Xətai rayonu: uğurlar ildən-ilə artır

 

Son vaxtlar paytaxt Bakının sosial-iqtisadi inkişaf dinamikasında öz payı olan Xətai rayonu 2009-cu ili böyük uğurlar və tərəqqi ili kimi yola salmışdır. Tikinti, quruculuq və abadlıq işləri ilə daha çox diqqət çəkən rayonun sosial-iqtisadi inkişaf mənzərəsi 2009-cu ilin yekunları və 2010-cu ildə qarşıda duran vəzifələrlə əlaqədar Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədovun hesabat məruzəsində öz dolğun əksini tapdı.

 

Dünyanın qlobal iqtisadi, maliyyə böhranı yaşamasına baxmayaraq, nəinki ayrı-ayrılıqda hansısa bir regionda, bütövlükdə respublikada yaşanan iqtisadi yüksəliş və tərəqqini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi iqtisadi inkişaf strategiyası ilə bağlayan Razim Məmmədov məruzəsində öncə bu strategiyanın ölkəmizin həyatındakı rolundan danışaraq dedi:

— Dünyanın ən qabaqcıl və inkişaf etmiş nəhəng dövlətlərinin belə tarixinə artıq dərin və qlobal maliyyə böhranı kimi yazılan 2009-cu il Azərbaycanın müstəqillik səlnaməsinə qələbələr tarixinin davamı kimi daxil oldu.

Məhz möhtərəm Prezidentimizin praqmatik düşüncəsinin və yaradıcı təfəkkürünün məhsulu olan bir çox regional sosial-iqtisadi inkişaf proqramlarının reallaşması, iqtisadiyyatın idarə olunmasında tətbiq etdiyi çevik mexanizmlər və bu istiqamətdə qəbul etdiyi prinsipial və qəti qərarlar, Azərbaycanda artıq milli mənafelərə və sosial rifaha xidmət edən milli iqtisadi inkişaf modelini formalaşdırmışdır. Ölkəmiz də məhz bunun sayəsində dünyanı bu gün də gərginlikdə saxlayan qlobal maliyyə böhranından uğurla çıxmış, ümumi daxili məhsulun həcmini 9,3 faiz artırmağa nail olmuşdur.

Hesabat ilinin Xətai rayonu üçün də uğurlu nəticələrlə tarixə qovuşduğunu bildirən Razim Məmmədov fikrini konkret rəqəmlərlə davam etdirdi:

— İl ərzində rayonun iqtisadi və sosial sahələrində baş vermiş dəyişiklikləri əks etdirən makroiqtisadi göstəricilər məhsul istehsalı və xidmət sahələrinin dinamik inkişafını və onlara mütənasib olaraq sosial məsələlərin uğurla həll olunduğunu göstərir.

2009-cu ildə istehlakçılara 589 milyon 936 min 300 manatlıq və ya bütün sənaye istehsalının 102,3 faizi qədər sənaye məhsulu göndərilmişdir. İqtisadiyyatın başqa sahələrində olduğu kimi, istehlak bazarında da müsbət irəliləyişlər əldə olunmuş və rayon əhalisinə 953 milyon 596 min manatlıq və ya əvvəlki ildəkindən 2,0 faiz zox geniş çeşidli istehlak malları satılmış və pullu xidmətlər göstərilmişdir. Ticarət və xidmətlə məşğul olan fiziki şəxslərin fəaliyyətlərinin genişlənməsi istehlak mallarının satışının və göstərilən xidmətlərin həcminin artmasında əsas rol oynamışdır.

İstehlak bazarında pərakəndə əmtəə dövriyyəsinin xüsusi çəkisi 78,4 faiz və əhaliyə göstərilən xidmətlərin xüsusi çəkisi isə 21,6 faiz təşkil etmişdir.

