Azərbaycanda həyata keçirilən sənayeləşmə siyasəti uğurlu nəticələr vermişdir

 

Yola saldığımız 2009-cu ildə dünyanı bürüyən qlobal maliyyə böhranına baxmayaraq, Azərbaycanın iqtisadi və sosial həyatında dinamik inkişaf prosesi davam etmiş, istehsal və xidmət sahələrində qazanılan uğurların sayı bir qədər də artmışdır. İl ərzində əldə edilmiş nailiyyətlərin, tərəqqinin əyani təcəssümü olan makroiqtisadi göstəricilər ölkəmizin inkişaf sürətinə görə dünya ölçüləri sırasındakı mövqeyinin qorunub saxlanmasını təmin etmişdir. Ötən il bir sıra istehsal sahələrində məhsul buraxılışının həcminin artması, investisiya fəallığının artması, investisiya fəallığının daha da güclənməsi, sahibkarlığın stimullaşdırılması və təşəbbüskarlığa geniş meydan verilməsi ölkənin iqtisadi dayaqlarını bir qədər də möhkəmləndirmişdir.

 

2009-cu ilin aprel ayında qəbul olunmuş ikinci regional inkişaf proqramının icrasına başlanılması bölgələrdə iqtisadi fəallığı xeyli artırmış, yeni istehsal sahələrinin yaradılması prosesini bir qədər də sürətləndirmişdir. Bütün bunlar isə ölkədə iqtisadiyyatın dinamik inkişafını təmin etmişdir. Nazirlər Kabinetinin 2009-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında Prezident İlham Əliyev bütün bunları yüksək qiymətləndirərək demişdir: “2009-cu ilin yekunlarına görə, Azərbaycan dünya miqyasında ən sürətlə inkişaf edən ölkələr sırasındadır. Bunu əyani şəkildə göstərmək üçün, sadəcə iqtisadi və sosial göstəricilərimizə baxmaq kifayətdir. 2009-cu ildə Azərbaycanda ümumi daxili məhsul 9,3 faiz artmışdır. Hesab edirəm ki, bu tarixi nailiyyətdir. Bu, bir daha onu göstərir ki, bütün uğurlarımızın təməlində düşünülmüş siyasət və düzgün atılmış addımlar dayanır”.

Dövlət Statistika Komitəsinin 2009-cu ilin sosial-iqtisadi inkişafına dair hesabatında bildirilir ki, il ərzində Azərbaycanda 34,6 milyard manat həcmində ümumi daxili məhsul istehsal olunmuşdur ki, bu da 2008-ci illə müqayisədə 3,7 milyard manat çoxdur.

Hesabat dövründə ölkə üzrə istehsal olunmuş ümumi daxili məhsulun 50 faizi sənaye sahələrində, 6,7 faizi kənd təsərrüfatı, ovçuluq və meşə təsərrüfatında, 7,4 faizi tikinti kompleksində, 8 faizi ticarət və pullu xidmət sahələrində, 6,6 faizi nəqliyyatda, 2 faizi rabitədə, 11,7 faizi digər xidmətlər və sosial sahələrdə yaradılmış, 7,6 faizi isə məhsula və idxala xalis vergilərin payına düşmüşdür. Ötən il ölkənin neft sektorunda ümumi daxili məhsul istehsalı 14,3 faiz, qeyri-neft sektorunda isə 3,2 faiz artmışdır. İl ərzində ölkədə adambaşına 3917,3 manatlıq (4874,1 ABŞ dolları), yaxud 2008-ci ildəkindən 7,9 faiz çox əlavə dəyər istehsal olunmuşdur. Göründüyü kimi, dünyanı cənginə almış maliyyə böhranına baxmayaraq, Azərbaycanda sosial və iqtisadi həyatın bütün sahələrində inkişaf tendensiyası davam etmişdir. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, dünyanı bürümüş maliyyə və iqtisadi böhranın yaratdığı böyük çətinliklər ucbatından müxtəlif ölkələrdə iqtisadiyyat tənəzzülə uğrasa da, işsizlik artsa da, Azərbaycanda il ərzində yeni istehsal sahələri yaradılmış, iqtisadiyyat artmışdır. Həm dövlət investisiyaları, eləcə də özəl sektorun fəaliyyəti nəticəsində ölkəmizdə nəhəng infrastruktur layihələrinin icrası davam etdirilmişdir.

