Beş min yaşlı Naxçıvan

 

(Naxçıvan səfərindən təəssüratlar)

 

İranın Mərənd şəhərini keçəndən xeyli sonra uzaqdan görünən “İlanlı dağ” könlümüzə, gözümüzə böyük bir seçinc bəxş etdi. Dumanlı və qaynar Təbriz görüşlərindən sonra , sanki ruhumuza bir dinclik hakim kəsildi. Culfa sərhəd məntəqəsində Arazı keçəndən sonra isə sanki başqa bir dünyaya düşdük. Elə sərhəddəcə qarşılaşdığımız Azərbaycanın sərhəd xidməti və gömrük işçiləri ilə ilk təmasımız bizi xeyli sevindirdi. Adını belə soruşa bilmədiyim sərhəd xidməti baş leytenantının “icazə versəniz, maşınınıza baxış keçirərdik” müraciəti də, gömrük kapitanının nəzakətli rəftarı da Naxçıvanın Culfa qapısında ilk təəssüratlarımız idi.

 

Naxçıvanın son illərdə çox böyük bir inkişaf yolu keçdiyini elə Culfa gömrük məntəqəsindən ayrılan kimi hiss edirsən. Yolboyu hektarlarla ərazidə əkilmiş ağaclar elə bil adamı salamlayır. Yolun rahatlığı və ətrafa heyranlığımız sürət həddini aşmağımızla nəticələnsə də, qonaq olmağımız bizi yol polislərinin ciddi xəbərdarlıqlardan qurtarır. Amma bir gün sonra gördük ki, getdiyimiz Ordubad — Naxçıvan yolu Naxçıvan — Sədərək yolunun yanında heç nə imiş. Bu yol ölkəmizdə ancaq yeni çəkilən “Aeroport yolu” ilə müqayisə oluna bilər. Bakıdakı yolun üstünlüyü isə, olsa-olsa, Naxçıvan — Sədərək yolundan iki dəfəyə qədər enli olması idi.

Yolüstü 15-20 il əvvəl olduğum Culfaya dönməyə qərar verdik. Yəni əslində, uzaqdan görünən yeni binalar bizi buraya, az qala, güclə dartıb gətirdi. Culfa şəhərinin mərkəzi küçəsi boyunca yeni inzibati binalar, xəstəxana, yeni avtovağzal, ideal təmizliyi ilə seçilən küçə və həyətləri, restavrasiya edilmiş yaşayış binaları diqqəti cəlb edir. Baş küçənin dirəndiyi dəmiryol vağzalının yenidən qurulan 100 yaşlı binası əsaslı təmirdən sonra istifadəyə verilib. Modern avadanlıqlarla təchiz edilən gözləmə zalı və digər otaqlarda bu gün XXI əsrin 10-cu ili ilə XX əsrin 10-cu ili başbaşa dayanıb. Elə oradaca öyrənirik ki, Naxçıvan Muxtar Respublikasının dəmir yolu əlaqəsi hər yerlə kəsilsə də, daxili xətlər işləyir, adamlara xidmət göstərir.

Naxçıvan şəhərinə çatanda axşam düşmüşdü. Amma yorğunluq hiss etmirdik. Daha doğrusu, olduqca təmiz küçələr, Azərbaycanın heç bir yerində rast gəlmədiyimiz rəqəmli işıqforlar və ən nəhayət, çox qədim və yeni Naxçıvanın çilçıraqla bəzədilən əzəmətli görkəmi yorğunluğumuzu belə unutdurmuşdu. “Təbriz” otelinin 10-cu mərtəbəsindən baxanda isə bu mənzərələr adamı heyrətləndirir. Qaranlıq gecənin fonunda, sanki, bir addımlıqda dayanmış “İlanlı dağ”ın silueti isə bu heyrəti qat-qat artırır.

