Xocalı soyqırımı erməni faşizminin bariz nümunəsidir

 

Müsahibimiz Milli Məclisin deputatı Elman Məmmədovdur.

 

                     Elman müəllim, tarixdə analoqu olmayan Xocalı soyqırımının törədilməsindən artıq 18 il ötür. Lakin bu faciə indi də hər bir azərbaycanlının ürəyini ağrıdır. Siz hadisələrin içərisində olan şəxs kimi o illəri necə xatırlayırsınız?

                      

— 1988-ci ildən başlayan Dağlıq Qarabağ münaqişəsi artıq 1991-ci ilin payızından müharibəyə çevrilmişdi. Ermənistan Azərbaycana qarşı elan olunmamış müharibə aparırdı. Etiraf edək ki, Azərbaycan bu müharibəyə hazır deyildi. Dağlıq Qarabağda yaşayan azərbaycanlılar Ermənistanın başladığı müharibəyə kənd-kənd, qəsəbə-qəsəbə, şəhər-şəhər cavab verirdi. Onu da qeyd edim ki, Xocalı şəhəri dörd il mühasirə şəraitində idi. Ancaq bu mühasirə 1991-ci il noyabr ayının 1-dən etibarən artıq tam xarakter aldı. Yəni, ermənilər həmin vaxta qədər Xocalının mühasirəsini ört-basdır etsələr də, dediyim vaxtdan açıq şəkildə təcavüzə başladılar. Xocalının ətraf rayonlarla və Bakı ilə bütün əlaqələri kəsildi. Yalnız vertolyot, telefon və hava telefonu vasitəsi ilə əlaqə yaratmaq mümkün idi. Dörd ay Xocalı tam mühasirə şəraitində qaldı. Ağdamla Xocalının arasında 10 erməni kəndi yerləşirdi. Xocalılar mühasirədən çıxıb Ağdama getmək üçün mütləq erməni kəndlərindən keçməli idilər. Noyabrın 1-dən Əsgəran qalası bağlandı və Ağdama getmək də mümkün olmadı. Bununla da Xocalı tamamilə mühasirədə qaldı.

— Mühasirədən çıxmaq üçün yollar axtarmırdınızmı?

— Qeyd edim ki, ermənilərlə qüvvələr nisbəti həddindən artıq qeyri-bərabər idi. Xocalının müdafiəsində bir nəfər də olsun hərbçi iştirak etmirdi. Şəhərin müdafiəçiləri sırf mülki şəxslərdən — xocalılardan ibarət idi. Kənardan cəmi 16 nəfər döyüşçü var idi. Onlar da Milli Qəhrəman mərhum Aqil Quliyevin rəhbərliyi ilə köməyə gələnlər idi. Qalan müdafiəçilər yerli sakinlər idi. Özümüz öz ev-eşiyimizin, torpağımızın müdafiəsinə qalxmışdıq. Bizə qarşı vuruşan düşmən qüvvələrin böyük hissəsi Ermənistandan göndərilmiş silahlı birləşmələr, ordu hissələri formasında Xankəndində dislokasiya olunmuş Sovet ordusuna məxsus 366-cı motoatıcı alay idi. Burada 4 batalyon birləşirdi. Min nəfərdən çox şəxsi heyət vardı. Onlar ən müasir silahlarla, hərbi texnika ilə silahlanmışdılar. Bundan başqa, Xocalının ətrafındakı erməni kəndlərində yaradılmış yerli özünümüdafiə batalyonları da hücuma hazır vəziyyətdə dayanmışdılar. Bunlarla bərabər xarici ölkələrdə fəaliyyət göstərən erməni terror təşkilatlarının təlim görmüş muzdluları da Xocalı üzərinə hücuma gəlirdilər. Təxminən 200 nəfərlik Xocalı müdafiəçilərinə qarşı 5 min nəfərə qədər təpədən dırnağadək silahlanmış mütəşəkkil bir ordu. Onların tabeçiliyində 40-a qədər tank, çoxlu sayda zirehli maşın, reaktiv qurğular, toplar, minaatanlar və digər müasir silahlar var idi. Xocalıların silahları isə avtomat, “Makarov” tipli tapança, 4 ədəd əl pulemyotu 2 qranatatan və ov tüfənglərindən ibarət idi.

— Siz Xocalının rəhbəri kimi yaranmış ağır vəziyyət, gözlənilən dəhşətli faciə barəsində məlumat verirdinizmi?

