İncəsənətimizin dəyərli tədqiqatçısı

 

Son illər biz nə qədər dəyərli insanları itirdik. Bu gün onlar haqqında bizə ancaq şirin xatirələr yadigar qalıb. Milli-mənəvi dəyərlərimizin təbliğatçısı və tədqiqatçısı, respublikanın əməkdar incəsənət xadimi, professor Leyla Cəmil qızı Axundzadənin də vaxtsız ölüm xəbəri onun sənətinin pərəstişkarlarını qəlbən sarsıtdı.

 

Onu tanıyanlar, yaradıcılığı, elmi fəaliyyəti ilə yaxından tanış olanlar yaxşı bilirdilər ki, Leyla xanım Azərbaycan mədəniyyətinin, sənətşünaslıq elmimizin inkişafına böyük töhfələr vermiş bir alim idi. Leyla xanımın bütün həyatı milli-mənəvi dəyərlərimizin təbliği, sənətşünaslıq elminin inkişafı və tədrisi ilə bağlı olmuşdur. O, milli mədəniyyətimizin xarici ölkələrdə tanınmasında əhəmiyyətli xidmətləri olan vətənpərvər, xalqını sevən bir insan idi.

Leyla Axundzadə 1953-cü il iyun ayının 21-də anadan olmuşdu. Ömür vəfa etsə idi, 4 aydan sonra 57 yaşı tamam olacaqdı. Bu illərdə Leyla xanım böyük və mənalı bir həyat yolu keçmişdir.

O, ali təhsilini Moskvada M.Lomonosov adına Dövlət Universitetinin tarix fakültəsinin sənətşünaslıq şöbəsində almışdı. 1975-ci ildə bu ali məktəbi bitirdikdən sonra Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət Universitetinin təsviri incəsənət şöbəsinin əməkdaşı kimi fəaliyyətə başlamış və elə buradaca sənətşünaslıq namizədi elmi dərəcəsini almışdır.

Ümumiyyətlə, Leyla xanımın bu universitetdəki elmi fəaliyyəti Azərbaycanda sənətşünaslığın inkişafı ilə bağlı olmuşdur. Onun dərc etdirdiyi məqalələrdə milli-mənəvi dəyərlərimizin qorunması, gələcək nəsillərə çatdırılması yolları araşdırılır, müasirlik ənənələrinə sədaqət nümunəsi əks olunurdu.

Leyla xanım hələ 1978-ci ildən Azərbaycan Rəssamlar İttifaqına üzv qəbul olunmuşdu. Bu, onun yaradıcılığında rəssamlıq sənətinin geniş yer alması ilə bağı idi. Milli rəssamlığın tədqiqi sahəsində Leyla xanımın elmi məqalələri olduqca əhəmiyyətlidir.

Bir məsələni xüsusilə vurğulamaq istərdim. Qeyd etdim ki, bu istedadlı tədqiqatçı Azərbaycan mədəniyyətinin xarici ölkələrdə təbliğində əhəmiyyətli rol oynamışdır. Onun müasir Azərbaycan incəsənətinin problemlərindən bəhs edən 40-dan artıq elmi məqaləsi təkcə ölkəmizdə deyil, Türkiyədə, Almaniyada, İtaliyada və Rusiyada nəşr olunaraq geniş şəkildə yayılmışdır.

Doğrudan da, Leyla xanım Azərbaycan incəsənətinin dönməz təbliğatçısı kimi böyük tədbirlərin təşkilatçısı olmuş, bir sıra ölkələrdə Azərbaycan mədəniyyəti ilə bağlı konfrans və simpoziumlarda geniş məruzələrlə çıxış etmişdir. Onun çıxışları həmişə böyük maraqla dinlənilmiş, yüksək səviyyədə qiymətləndirilmişdir.

O, həm də çox bacarıqlı təşkilatçı idi. Hələ 2000-ci ildə “Zamanın qanadları” adlı Yaradıcılıq Assosiasiyasının təsisçisi və direktoru olmuşdur. Onun burada həyata keçirdiyi tədbirlər milli-mənəvi dəyərlərimizin geniş təbliği məqsədi daşıyırdı. Leyla xanım xüsusilə gənc sənətçilərə dəstək verməyi həmişə başlıca vəzifə hesab edirdi. Burada gənc rəssamlar, sənətşünaslar və musiqiçilər toplaşır, öz problemləri ətrafında müzakirələr aparırdılar. Assosiasiyanın üzvləri Almaniya, Rusiya, Fransa, Serbiya, Yunanıstan, Norveç, Türkiyə, İtaliya və digər ölkələrdə təşkil olunan beynəlxalq sərgilərdə uğurla iştirak etmişlər.

Leyla xanım Azərbaycanda incəsənət üzrə ixtisasçı kadrların yetişdirilməsi sahəsində də uzun illər çalışmışdır. 1990- 2000-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və incəsənət Universitetində Təsviri İncəsənət kafedrasının müdiri kimi fəaliyyət göstərmişdir. Bu universitetdə çalışdığı dövrdə sənətşünaslıq üzrə bir sıra elmi işlərin aparılmasına da rəhbərlik etmişdir.

2000-ci ildə ulu öndər Heydər Əliyevin fərmanı ilə Azərbaycan Dövlət Rəssamlıq Akademiyası yaradılandan sonra Leyla xanım bu akademiyaya keçərək, orada Təsviri incəsənət tarixi kafedrasının müdiri kimi fəaliyyətə başlamışdır. Onun tərəfindən Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının tələbələri üçün müasir fotoqrafiya, videoart, aparıcı Avropa və Amerika rəssamları haqqında treninqlər təşkil olunmuşdur.

