Qloballaşma və milli-mənəvi
dəyərlər
Mütəxəssislərin böyük əksəriyyətinin
gəldiyi ümumi qənaət belədir ki,
çağdaş dünyamızda, bütövlükdə
XXI əsrdə bəşəriyyətin inkişafını
ilk növbədə qloballaşma müəyyənləşdirəcəkdir.
Qloballaşma, əslində, yeni hadisə deyil, bəşər
tarixində bu prosesin reallaşmasına, daha doğrusu,
xalqların, dövlətlərin birləşməsinə,
qaynayıb-qarışmasına, indiki anlamda inteqrasiyasına,
vahid siyasi, iqtisadi və sosial-mədəni məkana
çevrilməsinə dəfələrlə cəhdlər
olmuşdur. Qüdrətli cahangirlər, güclü imperiyalar
zaman-zaman bu iddiaya düşmüş, silah gücünə
böyük ərazilər tutmuş, ayrı-ayrı
xalqları, dövlətləri tabe etdirmiş, amma
bütün dünyaya yiyələnmək heç kəsə
nəsib olmamışdır. Bu missiyanı bir qədər
başqa formada öz üzərinə götürən
dünyəvi dinlərin də heç biri bütün bəşəriyyətin
vahid bayraq altında birliyinə hələ ki, nail
olmamışdır.
İndi isə
meydan qloballaşma prosesinindir. Bu ideyanı
düşünüb meydana atanlar bəşər tarixində
dəfələrlə uğursuzluğa düçar
olmuş cəhdlərin aqibətini bilə-bilə nəyə
ümid bəsləyirlər? Onlar
qloballaşmanın başlıca üstünlüyünü
onda görürlər ki, tarixdə hələ heç vaxt
dünyanın sabit və təhlükəsiz
inkişafını təmin edəcək siyasi-iqtisadi, sosial-mədəni
məkanda birləşdirilməsinə
könüllülük prinsipi əsasında cəhdlər olmamışdır.
Yəni, XIX əsrdə meydana gələn, XX əsrdə
formalaşan və müasir dövrümüzdə sürətlə
genişlənməkdə olan bu prosesin — ümumdünya
inteqrasiya prosesinin tarixdə analoqu olmayıb.
Lakin
qloballaşmanın bu cəlbedici illüziyaları
arxasında elə məqamlar da gizlənir ki, özünə
hörmət qoyan xalq, yaxud dövlət kor-koranə onu
heç vaxt qəbul etməz. Bu ideyalar Qərbdə
yarandığı üçün harada yerləşməsindən,
milli, dini mənsubiyyətindən, adət-ənənələrindən,
hansı mənəvi dəyərləri
daşımasından asılı olmayaraq, bütün xalqları,
millətləri, dövlətləri eyni qəlibə
salmağı, eyni cür
düşünüb-daşınıb hərəkət etməyi
nəzərdə tutur. Başqa sözlə,
qloballaşma müstəqil dövlətlər
arasındakı sədləri dağıdaraq, özünəməxsusluğu,
rəngarəngliyi tədricən aradan qaldıraraq cəmiyyətdəki
sosial münasibətləri yeni məcraya yönəldir, milli
mentalitetindən asılı olmayaraq bütün xalqları,
millətləri, əslində, qərbləşdirir.
Beləliklə,
yaşadığımız minilliyin əvvəllərindən
çox böyük sürət götürən
qloballaşma prosesi qarşısıalınmaz bir cərəyana
çevrilir.
Sual oluna bilər: Bu qədər xoşəgəlməz cəhətlərinə
baxmayaraq, qloballaşmanı xalqlar, millətlər, dövlətlər
üçün cəlbedici edən nədir? Cavab sadədir:
Heç kəs təcrid olunmaq, bəşəriyyətin
ümumi inkişafından geri qalmaq istəmir. O cümlədən
də Azərbaycan. Dünyaya uğurla inteqrasiya
edən və beynəlxalq birliyin ayrılmaz hissəsinə
çevrilən ölkəmiz qloballaşmadan, həmçinin
cəmiyyət həyatında gedən modernləşmə
prosesindən, bəşəriyyətin magistral inkişaf
yolundan kənarda qala bilməz.