— Təkcə mən yox, Xocalı ziyalıları, ağsaqqalları, bütün əhali Bakıya, ölkə rəhbərliyinə saysız-hesabsız müraciətlər göndərirdik. Bu müraciətlər ölkə rəhbərliyinə ölümlə üz-üzə qalmış xocalıların yalvarışları, xahişləri və tələbləri idi. Bildirirdik ki, biz hər an kütləvi qırğına məruz qala bilərik. Bu məsələni belə qoymuşduq ki, son damla qanımıza qədər Xocalının müdafiəsi uğrunda vuruşacağıq və şəhəri tərk etməyəcəyik. Xahişimiz, tələbimiz bundan ibarət idi ki, Əsgəran yolu açılsın, dinc əhali, qadınlar, uşaqlar, körpələr, xəstələr, qocalar şəhərdən çıxarılsın, əvəzində Xocalıya hərbi qüvvə gətirilsin. Şərt qoymuşduq ki, əgər bunu edə bilmirsinizsə, daha doğrusu, etmək istəmirsinizsə, mülki vertolyotlar vasitəsi ilə Xocalıdan dinc əhalinin çıxarılmasını təşkil edin. Əgər mülki vertolyotlarla bunu edə bilmirsinizsə, Gəncə şəhərindəki 18-ci diviziyaya məxsus böyük vertolyot eskadiriyası vasitəsi ilə bunu edin. Bundan ötrü ölkənin prezidenti, müdafiə naziri, digər yüksək vəzifəli şəxsləri fəaliyyət göstərməli, 18-ci diviziyanın komandiri ilə danışıqlar aparmalı idilər. Bu yollarla Xocalı faciəsinin qarşısını ala bilərdilər, günahsız insanlar vəhşicəsinə qətlə yetirilməzdi.

— Bəs niyə harayınızı eşidən olmadı, ölkə rəhbərliyi çoxsaylı müraciətlərinizi qulaqardına vurdu?

— Bunun əsas səbəbi həmin vaxt Bakıda hakimiyyət davası, daxili didişmə idi. İqtidarda olanlarla hakimiyyəti ələ almaq istəyənlər arasında qızğın mübarizə gedirdi. Hakimiyyət hərisliyi Xocalını yaddan çıxartdırmışdı. Prezidentin başı hakimiyyəti əlində saxlamaq davasına qarışmışdı. İnsanların taleyi, torpaqlarımızın müdafiəsi demək olar ki, tamamilə unudulmuşdu. Bu, məsələnin bir tərəfi idi. Digər tərəfdən rəhbər olan şəxsdə qətiyyət, cəsarət, vətənpərvərlik, qeyrət olmalıdır ki, öz xalqını qoruya bilsin. Bunlar isə ölkənin o vaxtkı rəhbərliyində təmsil olunanlarda yox idi. Nümunə göstərmək, əsl vətənpərvərlik nümayiş etdirmək lazım idi. Xalqını, millətini sevməyi təsdiqləmək məqamı idi. Ancaq bacarmadılar. Belə bir vaxtda Heydər Əliyev qətiyyəti, uzaqgörənliyi, cəsarəti lazım idi. Əgər o dövrdə hakimiyyətdə Heydər Əliyev olsaydı, təbii ki, nə torpaqlarımız işğal olunardı, nə də Xocalı faciəsi baş verərdi. Heydər Əliyev hakimiyyətə gəldikdən sonra özünün bütün həyat və fəaliyyəti ilə göstərdi ki, Vətəni, xalqı, torpağı üçün hər an canından keçməyə hazırdır. Ancaq o dövrdəki hakimiyyət buna hazır deyildilər. Ona görə də torpağımızı, soydaşlarımızı qoruya bilmədilər.

— Bunun da nəticəsində Xocalı soyqırımı törədildi və çoxlu sayda günahsız insanlar vəhşicəsinə qətlə yetirildi, itkin düşdü, yaralandı, əsir götürüldü...

