Erməni vandalizmi təkcə Xocalını yox, oradakı mövcud olan ən qədim maddi-mədəniyyət abidələrini də yer üzündən sildi

 

26 fevral 1992-ci ildə Xocalı şəhərində dünyada misli görünməyən dəhşətli bir vəhşiliyin şahidi olduq. Erməni hərbi quldurları aylarla tam mühasirədə saxlanan Xocalı şəhərini yerlə yeksan etdilər. Köməksiz mülki əhali azğın bir amansızlıqla qətlə yetirildi. Südəmər körpələrə, əlsiz-ayaqsız qocalara, qadınlara, uşaqlara belə aman verilmədi. Bütövlükdə, Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində tayı-bərabəri olmayan bir vəhşilik aktıdır. Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir.

 

Heydər ƏLİYEV,

Ümummilli lider

 

Azərbaycanın dilbər guşələrindən birində, Qarabağın dağlıq hissəsində Xocalı adlı bir yaşayış məskəni var idi. Əsrlərin dərinliklərindən gəlirdi onun səsi. Neçə-neçə arxeoloji qazıntılar nəticəsində 6000 il bundan əvvələ aparıb çıxaran sübutlar, dəlillər aşkara çıxarılmışdı.

 

Xocalı öz abidələrinin növləri, onların xarakterik xüsusiyyətləri və maddi-mədəniyyət qalıqlarının zənginliyi etibarilə, hələ keçən əsrdən dünya alimlərinin diqqətini cəlb etmişdir. Bu abidələrlə alman arxeoloqu E.Resler, rus şərqşünası M.Xanıkov, ingilis F. Bayer, fransız A.Berje və başqaları tanış olmuş və oradan tapdıqları əşyaları öz ölkələrinə apararaq ayrı-ayrı muzeyləri bəzəməyə çalışmışlar.

Azərbaycan alimləri tərəfindən Xocalı abidələrinin tədqiqinə 1920-ci illərdə başlanmışdır. Burada ilkin tədqiqat işləri aparmış Azərbaycanın görkəmli alimi Ə.Ələkbərov Xocalı abidələri kompleksini Azərbaycan abidələri haqqında təsəvvür əldə etmək üçün açar adlandırmışdır.

Əsasən, eramızdan əvvəl XII-XIII əsrləri əhatə edən Xocalı abidələri kompleksi yaşayış yerlərindən, daş qutu qəbirləri, müxtəlif tipli kurqanlar, siklop tikililər, kromlexlər və menhirlərdən ibarətdir.

Adını çəkdiyimiz mədəniyyətə aid yaşayış yerləri bir qayda olaraq çay kənarlarında, təbii-coğrafi cəhətdən əlverişli yerlərdə, xüsusilə strateji cəhətdən müdafiəsi qismən asan olan təpələr üzərində salınırdı. Yaşayış yerlərində evlər əksər hallarda yarımqazma halında olub, yuxarı hissəsi yonulmamış çay daşlarından palçıqla suvamaq yolu ilə tikilirdi. Evlərin əksəriyyəti çoxgözlü olub, bütün tayfa üzvlərinə aid idi. Arxeoloji qazıntılar nəticəsində müəyyən edilmişdir ki, çox vaxt tayfa evləri uzunsov şəklində, düzbucaqlı formada inşa edilmişdir. Bəzən uzunluğu 17-18 metr, eni isə 8-10 metr olan bu cür evlər xüsusi arakəsmələr vasitəsi ilə bir neçə hissəyə bölünmüşdür.

Xocalı-Gədəbəy mədəniyyətinə aid abidələrin böyük bir qismini də siklop tikililəri təşkil edir. Əsasən, yüksək təpələrdə və alçaq dağlarda bina edilmiş bu abidələr yerli əhali tərəfindən hazırda “Qalaça”, “Örtük daşı”, “Hasar”, “Düzülü daş” və s. adlanır. Məlum olmuşdur ki, bu abidələr əsasən, eradan əvvəl II minillikdə və I minilliyn əvvəllərində mövcud olmuşdur. Onların dövrü qəti müəyyən edilsə də, lakin nə məqsədlə tikilməsi hələ də mübahisəlidir. Bəzi alimlər onların yaşayış yeri və ya böyük ticarət yolları üzərində müdafiə məntəqələri, bəziləri siklopların böyük bir qisminin müqəddəs yer olub, ibadətgah məqsədilə bina edildiyini, bəziləri bağ-bostan yeri, daha başqaları isə bu tikililəri köçərilərin mal-qara saxlamaq üçün inşa etdiklərini söyləyirlər. Lakin son tədqiqatların nəticələrindən aydın olmuşdur ki, bütün Kiçik Qafqaz dağlarının köç yolları kənarında inşa edilmiş siklop tikililərinin heç də hamısı eyni məqsəd güdməmişdir və başlıca olaraq üç məqsəd daşımışdır: iri ticarət yolları üzərində bu yolları müdafiə etmək, düşmən hücumları zamanı əhalini müvəqqəti mühafizə etmək və müqəddəs yerləri əbədiləşdirmək məqsədilə bina edilmişdir.

