Ağsu ağ günlərə qovuşur...

 

Bu gün Ağsuda kiminlə söhbət edirsənsə, keçən ilin oktyabr ayında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rayona olan tarixi səfərindən danışır. “Doğrudan unudulmaz günlər idi, — deyə — yanımda oturan Seyidməmməd Məmmədov söhbətə başlayır, — inanın ki, hələ də o səfərin təsiri altındayıq. Cənab Prezidentin rayonumuza gəlməsi, burada neçə-neçə obyektlərin açılışında iştirak etməsi, sözün həqiqi mənasında yaddaşlara əbədi həkk olunacaq günlərdir. Elə günlər ki Ağsunun daha ağ günlərə qovuşacağından xəbər verir”.

 

Seyidməmməd danışırdı və mən son vaxtlar Ağsuda görülən möhtəşəm, bəli, məhz möhtəşəm işləri gözümün qarşısına gətirirdim. İndi aşırımlardan baxanda Ağsu başqa cür görünür: aydın, işıqlı... 2009-cu ildə rayonda görülmüş işlərin yekunları və qarşıda duran vəzifələrlə bağlı keçirilən yığıncaqda rayonda icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyev də məhz bu barədə danışdı, Ağsunun uğurlarından söhbət açdı. Bildirdi ki, ötən il ümumi məhsul buraxılışının həcmi 71 milyon 664 min manat, adambaşına düşən ümumi məhsul buraxılışı 1013,1 manat təşkil edib. Ümumi məhsul buraxılışının 63,2 faizi kənd təsərrüfatında, 25,4 faizi ticarətdə, 5,5 faizi tikinti kompleksində yaranıb.

Başçı xüsusi olaraq qeyd etdi ki, rayonun sosial-iqtisadi həyatında baş verən müsbət dəyişikliklər 2009-cu il oktyabr ayının 29-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və xanımı Mehriban Əliyevanın rayonumuza səfəri zamanı yüksək qiymətləndirilib. Bir çox obyektlərin açılışında və təməlinin qoyulmasında iştirak edən ölkə başçısı ictimaiyyətin nümayəndələri ilə görüşdə –“Bu gün Ağsu Azərbaycan rayonlarının arasında ən qabaqda gedən rayonlardan biridir”, — dedi və rayon sakinlərini son illərdə əldə etdikləri gözəl nailiyyətlər münasibətilə təbrik etdi. Bu, ümummilli lider Heydər Əliyevin 1981-ci ilin iyulunda Ağsuya səfəri zamanı “Ağsu respublikanın qabaqcıl rayonları səviyyəsinə çıxmalıdır. Bunun üçün imkan və şərait vardır” kəlamının sonrakı illərdə görülmüş ardıcıl və məqsədyönlü tədbirlər nəticəsində artıq reallığa çevrilməsinin bariz nümunəsi, ağsuluların əməyinə verilən yüksək qiymətdir.

2009-cu ildə rayonda tikinti-abadlıq və bərpa tədbirləri geniş miqyas alıb. Ağsu şəhərinin mərkəzində salınan Heydər Parkında yenidənqurma işləri aparılıb, burada ümummilli liderin tuncdan hazırlanan abidəsi ucaldılıb. Parkın ərazisində Heydər Əliyev Mərkəzinin nəfis tərtibatda 2 mərtəbəli binasının inşası başa çatdırılıb. Mərkəzdə ulu öndərin zəngin irsinin gənc nəslə çatdırılması, informasiya texnologiyaları ilə tanışlıq, xarici dillərin öyrənilməsi və texniki yaradıcılığın üzə çıxarılması üçün hər cür imkan yaradılıb. “Ağsu aşırımı”nın qurtaracağında rayon əhalisinin və qonaqların yüksək səviyyədə istirahətinə imkan verən Heydər Əliyev Seyrəngahı salınıb. Bakı—Şamaxı—Yevlax magistralının şimal hissəsində İkinci Dünya müharibəsində həlak olan ağsuluların ,"20 Yanvar" şəhidlərinin və Qarabağ müharibəsində canlarını qurban verən 104 şəhidin xatirəsini özündə əks etdirən, müasir memarlıq üslubunda inşa olunan “Qəhrəmanlar Parkı” tikinti kompleksində hazırlıq-tamamlama işləri sona çatdırılıb. Rayon icra hakimiyyəti başçısının aparatı üçün 3 mərtəbəli inzibati bina istifadəyə verilib.

