Elmi nailiyyətlərin və
müasir texnologiyaların iqtisadiyyata tətbiqi davamlı
inkişafın başlıca şərtidir
AMEA-nın Kibernetika
İnstitutunda “Azərbaycan Respublikasında elmi nailiyyətlərin
və müasir texnologiyaların iqtisadiyyata tətbiqi
üçün səmərəli mexanizmlərin işlənib
hazırlanması” mövzusunda “dəyirmi masa” ətrafında
söhbət
XXI əsrdə
yalnız yüksək elmi potensiala və elm tutumlu texnologiyaya
malik ölkələr öz xalqları üçün
xoşbəxt və firavan həyat tərzi təmin etmək
imkanına malik olacaq.
Heydər ƏLİYEV,
Ümummilli lider
Bu gün qloballaşan dünya
iqtisadiyyatında elmi nailiyyətlərin istehsalata tətbiqi
geniş miqyas almışdır. Daha doğrusu, müasir
iqtisadiyyatı elmi-texniki nailiyyətlərin tətbiqindən
kənar təsəvvür etmək belə mümkün deyil.
Dünya təcrübəsi göstərir ki,
elmi-texniki tərəqqinin intensivləşdiyi, sosial-iqtisadi
proseslərin mürəkkəbləşdiyi və dünya
bazarında rəqabətin kəskinləşdiyi
hazırkı dövrdə davamlı inkişafın yolu elmi cəhətdən
yüksək səviyyədə əsaslandırılmış
siyasətdən və elmi-texniki nailiyyətlərin
iqtisadiyyata tətbiqindən keçir. İndi heç kəsə
sirr deyildir ki, elmi-texniki tərəqqi məhsuldar qüvvəyə,
mühüm sosial-iqtisadi inkişaf amilinə
çevrilmişdir. Məhz bu səbəbdən də
müasir dövrdə elmlə iqtisadiyyatın üzvi şəkildə
birləşməsi obyektiv zərurətdən irəli gəlir.
Azərbaycan MEA-nın Kibernetika İnstitutunda
“Azərbaycan Respublikasında elmi nailiyyətlərin və
müasir texnologiyaların iqtisadiyyata tətbiqi
üçün səmərəli mexanizmlərin işlənib
hazırlanması problemləri” mövzusunda keçirilən
“dəyirmi masa”da bütün bu deyilənlər barədə ətraflı
müzakirələr aparıldı.
“Dəyirmi masa” ətrafında
söhbətdə həmçinin Azərbaycan Respublikası
Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz
Mehdiyevin “İctimai və humanitar elmlər: zaman kontekstində
baxış” məqaləsində qaldırılan
mühüm məsələlərlə bağlı geniş
fikir mübadiləsi aparıldı. Elmimizin inkişaf
yolları, bu sahədə
mövcud problemlər ətraflı təhlil edildi. Azərbaycan
elminin dünya elminə inteqrasiyasına təkan verəcək
islahatların aparılması vacibliyi dəfələrlə
vurğulandı.
“Dəyirmi masa” ətrafında
söhbətdə AMEA-nın Kibernetika İnstitutunun direktoru,
akademik Telman Əliyev, Rusiya Federasiyasının Hesablama
Palatasının Ekspert-Məsləhət Şurasının
üzvü, Ali Audit Qurumlarının Beynəlxalq Təşkilatının
Məşvərət Şurasının üzvü Namiq Nəsrullayev,
Kibernetika İnstitutunun direktor müavini, texnika elmləri doktoru
Oqtay Nüsrətov, Kibernetika İnstitutunun laboratoriya rəhbəri,
iqtisad elmləri doktoru, professor Qorxmaz İmanov, Kibernetika
İnstitutunun laboratoriya rəhbəri, texnika elmləri doktoru,
professor Ağasi Məlikov, İqtisadi İnkişaf Nazirliyi
İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun direktor
müavini, iqtisad elmləri namizədi Rofət Hüseynəliyev,
Kibernetika İnstitutunun laboratoriya rəhbəri,
AMEA-nın müxbir üzvü, fizika-riyaziyyat elmləri
doktoru Asəf Hacıyev, ADİU-nun İqtisadi
Araşdırmalar Elmi-Tədqiqat Mərkəzinin direktoru,
iqtisad elmləri doktoru, professor Rasim Həsənov, Kibernetika
İnstitutunun laboratoriya rəhbəri, iqtisad elmləri doktoru,
professor Yadulla Həsənov, “İqtisadiyyat və həyat”
jurnalının şöbə müdiri, iqtisad elmləri
namizədi Çingiz İskəndərov və Yerli
İqtisadi İnkişaf Mərkəzinin rəhbəri, iqtisad
elmləri namizədi Vaqif Rüstəmov iştirak edirdilər.
Telman ƏLİYEV, AMEA Kibernetika İnstitutunun direktoru,
akademik:
— Son vaxtlar Azərbaycan
Respublikası Prezidenti Administrasiyasının rəhbəri,
akademik Ramiz Mehdiyevin “İctimai və humanitar elmlər: zaman
kontekstində baxış” məqaləsində elmimizdə və
ölkəmizin ümumi inkişaf səviyyəsinə
uyğun, onun dünya elminə inteqrasiyasına təkan verəcək
islahatların aparılması sahəsində qaldırılan
aktual məsələlərə xüsusi diqqət yetirilir.
Xatırlatmaq yerinə düşər ki, hörmətli
akademikin adı çəkilən məqaləsində
sosial-iqtisadi və ictimai həyatımızda baş verən
köklü dəyişikliklər, respublikamızın
müstəqillik qazandıqdan sonra əldə etdiyi uğurlar
və bunların əsas səbəbləri, dünyada analoqu
olmayan yeni Azərbaycan modelinin formalaşması, ictimai və
humanitar elmlər qarşısında mühüm tələblər
qoymaqla yanaşı, bu elmləri, yüksəlişi təhlil
etməyi, sivil vətəndaş cəmiyyətinin
formalaşması istiqamətləri kimi çox mürəkkəb
vəzifələr də qarşıya qoyulmuşdur.