Şübhəsiz,
bəşəriyyətin sürətli inkişaf
“karvan”ından geri qalmamaq həyati əhəmiyyətli məsələdir,
indiki zamanda bunun alternativi yoxdur. Lakin bu,
xalqımızın “öz simasını” əsrlər boyu
qoruyub-saxladığı milli-mənəvi dəyərləri
itirmək hesabına olmamalıdır. Ümummilli lider
Heydər Əliyev “Yeni əsr və üçüncü
minillik münasibətilə Azərbaycan xalqına müraciəti”ndə
bu narahatlığı belə ifadə etmişdir: “Dünya
inkişafının indiki mərhələsinin başlıca
meyilləri mədəni inteqrasiya və qloballaşmadır. Əgər bəşəriyyət XX əsri elmi
inkişafın nailliyyətlərinin yaratdığı
xoş ümidlərlə qarşılamışdısa,
qloballaşma prosesi çox vaxt heç də nikbinlik
doğurmur. Bu mürəkkəb və birmənalı
qiymətləndirilməyən prosesin perspektivləri, bir
çox ölkələr üçün
yaratdığı problemlər bizi də
düşündürür”.
Azərbaycan bəşəriyyətin
beşiyi olan nadir ölkələrdən biridir. Burada
yaşayış çox erkən yaranmışdır.
Azıx mağarasından tapılmış
azıxantrop Azərbaycanın ən qədim insan məskənlərindən
biri olmasını təsdiqləyir. Qobustan
və Gəmiqayadakı daş və qaya üzərindəki
təsvirlər, petroqliflər, Kür-Araz və Xocalı mədəniyyətinə
aid arxeoloji tapıntılar sübut edir ki, Azərbaycanda ən
qədim dövrlərdən bəri mədəniyyət
mövcud olmuşdur. Ötən minilliklər ərzində
bəşər sivilizasiyasını ayrılmaz hissəsi
kimi, azərbaycanlılar dünya mədəniyyəti xəzinəsinə
çox sanballı töhfələr vermiş, özünəməxsus
zəngin mədəni-mənəvi irs
yaratmışlar. Ulu öndər Heydər Əliyevin
qeyd etdiyi kimi, “biz nadir bir irsin varisləriyik. Hər bir Azərbaycan vətəndaşı bu irsə
layiq olmağa çalışaraq böyük bir tarixi
keçmişi, zəngin mədəniyyəti, yüksək mənəviyyatı
olan ölkəmizin həm dünəninə, həm bu
gününə, həm də gələcəyinə dərin
bir məsuliyyət hissi ilə yanaşmalıdır”.
Əvvəllər
bir o qədər nəzərə çarpmasa da,
qloballaşma hazırda elə həddə gəlib
çatmışdır ki, onun arzuolunmaz təsiri həyatın
bütün sahələrində hiss olunmaqdadır. Bəziləri
bu fikirdədirlər ki, Qərbdən ancaq elmi-texniki nailiyyətləri
götürək, lakin “kütləvi mədəniyyətə
— yox!” deyərək, milli mənəvi aşınmanın
qarşısını alaq. Bu, heç də
asan məsələ deyil. Çünki Qərb
heç nəyi havayı bağışlamır, komplekt
şəkildə, necə deyərlər, “bülbülün
üstündə fil” də verir.
Qloballaşmanın
mənəvi sferaya təsiri əsasən kütləvi
informasiya vasitələri, xüsusən telekanallar və həmçinin
internet vasitəsilə həyata keçirilir. Bu gün Azərbaycanda
ümumrespublika yayımçısı olan 9 televiziya, 14
regional televiziya kanalı, 11 radio fəaliyyət göstərir.
13 şirkətə kabel televiziyası yaratmaq
üçün xüsusi razılıq (lisenziya) verilib.
Bunların da hər biri gün ərzində
60-dək xarici ölkə, o cümlədən Qərb
dövlətlərinin televiziya kanallarının verilişlərini
retranslyasiya edərək Azərbaycan
tamaşaçısına çatdırmaq imkanına
malikdir. Başqa sözlə, Qərbin
yaşam tərzi, Qərb psixologiyası neçə illərdir
ki, fəal surətdə təbliğ və təsviq olunur.
