Bərdə: yüksəliş
marafonunda daha bir uğurlu il
Bölgələrin həyatına
yeniləşmə, tərəqqi gətirmiş regional
inkişaf proqramlarının ardıcıl həyata
keçirilməsi son illərdə Bərdə rayonuna
samballı uğurlar qazandırmışdır. İqtisadi
göstəricilər ildən-ilə artır, quruculuq işləri
genişlənir, sosial-mədəni sahənin mənzərəsi
dəyişir. Ötən ili uğurla başa vuran bərdəlilər
bu günlərdə qazanılmış nailiyyətləri
bir daha nəzərdən keçirmiş, diqqəti cari ilin məsul
vəzifələrinə yönəltmişlər.
Bərdə Rayon
İcra Hakimiyyətində keçirilən ümumrayon
müşavirəsində 2009-cu ildə həyatın müxtəlif
sahələrində irəliləyişdən, sosial-siyasi
durumdan geniş söhbət açıldı. Hesabat məruzəsində
və ayrı-ayrı natiqlərin
çıxışlarında əksini tapmış önəmli
məsələləri, fakt və rəqəmləri oxuculara
təqdim edirik.
Bərdə Rayon İcra Hakimiyyətinin başçısı İlham Ağayev mühüm dövlət proqramlarının həyata keçirilməsi gedişi barədə məlumat verərək bildirdi:
— Sosial-iqtisadi inkişaf proqramının 2009-2013-cü illəri əhatə edən 2-ci mərhələsi də rayonda yüksək mütəşəkkilliklə icra olunmaqdadır. Geniş tikinti-abadlıq işləri eyni sürətlə 2009-cu ildə də davam etmişdir. Çoxlu sayda yeni obyektlər istifadəyə verilmişdir. Müalicə-diaqnostika mərkəzinin, avtovağzal kompleksinin, ticarət mərkəzinin, tarix-diyarşünaslıq muzeyinin, Qaradırnaq kəndində 480, Kətəlparaq kəndində 640 şagird yerlik orta məktəb binalarının, Qarabağ əlilləri üçün 2 fərdi yaşayış evinin, Su-kanal və Qaz-istismar idarələri üçün inzibati binaların, Xəsili kəndində həkim ambulatoriyasının və digər obyektlərin tikintisi başa çatdırılmışdır. İstifadəyə verilmiş əsas fondların dəyəri 19,8 milyon manat olmuşdur.
Ötən il tikintisinə başlanmış obyektlərin inşası da uğurla aparılır. Meşə mühafizə və bərpa idarəsinin, hərəsi 10 min tonluq 2 taxıl tədarükü anbarının, bioloji laboratoriyanın, yeni şadlıq sarayının tikintisi və s. davam etməkdədir. Mərkəzi kitabxanada yenidənqurma işləri aparılaraq, elektron kitabxana yaradılmışdır. Bərdə şəhərinin Mikayıl Müşfiq, İlyas Süleymanov, Bahadur Hacıyev, Xurşudbanu Natavan, Cəlil Məmmədquluzadə küçələrində 373 min manatlıq asfaltlaşma işləri aparılmışdır. Bütövlükdə, şəhərdə il ərzində daha 180 min manatlıq səki salınması, çay daşlarından hasar tikilməsi, divarların hörülməsi və s. işlər görülmüşdür. Küçələrin işıqlandırılmasını təmin etmək məqsədi ilə 92 min manat dəyərində 132 dirəkdən istifadə edilmişdir. 2009-cu ildə rayon iqtisadiyyatına bütün maliyyə mənbələri hesabına 13,5 milyon manat investisiya yönəldilmişdir. Xeyli sayda istehsal və ticarət sahələri, həmçinin fərdi yaşayış evləri tikilib istifadəyə verilmişdir.
