Sabunçu: inkişafın yeni mərhələsi
Azərbaycanda son illər
aparılan davamlı islahatlar öz müsbət nəticəsini
verməkdədir. Paytaxtımızın ən böyük
rayonlarından olan Sabunçu rayonunda da sosial-iqtisadi
inkişaf sahəsində əsaslı nailiyyətlər
qazanılmışdır. Dünən rayonun 2009-cu ilin
sosial-iqtisadi inkişafına həsr olunan hesabat
yığıncağında bu barədə ətraflı
söhbət açılmışdır. Geniş məruzə
ilə çıxış edən Sabunçu Rayon İcra
Hakimiyyətinin başçısı Əlibaba Əliyev
bildirmişdir ki, ölkədəki dinamik sosial-iqtisadi inkişaf
Sabunçu rayonunda da müşahidə olunmuşdur. Belə
ki, 2009-cu il ərzində rayonun sənaye müəssisələri
və idarələri tərəfindən 120 milyon manatlıq
sənaye məhsulları istehsal edilmişdir. Bu da 2003-cü
ildəkinə nisbətən təqribən 3 dəfə
çoxdur. O da qeyd edilməlidir ki, 2009-cu ildə istehsal edilən
məhsulların 43 faizi qeyri-dövlət sektorunun hesabına
olmuşdur.
2009-cu il ərzində
rayonun tikinti kompleksində iqtisadi və sosial sahələrin
inkişafı üçün bütün maliyyə mənbələri
hesabına 59 milyon manat məbləğində investisiyadan
istifadə olunmuşdur ki, bunların da 31,2 faizi istehsal təyinatlı
obyektlərin inşasına sərf edilmişdir. Sənaye sahələrində
çalışanların orta aylıq əmək haqqı
2008-ci ildəkinə nisbətən 1,4 faiz artaraq 313 manat,
tikinti kompleksində isə 2,8 faiz artaraq 275,5 manat təşkil
etmişdir. 2009-cu il ərzində rayon üzrə 870 yeni
iş yeri açılmışdır.
İl ərzində Azərbaycan
Respublikası Prezidentinin “Ünvanlı dövlət sosial
yardımı haqqında” 16 noyabr 2005-ci il tarixli fərmanına
əsasən ünvanlı dövlət sosial yardımı
almaq üçün 4896 ailəyə və ya 21921 nəfərə
4,5 milyon manat məbləğində ünvanlı yardım
edilmişdir.
Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin 27
fevral 2006-cı il tarixli sərəncamı ilə “Bakı
şəhərinin qəsəbələrinin 2006-2007-ci illər
üzrə sosial-iqtisadi inkişafının sürətləndirilməsinə
dair Tədbirlər Proqramı” təsdiq edilmişdir. Həmin
proqramın icrası nəticəsində rayonun qəsəbələrində
bütün sahələri əhatə edən böyük həcmli
işlər görülmüşdür ki, bununla da əhalinin
sosial durumu daha da yaxşılaşmışdır. Həmin
proqramın davamı olaraq Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevin 14 aprel 2009-cu il tarixli fərmanı
ilə “Azərbaycan Respublikası regionlarının
2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı
Dövlət Proqramı” təsdiq edilmişdir ki, burada da
regionların, eləcə də Bakıətrafı qəsəbələrin
inkişafının əsas inkişaf istiqamətləri
müəyyən olunaraq orada öz əksini
tapmışdır.
Dövlət
Proqramında nəzərdə tutulmuş tədbirlərlə
yanaşı il ərzində rayonda daxili imkanlar hesabına bir
sıra təmir-bərpa və abadlıq işləri
aparılmışdır və bu işlər indi də davam
etdirilir.
Belə ki, əhalinin
elektrik təchizatını yaxşılaşdırmaq məqsədilə
il ərzində rayon üzrə 30 yeni KTM
quraşdırılmış, 6 transformator daha güclüləri
ilə əvəz edilmiş, 53 transformator məntəqəsi
əsaslı təmir olunmuşdur.
Neft-mədən sahələrinə
yaxın ərazilərdə yaşayan əhalinin fasiləsiz
elektrik enerjisi ilə təchizatını təmin etmək məqsədilə
1018 ədəd dayaq basdırılmış, kabel xətləri
çəkilmiş, 15 ədəd paylayıcı qurğu əsaslı
təmir olunmuş, 8 transformator dəyişdirilmiş, 18
transformator təmir edilmişdir.
