Abşeron: rahatlığın və xoş güzəranın ünvanı

 

2005-ci ilin ikinci yarısından başlayaraq Abşeron rayonunda həyata keçirilən genişmiqyaslı abadlıq-quruculuq işləri 2009-cu ildə də eyni sürət və inkişaf tempi ilə davam etmişdir. Bütün sahələr üzrə nəzərəçarpacaq dərəcədə tərəqqi və yeniləşmə meyilləri hiss olunmuşdur. “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi nəzarətdə saxlanılmışdır.

 

Ötən il rayonda kənd təsərrüfatı məhsulları istehsalının artımı istiqamətində bir sıra tədbirlər həyata keçirilmişdir. Bunun nəticəsidir ki, məhsul istehsalının həcmi əvvəlki illə müqayisədə xeyli artmışdır. Belə ki, taxıl istehsalı 393 tondan 684 tona, bostan məhsulları 612 tondan 1137 tona, tərəvəz istehsalı 4917 tondan 4936 tona çatdırılmış, bağlardan 1520 ton meyvə toplanılmışdır. Süd istehsalı 1434 ton, yun istehsalı 70 sentner, yumurta istehsalı 67 milyon ədəd artırılmış, başqa sözlə 32280 ton süd, 2684 sentner yun, 250,3 milyon ədəd yumurta istehsal olunmuşdur.

Rayonun sənaye müəssisələri il ərzində 85 milyon 550 min manatlıq məhsul istehsal etmişdir. 2009-cu ildə rayonda qeydiyyatda olan müxtəlif mülkiyyət formasına aid tikinti müəssisələri 288,3 milyon manatlıq tikinti-quraşdırma işi görmüşlər. Qeyri-dövlət sektorunun tikinti müəssisələri işlərin həcmini əvvəlki illə müqayisədə 25,9 faiz artırmışlar.

Prezident İlham Əliyevin göstərişi əsasında Xırdalan şəhərindən keçən Bakı-Quba və Bakı-Şamaxı avtomagistrallarının dünya standartlarına uyğun yenidən qurulması, Bakı-Quba avtomagistralının təkcə Xırdalan şəhəri ərazisindən keçən hissəsində üç ədəd möhtəşəm körpünün və yol ötürücülərinin tikilib istifadəyə verilməsi həm şəhərin ümumi görünüşünü gözəlləşdirmiş, həm də nəqliyyatın və piyadaların təhlükəsiz hərəkətinə imkan yaratmışdır.

Xırdalan şəhərində, Saray, Ceyranbatan və Hökməli qəsəbələrində, Masazır və Novxanı kəndlərində avtomagistrallar keçən ərazilərdə mühafizə zolaqları və mərkəzi küçələr boyunca üst-üstə 10156 kvadratmetr daş hasar çəkilmiş, 88603 kvadratmetr hasar suvanmış, 66389 kvadratmetr suvanmış hasar rənglənmiş, müxtəlif təyinatlı xidmət və istehsalat obyektlərinin 15116 kvadratmetrlik fasadı alkapon, üzlük daş və mozaik ornamentlərlə örtülmüşdür.

“Əsgər anası” abidə kompleksinin, “Ana və uşaq” parkının yenidən qurulması, Prezident İlham Əliyevin xeyir-duası ilə ucaldılmış rayon icra hakimiyyətinin inzibati binası və onun qarşısındakı meydanın yüksək səviyyədə abadlığı, buradakı musiqili fəvvarə və 16 metrlik qüllədə dalğalanan Dövlət Bayrağı, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti rayon şöbəsinin yeni inzibati binası şəhərimizə xüsusi gözəllik və möhtəşəmlik verir.

Şəhərin yeni yaşayış massivində Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün inşa olunmuş 81 mənzilli doqquzmərtəbəli yaraşıqlı yaşayış evi və onun ətrafında aparılmış göz oxşayan abadlıq və yaşıllıq, eləcə də avtomagistraldan həmin binayadək yolun genişləndirilməsi və asfaltlanması, ətrafının yaşıllaşdırılması sakinlərə qiymətli töhfə olmuşdur.