2009-cu ildə rayon üzrə orta aylıq əmək haqqı 165 manat təşkil etməklə, əvvəlki ilin müvafiq dövrünə nisbətən 10 faiz artmışdır. Rabitə, sosial, sənaye sahələrində çalışan işçilərin əmək haqqı daha yüksəkdir. Görülmüş işlər əhalinin məşğulluğunun artmasına geniş şərait yaradır. Keçən il bütövlükdə 748 yeni iş yeri açılmışdır ki, bunun da 519-u daimidir. Bütövlükdə 2004-cü ildən bəri rayonda 10 min 85, o cümlədən 6 min 87 daimi iş yeri açılmışdır. Həyat şəraitinin yaxşılaşdırılmasının nəticəsidir ki, keçən il rayonun əhalisinin sayı 1,2 min nəfər və ya 0,9 faiz artmışdır. 2380 nəfər körpə dünyaya gəlmiş, 1300 ailə nigah bağlamışdır.
2009-cu ildə vergi orqanlarından qeydiyyatdan keçən 840 hüquqi şəxs sahibkarlıq xidməti ilə məşğul olmuşdur. Hüquqi şəxslərin daha çox hissəsi – 33 faizi kənd təsərrüfatı sahəsindədir. 4 min 420 nəfər fiziki şəxs də sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Fiziki şəxslərin sayı il ərzində 2,6 faiz artmışdır. Bundan əlavə, 24 min 979 ailə dövlət aktı alaraq öz torpaqlarında sahibkarlıq fəaliyyət ilə məşğuldur.
Keçən il aqrar bölmədə diqqətəlayiq uğurlar qazanılmışdır. İl ərzində kənd təsərrüfatında çalışan 16 min 892 nəfər istehsalçıya 2,6 milyon manata yaxın dövlət vəsaiti verilmişdir. Yüksək repreduksiyalı buğda və yonca toxumu istehsal edən 30 nəfər dövlət büdcəsindən 30,1 min manat yardım almışdır. “Aqrokredit” Səhmdar Kredit Təşkilatı 344 nəfər sahibkara 419 min manat vəsait vermişdir. Bilavasitə belə əməli köməyin nəticəsidir ki, il ərzində 95 milyon manatlıq kənd təsərrüfatı məhsulları istehsal edilmişdir ki, bu da 10 faiz artım deməkdir. Aqrar sahə işçiləri ərazidə məskunlaşmış qaçqın və məcburi köçkünlərlə birlikdə rayon əhalisinin ərzaq məhsullarına tələbatını artıqlaması ilə ödəyir.
Keçən il 27,4 min hektar sahədən 95,2 min ton taxıl istehsal edilmiş, hər hektarın orta məhsuldarlığı 2,2 sentner artırılaraq 34,7 sentnerə çatdırılmışdır. Tarlalardan 89,6 min ton buğda götürülmüşdür ki, bu da ümumi taxıl məhsulunun 94,1 faizini təşkil edir. Bu yüksək göstəricilər rayonun tarixində ilk dəfədir ki, qazanılır. Bütövlükdə, dənli və dənli paxlalıların istehsalı 33,5 faiz, o cümlədən buğda istehsalı 43 faiz, qarğıdalı 20 faiz, həmçinin kartof 29,4, meyvə 1,9 faiz çoxalmışdır. İl ərzində 31,3 min ton tərəvəz, 20,6 min ton şəkər çuğunduru, 4,6 min ton kartof, 22,2 min ton bostan məhsulları və s. istehsal edilmişdir.
Rayonun iqtisadiyyatında heyvandarlıq mühüm yer tutur, 80,2 min baş iri mal, 128 min baş qoyun və keçi mövcuddur. İl ərzində iri malın sayı 1,8 faiz, davarın sayı 1 faiz, quşların sayı 1,2 faiz artmışdır. Diri çəkidə ət istehsalı 7,3 faiz, süd istehsalı 5 faiz, yumurta istehsalı 8 faiz artmışdır.
Meşə mühafizəsi və bərpası müəssisəsində 110 hektar meşə əkini aparılmaqla, 4 hektar tinglik salınmış, 750 min ədəd ting yetişdirilmişdir. Hazırda idarə üçün inzibati binanın tikintisində son işlər görülür. Keçən il şəhərdə ümumi dəyəri 600 min manat olan yaşıllıq zolaqları yaradılmışdır.