 

***

 

Naxçıvanda Heydər Əliyev Muzeyində musiqidən tutmuş hər bir eksponata, şəkillərə, ulu öndərin dəst-xətti ilə işlənmiş qərar və sərəncamların əks olunduğu vərəqlərə qədər hər şey ulu və şanlı bir tarixdir. Amma burada diqqəti cəlb edən bir eksponat da var: tər-təmiz silinmiş, şüşəsi də, özü də par-par parıldayan neft lampası. Məhz bu “xoşbəxt lapmanın” işığında çox böyük tarixi qərarlar qəbul edilib, çox böyük tarixi görüşlər keçirilib. Amma bilavasitə ulu öndər ilə bağlılığı onu bu möhtəşəm saraya gətirib. Şübhəsiz ki, dili olsa idi 90-cı illərin o ağrılı və böhranlı dövründən çox danışardı. Amma danışa bilmir... Həm də ona görə danışa bilmir ki, indi az qala Naxçıvanda bütün neft lampaları ya muzeyə göndərilib, ya da evlərdə lazım olmayan bir avadanlıq olub. Çünki indi Naxçıvan Muxtar Respublikası elektrik enerjisi idxalçısından ixracatçısına çevrilmişdir. Muxtar respublikanın elektrik enerjisinə olan tələbatı 35-40 meqavatdır. Suvarma mövsümündə bu tələbat 55 meqavata qədər artır. 14 illik fasilədən sonra regiona təbii qazın verilməsi də elektrikə olan tələbatı xeyli azaldıb. Eyni zamanda, əhalinin tələbatı qədər elektrik enerjisi işlətməsi və dəyərini vaxtlı-vaxtında ödəməsi günün reallığıdır. 2009-cu ildə istehlakçılara verilən enerji haqqı 101,4 faiz ödənilib.

Muxtar respublikada energetika sahəsində əldə olunan uğurlar, ilk növbədə, regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarından irəli gələn vəzifələrin icrası ilə bağlıdır. Eyni zamanda, dövlət başçısının “Azərbaycan Respublikasında elektrik enerjisi təminatının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” 2 may 2005-ci il tarixli sərəncamı bu sahədə əhəmiyyətli rol oynayıb. Prezident İlham Əliyev muxtar respublikaya səfəri zamanı regionda həyata keçirilən tədbirlərin başlıca məqsədini belə açıqlayıb: “Maksimum dərəcədə Naxçıvanın öz resurslarına əsaslanıb elektrik enerjisi istehsalına imkan yaratmalıyıq”. Bu həm də o deməkdir ki, düşmənlə müharibə şəraitində yaşayan, ölkəmiz üçün mühüm əhəmiyyətli strateji regionun iqtisadi potensialını yaratmaq və inkişaf etdirmək üçün ardıcıl tədbirlər görülməli, ilk növbədə, onun enerji problemləri həll edilməlidir: “Bütün iqtisadi potensialın təməlində bu məsələlər dayanır. Əgər iqtisadi potensialı artırmaq istəyiriksə, enerji məsələləri mütləq həll olunmalıdır”.

Hazırda muxtar respublikada diqqət ucuz və alternativ enerji mənbələrinin yaranmasına yönəldilib və bu sahədə məqsədyönlü işlər aparılmaqdadır. Ordubad rayonu ərazisində Gilançay üzərində 20 meqavat gücündə “Biləv” Su Elektrik Stansiyasının tikintisi davam etdirilir. Bundan əlavə, Azərbaycan hökuməti ilə İran hökuməti arasında imzalanmış müqaviləyə əsasən, Araz çayı üzərində Ordubad Su Elektrik Stansiyasının tikintisi aparılacaq. Culfa rayonunun Gülüstan və Ordubad rayonunun Dəstə kəndləri arasında, biri İran, digəri Azərbaycan tərəfdən olmaqla, iki yeni kanal tipli elektrik stansiyasının inşası da artıq gündəmdədir. Mütəxəssislərin hesablamalarına görə, bu ərazidə hər birinin gücü 40 meqavat olmaqla iki elektrik stansiyası quraşdırmaq mümkündür. Layihə reallaşarsa, bu, muxtar respublika ərazisində ən iri su elektrik stansiyası olacaq. Yaxın illərdə külək və günəş enerjisi ilə işləyən qurğuların tikilməsi də nəzərdə tutulur. Bunun üçün indidən hazırlıq işləri həyata keçirilməkdədir. Əlavə olaraq, Gilançay üzərində, Naxçıvanın Batabat sahəsində yeni su elektrik stansiyalarının tikilməsi üçün hazırlıq işləri aparılır.

Şübhəsiz ki, bunların hər biri yaxın gələcəyin reallıqlarıdır. Ən önəmli bir reallıq da var ki, Naxçıvan ötən ildən Türkiyə Respublikasına 17 meqavat gücündə enerji verir.

Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının (2004-2008-ci illər) uğurlu icrası respublikamızın bütün bölgələrində olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da dinamik inkişafın yüksəlməsinə və artım meyillərinin əldə edilməsinə səbəb olub. Bunun nəticəsidir ki, Naxçıvan Azərbaycan iqtisadiyyatında artım sürətinə görə ilk yerdə dayanır.

2009-2013-cü illəri əhatə edən regionların inkişafı ilə bağlı yeni proqramın həyata keçirilməsi muxtar respublikada iqtisadi fəallığın və tarazlı inkişafın daha da sürətlənməsinə əhəmiyyətli dərəcədə zəmin yaradıb. Naxçıvan iqtisadiyyatı çoxşaxəli olması ilə fərqlənir. Sənaye, maşınqayırma, metallurgiya, kənd təsərrüfatı, emal sənayesi, turizm, xidmət, ticarət bölməsi və digər sahələrn inkişafı son illərdə dinamikliyi ilə diqqəti cəlb edir.

Ötən il Naxçıvanda türkdilli ölkələrin dövlət başçılarının IX zirvə görüşünün keçirilməsi qardaş ölkələrin dövlət başçılarının muxtar respublikanın bir sıra obyektlərində, o cümlədən, bütün regionda ən məşhur turizm və sanatoriya mərkəzi kimi tanınan “Duzdağ” mərkəzində olması bu bölgəyə marağın daha da artması üçün stimul verir.

 

***

 

Regionların sosial-iqtisadi inkişafı üzrə qəbul edilən dövlət proqramlarının tələblərinə uyğun olaraq Naxçıvanda quruculuq və tikinti işlərinə daha böyük yer ayrılır. Xüsusən, məktəb tikintisi önəmli yer tutur. Son 15 ildə muxtar respublikada 150-dən çox, təkcə ötən ildə isə 11 müasir tipli ümumtəhsil məktəbi tikilib istifadəyə verilmişdir. Eyni zamanda, məktəblərin texniki və kadr təminatının yaxşılaşdırılması, təhsil müəssisələrinin informasiya-kommunikasiya texnologiyaları və pulsuz dərsliklərlə təmin edilməsi, məktəb kitabxanalarının fəaliyyətinin təkmilləşdirilməsi sahəsində xeyli iş görülmüşdür. Ümumtəhsil məktəblərində təhsilin keyfiyyətlə aparılması üçün ilk dəfə olaraq 120 elektron lövhə quraşdırılmışdır. Ali məktəblərə qəbulun təhlili yüksək bal üzrə dinamikanın hər il artdığını göstərir. Əgər 2008-ci ildə 219 nəfər yüksək bal toplamışdısa, 2009-cu ildə 500-700 arasında yüksək nəticə göstərən abituriyentlərin sayı 232 nəfərə çatmışdır. İlk dəfə olaraq 9 nəfər Prezident təqaüdünə layiq görülmüşdür.

2009-cu ildə muxtar respublikanın ümumtəhsil məktəblərini bitirən məzunlardan 155-i Avropa və Asiyanın nüfuzlu ali məktəblərində təhsilini davam etdirmək hüququ qazanmışdır. Bütövlükdə, bu gün dünyanın qabaqcıl ali məktəblərində muxtar respublikadan 300-dən artıq gənc təhsil alır.

Şübhəsiz ki, Naxçıvanda təhsildən söhbət düşəndə Naxçıvan Dövlət Universitetindən danışmamaq mümkün deyil. O universitetdən ki, Azərbaycanın ali təhsil ailəsinin öndə gedən üzvlərindən biridir. O universitetdən ki, çoxyönlü olması ilə Naxçıvan Muxtar Respublikasının əsas elm, təhsil və fikir mərkəzlərindəndir. Universitetin rektoru, millət vəkili, akademik İsa Həbibbəyli deyir ki, strukturuna və fəaliyyətinə görə Naxçıvan Dövlət Universitetini klassik universitet adlandırırlar. Dünya universitetləri ilə geniş əlaqələr quran Naxçıvan Dövlət Universiteti Avrasiya məkanında çağdaş universitet kimi qəbul olunur. Universitetimizdə tədris prosesində və elmi tədqiqat işlərinin təşkilində ən yeni informasiya texnologiyalarından geniş istifadə olunur. Zəngin maddi-texniki bazamız və kadr potensialımız XXI əsrin prinsiplərinə uyğun gələn yüksək ixtisaslı mütəxəssislər hazırlamağa tam təminat verir.