2009-cu ildə ölkə iqtisadiyyatının əsasını təşkil edən mühüm sənaye sahələrində inkişaf tendensiyası müşahidə olunmuşdur. Belə ki, ölkə sənayesi iqtisadiyyatda ən böyük xüsusi çəkiyə malik olmaqla ÜDM-in artım sürətini təmin etmişdir. Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il sənaye müəssisələri, fərdi sahibkarlar və ev təsərrüfatları tərəfindən 22,2 milyard manatlıq sənaye məhsulu istehsal olunmuşdur ki, bu da 2008-ci ildəkindən 8,6 faiz çoxdur. İl ərzində istehsal olunmuş sənaye məhsulunun 16,8 milyard manatlığı və ya 75,7 faizi mədənçıxarma, 4,2 milyard manatlığı və ya 18,9 faizi emal, 1,2 milyard manatlığı və ya 5,4 faizi isə elektrik enerjisi, qaz və suyun istehsalı, bölüşdürülməsi bölgələrində yaradılmışdır. Göründüyü kimi, ölkə sənayesinin artım tendensiyası davam edir və son 5-6 ildə onun real həcmi təqribən 2,5 dəfə artmışdır. Nazirlər Kabinetinin cari il yanvarın 18-də keçirilmiş geniş iclasında Prezident İlham Əliyev bu amili son illər Azərbaycanda həyata keçirilən uğurlu sənayeləşmə siyasəti ilə əlaqələndirmişdir. Onu da qeyd etmək lazımdır ki, ölkə sənayesinin real həcminin artmasında ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə işlənib hazırlanmış uğurlu neft strategiyası mühüm rol oynamışdır. Belə ki, dünyanın inkişaf etmiş ölkələrinin transmilli şirkətləri ilə bağlanmış sazişlər Azərbaycanda neft və qaz sənayesinin sürətli inkişafını təmin etmiş, adı çəkilən sahələrdə hasilatın rekord səviyyəyə çatmasına səbəb olmuşdur. Yeri gəlmişkən, Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin, eləcə də digər nəql marşrutlarının uğurlu fəaliyyəti Azərbaycanın ixrac imkanlarını xeyli artırmışdır. Bu da ölkəmizin Avropa və dünyanın enerji təhlükəsizliyinin təşkilatında daha yaxından iştirak etməsinə imkan yaratmışdır.

Neft sənayesi ilə yanaşı, qeyri-neft sektorunda da inkişaf layihələri getdikcə güclənir. Bu da ondan irəli gəlir ki, son illər ölkəmizin ayrı-ayrı yerlərində yenidən istehsal və emal müəssisələri yaradılır, idxalı əvəzləyən rəqabət davamlı məhsul buraxılışının həcmi artır, hətta Azərbaycan istehsalı olan mallara dünya bazarlarında maraq artır.

2009-cu ildə ölkə üzrə istehsal olunmuş sənaye məhsulunun 75 faizi özəl bölmənin payına düşmüş, ümumi istehsalın 92,7 faizi sənaye mallarının, 7,3 faizi isə sənaye xarakterli xidmətlərin istehsalı hesabına yaranmışdır.

Göründüyü kimi, ölkədə sərbəst istehsal fəaliyyəti üçün yaradılmış əlverişli şərait və azad sahibkarlığa geniş meydan verilməsi nəticəsində sənayedə qeyri-dövlət bölməsinin payı artmaqdadır. Onu da deyək ki, bir vaxtlar dövlət mülkiyyətində olmuş sənaye obyektlərinin bazasında bazar iqtisadiyyatı prinsiplərinə uyğun yaradılmış yeni istehsal sahələrinin işində də böyük canlanma hiss olunur. Ötən il sənaye sektorunda fəaliyyət göstərən səhmdar cəmiyyətləri tərəfindən 833,3 milyon manatlıq və ya ümumi buraxılışın 3,8 faizi qədər sənaye məhsulu istehsal edilmişdir.

