Lənkəran: qədim diyarın yeni növrağı

 

Bu gün dövlətimizin başçısı İlham Əliyevin xüsusi qayğısı ilə sürətlə inkişaf edən bölgələrimizdən biri də Lənkərandır. Abadlıq işlərinin vüsət aldığı, müasir şəhər infrastrukturunun formalaşdığı Lənkəranda regional inkişafın ideal modelinin yarandığı göz önündədir. Bölgəyə səfərlərinin birində Azərbaycan Prezidentinin söylədiyi fikirlər də bunu təsdiq edir: “Biz çox ciddi iqtisadi və sənaye tədbirləri görməklə bərabər, sosial məsələlərə də böyük diqqət göstəririk. Lənkəran rayonunun timsalında biz bunu görürük. Nə qədər məktəblər tikilib, nə qədər sosial obyektlər tikilib, böyük abadlıq-quruculuq işləri aparılıb – siz lənkəranlılar bunları çox yaxşı bilirsiniz. Bütün bu gözəl yenilikləri, dəyişiklikləri görürsünüz. Lənkəranın bütün inkişafında ən fəal rol oynayan onun sakinləridir, sizsiniz”.

 

Yeni növrağını yaşayan qədim diyarın adına ilk dəfə məşhur yunan tarixçisi Herodotun məlumatlarında rast gəlirik. Strabon da əsərində Lənkəranın Boladi, Məcül, Büstər və Talışkənd kəndlərinin adını qeyd edib. 15-ci əsrdən əvvəl rast gəlinən Ləngərkünan, Ləngəran, Lanqaran, Lyanqaran adları bu xüsusi ismin ilkin formaları olub və haradasa “lövbər salınan yer” mənasını verir. Abbasqulu ağa Bakıxanov da “Gülüstani İrəm” kitabında Lənkəranı Ləngərkünan kimi qələmə alıb. Bir başqa mənasına görə isə bu ad “ləngiyən yer” anlamına gəlir ki, burada yağışların çox olması üzündən yolçuların ləngiməsinə işarə vurulur. Lənkəranın adını talış dilindəki “qamış evlər” ifadəsi ilə izah edənlər də var. Bu ada Hamburq səfarətxanasında saxlanan hesabatlarda da rast gəlinir. Məlumdur ki, 17-ci əsrdən ta 20-ci əsrin əvvəllərinə kimi Lənkərandakı evlərin üstü, çəpəri, bəzən divarları da qamışdan olub.

Lənkəran şəhərinin inşası tarixi isə hələlik dəqiq müəyyənləşdirilməyib. Amma 19-cu əsrin əvvəllərində şəhərin üç hissədən ibarət olması və mərkəzi sayılan Qala divarlarına söykənməsi mənbələrdə aydın əks etdirilib. Qalada Rusiya işğalından sonra hərbi qarnizon yerləşdirilib. Həmin əsrin 30-cu illərində şəhərdə 441 ev və 440-a qədər təsərrüfat tikilisi vardı. Bundan 20 il sonra şəhərdə evlərin sayı 833-ə çatıb. Lənkəranda küçələr neft çıraqları ilə işıqlandırılırdı. İçməli su ilə şəhər quyular və Lənkərançay hesabına təchiz edilirdi. Şəhərə su kəməri yalnız 1913-cü ildə çəkilib. Ötən əsrin sonlarında əhalisi 8733 nəfər olub. Burada yerli əhali ilə yanaşı, ruslar, polyaklar, yəhudilər və başqa millətlərin nümayəndələri də yaşayırdı. 1841-ci il yanvarın 1-dən Lənkəranda xüsusi şəhər polis idarəsi yaradılıb. 19-20-ci əsrlərin qovşağında isə şəhər bələdiyyə idarəsi (Duması) təşkil edilib. İqtisadiyyatın əsasında sənətkarlıq dayanıb, sonralar balıqçılıq və meşə materialları istehsalı da sənaye xarakteri alıb. Kənd təsərrüfatında isə çəltikçilik üstünlük təşkil edib. 19-cu əsrdə Lənkəranda ilk dəfə şəhərsalmanın planlaşdırılması işinə başlanıb. O vaxt şəhərdə məscid və 117 dükanlı iki bazar vardı. Bir qədər sonra Qala meydanı ərazisinin mənimsənilməsi sayəsində cənub və şimal bayır şəhərləri müəyyən qədər bütöv qalıb və şəhərdə dörd tarixi bölgü yaranıb: Qala, Böyük bazar, Kiçik bazar və Sütəmurdov.

