Ordu quruculuğunda yeni mərhələ
1993-cü il
noyabrın 1-də Azərbaycan Respublikasının Prezidenti
Heydər Əliyevin xalqa tarixi müraciəti ordu
quruculuğunda tamamilə yeni bir mərhələnin
başlanğıcını qoydu və bu işin elmi-təcrübi
əsaslar üzərində aparılmasına, vahid
komandanlıq prinsipinin həyata keçirilməsinə rəvac
verdi. Bu
tarixi müraciətdə ulu öndər hamını bir mərkəzdə
– Müdafiə Nazirliyində birləşməyə
çağırırdı. Ümummilli liderimizin 1993-cü
ilin noyabr ayının 4-də Əfqanıstan müharibəsi
iştirakçılarının könüllü cəbhəyə
yollanmaq istəyən bir qrupu ilə, noyabrın 7-də isə
hərbi hissələrdən birinin təlim
mərkəzində şəxsi heyətlə keçirdiyi
görüşlər orduda və ümumiyyətlə,
ölkə gənclərində mənəvi əhval-ruhiyyənin,
hərbi vətənpərvərlik tərbiyəsinin güclənməsinə
böyük təsir göstərdi.
Milli Məclisin 18 noyabr
1993-cü il tarixli iclasında müdafiə və təhlükəsizlik
məsələləri müzakirə olundu. Ortaya
çıxan kadr problemini aradan qaldırmaq məqsədilə
MDB qoşun hissələrində xidmət edən azərbaycanlı
zabitlərin Vətənə qayıtmasına xüsusi diqqət
və qayğı göstərildi. Qısa müddət ərzində
ordu quruculuğunun qanunvericilik bazası yaradıldı, konkret
olaraq Milli Məclis tərəfindən “Silahlı Qüvvələr
haqqında”, “Hərbi Xidmət haqqında”, “Müdafiə
haqqında”, “Hərbi qulluqçuların statusu haqqında” və
s. qanunlar qəbul edildi. Ordu quruculuğu sahəsində
aparılan işlərin sistemləşdirilməsi, ordunun
vahid komandanlıq prinsipi əsasında fəaliyyət
göstərməsi qısa zaman kəsiyində öz səmərəsini
verdi: 1993-cü il dekabr ayının 10-da Beyləqan istiqamətində
hücuma keçən düşmən ilk dəfə olaraq
Silahlı Qüvvələrimizin güclü müqavimətinə
rast gələrək məğlubiyyətə uğradı və
40 kilometrədək geri çəkildi. Analoji hal digər cəbhə
bögələrində də təkrarlandı.
Beynəlxalq əlaqələr
Beynəlxalq əməkdaşlıq
Azərbaycan Silahlı Qüvvələrinin əsası
inkişaf istiqamətlərindən biridir. Silahlı Qüvvələrimizin
beynəlxalq əlaqələrinin əsasında, heç
şübhəsiz, dünyanın ən güclü hərbi
strukturu sayılan NATO ilə əməkdaşlıq
münasibətləri dayanır. Azərbaycan Respublikası ilə
NATO arasında hərbi-strateji münasibətlər 1994-cü
ilin mayında Şimali Atlantika Şurası nəzdində
“Sülh Naminə Tərəfdaşlıq” proqramını qəbul
etməklə başlamışdır.
1993-cü il 3-4 may tarixlərində
Belçikaya rəsmi səfəri zamanı Azərbaycan
Respublikasının Prezidenti Heydər Əliyev NATO-nun
Brüsseldəki mənzil-qərargahında NATO “Sülh Naminə
Tərəfdaşlıq” proqramının çəçivə
sənədini imzaladı. 1996-cı il 22 aprel tarixində elə
həmin ünvana növbəti səfəri zamanı Prezident
Heydər Əliyev Baş katib Xovyer Solana ilə
görüşərək, Sülh Naminə Tərəfdaşlıq
(SNT) proqramına müvafiq şəkildə NATO ilə əməkdaşlıq
üzrə respublikamızın tələbat və
potensialını müəyyən edən rezentasiya sənədini
təqdim etmişdir.