Şəhər, qəsəbə və kəndlərə müasirlik və əzəmət verən hündürmərtəbəli, 1350 mənzilli yaşayış evlərinin tikintisi davam etdirilmiş, il ərzində rayon ərazisində 225 fərdi ev tikilmiş və Dövlət Fondunda olan 104 mənzil özəlləşdirilmişdir.

Çoxmərtəbəli, çoxmənzilli yaşayış binalarının əsaslı təmirinə diqqət artırılmışdır. Belə ki, Xırdalan şəhərində daha 35, Ceyranbatan qəsəbəsində isə 4 yaşayış evinin dam örtüyü, pilləkən qəfəsi, fasadı və mühəndis-kommunikasiya qovşaqları əsaslı təmir olunmuşdur.

Özəl sektorun inkişafı üçün də şərait yaradılmış, Bakı-Sumqayıt avtomobil yoluna bitişik ərazidə “Riyad” ticarət mərkəzi istifadəyə verilmişdir.

Məcburi köçkün ailələri üçün Aşağı Güzdək qəsəbəsi yaxınlığında dörd fərdi yaşayış evinin tikintisi başa çatdırılmış, 12 fərdi yaşayış evinin tikintisi isə davam etdirilir.

2009-cu ildə daxili imkanlar hesabına Xırdalan şəhərində Heydər Əliyev prospektinin genişləndirilməsi və M.Ə.Rəsulzadə küçəsinin yenidən qurulması əsasən başa çatdırılmışdır. Şəhərdə 4202 poqonometr səki daşı düzülmüş, 18442 kubmetr çınqıl yayılmış, 73,3 min kvadratmetr asfalt örtük çəkilmişdir. Piyada səkilərinə 2089 kvadratmetr tamet döşənmiş, hasarlar 1344 kvadratmetr üzlük daş və qranitlə üzlənilmiş, 63 ədəd küçə işığı quraşdırılmış, 19960 ədəd ağac və bəzək kolu əkilmişdir.

Prospekt boyunca ötən il inşa olunmuş, memarlığın müasir tələblərinə cavab verən “Aksess Bank”ın və “Zamin Bank” ASC-nin rayon filiallarının yaraşıqlı binaları da xüsusi görkəmi ilə seçilir.

Kənd və qəsəbələr arası yolların, daxili küçələrin abadlaşdırılması il boyu davam etdirilmişdir. Üst-üstə 9536 kubmetr qırmadaş tökülərək yayılmış, 73354 kvadratmetr yol, küçə və səki asfaltlanmışdır.

2009-cu ildə rayonda elektrik enerjisi ilə təminatı daha da yaxşılaşdırmaq məqsədilə Masazırda 50 meqovolt amperlik yarımstansiyanın tikinti-quraşdırma işləri başa çatdırılmışdır.

Yaşayış məntəqələrində müxtəlif gücə malik 25 yeni transformator quraşdırılmış, 33 transformator əsaslı təmir olunmuş və ya daha güclüləri ilə əvəz edilmişdir. Yüksək gərginlikli xətlərdə 221 dayaq, 21,2 kilometr naqil təzələnmişdir. Bunlardan əlavə, daxili şəbəkənin yenidən qurulması məqsədilə 5040 dayaq basdırılmış, 178,1 kilometr “SİB” kabeli çəkilmiş, daha 10855 abonent üçün sayğac quraşdırılmışdır.

Xırdalan, Hökməli, Saray, Mehdiabad, Məmmədli, Görədil, Novxanı, Ceyranbatan, Aşağı Güzdək və Masazır yaşayış məntəqələrində 4 kilometr uzunluqda yeni qaz xətləri çəkilmiş, 6,3 kilometr uzunluqda korroziyaya uğramış xətlər dəyişdirilmiş, 12 qaz tənzimləyici şkaf quraşdırılmışdır.