Hesabat ilində istehsal olunmuş sənaye məhsulunun böyük əksəriyyəti istehlakçılara göndərilmişdir. Bununla yanaşı, 2010-cu ilin əvvəlinə sənaye müəssisələrinin anbarlarında əvvəlki dövrlərdən qalan qalıqlar da nəzərə alınmaqla 231,4 milyon manatlıq hazır məhsul ehtiyatı olmuşdur. Ehtiyatların daha çox hissəsi — 6 faizi Bakı şəhərinin payına düşmüşdür. Qalan hissəsi isə Sumqayıt (9,9 faiz), Gəncə (1,6 faiz), Şirvan (1,1 faiz), Mingəçevir (0,9 faiz) və respublikanın digər rayonlarının sənaye müəssisələrinin anbarlarında qalmışdır. Bundan əlavə, anbarlarda başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 35,1 milyon manat məbləğində digər mallar da olmuşdur.

Beynəlxalq iqtisadi fəaliyyət növlərinin təsnifatına gəlincə isə, ötən il mədənçıxarma və ya hasilat sənayesində 16,8 milyard manatlıq məhsul istehsal olunmuşdur ki, bu da əvvəlki illə müqayisədə 12,5 faiz çoxdur. İl ərzində Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti tərəfindən 41,3 milyon ton neft və 10,1 milyard kubmetr əmtəəlik təbii qaz hasil edilmişdir. Bu da 2008-ci ilin səviyyəsini müvafiq olaraq 16,8 faiz və 9 faiz üstələmişdir. Bundan əlavə, 2009-cu ildə bu sahədə fəaliyyət göstərən müştərək müəssisələr xam neft hasilatını 5,5 faiz artırmışlar. Bütövlükdə isə il ərzində ölkə üzrə 50,4 milyon ton xam neft və 23,5 kubmetr təbii qaz (16,3 milyard kubmetri əmtəəlik qaz) hasil olunmuşdur. Neft və qaz hasilatlarında müvafiq olaraq 13,5 faiz və 0,8 faizlik artım qeydə alınmışdır.

Ötən il iqtisadiyyat üçün xüsusi əhəmiyyət daşıyan qızıl istehsalına başlanılmasını ölkə üçün əlamətdar hadisə kimi dəyərləndirmək olar. Azərbaycan Beynəlxalq Mədən Şirkəti tərəfindən il ərzində 333 kiloqram qızıl hasil edilərək təmizlənməyə göndərilmişdir. Onu da deyək ki, dünya bazarında qızılın kəskin artdığı bir şəraitdə mədənçıxarma bölməsinin bu sahəsini daha böyük inkişaf perspektivləri gözləyir.

2009-cu ildə mədənçıxarma bölməsində fəaliyyət göstərən sahibkarlar tərəfindən 3,2 milyon ton çınqıl, qırma daş, xırda çay daşı, 791,5 min ton tikinti qumu, 547,3 min ton inşaat üçün əhəng daşı və s. istehsal edilmişdir.

Ölkə sənayesində ikinci böyük xüsusi çəkiyə malik olan emal bölməsinin sənaye istehsalı da nəzərə alınmaqla 4 milyard 196,3 milyon manatlıq məhsul istehsal olunmuş, sənaye xarakterli xidmətlər göstərilmişdir. İstehsalın daha çox hissəsi - içki və tütün də daxil olmaqla qida məhsullarının payına düşmüşdür. Belə ki, il ərzində mühüm növ qida məhsullarından sayılan şəkər, çay, ət, süd, kərə yağı, şampan şərabı, pivə və araq istehsalı xeyli artmışdır.

Emal sənayesinin toxuculuq, tikiş, dəri, dəridən məmulatlar və ayaqqabı istehsalı ilə məşğul olan müəssisələr tərəfindən ötən il ərzində 77,4 milyon manatlıq məhsul istehsal olunmuşdur. Hesabat dövründə yüngül yataq örtükləri, pambıq yataq ağları, həmçinin geyim istehsalında daha çox artım qeydə alınmışdır.

