Azərbaycan rejissorunun
Türkiyə triumfu
Əməkdar incəsənət
xadimi Hafiz Quliyev 1987-ci ildə Azərbaycan Dövlət
İncəsənət Universitetini bitirəndən sonra
gənc mütəxəssis kimi Azərbaycan Dövlət
Akademik Opera və Balet Teatrına göndərilmişdir.
1996-cı ildən
teatrın baş rejissoru vəzifəsində
çalışır. Bu il
yaşının 50, fəaliyyətinin 25 ili tamam olacaq
rejissorun quruluşunda hazırda teatrın repertuarında
özünəməxsus yer tutan Ü.Hacıbəylinin “Leyli
və Məcnun”, “Arşın mal alan”, “Koroğlu”, “O
olmasın, bu olsun”, Z.Hacıbəyovun “Aşıq Qərib”,
F.Əmirovun “Sevil”, Ş.Axundovanın “Gəlin
qayası”, S.Ələsgərovun “Solğun
çiçəklər”, N.Əliverdibəyovun “Cırtdan”,
R.Mustafayevin “Vaqif” operaları səhnəyə qoyulmuşdur.
H.Quliyev
həm də pedaqoji fəaliyyətlə məşğuldur.
O, Azərbaycan Dövlət Mədəniyyət və
İncəsənət Universitetində aktyor və rejissor
sənəti fənnindən dərs deyir.
Bu
günlərdə Hafiz Quliyevə Türkiyədə
nəşr olunmuş “Statüko” jurnalının 2-ci
sayını göndərmişlər. Toplunun
kültür-sənət bölməsində
tanınmış rejissorumuzun Türkiyənin Samsun
Dövlət Opera və Balet Teatrında səhnəyə
qoyduğu dahi Üzeyir Hacıbəylinin “Arşın mal alan”
operettasının uğurundan söz açılır.
H.Quliyev
Türkiyə ilə bağlı
təəssüratlarını bölüşərək
demişdir:
–
Türkiyə səfərimə keçməzdən
əvvəl onu deyim ki, Üzeyir sənətinin
böyüklüyünü dillə ifadə etmək
mümkün deyildir. Dünyanın hər hansı
ölkəsində olur-olsun dahi bəstəkarın
əsərləri səhnələşdiriləndə, o ayaq
üstə alqışlanır. Bununla bağlı bir
amerikalı ailənin “Leyli və Məcnun”a tamaşa
etdikdən sonra dedikləri iftixar hissi doğurur. Deyilmişdir
ki, imkan olaydı, bu tamaşanı heç nəyinə
toxunmadan əlimizin üstündə Nyu-Yorka aparaydıq. Onda
görərdilər ki, əsl sənət necə olur. Bir
əcnəbinin sənətimizə verdiyi bu qiymət hər
bir azərbaycanlıda qürür hissi doğuran hadisədir.
Sözümün
əvvəlində bunları ona görə xatırladım
ki, “Arşın mal alan”ın Türkiyədəki
uğurları da unudulmaz bəstəkarımızın
adı ilə bağlıdır. Qaldı ki, mənim
Türkiyəyə ötənilki səfərim Samsun
Dövlət Opera və Balet Teatrı rəhbərliyinin
dəvəti ilə gerçəkləşmişdir. Oradan
Üzeyir Hacıbəylinin “Arşın mal alan”
operettasını səhnələşdirmək təklifini
almışdım. Bunula bağlı Türkiyəyə
getdim. Mən Üzeyir Hacıbəylinin,
demək olar, bütün əsərlərini
səhnələşdirmişəm, həm Azərbaycanda,
həm də xaricdə. “Arşın mal alan”a isə 4
dəfə quruluş vermişəm: 1997-ci ildə
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında
dövlət sifarişi ilə quruluş verdiyim həmin
tamaşaya baxan ulu öndərimiz Heydər Əliyev və
onun türkiyəli dostu İhsan Doğramacı əsəri
yüksək qiymətləndirmişlər. Sonra onu 2002-ci
ildə Ankara Dövlət Opera və Balet Teatrında,
2003-cü ildə Moskvada və 2009-cu ildə Samsun
Dövlət Opera və Balet Teatrında
səhnələşdirmişəm.
Ankarada
aktyorların seçilməsini də mənə təklif
etdilər. Vaxt az olduğuna görə bütün
rolların ifaçılarını birlikdə
müəyyənləşdirdik. Biz tamaşanı
Azərbaycan ləhcəsində hazırladıq.
Tamaşanın rəssamı Yusif Tokar adlı türkiyəli
sənətkar idi. Dekorasiyalarla bağlı ona
təklif etdim ki, ümumi fonda Bakıdan,
İçərişəhərdən
görüntülər yer alsın. Əsərdə baş verən
hadisələr Bakıda cərəyan etdiyindən,
istəyirdim ki, tamaşada aktyorların geyimlərindən
tutmuş, ornamentlərə qədər hər şey
bir-birini tamamlasın, sırf Azərbaycan ab-havası
duyulsun.