1997-ci ilin 4-6
noyabrında Bakıda “Kooperativ Demand” adı altında
keçirilən komanda-qərargah təlimlərinin
hazırlıq seminarı SNT proqramı çərçivəsində
Azərbaycanda ilk beynəlxalq tədbir oldu. Azərbaycan
Silahlı Qüvvələrinin tərkibində Sülhməramlı
Qüvvələrin yaradılması da SNT proqramı ilə əlaqədardır.
Sülhməramlılarımız ilk dəfə olaraq 1999-cu ildə
Kosovada KFOR tərkibində Sülhü Dəstəkləmə
Əməliyyatında fəal iştirak etməyə
başlamışlar.
2001-ci il 20 dekabr tarixində
BMT Təhlükəsizlik Şurası Əfqanıstanda
terrora qarşı mübarizə aparılması ilə
bağlı məlum qətnaməni qəbul etdikdən sonra
Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə
20 noyabr 2002-ci il tarixdə sülhməramlılarımız Təhlükəsizliyin
Dəstəklənməsi üzrə Beynəlxalq Qüvvələrin
tərkibində əməliyyatlarda iştirak etmək
üçün Əfqanıstana yollandılar. 2003-cü ilin
mayında Prezident Heydər Əliyevin sülhməramlılarımızın
Beynəlxalq Koalisiya Qüvvələrinin tərkibində
İraqa göndərilməsi üçün Milli Məclisə
məlum müraciətindən sonra hərbçilərimiz 15
avqust 2003-cü il tarixdə deyilən ünvana yola
düşdülər. Onların xidmətinə verilən
yüksək qiymət, bir sıra orden və medallar, o cümlədən
mütəmadi olaraq Müdafiə Nazirliyinin ünvanına
göndərilən təşəkkür məktubları
sülhməramlılarımızın peşəkarlığından
xəbər verir.
Ümumiyyətlə, Azərbaycan
dünyanın 50-dən çox ölkəsi ilə hərbi əməkdaşlıq
sahəsində əlaqələr qurmuş, 20-dən çox
ölkə ilə, o cümlədən 9 NATO dövləti ilə
ikitərəfli 100-dən çox müqavilə, saziş,
memorandum və protokol imzalamışdır. Analoji sənədlərin
imzalanması üçün bir sıra dövlətlərlə
müzakirələr aparılır. Silahlı Qüvvələrimizin
2000-dən çox nümayəndəsi hər il xaricdə və
Azərbaycanda keçirilən beynəlxalq tədbirlərdə
iştirak edir. Bu gün NATO-nun qərargah elementlərində
xidmət edən zabitlərimiz etimadı doğruldurlar. Azərbaycan
Respublikası Prezidentinin müvafiq fərmanları ilə bir
çox ölkələrdə hərbi atteşeliklərimiz,
Avstriya və NATO-dakı missiyamızda isə hərbi
nümayəndəliklərimiz təsis edilmişdir.
Hərbi təhsil
Məlum olduğu kimi,
1997-ci ilədək Azərbaycan Silahlı Qüvvələrinin
hərbi təhsil ocaqları keçmiş SSRİ-də
mövcud olmuş sistemə uyğun fəaliyyət göstərirdi.
Orduda quruculuq işlərini müasir tələblər səviyyəsinə
qaldırmağı daim diqqət mərkəzində saxlayan
ümummilli liderimiz Heydər Əliyevin bilavasitə rəhbərliyi
ilə kursantlarımız 1997-ci ildən Şimali Atlantika
Alyansına daxil olan ölkələrdə qəbul edilmiş
metodika əsasında hərbi bilik və təcrübə
qazanırlar. Bu da Silahlı Qüvvələrimiz
üçün daha bacarıqlı, peşəkar və
ümumi hazırlığı yüksək olan zabit
kadrların hazırlanmasına şərait
yaratmışdır. Hərbi təhsil sistemində
islahatların davamı olaraq Çavuş Hazırlığı
Məktəbi, Sülh Naminə Tərəfdaşlıq Təlim
Mərkəzi, Simulyasiya Mərkəzi, Kompyuterləşdirilmiş
və lazer sistemli poliqonlar yaradılmışdır. Hərbi
təhsil ocaqlarında müasir standartlara uyğun yeni
proqramların tətbiq olunması ali hərbi məktəblərimizə
beynəlxalq marağın artması ilə müşayiət
olunmuşdur.Təsadüfi deyil ki, bu təhsil müəssisələrində
bir sıra xarici ölkələrdən gəlmiş gənclər
də hərb elminin sirlərinə həvəslə yiyələnirlər.
