Bir ünvan itirmişəm...

 

Payızda onunla birgə əməkdaşlığa başlamağımızın 50 ili tamam olacaqdı. Onda qədim Ağbaba eli Amasiyada “Kolxozçu tribunası” rayon qəzetinin redaktoru işləyirdi Cahangir müəllim. Raykomun büro üzvü idi. Küçədə rastlaşdıq. Hal-əhvaldan sonra mənə iş təklif etdi. Ədəbi işçi yeri var, — dedi. Fikirləş, meylin olsa gələrsən. Beləliklə, Yeniyol məktəbindən ayrılıb redaksiyada isə başladım...

 

Lap tez isinişdik, yaxın yoldaş, mehriban dost olduq. 1962-ci ilin mayında ölkənin idarəetmə strukturunda baş verən dəyişikliklərlə əlaqədar qəzet bağlandı. Cahangir müəllimi partiya işinə apardılar — “Məhəlli kolxoz-sovxoz istehsalat xarakterli” partiya işinə. Az sonra Bakıya ali partiya təhsili almağa getdi.

Tale elə gətirdi ki, biz 1981-ci ildə yenidən mətbuat aləmində görüşdük. İrəvanda, “Sovet Ermənistanı” respublika qəzetinin redaksiyasında məsul katib işləyirdim. Komsomolda, partiya, sovet işinin yüksək eşelonunda rəhbər vəzifə tutmaqla mətinlik məktəbi keçmiş Cahangir Əliyevi qəzetə baş redaktor təyin etmişdilər.

Bu alicənab insanın son 25 illik iş fəaliyyəti Azərbaycanla, Bakı şəhəri ilə bağlıdır. Əvvəl Azərbaycan KP Mərkəzi Komitəsi aparatında təlimatçı, sonra “Xalq qəzeti”ndə redaktor müavini olmuşdur.

Cahangir Əliyev 80 yaşın astanasında dünyasını dəyişdi... İşlədiyi bütün sahələrdə, hər bir kollektivdə olduğu kimi, nüfuzlu “Xalq qəzeti”ndə də o, böyükdən - kiçiyədək hamının dərin hörmətini qazanmışdı.

Bu qeydlərdən məqsəd işi, mübarizəsi, qazandığı uğurları bir məktəb, örnək olan əziz dostumun, bütün sınaqlardan alnıacaq, üzüağ çıxmış jurnalistin, gözəl ailə başçısının vəfatının qırxıncı günündə mərhumun işıqlı həyatının ayrı-ayrı məqamlarına diqqəti cəlb etməkdir.

Cahangir Əliyev raykom katibi göndərilməzdən təxminən üç ay əvvəl Amasiyaya getmişdim. Mərkəzi Komitənin aqrar sahə üzrə katibi V.Qalumyan rayonda müşavirə keçirirdi. Rayon iqtisadiyyatını o, ətraflı təhlil etdi. Vəziyyət acınacaqlı idi.

Gördüklərimi Cahangir müəllimə danışdım. Məyus olmuşdu. Axı, bu gerilik həmvətənlərimizin hər birinin ailə büdcəsinə ciddi ziyan vururdu... Sonda qeyri-ixtiyarı bu kəlmələr dilimdən çıxdı: vay bundan sonra rayona katib gedənin halına.

İş elə gətirdi ki, şaxtalı bir qış günündə “rayona katib gedən” Cahangir müəllimin özü oldu. Dönüş yaratmaq, vəziyyəti düzəltmək hər kişinin işi deyildi. Bunun üçün nə qədər güc, qüvvə, səy, bacarıq, təşkilatçılıq səriştəsi lazım idi. Görülən işi indi qələmə almaq bir o qədər də asan deyil. Amma C.Əliyevin mətinliyi, iradəsi, prinsipial mövqeyi bəhrə verdi. Əvvəl-əvvəl rayonda işi geri çəkən bəzi qüvvələr “zərərsizləşdirildi”, həlledici sahələrdə kadr dəyişikliyi aparıldı, prokuror, milis rəisi, kənd təsərrüfatı istehsalı üçün bilavasitə məsuliyyət daşıyan istehsalat idarəsinin başçısı, ayrı-ayrı təsərrüfat rəhbərləri yeni kadrlarla əvəz olundu. Kolxoz-sovxozlar qonşu rayonlardan, dövlət fondundan gətirilən yem, Rusiyadan tədarük olunan küləş hesabına qışı bir təhər başa vurdu.