Həm də, məqsədyönlü şəkildə
aparılan bu təbliğatda kabel televiziyaları vasitəsilə
həyatımıza, məişətimizə yol tapan xarici
TV-lərdən daha çox yerli özəl telekanallar canfəşanlıq
edirlər.
Bizim telekanallarda mentalitetimizə
uyğun gəlməyən, əxlaqımızı, mənəviyyatımızı
birbaşa hədəf seçən şou-biznes xarakterli elə
verilişlər, Qərbdə çəkilmiş, lakin öz
telekanallarına, tamaşaçılarına rəva bilmədikləri
elə teleseriallar nümayiş etdirilir ki, Molla Nəsrəddinin
sözü olmasın, səsi hələ sonra
çıxacaq. Əslində, bunun səsi-sədası
elə indinin özündə də eşidilir.
Xalqımıza xas olan böyüyə, ağsaqqala hörmət,
ata-anaya məhəbbət, abır-həya, namus, qeyrət...
kimi dəyərlər, bir çox ailələrdə getdikcə
adiləşir, yaxud arxa plana keçir...
Bu yaxınlarda
Dövlət Statistika Komitəsi ötən ilə yekun vurarkən
nikahlar və boşanmalar haqqında nəticələri də
açıqladı. Məlum oldu ki, 2009-cu ildə ölkədə 78,9 min nikah və 7800-dən çox boşanma
qeydə alınıb. Yəni il ərzində
nikaha daxil olanların təxminən 10 faizi boşanıb. Əslində, həyəcan təbili
çalmağa əsas verən bu göstəricinin səhihliyi
ilə bu sahə üzrə geniş məlumatlı QHT təşkilatları
olan Qadın Kriziz Mərkəzinin rəhbəri Mətanət
Əzizova razılaşmır. Onun fikrincə,
həm nikaha daxil olanların, həm də boşananların
sayı DSK-nın məlumatındakından xeyli çoxdur.
Xüsusən, boşanmaların sayı dəfələrlə
artıqdır. Əvvəla, Azərbaycanda
ümumiyyətlə nikahsız yaşayanlar, yaxud təkcə
dini nikahla kifayətlənib ər-arvad kimi yaşayanlar kifayət
qədərdir. Digər tərəfdən
də, çox sayda ailələri var ki, ər və arvad rəsmi
nikahlarını pozmasalar da ayrılıblar və faktiki olaraq
birgə yaşamırlar. Səbəb kimi,
adətən, ailə zəminində münaqişə,
qısqanclıq, qadına qarşı zorakılıq, xasiyyətlərin
uyğun gəlməməsi və sair göstərilir. Göründüyü kimi, göstərilən səbəblərin
əksəriyyəti xalqımızın xarakterinə yaddır.
Bütövlükdə,
boşanmaların belə kütləvi hal almasının
özü Qərbin “kütləvi mədəniyyət”nin “bəhrəsi”dir. Əvvəla, Azərbaycanda
boşanma halları lap yaxın keçmişədək nadir
hallarda baş verərdi. Ümumiyyətlə,
kişilər tərəfindən qadına qarşı
zorakılığı nə milli adət-ənənələrimiz
qəbul edir, nə də şəriətimiz. Lakin bu sahədə vəziyyət elə bir həddə
gəlib çatmışdır ki, Milli Məclis belə
halların qarşısını almaq üçün qərar
qəbul etmək məcburiyyətində qalmışdır.
Yaxud, qısqanclıq zəminində baş verən
boşanma hallarının çoxalmasını bir yana qoyaq, bu səbəbdən son vaxtlar törədilən
faciələrin-ərin arvadını qətlə yetirməsi,
eləcə də arvadın öz ərini öldürməsi
faktlarının sürətlə artması həyəcan təbili
çalmağa əsas verir. Tanınmış vəkil, Azərbaycan
Respublikası Vəkillər Kollegiyasının üzvü Əlirza
Əbilovun qeyd etdiyi kimi, bütün bunlar ilk növbədə
mənəviyyatımıza, milli adət-ənənələrimizə
yad olan “Qərb mədəniyyəti”nin KİV, telekanallar və
internet vasitəsilə müdaxiləsinin nəticəsidir:
“İştirak etdiyim məhkəmə iclaslarının bir
çoxunda açıq-aydın hiss olunur ki,
xalqımızın mentalitetinə yabançı olan həyat
tərzini təbliğ edən teleseriallar yeni ailə
qurmuş gənclərin bir çoxunu
çaşdırır, özlərini həmin filmlərin qəhrəmanları
kimi görür, bəzi məqamlarda onlara oxşamağa
çalışırlar və beləliklə, Azərbaycan
ailəsinin möhtəşəmliyini təşkil edən
qarşılıqlı məhəbbət, sədaqət,
namus, qeyrət kimi mənəvi dəyərlər
aşınmaya məruz qalır, bununla da hər şey
dağılıb gedir”.
