Beynəlxalq Ana Dili Günü
“Dilimiz varlığımızdır”
Beynəlxalq Ana Dili Günü münasibətilə Gənc
Tamaşaçılar Teatrında keçirilən mərasimə
toplaşanlar “Çağ” Öyrətim Şirkəti Azərbaycan
— Türkiyə özəl liseylərində təhsil alan
şagirdlərin “Ana dilimizi sevək, sevdirək” ənənəvi
müsabiqəsinin qalibləri ilə birlikdə sevindilər,
duyğulandılar.
Qrammatika, inşa
yazı, internet saytı; mahnı, rəqs və şeir
nominasiyaları üzrə keçirilən VII ənənəvi
ana dili müsabiqəsi “Dilimiz varlığımızdır”
adlı yekun təntənə ilə başa çatdı. Qaliblərin
müəllim və valideynlərindən, mütəxəssislərdən
və münsiflərdən əlavə, mərasimə
ölkənin tanınmış ziyalıları, millət vəkilləri
və rəsmi qurumların nümayəndələri, eləcə
də ünlü sənətçilər və jurnalistlər
toplaşmışdılar.
“Çağ” Öyrətim
Şirkətinin prezidenti Ənvər Özərən
bütün dünyada hər bir xalqın öz ana dilinə
sonsuz sevgisini və qayğıkeşliyini bildirdiyi Ana dili
bayramının Azərbaycan — Türkiyə Özəl liseylərində
də böyük qədirbilənliklə,
yaradıcılıq və yarışma ab-havasında
keçdiyini vurğuladı, toplaşanları əlamətdar
bayram münasibətilə tədrik etdi. Natiq türk dillərinin
dünya dilləri ailəsində şərəfli yer
tutduğunu, beynəlxalq aləmdə samballı mövqeyi
olduğunu da vurğuladı.
Sonra
yarışmanın qalibləri öz məharətlərini
nümayiş etdirərək, ana dilinin ülviyyətini və
ucalığını vəsf edən şeirlər söylədilər,
mahnı və rəqslər ifa etdilər. Qalibləri təbrik
edən millət vəkilləri Məlahət Həsənova
və Qənirə Paşayeva, təhsil nazirinin müavini
Elmar Qasımov, Ailə, Qadın və Uşaq Problemləri
Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva,
İctimai Teleradio Yayımları Şirkətinin direktor
müavini Elman Qədirli, Azərbaycan — Türkiyə Özəl
Liseyləri Baş İdarəsinin rəisi Arif Gömləksiz
ana dili yarışmasının qaliblərini səmimi təbrik
etdilər, qiymətli hədiyyələr təqdim etdilər,
onlara təhsildə və gələcək həyatda
uğurlar arzuladılar.
Natiqlər Azərbaycanın
dövlət müstəqilliyi qazanması ilə ana dilimizin həyatın
bütün sahələrində rəsmi statusunun təmin
olunmasından, ümummilli lider Heydər Əliyevin və
Prezident İlham Əliyevin Azərbaycan dilinin qorunmasına və
inkişafına göstərdikləri dövlət himayəsindən
də söz açdılar, yeni nəsili ana dilimizi sevməyə
və sevdirməyə çağırdılar.
Həmin axşam min illərin
dil savaşlarından qalib çıxan, zaman keçdikcə
cilalanan, zəngin ifadə imkanları qazanan, bu gün
dünyanın əksər qitələrində yaşayan 50
milyonluq soydaşlarımızın doğma ünsiyyət
vasitəsi olan Azərbaycan dilinin gözəlliyi və
qüdrəti bir daha könülləri oxşadı, öz
cazibəsi ilə duyğu və düşüncələri
ortaqlaşdırdı. Azərbaycan—Türkiyə qardaşlığının
sarsılmazlığı və əbədiliyi də dönə-dönə
vurğulandı. Sonda qaliblər münsiflər heyətinin
üzvləri və fəxri qonaqlarla xatirə şəkli
çəkdirdilər.
Azərbaycan — Türkiyə
Özəl Liseyləri Baş İdarəsinin rəisi Arif
Gömləksiz qəzetimiz üçün müsahibəsində
dedi:
— Hər bir xalqı
yaşadan, tanıdan, milli varlığını təsdiqləyən
ən başlıca dəyər onun ana dilidir. Türk dilləri
ailəsində Azərbaycan dili qədimliyi, zənginliyi,
geniş dairədə yayılması ilə seçilir. Vaxtilə
Avropada fransız dilinin mövqeyi necə idisə, Qafqazda və
Yaxın Şərqdə də Azərbaycan dilinin rolu elə
idi. Biz liseylərimizdə Azərbaycan dilini dərindən
öyrətməklə yanaşı, həm də onu sevdirməyə,
qoruyub zənginləşdirməyə
çağırırıq.
Yetirmələrimiz təbiət
fənləri üzrə biliklərini beynəlxalq
yarışmalarda sınaqdan keçirir və adətən,
yüksək nəticələr qazanırlar. Ana dili üzrə
bilik və məharəti nümayiş etdirməkdə isə
belə mərasimlərdən istifadə edirik. Şagirdlərimizin
bugünkü qabiliyyətini Azərbaycanın görkəmli
adamları alqışladıqca onların müəllimləri
sonsuz sevinc hissi keçirirdilər. Biz yetirmələrimizə
öyrədirik ki, Anaya, Torpağa, Vətənə olan sonsuz
borcu qaytarmağın bir yolu da Ana dilini yaxşı bilmək,
onu sevməkdir.
Dilimiz varsa — biz də varıq. Dilimiz yox olarsa — biz də yox olarıq. “Dilimiz varlığımızdır” həqiqətini babalarımız öz qeyrətləri və sevgiləri ilə təsdiqləyiblər. Biz də bütün varlığımızla bu həqiqətə bağlıyıq.
Tahir AYDINOĞLU
Xalq qəzeti.- 2010.- 23 fevral.- S. 6.