Dövlət gənclər siyasəti uğurla həyata keçirilir

 

Azərbaycan Respublikası Prezidenti Ilham Əliyevin 30 avqust 2005-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Gəncliyi Dövlət Proqramı” (2005-2009-ci illər) Binəqədi rayonunda uğurla həyata keçirilmişdir. Dövlət Proqramında qarşıya qoyulan ən mühüm vəzifələrdən biri olan gənclərin vətənpərvərlik tərbiyəsi bu gün də xüsusi diqqət mərkəzində saxlanılır. Yeniyetmə və gənclərin vətənpərvərlik və vətəndaşlıq tərbiyəsi işinin gücləndirilməsi, məktəblilərin hərbi xidmətə hazırlıq səviyyəsinin yüksəldilməsi məqsədilə Binəqədi rayonunda 2005-ci ildən etibarən Gənclər və İdman Nazirliyi tərəfindən təsdiq edilmiş əsasnaməyə müvafiq olaraq ”Gənclərin Hərbi Vətənpərvərlik Klubları"nın yaradılması istiqamətində işlərə başlanılmış, bu sahədə müəyyən uğurlar əldə edilmişdir. Belə ki, 2005-ci ilin dekabr ayında rayon ərazisində fəaliyyət göstərən ali, orta ixtisas və orta ümumtəhsil məktəblərinə, bələdiyyələrə, rayon Hərbi Komissarlığına və digər qurumlara klubların yaradılması ilə əlaqədar müraciət edilmiş və bu iş artıq reallaşdırılmışdır.

 

Azərbaycan Beynəlxalq Universitetində yaradılan klubun nəzdində hərbi mövzularda yazılmış bədii əsərlərin səhnələşdirilməsi üçün yaradıcı özfəaliyyət kollektivi, xalqımıza qarşı törədilmiş soyqırımlar və tarixi hadisələr haqqında gənclər arasında təbliğat işi aparan “Gənc təbliğatçılar” qrupu fəaliyyət göstərir. Burada eyni zamanda gənclərin hərbi xidmətə hazırlanmasında mühüm rol oynayan “Sərrast atıcılar” və “Qayğıkeş könüllülər” dərnəklərinin də səmərəli işi diqqəti cəlb edir. Bütün bunlarla yanaşı, klub milli qəhrəmanlar, müharibə veteranları və tarixi şəxsiyyətlər haqqında diskussiyaların, intellektual oyunların və müsabiqələrin təşkilində, hərbi-idman oyunlarının keçirilməsində də fərqlənir.

Hər il 20 Yanvar faciəsinin ildönümünə həsr olunmuş “Qanlı yanvar” mövzusunda rəsm, tələbələrin və ümumtəhsil məktəbləri şagirdlərinin iştirakı ilə “Şəhidlik zirvəsi” adlı ədəbi-bədii kompozisiya, Xocalı soyqırımının ildönümü ilə bağlı “Xocalı faciəsi xalqımızın qan yaddaşıdır” adlı rəsm və inşa müsabiqəsinin keçiriməsi də gənclərin vətənpərvərlik tərbiyəsinə müsbət təsir göstərir. 31 Mart Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbirdə erməni millətçilərinin xalqımıza qarşı törətdikləri cinayətlər haqqında Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən təqdim olunmuş videofilm nümayiş etdirilir və iştirakçılara təbliğat materialları paylanılır. Bundan başqa, hər il məktəblilərin hərbi xidmətə hazırlanması, onların fiziki hazırlığının yüksəldilməsi məqsədilə “Şahin” və “Cəsurlar” hərbi-idman oyunları, yaz və payız çağırışına həsr olunmuş “Vətənin müdafiəsinə hazıram” çoxnövçülük yarışları keçirilir. Ötən tədris ilində rayonumuzu təmsil edən 100 saylı orta məktəbin “Şahin” komandası uğurla çıxış edərək Bakı şəhər mərhələsində II yerə layiq görülmüş respublika mərhələsində isə III yeri tutmuşdur.

Hər il ənənəvi olaraq 26 İyun Silahlı Qüvvələr Günü münasibətilə Daxili Qoşunların Biləcəri qəsəbəsində yerləşən hərbi hissəsində və FHN-nin Mülki Müdafiə Alayında əsgər və zabitlərin iştirakı ilə mədəni-kütləvi tədbir təşkil edilir və hərbi xidmətdə fərqlənən əsgər və zabitlər mükafatlandırılır. Rayon ərazisində yerləşən hərbi hissələrin əsgər və zabitləri arasında “Breyn-rinq” intellektual oyunu, “Voleybol” və “Armrestlinq” yarışları keçirilir. Bütün bunlarla yanaşı, gənclərin vətənpərvərlik, milli-mənəvi və dini dəyərlərə uyğun tərbiyə olunması işinin təkmilləşdirilməsi, mənəviyyata zidd olan amillərlə mübarizə məqsədilə mütəmadi şəkildə RİH tərəfindən müxtəlif mövzularda dəyirmi masalar, görüşlər, seminarlar təşkil olunur.

Gənclər arasında hüquq pozuntuları, narkomanlıq, QIÇS və digər neqativ halların profilaktikası da diqqət mərkəzində saxlanılır. Rayon icra hakimiyyəti başçısı yanında yaradılmış Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyanın rayon Gənclər və İdman İdarəsi ilə əməkdaşlığı daha səmərəli olmuşdur. İdarə ilə birlikdə yeniyetmə və gənclər arasında sağlam həyat tərzinin, narkomanlığın fəsadları haqqında düzgün təsəvvürlərin formalaşdırılması, ictimaiyyətin diqqətinin narkomanlıqla bağlı problemlərin həllinə cəlb olunması məqsədilə bir sıra tədbirlər həyata keçirilmişdir. Rayon ərazisində fəaliyyət göstərən ali, orta ixtisas və orta ümumtəhsil məktəblərində Tələbə Gənclər Təşkilatları və Gənclərlə İş üzrə nümayəndəliklərlə birlikdə tələbə və şagirdlər arasında narkomanlıq, alkoqolizm, cinəyatkarlıq və digər neqativ meyillərə qarşı profilaktik tədbirlər təşkil edilmişdir.