Xocalı-Gədəbəy mədəniyyəti sakinlərinin həyat tərzini və mədəni inkişaf səviyyəsini öyrənmək üçün həmin mədəniyyətə məxsus qəbir abidələri və qəbirlərdən toplanmış maddi-mədəniyyət qalıqları böyük əhəmiyyət kəsb edir. Arxeoloji tədqiqatlardan aydın olmuşdur ki, bu mədəniyyət sahiblərinin bir neçə tip qəbir abidəsi olmuşdur ki, onların da böyük bir qrupunu kurqan qəbirləri təşkil edir.

Qarabağ düzlərinin bir növ təbii yaraşığı olan bu kurqanlar müxtəlif quruluşlu və müxtəlif tərkibli hündür təpələrdən ibarət olub, vaxtilə süni surətdə qəbirlərin üstünə tökülmüşdür. Kurqanlar bəzən, sadəcə olaraq, torpaqdan, yaxud daşdan, bir çox hallarda isə daşla torpağın qarışığından tökülmüşdür.

Kurqanların özləri müxtəlif olduğu kimi, onların altındakı qəbirlər də müxtəlif olmuşdur. Ölünü dəfn etmək üçün bəzən kurqanın altında “ev” tikilmiş, dairəvi hasar çəkilmiş, bəzən isə daş qutular düzəldilmişdir. Xocalı kurqanlarında aparılmış qazıntılar nəticəsində müəyyən edilmişdir ki, 3-4 min il bundan əvvəl bu ərazidə iki cür dəfn adəti (biri ölünü olduğu kimi dəfn etmək, digəri isə ölünü yandıraraq dəfn etmək) olmuşdur. Hər iki halda kurqanlar həm ailəvi, həm də tək-tək şəxslərə məxsus düzəldilmişdir. Ailəvi kurqanlarda bəzən 50-dən çox skelet aşkara çıxarılmışdır.

Ölüyandırma hadisəsi Qarabağda uzun ömür sürməmişdir və alimlərin ehtimalına görə bu adət indi də dünyanın bir çox xalqları arasında mövcud olan müqəddəs od ayini ilə əlaqədar idi.

Xocalıdakı 5 saylı kurqandan aşkar edilmiş bir ədəd gil qabın qulpu üzərində buğda dənələri təsvir edilmişdir. Alimlərin tədqiqatı nəticəsində məlum olmuşdur ki, 3-4 min il bundan əvvəl Qarabağın sakinləri mədəni buğda əkinçiliyi ilə məşğul olmuşdur. Yeri gəlmişkən qeyd edək ki, Xocalıda qədim bağçılığın inkişafını da sübut edəcək xeyli maddi-mədəniyyət qalıqları aşkar edilmişdir ki, bunların içərisində şaftalı, üzüm tumları və s. əsas yer tutur.

Xocalı abidələrinin öyrənilməsi nəticəsində burada bütün Azərbaycan üçün yeganə olan iki tip mühüm abidə də aşkar edilmişdir. Onlardan biri menhirlərdir. Menhir ingilis sözü olub, uzun daş deməkdir. Bu abidələlrin əsas vətəni Böyük Britaniyadır. Orada elə menhirlər vardır ki, ağırlığı 50-60 tona yaxın olur.

Xocalı menhirləri isə nisbətən kiçikdir. Menhir qəbilə quruluşu dövrünün məhsulu olub, ölən adamın qəbri üzərində dik basdırılmış, bir növ heykələ oxşar daşdır. Adətən, belə daşları qəbilə başçılarının qəbirlərinin üzərinə qoyurdular. Qədim dini əqidəyə görə, guya, ölən adamın ruhu bədəni tərk edir və həmin ruh daşa keçirdi. Daşa keçmiş ruh isə orada əbədi yaşayırdı. Hətta qəbilə başçısı ölərkən uzun müddət qəbilə üzvləri onun əvəzinə, qəbiləyə başçı seçmirdilər. Qəbilə başçılığını mərhumun daşa keçmiş ruhu əvəz edərdi. Hətta qəbilə üçün müəyyən təhlükələr baş verdikdə, üzvlər yığışıb menhirin (yəni qəbilə başçısının ruhu yaşayan daşın) yanına gəlir və orada müxtəlif dini ayinlər icra etməklə, guya, qəbiləni yaranmış təhlükədən xilas edərmişlər.