Mən “dəyirmi masa”
iştirakçılarına göstərilən istiqamətlərdə,
ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq fərman
və sərəncamlarından irəli gələn, eləcə
də akademik Ramiz Mehdiyevin məqaləsində qeyd edilən
problemlərin həllində, nəzəri-praktiki əhəmiyyətə
malik nəticələrin əldə edilməsində fəal
olmağı arzulayıram. Eyni zamanda,
yaranmış fürsətdən yararlanaraq institutumuzun fəaliyyətinə
də toxunmağı zəruri sayıram. Burada əsas
diqqəti alimlərimiz tərəfindən ötən il aparılan elmi-tədqiqat işləri
üzrə əldə edilən bəzi mühüm nəticələrə
yönəltmək istərdim. Belə ki, sözügedən
dövrdə neftçıxarma obyektlərində yeni nəsil
intellektual monitorinq nəzarət və diaqnostika sistemləri
yaradılmış, istehsalat şəraitində müvəffəqiyyətlə
sınaqdan keçirilmiş və bu, Heydər Əliyev
adına Neftayırma Zavodunun kompressor stansiyasında, Şirvan
OYL şirkətinin 190 quyusunda, Qarasu əməliyyat şirkətinin
10 quyusunda, Suraxanı OYL, Binəqədi OYL və
“Balaxanıneft” Neft-Qazçıxarma İdarəsinin bir
neçə quyusunda tətbiq olunmuşdur. Bu
zaman hər bir quyuda 50 faizə qədər elektrik enerjisinə
qənaət edilmiş və təmirarası vaxtın 2 dəfədən
çox artması reallaşmış, həmin obyektlərin
rentabelliyi xeyli yaxşılaşmışdır. Sistemin yeniliyi beynəlxalq patentlə təsdiq
edilmişdir.
İnstitut
alimləri tərəfindən Azərbaycan dilində nitqin
tanınması və mətnlərin səsləndirilməsi
sistemlərinin ilk versiyaları yaradılmış və
Cenevrədə keçirilən beynəlxalq telekommunikasiya sərgisində
nümayiş etdirilmişdir. Bundan başqa,
ekonometrik modellərdə əsasında manatın məzənnəsinə
(bahalaşmasına) təsir edən faktorlar (xarici ölkələrdə
qiymətlərin səviyyəsi, neft gəlirlərinin
artması, Mərkəzi Bankın valyuta bazarına müdaxiləsi,
inflyasiya və s.) qiymətləndirilmişdir. Dinamik sistem kimi iqtisadi sistemin real vəziyyətinin
vergi-fiskal nöqteyi-nəzərindən qiymətləndirilməsi
modelləri işlənilmiş, dürüst olmayan ehtimallar əsasında
qərarların analizinin təklif edilən nəzəriyyəsi
üçün hesablama strukturu hazırlanmışdır.
Ürək-damar xəstəliklərinin gizli
dövrünü aşkar etməyə imkan verən
cihazın partativ maketi hazırlanmış, sınaqdan
keçirilmiş və kliniki şəraitdə istifadə
olunması üçün kardioloqlara təhvil verilmişdir.
Azərbaycan əl xalçalarının
fraqmentləri üzrə surətlərin identifikasiyası və
tanınma alqoritmləri işlənmiş və bunun əsasında
naxış və ornamentlərin bərpa qaydaları təklif
olunmuşdur.
Namiq NƏSRULLAYEV, Ali Audit Qurumlarının Beynəlxalq
Təşkilatının Məşvərət
Şurasının üzvü:
— Son 15 ildə müstəqil
Azərbaycanda aparılan siyasət bu gün birmənalı
olaraq deməyə əsas verir ki, islahatların,
inkişafın Azərbaycan modeli mövcuddur. Mən
son illər müxtəlif beynəlxalq “dəyirmi masa”larda
iştirak etmişəm. Onu da deyim ki, həmin
tədbirlərdə inkişafın müstəqil aspektlərinin
müzakirəsi zamanı dünyada gedən prosesləri
çox açıq və olduğu kimi şərh etmək
üçün hər cür imkan yaradılır. Belə tədbirlərdə mən də iqtisadi
inkişafın Azərbaycan modelinin mövcudluğunu söyləyirəm
və bunu əsaslandırıram. Görürəm
ki, fikrimi hamı təsdiq edir və dəstəkləyir.
Nəzərinizə çatdırım ki, Azərbaycan
modelinin bir neçə xüsusiyyəti var. Onların isə
hər biri haqqında saatlarla danışmaq olar. Amma mən ilk növbədə, qeyd etmək istəyirəm
ki, ölkəmizin müxtəlif elmi-tədqiqat institutları
öz işlərini məhz Azərbaycan modeli əsasında
qurmalıdırlar. Bu yolla həm də
hazırda özünü inamla doğruldan və təsdiq edən
Azərbaycan modelini daha da inkişaf etdirmək, zənginləşdirmək
olar.
Azərbaycan
modelindən söhbət düşmüşkən, burada bir
neçə məsələnin üzərində daha
geniş dayanmaq olar. Birincisi, iqtisadiyyatın təbii
resurslarını təsərrüfat dövriyyəsinə cəlb
etməkdən ibarətdir. Hazırda bu
istiqamətdə çox böyük uğurlarımız
var. Xəzərin karbohidrogen ehtiyatlarından istifadə
olunması bunu əyani şəkildə təsdiqləyir.
Əlverişli coğrafi mövqedə yerləşən
Azərbaycanın tranzit ölkə olması da ümumi
inkişafa təkan verən amillərdəndir. Azərbaycanın inkişafına imkan yaradan amillərdən
biri də ölkədə torpaq islahatının uğurla həyata
keçirilməsi ilə bağlıdır. Sual oluna bilər:
Azərbaycan ilk addımlarını atarkən çox riskli
bir addım olan torpaq islahatına niyə başladı? Fikrimcə bu, çox düzgün bir addım idi.