Pərakəndə əmtəə dövriyyəsinin və əhaliyə göstərilən pullu xidmətlərin həcminin artmasına digər səbəblərlə yanaşı, istehlak bazarının müxtəlif çeşidli əmtəə ehtiyatları ilə təmin olunması, əhalinin həyat səviyyəsinin yüksəlməsi nəticəsində alıcılıq qabiliyyətinin artması öz müsbət təsirini göstərmişdir. Hesabat ilində rayonun iqtisadi və sosial sahələrində muzdla işləyənlərin orta aylıq əmək haqqı əvvəlki illə müqayisədə 6,3 faiz artaraq 395,7 manata, sənaye müəssisələrində işləyənlərin orta aylıq əmək haqqı isə 17,4 faiz artaraq 389,4 manata çatmışdır. Alıcılıq qabiliyyətinin artmasına ilk növbədə təsir göstərən də məhz bu amildir.

Əhalinin sosial müdafiəsi məsələləri daim diqqətdə saxlanılmış, sosial yardıma ehtiyacı olanların müəyyənləşdirilməsinə nəzarət artırılmışdır. Nəticə etibarı ilə ötən il ərzində vətəndaşlardan ünvanlı sosial yardımla bağlı 4320 müraciət daxil olmuş və 4247 vətəndaşın sənədləri rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində yaradılmış komissiya tərəfindən qəbul edilmiş və onlardan 4231 ailəyə ünvanlı sosial yardım təyin olunmuşdur.

Əhalinin aztəminatlı təbəqəsinin, əlil və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, pensiya və müavinətlərin əhaliyə vaxtında çatdırılması gündəlik fəaliyyətimizin əsasını təşkil edən məsələlərdən biri olmuşdur.

Rayon icra hakimiyyəti işsizliyin aradan qaldırılması üçün məşğulluq mərkəzinin fəaliyyətini daim nəzarətdə saxlamış, dövlət məşğulluq siyasəti, iş axtaran və işsiz vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi sahəsində bir sıra tədbirlər həyata keçirmişdir.

Əmək ehtiyatlarından düzgün və səmərəli istifadə olunmasına diqqətin artırılması məqsədi ilə ərazimizdəki müəssisə və təşkilatlarda vakant iş yerləri haqqında məlumat verilməsi nəzarətdə saxlanılmış, rayon məşğulluq mərkəzinə boş iş yerləri barədə məlumat verməyən 135 təşkilata bildiriş göndərildikdən, 28 müəssisə və təşkilatda müvafiq araşdırmalar aparılaraq onlardan 10 müəssisəyə cərimə sanksiyası tətbiq edildikdən sonra orta hesabla 345 müəssisə və təşkilatdan aylıq hesabatlar daxil olmuşdur. Bunun nəticəsində 2009-cu ildə rayon ərazisində 2566 iş yeri açılmışdır .

Hesabat dövrü ərzində rayon Məşğulluq Mərkəzində iş axtaran kimi 1517 nəfər qeydiyyata götürülmüşdür, 633 nəfər münasib işlə təmin olunmuşdur ki, onların da 275 nəfərini gənclər təşkil etmişdir. Məlum olduğu kimi, artıq bir neçə ildir ki, Bakı şəhərində kənd təsərrüfatı məhsullarının satışı yarmarkaları təşkil olunur. Belə yarmarkalardan biri də həftənin şənbə və bazar günləri Xətai rayonunda “Bakı” kinoteatrı yaxınlığında fəaliyyət göstərir. Rayon icra hakimiyyəti müvafiq dövlət orqanları ilə birgə yarmarkanın təşkilini daim nəzarətdə saxlayır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2010-cu ilin “Ekologiya ili” elan olunması ilə əlaqədar bir sıra tədbirlər həyata keçirildiyini bildirən R.Məmmədov onlardan bir neçəsini yığıncaq iştirakçılarının diqqətinə çatdırdı.