Yaşayış məntəqələrinə 11,5 kilometr yeni su xətti çəkilmiş və ya təzələnmiş, 12080 abonent su sayğacı ilə təmin olunmuşdur. Daxili imkanlar hesabına 3,5 kilometr uzunluqda kanalizasiya xətti, Qobu qəsəbəsində isə yağış sularını ötürmək üçün 1620 poqonometr beton arx tikilmişdir.

Meliorasiya-irriqasiya tədbirlərinin həyata keçirilməsi məqsədilə Abşeron magistral kanalının yenidən qurulması, eləcə də Pirəkəşkül kəndində tutumu 15 min kubmetr olan su anbarının tikintisi ilə bağlı müvafiq sənədləşmələr aparılmışdır.

Məlumdur ki, 2007-ci il Abşeron rayonunda səhiyyə ili elan edilmiş və iki il ərzində bütün yaşayış məntəqələrində mövcud səhiyyə ocaqlarının hamısı əsaslı surətdə yenidən qurulmuşdur. Yerli bələdiyyələrin maliyyə dəstəyi ilə müasir tələblərə cavab verən səhiyyə müəssisələri inşa edilmişdir. Xəstəxana, poliklinika, həkim məntəqələri və ambulatoriyalar müasir tibbi avadanlıq, nəqliyyat vasitəsi və inventarlarla təchiz olunmuşdur. Görədil kəndində feldşer-mama məntəqəsinin tikilməsi ilə rayonda səhiyyənin maddi-texniki bazasının möhkəmləndirilməsi proqramı tam təmin edilmişdir. Hazırda əhaliyə səhiyyə xidməti 80 çarpayılıq rayon mərkəzi, 25 çarpayılıq Qobu və 50 çarpayılıq Saray qəsəbə xəstəxanaları tərəfindən göstərilir. Hər üç xəstəxana tam əsaslı təmir edilmiş, yumşaq və bərk inventarlarla, eləcə də tibbi avadanlıqlarla təmin olunmuşdur. Epidemioloji nəzarət gücləndirilmiş, yoluxucu xəstəliklərin qarşısını almaq məqsədi ilə dezinfeksiya və dezinseksiya işləri xeyli artırılmışdır.

2009-cu ildə mədəniyyət obyektlərinin tikintisinə və tarixi mədəniyyət abidələrinin bərpasına da qayğı ilə yanaşılmışdır. Heydər Əliyev muzeyinin işinin daha da təkmilləşdirilməsi ideoloji işin səviyyəsinin yüksəldilməsində mühüm rol oynamışdır. Tarix-diyarşünaslıq muzeyi də yetişməkdə olan nəslin vətənpərvərlik tərbiyəsi istiqamətində fəaliyyətini artırmışdır. Ceyranbatan və Qobu qəsəbələrində 200-220 yerlik tamaşaçı zalı olan, daxilində musiqi məktəbi və kitabxanalar yerləşəcək ikimərtəbəli mədəniyyət evlərinin tikinti-quraşdırma işləri davam etdirilir. Xırdalan şəhərində XIX əsrdən qalma tarix - memarlıq abidəsi olan hamam bərpa olunmuşdur. Heydər Əliyev adına parkda tikilmiş yaraşıqlı musiqili fəvvarə, burada fəaliyyətə başlamış yeni əyləncə obyektləri sakinlərin asudə vaxtını və istirahətini daha mənalı keçirmələri üçün şərait yaratmışdır.

Son dörd il ərzində Abşeron rayonunda 13 yeni orta məktəb binası, iki əlavə tədris korpusu və sinif otağı tikilib istifadəyə verilmiş, mövcud məktəblərin hamısı əsaslı təmir edilmiş, çoxillik fasilədən sonra istilik şəbəkələri yenidən qurulmuş, şagird partası, yazı lövhəsi, kompyuter və digər inventarlar yetərincə təzələnmişdir.2009-cu ildə ümumtəhsil məktəbləri və məktəbəqədər uşaq müəssisələrinin şəbəkəsi daha da genişlənmişdir. Heydər Əliyev Fondunun təşəbbüsü ilə Masazır kəndinin yeni yaşayış massivində - “Qurtuluş-93"ün ərazisində 500 şagird yerlik orta məktəb istifadəyə verilmiş, burada 4 qrupluq 2 mərtəbəli uşaq bağçasının və idman kompleksinin tikintisi davam etdirilir. Qobu qəsəbəsində 4 qrupluq uşaq bağçasının tikintisi tamamlanmış, Xırdalan şəhərində 2, 3 və 17 saylı uşaq bağçalarının əsaslı təmiri aparılır.