Belə ki, bununla insanlarda inam yaratmaq
mümkün oldu. İnsanlar inandılar ki, bu proses
davamlı olacaq, bununla da onlarda sahibkarlıq hissi
formalaşdı. Buradan isə belə nəticəyə
gəlmək olar ki, islahatların həyata keçirilməsinə
insan resursları cəlb edildi.
İnkişafın
Azərbaycan modelinin ikinci xüsusiyyəti isə
ardıcıl, liberal, demokratik iqtisadiyyata keçilməsi ilə
bağlıdır. Bu məsələnin də Azərbaycan
üçün spesifik özəllikləri çoxdur və
hesab edirəm ki, bunların hamısının nəzərə
alınması vacibdir. Digər bir məsələ
isə Azərbaycanın dünya təsərrüfat sisteminə
inteqrasiyası ilə bağlıdır.
Yeri gəlmişkən,
Kibernetika İnstitutu bütün bu məsələləri,
idarəetmə proseslərini nəzəri cəhətdən
hiss edən bir təşkilatdır. Zənnimcə,
institutun bu sahədə xidmətləri çoxdur. Təklif edirəm ki, “dəyirmi masa”da Kibernetika
İnstitutunun Azərbaycan modelində yeri və əhəmiyyəti
barədə də müəyyən fikirlər səsləndirilsin.
Telman ƏLİYEV, akademik:
— Bəli, Namiq müəllim
doğru deyir. Bu gün, həqiqətən də,
iqtisadi inkişafın Azərbaycan modeli mövcuddur. Amma əsas məsələ odur ki, hər bir institut
bu modeldə müvafiq istiqamət üzrə yerini
tapmalıdır. İnstitutumuzun, həmçinin
dəqiq elmlərin əsas vəzifələrindən biri
bütün dünyada olduğu kimi, hər bir ölkənin sənayesinin
intellektual elmi təminatı probleminin həlli ilə
bağlıdır. Yəni hər yerdə
elmə elə-belə pul verilmir ki, gedin nə istəyirsiniz
edin. Bir misal deyim. ABŞ-da
hazırda nə istehsal olunursa, hamısı alimlərin fəaliyyətinin
nəticəsidir. Avropada da belədir.
Bizdə də iqstisadiyyatımızın elmi təminatı
birinci yerdə olmalıdır. Dəqiq
elmlərlə bağlı qurumlarda, eləcə də
Kibernetika İnstitutunda buna əsas məsələ kimi
yanaşılmalıdır. Lakin burada bir çətinlik
var: Azərbaycanın elmi potensialı olsa da, onun elmi tutumlu
problemlərlə əlaqəsi yoxdur. Açığı,
elmi potensialı elm tutumlu problemlərin həllinə istiqamətləndirə
bilmirik ki, dövlətə xeyri, faydası olsun.
Asəf HACIYEV, AMEA Kibernetika İnstitutunun laboratoriya rəhbəri,
AMEA-nın müxbir üzvü, fizika-riyaziyyat elmləri
doktoru:
— Dünya Bankının
statistikasına görə, ölkələrin inkişafı
əsasən üç parametrdən asılıdır: insan
amili, sənaye amili və təbii sərvətlər amili. Bu gün dünyanın ən inkişaf etmiş
regionu Şimali Amerikadır. Təbii ki,
söhbət ABŞ və Kanadadan gedir. Hazırda insan
amili o inkişafda 76 faiz, sənaye amili 19 faiz, təbii sərvətlər
amili isə yalnız 5 faiz təşkil edir. Azərbaycana
gəldikdə isə təbii sərvətlər amili
inkişafda təqribən 50 faiz təşkil edir. Sevindiricidir ki, bu rəqəm getdikcə azalmağa
başlayır. Bu, o deməkdir ki, təbii
sərvətlər ətrafında mühüm
infrastrukturların inkişafı dinamik xarakter
daşıyır. Dünyanın ən
qüdrətli ölkəsi ABŞ elmə çox ciddi fikir
verir. ABŞ-ın Milli Elmlər Akademiyasında keçən
il keçirilən bir tədbirdə
Prezident Barak Obama dedi: — Artıq bu gün dünyadakı
böhran göstərdi ki, çıxış yolu ancaq elmdədir.
Ona görə də ABŞ-da elmə ayrılan
vəsait ÜDM-in 3 faizinə qədər
artırılmalıdır. Bəli,
ABŞ hazırda elmə ən çox vəsait ayıran
ölkədir. Bu, təqribən 100 milyard
dollardır. Yaxın illərdə isə
250-300 milyard dollara çatacaqdır.
Azərbaycan,
necə deyərlər, sovet hökumətindən qopmuş bir
ölkədir.
SSRİ-də iqtisadiyyat humanitar elmlərə
aid idi. Ancaq iqtisadiyyat heç vaxt humanitar elm ola bilməz. İqtisadiyyat təbiət
elmlərinə daha çox yaxındır. Bugünkü iqtisadiyyatın kökündə riyazi
metodlar və İKT üslubları durur. Bunların
ikisi də təbiət elmlərinin çox parlaq nümunəsidir.
Buna görə də Azərbaycan MEA-da
iqtisadiyyat humanitar elmlər sırasından ayrılmalı,
yeni bölmə yaradılmalıdır. Məsələn,
İKT və iqtisadiyyat. Elə edilməlidir
ki, bu iki sahə bir-birilə çox sıx işləsin.
Bir daha təkrar edirəm: SSRİ vaxtında iqtisadiyyat ona
görə humanitar elmlərə aid idi ki, dövlət
sifarişlərini yerinə yetirmək üçün rəqəmlər
işə düşürdü...