Katib daim axtarışda olan, düşünən, daşınan partiya işçisi, rəhbər idi. O, təsadüfi qərar qəbul etməzdi, hər şeyi yerli-yataqlı ölçüb-biçərdi. Yaxşı bilirdi ki, mal-qaranın yaza çıxarılması, itkilərin qarşısının qismən alınması, olsa-olsa, profilaktiki tədbirdir. Nəsə, Amasiyada köklü bir layihə həyata keçirməyə ciddi ehtiyac var idi. Çox götür-qoy etdikdən sonra o, MK-nın birinci katibi K.Dəmirçyana rayonun bütün sahələrini əks etdirən ətraflı məktub yazır, dağılmış iqtisadiyyatı dirçəltməyin yollarına dair təkliflər verir. Bu müraciətdən sonra rayona xüsusi komissiya göndərilir, vəziyyət yerində araşdırılır, onun haqlı olduğu təsdiqlənir. İki ay sonra məsələ respubilka Nazirlər Sovetində geniş müzakirə olunur. Bəzi nüfuzlu hökumət üzvləri maliyyələşdirmə “çətinliklərini” bəhanə gətirib layihəni rədd etmək istəyirlər. Ancaq reallıq hissi üstün gəlir. Amasiya rayonunun gələcək inkişafını nəzərdə tutan beşillik proqram qəbul olunur.

Görülən tədbirlər sayəsində işdə dönüşün əsası qoyulur. Yeni katibin fəaliyyətinin üçüncü ilindən rayon respublikada qabaqcıllar sırasına çıxır, neçə il dalbadal sosializm yarışında fərqlənir, keçici bayraqlar alır. Katib “Qırmızı Əmək Bayrağı” ordeninə layiq görülür, respublika Ali Sovetinə deputat seçilir.

Cahangir müəllimin rəhbərliyi dövründə rayonda 8 yeni məktəb binası inşa edilmişdir, özü də qızdırıcı sistemi olmaqla. Rayonda yol çəkilişi geniş vüsət aldı, bütün kəndlərə yeni avtobus marşrutları açıldı. Çox əvvəllər araba ilə Leninakana (Gümrüyə) 3-4 günə gedib-gələn ağbabalı fəhlə, kolxozçu səhər öz məhsulunu aparıb şəhərdə satır, bir neçə saatdan sonra evə, ailəyə lazım olan şeyləri alıb geri qayıdırdı.

Yol tikintisi ilə bağlı müəyyən çətinlik də yaranmışdı. O vaxtlar kiçik, “perspektivsiz” kəndlərə yol çəkmək çox çətinləşmişdi, maliyyə vəsaiti buraxılmırdı. Katib bunun çarəsin tapdı, “zastavalara yol çəkmək” adı ilə bu problemi də həll etdi. Beləliklə, zastavaların da, ucqar kəndlərin də abad yolu oldu. İndi minik maşınına oturub yaylaqlara da gedə bilərdin, halbuki, bunu əvəllər xəyala də gətirmək olmazdı. Təşəbbüs Moskvada da bəyənilmiş, katibə təşəkkür məktubu göndərilmiş, medal verilmişdi.

Tikinti, yeni iş yerlərinin açılması onun fəaliyyətində həmişə gündəlikdə dururdu. Raykoma, RİK-ə inzibati binalar inşa edildikdən sonra ikimərtəbəli böyük binada təmir aparıldı, sonra da toxuculuq kombinatının filialı açıldı. 400 nəfərdən çox azərbaycanlı qız-gəlin işə cəlb olundu.

