Prezident İlham ƏLİYEV: Yaxın zamanlarda Azərbaycan
vətəndaşları təmiz ekoloji şəraitdə
yaşayacaqlar
Azərbaycan Prezidenti
İlham Əliyevin 2010-cu ilin “Ekologiya ili” elan etməsi və
eyni zamanda, dövlət başçısının təsdiq
etdiyi ətraf mühit sahəsində strateji proqramların
icrası ölkəmizdə ekoloji durumun daha da
yaxşılaşdırılması məqsədi
daşıyır. Prezident İlham Əliyevin yanında ekoloji
problemlərə həsr edilmiş müşavirədə də
bu məsələ ilə bağlı ətraflı söhbət
getmişdir.
Xatırladaq ki, “Azərbaycan
Respublikasında ekoloji vəziyyətin
yaxşılaşdırılmasına dair 2006-2010-cu illər
üçün kompleks Tədbirlər Planı” mövcud
problemlərin həllinə, xüsusilə, Bakı şəhəri
və Abşeron yarımadasında ətraf mühitin
yaxşılaşdırılması istiqamətində
aparılan işlərə böyük təkan vermiş, bu
istiqamətdə iri layihələr uğurla həyata
keçirilmiş, hazırda da davam etdirilir.
Ətraf mühitə təsirlər
iqtisadiyyatın müxtəlif sahələri ilə
bağlıdır və bir sıra dövlət qurumları
ekoloji problemlərin həlli istiqamətində tədbirlər
görürlər. İqtisadi İnkişaf Nazirliyi, “Azərsu”
Səhmdar Cəmiyyəti, Dövlət Neft Şirkəti və
digər təşkilatlar tərəfindən
tullantıların və çirkab suların idarə
olunmasının təkmilləşdirilməsi, neftlə
çirklənmiş ərazilərin, Bakı
buxtasının ekoloji vəziyyətinin
yaxşılaşdırılması istiqamətlərində
layihələr həyata keçirilir.
Qeyd edək ki, ölkənin
ekoloji durumu ilə bağlı indiyədək bir sıra tədbirlər
həyata keçirilmişdir. Dövlət
başçısının tapşırığı ilə
reallaşdırılan Xəzər dənizinin çirklənmədən
qorunması ilə bağlı proqram çərçivəsində
Abşeron yarımadasında modul tipli çirkab su təmizləyici
qurğulardan ibarət 16 stansiya qurularaq müvafiq sistem
yaradılmışdır. “Azərsu” SC-nin sərəncamında
olan iri təmizləyici qurğularla bərabər, bu sistemin fəaliyyəti
nəticəsində Pirallahıdan Novxanıyadək 86 kilometr
məsafədə sahilboyu ərazilərdən gün ərzində
6 min kubmetrdən çox çirkab suyun təmizlənmədən
dənizə axıdılmasının qarşısı
alınmışdır.
Abşeron
yarımadasının təhlükəli tullantılardan təmizlənməsi
sahəsində də işlər uğurla aparılır.
Bakı və Sumqayıt şəhərlərindən
müxtəlif tərkibli istehsalat tullantıları təhlükəli
tullantıların idarə olunması üzrə milli mərkəzə
daşınaraq basdırılır. O cümlədən,
Sumqayıtda ətraf mühitin ciddi çirklənməsinə
səbəb olan 287 min ton civə tərkibli toksiki
tullantıların bir neçə il ərzində təhlükəli
tullantılar poliqonuna daşınaraq zərərsizləşdirilməsi
prosesi 2009-cu ildə başa
çatdırılmışdır.
Bu işlərin səmərəliliyini
artırmaq məqsədi ilə poliqonun infrastrukturu inkişaf
etdirilmiş, qaz, su və elektriklə tam təmin edilmişdir.
Bu da təhlükəli tullantıları emal yolu ilə zərərsizləşdirmək
imkanı yaratmışdır.
Hazırda meşələrin
mühafizəsi, bərpası, yeni meşəliklərin
salınması sahəsindəki göstəricilər durmadan
artır. Sözügedən müşavirədə
bildirilmişdir ki, təkcə son üç ildə 32 min 211
hektar ərazidə meşəbərpa tədbirləri
aparılmışdır. Son 15 ildə meşə ilə
örtülü sahələr 989 min hektardan 1 milyon 21 min
hektara qaldırılmışdır ki, bu da respublikada meşə
ilə örtülü ərazilərin 11,4 faizdən 11,8 faizə
qədər artması deməkdir. Bu göstəricilər beynəlxalq
peykdən müşahidə təşkilatlarının təhlillərində
də təsdiqini tapmışdır.