Hesabat ilində həm də rayonlararası İmtahan-Qeydiyyat Bölməsi, Su-Kanal İdarəsi, “Azərdəmiryolbank”ın rayon şöbəsi, Fövqəladə Hallar Nazirliyinin yerli orqanları üçün inzibati binalar tikilib. Telekommunikasiya qovşağının, “Azərpoçt” MMC-nin rayon filialı — Ağsu Poçtamtının, Tarix-Diyarşünaslıq Muzeyinin, Statistika İdarəsinin, “Kapitalbank”ın rayon filialının, YAP rayon təşkilatının və rayon suvarma sistemləri idarəsinin inzibati binalarında əsaslı təmir və yenidənqurma işləri aparılıb.

Rayonda Cənubi Qafqaz regionunda analoqu olmayan, ildə 5 min ton hazır məhsul əldə etməyə imkan verən müasir avadanlıqlar quraşdırılıb. “Az Qranata” MMC-nin şirələr və şərab emalı zavodunun tikintisində ötən il işlər sürətlə davam etdirilib.

Şəhərin Heydər Əliyev, Azərbaycan, Ü.Hacıbəyov, Nizami, M.Ə.Rəsulzadə və Vidadi küçələrində, Bakı—Şamaxı—Yevlax və Ağsu–Kürdəmir magistral yollarının şəhərin ərazisindən keçən hissəsində avtomobillərin hərəkət zolağı və piyada səkiləri yenidən qurularaq 103,3 min kvadratmetr asfalt, 6,8 min kvadratmetr tamet döşənib, yaşıllıq sahələri salınıb və müasir tələblərə cavab verən gecə işıqlandırma sistemi yaradılıb. Yol kənarı obyektlərin mühəndis-kommunikasiya xətləri rekonstruksiya olunub, 85 ictimai, fərdi və özəl binanın ümumi sahəsi 12,5 min kvadratmetr olan dam örtüyü metal örtüklə əvəz olunub, ümumilikdə 14,4 min kvadratmetr fasad hissəsi boya ilə rənglənib, 1116 poqonometr uzunluğunda metal hasar çəkilib, 8 yerdə müasir tipli sərnişin dayanacaqları quraşdırılıb. Ağsu şəhərində və kəndlərdə onlarla fərdi mənzillər, ticarət və digər xilmətlər göstərən obyektlər istifadəyə verilib. Ağsu çayında sahilbərkitmə işləri davam etdirilib, 1480 kubmetr daş beton bəndlər çəkilib.

Görürsünüzmü nə qədər işlər görülüb. Bu hələ harasıdır. 2009-cu ildə rayonda görülən işləri, sözün həqiqi mənasında bir qəzet yazısına sığışdırmaq mümkün deyil. Onsuz da yaşıllıq içində olan Ağsuda keçən il 15 minə yaxın ağac əkilib, yolların kənarında park və meydanlarda çəmənliklər salınıb. Ağacəkmə kampaniyasının ümumxalq hərakatına çevrilməsi üçün müvafiq yerlərin müəyyən edilməsini, əkiləcək ağacların növünü, onlara aqrotexniki qulluğun göstərilməsini, mühafizəsini nəzərdə tutan tədbirlər planı hazırlanıb.

Aparıcı sahə olan kənd təsərrüfatında görülən işlər rayonda ərzaq təhlükəsizliyinin təmin olunmasına imkan verib, əhali respublikanın bazarlarına da xeyli məhsul çıxarıb. “Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında” Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına uyğun olaraq 2009-cu ildə istehsalçılara 2 milyon 236 min manat maliyyə yardımı olunub və 50 faiz güzəştlə 207 ton mineral gübrə satılıb. Bunun nəticəsində kənd təsərrüfatı istehsalı artıb. İl ərzində rekord miqdarda — 92571 ton taxıl, 479 ton kartof, 2183 ton tərəvəz, 3861 ton bostan məhsulları, 1360 ton üzüm, 5247 ton meyvə istehsal olunub.

Sahibkarlığın inkişafı məhsul istehsalında qeyri-dövlət sektorunun xüsusi çəkisinin artmasına səbəb olub. İndi aqrar sahənini məhsulları bütünlüklə özəl bölmədə istehsal olunur. Nəqliyyat sahəsi də tamamilə özəl əsaslara keçirilib. Sənaye məhsulu istehsalında qeyri-dövlət sektorunun payına 629 min manatlıq məhsul düşür ki, bu da ümumi istehsalın 37,9 faizini təşkil edir.