Amasiya orta məktəbi üçün yeni binanın tikintisi başa çatdıqdan sonra yenə eyni üsulla köhnə bina (çoxlarımız, elə Cahangir müəllim də bu məktəbin məzunlarıyıq) elektrotexnika zavodunun filialına çevrildi və 300 nəfərdən çox gənc üçün iş yeri oldu, 200-250 rubl maaşla.

Adamlara qayğı, onların sağlamlığına göstərilən diqqət Cahangir müəllimin “leksikonunda” partiya işinin ayrılmaz tərkib hissəsi idi. Hələ rayonda RİK sədri işləyəndə (1965-1969) Azərbaycan Tibb İnstitutu ilə əlaqə yaradıb, yerli məzunlardan Amasiyaya göndərilməsini xahiş etmişdi. Başlanğıc pis olmamış və növbəti illərdə də rayona həkimlər göndərilmişdi. C.Əliyev respublika Səhiyyə Nazirliyinin razılığı əsasında Qırmızı Xaç Komitəsinin xətti ilə ikiillik kurslar təşkil etdirir və nəticədə 32 nəfər tibb bacısı diplomu alır.

O, böyük çətinliklərdən sonra rayonda xəstəxana kompleksinin tikintisinə də razılıq alır. Nəticədə, yaraşıqlı sağlamlıq obyekti adamların xidmətinə verilir. İxtisaslı həkim kollektivi, gözəl şərait, yaxşı müalicə Gümrüətrafı kəndlərdən də buraya xəstələri cəlb edirdi.

Bu təvazökar, səmimi rəhbəri adamlara sevdirən onun sadəliyi, mehribanlığı, səmimiliyi, özünə və tapşırılan işə yüksək məsuliyyəti, bir də insani, mənəvi-əxlaqi keyfiyyətlər idi. Həyatda karına gələn, arxa duran, “əlini çörəyə çatdıran” da onun bu keyfiyyətləri olmuşdur.

Raykom katibi 1965-ci ildə PİK-ə sədr seçkisi zaianı çox axtarıb, “şəxsi işləri” vərəqləyib, C.Əliyevin keyfiyyət göstəriciləri yüksəkdə dayanıb...

Bir məsələnin isə canlı şahidiyəm ki, K.Dəmirçyan “Sovet Ermənistanı” qəzetinə redaktor axtaranda 7-8 ay götür-qoy edib, sonda yenə C.Əliyevin namizədliyi üzərində dayanıb. Halbuki, bu yolda bəziləri “dəridən-qabıqdan” çıxdı, müxtəlif instansiyalarda “vasitəçilər” axtardılar.

Cahangir müəllim gözəl təşkilatçı idi, kollektivi səfərbər etməyi, işlətməyi bacarırdı. Yadımdadır, qəzetdə bəzən “material qıtlığı” baş verirdi. C.Əliyevin kollektivə gəlişi ilə (1981) elə bil, hər şeydə yerli-yataqlı dönüş yarandı. Qəzet, adətən, gecə saat 2-3 arası, bəzən də daha gec çapa imzalanırdı. Əməlli-başlı götür-qoy edib təkliflər verdi, qrafik hazırlandı. Qəzetin çapını saat 18-ə müəyyənləşdirdik, hər bir şöbə üçün gündəlik material hazırlamaq norması qoydu. Vəziyyət tez qaydaya düşdü. Redakiyada iş qurtaranda növbətçi redaktor səhərki qəzetin siqnal nömrəsini alırdı. Əlavə edim ki, qəzetin ideya məzmunu yüksəldi, əhatə dairəsi genişləndi, daha oxunaqlı çıxdı. Bu da C.Əliyevin köhnə jurnalistlərə verdiyi əməli “dərs” oldu.

