Erməni vandalizmi qədim yurd yerlərini
xaraba qoymaqla bərabər adları da tarixdən silmişdir
Bu gecə gecənin nəfəsi qordu,
Bu gecə gecəmdən yuxunu qovdu.
...Axan bir ulduzu yedəkləyib mən
Yüyürmək istədim kəndimizəcən.
Məmməd ARAZ
...Gorusu keçən kimi kəndimizin — Ağdünün havasını ciyərlərimə çəkirəm. Sağda İşıqlı, solda Salvartı dağlarına baxıb az qala havalanıram. Qulağıma məzəmmət, tənə dolu səslər gəlir — “heykəl qayalar” dil açıb danışırlar: insan nə qədər etibarsız olurmuş... Bizi yağıların tapdağında qoyub hara qaçdınız, hara getdiniz?!. Sinəmizdə açılan çalın-çarpaz yaralar çətin ki sağala... Qəbirstanlıqlar dağıdılıb, ruhlar da bu yerlərdən didərgin düşüb. Hər addımda çağlayan bulaqların gözü tutulub. Bazarçayının çaylığından əsər-əlamət qalmayıb — murdarlanıb, zəhərlənib. Yolları — rizləri öt-ələf basıb. Bağlar-bağçalar quruyub-sovulub.
...Arpa təpəsinin ətəyində, Cada dediyimiz yolda maşından düşüb gəlib Qızılqayanın mamırlı daşlarından birinə söykənib kəndə tamaşa edirəm.
Kənd o kənddir — sağı, solu sıldırımlı qayalıqlar.
Kənd o kənd deyil — evlərin çoxu uçurulub, hasarları, çəpərləri sökülüb. Bağ-bağat, yaşıllıqlar az-az gözə dəyir. Həyət-bacalardan səs-səmir eşidilmir. Məktəbin həyətində sükut hökm sürür. Ağdünün mərkəzində — İşıxlının ətrafında, Saldaşın böyür-başında qələbəlikdən əsər-əlamət yoxdur...
Yox, yox, belə yuxu, röya ola bilməz.
Bu kənd bu günə niyə düşməliydi ki?!.
Bu kəndə kim qarğıdı ki, indi onun daşı-daş üstə qalmayıb, yarasının qaysaqlanması üçün məlhəm tapılmır...
...İndi onunla bağlı olub-keçənlər xeyir-şər məclislərində, bir də doğma yurd yerlərinin nisgilini çəkən insanların qələmə aldığı kitablarda xatırlanır. Belə kitablardan biri də Ağdüdə doğulan, ömrü boyu bu kəndin təəssübünü çəkən, neçə illərdir ki, bu yurdun kədərini, dərd-qəmini ürəyində yaşadan Yaqub Ağdülü Mirzəyev tərəfindən qələmə alınıb. “Yolu yox bərəyə” adlı kitaba yazılan ön sözdə deyilir: “Müəllif istəyir ki, ata-babalarının uyudğu müqəddəs yurd yerləri unudulmasın. Gənc nəsil bunları bilsin və o yerlərin geri qaytarılması uğrunda mübarizə aparsın. Kim bilir, bəlkə də o yerlər nə vaxtsa Tanrının hökmü ilə bir də öz sahiblərinə — azəri türklərinə qayıtdı və bu zaman qoy yeni nəsil o yerləri yenə də öz adları ilə adlandırıb bir daha ulularının ruhunu şad etsinlər...”.
Kitab Yaqub Mirzəyevin Qərbi Azərbaycan, onun füsünkar, əsrarəngiz bir bölgəsi olan, 1940-cı ildən Sisian adı verilən qədim Zəngəzur — Mirzəlibəyli haqqında yazdığı məlumat xarakterli oçerklə başlayır. Sonra müəllif doğulub boya-başa çatdığı, didərgin düşənə kimi yaşadığı Ağdü kəndinin tarixi, təbiəti, bu obanın bağları, bulaqları, kövşənləri, bərəyələri, bitkiləri, pencərləri, yurd yerləri, qədim tayfaları və s. barədə bildiklərini, ululardan eşitdiklərini oxuculara çatdırır.
Kitabda Sisian rayonunda erməni vandalizminin dəhşətləri, tükürpədici səhnələri geniş yer alıb. Buna misal kimi diqqəti bir məqama yönəltmək istərdik. Yaqub Mirzəyev Türkiyədən 1913-cü ildə Uz kəndinə köçüb burada yaşayan Zaxarın sovet hökumətinin əmin-amanlıq dövründə dediklərini yaddaşından kağıza köçürməklə erməni rəzalətini çılpaqlığı ilə göstərmişdir: “Dəyirman” deyilən yerin axar-baxarında, “Ana beyid” adlanan yer var. Uz kəndi tərəfdən, həmin yerdən enib Bazarçayını keçərək dəyirmana girdim. Gördüm ki, burada bir nəfər ağdülü var. Girəvəyə salıb onu arxadan vurub yıxdım və başını kəsib unluğa saldım. Bundan sonra çıxıb getdim".