Rasim HƏSƏNOV, Azərbaycan Dövlət İqtisad
Universiteti İqtisadi Araşdırmalar Elmi-Tədqiqat Mərkəzinin
direktoru, iqtisad elmləri doktoru, professor:
— Hesab edirəm ki,
çağdaş dövrümüzdə cəmiyyətdə
o cümlədən elmi ictimaiyyətdə elmin problemləri ətrafında
ictimai müzakirələrin genişlənməsi,
bütövlükdə ölkəmizin inkişafının səciyyələndirilməsi
baxımından çox əlamətdardır. Tarixən
məlumdur ki, elmin inkişafı problemləri və elmin cəmiyyətin
inkişafında mövqeyinin tənqidi qiymətləndirilməsi,
əsas etibarilə cəmiyyətin inkişafının
müəyyən pilləsində, böyüyən
inkişaf məqsədlərinin mövcud vasitələrlə
əldə edilməsinin mümkünsüzlüyü və
ya aşağı səmərəliliyi zamanında qabarıq
təzahür edir. Başqa sözlə,
elmin inkişafı səviyyəsinin mövcud tələblərə
cavab verməməsi, əslində bütövlükdə cəmiyyətin
inkişafının daha yüksək sürəti ilə
birbaşa əlaqəlidir. Bu baxımdan,
bugünkü faydalı müzakirələrin əsas səbəbkarı,
müstəqillik dövründə ölkəmizin
qazandığı uğurlar hesab edilməlidir. Hörmətli akademik Ramiz Mehdiyevin məlum məqaləsi
ətrafında cəmiyyətdə rəvac almış
müzakirələr göstərir ki, xüsusilə ictimai və
humanitar elmlər sahəsində ölkəmizdə yeniləşmələrə
sosial sifariş olduqca aktuallaşmışdır. Qəbul olunmuş şərti təsnifata əsaslanaraq
ictimai elmlər sırasına aid edilən iqtisad elmindən
olan gözləmələr isə, fikrimizcə, daha
böyükdür. Belə ki, əvvəla,
iqtisadiyyatda baş verən hadisələr bilavasitə
hamıya təsir etdiyindən baş verənlərin və
verə biləcəklərin elmi şərhi hamını
maraqlandırır, digər tərəfdən hesab edilir ki,
iqtisad elmi, inkişafı həmişə müsbət istiqamətə
yönəltməyə borcludur və ya ən azı bunu edə
bilər. Bu baxımdan ölkəmizdə
dövlətin apardığı uğurlu iqtisadi siyasətin
nəticəsi olaraq əldə olunan möhtəşəm
iqtisadi uğurlar isə iqtisad elminin qarşısında yeni vəzifələr
qoyur.
Lakin
bütün bunlarla bərabər, bir iqtisadçı alim
kimi, təəssüflə etiraf etməliyəm ki, hörmətli
akademik Ramiz Mehdiyevin məlum məqaləsində iqtisad elminin
vəziyyəti ilə bağlı iradları tamamilə
haqlıdır, hətta reallıqla müqayisədə
çox yumşaqdır. Ən vacibi odur ki, faktiki olaraq ölkədə
iqtisadi tədqiqatlar dövlətin iqtisadi siyasətinin elmi əsaslarını
adekvat səviyyədə hazırlaya və hökumətin
müvafiq siyasətinin dolğun analitik şərhini verə
bilmir. Aparılan çoxsaylı tədqiqatlar
dağınıq, epizodik və xaotik mövzu dairəsinə
malik olmaqla primitiv yanaşmalara, arxaik və stereotip elmi aparata əsaslanır.
Məsələn, şəxsən mən
hörmətli akademikin iqtisadçı alimlərin statistika
ilə işləməklə bağlı iradlarını
olduqca haqlı hesab edirəm. Əksər iqtisadi tədqiqatlar
və hətta rəsmi qəzetlərin populyar müəllifləri
olan iqtisadçı professorların müxtəlif tarixlərə
əsaslanan ardıcıllıqla nəşr olunan geniş həcmli
“analitik” “növbətçi” yazıları, şablon
struktura malik olmaqla, ən yaxşı halda Dövlət
Statistika Komitəsinin son dərəcə ümumiləşmiş
və əslində ona görə də aşağı
informasiya tutumuna malik olan illik məruzələrinə əsaslanır.
Dissertasiya işləri də mövzuları və
yerinə yetirilməsinin elmi səviyyəsi baxımından
müasir dünya təcrübəsindən xeyli geridə
qalır. Lakin milli iqtisadçı alimlərin
sıraları dövlət məmurları, deputatlar və hər
sahədən olan biznesmenlər və onların “münbit
şəraitdə tez boy atan” övladları və
yaxınları hesabına sürətlə genişlənir.
Bu baxımdan formaca “birdəfəlik”, faktiki
olaraq isə konveyer rejimində fəaliyyət göstərən,
daimi xarakterli çoxsaylı müdafiə
şuralarının da rolu yüksəkdir. Bir daha təəssüf edirəm ki, elmimizdə
mövcud olan bu kimi özəlliklərin sırasını
artırmaq o qədər də çətin deyildir.
Yeri gəlmişkən,
iqtisadiyyatımızın həllini gözləyən elmi
problemləri kifayət qədərdir.Bu barədə Ramiz
müəllimin məqaləsində ətraflı qeyd
olunmuşdur.