Binəqədi rayonunda yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli təşkili və onların sağlamlıqlarının qorunması məqsədilə bir sıra bədən tərbiyəsi və idman yarışlarının təşkilinə də mühüm əhəmiyyət verilir. Lakin buna baxmayaraq, rayonumuzda yeniyetmə və gənclərin hüquq pozuntuları hallarına yol verilməsi faktlarının mövcudluğu, əsrin bəlası olan narkomaniyanın əsasən gənclərimiz arasında geniş yayılması bu sahələrdə həyata keçirilən tədbirlərin daha da gücləndirilməsini tələb edir.

Son illərdə yaradıcı və istedadlı gənclərə dövlət qayğısının artırılması, onların qabiliyyətlərinin inkişaf etdirilməsi üçün əlverişli şəraitin yaradılması, təhsilin səviyyəsinin yüksəldilməsi və elmi potensialın inkişafı məqsədilə bir sıra tədbirlər həyata keçirilmişdir. Bədən Tərbiyəsi və İdman Günü, Respublika Günü münasibətilə rəsm və foto müsabiqələrinin keçirilməsi buna misal ola bilər.

Rayon ərazisində gənclərin maraqları üzrə klubların yaradılması da mühüm hadisə kimi qarşılanmışdır. Belə ki, Azərbaycan Beynəlxalq Universitetində və Bakı Mədəni-Maarif Texnikumunda fəaliyyət göstərən klublarda gənclərdən ibarət mahnı və rəqs ansamblları fəaliyyət göstərir. Eyni zamanda, burada gənclər internetdən pulsuz istifadə etmək hüququna malikdirlər. Digər ərazilərdə də gənclərin maraqları üzrə klubların yaradılması ilə bağlı tədbirlər həyata keçirilir.

İstedadlı şagirdlərin əməyinin stimullaşdırlması, onlar arasında sağlam rəqabətin yaradılması və nəhayət, təhsilin keyfiyyətinin yüksəldilməsi məqsədilə rayon ümumtəhsil məktəblərində oxuyan istedadlı şagirdlər üçün xüsusi təqaüdlər verilir. Bundan başqa 600-dən çox bal toplayaraq respublikanın ali təhsil ocaqlarına daxil olan məzunlar üçün yüksək təqaüdlər ödənilir.

Rayon icra hakimiyyəti müxtəlif sahələrdə uğur qazanan gənclərə daim diqqət və qayğısını əsirgəmir. Belə ki, artıq “Kunq-Fu” üzrə 5 qat dünya çempionları Göyçək Qasımova və Ceyhun Xalıqlı RİH-in göstərdiyi maddi və mənəvi köməklik nəticəsində beynəlxalq turnirlərdə iştirak edir, yüksək nəticələr göstərirlər. Onların RİH-ə mənzil şəraitlərini yaxşılaşdırmaq məqsədilə etdikləri müraciətlər müsbət həllini tapmışdır. Gənclərin sahibkarlıq fəaliyyətinin dəstəklənməsi və məşğulluğunun təmin edilməsinə qayğı ilə yanaşılır. Bununla əlaqədar inkişaf etmiş ölkələrin təcrübələrinin öyrənilməsi və tətbiqi ilə bağlı rayon gənclərinin iştirakı ilə “İqtisadi rayonda biznes mühitinin inkişaf perspektivləri” mövzusunda konfrans keçirilmişdir. Eyni zamanda, Azərbaycan Gənclərinin IV Forumu ilə bağlı gənc sahibkarların kredit yarmarkasına çıxarılacaq biznes layihələrinin müzakirəsi ilə əlaqədar dəyirmi masalar təşkil olunmuşdur. Rayon gənclərinin məşğulluğunun təmin edilməsi məqsədilə müvafiq qurumların təşkil etdiyi əmək yarmarkalarında iş axtaran gənclərin iştirakı reallaşdırılmış və nəticədə onların öz ixtisasına uyğun iş problemi həllini tapmışdır. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və İqtisadi İnkişaf Nazirliyi tərəfindən “Gənc sahibkarlara dəstək” devizi altında keçirilən sərgi-satış tədbirində rayonumuzda istehsal edilən sənaye məhsulları nümayiş etdirilmişdir.

Respublikamız müstəqillik qazandıqdan sonra gənclərimiz də dövlət quruculuğu prosesində fəal iştirak etmiş, cəmiyyətdə layiq olduğu yerləri tutmuşlar. Son dövrlərdə gənclərin dövlət quruculuğu işlərinə geniş cəlb olunmasına, onların sosial-iqtisadi həyatda fəal iştirakına kömək edilmişdir. Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının Gənclər Birliyi də keçən dövr ərzində öz liderinin-partiya sədrinin tapşırıqlarını ləyaqətlə yerinə yetirmiş, dövlət gənclər siyasətinin əsas istiqamətləri üzrə tədbirləri uğurla reallaşdırmışdır.

 

 

Qüdsi BAYRAMOV,

Binəqədi Rayon Gənclər

İdman İdarəsinin rəisi, YAP Gənclər

Birliyi idarə heyətinin üzvü

 

Xalq qəzeti.- 2010.- 24 fevral.- S. 6.