Belə filmləri, habelə
xalqımızın mentalitetinə uyğun gəlməyən
ucuz tok-şouları, digər primitiv, bayağı verilişləri
nümayiş etdirən özəl telekanalların rəhbərləri
insanların, xüsusən gənclərin əxlaqına, mənəviyyatına
nə qədər ziyan vurduqlarını ya anlamırlar
, ya da bütün dəyərləri özlərinin
şəxsi mənafelərinə qurban verərək
qanunları pozurlar. Belə ki, “Televiziya və
radio yayımı haqqında” Azərbaycan Respublikasının
Qanununun 32-ci maddəsində aydın şəkildə
yazılmışdır. “Proqramlar yayım
üçün hazırlanarkən aşağıdakı tələblərə
əməl olunmalıdır: maarifçilik və mədəniyyət
məsələlərinə üstünlük verilməli,
proqramların tarazlaşdırılması yolu ilə efirin
kommersiya, informasiya, yaxud digər eyni tipli verilişlərlə
yüklənməsinin qarşısı
alınmalıdır...”
Azərbaycan Respublikası
Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin
keçən ilin oktyabr ayında mətbuatda dərc
olunmuş “Azərbaycanın efir məkanı: problemlər və
vəzifələr” sərlövhəli məqaləsində
ictimaiyyəti narahat edən bu məsələlər,
xüsusən televiziya kanallarında aşağı səviyyəli,
keyfiyyətsiz əyləncə və şou-biznes xarakterli
verilişlərin xüsusi çəkisinin artması
haqlı olaraq kəskin şəkildə tənqid
edilmişdir. Məqalədə göstərilir ki, ATV
telekanalında gündəlik efirin təqribən 32,3 faizi,
“Lider” də 16,4 faizi, “Xəzər”də 12 faizi, ANS-də 11,3
faizi, “Spase”də 8 faizi şou-biznes xarakterli verilişlərdən
ibarətdir. Belə verilişlər cəmiyyətdə
neqativ meyillərin yayılmasına təkan verir, xüsusən
də gənclərin və yeniyetmələrin
zövqünü korlayır, onların
dünyagörüşünə və əxlaqına mənfi
təsir göstərir.
Yaşadığımız
informasiya cəmiyyətinin, həyatımızın və məişətimizin
ayrılmaz tərkib hissəsinə çevrilmiş internetdən
də hərə bir cür istifadə edir. Kimisi elmin, texnikanın son
nailiyyətləri ilə, kimisi dünyanın siyasi
arenasında gedən proseslərlə, kimisi mədəni həyatdakı
yeniliklərlə tanış olmaq üçün, kimisi də
“odnoklasniki” kimi saytlara girərək, vaxtını mənasız
yazışmalarla “öldürür”, tanış axtarır,
internet vasitəsilə elçi düşür, hətta bir
çoxu evlənir də. Vəkil Ə. Əbilovun
qeyd etdiyi kimi, son illərdə boşanmalarda internetin köməyi
ilə tanış olub ailə quran gənclərin xüsusi
çəkisi sürətlə artır. Bu,
əslində, belə də olmalıdır. Dədə-baba
adətlərini, valideyn xeyir-duasını,
ağsaqqal-ağbirçək məsləhətini bir yana qoyub, ailə həyatı qurmaq kimi məsuliyyətli
bir işi internetin ixtiyarına verməklə məsafədən
həll etməyin aqibəti başqa cür ola da bilməzdi.