Lakin əlavə olaraq bir sıra başqa məsələlərə
də toxunmağı vacib sayıram. Məsələn,
möhtərəm Prezidentimizin iqtisadiyyatımızda
keçid dövrünün başa çatması ilə
bağlı məlum qiymətləndirmələrinin elmi əsaslandırılması,
dünya iqtisadi böhranının və dəyişkən
neft konyunkturasının Azərbaycan iqtisadiyyatına təsirlərinin
qiymətləndirilməsi, proqnozlaşdırılması və
önləyici tədbirlərin müəyyənləşdirilməsi,
iqtisadiyyatın qeyri-neft sektorunun fəaliyyətinin sürətli
reabilitasiyası, iqtisadiyyatımızın beynəlxalq rəqabətliliyi
səviyyəsinin yüksəldilməsi, bütövlükdə
iqtisadiyyatımızın özünüinkişaf
potensialının bərpasının başa
çatdırılması, iqtisadiyyatın innovasiya
potensialının formalaşdırılması və s. kimi məsələlər
bu qəbildəndir.
Oqtay NÜSRƏTOV, Kibernetika İnstitutunun direktor müavini,
texnika elmləri doktoru:
— Möhtərəm
Prezidentimiz İlham Əliyev çox gözəl deyib ki, biz
“qara qızılı” intellektə, insan kapitalına
çevirəcəyik. Hazırda ölkəmizdə bu sahədə,
həqiqətən də, çox böyük işlər
görülür, uğurlar qazanılır. Bu günlərdə dövlət başçısının
gənclərin xarici ölkələrdəki doktoranturalarda təhsil
almağa göndərilməsi ilə bağlı sərəncamı
bu istiqamətdə çox böyük addımdır. Bundan əlavə, bir qədər əvvəl elmə
olan diqqətin təzahürü kimi dövlət
mükafatları bərpa olunmuşdur. Bildiyiniz
kimi, bu məqsədlə iki ildən bir 30 min manat vəsaitin
ayrılması nəzərdə tutulur. Biz,
elm adamları bütün bunları dövlətin, xüsusən
də cənab Prezidentin elmə, elm adamlarına diqqəti və
qayğısının təzahürü kimi dəyərləndiririk.
Mən
informasiya-kommunikasiya texnologiyaları sahəsi ilə məşğul
olduğum üçün bununla bağlı fikirlərimi “dəyirmi
masa” iştirakçıları ilə bölüşmək
istəyirəm. Bir neçə il bundan əvvəl
məni Koreyadakı bir instituta dəvət etmişdilər. Orada “Samsunq” şirkətinin telekommunikasiya
riyaziyyatı elmi-tədqiqat mərkəzi yaradılıb.
Həmin bu sahə ilə məşğul olan
alimləri dəvət edib onların elmi nailiyyətlərini
alır. Mən Koreyada iqtisadiyyatla biznesin
birgə uğurlu əməkdaşlığının
şahidi oldum. “Samsunq” şirkətinin vəsaiti
hesabına həftədə bir dəfə təşkil olunan
seminarlarda şirkət nümayəndələri iştirak
edirlər. Elmi tədqiqat mərkəzində
əldə olunan elmi nailiyyətlər diqqətlə öyrənilir,
onların istehsalata tətbiqi imkanları nəzərdən
keçirilir. Təəssüf ki, bizdə
bu cür yanaşma yoxdur. Çox istərdim ki, ölkəmizdə
simsiz rabitə ilə məşğul olan sistemlər alimlərə
üz tutsunlar, onların elmi nailiyyətləri ilə
maraqlansınlar...
Ağasi MƏLİKOV, Kibernetika İnstitutunun laboratoriya
rəhbəri, texnika elmləri doktoru, professor:
— “Dəyirmi masa”da Azərbaycan
iqtisadiyyatının modelləşdirilməsi, onun perspektiv
inkişaf istiqamətləri, dünya iqtisadiyyatında baş
verən proseslər, ayrı-ayrı ölkələrin
iqtisadi inkişaf modellərinə münasibət və digər
sair məsələlər barəsində maraqlı fikirlər
səsləndirildi. Amma mən bir şeyi qeyd etmək istəyirəm
ki, nə qədər ölkə mövcuddursa, o qədər
də model ola bilər. Həmin
modelləri müxtəlif meyarlara görə təsnifləşdirəndə
isə görərik ki, onlar prinsipcə bir-birindən o qədər
də fərqlənmir. Məsələn,
bazar iqtisadiyyatı, bazar münasibətlərinə əsaslanan
ölkələrin iqtisadiyyatı var. Bununla belə, bunlar
bir-birindən kəskin fərqlənirlər. Fikrimcə, ən kəskin fərqlənən modelləri
üç qrupa — Avropa, Amerika və Yaponiya modellərinə
bölmək olar. Biz əksər hallarda
Amerika və Avropa modellərini öyrənirik. Amma yaddan çıxarmaq lazım deyil ki, onlardan kəskin
fərqlənən və böyük praktiki işlərdə
özünü doğruldan Yaponiya, Çin modelləri də
var ki, bunlar da Şərq ölkələrinin spesifik
psixologiyalarını özündə birləşdirir.
Hesab edirəm ki, Şərq ölkələrinin
spesifik psixologiyalarının bazar münasibətləri
sistemində nəzərə alınması və onun
inkişaf etdirilməsi böyük səmərə verə
bilər. Məsələn, Yaponiyada
işçinin işdən çıxarılması
anlayışı yoxdur. Şərq
psixologiyasına əsasən işçinin xidmət etmək,
işə bağlılığı bir növ, modelə
çevrilib. Amerika modelində isə tam fərqli
yanaşma mövcuddur. İşçi əmək
bazarındakı sırf rəqabət pinsipinə uyğun hərəkət
edərək daha yüksək məvacibli iş təklifi
alanda dərhal çıxıb gedir. Yeri gəlmişkən,
yararsız insan yoxdur, yararsız idarəetmə sistemi var.
Fikrimcə, Azərbaycan
iqtisadi inkişaf modelində təbii ehtiyatlarla zəngin
ölkələrin keçdiyi yol, onların inkişaf
tendensiyaları nəzərə alınmalıdır. İqtisadiyyatda
eksperiment bir o qədər də səmərə vermir.