Keçən il sənaye müəssisələri üzrə 8 milyon manatlıq məhsul istehsal edilmiş və xidmətlər göstərilmişdir. Bunun 5,1 milyon manatlığı dövlət sektorunun, qalanı isə qeyri-dövlət bölməsinin payına düşür. Dövlət sektorunda əvvəlki ilə nisbətən 2 faiz artım olmuşdur. Rayonda sahibkarlar şurası yaradılmışdır və şura özəl bölmənin çətinliklərinin öyrənilib aradan qaldırılmasında müəyyən işlər görür.
Sosial sferadakı durumdan bəhs edən başçı bildirdi ki, keçən il dövlət vəsaiti hesabına Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün şəhərdə 24 mənzilli, İmamqulubəyli və Həsənqaya kəndlərində isə 2 ailə üçün fərdi mənzillər tikilib istifadəyə verilmişdir. Pensiyaçılara ödənişlər bütünlüklə bankomat vasitəsi ilə həyata keçirilir. Rayonda Kapitalbankın 5, digər kommersiya banklarının 4 bankomatı fəaliyyət göstərir. Hesabat dövründə hər pensiyaçıya orta hesabla ayda 89 manat pensiya ödənilmişdir. Bundan əlavə, 2515 ailəyə ünvanlı dövlət sosial yardımı təyin edilmişdir.
İl ərzində pərakəndə ticarət və iaşə şəbəkələrindən əhaliyə satılmış istehlak mallarının real həcmi 6,4 faiz artaraq 120,6 milyon manat olmuşdur. Pərakəndə əmtəə dövriyyəsinin 7,8 faizi hüquqi şəxslərin və 48,3 faizi hüquqi şəxs yaratmadan sahibkarlıqla məşğul olan fiziki şəxslərin, 43,9 faizi ticarət şəbəkələri, yarmarka və bazarların payına düşür. 2008-ci illə müqayisədə pərakəndə əmtəə dövriyyəsinin həcmi 8,5 faiz artmışdır.
2009-cu ildə rabitə müəssisələri tərəfindən faktiki qiymətlərlə 972,5 min manatlıq və ya ötən illə müqayisədə 7,3 faiz çox xidmət göstərilmişdir.
Hazırda rayonda hər 100
ailəyə 57 telefon aparatı düşür. Hər telefon
aparatına düşən gəlir 5,8 manat təşkil edir
ki, bu da əvvəlki ildəkindən çoxdur.Telefon abunəçilərinin
93 faizi elektron ATS-lərin xidmətindən istifadə edir.
2009-cu ildə rayonun Soğanverdilər, Hacıbəyli,
Xanağalı kəndlərində elektron avtomat stansiyalar
quraşdırılmışdır. Mirzalıbəyli kəndində
256 nömrə tutumu olan elektron ATS-in tikintisi başa
çatmaqdadır. Görülmüş tədbirlər nəticəsində
internet xidmətindən istifadə edən abunəçilərin
sayı 30 faiz artmışdır. Hazırda Qaradəmirçi
kəndində 512 nömrəlik elektron ATS-in
quraşdırılması üçün tədbirlər
görülür. Məmmədli, Çələbilər,
Nazırlı kəndlərində də il ərzində
anoloji işlərin aparılması nəzərdə tutulur.
Əhalinin təbii qazla təminatında
2009-cu ildə əvvəlki ildəkindən daha çox
iş görülmüşdür. 6 kəndə təbii qaz
verilişi təmin olunmuşdur ki, bu da abonentlərin
sayının 1400-dən çox artması deməkdir. Qazdan
istifadə haqlarının ödənilməsi əvvəlki
ildəkindən 17,2 faiz çox olmuşdur. Rayonun elektrik
enerjisi ilə təchizatı nəzərə çarpacaq dərəcədə
yaxşılaşmışdır, yəni xətlərdə
əsasən normal enerji olur və fasilələrin müddəti
kifayət qədər azaldılmışdır. Qəza vəziyyətində
olan xətlərin işlək hala gətirilməsi və
israfçılığın qarşısının
alınmasına yönəldilən tədbirlər nəticəsində
enerji sərfiyyatı il ərzində əvvəlki ildəkindən
38,3 milyon kilovat saat az olmuşdur. Buna baxmayaraq, elektrik enerjisindən
istifadə haqqının ödənilməsi 546 min manat
artmışdır.