1984-cü ilin dekabrında redaktor kollektivi kabinetinə yığdı. Bir neçə kəlmə ilə fikrini yekunlaşdırdı. Bildirdi ki, respublika ziyalıları arasında mənə yüksək vəzifələr etibar olunub. Ancaq mən bu gün bütün titullardan əl çəkib Bakıya, uşaqlarımın yanına gedirəm. Ailə sevincini mən heç bir vəzifəyə dəyişə bilmərəm. Salamat qalın. Hamı heyrət içində idi. Heç kim gözləmirdi bu sonluğu, ancaq redaktor qərarını vermişdi... Bax, beləcə səmimiyyətlə kollektivdən ayrıldı, balalarına qovuşub Azərbaycanda işləyəsi oldu.

Mərd, gözü-könlü tox, alicənab, təmənnasız rəhbər idi Cahangir Əliyev. Heç kimdən kömək əlini, xeyirxah məsləhətini əsirgəməzdi. 20 ilə yaxın işlədiyi “Xalq qəzeti”nin redaksiyasında xatirini əziz tutur, dərin hörmət bəsləyirdilər ona. Sağlamlığı ilə bağlı neçə dəfə işdən getmək istəmişdi, ancaq redaktor Həsən Həsənov onu buraxmayıb: Qalın, işləyin, — demişdi. İstəmirəm kollektivdən ayrılasınız. Sizin məsləhətinizə, ağsaqqal sözünüzə ehtiyacımız var...

Mehriban və şən adam idi Cahangir müəllim. Zarafatından qalmazdı. Heç kim onun sözündən, duzlu yumorundan inciməzdi.

Çoxlarını həmişə C.Əliyevin böyük uğurları, həyatda yüksək zirvəyə çatması maraqlandırardı. Elin, obanın yetirməsi kimi rayonun tarixində ilk və yeganə azərbaycanlıdır ki, uzun müddət RİK sədri, raykomun birinci katibi işləmişdir.

Vaxtaşırı görüşüb zəngləşərdik. Ara-sıra yubananda özü hal-əhval tutardı. Nəsə zarafatla sözə başlayardı. Amma bu zarafatın da, xoş sözlərin də içərisində çox böyük mehribanlıq, qəlb yaxınlığı var idi. Təəssüf ki, uğurlu estafeti mənzil başına çatdıra bilmədi. Canından çox sevdiyi nəvələrindən, xüsusilə də həyatdan vaxtsız getmiş əziz oğlu Xanların gül balaları Nigarla Vüqardan nisgilli getdi. Onları “öz əli ilə” yerbəyer etmək, ev-eşik sahibi görmək idi ən böyük arzusu. Babanı növbəti dəfə infarkt vuranda heç kimi yanına buraxmırdılar. Neçə gündən sonra ömür-gün yoldaşı Həbibə xanımla palataya “namə” göndərdim. Xahiş etdim ki, 3-4 kəlmə ilə vəziyyətini bildirsin. Bu məqamda da zarafatından qalmamışdı. Məktubun arxasında: — Dövlət xadimi, atalar 3-ə qədər deyib. Bu, hələ ikincidir. Bir də Nigarla Vüqarın xatirinə, görünür, Allah mənə yaşamaq üçün möhlət verib, — yazmışdı.

Sonda xəstəlik öz sözünü dedi, gözəl insan həyata vida etdi. Elimiz, obamız, millətimiz çox gərəkli bir ünvan itirdi: Cahangir Həsənəli oğlu Əliyev adlı ünvan! Çətin ayaqda, dar gündə, şən və sevincli anlarda da bizə həyan idi, arxa idi, dayaq idi. Doğru yol göstərən ziyalı idi. Onun yeri sevərək yaşayan, sevilərək ölənlərin sırasındadır.

 

 

Əsgər ƏSGƏROV,

Jurnalistlər Birliyinin üzvü

 

Xalq qəzeti.- 2010.- 23 fevral.- S. 7.