Son illər orta məktəb məzunlarının ali məktəblərə qəbul sayı artır. 2009-cu ildə bu göstərici iki faiz artaraq 32 faizə çatmışdır. 7 məzun 600-dən, 37 məzun isə 500-dən artıq bal toplamışdır.

Aztəminatlı və şəhid ailələrinə, kimsəsizlərə, tənha ahıllara, ümumilikdə 539 nəfərə büdcədənkənar İnkişaf və Bərpa Fondundan 89,5 min manat yardım edilmişdir.

Yeni müəssisələrin, eləcə də fəaliyyəti bərpa edilmiş və ya genişləndirilmiş müəssisələrin hesabına ötən il 1151 yeni iş yeri açılmışdır. Beləliklə, 2004-cü ildən bəri rayonda açılan yeni iş yerlərinin sayı 8429-a çatmışdır.

2009-cu ildə Abşeron rayonunda görülmüş işlərdən,həyata keçirilmiş tədbirlərdən danışan icra hakimiyyətinin başçısı Zakir Fərəcov bildirdi ki, dövlət başçısı möhtərəm İlham Əliyevin Nazirlər Kabinetinin iclasındakı yekun nitqində Abşeron yarımadasında ekoloji vəziyyətin yaxşılaşdırılması ilə bağlı fikirlərinə uyğun olaraq Abşeronun həm neftlə, həm də neft tullantıları ilə çirklənmiş böyük ərazilərinin təmizlənməsi üçün işlər aparılır, insanlar həvəslə bu təşəbbüslərə qoşulurlar, iməciliklər keçirilir, kütləvi qaydada ağac əkilir. Təsadüfi deyil ki, 2009- cu ildə rayon ərazisində 93 mindən artıq ağac, 100 mindən çox müxtəlif bəzək kolu əkilmiş, park və xiyabanlarda minlərlə gül-çiçək becərilmiş, yaşıl örtüklü qazonların sahəsi genişləndirilmişdir. 2010-cu ildə qısa müddət ərzində rayonda 55,6 min ağac əkilmişdir ki, bunun da 9,5 mini Xan çinarıdır. “Ekologiya ili” elan edilmiş 2010-cu ildə ən azı 130 min ağac əkilməsi nəzərdə tutulmuşdur.

Prezident İlham Əliyevin bölgələrə , o cümlədən son dörd ildə dörd dəfə Abşeron rayonuna səfəri, xüsusilə ötən ilin 24 dekabrında, özünün doğum günündə burada olması, aparılan quruculuq işlərini yüksək qiymətləndirməsi hamını hədsiz sevindirmiş, Abşeronu ölkənin ən abad, ekoloji cəhətdən sağlam guşəsinə çevirməyə ruhlandırmışdır.

“Aztelekom”un rayon qovşağı il ərzində yaşayış məntəqələrində yeni nəsil şəbəkə avadanlığının dəyişdirilməsi ilə əlaqədar 34,1 kilometr fiber-optik kabel quraşdırmaqla mövcud ATS-lərin tutumunu 17896 nömrə artıraraq 41600-ə çatdırmış, Masazır kəndində daha bir ATS tikib istifadəyə vermişdir. İl ərzində 3207 abonentə telefon çəkilmişdir.

Abşeron Poçtamtı xidmətin səviyyəsini yüksəltməklə illik gəlir proqnozuna 115 faiz əməl etmişdir.

Rayonda məskunlaşmış 5494 məcburi köçkün ailəsinin sosial-məişət problemlərinin həllinə 2009-cu ildə də həssaslıqla yanaşılmışdır. Ötən il Bakı Dövlət Humanitar Kollecinin iki yataqxanası təmir edilmiş, məcburi köçkün ailələrinin enerji və su problemlərinin həlli məqsədilə transformator, iki komplekt su və çirkab su nasosu ayrılmışdır.