Bu gün Leyla xanımın tələbələri Azərbaycan incəsənətinin inkişafına öz töhfələrini verir, sənətşünaslıq elminin tərəqqisi yolunda inamla çalışırlar.

4 il idi ki, Leyla xanım Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin Təsviri və dekorativ sənət sektorunun müdiri vəzifəsində çalışırdı. Bu illər ərzində mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərliyi altında həyata keçirilən əksər incəsənət tədbirlərində Leyla xanım da yaxından iştirak etmişdir.

Leyla xanım hələ nazirliyə işə gəlməzdən əvvəl də öz təşkilatçılıq bacarığı ilə seçilmişdir. Mən Leyla xanımın təşkilatçılığı ilə keçirilən bir neçə beynəlxalq sərginin şahidi olmuşam. O, necə böyük vətənpərvər insan idi. Çalışırdı ki, Azərbaycan, onun milli-mənəvi dəyərləri ilə xarici ölkə vətəndaşları daha yaxından tanış olsunlar, Azərbaycanımızı yaxından tanısınlar.

Leyla xanım beynəlxalq simpozium və konfranslardakı çıxışlarında da bu məsələlərə xüsusi önəm verirdi. 1999-cu ildə Türkiyənin Sparta şəhərində “Türk xalqlarının incəsənəti”, 2002-ci ildə Fransanın Strasburq şəhərində “Mədəni müxtəliflik”, 2003-cü ildə Gürcüstanın paytaxtında keçirilən “Karvansaray”, İtaliyanın Venesiya şəhərində keçirilən “Qonşuların dialoqu”, Serbiyanın paytaxtında keçirilən “Yeni ideyalar” konfrans və simpoziumların iştirakçısı olmuş, Azərbaycan incəsənəti və digər mövzularda məruzələrlə çıxış etmişdir.

1998-ci ildə Amerika Birləşmiş Ştatlarının paytaxtında Ümumdünya Bankının Rəsm Qalereyasında Leyla xanımın təşkil etdiyi “Azərbaycan rəngkarlığı” sərgisi Azərbaycan incəsənətinin təbliği nöqteyi-nəzərindən çox əhəmiyyətli bir tədbir olmuşdur. Bundan başqa Leyla xanımın təşkilatçılığı ilə Bakıda keçirilən “Oriyentalizm daxildən və xaricdən”, “7+7" sərgilərində müasir incəsənətin yeni nailiyyətləri öz əksini tapmışdır.

İtaliyada “Venesiya Biennalesi”ndə Azərbaycan pavilyonunun təşkilində Leyla xanımın xüsusi rolu olmuşdur. Eyni zamanda, 2005-ci ildə Moskva rəssamlarının sərgisini də Leyla xanım xüsusi zövqlə hazırlamışdı. Moskvada isə 2006-cı ildə Azərbaycan rəssamlarının sərgisini təşkil etmişdi. Sərgi Moskvanın Dövlət Müasir İncəsənət Muzeyində keçirilmişdi.

Leyla xanımın ən böyük xidmətlərindən biri Azərbaycanda “Aliminium” Beynəlxalq Müasir İncəsənət Biennalesinin təşəbbüsçüsü və təşkilatçısı olması idi. Bu beynəlxalq tədbirə dünyanın müxtəlif ölkələrindən sənət adamları dəvət olunur, onların əsərlərinin sərgiləri təşkil edilir, eyni zamanda müasir incəsənətin problemləri ilə bağlı müzakirələr aparılır. 2003, 2005, 2007 və 2009-cu illərdə keçirilən bu beynəlxalq tədbirlərdə Azərbaycan incəsənəti də əsaslı şəkildə yer almışdır.

Leyla xanımın mühüm xidmətlərindən biri də “XX əsr dünya incəsənəti” adlı monoqrafiyanın hazırlanması olmuşdur. Bu monoqrafiya XX əsr dünya incəsənət tarixindən bəhs edən Azərbaycan dilində yazılmış ilk əsərdir. Müəllif Azərbaycan oxucusunu dünyanın müxtəlif ölkələrinin məşhur sənətçiləri, onların əsərləri ilə tanış edir, bəşəri dəyərlərə çevrilmiş bu əsərlərin əhəmiyyəti barədə söhbət açır.

Leyla Axundzadə gözəl pedaqoq, görkəmli alim, istedadlı sənətşünas idi. Mənə də onun tələbəsi olmaq şərəfi nəsib olmuşdur. Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil aldığım illərdə onun mühazirələrini dinləmiş, incəsənət haqqında söhbətlərinə qulaq asmışam.

Rəssamlar İttifaqında çalışdığım illərdə də Leyla xanımla tez-tez görüşür, onun məsləhətlərini, tövsiyələrini dinləyirdim. Leyla xanım gənclərlə işləməyi xoşlayırdı. O, çalışırdı ki, yaradıcı gənclər daxilən azad olsunlar, müasir problemləri öz əsərlərinə gətirsinlər.

Leyla xanım çox işləyirdi. Son vaxtlar deyirdi ki, möhkəm yorulmuşam. Amma işləyirdi. Elə ay olmurdu ki, onun təşəbbüsü ilə tədbir keçirilməsin. Müasirliyi çox sevirdi. Bizim mədəniyyətimizin Avropaya inteqrasiyası üçün çox səy göstərirdi. Deyirdi ki, gənclər Azərbaycanın gələcəyidir. Gənclərlə çox işləmək lazımdır. Elə işləyirdi də.

Bu gözəl insanın, istedadlı alimin xatirəsi onun tələbələrinin, mədəniyyət və incəsənət xadimlərimizin xatirəsindən heç zaman silinməyəcək.

 

 

Elçin ORUCOV,

rəssam

 

Xalq qəzeti.- 2010.- 20 fevral.- S. 7.