Hazırda rayon üzrə
ATS-lərin ümumi tutumu 63150 nömrəyə
çatdırılmışdır ki, bu da hər 100 ailəyə
85 telefon nömrəsi deməkdir.
Əhalinin su təchizatını
yaxşılaşdırmaq məqsədilə 30 min metrə
yaxın müxtəlif diametrli su boruları dəyişdirilmiş,
14 ədəd su nasosu, 5 ədəd elektrik mühərriki təmir
edilmiş, 747 ünvanda su xətləri bərpa edilmiş, 28
suvurma məntəqəsində cari təmir işləri
aparılmışdır. Bundan başqa Bakıxanov qəsəbəsi
Axundov 5 və Gənclik 23 ünvanda hər birnin tutumu 1000
kubmetr olan iki su anbarı, Gənclik 23-də yeni nasosxana tikilərək
istifadəyə verilmişdir. İl ərzində rayonun
Bakıxanov, Sabunçu, Zabrat, Maştağa və Ramana qəsəbələrində
müxtəlif diametrli 2500 metrə yaxın kanalizasiya xətləri
çəkilmişdir.
Qaz İstismar İdarəsinin
daxili imkanları hesabına 32,3 min metr müxtəlif diametrli
qaz xətləri çəkilmiş, 69 ədəd qaztənzimləyici
qurğu, 37 ədəd qaztənzimləyici şkaf və 1 ədəd
mini qazpaylayıcı stansiya
quraşdırılmışdır.
7 saylı İstilik
Sistemləri İstismar Sahəsi tərəfindən ötən
qış mövsümündə rayon üzrə 18 məktəbə,
8 uşaq bağçasına, 6 səhiyyə obyektinə, 110
yaşayış binasına və 9 digər obyektlərə
istilik verilməsi təmin edilmişdir.
İcra
başçısı bildirmişdir ki, 2009-cu il ərzində
istilik sahəsi üzrə istilik xətlərində və
binaların zirzəmilərində aşağı istilik
paylanma xətlərində 2 min metr müxtəlif diametrli
istilik boruları dəyişdirilmiş, 26 qazanxana, 5 istilik məntəqəsində
əsaslı və cari təmir işləri
aparılmışdır.
Respublika Prezidenti cənab
İlham Əliyev tərəfindən 2010-cu ilin “Ekologiya ili”
elan edilməsi ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər
Nazirliyində birgə komissiya yaradılmışdır ki, həmin
komissiya tərəfindən rayon ərazisində salınacaq
yeni yaşıllıq sahələri müəyyənləşdirilmiş,
həm də bu sahələrə sonradan qulluq göstərilməsi
üzrə müvafiq təkliflər hazırlanmaqdadır. Bizim
ilkin təklifimizdə rayonda 10 yerdə cəmi 240 ha yaxın
sahədə yeni yaşıllıq sahələrinin
salınması nəzərdə tutulmuşdur və indiyədək
rayonun bir sıra qəsəbələrində magistral yol kənarlarında
idarə və müəssisələrin, qəsəbə
nümayəndəliklərinin və bələdiyələrin
iştirakı ilə 7,6 hektar ərazidə 7700 ədəd
ağac əkilmiş və bu işlər davam etdirilir.
Bundan əlavə, Yeni
Azərbaycan Partiyası Sabunçu rayon təşkilatının
Bakıxanov qəsəbəsində ümumi sahəsi 1100
kvadratmetr olan 2 mərtəbəli inzibati binası 15 iyun
2009-cu il tarixdə istifadəyə verilmiş və orada ətraf
sahə abadlaşdırılmış, çoxmərtəbəli
yaşayış binalarının fasadları rənglənmişdir.
Hazırda Bakıxanov qəsəbəsindəki
mərkəzi parkda Heydər Əliyev muzeyinin, Fətəliyev
küçəsində rayon polis idarəsinin yeni inzibati
binasının, Y.Əliyev küçəsində
ayrılmış torpaq sahəsində isə rayon məhkəməsi,
Apellyasiya Məhkəməsi, Dövlət Sosial Müdafiə
Fondunun rayon şöbəsi, Əhalinin Sosial Müdafiə Mərkəzinin
rayon şöbəsinin yeni inzibati binalarının tikintisinə
hazırlıq işləri aparılır.