Tamaşa
doğurdan da uğurlu alındı və uzun müddət
Ankara teatrının repertuarından düşmədi.
Əsəri Türkiyənin bir neçə
bölgəsində, hətta xaricdə də qastrol
səfərlərində oynadılar. Həmin tamaşaya
Türkiyənin Prezidenti Abdullah Gül də baxaraq
yüksək qiymətləndirmiş, səhnəyə
çıxaraq kollektivi təbrik etmişdir. Həmkarlarım
həmin tamaşanın videokasetini mənə də
göndərmişlər.
Mən bu
dəfə Samsuna gedəndə orada hər kəs Ankara
Dövlət Opera və Balet Teatrında hazırlanan
“Arşın mal alan”dan danışırdı.
–
“Arşın mal alan”ı Samsun Opera və Balet Teatrında
səhnəyə qoymaq təşəbbüsü kimdən
gəlmişdi?
– 2009-cu
ildə Samsun teatrı repertuarını
müəyyənləşdirərkən qərara alırlar
ki, “Arşın mal alan”ı mütləq
səhnələşdirsinlər. Bunu mənə təklif
etdilər. Mədəniyyət və turizm naziri Əbülfəs
Qarayev və Azərbaycan Dövlət Opera və Balet
Teatrının direktoru Akif Məlikov bunun üçün
mənə hər cür şərait yaratdılar.
Noyabrın 15-də Türkiyəyə getdim, bir gün sonra
Samsun teatrında işə başladıq. Vaxtımız
az idi, lakin buna baxmayaraq hər şey sıfırdan
başlanmalıydı. Ona görə çox gərgin
işləyirdik. Üstəlik də hər rola
iki-üç nəfər hazırlanmalıydı. Bunlar onun
üçün idi ki, hər tamaşada ifaçılar
dəyişdirilməliydi. Gündə səkkiz saat
məşq edirdik. Bu, psixoloji baxımdan çox
çətindir. İlk 15 gündə məşqlərdə
hamı iştirak edirdi: 17-18 nəfər aktyor, baletmeyster,
dirijor, kostyumçular... Eyni zamanda, onlarda maraqlı bir
ənənə var ki, hamı gəlib məşqə
baxır. Onlar üçün maraqlı idi ki, Azərbaycandan
gəlmiş rejissor necə işləyir.
– Sizin
quruluşda türkiyəli həmkarlarınıza maraqlı
gələn cəhət nə idi?
– Biz
Stanislavski məktəbi ilə işləyirik, onlar Avropa,
Şekspir teatr üslubu ilə. Biz iç oyunu çox
sevirik, çünki məktəbimiz bunu tələb edir.
Məşq prosesində hər iki məktəbin sintezindən
yararlanırdıq. Dekabrın 19-na premyera təyin
edilmişdi. Vaxta bir neçə gün qalmış bilet
satışı ilə məşğul olanlar bildirdilər
ki, bir dənə də olsun boş yer qalmamışdır.
Premyera həmin tarixdə keçirildi. Olduqca canlı bir
tamaşa təqdim olundu. Hər frazaya, hər sözə
reaksiya verilirdi.
Üzeyir Hacıbəyli elə bir irs qoyub
getmişdir ki, yüz illər keçsə də, yeni
gələn nəsil həmişə bu irsdən
fəxrlə istifadə edəcəkdir. Çünki o
əsərlər ölməzdir. Ən əsası isə
odur ki, biz bundan düzgün istifadə edək, bu irsi
özümüzə və dünyaya olduğu kimi
təqdim etməyi bacaraq. Üzeyir bəyin
yazdığının istiqamətini dəyişsək, ola
bilər ki, az bir müddət üçün
tamaşaçı marağı əldə edək, amma bunun
uzun müddət qalması mümkün deyildir. Ona
görə də mən dahi bəstəkarımızın
əsərlərini harada səhnələşdirsəm,
çalışıram ki, onun öz dəst-xəttini qoruyub
saxlayım. Ü.Hacıbəylinin komizmini saxlamaq kifayət
edir ki, tamaşa uğur qazansın.
Yaxşı
cəhət budur ki, mənim dediklərimi türkiyəli
həmkarlarım da yüksək dəyərləndirirlər.
Bir hadisədə buna bir daha əmin oldum. Ankarada “Arşın
mal alan”ı səhnələşdirəndə təklif etdim
ki, əsərə bir qədər modern üslublar
əlavə edək. Onlar qəti şərt qoydular ki,
tamaşa sırf klassik formada hazırlansın. Hər şeyi
Üzeyir bəyin qələmindən çıxan kimi
istədilər. Bildirdilər ki, onlar bəzən modern
tamaşalara müraciət edirlər. Amma bu, bizim
üçün nümunə ola bilməz.