Rayonda yeni iş yerlərinin açılması daim diqqətdə saxlanılır. 2004-2008-ci illərdə 3109-u daimi olmaqla 5916 iş yeri açılıb. Hesabat ilində isə fəaliyyətə başlayan yeni və bərpa edilən müəssisələrdə 350 nəfər daimi işlə təmin olunub. Ümumilikdə isə ötən il 565 yeni iş yeri yaradılıb.

Pərakəndə əmtəə dövriyyəsinini həcmi 61 milyon 388 min manat təşkil edib ki, bu da 2008-ci illə müqayisədə 826,9 min manat, yaxud 1,4 faiz çoxdur. Pərakəndə əmtəə dövriyyəsinin mülkiyyət formaları üzrə bölgüsündə özəl sektorun payı artaraq 97 faizə çatıb. İl ərzində adambaşına düşən əmtəə dövriyyəsi 867,8 manat təşkil edib.

Əhaliyə göstərilən pullu xidmətin həcmi 2008-ci ildəki səviyyəni 1,6 milyon manatı ötərək 9,78 milyon manat olub. Pullu xidmətin həcminin 81 faizi qeyri-dövlət bölməsində yaradılıb.

Daha sonra rayon icra hakimiyyətinin başçısı təhsil, səhiyyə və mədəniyyət sahəsində əldə olunan uğurlarla yanaşı buraxılan nöqsanlardan söhbət açdı. Bildirdi ki, təhsil sahəsində nöqsanlar xüsusilə çoxdur və bununla heç cür barışmaq olmaz.

Rayonun işıq və qaz təsərrüfatında olan bəzi problemləri sadalayan natiq bu sahədə yaxın vaxtlarda təcili qayda yaradılması barədə həmin strukturların rəhbərlərinə konkret tapşırıqlar və göstərişlər verdi.

Rabitə xidmətlərinin genişləndirilməsi və keyfiyyətinin yüksəldilməsi sahəsində qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi üçün rayonda müəyyən tədbirlər həyata keçirildiyindən danışan Ənvər Seyidəliyev bildirdi ki, hesabat ilində rayon əhalisinə montaj tutumu 6648 nömrə olan şəhər və kənd avtomat telefon stansiyaları ilə şəhərlərarası və beynəlxalq telefon rabitəsi xidmətləri göstərilib. Mobil rabitə vasitələrinin şəkəbəsi də xeyli genişləndirilib. Ötən il internetdən istifadənin imkanlarını artırmaq məqsədilə yüksək tezlikli 18 kanal istismara verilib.

Hesabat ilində Azərpoçt MMC-nin filialı — Ağsu Poçtamtının maddi-texniki bazası möhkəmləndirilib, 4 poçt şöbəsi üçün yeni bina tikilib istifadəyə verilib. Poçtamt tərəfindən əhaliyə 25 növ xidmət göstərilib və 50,6 min manat tarif gəliri əldə edilib. Orta aylıq əmək haqqı 2008-ci illə müqayisədə 12,9 faiz artıb.

Rayonun hüquq-mühafizə orqanları tərəfindən cinayətkarlığa qarşı mübarizə, ictimai qaydaların və təhlükəsizliyin təmin olunması, əməliyyat-xidmət fəaliyyətinin digər sahələrində məqsədyönlü tədbirlər davam etdirilib, kriminogen durum nəzarətdə saxlanılıb. İl ərzində 103 cinayət qeydə alınıb. Qabaqlayıcı profilaktik tədbirlərin düzgün təşkili və həyata keçirilməsi sayəsində 2008-ci illə müqayisədə cinayətlərin sayı 22 faiz azalıb. Qeydə alınan cinayətlərin açılması 97,1 faiz təmin olunub.

Çıxışının sonunda Ənvər Seyidəliyev ağsuluların 2010-cu ili daha uğurla başa vuracaqlarını əminliklə vurğuladı. Bildirdi ki, Prezident İlham Əliyevin rəhbərliyi altında ölkədə həyata keçirilən və alternativi olmayan geniş miqyaslı və uzun müddətli iqtisadi strategiyaya uyğun olaraq hər yerdə olduğu kimi, rayonda da sosial-iqtisadi inkişaf, əhalinin rifah halının yüksəldilməsi sahəsində nəzərdə tutulan bütün tədbirlər müvəffəqiyyətlə yerinə yetiriləcəkdir.

Yığıncağın işində Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Niyaz Əliyev və Milli Məclisin deputatı Ərəstun Cavadov iştirak və çıxış etdilər.

 

 

İlqar HƏSƏNOV,

“Xalq qəzeti”nin bölgə müxbir

 

Xalq qəzeti.- 2010.- 25 fevral.- S. 5.