Abadlıq-quruculuq işlərində, yerli əhəmiyyətli məsələlərin həllində bələdiyyələr 2009-cu ildə də yaxından iştirak etmişlər. Ötən ilin 23 dekabrında keçirilmiş bələdiyyə seçkilərində abşeronlu seçicilər yüksək fəallıq nümayiş etdirmişlər, seçkilər şəffaf, demokratik şəraitdə keçmişdir.

Təməlini ulu öndər Heydər Əliyevin qoyduğu və Prezident İlham Əliyev tərəfindən daha da möhkəmlənmiş Misir Ərəb Respublikası ilə Azərbaycan arasında dostluq və qarşılıqlı əməkdaşlığa dair dövlətlərarası saziş, müqavilə və memorandumla təsdiq olunmuş sənədlər paketinə Qalyubeya vilayəti ilə Abşeron rayonunun dostluq, qardaşlıq və qarşılıqlı əməkdaşlığına dair ayrıca memorandum daxil edilmişdir. Xırdalan şəhərində MƏR Prezidenti Hüsni Mübarəkin adını daşıyan və onun abidəsi qoyulmuş “Azərbaycan-Misir Dostluğu” parkı salınmış, 9 saylı orta məktəbə Misirin birinci xanımı Syuzen Mübarəkin adı verilmiş və məktəb ərəb təmayüllüyünə keçmiş, şəhərin ən abad küçələrindən biri “Qalyubeya” küçəsi adlandırılmış, dəfələrlə dost ölkənin nümayəndə heyətləri Abşeron rayonunda işgüzar səfərlərdə olmuşdur. Bu əlaqələr misirlilərdə Azərbaycana, ölkə rəhbərliyinə, bütövlükdə xalqımıza rəğbət hissini artırmışdır. Eyni zamanda Qahirə ilə bitişik Qalyubeya şəhərində ümummilli lider Heydər Əliyevin şərəfinə 7 hektarlıq ərazidə yaraşıqlı park salınmış və abidə kompleksi ucaldılmış, ən geniş küçələrdən biri “Azərbaycan” adlandırılmışdır.

Ötən ilin sentyabrında Qalyubeya şəhərində tikilib istifadəyə verilmiş nəhəng məktəb kompleksinin təntənəli açılışında və bu möhtəşəm təhsil ocağına Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın adının verilməsi mərasimində Misir tərəfinin dəvəti ilə icra başçısı Zakir Fərəcovun başçılıq etdiyi nümayəndə heyəti də iştirak etmişdir.

Qardaş Türkiyənin Bursa şəhəri ilə Xırdalan şəhəri arasında bələdiyyələrin əməkdaşlığı inkişaf etməkdədir. Türk dünyasının böyük oğlu Heydər Əliyevin şəxsiyyətinə sonsuz ehtiram əlaməti olaraq Bursada böyük bir ərazidə park salınmış və Heydər Əliyevin büstü qoyulmuşdur. Təntənəli açılış mərasiminə dəvət olunmuş nümayəndə heyəti xalqımıza, ümummilli lider Heydər Əliyevə bursalıların sonsuz rəğbətinin şahidi olmuşdur.

... Abşeron rayonuna tez-tez yolum düşür. Buradakı hər bir yeniliyin, inkişafın şahidiyəm, desəm, yanılmaram. Əlbəttə, Abşeron təkcə mənim yox, demək olar, bütün ölkənin gözü önündə təzələnir, insanlar böyük həvəslə, necə deyərlər, könül xoşluğu ilə bu diyarın sakini olmaq istəyirlər. Çünki hamı yaxşı başa düşür ki, bura məhz rahatlığın və xoş güzəranın ünvanıdır.

 

 

Səməd HÜSEYNOĞLU,

“Xalq qəzeti”nin bölgə müxbiri

 

Xalq qəzeti.- 2010.- 20 fevral.- S. 5.