2009-cu ildə Qaradırnaq kəndində
480, Kətəlparaq kəndində 640 şagird yerlik bina
tikilib istifadəyə verilmişdir. Şəhər 2
saylı orta məktəbi üçün 300 şagird yerlik
15 otaqdan ibarət bina ABŞ səfirliyinin dəstəyi ilə
inşa olunmaqdadır. Xəsili, Piyadalar, Şirvanlı,
Çələbilər, Mehdixanlı, Kələntərli,
Xanqaraqoyunlu, Kürdborakı, Uğurbəyli kənd və
şəhərdəki 4 saylı məktəblərdə təmir-bərpa
işləri aparılmışdır. Məktəblər
üçün xeyli avadanlıq, o cümlədən mindən
çox məktəbli stolu, 150 şkaf, 100 yazı taxtası,
3 televizor, 79 kompyüter dəsti, 300-ə yaxın stul, 650 metrə
qədər xalça alınıb verilmişdir. Orta məktəbləri
1743 nəfər bitirmiş, onlardan 644 nəfər ali məktəbə
qəbul üçün sənəd vermiş, 258 nəfər
ali məktəbə, 244 nəfər orta ixtisas məktəblərinə
qəbul olunmuşdur. Bu göstəricilər rayonun təhsil
sistemində ilk dəfədir ki, əldə edilir.
Doğum evində Dövlət
Proqramına əsasən, əsaslı təmir işləri
davam etməkdədir. Mərkəzi xəstəxananın
reanimasiya, kardiologiya, cərrahiyyə şöbələri,
aptek, anbar binaları, statistika və metodkabinələri və
s. əsaslı təmir edilmişdir. Xəsili kəndində
yeni ambulatoriya binası tikilib istifadəyə verilmişdir.
Hazırda Dəymədağıldı kəndində həkim
məntəqəsi, Körpüsındıran, Darğalar və
Əlyanlı kəndlərində tibb məntəqələri
üçün yeni binaların tikilməsi
planlaşdırılır.
2009-cu il rayonun mədəni
həyatında da əlamatdar olmuşdur. Müasir tipli göz
oxşayan uşaq musiqi məktəbi binası tikilib istifadəyə
verilmiş, şəhərdə tarix-diyarşünaslıq
muzeyi, rəsm qalereyası açılmışdır.
Bütövlükdə, mədəniyyət müəssisələrində
31,3 min manatlıq cari və əsaslı təmir işləri
aparılmışdır. Rayon mədəniyyət evi, elektron
kitabxananın yerləşdiyi bina, 28 saylı şəhər
kitabxanası, Əlyanlı, Qayalı, Lək, Hüseynbəyli,
Göyüşlü kənd kitabxanaları, Divanlı kənd
uşaq musiqi məktəbi, Kələntərli, Mirzəxan,
Xanərəb mədəniyyət evləri, Otuzikilər,
Mollalı, Hacallı kənd klubları və s. təmir
olunmuşdur. İl ərzində 161,3 min manatlıq inventar və
avadanlıq alınıb mədəniyyət müəssisələrinə
verilmişdir.
Toplantıda mövcud
nöqsanlar da kəskin tənqid olundu, onları aradan
qaldırmaq yolları göstərildi. Əminliklə
bildirildi ki, bərdəlilər 2010-cu ildə də
bütün imkan və səylərini səfərbərliyə
almaqla qarşıda duran işlərin öhdəsindən gələcəklər.
Millət vəkilləri
Gövhər Baxşəliyeva və Zahid Oruc, Azərbaycan
Respublikası Prezidenti Administrasiyasının məsul
işçisi Hafiz Məmmədov yığıncaqda
iştirak və çıxış etdilər.
Ziyəddin SULTANOV,
“Xalq qəzeti”nin bölgə
müxbiri
Xalq qəzeti.- 2010.- 25 fevral.- S. 6.