Sözsüz ki, akademikin bu qısa təqdimatında bu universitet haqqında, onun böyük ənənələri haqqında çox az məlumat var. 15 il əvvəl 1000 nəfərə qədər tələbənin təhsil aldığı bu təhsil ocağında indi 4300 nəfər tələbə təhsil alır. Bizi universitetlə tanış edən akademikin təkcə tələbəyə, müəllimə yox, bütün universitetə necə qayğı və məhəbbətlə yanaşdığının şahidi oluruq. Doğurdan da, bu qayğı ədəbiyyatşünas və filosofların yazdığı ilahi və peyğəmbəranə bir vurğunluqdur. Rektor burada hər korpusu, hər auditoriyanı, hər mərtəbəni, hətta həyətdəki hər bir ağacı doğması kimi təqdim edir. Universitetin prorektoru, filoloq-alim Hüseyn müəllimin dediyi sözlər yadıma düşür: “İsa müəllim tez-tez Naxçıvanda və ölkədən xaricdə olur. Amma kənarda olduğu günlərdə də tez-tez zəng edir, təkcə müəllimləri, tələbələri, iş-gücü yox, hətta həyətdəki ağacları da soruşur”.

Heydər Əliyev ideyalarına sədaqətlə qulluq edən, Naxçıvan rəhbərliyinin əməli köməyini çox yüksək dəyərləndirən və ona arxalanan İsa müəllim əsl ziyalıdır.

Cəlil Məmmədquluzadəni müasir Azərbaycan ədəbiyyatşünaslığına layiqincə təqdim edib, layiq olduğu zirvəyə çatdıran bu insandan nə tale, nə də cəmiyyət heç nəyi əsirgəməyib. 60 yaşı 1-2 ay əvvəl tamam olan akademikə, olsa-olsa, 45-50 yaş vermək olar. O, akademikdir, “Şöhrət” ordenli millət vəkilidir, xoşbəxt ailə başçısıdır. Bu siyahıya çoxlu əlavələr də etmək mümkündür. Adama elə gəlir ki, İsa müəllim təkcə müəllimləri yox, hətta hər bir tələbəni də adbaad tanıyır.

Universitetdə çox bahalı müasir avadanlıqlarla təchiz olunmuş laboratoriyalar, auditoriyalar var. Burada müəllimlərin, dekan və kafedra müdirlərinin otaq və kabinetləri diqqəti cəlb edir. Amma stol, stul və kreslosuyla ən sadə kabinet rektora məxsusdur. Bu fərqi sual etmək istədim, amma cavabını da özüm verdim. Birincisi, bu, ali ziyalının təbiətində və xislətində yaşayan böyük sadəlikdir. İkincisi, İsa müəllimin qapısını təkcə böyük-böyük adamlar yox, sadə tələbələr, aspirantlar, çox-çox uzaqlardan gələn tələbə valideynləri də tez-tez döyür. Yəqin, onların sıxılıb-çəkinməməsi üçün də o belə edib.

 

***

 

Son illərdə Naxçıvanda aparılan uğurlu dövlət siyasəti iqtisadi tərəqqi, bütövlükdə, Azərbaycan dövlətinin inkişaf və quruculuq tarixidir. Beş min illik tarixi olan Naxçıvanın taleyində isə bu tarix inkişaf və yeniləşmə istiqamətində böyük bir təntənədir. Məhz buna görədir ki, Naxçıvan Muxtar Respublikası Ermənistanın işğalçılıq siyasətində Azərbaycanın digər bölgələri ilə, xüsusilə də paytaxtla, hava nəqliyyatı istisna olmaqla, nəqliyyat-kommunikasiya əlaqələrindən təcrid olunmuş vəziyyətdə olsa belə pozitiv inkişafını davam etdirməyə qadir olan bir bölgə kimi diqqət mərkəzində durur.

 

Məqalə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim olunur

 

 

Namiq ƏHMƏDOV,

“Xalq qəzeti”

Naxçıvan-Bakı

 

Xalq qəzeti.- 2010.- 21 fevral.- S. 3.