Zəngin təbiətli Lənkəranda qədim abidələr çoxdur və vətənpərvərcəsinə qorunur.

Lənkəran Şəhər İcra Hakimiyyətinin veb saytında da maraqlı məlumatlar toplanıb: “Zümrüd rəngli Talış dağlarının ətəyində, nəğməli Xəzərin qızıl qumlu sahillərində əsrarəngiz bir şəhər var. Buranı ”cənub mirvarisi, qızıl Lənkəran" adlandırırlar. Yamyaşıl meşələr, baş-başa vermiş dağlar təbiətin Lənkərana bəxşişidir. Seyrindən doyulmayan Hirkan Milli Parkı və Qızılağac Dövlət Qoruğu, buz bulaqlar, İstisu irmaqları onun inciləridir. Bu dilbər guşə bu gün daha da abadlaşıb, gözəlləşib”.

Hazırkı Lənkəran beynəlxalq aeroportu, mədəniyyət abidələri, universiteti, texnikumları, dram teatrı, olimpiya kompleksi, Avropa yarışlarında çıxış edən futbol komandası, regional televiziyası, rəssamlıq məktəbi, xarici avtomobillərin bir neçə satış-salonu olan böyük şəhərdir. Bu aqrar sənaye rayonu tərəvəz və çay istehsalına görə respublikada birinci yerə sahibdir. Rayonda balıqçılıq, meyvəçilik və sitrus bağçılığı inkişaf edib. Burada tərəvəz emalı və konserv müəssisələri, tikiş və mebel fabrikləri, balıq kombinatı, çörək, kərpic zavodları, süd emalı müəssisəsi və çay fabrikləri işləyir. Nazirlik və komitələrin ərazi idarələri, regional müalicə-diaqnostika mərkəzi, uşaq sağlamlıq mərkəzi, əlillərin regional bərpa mərkəzi, “ulduzlu” otellər Lənkəranı bölgənin mərkəzi kimi xarakterizə edir.

Artıq tarixə çevrilmiş 2009-cu il də Lənkəranın tarixinə quruculuq və tərəqqi ili kimi daxil olub. Rayon sənayesində 10 milyon manatlığa qədər məhsul istehsal edilib.112,5 ton balıq və balıq məhsulları, 2 milyon ədəd kərpic və kərpic bloku, 340 ton quru çay buraxılıb. “Pal-süd” markası ilə 4,5 milyon litr süd emal olunub və istehlakçılara on çeşiddə 2,7 min ton hazır məhsul göndərilib.

Aqrar sahədə də uğurlar az olmayıb. Ötən il 2176 hektar sahədən 4 min 355 ton taxıl yığılıb.Torpaq sahibləri tərəfindən məhsul yığımı dövründə 7670 ton kartof, 123 min tin tərəvəz, 117,4 ton yaşıl çay yarpağı, 400 ton üzüm, 13 min tondan artıq meyvə, “ min tonadək bostan məhsulu istehsal edilib. Meyvə-tərəvəz zavodu və hazır məhsulların soyuducu anbarı tezliklə işə salınacaq və məhsulların qəbulu, emalı, eləcə də saxlanmasında mühüm rol oynayacaq.