Azərbaycan əlahiddə
bir adada yerləşməyib, dünya birliyinə
inteqrasiyanı hədəf seçmiş, bəşər
sivilizasiyasına çox böyük töhfələr
vermiş, ən qədim tarixə, zəngin mədəniyyətə
sahib olan ölkədir. Dünyada gedən qlobal proseslər,
şübhəsiz, ondan da yan keçməyəcəkdir.
Lakin Azərbaycan xalqının dar məqamda, xüsusən
milli maraqları təhlükə ilə üzləşəndə
toparlanmaq, daxili “immuniteti”ni işə
salaraq müqavimət göstərmək, hər cür
çətinliyə tab gətirmək xarakteri də
vardır. Fikrimizin sübutu kimi, deyək ki, Azərbaycan
əsrlər boyu ayrı-ayrı dövlətlərin,
imperiyaların işğalına məruz qalıb. Elə son iki yüz ilədək dövrü rus
imperiyasının tərkibində müstəmləkə
kimi yaşamışdır. Lakin həm
dilini, həm dinini, həm də milli-mənəvi dəyərlərini,
adət-ənənələrini qoruyub saxlaya bilmişdir.
Sovet rejiminin “qan-qan” deyən
vaxtında xalqımız bütün qadağalara baxmayaraq,
özünün tarixi qədər qədim dövrlərə
gedib çıxan əziz Novruz bayramını hər il gizli, yaxud açıq şəkildə təntənə
ilə qeyd etmişdir. Novruz Azərbaycanın ən qədim
milli bayramıdır, özü ilə yeni il,
yeni arzular, yeni ümidlər gətirir. Novruz
xalqımızın əsrlərdən-əsrlərə
qoruyub-yaşadaraq, ulularımızın ən dəyərli əmanəti
kimi gətirib bizə çatdırdığı milli barış,
saf niyyətlər bayramıdır. Novruz hər bir azərbaycanlı
üçün “beşikdən qəbir evinədək” hər
il səbirsizliklə gözlədiyi və
bir ay ərzində təntənəli şəkildə qeyd
etdiyi sevinc, ülvi hisslər bayramıdır. Novruz
həm də ruhların bayramıdır. Təsadüfi
deyildir ki, bu bayram günlərində hər bir azərbaycanlı
dünyadan köçmüş valideynlərini, qohum-əqrəbasını,
dostunu-tanışını yada salır, onların məzarı
üstünə gedir, bayram sovqatı aparır, ruhlarına
dualar oxutdurur...
Ruhlardan
söhbət düşmüşkən, son dövrlərdə
Azərbaycanda yas və dəfn mərasiminin keçirilməsində
elə xoşagəlməz proseslər baş alıb gedir ki,
onlar barədə danışmamaq mümkün deyil. Əslində,
bunlar nə şəriətə uyğundur, nə də
xalqımızın milli adət-ənənələrinə.
Əvvəla, götürək yas məsliclərini: dəfn
günü, üç, yeddi, qırx, cümə
axşamları və il... Bunları
yola vermək lazımdır. Əvvəllər
belə idi ki, yası düşən ailəyə el-oba,
tanış-biliş, qohum-əqrəba
yığışıb kömək edir, həm dəfn mərasimini,
həm də yas məclislərini birgə yola verirdi, hüzr
sahibinə bir o qədər də yük
düşmürdü. İndi isə vəziyyət
tamam başqa cürdür. Hüzr sahibləri
bir-birinin bəhsinə, sanki yarışırlar. Təmtəraqlı
yaş mərasimləri, hər cür rahatlığı olan
ağ çadırlar (adi çadırları daha bəyənən
yoxdur), süfrənin üstündə naz-nemət, növbənöv
şirniyyatdan, su və şirələrdən tutmuş, Azərbaycanda
yetişməyən ekzotik meyvələrədək, hər
şey var. Təkcə spirtli içki
çatışmır, yoxsa toy süfrəsindən heç
bir fərqi olmazdı. Bir dəfə atası
üçün belə süfrə açmış
tanışımdan çəkdiyi xərcin qədəri ilə
maraqlandım. Dedi ki, firma ilə
danışmışam, çadır, yemək-içmək,
avadanlıq, xidmət... Hamısını onlar
görür, adambaşına 25 manata. Çadırda
200 nəfərədək əyləşmişdi, bir o qədər
də bayırda növbə gözləyirdi. Maddi
durumuna bələd olduğumdan təkrar soruşdum:
— Bunun xərcini necə
ödəyəcəksən? Bir qədər sadə
şəkildə də yola verə bilərdin.