Belə ki, 70 il sovet sistemi
üçün eksperiment dövrü oldu və heç bir səmərə
vermədi. Azərbaycanın perspektiv inkişaf
modelində bu amil də nəzərə
alınmalıdır. Elə Asəf müəllim
də bu məsələ barəsində söhbət
açarkən çox maraqlı məsələlərə
toxundu.
Yadulla HƏSƏNOV, Kibernetika İnstitutunun laboratoriya rəhbəri,
iqtisad elmləri doktoru, professor:
— Bir sıra ölkələrdə
maraqlı hal mövcuddur. Həmin ölkələrdə
dövlət və ya özəl olmasından asılı
olmayaraq innovasiya fondları yaradılır və o fondlara mənfəətdən
müəyyən qədər vəsait yönəldilir.
Bu da yeni yaradılan texnologiyaların
sınağını keçirməyə və onun tətbiqinə
imkan verir. Bu baxımdan hətta
ayrı-ayrı sahələr üzrə də innovasiya
fondları yaradılır. Eyni zamanda, yeni
texnologiyaların özünü yaradan institutlar təşkil
olunur. Digər çox vacib bir məsələ
Azərbaycanda elmin prioritet istiqamətlərinin müəyyənləşdirilməsi
ilə bağlıdır. Çünki
heç bir ölkə istəsə də, istəməsə
də bütün istiqamətlərdə eyni səviyyədə
tədqiqat aparmaq imkanına və potensialına malik olmur.
Bu gün Azərbaycanda hansı elm hansı
istiqamətdə inkişaf etməlidir? İqtisadiyyat
nəyi tələb edir? Hazırda Azərbaycan
iqtisadiyyatının potensialı və ümumiyyətlə
ölkəmiz dünya bazarına nə ilə çıxa
bilər? Bu mənada Azərbaycan
iqtisadiyyatının müqayisəli üstünlükləri,
ilk növbədə nəzərə alınmalıdır.
Mənə elə gəlir ki, elmin prioritet
inkişaf istiqamətləri seçiləndə – dünya təcrübəsi
də bunu göstərir – Azərbaycanın potensial
imkanlarına, müqayisəli üstünlüklərinə əsaslanması
çox vacibdir.
Kadr
hazırlığı məsələsinə də
toxunmağı vacib sayıram. Bu bir faktdır ki,
hazırkı sistem özünü doğrultmur. Sirr deyil ki, aspiranturada, doktoranturada işlər illərlə
yığılıb qalır. Hesab edirəm
ki, bu istiqamətdə də islahatlara çox ciddi ehtiyac var.
Qorxmaz İMANOV, Kibernetika İnstitutunun laboratoriya rəhbəri,
iqtisad elmləri doktoru, professor:
—Mən bir məsələni
sizin yadınıza salmaq istəyirəm. Keçmiş
Sovetlər birliyində mövcud texnologiyaya görə hər
bir müəssisənin, zavodun və ya istehsalat birliyinin
xüsusi planı olurdu. Ümumiyyətlə
isə sovet sistemi planlı təsərrüfat sisteminə əsaslanırdı.
Həmin planda yeni texnologiyaların tətbiqinə
xüsusi yer verilirdi və hər bir müəssisə
çalışırdı ki, bu məqsədlə
ayrılmış vəsaitdən istifadə edərək nəyəsə
nail olsun. Demək istəyirəm ki, o zaman
maliyyə məsələsi o qədər də problem deyildi.
Problem ondan ibarət idi ki, bir çox hallarda əldə
edilmiş elmi nailiyyətlərin iqtisadiyyatın müxtəlif
sahələrində tətbiqi müəyyən çətinliklərlə
üzləşirdi. Mən bu problemlərlə
ciddi maraqlandığım üçün bunu deyirəm.
Ümumiyyətlə, istehsalatda hər hansı
bir sistem yaradılarkən bu zaman texniki qurğulardan, texniki
komplekslərdən istifadə edilir. Əgər
hər hansı bir elmi nailiyyəti istehsalata tətbiq edib
müəyyən nəticə almaq istəyiriksə, ilk
növbədə, həmin elmi yenilik konkret komplekslərdə
öz əksini tapmalı və tətbiq olunmalıdır.
SSRİ-də problem onda idi ki, o texniki vasitələr
qurulurdu. Amma onların
etibarlılığı, açıq etiraf etmək
lazımdır ki, çox aşağı olduğundan
iqtisadiyyatda birbaşa tətbiqi öz həllini çox
çətinliklə tapırdı. Çünki
həddindən artıq etibarsız texniki vasitələrdən
istifadə olunurdu. Fərz edək ki, neft mədənində
bir qurğu, bir sistem düzəldirdik. Avadanlıqlar
çox gözəl işləyirdi, proqram da yüksək səviyyədə
tərtib olunurdu. Amma texniki vasitələr
bir müddət işlədikdən sonra sıradan
çıxırdı. SSRİ vaxtı
belə bir elm var idi — etibarsız elementlərdən
etibarlı sistemin qurulması. Doğrudan
da, elementlər o qədər etibarsız idi ki, onların
üzərində heç bir sistemi qurmaq mümkün deyildi.
Hazırda
heç bir müəssisəyə yeni texnologiyanın tətbiqi
məqsədilə vəsait ayrılmır. Amma bu gün
çox yaxşı ki, yollar açıqdır. Biz istənilən firmadan yüksək keyfiyyətli
istənilən elementləri ala bilirik. Son zamanlar bizim
institutda innovasiya, elmi nəticələrin tətbiqi sahəsində
böyük irəliləyişlər var. Müəyyən
vaxt keçdikdən sonra ölkədə elə bir ab-hava
yaradılıb ki, biz elmi nəticələrin tətbiqinə
nail ola bilirik. Bir növ bizim
baza bilgilərimiz var. Məsələn, neft texnologiyaları
sahəsində vaxtilə işləmişik. Son zamanlar bu elmi nəticələr, əsasən
Telman müəllimin rəhbərlik etdiyi elmi istiqamətlər
var, bunun əsasında səmərəli üsullar, səmərəli
texnologiyalar təklif olunub. Son zamanlar
ölkəmiz bazar iqtisadiyyatına keçdiyinə görə
biz yeni texnologiyaların tətbiqinə bir növ yenidən
başlamışıq. Neft sənayesində
çoxlu sistemlər tətbiq olunub. Biz bu
işləri davam etdirmək, innovasiya məsələlərini
daha da genişləndirmək niyyətindəyik. Bizim institut kadr məsələsində çox
uğurlar əldə edib. İndiyədək
296 elmlər namizədi, 91 elmlər doktoru yetişdirilib.