2009-cu il ərzində rayon ərazisində C.Naxçıvanski adına məktəbin qarşısında salınmış istirahət parkı, Zığ yolu boyunca “Zərifə”şadlıq evinin qarşısında salınmış park, rayon ərazisi boyunca uzanan və şəhəri Heydər Əliyev adına hava limanı ilə birləşdirən magistral avtomobil yolu boyunca aparılan abadlıq işləri, əkilən yüzlərlə ağaclar, Heydər Əliyev prospekti ilə Xətai prospektini birləşdirən yol ötürücüsünün tikintisi və istifadəyə verilməsi, Y.Səfərov küçəsinin və Nobel prospektinin abadlaşdırılması, yenidənqurulması və yaşıllaşdırılması, Babək prospekti boyunca tikilən yol qovşağı, onun ətrafının yaşıllaşdırılması və istifadəyə verilməsi, Nobel prospektinin başlanğıcında aparılan yenidənqurma və abadlıq işləri, bu sahələrin yaşıllaşdırılması və digər bu qəbildən olan işlər rayon ərazisinin ekoloji durumunun yaxşılaşdırılmasına xidmət edən mühüm işlərdir.

Hesabat ilində istifadəyə verilmiş yeni inzibatı binalar və körpülər rayonumuzun görkəmini tamamilə dəyişmişdir. Belə ki, Xətai rayonu ərazisində yeni inşa olunmuş Bakı Baş Polis İdarəsinin, Xətai Rayon Prokurorluğunun, Ali Məhkəmənin inzibatı binaları, Sərhəd qoşunlarının “Sərhədçi” idman olimpiya mərkəzi və Daxili İşlər Nazirliyinin İdman cəmiyyəti öz görünüşləri ilə şəhərimizin memarlıq ansanblına layiqli töhvə olmuşdur. Babək prospektində körpü və yol qovşaqlarının istifadəyə verilməsi nəqliyyatın hərəkətinin nizamlanmasına və tıxacların aradan qaldırılmasına çox böyük təsir etmişdir.

Zığ yolunda yerləşən 31 saylı binanın üzərində quraşdırılan saat, havanın temperaturunu, tarixi göstərən monitor da sakinlər tərəfindən rəğbətlə qarşılanmışdır. Həmin ərazidə keçirilən səyyar qəbul zamanı vətəndaşlar rayonda həyata keçirilən çoxsaylı abadlıq və quruculuq işlərindən razılıqlarını bildirərkən, həmin ərazidə daha bir parkın salınmasını xahiş etmişlər. Elə həmin gün park salınacaq əraziyə baxış keçirilmiş, vətəndaşların xahişləri nəzərə alınaraq, Zığ yolu 36, 38 və 40 saylı binaların arxasında parkın əsaslı şəkildə yenidən qurulması üçün hazırlıq işləri görülmüş və hazırda orada qızğın iş gedir.

Rayonda aparılan abadlıq və yenidənqurma işlərindən C.Naxçıvanski adına Litseyin yanındakı dairədə abadlıq və yaşıllaşdırma işlərini, 2200 kvadratmetrlik yaşıl zolağ salınmasını, 400 kvadratmetr istinad divarına üzlük daşın vurulmasını səkilərə asfalt örtüyün çəkilməsini xüsusi qeyd etmək olar. Həmin ərazidə yaşayan sakinlərin çoxsaylı müraciətlərini nəzərə alaraq, Respublika Narkaloji Dispanserinə gedən yola səki daşları və asfalt örtüyü döşənmişdir.

Y.Səfərov küçəsində əsaslı təmir və bərpa işləri görülmüş, küçənin hər iki tərəfindəki ticarət obyektlərinin və fərdi evlərin fasadları və hasarları, burada yerləşən yüksək mərtəbəli 5 binanın fasadı üzlük daşla, dam örtüyündə yerləşən tüstü bacaları isə 1000 kvadratmetr alkaponla üzlənmişdir. Küçə boyunca 3000 kvadratmetr yaşıllıq zolaqları salınmışdır.

Yaşayış binasının görkəmli yerində, milli memarlıq üslubunda, dekorativ daş nümunələrindən istifadə etməklə üzlənmiş sahədə saat mexanizm quraşdırılmışdır ki, bu da şəhərimizə xüsusi gözəllik verir.