— Neynəyim atadı,
dost-düşmən var, hamı belə keçirir. Faizlə borc götürmüşəm. Allahın köməyi ilə verərəm. Hələ,
bunun bir ətək qəbirüstü xərcləri var. Eləməsən
olmur... min cür söz danışırlar...
Əlbəttə,
varlı adamlar üçün belə məclisləri yola
vermək, hətta valideyninin məzarı üstündə
qranitdən heykəl qoydurmaq belə çətin deyil. Vay onlardan geri
qalmamaq üçün sələmi ilə borca girib çətin
vəziyyətə düşən kasıbın,
imkansızın halına. Bir çoxu illərlə
həmin borcun altından çıxa bilmir, bu səbəbdən
bəzən ailələr dağılır, hətta intihar
halları da baş verir.
... 1999-cü ilin mart
ayında Uca Yaradanın köməyi ilə müqəddəs
Həcc ziyarətinə getmək mənə də nəsib
oldu. Kəbənin təvafı zamanı bizim dəstədə
gedən zəvvarlardan biri — Ağsu rayonunun Gəgəli kəndindən
olan 63 yaşlı Qardaşəli Həsənov
dünyasını dəyişdi. Axşam
oteldə o vaxtlar Azərbaycanın Səudiyyə Ərəbistanındakı
səfiri Elman Araslının iştirakı ilə məşvərətdən
sonra qərara alındı ki, ertəsi günü mərhumun
dəfni ilə məşğul olmaq üçün bir qrup
yaradılsın. Həmin qrupa Azərbaycanın görkəmli
şərqşünası, Prezident Administrasiyasında
humanitar şöbənin müdirinin müavini Tariyel Həsənov,
Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci
müavini Hacı Salman, Şamaxı cümə məscidinin
imamı Hacı Mustafa və mən daxil edildik. Mərhumu Kəbənin
yaxınlığında yerləşən,
tanınmış, müqəddəs insanların, o cümlədən
Həzrəti Məhəmmədin (s.) babası Əbdül
Müttəlibin, peyğəmbərimizin (s.) birinci zövcəsi
Həzrəti Xədicənin və başqalarının dəfn
olunduqları “Cənnətül məəllə” (“Cənnəti
məkan”) qəbiristanlığında torpağa
tapşırdıq. Həmyerlimizin son məkanı azı iki
min illik tarixi olan bu qəbiristanlığın 6-cı
bölməsində, 89-cu sıranın 4-cü qəbiri
oldu...
On bir ildən əvvəl
olmuş hadisəni yada salmaqda məqsəd İslam dininin
beşiyi olan Ərəbistanda dəfn və yas mərasimlərinin
bəzi məqamlarına diqqəti yönəltməkdir. Qəbiristanlıqda
nə başdaşına, nə sinədaşına, nə qəbirüstü
heykələ, nə mərhumun şəklinə, nə də
adına, yaxud soyadına rast gəlməzsən. Qəbirlərin üstü təpələnmir, yerdən
bir qarış hündürlükdə düzlənir. Hər qəbirin üstünə 2-3 kiloluq 5-6 ədəd
çay daşı və yaxud xırda qranit parçası
qoyulur. Baş tərəfdə kiçik
dəmir lövhədə yalnız sıra nömrəsi qeyd
olunur. Qəbirlərin hamısı eyni
cürdür, varlı-kasıba fərq qoyulmur. Nəinki
kral ailəsinin üzvlərinin, nazirlərin, hətta müqəddəs
şəxsiyyətlərin, İslam Peyğəmbərinin
(s.) əshabələrinin, imamların (Mədinədəki
Baqi qəbiristanlığında imamlardan dördünün məzarı
var) məzarları da bu cür sadədir və digərlərindən
heç nə ilə fərqlənmir... Bəs,
bizdə niyə belə deyil? Qəbiristanlığımızda,
az qala muzey yaradırıq. Qranit, mərmər
və sal daşlardan başdaşları, sinədaşları,
üstündəki şəkillər, yazılar, şeirlər,
hətta heykəllər, sərdabələr, komplekslər... Görəsən, bunları hansı dindən əxz
etmişik? Axı, İslam belə təmtərağı
qəbul etmir və buyurur ki, qəbirin yeri itməlidir.