Elə bir institut, universitet yoxdur ki, orada bizim
yetişdirdiyimiz alimlər çalışmasın. Ölkənin İKT, hətta iqtisadiyyat sahəsində
çalışan çoxlu kadrlarımız var.
Çingiz İSKƏNDƏROV, “İqtisadiyyat və həyat”
jurnalının şöbə müdiri, iqtisad elmləri
namizədi:
— Akademik Ramiz Mehdiyevin
“İctimai və humanitar elmlər: zaman kontekstində
baxış” adlı geniş analitik məruzəsindən
sonra, qeyd olunduğu kimi, ölkəmizin ictimai həyatında
bir canlanma müşahidə olunmaqdadır. Bugünkü
“dəyirmi masa” da məhz ölkəmizin ümumi inkişaf səviyyəsinə
uyğun, onun dünya elminə inteqrasiyasına təkan verə
biləcək islahatların aparılması sahəsində
aktual problemlərin araşdırılmasına həsr
olunmuşdur.
Çıxışlarda
qeyd olunduğu kimi, bu gün cəmiyyətin özünün
innovasiyalara kəskin tələbatı vardır və bu tələbat
həm çoxşaxəli və həm də çox səviyyəlidir. Bu istiqamətdə
müəyyən uğurlar əldə edilsə də,
görüləcək işlər hələ çoxdur.
Heç də təsadüfi deyildir ki,
“inkişaf etmiş ölkələrdə iqtisadiyyatın
artımı elmi nailiyyətlərin və müasir
texnologiyaların iqtisadiyyata tətbiqi sayəsində təmin
edilir. Bu sahədə özəl sektorun və
biznes strukturlarının yaxından iştirakı problemlərinə
toxunmaq istərdim.
Özəl
biznesin innovasiya fəaliyyətində iştirakını
stimullaşdıran maliyyələşmə mexanizmlərinin
tətbiqi dövlət-biznes əməkdaşlığının
inkişafına əlverişli şərait yaradar. Eyni zamanda,
resursları birləşdirməyə, mənfəət və
riskləri bölüşdürməyə imkan verər və
büdcə vəsaitlərindən daha səmərəli
istifadəyə zəmin yaradar. Digər tərəfdən
aparıcı biznes qurumların fəallaşdırılmasına,
onların ölkənin milli mənafeyinə xidmət edən
ciddi layihə və proqramlara cəlb olunmasına şərait
yaradardı. İnkişaf etmiş ölkələrin təcrübəsi
sübut edir ki, dövlət-biznes əməkdaşlığı
çərçivəsində elmi tədqiqatların birgə
maliyyələşdirilməsi zamanı dövlətin
payının az olması variantı daha səmərəlidir.
Fikrimcə, biznes və innovasiya münasibətlərini
tənzimləyən qanunvericilik bazasının
yaradılmasına ehtiyac vardır.
Vaqif RÜSTƏMOV, Yerli İqtisadi İnkişaf Mərkəzinin
rəhbəri, iqtisad elmləri namizədi:
— Mütərəqqi
dünya təcrübəsi göstərir ki, elmi-texniki tərəqqinin
intensivləşdiyi, sosial-iqtisadi proseslərin mürəkkəbləşdiyi
və dünya bazarında rəqabətin kəskinləşdiyi
müasir qloballaşma şəraitində davamlı
inkişafın yolu elmi cəhətdən yüksək səviyyədə
əsaslandırılmış siyasətdən və elmi-texniki
nailiyyətlərin iqtisadiyyata tətbiqindən keçir. Başqa sözlə, bu gün elmi-texniki tərəqqi
məhsuldar qüvvəyə, mühüm sosial-iqtisadi
inkişaf amilinə çevrilmişdir. Bu
baxımdan, müasir dövrdə elmlə iqtisadiyyatın birləşməsi
obyektiv zərurətdən irəli gəlir.
Təbii ki,
bizim ölkəmiz də bu proseslərdən kənarda qala
bilməz. Hazırda ölkəmizdə elmin müxtəlif sahələrində
tədqiqatlarla məşğul olan 130-dan çox akademik və
sahə elmi-tədqiqat institutları, elm-istehsalat birlikləri
və digər qurumlar mövcuddur. Bu qurumlarda
aparılan tədqiqatların nəticələrindən
iqtisadiyyatın müxtəlif sahələrində tətbiq
olunmaqla yanaşı, ölkənin sosial-iqtisadi inkişaf
siyasətinin hazırlanmasında da istifadə olunur.
Bununla
yanaşı, qeyd olunmalıdır ki, bu sahədə
mövcud olan potensialdan yetərincə istifadə olunmur,
yüksək ixtisaslı mütəxəssislərin digər
fəaliyyət sahələrinə və xaricə
axını güclənmişdir. Mən əvvəlcə
daxili amillərlə şərtlənən problemlər barədə
danışmaq istərdim.