Bu gün paytaxtda və
respublikamızın bölgələrində
yaşıllaşdırma işləri geniş vüsət
almışdır. 2008-ci ilin əvvəlindən başlayaraq
Bakı-Qazax magistral avtomobil yolunun Atbulaq yaşayış məntəqəsindən
Hacıqabul rayon mərkəzinədək olan 28 kilometrlik hissəsində
172 min ağac və kol əkilmişdir. Ərazidə
ümumi tutumu 35 min kubmetr olan su anbarı yaradılmış,
müasir damcılı suvarma sistemi ilk dəfə
yaşıllaşdırma proqramlarında istifadə
edilmişdir. Həyata keçirilən aqrotexniki tədbirlər
nəticəsində ərazidə 90 faizdən yuxarı
bitişə nail olunmuşdur.
Oxşar nəticələr
digər yaşıllaşdırma işləri aparılan sahələrdə
də əldə edilmişdir. Zığ-Heydər Əliyev
adına Beynəlxalq Hava Limanı yolunun ətrafında 144
hektar ərazidə 140 mindən çox ting əkilmişdir.
Günəşli yamacında 52 hektar ərazidə 69 min
üzüm tingləri və ümumi
yaşıllığı yaradaraq landşaftı nəcibləşdirən
başqa bitkilər əkilmişdir. Əzizbəyov dairəsi
– Heydər Əliyev adına Beynəlxalq Hava Limanı yolu ətrafında
landşaftın bərpa edilməsi üçün 109 min
kubmetr torpaq işləri aparılmış, 56 hektar sahədə
61,6 min ağac və kol əkilmiş, 63,5 min kvadratmetr sahəyə
yaşıl çəmən salınmışdır.
Yaşıllaşdırılmış
ərazilərin suvarılması üçün əlavə
olaraq 2009-cu ilin sonunda 13 artezian quyusu qazılmış və
su tutumu 10 min kubmetrdən çox olan su anbarı inşa
edilmiş, uzunluğu 88 kilometr olan suvarma şəbəkəsi
yaradılmışdır. Bundan əlavə, Abşeron
yarımadasında 3 milyon ağac əkilməsi ilə
bağlı tapşırığı icrası ilə əlaqədar
yaşıllaşdırılacaq ərazilər
seçilmiş, həmin ərazilərdə, keçmiş
Binə ticarət mərkəzinin ərazisi də daxil olmaqla
472 min kubmetr torpaq işləri görülmüş,
hamarlanmış, əraziyə 6 min 400 kubmetr münbit torpaq,
2 min 160 kubmetr üzvi gübrə daşınmış, 9
artezian quyusu qazılmış, 10,5 kilometr uzunluğunda suvarma
sistemi yaradılmışdır. Son iki ayda təkcə
Bakı, Sumqayıt şəhərlərinin ərazilərində
və yarımadanın digər sahələrində 204 mini
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən
olmaqla, Bakı və Sumqayıt İcra Hakimiyyəti
orqanlarının iştirakı ilə cəmi 573 min ağac
və kol əkilmişdir...
Müşavirədə
vurğulanmışdır ki, Prezident İlham Əliyevin
qabaqcıl dünya təcrübəsinə və yeni
texnologiyaların tətbiqinə diqqəti nəticəsində
ölkədə müasir ekoloji monitorinq sistemi
yaradılmışdır. Ətraf mühit komponentlərinin
dəqiq analizi və qiymətləndirilməsi məqsədi
ilə respublikanın müxtəlif bölgələrində,
o cümlədən ölkəyə daxil olan transsərhəd
çayların üzərində ən müasir cihazlarla təmin
olunmuş analitik tədqiqat laboratoriyaları təşkil
edilmişdir. Çoxfunksiyalı və avtomatik rejimdə
işləyən müasir cihazlar havada, suda və torpaqda 3
mindən artıq çirkləndiricini təyin etməyə
imkan verir. Nüvə texnologiyalarından istifadə edən
ölkələrlə sərhəd rayonlarda və
Pirallahı adasında radiasiya fonu üzərində
avtomatlaşdırılmış monitorinq nəzarəti
sistemi quraşdırılmışdır ki, həmin şəbəkədən
artıq avtomatik rejimdə məlumatlar həm Ekologiya və Təbii
Sərvətlər Nazirliyinin monitorinq xidmətinə, həm
də Fövqəladə Hallar Nazirliyinə ötürülür.