Milli Məclisin
deputatı Eldar Quliyevin dəstəyi ilə Maştağa qəsəbəsindəki
ümumi sahəsi 1,2 hektar olan istirahət parkında rayon
qeydiyyat Şöbəsinin Maştağa bölməsinin
binası da daxil olmaqla tikinti-quraşdırma və abadlıq
işləri başa çatdırılaraq istifadəyə
verilmiş və qəsəbənin girişində
repressiyalara məruz qalmış soydaşlarımızın
və şəhidlərin xatirəsinə həsr edilmiş
memorial kompleksin tikinti işləri başa
çatdırılmışdır. Bundan əlavə, 18
oktyabr 2009-cu ildə Dövlət Müstəqilliyi
Günündə ulu öndər Heydər Əliyevin abidəsinin
açılışı mərasimi keçirilmişdir.
Heydər Əliyev
Fondunun vəsaiti hesabına Maştağa qəsəbəsindəki
21 saylı uşaq sanatoriyası yenidən qurularaq müasir
avadanlıqlarla təchiz edilmiş, sanatoriyanın
qarşısında hasar çəkilərək suvanıb rənglənmiş
və 2009-cu il yanvarın 21-də Mehriban xanım Əliyevanın
iştirakı ilə istifadəyə verilmişdir.
Heydər Əliyev Fondu
öz ənənəsini davam etdirərək
Pirşağı qəsəbəsindəki 34 saylı
poliklinikanın və təcili yardım stansiyasının
yenidən qurulması və müasir avadanlıqlarla təchiz
edilməsi üzrə müvafiq layihə əsasında
işləri davam etdirir.
Məlum olduğu kimi cənab Prezident İlham Əliyevin 29 dekabr 2009-cu il tarixli fərmanı ilə əhalinin təbii qaz istehlakına görə 1 oktyabr 2009-cu il tarixə qədər yığılmış 330 milyon manat məbləğindəki borcları ləğv edilmişdir ki, bu borcların rayon üzrə ümumi məbləği 43,3 milyon manat təşkil etmişdir.
Ümumiyyətlə, bu qərar əhali tərəfindən rəğbətlə qarşılanmışdır və buna görə cənab Prezdientə öz dərin təşəkkürümüzü bildiririk.
Bir məsələyə də geniş toxunan icra başçısı demişdir ki, Azərbaycanın işğal olunmuş ərazilərindən Sabunçu rayonunun müxtəlif sosial obyektlərində 5 mindən çox ailə və ya 25 mindən artıq məcburi köçkün məskunlaşmışdır. Onların və eləcə də şəhid, Qarabağ əlilləri və digər bu qəbildən olan ailələrin sosial müdafiəsinin gücləndirilməsi mənzil-kommunal şəraitinin yaxşılaşdırılması rayon icra hakimiyyətinin daim diqqət mərkəzində olmuşdur.
Belə ki, 2009-cu il ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xətti ilə tikilmiş yaşayış binalarında rayonumuzdan 4 şəhid ailəsinə, 13 Qarabağ əlilinə və bir 20 Yanvar əlilinə mənzil verilmişdir.
Rayon icra hakimiyyəti aparatı rayonda fəaliyyət göstərən ictimai təşkilatlarla, o cümlədən şəhid ailələri, Böyük Vətən və Qarabağ müharibələri veteranları və əlilləri, Çernobıl əlilləri və iştirakçıları, 20 Yanvar faciəsi qurbanlarının ailələri, həmçinin digər xalqların icma nümayəndələri ilə həmişə olduğu kimi ötən il ərzində də mütəmadi olaraq bir sıra ictimai-siyasi, mədəni-kütləvi tədbirlərin həyata keçirilməsini təmin etmiş, bu kateqoriyadan olan vətəndaşların sosial-məişət məsələlərinin həlli istiqamətində mümkün köməkliklərin göstərilməsinə çalışmışdır.
Rayonda hərbi-vətənpərvərlik işinin aparılması da hazırda lazımi səviyyədədir. Artıq son illər rayonda demək olar ki, ordu sıralarına çağırışlardan boyunqaçırma halları yoxdur.