“Ali hərbi məktəblərdə təhsil sisteminin
yaxşılaşdırılması, peşəkarlığın
artırılması, sağlam mənəvi mühitin
yaradılması zabitlərimizin, Silahlı Qüvvələrimizin
rəhbərlərinin müqəddəs vəzifəsidir”, —
deyən ulu öndərimiz hələ 1971-ci ildə
C.Naxçıvanski adına Hərbi Liseyi yaratmaqla milli zabit
kadrların hazırlanması işinin əsasını qoymuşdu.
Bu işin uğurlu
davamı kimi, 1999-cu ildə ölkə
başçısının müvafiq fərmanı ilə
yaradılan Hərbi Akademiya hərbi təhsil sahəsində
yeni bir səhifə açdı. Akademiya Silahlı Qüvvələr
üçün ali hərbi təhsilli komandir və qərargah
zabitlərinin, hərbi-elmi işçilərin
hazırlanması, onların ixtisasının
artırılması, hərbi iş sahəsində elmi tədqiqatların
aparılması və dövlət orqanlarında
çalışan yüksək vəzifəli şəxslərə
respublikanın müdafiəsi liə əlaqədar hərbi-strateji,
hərbi-iqtisadi məsələlərin öyrədilməsi
kimi mühüm və vacib bir vəzifəni uğurla yerinə
yetirir.
Hərbi səhiyyə
İlk növbədə,
onu vurğulamalıyıq ki, Silahlı Qüvvələrin
peşəkar hərbi tibb zabitlərinə ehtiyacını
ödəmək məqsədilə 2000-ci ildə ölkə
başçısının fərmanı ilə Azərbaycan
Tibb Universitetinin nəzdində hərbi tibb fakültəsi
yaradılmışdır. Bu fakültənin nəzdində
“İlkin ixtisaslaşma”, “Təkmilləşdirmə”
kursları da fəaliyyət göstərir ki, bu da kadr
hazırlığı işinin daha yüksək səviyyədə
aparılmasına şərait yaratmışdır.
22 iyun 2006-cı il tarixdə
Mərkəzi Klinik Hospitalın cərrahiyyə korpusunun
açılışı ordumuzun həyatında ən əlamətdar
bir hadisə kimi yadda qalmışdır. MDB məkanında
analoqu olmayan 300 çarpayılıq, 6 mərtəbəli cərrahiyyə
korpusunun ümumi sahəsi 14.800 kvadratmetrdir. İyirmi altı
bölmədən və çoxsaylı yardımçı
otaqlardan ibarət olan bu korpusun 11 cərrahiyyə
otağında 14 izləyici kamera quraşdırılıb. Müalicə
müəssisəsi 7 böyük, 4 kiçik tutumlu universal təcili
tibbi yardım maşını ilə təchiz edilib.
Ümumiyyətlə, Mərkəzi
Hərbi Klinik Hospital son illər ərzində əsaslı təmir
olunmuş, ən müasir texniki tibbi avadanlıqlarla təchiz
edilmişdir ki, bu da diaqnostik məlumatların dəqiqliyini,
müalicənin düzgün aparılmasını, o cümlədən
xəstələrin normal şəraitdə müalicə
olunmasını şərtləndirən əsas faktorlardandır.
Bu gün hərbi tibb xidmətinin peşəkar mütəxəssisləri
hər il dünyanın müxtəlif aparıcı
klinikalarında təcrübə mübadiləsi aparır,
tibb elminin əldə etdiyi son yeniliklərlə yaxından
tanış olurlar.
Döyüş hazırlığı
Bu gün Silahlı
Qüvvələrin quruculuğu planlı surətdə davam
etdirilir. Qoşunların döyüşə və səfərbərliyə
hazırlığı, kadrların və idrəetmə
orqanlarının hazırlanması və yerləşdirilməsi,
bütün bunlar maddi-texniki təminat hazırlıq planı
və digər direktiv sənədlər əsasında
gerçəkləşdirilir. Silahlı Qüvvələrin
bütün növlərində, hərbi hissə və birləşmələrdə
komanda-qərargah təlimləri və real döyüş
şəraitinə yaxınlaşdırılmış səhra
təlimləri planlı surətdə həyata keçirilir,
qoşunların döyüşə və səfərbərliyə
hazırlığı daim yüksək səviyyədə
saxlanılır.
