Oğuz: inkişaf göz qabağındadır

 

Oğuz rayonu son vaxtlar xeyli dəyişib. Uca dağların qoynuna sığınmış adı kimi özü də qədim olan bu torpaqda indi hər gün bir yeniliyin şahidi olursan. Məhz elə buna görə də bu günlərdə rayonda keçirilən hesabat yığıncağında rayon icra hakimiyyətinin başçısı Aydın Əlihüseynovun deməyə sözü çox idi. 2009-cu ildə rayonda görülmüş işlər barədə məlumat verən başçı bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 14 aprel 2009-cu il tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”ndan (2009-2013-cü illər) irəli gələn vəzifələrin reallaşması üçün ciddi hazırlıq işlərinin görülməsi sahəsində Oğuz rayonu üçün də uğurlu bir il olmuşdur.

 

Dövlət proqramlarının icrasına uyğun olaraq son altı ildə rayonda 11.168 yeni iş yeri açılıb ki, onun da 2794-ü daimidir. Hesabat ilində isə 336 nəfər yeni işlə təmin olunub.

2009-cu il ərzində rayonun kəndlərində və şəhərdə bir sıra tikinti-quraşdırma, təmir, abadlıq işləri aparılıb. Belə ki, şəhərin Heydər Əliyev, C. Xasməmmədov, Abdurrahman Əsgərov, 20 Yanvar, Dədə Qorqud, Babək və Cavanşir küçələrində ümumi smeta dəyəri 346 min manat olan əsaslı təmir işləri yerinə yetirilib. Müasir tələblərə cavab verən xəstəxana kompleksi, əsaslı tikinti obyekti olan qlükoza zavodu, mədəniyyət mərkəzi istifadəyə verilib. 2008-ci ildə təməli qoyulmuş istirahət parkında isə tikinti işləri bu gün də davam etdirilir. Oğuz şəhərində 330, Xaçmaz və Böyük Söyüdlü kəndlərinin hər birində 360 şagird yerlik orta məktəb binaları tikilib.

Böyük Söyüdlü kənd xəstəxanasında, Bucaq, Sincan, Xalxalqışlaq, Calut kənd klublarında, Bucaq, Xaçmaz 2 və 3 saylı, Calut, Padar kənd uşaq bağçalarında təmir-bərpa işləri aparılıb. Bucaq, Xalxal, Calut, kənd icra nümayəndəliklərinin binaları təmir edilib və avadanlıqlarla təchiz olunub.

Hesabat dövründə Qarabağ müharibəsi əlili, Sincan kənd sakini İslamov Rəşad Əbülfət oğluna Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2 otaqlı fərdi yaşayış evi inşa edilib. Nazirlik tərəfindən 2009-cu ilin sonunda bir nəfər Böyük Vətən müharibəsi, bir nəfər Qarabağ müharibəsi əlilinə pulsuz minik avtomobili verilib. 19 nəfər əlil və şəhid ailəsi putyovka ilə təmin olunub.

Oğuz öz gözəlliyi ilə gələn qonaqları həmişə heyran edib. Demək, rayonda turizmin inkişafı sahəsində böyük imkanlar var. Odur ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev rayonda olarkən demişdir: “Oğuz rayonu çox gözəl təbii sərvətlərə malikdir. Gözəl təbiəti var, iqlimi var. Çox gözəl mənzərəli yerləri var. Əminəm ki, turizmin inkişafı Oğuz rayonunun gələcək inkişafına böyük xidmətlər göstərəcəkdir”. Bu barədə məlumat verən natiq bildirdi ki, rayonun turizm mərkəzinə çevrilməsi ilə bağlı möhtərəm Prezidentin qarşıya qoyduğu vəzifələrin yerinə yetirilməsi üçün bütün imkanlar səfərbərliyə alınıb. Hesabat ilində də bu sahədə xeyli iş görülüb. Bununla əlaqədar infrastrukturun yaradılması üçün rayonda dövlət tərəfindən, iş adamları və özəl qurumlar tərəfindən mühüm işlər həyata keçirilib. Rayon rəhbərliyi bu sahənin inkişafına köməkliyin gücləndirilməsi, şəraitin yaradılması üçün bütün imkanlardan istifadə edir. Oğuz şəhəri, Calut və Xalxal kəndləri ərazisində yeni turizm obyektləri tikilir. Həmin obyektlərə 15 milyon manat sərmayə qoyulması nəzərdə tutulub. Xaçmaz kəndində müasir tələblərə cavab verən yeni turizm obyekti tikilib istifadəyə verilib. Bu sahədə fəaliyyət göstərmək istəyən sahibkarlar üçün hər cür şərait yaradılıb.

Elə buradaca qeyd edək ki, iş adamları tərəfindən Xalxal kəndində böyük farelçilik təsərrüfatı yaradılıb. Ərazidəki çayın üzərində kiçik elektrik stansiyası quraşdırılıb. Sevindirici haldır ki, obyektin fəaliyyətində həmin sahədə alınan elektrik enerjisindən istifadə olunur.

İcra hakimiyyətinin başçısı daha sonra bildirdi ki, regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarında Oğuz rayonu üzrə nəzərdə tutulmuş tədbirlərə uyğun olaraq burada sahibkarlar üçün imkanlar yaradılması, investisiyalar cəlb olunması sahəsində müəyyən işlər görülüb. Özəl sektorun inkişafına, sahibkarlığa qanunsuz müdaxilələrin qarşısının alınmasına xüsusi diqqət yetirilib.