Təhsil sistemində müasir metod və texnologiyaların, mütərəqqi iş təcrübəsinin öyrənilməsi və tətbiqi sahəsində başlanmış işlər davam etdirilmiş, yeni yanaşmalar, yeni düşüncə tərzinin təşəkkülü genişlənmişdir. Təhsilin keyfiyyət və səmərəsini yüksəltmək üçün konkret tədbirlər görülmüş, məktəblərin maddi-texniki bazası əsaslı surətdə möhkəmləndirilmişdir. Əgər 2003-cü ildə rayon məktəblərində cəmi 47 kompyuter var idisə, 2009-cu ildə bu rəqəm 1260-a çatdırılmışdır.
2009-cu ildə rayonda 2606 nəfər orta məktəbi bitirmiş və ali məktəblərə sənəd verən 2257 nəfərdən 868 nəfəri və ya 38,5 faizi daxil olmuşdur ki, bu da 2008-ci ildəkindən 3,5 faiz çoxdur.
Ölkə Prezidentinin sərəncamına əsasən bütün məktəb kitabxanalarının latın qrafikalı ədəbiyyatla təchizatı davam etdirilmiş, şagirdlərə pulsuz dərs ləvazimatları, I sinfə gedən şəhid və imkansız ailələrdən olan 59 uşağa isə məktəbli forması və digər paltar və dərs ləvazimatları verilmişdir.
Rayon üzrə 4 mindən çox səhiyyə işçisinin çalışdığı 25 müalicə-profilaktik müəssisələr tərəfindən 10 qəsəbənin ərazisində 200 min nəfərdən artıq əhaliyə, 20-yə yaxın idarə, müəssisə və təşkilatların fəhlə və qulluqçularına, həmçinin rayonda müvəqqəti məskunlaşmış 25 minə yaxın məcburi köçkün soydaşlarımıza tibbi xidmət göstərilir.
Vətəndaşların rayon icra hakimiyyəti ilə birbaşa təmas qurmalarını, sənədlərin qəbulu və göndərilməsinin daha da sürətləndirilməsini təmin etmək məqsədilə icra hakimiyyətində xüsusi internet saytı və elektron poçtu fəaliyyət göstərmişdir.
İlin əvvəlindən müəyyən edilmiş qrafikə uyğun olaraq yerlərdə qəsəbələr üzrə nümayəndəliklərin hesabat yığıncaqları və rayon rəhbərliyinin, hüquq-mühafizə və aidiyyətı xidmət sahələrinin rəhbərlərinin iştirakı ilə bütün qəsəbələrdə sakinlərlə səyyar görüşlər keçirilmiş, onları narahat edən məsələlər öyrənilmiş, irad və təkliflər dinlənilərək uyğun tədbirlər görülmüş, müvafiq izahatlar verilmişdir.
Məruzəçi dedi ki, gələcəkdə də fəaliyyətimizi bu istiqamətdə daha da genişləndirərək, 2010-cu ildə qarşıda duran bütün vəzifələri ləyaqətlə yerinə yetirəcəyik.
Natiq sonda rayona göstərilən xüsusi diqqət və qayğıya görə möhtərəm İlham Əliyevə rayon ictimayyəti adından öz dərin münnətdarlığını bildirdi və dedi ki, rayon əhalisi ümummili liderimizin siyasi kursunun layiqli davamçısı cənab Prezidentin yürütdüyü siyasəti daim dəstəkləyəcək.
Sonra YAP Sabunçu rayon təşkilatının sədri Mehriban Abbasquliyeva, rayon polis idarəsinin rəisi Cavanşir Babayev, rayon gənclər və idman idarəsinin rəisi Rakif Əliyev, Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin rəisi Oruc Əhmədov, “Balaxanıneft” NQÇİ-nin rəisi Muğdət Xəlilov, əhalinin sosial müdafiəsi mərkəzinin direktoru Məhərrəm Balakişiyev çıxış edərək rayonda həyata keçirilən tədbirlərdən danışdılar.
Sonda Prezident Administrasiyasının məsul işçisi Tağı Tağıyev və Milli Məclisin deputatı Fərrux Zeynalov çıxış etdilər.
İclasın işində Milli Məclisin deputatı Eldar Quliyev də iştirak edirdi.
Rayon ictimaiyyəti adından yığıncaq iştirakçılarının ölkə Prezidenti cənab İlham Əliyevə müraciəti qəbul olundu.
Mehdi MÜKƏRRƏMOĞLU
Xalq qəzeti.- 2010.- 24 fevral.- S. 6.