Bu, ölkədə
elmi-texniki tədqiqatların üstün istiqamətlərinin
iqtisadiyyatın aktual problemləri ilə yetərincə əlaqələndirilməməsi,
elmi-texniki potensialın inkişafına yönəldilən vəsaitin
kifayət qədər olmaması (son dövrlərdə bu
göstəricinin ÜDM-ə nisbəti 0,2
- 0,3 faiz təşkil edir. İnkişaf
etmiş və bir çox inkişaf etməkdə olan ölkələrdə
bu göstərici 3-4 faizdən çoxdur), elmi-texniki fəaliyyətin
tənzimlənməsi sisteminin bazar iqtisadiyyatı şəraitinə
uyğunlaşdırılmaması, o cümlədən bu sahədə
tənzimləmə və təsərrüfat
funksiyalarının ayrılmaması ilə əlaqədardır.
Elmi-texniki fəaliyyətlə
məşğul olan qurumların əsasən mərkəzləşdirilmiş
qaydada büdcədən maliyyələşdirilməsi
(çox aşağı səviyyədə) və onların
sərbəst fəaliyyətlərinin məhdudlaşdırılması
(müqavilə üzrə işlərdən əldə
olunmuş büdcədənkənar vəsaitlərin büdcə
hesabına alınması və onların bu işi yerinə
yetirən işçilərin həvəsləndirilməsinə,
maddi-texniki, tədqiqat texnologiyaları və informasiya
bazasının yeniləşdirilməsi və
inkişafına yönəldilməsi mexanizmlərinin
olmaması və s.), yaradıcılıq kollektivləri və
fərdi tədqiqatçıların elmi-texniki fəaliyyətinin
həvəsləndirilməsi mexanizmlərinin yox dərəcəsində
olması da daxili amillərlə şərtlənən
problemlər sırasındadır.
Xarici amillərlə şərtlənən
problemlər də az deyil. Bunlara maddi təminatın
aşağı olması səbəbindən yüksək
ixtisaslı mütəxəssislərin və intellektual
mülkiyyət obyektlərinin xaricə axını,
inkişaf etmiş ölkələrdə elmi-texniki məhsullar
bazarının güclü müdafiə olunması səbəbindən
bu bazarlara çıxışın çətin olması,
xaricilər tərəfindən elmi-texniki məhsulun sifariş
verilməsi əvəzinə, bu sahədə
çalışan yüksək ixtisaslı mütəxəssislərin
xaricə köçərək orada işləməsinin
stimullaşdırılması, müxtəlif beynəlxalq təşkilatlar
tərəfindən həyata keçirilən layihələrin,
bir qayda olaraq, epizodik xarakter daşıması və
davamlı olmaması kimi məsələləri aid etmək
olar. Xarici amillərlə şərtlənən
bu problemlərin həlli də olduqca vacibdir.
Rofət HÜSEYNƏLİYEV, İqtisadi İnkişaf
Nazirliyi İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun
direktor müavini, iqtisad elmləri namizədi:
— Hazırda bazar
iqtisadiyyatı şəraitində elm məhsullarının
maddi məhsullar kimi istehlak tələbli olması zəruridir.
Yəni hər bir elm sahəsində əldə
olunmuş nailiyyətlər bu və ya digər sahədə tətbiq
üçün yararlı olmalıdır. Belə ki, elmi məhsullar istehsalda yenilikləri
özündə əks etdirirsə, istehsalat prosesində bu və
ya digər dərəcədə səmərəliliyi
özündə ehtiva edirsə, həmin məhsullar sahibkarlar
tərəfindən tez bir zamanda alınır və tətbiq
edilir. Ona görə də bu gün elmi
institutlar və ya elmi müəssisələr özlərinin
istehsal etdikləri elmi nailiyyətləri bi daha təftiş
etməli, onların nəinki daxili elm məhsulları
bazarında, həm də analoji xarici bazarlarda rəqabətyönümlü,
istehlak tələbli olduğu müəyyənləşdirilməli
və gələcək işlərini bu istiqamətdə
qurmalıdırlar. Bu baxımdan, fikrimcə,
hazırda ölkəmizdə mövcud olan elmi tədqiqat
institutlarının elmi potensialları
araşdırılmalı və bir-birini təkrar edən
institutların imkanları birləşdirilməli, onların
maddi-texinki təchizatının
yaxşılaşdırılması istiqamətində
müvafiq işlər görülməlidir. Eyni zamanda, elmi işçilərin əmək
haqları onların verdikləri məhsula görə
diferensiallaşdırılmalıdır. Hesab
edirəm ki, bu istiqamətdə müvafiq tədbirlər həyata
keçirilərsə, həm büdcə vəsaitlərinə
qənaət edilər, həm də elmi işçilərin
dövrün tələblərinə cavab verən elmi məhsullar
yaradılmasında maraqlarının artırılmasına
nail olmaq olar. Bununla daha çox elmi məhsullar
istehsal edib, onu reallaşdırmaq olar.
Telman ƏLİYEV: —
Bugünkü “dəyirmi masa” ətrafında gedən
müzakirələr bir daha göstərdi ki, elmi-texniki tərəqqinin
inkişafı, iqtisadi sahədə mühüm uğurlar
qazanılmaqla yanaşı, qarşıda həlli vacib vəzifələr
də dayanır. Bu vəzifələrin həlli istiqamətləri
isə hörmətli akademik Ramiz Mehdiyevin mətbuatda dərc
olunan “Gələcəyin strategiyasını müəyyənləşdirərkən:
modernləşdirmə xətti” adlı əsərində, eləcə
də “İctimai və humanitar elmlər: zaman kontekstində
baxış” məqaləsində göstərilmişdir. Fikrimcə, iqtisadiyyatda keçid dövrünün
başa çatması ilə əlaqədar elmi-texniki tərəqqinin
sürətləndirilməsi, iqtisadi inkişaf, onun modernləşdirilməsi
məsələləri daim diqqət mərkəzində
saxlanılmalıdır.
Hazırladılar: Əlipənah BAYRAMOV, Vaqif BAYRAMOV,
Mirbağır YAQUBZADƏ
Xalq qəzeti.- 2010.- 24 fevral.- S. 2-3.