Yeri gəlmişkən, “Arşın mal alan” Ankarada
da, burada da ən çox tamaşaçı toplayan
əsərdir. Əslində onların təklifi mənim
də ürəyimdən idi. Çünki
Ü.Hacıbəylinin istər operası, istərsə
də operettası olsun, bunu Üzeyir miqyasında təqdim
etmək lazımdır. Bununla biz dünyaya öz
adət-ənənələrimizi, etik qaydalarımızı,
geyim, tərtibat və musiqi mədəniyyətimizi
göstəririk. Bunları olduğu kimi təqdim etdikdə
dünya bizi təbii halda daha çox qəbul edəcək,
indiyə qədər bu əsər 70-dən çox
ölkədə tamaşaya qoyulub və hər yerdə də
sevilib.
Ankara
Dövlət Opera və Balet Teatrında olduğu kimi, Samsun
Dövlət Opera və Balet Teatrında da “Arşın mal
alan”ın qala premyerası keçirilmişdir. Dekabrın
19-da premyera, 21-də isə qala-premyera olmuşdur. Qala
tamaşaya İstanbuldan, Ankaradan çox ünlü
sənətçilər gəlmişdi, Samsun
şəhərinin rəsmiləri də
tamaşaçılar arasında idi. Yerli
mətbuat dekabrın 10-dan tamaşanı
işıqlandırmağa başlamışdı.
“Arşın mal alan işıq saçacaq”,
“Şöhrətli türk rejissorunun, şöhrətli
”Arşın mal alan"ın Azərbaycanı bir daha
Türkiyəyə sevdirməsi" başlıqları
ilə yazılar dərc edilmişdi. Həm televiziya
kanallarında, həm də qəzetlərdə çoxlu
müsahibələrim oldu.
Onu da deyim
ki, türkiyəli teatrsevərlərin tamaşalara münasibəti
məni çox sevindirdi. 19 Mayıs Universitetində Azər
Kazımlı adlı şöhrətli bir professorumuz
çalışır. O mənə dedi ki, fasilədə
hər kəs “Arşın mal alan”ın musiqisini oxuyurdu və
bu da mənə qürur verirdi. Hətta küçə
ilə gedəndə də hamı tamaşanın mahnılarını
ifa edirdi. Premyerada da, qala tamaşanın sonunda da məni
səhnəyə dəvət etdilər, dayanmadan 10-15
dəqiqə alqışladılar. Çox qürur
duyulası səhnə idi. Bu zaman yalnız bir şeyi
düşünürdüm ki, nə yaxşı, mən
azərbaycanlıyam və nə yaxşı ki,
xalqımın Üzeyir bəy kimi sənətkarı
vardır.
Tamaşadan
sonra danışırdılar ki, Hafiz Quliyev gəlib Samsunu
azərbaycanlaşdırdı. Mənə
saysız-hesabsız müraciətlər oldu ki,
Azərbaycanı görmək istəyirlər. Sonda
böyük bir ziyafət təşkil edildi. Həmin
tədbirə məşhur insanlar dəvət olunmuşdu.
Onların hamısı öz çıxışlarında
Üzeyir sənətinə vurğunluqlarını ifadə
etdilər.
Samsun Dövlət Opera və Balet Teatrının
rəhbərliyi bildirdi ki, tamaşaçılar
tərəfindən onlara xeyli müraciət
gəldiyindən, bu əsəri uzunmüddətli repertuara
salmalı oldular. İndi “Arşın mal alan” ayda 2-3
dəfə göstərilir. Üstəlik, Ankarada və
Samsunda “Arşın mal alan” adlı dərgilər
buraxıldı. Bu dərgilərdə mənim Bakıdan
Ü.Hacıbəylinin həyat və
yaradıcılığına dair apardığım
bütün materiallar yer almışdır. Dərgilər
cəmi bir neçə günə satılıb
qurtardığından təkrar çap edilirdi.
Mən orada
bir həqiqəti də yəqin etdim ki, əsərə sevgi
ilə yanaşanda onu oynamaq aktyorlar üçün asan olur.
Ankaradakı tamaşa bir qədər Azərbaycan
ləhcəsi ilə hazırlanmışdı, amma Samsunda
sırf Anadolu ləhcəsindən istifadə etdik. Buradakı
tamaşada dirijor alman, rəssam türk, rejissor
azərbaycanlı, xormeystr isə moldovan idi. Teatrın
solistləri və aktyorlarının hamısı konservatoriya
təhsillidir. Çox istedadlı insanlardır. Ona
görə də tamaşa uğurlu alınmışdır.
Xalq qəzeti.- 2010.- 25 fevral.- S. 7.