Ümumiyyətlə, Azərbaycan
Silahlı Qüvvələrinin döyüş
hazırlığı planı üzrə bütün təlimləri
NATO-nun döyüş hazırlığı sənədlərinə
uyğun keçirilir. Belə ki, hərbi hissələrdə
şəxsi heyətin döyüş
hazırlığı, idman və fiziki hazırlıq işi
və s. NATO standartlarına uyğunlaşdırılıb. Bu
mənada mühüm komanda-qərargah vəzifələrinə
ali hərbi təhsilli, mənəvi, fiziki və psixoloji cəhətdən
hazırlıqlı, döyüş təcrübəsinə
malik peşəkar zabitlərin təyin olunması daim diqqət
mərkəzində saxlanılır.
Hərbçilərin sosial müdafiəsi
“Azərbaycan
Respublikasının Müdafiə Nazirliyinin hərbi
qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi
tədbirləri haqqında” Azərbaycan Prezidentinin 23 yanvar
2006-cı il tarixli sərəncamı ilə hərbçilərimizin
vəzifə maaşları, dövlət icbari şəxsi
sığorta məbləği artırılmış, bu sənəd
onların güzəştli ipoteka kreditləri ilə təmin
olunmasına əsas vermişdir. Elə həmin il Prezidentin
bilavasitə təşəbbüsü ilə bəzi
qanunvericilik aktlarına əlavələr və dəyişikliklər
də edilmişdir. Bu dəyişikliklərə əsasən,
hərbi xidmətlə bağlı olan qanunlara bir sıra
ciddi əlavələr edilmişdir.
Belə ki, hərbi
qulluqçulara hər il növbəti məzuniyyətə
çıxarkən əlavə olaraq bir aylıq vəzifə
maaşı məbləğində pul təminatı verilir. Müvəqqəti
mənzil kirayəsi üçün hərbi qulluqçulara
ayda şərti maliyyə vahidi məbləğinin 25 mislindən,
onların hər bir ailə üzvü üçün isə
həmin məbləğin 50 faizindən az olmayaraq kompensasiya
ödənilir. Hərbi qulluqçulara yaşayış sahələrinin,
o cümlədən xidməti mənzillərin tikintisi
dövlət büdcəsindən ayrılan vəsait
hesabına həyata keçirilir.
Ordu quruculuğu
işinin dövlət rəhbəri səviyyəsində
prioritet elan olunması və bu sahədə ardıcıl
islahatların aparılması təkcə Silahlı Qüvvələrimizin
döyüş hazırlığının yüksəlməsi
ilə deyil, həm də hərbi qulluqçuların sosial
rifahının yaxşılaşdırılması ilə
müşahidə olunmuşdur. Son bir neçə ildə hərbçilərimizə
geniş yaşayış sahəsinə malik yüzlərlə
mənzillərin orderi paylanmış, onların aylıq vəzifə
maaşları dəfələrlə
artırılmışdır.
Hərbi
qulluqçuların və onların ailə üzvlərinin mədəni
istirahətinin daha yüksək səviyyədə təşkili
üçün nəzərdə tutulan Goradildə zabitlərin
istirahət evi istifadəyə verilmişdir. Azərbaycan
Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı
İlham Əliyev vaxtilə Naxçıvanda, Gəncədə
və Tərtərdə yerləşən hərbi hissələrə
əsgəri qəhrəmanlıq və mərdlik rəmzi
sayılan Döyüş Bayrağını təqdim edərkən
orduya, onun şəxsi heyətinə qayğının bundan
sonra da dövlət rəhbərliyinin daim diqqət mərkəzində
qalacağını bildirmişdir.
Şübhə yoxdur
ki, Silahlı Qüvvələrimizin şəxsi heyəti
dövlətin və xalqın etimadını doğruldacaq, həmişə
olduğu kimi bundan sonra da yüksək döyüş
hazırlığına yiyələnəcək və
torpaqlarımızın bütövlüyü naminə əlindən
gələni əsirgəməyəcəkdir.
İbrahim RÜSTƏMOV,
əməkdar jurnalist
Xalq qəzeti.- 2010.- 23 fevral.- S. 3.