Sahibkarlar tərəfindən son illərdə Oğuz şəhərində, Baş Daşağıl, Xalxal, Bayan kəndləri arasında istirahət mərkəzləri tikilərək istifadəyə verilib.

Təkcə keçən il sahibkarlara 450 min manat kredit verilib.

Məhz onlara göstərilən qayğı nəticəsində rayonda kənd təsərrüfatı məhsulları istehsalı və emalı, südlük və ətlik növ mal-qara yetişdirilməsi sahəsində işlər uğurla davam etdirilir. Mal-qara və quşların sayı artırılır. Rayonda fərdi sahibkar tərəfindən yeni inkubasiya sexi quraşdırılıb. Aqrar sektorun müasir texnika ilə təchizatı yaxşılaşdırılır.

Rayonun iqtisadiyyatının əsasını təşkil edən kənd təsərrüfatının inkişafı daim diqqət mərkəzində saxlanılıb. Rayonun iqtisadiyyatında taxılçılıq, meyvəçilik və heyvandarlıq aparıcı rol oynayır. Bununla yanaşı, təsərrüfatlarda kartof və tərəvəz məhsullarının istehsalı da artır. Hesabat dövründə rayonda 43527 ton dənli və dənli paxlalılar, o cümlədən 29660 ton buğda, 12223 ton arpa olmaqla cəmi 41883 ton payızlıq taxıl istehsal olunub. Hər hektardan məhsuldarlıq 23,8 sentner təşkil edib. Rayonda buğda istehsalı keçən ilə nisbətən 318 ton çox olub. 2679 ton kartof istehsal edilib. 2845 ton tərəvəz, 2849 ton meyvə istehsal edilib.

Daha sonra Oğuzda təhsilin inkişafından danışan Aydın Əlihüseynov bu sahədə əldə olunan uğurları sadaladı. Qeyd etdi ki, regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı və “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı çərçivəsində Heydər Əliyev Fondunun vəsaiti hesabına rayonda 960 yerlik 6 yeni məktəb binası tikilib, şəhər 1 və 2 saylı orta məktəblərin binaları əsaslı şəkildə təmir olunub.

Rayonun Xaçmaz, Böyük Söyüdlü kəndlərində və Oğuz şəhərində hər biri 360 yerlik yeni məktəb binaları tikilib istifadəyə verilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində son 4 ildə Oğuz rayonunda 2040 yerlik 9 yeni məktəb binası qapısını məktəblilərin üzünə açıb. 2009-cu ildə rayonda texniki humanitar təmayüllü lisey fəaliyyətə başlayıb, ümumtəhsil məktəblərinə 148 min manat dəyərində yeni inventar və avadanlıqlar verilib.

2009-cu ildə respublikanın ali məktəblərinə Oğuz rayonu üzrə 147 nəfər, orta ixtisas məktəblərinə 75 nəfər gənc daxil olub ki, bu da əvvəlki illə müqayisədə yüksək nəticədir. Tələbə adı qazananlardan 21 nəfəri 500-dən, o cümlədən 6 nəfəri 600-dən yuxarı bal toplayıb.

Keçən il müasir xəstəxana kompleksinin istifadəyə verilməsi rayon əhalisinə göstərilən səhiyyə xidmətinin səviyyəsinin yüksəldilməsinə, əhalinin müalicə üçün başqa yerlərə getməsinin aradan qaldırılmasına böyük imkanlar yaradıb. Bütün şöbələr xəstəxanaya köçürülüb, şöbələrdə müasir tibbi avadanlıqlar quraşdırılıb, xəstəxana qaz və maye yanacaq ilə qızdırılan istilik sistemi ilə təmin edilib.

Qədim mədəniyyətə malik olan Oğuz yurdunda 32 abidə bu gün dövlət tərəfindən qorunur. Kərimli ərazisində, Yaqublu kəndinin yaxınlığında yerləşən kurqanlar bu sahədə mühüm rol oynayır. Burada aparılan qazıntı zamanı əldə olunan maddi-mədəniyyət nümunələri eramızdan 1500 il əvvələ aiddir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Oğuzda olarkən aparılan qazıntı işləri, kurqanın tarixi haqqında ona məlumat verilib. Cənab Prezident bu məlumatlara böyük maraq göstərib. Kurqanlardan tapılan bu nümunələr xalqımızın o vaxtlardan oturaq həyat sürdüyünü sübut edir. Abidə YUNESKO tərəfindən qorunan abidələrin siyahısına daxil edilib. Burada arxeoloji qazıntıların davam etdirilməsi bizim tariximizlə bağlı son sirrləri açacaq. 12 metrlik kurqan hazırda aşkar edilmiş ən iri ölçülü kurqandır. Kurqanın üstündə şəkili ustaların köməyi ilə gümbəz tikilib. Tikinti başa çatmaq üzrədir. Bu abidə turizm marşrutuna daxil ediləcək və turistlərin böyük marağına səbəb olacaqdır. Bütün bunlar barədə həvəslə məlumat verən icra başçısı Oğuzun tarixi ilə fəxr etdiyini xüsusi vurğuladı.

Daha sonra o, rayonda gənclərlə aparılan iş, onlara göstərilən diqqət barədə buraya toplaşanlara məlumat verdi. Rayonda rabitə xidmətində əldə olunan uğurlardan və qarşıda duran vəzifələrdən danışdı.

Yığıncağın işində Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Məhərrəm Quliyev və Milli Məclisin deputatı Eyvaz Qurbanov iştirak və çıxış etdilər.

 

 

İlqar HƏSƏNOV,

“Xalq qəzeti”nin bölgə müxbiri

 

Xalq qəzeti.- 2010.- 24 fevral.- S. 4.