— Şamaxıdan keçən
il (1998-ci il nəzərdə tutulur — Q.P)
bir nəfər Həcc ziyarətinə gəlmişdi, — deyə
Hacı Mustafa bu məsələ ilə bağlı bir əhvalat
danışdı. — Buradakı qəbiristanlığı,
qayda-qanunu görəndən sonra gedib böyük vəsait
hesabına atasının məzarı üstündə bir
neçə il əvvəl düzəltdirdiyi
başdaşını və sinədaşını
sökdürdü ki, dinimiz belə işləri günah
sayır... Bilirsiniz, çox adam bunu
ata-anaya məhəbbətdən yox, özünü reklam
üçün edir. Mən adam
tanıyıram ki, anası aylarla evdə xəstə
yatdı, nə həkimə apardı, nə də dava-dərman
aldı. Öləndən sonra kişi qeyrətə
gəldi, təmtəraqlı yas süfrəsi açdı, qəbirinin
üstündə bir dəstgah yaratdı ki, gəl görəsən....
Əlbəttə, bu da faktdır
ki, heç vaxt iki xalq bir-birinin tam eyni ola
bilməz, eyni dəyərləri paylaşa bilməz. Hər xalqın öz qayda-qanunları, öz adət-ənənələri
var. Azərbaycan xalqının da tarixi köklərinə, əcdadları
tərəfindən yaradılmış milli-mənəvi dəyərlərinə
bağlılığı böyük amildir. Biz də bu böyük sərvəti zərərli
təsirlərdən göz bəbəyi kimi qorumaqla
yanaşı, şübhəsiz, dünyanın mütərəqqi
mənəvi dəyərlərindən istifadə edərək,
bu sahədə daha da zənginləşməli, gənc nəsli
daha sağlam, saf əhval-ruhiyyədə tərbiyələndirməliyik.
Azərbaycan Prezidenti İlham Əliyev BDU-nun yubiley mərasimindəki
çıxışında da bu amili önə çəkir:
“Qloballaşma təbii prosesdir və yəqin ki, bu proses müəyyən
düzəlişlərlə davam edəcəkdir. Xüsusilə, belə olan halda milli dəyərlərə
önəm vermək, gənc nəsli milli dəyərlər əsasında
tərbiyə etmək xüsusi əhəmiyyət
daşıyır. Mən çox şadam
ki, Azərbaycanda milli ənənələr güclənir,
möhkəmlənir və bu prosesləri daha da sürətləndirmək
üçün kompleks tədbirlər görülməlidir”.
Azərbaycan
xalqında milli ruh həmişə yüksək olmuşdur. Bu amil, habelə
dövlət başçısının həmin məsələni
daim diqqətdə saxlaması ümid etməyə əsas
verir ki, Azərbaycan dünyanı cənginə almış
maliyyə böhranından uğurla
çıxdığı kimi, qloballaşma prosesindən də
elə bir ziyan görməyəcəkdir. Digər tərəfdən
qloballaşma və qərbləşmə mərhələsini
uğurla keçən Yaponiyanın, Cənubi-Şərqi
Asiya ölkələrinin təcrübəsi də bizə
örnək ola bilər. Məsələn,
Yaponiya bu prosesi “Qərb texnologiyası və yapon ruhu” prinsipi
ilə adlamış və böyük fayda
götürmüşdür. Lazım gəlsə, elə
bu təcrübədən də bəhrələnmək olar:
“Qərb texnologiyaysı və Azərbaycan ruhu”. Pis səslənmir,
deyilmi!
Qüdrət PİRİYEV,
Məqalə Azərbaycan Respublikasının
Prezidenti yanında Kütləvi İnformasiya
Vasitələrinin İnkişafına Dövlət Dəstəyi
Fondunun keçirdiyi müsabiqəyə təqdim olunur.
Xalq qəzeti.- 2010.- 25 fevral.- S. 4.