Rayonda çayçılığın inkişafına diqqət göstərilsə də, lazımi investisiya qoyuluşu olmadığına görə çay istehsalı zəif artır. Bununla belə, Lənkəranda yeni texnologiya ilə işləyən çay fabriki tikilib. Əgər çayçılıq təsərrüfatlarında işləyənlər istehsal etdikləri məhsulları köhnə fabriklərə ucuz qiymətə satmağa məcbur idilərsə, indi onlar məhsulu yeni fabrikə əlverişli qiymətə sata biləcəklər. Sözsüz ki, bu imkan çayçılığın inkişafına da müsbət təsir göstərəcək. Lənkəranda əsas suvarma mənbəyi Xanbulançay hidroqovşağııdır. Ümumiyyətlə, bu dəryaçanın rayonun təsərrüfat həyatında önəmi böyükdür. Odur ki, dəryaçanın doldurulması rejiminə ciddi əməl edilir, qurğu, anbar və kanallarında zəruri təmirlər aparılır. Sahibkarlığın inkişafı daim diqqətdədir. Bunun nəticəsidir ki, rayonda sənayenin, aqrar bölmənin və pullu xidmətlərin mütləq əksər hissəsi məhz özəl bölmənin payına düşür. Rayonun elektrik enerjisi, təbii qaz və su təchizatında müəyyən dönüş yaransa da, həlli vacib problemlər hələ də qalır. Ötən ilin yekunlarına həsr edilmiş hesabat yığıncağında bu məsələlərə diqqət cəlb edilməklə müvafiq idarə və təşkilatların rəhbərliklərinə ciddi xəbərdarlıq edilib. Kommunal xidməti təsərrüfatlarının faydalı iş əmsalının artırılması yolları da ətraflı müzakirə olunub.

Abadlıq-quruculuq işləri Lənkəranda daimi xarakter daşıyır. Elə rayona növbəti səfərimizdə gördüyümüz bir yenilik fərəh doğurdu. Bu, Liman şəhərindəki köhnə idman kompleksinin yenidən qurularaq orada respublikada ilk dəfə ixtisaslaşdırılmış regional boks mərkəzinin yaradılması idi. 20 yanvar faciəsinin 20 illiyi ərəfəsində “Şəhidlər” abidə-kompleksinin tamamilə yenidən qurulması da lənkəranlıları fərəhləndirib. Bu abidənin özü və şəhid məzarlarının hamısı qara mərmərlə örtülüb. Tikintidə qiymətli üzlüklərdən və tamet daşlarından istifadə olunub, mərkəz hissədəki əbədi məşələ qaz xətti çəkilib, ətrafda müasir işıqlandırma sistemi quraşdırılıb. Bizim də iştirakçısı olduğumuz anım mərasimində xatirəsi urvatda tutulan şəhidlərin ziyarətinə minlərlə lənkəranlının necə böyük ehtiram duyğuları ilə gəldiyinin şahidiyik.

Məlum olduğu kimi, may ayında faşizm üzərində qələbənin 65 illiyi təntənə ilə qeyd ediləcək. Bu ərəfədə Prezidentin imzaladığı Milli Proqrama uyğun olaraq, iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları qvardiya general-mayoru Həzi Aslanovun ev-muzeyi yenidən qurulub, ətrafında səliqə-sahman yaradılıb. Yanvarın 22-də, qəhrəmanın anadan olmasının 100 illiyi günündə möhtəşəm abidəsi önündə ümumrayon tədbiri keçirilib, sonra isə əsaslı bərpa edilmiş ev-muzeyinin açılışı olub.

Uzun illər idi ki, Lənkəranın mikrorayon ərazisindəki çoxmərtəbəli binaların həyətlərində antisanitariya, özbaşına tikililər və çəpərləmə halları baş alıb gedirdi. Hətta uşaqların oyun yerləri də zəbt olunmuşdu. Buna baxmayaraq, əlaqədar təşkilatlar heç bir tədbir görməmişdilər. Lakin rayon rəhbərliyi bu vəziyyətlə barışa bilməzdi və ərazidə qayda yaratmaq məqsədilə ciddi tədbirlər gördü. Bütün yöndəmsiz tikililər, hasarlar söküldü, əraziyə qum və torpaq töküldü, yeni əyləncə və istirahət yerləri yaradıldı. Görülən işlər sakinlərin də razılığına səbəb oldu. Lakin bu kimi işlər şəhərin digər ərazilərində də davam etdirilməlidir.