Erməni Zaxar danışırmış ki, “Tanrı bu qanı yerdə qoymadı. Ağır xəstəliyə düsar olmuşam, üç ildir ki, yataqda zarıncı qalıb xəstə yatıram...”.
Yaqub Mirzəyev kitabda ermənilərin Sisian rayonunda zaman-zaman etnik təmizləmə siyasəti apardıqlarını, 1918-ci ildə azərbaycanlılar yaşayan 25 kəndin əhalisinə divan tutduqlarını, yurd yerlərini xaraba qoyduqlarını faktlarla göstərmişdir. Müəllif yazır ki, ərazisi 1719 min kvadrat kilometr olan Sisian rayonunun 1886-cı ildə əhalisi 21072 nəfər olub, 1922-ci ildə bu, 21583 nəfər təşkil edib. Lakin 1980-ci ildə əhalinin sayı 34 min nəfərə qədər azalıb.
Yaqub Mirzəyevin araşdırmasına görə, Sisian rayonunun, eləcə də bu rayonun yaşayış məntəqələrinin adları da ayrı-ayrı vaxtlarda erməniləşdirilmişdir. Məsələn, 1918-ci ildə Andranik Ozanyanın komandanlıq etdiyi quldur erməni ordusu Mirzəlibəylini (Qarakilsə) darmadağın edib xaraba qomuşdur. Bu yaşayış məntəqəsi 1940-cı ildən Sisian rayonu adlandırılmışdır...
Yeri gəlmişkən, xatırladım ki, tarixi araşdırmalara görə, Qarakilsə yaşayış məntəqəsində ermənilər 1903-cü ildə məskunlaşdırılıb. Onlardan əvvəl burada həmişə Azərbaycan türkləri yaşamışlar. Qarakilsə sözündəki “qara” qədim türk dilində böyük mənasında işlənilir. Hətta indi Qazax zonasında uşaqlar bir-biri ilə savaşanda analarına (cicilərinə) şikayət edirlər ki, qara qağam (yəni böyük qardaşım) məni döydü. Qarakilsə (indiki Sisian) bölgəsində Qara bulaq, Qara güney, Qara qaya, Qarasu, Qaragöl kimi yüzlərlə toponim var. Sözün ikinci hissəsindəki “kilsə”yə gəldikdə isə, ermənilər bu ifadəyə “vank” deyirlər. “Kilsə” erməni tədqiqatçılarının özlərinin də təsdiq etdiyi kimi yunan sözüdür. Beləliklə, kilsə sözünün erməni, onun dili və dini ilə heç bir əlaqəsi yoxdur.
Sisian adı da çox qədim türk sözüdür. Vaxtilə burada Arsar, Uz (bölgədəki Uz kəndi indi də durur) və Sis türk tayfaları yaşayıblar. Bəzi tarixi yazılarda bu, Sisaqan kimi də qeyd olunur. Dilimizdəki Beyləqan, Ağvan, Qaraman, Muğan, Qafan, Nardaran və s. bu qəbildən olan sözlər sırasına daxildir. Beləliklə, “Sis” türk tayfasının adı, “an” isə yer, məkan mənasında işlənir.
Ağdü və Vağüdi toponimləri də eramızdan əvvəl Sisian bölgəsində yaşamış atəşpərəst uti türk tayfalarının adı ilə bağlıdır. “Ağ” kiçik, “Bağ” böyük deməkdir. Deməli Ağdü — kiçik uti, Vağdü-böyük uti deməkdir. Hər iki kənddə bir çox əski türk abidələri indiyədək qalmaqdadır.
Yaqub Mirzəyev sözügedən kitaba ayrı-ayrı vaxtlarda yazdığı şeirlərini də daxil etmişdir. Bu şeirlər sadə, saf və təmiz qəlbli bir şairin ürək çırpıntılarının obrazlı şəkildə ifadəsidir. Şeirlərdə müxtəlif hadisələrə münasibət bildirməklə yanaşı, həm də Vətənə, yurd yerinə, insanlara qarşı sevgi hissləri aşılanır...
Vaqif BAYRAMOV
Xalq qəzeti.- 2010.- 25 fevral.- S. 7.