Maraqlı burasıdır ki, ibtidai dini təsəvvürlərin qalığı olan həmin daşlardan biri son zamanlara kimi dindarların ibadət yerinə çevrilmişdir. Onlar havalar quraqlıq və ya həddindən artıq yağmurlu keçdikdə, həmin daşın yanına gəlib ona ibadət edir, daşdan mərhəmət diləyirdilər. Bu ayinlərin icrası zamanı həmin daşı yerə yıxıb, yenidən basdırır və digər əməliyyatlar aparırmışlar.

Xocalı abidələri içərisində nadir yadigarlardan biri də kromlexlərdir. Kromlex dairəvi düzülmüş bir neçə dik və onların üzərinə qoyulmuş bir ədəd köndələn daşdan ibarətdir. Yenə də ibtidai dini əqidənin məhsulu olan bu abidə dindarlar arasında axirət evi adlanırdı.

Nəhayət, göstərməliyik ki, Azərbaycanda ən qədim yazı da məhz Qarabağda aşkar edilmişdir. Xocalıda tədqiq olunan 11 saylı kurqandan üzərində mixi yazısı olan bir ədəd kiçik muncuq tapılmışdır. Akademik İ. Meşşaninov müəyyən etmişdir ki, bu muncuğun üzərində eramızdan əvvəl VIII əsrdə yaşamış Assuriya çarı Adadnirarinin adı yazılmışdır. Bu yazı təkcə Qarabağın deyil, eləcə də bütün Azərbaycanın siyasi tarixinin öyrənilməsində böyük əhəmiyyətə malikdir.

Xocalı-Gədəbəy arxeoloji mədəniyyətinə məxsus abidələrə yekun vurarkən qeyd etməliyik ki, bu mədəniyyətin izi ilə məşğul olan bir çox qafqazşünas alim təkcə Azərbaycanın deyil, ümumiyyətlə, Yaxın Şərq ölkələrinin maddi-mədəniyyət tarixi ilə əlaqədar bir sıra problemlərin həlli üçün ondan geniş istifadə edirlər. Bu problemlərdən biri, 3-4 min il bundan əvvəl Yaxın Şərq ölkələrinin bir - biri ilə mədəni və iqtisadi əlaqələrinin səviyyəsini öyrənməkdir. Xocalı abidələri sübut edir ki, belə əlaqələr geniş olmuş və müxtəlif etnik qruplar iqtisadi və siyasi təmasda yaşamışlar.

Təəssüf hissi ilə deməliyik ki, 1992-ci ilin fevralında erməni və rus ordusunun birləşmiş qoşunları Xocalı əhalisini vəhşicəsinə qırarkən, hərbi texnika ilə genosidin ən iyrənc mərhələsi olan izi məhv etmək kimi mənfur bir əmələ əl atmış və bəşəriyyət üçün nadir abidələr toplusu olan Xocalı abidələrini dağıtmışlar.

XX əsrdə Xocalı faciəsindən əvvəl iki yaşayış məntəqəsi də eyni aqibətə uğramış, eyni metodla yer üzündən silinmiş, sakinləri məhv edilmişdir. Bunlardan birincisi Belarusun Xatın kəndidir. 1941-ci ildə nasistlər Xatın kəndini tamamilə yandırmış, dinc sakinləri soyuqqanlıqla məhv etmişlər. Buna bənzər ikinci hadisə Vyetnam müharibəsi zamanı Sonqmi kəndində yaşamış yankilər Sonqmi kəndini və sakinlərini partizanlara dəstək vermək bəhanəsi ilə böyükdən-kiçiyə bütünlüklə məhv etmişlər.

Bu iki hadisə müharibə tarixinə dinc əhalinin soyqırımı olaraq daxil olmuş və bütün dünyada geniş əks-səda doğurmuşdur. Lakin onlar Xocalı faciəsi ilə müqayisə oluna bilməzlər. Bu iki kənd olsa-olsa, Xocalıdan əvvəl sakinləri qətl edilən beş Azərbaycan kəndi – Bağanis-Ayrım, Kərkicahan, Meşəli, Cəmilli və Malıbəyli ilə müqayisə edilə bilər. Çünki dünya tarixində tayı-bərabəri olmayan Xocalı soyqırımı miqyasına görə onların hamısından daha dəhşətli, daha müdhişdir.