Emal sənayesində ikinci böyük xüsusi çəkiyə malik olan neft məhsullarının istehsalı sahəsində isə il ərzində 1 milyard 345,6 milyon manatlıq məhsul istehsal edilmişdir. Hesabat dövründə ölkədə 1237,7 min ton avtomobil benzini, 609,6 min ton ağ neft, 2366,5 min ton dizel yanacağı və 236,2 min ton neft bitumu istehsal olunmuşdur.

Adı çəkilən bölmənin kimya sənayesində, rezin və plastik kütlə məmulatlarının istehsalı ilə məşğul olan müəssisələr isə il ərzində 163,1 milyon manatlıq məhsul istehsalına nail olmuşlar. Ötən il lak boya məmulatlarının, yuyucu maddələrin, plastik pəncərə qapaqlarının və jalüzlərin istehsalı xeyli artmışdır.

Tikinti materialları sənayesində isə il ərzində istehsal olunmuş və göstərilmiş xidmətlərin həcmində artım baş verməsə də asfalt, həmçinin keramika tavaları və lövhələri, tikinti gipsi istehsalı artmışdır. Müəssisələr tərəfindən ötən il 1,3 milyon ton sement, 18,9 min kubmetr sementdən yığma-tikinti konstruksiyaları və 5,5 min ton tikinti blokları istehsal edilmişdir.

Emal bölməsinin metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı müəssisələri isə il ərzində 169,9 milyon manatlıq məhsul istehsal etmiş və xidmətlər göstərmişlər. Adı çəkilən bölmənin maşın və avadanlıqların istehsalı, elektrik və elektron avadanlıqları, nəqliyyat vasitələri və avadanlıqlarının istehsalı sahəsində isə ötən il 346,9 milyon manatlıq məhsul istehsal olunmuşdur. 2009-cu ildə ölkədə traktor istehsalı artmışdır. İl ərzində istehsal olunmuş 578 ədəd traktor satışa çıxarılmışdır. Ötən il ölkə üzrə ilk dəfə olaraq Gəncə Avtomobil Zavodunda 6 ədəd “Kəpəz” markalı avtokran istehsal olunmuşdur. 2009-cu ildə Azərbaycanda 9227 ədəd televizor və 284 ədəd kassa aparatı istehsal edilərək satışa çıxarılmışdır ki, bu da əvvəlki illə müqayisədə xeyli çoxdur.

Ölkə sənayesinin digər sahəsi olan elektrik enerjisi, qaz və suyun istehsalı və bölüşdürülməsi bölməsində il ərzində 17,8 milyard kilovat-saat elektrik enerjisi istehsal olunmuşdur ki, bunun da 12,5 faizi su elektrik stansiyalarının, 87,5 faizi isə elektrik stansiyalarının payına düşmüşdür.

2009-cu ildə ölkənin sənaye müəssisələrində çalışan işçilərin sayı 161,2 min nəfər olmuşdur. İşçilərinin hər beş nəfərindən üçü sənayenin dövlət bölməsinə, ikisi isə qeyri-dövlət bölməsinə məxsus müəssisələrdə çalışmışdır. Ötən il qeyri-dövlət müəssisələrində işçilərin əmək haqqı 524,1 manat təşkil etmişdir ki, bu da dövlət müəssisələrində işləyənlərin əmək haqqından 1,4 dəfə yüksək olmuşdur.

Yaxın illərdə ölkəmizdə sənayeləşmə tendensiyası daha da sürətlənəcək. Azərbaycanın yeni neft strategiyasının uğurla reallaşdırılması, ikinci regional inkişaf proqramının icrasına başlanılması, eləcə də yerli istehsalın stimullaşdırılması istiqamətində həyata keçirilən tədbirlər və s. amillər ölkə iqtisadiyyatının əsasını təşkil edən sənayeyə daha yüksək inkişaf perspektivləri vəd edir.

 

 

Mirbağır YAQUBZADƏ

 

Xalq qəzeti.- 2010.- 20 fevral.- S. 1.