyyənləşdirmək olar:

1. BMT-nin Baş Məclisinin geniş iclasında sessiyanın gündəliyində 20-ci bənd kimi öz əksini tapan “Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət”, 9 bənddən ibarət qətnamənin qəbulu BMT-nin yenidən Ermənistanı işğalçı dövlət kimi tanıması Azərbaycan üçün hər mənada strateji əhəmiyyətli qərardır.

2. NATO-nun 2008-ci il aprelin 24-də Buxarest zirvə toplantısı və Şimali Atlantika Şurası xarici işlər nazirlərinin dekabrın 2-3-də Brüssel toplantısı da açıq şəkildə Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə dəstək ifadə etmiş, münaqişənin ərazi bütövlüyü prinsipi əsasında həllini zəruri hesab etmişdir.

3. Rusiyanın təşəbbüsü və vasitəçiliyi ilə 2008-ci il noyabrın 2-də Azərbaycan və Ermənistan prezidentləri arasında imzalanmış “Mayın Dorf Bəyannaməsi”nin qəbulu mühüm elementləri özündə əks etdirir. İlk dəfə bu bəyannamədə rəsmi Yeravan münaqişə tərəfinin Dağlıq Qarabağ deyil, Ermənistan tərəfi olduğunu hüquqi baxımdan təsdiqləmişdir.

4. Rusiya, Azərbaycan və Ermənistan dövlətləri tərəfindən imzalanmış “Moskva Bəyannaməsi”ndə Ermənistan özü belə münaqişənin ərazi bütövlüyü çərçivəsində həllinin vacibliyinə imza atıb. Yəni, artıq İrəvan rəhbərliyi də Dağlıq Qarabağ və ətraf rayonların hamısının Azərbaycanın hüquqi ərazisi olduğunu dərk və qəbul edir.

5. Afinada keçirilən ATƏT-in xarci işlər nazirlərinin toplantısında münaqişənin ərazi bütövlüyü çərçivəsində həllinə ilk dəfə Ermənistanın qol çəkməsi, ərazi bütövlüyü və öz müqəddəratını təyinetmə hüququnun birgə tətbiqi o deməkdir ki, Dağlıq Qarabağa nə qədər yüksək özünüidarə hüququ verilirsə-verilsin, bu hüquq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində reallaşacaq.

6. 2009-cu il iyulun 10-da ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərinin prezidentləri Barak Obama, Nikola Sarkozi və Dmitri Medvedevin “Böyük səkkizlərin” İtaliyada keçirilən sammiti zamanı irəli sürülən “Madrid prinsipləri”nin yeni versiyası ilə bağlı bəyanatları münaqişənin tənzimlənməsi prosesinə impuls vermişdir.

Dövlət başçısının qətiyyətli və milli maraqlara əsaslanan xarici siyasət kursunun davam etməsi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində ciddi canlanma ilə müşahidə olunur. Münaqişə tərəfləri arasında aparılan birbaşa təmasların intensivləşməsi – həmsədrlərin iştirakı ilə xarici işlər nazirləri və dövlət başçıları səviyyəsində keçirilən görüşlər prosesin ciddi şəkildə irəlilədiyini deməyə əsas verir. Bu da təsadüfi deyil. Dünyada baş verən mühüm geosiyasi dəyişikliklər fonunda Cənubi Qafqazdakı bu əsas münaqişə ocağının söndürülməmiş qalması qlobal planda cərəyan edən proseslərə mənfi təsir göstərməklə yanaşı, burada iqtisadi və siyasi maraqları olan aparıcı dövlətlərin, habelə beynəlxalq təşkilatların mənafelərinə və regional maraqlarına da ciddi şəkildə təsir edir.

Region dövlətlərinin münaqişəyə biganə yanaşmasının nəticəsidir ki, Azərbaycanın bir milyon vətəndaşı məcburi köçkün vəziyyətində hələ də qalmaqdadır. Həmin vətəndaşlar insan yaşayışı üçün münasib olmayan yataqxanalarda və digər yerlərdə çətin vəziyyətdə yaşayırlar. Azərbaycan dövlətinin müharibə şəraitində olmasına baxmayaraq, məcburi köçkünlərin sosial problemləri dövlətin daim diqqət mərkəzində və nəzarətindədir. Qaçqınların və məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, yeni-yeni qəsəbələrin, yaşayış evlərinin istifadəyə verilməsi ölkə rəhbərliyinin bu məsələdə qaçqın və məcburi köçkünlərə qayğısının daha bir təzahürüdür.

Region dövlətləri və beynəlxalq təşkilatlar Qarakənd faciəsinə, Xocalı soyqırımına və işğal olunan digər rayonlarda baş verən faciələrə hələ də göz yummaqdadırlar. İşğalçı dövlətlə işğala məruz qalan dövlət arasında fərq qoymurlar və ikili siyasət yeridirlər. Eləcə də işğalçı dövlətə təzyiq etməkdənsə, əksinə Ermənistan dövlətinə himayədarlıq edirlər. Bu da Dağlıq Qarabağ münaqişəsinin uzanmasına səbəb olur.

Biz inanırıq ki, ümummilli lider Heydər Əliyevin xarici siyasət kursunu uğurla davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyevin yüksək diplomatik məharəti sayəsində Dağlıq Qarabağ məsələsi sülh yolu ilə həll olunacaq, bütün qaçqın və məcburi köçkünlər öz doğma torpaqlarına qayıdacaqlar.

 

 

Elnur ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

yanında Dövlət İdarəçilik Akademiyasının

rəhbər kadrların ixtisasının artırılması

fakültəsinin II kurs müdavimi

 

Xalq qəzeti.- 2010.- 21 fevral.- S. 4.