1990-cı ilin Qanlı Yanvarından sonra Azərbaycan xalqı 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə tarixə ən dəhşətli faciələrdən biri kimi daxil olmuş Xocalı soyqrımının şahidi oldu. Kənd ikən şəhərə çevrildi Xocalı. Gec də olsa, bütün diqqət buraya yönəldi, quruldu , tikildi, abadlaşdırıldı. Ermənilərə göz dağı, Qarabağın qeyrət qalasına çevrildi Xocalı. 1992-ci ildə respublika dərin siyasi böhran içində idi. Hakimiyyət uğrunda kəskin mübarizə gedirdi. Hakimiyyətə gəlmək istəyən qüvvələr siyasi vəziyyəti gərginləşdirmək üçün bütün vasitələrə əl atırdılar.

Qarabağın faciəli günləri davam etməkdə idi. Kərkicahan dağıdıldı. Malıbəyli, Meşəli, Quşçular, Daşaltı viran qoyuldu. Ölənlərin, itənlərin sayı qat-qat çoxaldı, susduq, dinmədik. Lakin Azərbaycan dövlətinin başında duranların tükü belə tərpənmədi. Ataların gözəl bir misalı var: “Arxalı köpək qurd basar”. Özlərinin arxası olduğunu görən ermənilər dünya tarixində misli olmayan növbəti cinayəti hazırladılar.

Keçmiş SSRİ-nin 4-cü ordusunun 23-cü diviziyasına daxil olan 366-cı alayın 10 tankı, 16 zirehli transportyoru, 9 piyadaların döyüş maşını və xeyli canlı qüvvəsi ilə Xocalını mühasirəyə aldı. Erməni faşistləri döyüş tanklarının və transportyorların köməyi ilə şəhərə soxularaq, onu tamamilə yandırdılar. Azğın düşmən bununla kifayətlənmədi. Yüzlərlə qocanın, qadının, uşağın meyiti yollarda qaldı.

Hadisələri ilk olaraq vidiolentə alan jurnalist Çingiz Mustafayev qeyd edirdi ki, “öldürülənlər içərisində 2 yaşından 15 yaşına qədər olan uşaqlar əksəriyyət təşkil edirdi”. Faciənin şahidi olan fransız jurnalisti Jan-İv Gnet yazırdı: “Mən müharibələr haqqında, alman faşistlərinin qəddarlığı haqqında çox eşitmişəm, lakin ermənilər 5-6 yaşlı uşaqları, dinc əhalini qırmaqla onları kölgədə qoydular”.

Sağ qalan 6 minə yaxın Xocalı sakini respublikanın 50-yə yaxın şəhər və rayonlarında qaçqın kimi yaşamağa məcbur oldu, öz vətənlərində talelərinə məcburi köçkün həyatı yaşamaq yazıldı. Bundan başqa, şəhərdə olan, dövlət şəxsi və əmlakı talan edilərək yandırıldı və dövlətə külli miqdarda ziyan vuruldu...

... Qoy bütün dünya görsün, bütün bəşəriyyət şahid olsun, bilsin ki, XXI əsrin sonlarında onları dəhşətli bir taun - erməni faşizmi hədələyir.

Xocalı faciəsinin baş verməsində respublikanın o zamankı rəhbərlərinin günahı çox olmuşdur. Hələ faciədən 4 ay əvvəl 1991-ci ilin noyabr ayının 1-də Xocalının mühasirəsi başlanmış, rayon ilə bütün əlaqələr kəsilmişdi. Respublika rəhbərliyində gərgin vəziyyət haqqında məlumat olmasına baxmayaraq, onlar nəinki Xocalıya kömək etmiş, əksinə, hətta faciədən 2 gün sonra, guya, münaqişə zamanı iki nəfərin həlak olduğu, şəhərin isə geri alındığı barədə yalan informasiya yaymışdır. Sonrakı müddət ərzində rəhbərlik Xocalı həqiqətlərini daim gizlətməyə çalışmışdır. Yalnız 1993-cü ildə xalqımızın ümummilli lideri Heydər Əliyevin ölkə rəhbərliyinə qaydışından sonra bu ağır cinayətin açılması üçün addımlar atılmışdır. Milli Məclisin 1994-cü il 24 fevral tarixli iclasında məsələ geniş müzakirə edilmişdir. 26 fevral Xocalının soyqırımı və matəm günü elan edilmişdir. Hər il bu gün saat 17.00-da Xocalı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq, bütün ölkə üzrə bir dəqiqəlik sükut elan edilir.

... İndi Xocalı sakinlərinin də, elə müstəqil Azərbaycan dövlətinin də böyük ümidlə baxdığı bir sərkərdə var — möhtərəm Prezidentimiz İlham Əliyev. Xocalıya qayıtmaq istəyənlər onun əmrini gözləyirlər. Biz inanırıq ki, o gün çox da uzaqda deyil.

 

 

Dilqəm QULİYEV,

professor, Azərbaycan DBTİA-nın prorektoru

 

Xalq qəzeti.- 2010.- 23 fevral.- S. 3.