Azərbaycan Prezidenti
İlham Əliyev tərəfindən 2010-cu ilin “Ekologiya ili”
elan edilməsi ilə bağlı cari ilin prioritet istiqamətləri
üzrə müvafiq layihələr
hazırlanmışdır. Həyata keçirilən
uğurlu siyasətə söykənərək Abşeron
yarımadasında neft tullantıları və digər zərərli
maddələrlə çirklənmiş torpaqların və
göllərin bərpası əsas prioritet istiqamət
seçilmişdir. Burada göllərin və ətrafının
təmizlənməsi, torpaqların rekultivasiyası
hesabına ərazilərin reabilitasiyası nəzərdə
tutulmuşdur. Bununla bağlı hərtərəfli
araşdırmalar aparılmış, müvafiq layihə təklifləri
hazırlanmışdır. Bu işlərin ilkin olaraq
Zığ gölünün ətrafında aparılması məqsədi
ilə hazırlanmış “Zığ gölünün və
ətraf ərazilərin neft tullantılarından təmizlənməsi
və torpaqların reabilitasiyası” layihə-smeta sənədləri
aidiyyəti dövlət qurumları ilə
razılaşdırılır.
Növbəti mərhələdə
bu işlərin Çuxurdərə, Bülbülə,
Hacıhəsən, Qırmızıgöl, Masazır və
digər göllərin yerləşdiyi ərazilərdə
aparılması nəzərdə tutulur. Eyni zamanda, Neft
Şirkəti layihədə iştirak edir. Şirkət
balansında olan neftlə çirklənmiş geniş ərazilərdə
öz vəsaiti hesabına təmizləmə işlərini
çox sürətlə aparır.
Prezident İlham Əliyev
ölkədə yaşıllaşdırma tədbirlərinə
də xüsusi diqqət yetirir. Bu tədbirlərin iki istiqamətdə
həyata keçirilməsi təklif olunur. Birinci istiqamət
Abşeron yarımadasında yaşıllaşdırma işləridir.
Bu tədbirlərin Zığ gölü və Heydər Əliyev
adına Beynəlxalq Hava Limanı, Əzizbəyov-Sabunçu
dairələri, Bakı yamacı – 20-ci Sahəarası ərazilərdə
və digər yerlərdə həyata keçirilməsi
üçün hazırlanmış layihə-smeta sənədləri
aidiyyəti dövlət orqanları ilə
razılaşdırılmaqdadır. Eyni zamanda,
genişmiqyaslı yaşıllaşdırma tədbirlərinin
kifayət qədər suvarma suyu ilə təmin edilməsi
üçün təmizlənmiş tullantı sulardan təkrar
istifadə məsələsi araşdırılmış,
Hövsan, Binə, Lökbatan, Səngəçal və
Qobustan qəsəbələri ətrafında təmizlənmiş
tullantı sularının texniki bitkilərin
suvarılmasına yönəldilməsi üzrə ilkin layihə
hazırlanmışdır. Misal üçün, Hövsanda
aerasiya stansiyası tamamilə yeniləşdirilərək
istifadəyə verilmişdir. Çirkab suları burada təmizləndikdən
sonra Xəzər dənizinə axıdılır.
İkinci istiqamət –
avtomobil yolları boyu ətraf ərazilərin
yaşıllaşdırılması ilə
bağlıdır ki, bu da Abşeron yarımadasından kənara
çıxır. Bu məqsədlə birinci mərhələdə
Bakı-Ələt, Ələt-Salyan və Ələt-Atbulaq
istiqamətində həyata keçirilən işlərin
davam etdirilməsi nəzərdə tutulur.