Lənkəran şəhərində və magistral yollarda yeni işıqlandırıcı sistemlər tətbiq olunmağa başlanıb. Artıq 511 ədəd müasir küçə işıqları quraşdırılıb. Bu iş davam edir. Rayondakı 42 saylı yol istismar idarəsi tərəfindən 24 min kvadratmetr ərazidə çalalar asfalt-beton örtüyü ilə təmir edilib. Dağ kəndlərinə gedən yolda uçqun və sürüşmələr nəticəsində yaranmış daş və torpaq qalaqları ağır texnika vasitəsi ilə təmizlənərək hamarlanıb, bir sıra kənd yolları isə təmir olunaraq normal hala salınıb, çay üzərində yeni körpü tikilib, asfaltlaşdırılıb.

Təhsil və səhiyyə sahələri də ötən ili yaxşı göstəricilərlə yola salıblar. “Uşaq ili” çərçivəsində maraqlı tədbirlər həyata keçirilib.Bir yenilik də TQDK-nın Lənkəranda regional şöbəsinin yaradılması olub. Səhiyyə üzrə yeni perinatal mərkəz yaradılıb. Beş ədəd yeni ambulans alınıb, bir qəsəbə və iki kənddə tibb məntəqələri tikilərək istifadəyə verilib. Nərimanabad xəstəxanası yenidən fəaliyyətə başlayıb. Amma görüləsi işlər də az deyil.

Tarixi abidələrdən Dairəvi qala tam əsaslı təmir edilib. Gərmətük yol dairəsində dağ daşlarından mənzərəli şəlalə inşa olunub, Xalq sənətkarlığı şəhərciyində yenidənqurma işləri aparılıb.

Poçt-rabitə sistemi yeniləşdirilməkdə davam edir. Hər 100 ailədən 73-də telefon var ki, bu da orta respublika göstəricisindən 12,5 faiz çoxdur. Rayonun iki kəndində icra hakimiyyətinin imkanları hesabına elektron ATS-lər tikilib, bir qəsəbə EATS-inin inşası sona yetib. Bir məsələ də xüsusi qeyd edilməyə layiqdir. Bu, vətəndaşların problemlərinə rayon rəhbərliyinin diqqəti ilə bağlıdır. Lənkəranlılar icra hakimiyyətinin binasına ümid qapısı kimi baxır, müraciətlərinin cavabsız qalmayacağına inanırlar. Öyrəndiyimizə görə, el bayramları ilə əlaqədar əlillərə, yataq xəstələri olan ailələrə, kimsəsizlərə, veteranlara, şəhid övladlarına, bir sözlə, qayğı uman adamlara şəhər icra hakimiyyətinin xətti ilə ötən il 137 min manatdan çox humanitar yardım verilib. ŞİH-in “Mərhəmət” fondu hesabına 43800 manatlıq maddi və ərzaq yardımı paylanıb. Uşaq fondunun xəttilə ehtiyacı olanlar 21500 manatlıq paltar, dərs ləvazimatı və pul alıblar. Rayonda məskunlaşmış qaçqın və məcburi köçkün ailələri də daim diqqətdədirlər. Onların qayğıları bir qayda olaraq sözsüz həllini tapır. Bundan əlavə, ayrı-ayrı vətəndaşlara ev təmirindən ötrü 68 min manat dəyərində tikinti materialı verilib, hətta bir sakin üçün ikiotaqlı ev tikilib. Əmək və Əhalinin Sosial Müdafiəsi, Fövqəladə Hallar Nazirlikləri və digər dövlət qurumları da lənkəranlıların məişət problemlərinə həssas münasibət bəsləyirlər. Hazırda Qarabağ əlilləri və şəhid ailələri üçün 36 mənzilli daha bir yaşayış evinin inşasında son işlər görülür.

Bu gün Lənkəranda həyat qaynayır. Hər kəs nikbindir. Qədim diyarın yeni növrağına sevinən lənkəranlılar ürəkdən inanırlar ki, doğma yurdun sabahı daha gözəl olacaq. Qarşıda çox aydın üfüqlər görünür.

 

 

Əli NƏCƏFXANLI,

“Xalq qəzeti”nin bölgə müxbiri

 

Xalq qəzeti.- 2010.- 25 fevral.- S. 6