Xocalı, Nobel və Babək prospektlərində, Y.Səfərov küçəsində, Zığ yolunda, Heydər parkında 7000-nə yaxın müxtəlif növ ağac, 10000-dən çox dekorativ gül kolu əkilmişdir. 27 noyabr 2009-cu ildə rayonun Şirin Mirzəyev küçəsi 15-də yerləşən iki mərtəbəli, 34 mənzilli, ailəvi yataqxana tipli binada baş vermiş yanğın nəticəsində həmin bina yararsız vəziyyətə düşmüşdür. Qış mövsümü olduğunu və sakinlərin çoxsaylı müraciətlərini nəzərə alaraq, qısa müddətdə daxili imkanlar hesabına təxirəsalınmaz təmir-bərpa işləri aparılmış, yeni il ərəfəsində sakinlərin öz mənzillərinə qayıtması təmin edilmişdir.

Rayon təsərrüfatının 2009-2010- cu illərin payız-qış mövsümünə hazırlanması, rayon əhalisinin istilik, qaz, elektrik enerjisi və içməli su ilə fasiləsiz təmin etmək məqsədilə icra hakimiyyətinin sərəncamı ilə rayonun bütün sahələrini əhatə edən tədbirlər planı işlənib hazırlanmış və operativ qərargah yaradılmışdır.

Mənzil Kommunal Təsərrüfatı Birliyi 520 yüksək mərtəbəli binadan 382-nin istiliklə təchiz olunması üçün əsaslı işlər görmüşdür. Rayon ərazisində yaşayış evlərinin qaz təchizatının yaxşılaşdırılması məqsədilə ümumi uzunluğu 345 olan müxtəlif diametrli yeni qaz xətləri çəkilmiş, əhalinin qazla təminatında problemlər vaxtında həllini tapmışdır.

Hesabat dövründə elektrik təchizatını yaxşılaşdırmaq istiqamətində də kompleks tədbirlər həyata keçirilmiş, və bu sahədə heç bir ciddi problem yaşanmamışdır.

Rayonun enerji daşıyıcılarının dəyərinin ödənilməsi ilə əlaqədar yaradılmış qərargahın gördüyü tədbirlər nəticəsində kommunal xidmət haqlarının toplanılmasında diqqət çəkən irəliləyişlər olmuşdur. Belə ki, 2009-cu il ərzində əhaliyə verilən təbii qazın ödənişi 100 faiz, elektrik enerjisi üzrə ödəniş 101,2 faiz olmuşdur. Qaz və elektrik sahələrində sayğacların quraşdırılması 99,6 faiz təşkil etmişdir.

Hesabat dövrü ərzində Rayon Su İstehsalat İstismar Zonası daxili imkanlarını səfərbər edərək ayrı-ayrı ünvanlarda təmir işləri aparmış və rayon ərazisində baş vermiş qəza hallarının qarşısı vaxtında alınmışdır.

Rayonun təhsil, səhiyyə və mədəniyyət sahələrinin 2009-cu ildə qarşıya qoyulmuş vəzifələrin icrasını da uğurlu saymaq doğru olardı. Təkcə ötən il 11 müəllim “Əməkdar müəllim” adına, 1nəfər “Şöhrət” ordeninə, 2 nəfər “Tərəqqi” medalına, 2 nəfər “Qabaqcıl təhsil işçisi” adına layiq gürülmüşdür.

Hesabat dövrü ərzində rayonumuzda fəaliyyət göstərən səhiyyə müəssisələri işlərini yaxşılaşdırımış, əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətini yüksəltmişlər. 2009-cu ilin sonuncu rübündə uzun müddət təmirdə olan Respublika Doğum evi istifadəyə verilmiş və adı dəyişdirilərək Respublika Perinatal Mərkəzi olmuşdur.

Hesabat dövrü ərzində rayonun Əhmədli qəsəbəsinin sosial iqtisadi inkişafı da daim diqqət mərkəzində olmuşdur. Bu diqqət və qayğının nəticəsidir ki, 2009-cu ildə görülmüş işlərin həcmi ötən illərlə müqaisədə xeyli artmışdır. Bu artım 14 yanvar 2010-cu il tarixdə Əhmədli qəsəbəsində keçirilən illik hesabat yığıncağındakı məruzə və çıxışlarda da qeyd edilmişdir. Belə ki, qəsəbə sakinlərinə nümunəvi tibbi xidmət göstərilməsi məqsədilə yeni 50 gəlişli poliklinika binası tikilmiş, qəsəbənin mərkəzi küçələrinə asfalt döşənmişdir. Yaşayış sahələrinin genişlənməsi ilə əlaqədar əhalinin elektrik təchizatını yaxşılaşdırmaq məqsədilə yeni transformator məntəqələrinin quraşdırılması kimi problemlərin həll edilməsi məqsədilə aidiyyatı təşkilatlar qarşısında vəsadət qaldırılması rayon rəhbərliyindən xahiş edilmişdir.

“Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin tələblərini əməli fəaliyyət üçün rəhbər tutan rayon icra hakimiyyəti onların qəbulu, ərizə və şikayətlərin dinlənilməsi işinin təkmilləşdirilməsi istiqamətində zəruri tədbirlər görmuşdür. 2009-cu il ərzində rayon icra hakimiyyəti aparatı tərəfindən 43 qəbul keçirilmişdir.

Keçən hesabat ilində bu sahədə işlərin əsaslı surətdə yaxşılaşdırılması üçün əlavə tədbirlər müəyyənləşdirilmiş, rayonun idarə-müəssisə və təşkilatlarının, habelə qəsəbə nümayəndəliyinin iştirakı ilə yerlərdə səyyar qəbulların keçirilməsi təcrübəsindən səmərəli istifadə olunmuşdur. 2009-cu hesabat ili ərzində yerlərdə 46 səyyar qəbul keçirilmiş, burada 320 vətəndaş dinlənilmişdir. Yaxşı haldır ki, səyyar qəbullarda ortaya çıxan problemlərin 85-90 faizi yerindəcə həll edilmiş, bununla da əhalinin bir sıra haqlı narazılıqları aradan qaldırılmışdır.

2009-cu hesabat ilində vətəndaşlardan rayon icra hakimiyyətinə daxil olmuş bütün müraciətlərinə həssaslıqla yanaşılmış, əhalini düşündürən və narahat edən problemlər mövcud imkanlar çərçivəsində baxılaraq qanuni həll edilmiş, görülmüş tədbirlərin nəticələri ilə bağlı vətəndaşlara vaxtında yazılı cavablar verilmişdir.

Rayon icra hakimiyyətinin başçısı Razim Məmmədov çıxışının sonunda dedi:

— Ötən ilin yekunlarının təhlili göstərir ki, ölkəmizin hər yerində olduğu kimi, Xətai rayonunda da sosial-iqtisadi inkişafın bütün sahələri üzrə mühüm uğurlar əldə olunub, əhalinin maddi-rifah halı daha da yaxşılaşıb. Lakin görülən işlərlə kifayətlənmək olmaz. Odur ki, cari ildə mövcud imkanlardan daha səmərəli istifadə etməli, nöqsanlara qarşı barışmaz olmalı, qarşıda duran vəzifələrin layiqincə yerinə yetirilməsi üçün daha səylə çalışmalıyıq.

Sonra məruzə ətrafında çıxışlar oldu. Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisi Əvəz İsmayılov, Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsinin rəisi Ehtiram Əliyev, 204 saylı məktəbin direktoru Ziba Rzayeva, Milli Məclisin deputatları Hüseynbala Mirələmov və Səməd Seyidov çıxışlarında rayon icra hakimiyyəti başçısının 2009-cu ildəki fəaliyyətini bütövlükdə qənaətbəxş qiymətləndirdilər və görülən işlərlə kifayətlənməmək, daha yüksək nailiyyətlər qazanmaq üçün dövlət başçısının strateji xəttindən irəli gələn tədbirlərin həyata keçirilməsinə yüksək səylə əməl etməyi tövsiyə etdilər.

Yığıncaqda 2010-cu ildə qarşıda duran vəzifələrlə bağlı qərar layihəsi oxundu və Azərbaycan Respublikasının Prezidentinə müraciət qəbul olundu.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Tağı Tağıyev yığıncağın işində iştirak və çıxış etdi.

 

 

İlqar RÜSTƏMOV

 

Xalq qəzeti.- 2010.- 23 fevral.- S. 5.