Prezident yanında
keçirilən müşavirədə “Əhalinin ekoloji cəhətdən
təmiz su ilə təminatının
yaxşılaşdırılması proqramı”nın
uğurlu icrasından da söhbət getmişdir. Göstərilmişdir
ki, bu məqsədlə modul tipli sutəmizləyici
qurğular quraşdırılmış 122 kəndə əlavə,
hazırda 18 rayonun 63 kəndində də həmin istiqamətdə
işlər gedir. Nəticədə, daha 125 min insan təmiz
içməli su ilə təmin olunacaqdır. Eyni zamanda, daha
132 yaşayış məntəqəsində sutəmizləyici
qurğuların quraşdırılması üçün
hazırlanmış layihə-smeta sənədləri aidiyyəti
dövlət orqanları ilə
razılaşdırılır. Ekologiya və təbii sərvətlər
naziri H.Bağırovun bildirdiyinə görə, artıq bu layihəyə
təkcə Kür və Araz çaylarının,
kanalların suyundan istifadə edən yaşayış məntəqələri
yox, həmçinin daha kiçik çayların, çirklənmiş
sulardan istifadə etmək ehtiyacında olan başqa
rayonların da kəndləri daxil edilmişdir. Bundan başqa,
Abşeron yarımadasında Zirə və Qala kəndlərində
şoranlaşmış quyu sularını şirinləşdirəcək
pilot layihələri həyata keçiriləcəkdir. Bu, həmin
kəndlərin su probleminin səhiyyə standartlarına cavab
verən səviyyədə həllini təmin edəcəkdir.
Bu gün Xəzər dənizinin
çirklənmədən qorunması da diqqətdə
saxlanılır. Bu məsələdə məqsəd
Abşeron yarımadasının şimal sahilboyu ərazilərində
qurulmuş modul tipli çirkab sutəmizləyici
qurğulardan ibarət “Xəzər dənizinin ekoloji
mühitinin mühafizə sistemi”nin cənub istiqamətində
davam etdirilməsidir. Hazırda mövcud 6 stansiyanın fəaliyyəti
diqqət mərkəzindədir və səmərəli
işini davam etdirir. Onun nəticəsidir ki, hazırda Mərdəkan-Şüvəlan
ərazisindəki bataqlıqlar istifadəyə yararlı vəziyyətə
gətirilmişdir. İş adamları, yerli icra hakimiyyətinin
nümayəndələri orada müvafiq işlər
aparırlar.
Ekologiyanın
yaxşılaşdırılması ilə bağlı
prioritet istiqamətlərdən biri də atmosfer
havasının mühafizəsidir. Burada əsas çirklənmə
avtonəqliyyat vasitələri ilə bağlıdır. Əgər
sovet dövründə Azərbaycan Respublikası atmosferə
çirkləndiricilər və karbon birləşmələrini
70 milyon ton çərçivəsində atırdısa, o
dövrdən qalan iqtisadiyatın əsaslı surətdə
yenidən qurulması və bir neçə dəfə
böyüməsi nəticəsində bu dəqiqə atmosferə
atdığımız karbon birləşmələri və
çirkləndiricilərin həcmi 38 milyon tona enmişdir.
Lakin əgər 70 milyon tonun içində nəqliyyatın
payı 4,5 milyon ton idisə, bu gün artıq 38 milyon tonun
haradasa 14-15 milyon tonu təkcə nəqliyyatın payına
düşür.
Problemin həlli istiqamətində
yaxın vaxtlarda qüvvəyə minəcək avtonəqliyyat
vasitələrindən atmosfer havasına atılan zərərli
maddələrə dair tələblərin Avropa
standartlarına uyğunlaşdırılması üzrə tədbirlər
planında artıq bu il Avro-2 standartlarına keçid nəzərdə
tutulmuşdur. Şəhərdən kənarda yeni neft-qaz
emalı kompleksinin tikilməsi nəticəsində Azərbaycanda
istehsal olunacaq yanacaq-sürtkü materialları Avro-5
standartlarına cavab verəcəkdir ki, bu da artıq Avropada
olduğu kimi, Avro-3 və Avro-4 mərhələlərini
adlayaraq birdəfəlik Avro-5 standartlarına keçməyə
imkan yaradacaqdır.
Müşavirədə
Bakı Şəhər İcra Hakimiyyətinin
başçısı H.Abutalıbov, ARDŞ-in prezidenti
R.Abdullayev son illər ətraf mühitin mühafizəsi,
ekoloji vəziyyətin sağlamlaşdırılması ilə
bağlı həyata keçirilən geniş miqyaslı tədbirlərdən
danışmışlar. Ölkə başçısı
İlham Əliyev əminliklə bildirmişdir ki,
görülən və görüləcək tədbirlər
nəticəsində yaxın zamanlarda Bakı və Abşeron
yarımadasında və ölkəmizin digər yerlərində
ekoloji vəziyyət əsaslı dərəcədə
yaxşılaşdırılacaq. Azərbaycan vətəndaşları
təmiz ekoloji şəraitdə yaşayacaqlar.
Vaqif BAYRAMOV
Xalq qəzeti.- 2010.- 23 fevral.- S. 1.