— Xocalı soyqırımı dünyada analoqu olmayan ən dəhşətli faciədir. Bu soyqırımda 613 dinc Xocalı sakini qətlə yetirildi. Şəhidlərin tərkibinə diqqət yetirin. Onlardan 106 nəfəri qadın, 63 nəfəri 1 günlükdən 18 yaşına qədər olan uşaqlar, 70 nəfərdən çoxu ahıllardır. Min nəfərdən çox xocalılı əsir, itkin, girov düşdü. 1132 nəfər Xocalı sakininin taleyi bu günə qədər məlum deyil. Min nəfərə qədər müharibə əlili var. Bəzən deyirlər ki, müharibədə on minlərlə adam həlak olur. Ancaq gəlin bir fakta diqqət yetirək. Bütün bu itkilər cəmi 7-8 saat ərzində baş verib. Siz düşmənin amansızlığına, qəddarlığına baxın. 7-8 saat ərzində 7 min nəfər əhalisi olan bir şəhər yer üzündən silinir, yaşından, cinsindən asılı olmayaraq, şəhərin bütün sakinlərinə amansız divan tutulur. Bu dəhşətli hadisəni ancaq erməni faşizmi törədə bilərdi.

— Baş vermiş bu qanlı faciənin soyqırımı kimi tanınması, dünya ictimaiyyətinə ətraflı məlumat verilməsi istiqamətində hansı işlər görülüb?

— Xocalıda baş verən qətliam özünün bütün parametrləri, xüsusiyyətləri və göstəriciləri ilə soyqırımıdır. Ona görə də beynəlxalq aləmdə soyqırımı kimi tanınmalıdır. Bu barədə təkcə yerli kütləvi informasiya vasitələri nümayəndələri, ziyalıları ictimai-siyasi xadimləri deyil, dünyanın əksər siyasiləri, mətbuat nümayəndələri, dövlət rəsmləri də məlumatlıdırlar. Hətta nüfuzlu beynəlxalq təşkilatların hamısı Xocalı soyqırımı barədə ətraflı bilgiyə malik idilər. Lakin çox təəssüf ki, hələ də bir sıra beynəlxalq təşkilatlar ikili standartlar nümayiş etdirmələrindən əl çəkmirlər. Belələri əsl həqiqətləri, Ermənistanın ölkəmizə qarşı təcavüzünü, işğalçılıq siyasətindən əl çəkməməsini, torpaqlarımızın 20 faizini hələ də işğal altında saxladıqlarını, bunun da nəticəsində bir milyondan artıq soydaşımızın qaçqın və məcbur köçkün kimi yaşadıqlarını görmək istəmirlər. Xocalıda törədilən bu soyqırımı təkcə Azərbaycana qarşı yox, bütün bəşəriyyətə qarşı törədilmiş cinayətdir, vəhşilikdir. İkili standartlar nümayiş etdirənlər fikirləşməlidirlər ki, bu amansızlıq, vəhşilik bir vaxt onlara, övladlarına qarşı da törədilə bilər. O zaman onlar da Azərbaycandan imdad diləyə bilərlər. Necə ki, 2001-ci ildə ABŞ-da baş verən terror hadisəsi zamanı ilk olaraq Azərbaycan antiterror kampaniyasına qoşularaq onların səsinə səs verdi.

Biz bu faciənin beynəlxalq aləmdə soyqırımı kimi tanınması üçün təbliğatımızı daha da gücləndirməliyik. Söz yox ki, bu vaxta qədər çox işlər görülüb, buna baxmayaraq, bu sahədə fəaliyyətimizi yorulmadan davam etdirməliyik. Fikir verin, ermənilər özləri soyqırımı törətdikləri halda, az qala bütün dünyada özlərini soyqırımına məruz qalan ölkə kimi tanıtmaq istəyirlər. Biz isə niyə əsl həqiqətləri dünya ictimaiyyətinə çatdırmayaq? Bu işdə hamı, müxtəlif ölkələrdə fəaliyyət göstərən diasporlar yüksək fəallıq göstərməlidir. Onu da qeyd edim ki, bizim xarici ölkələrdəki diplomatik nümayəndəliklərimiz, diasporlarımız, ictimai birliklərimiz çox güclü iş aparır, böyük əhəmiyyətə malik çoxsaylı tədbirlər keçirirlər. Çox təqdirəlayiq haldır ki, hansı ölkədə tədbir keçirilirsə, o dövlətin kütləvi informasiya vasitələrinin nümayəndələri, ictimai-siyasi xadimləri, ziyalıları və dövlət rəsmləri də həmin tədbirə cəlb edilirlər. Bu tədbirlərin il boyu mütəmadi keçirilməsi də təqdirəlayiqdir. Qeyd etmək istəyirəm ki, xarici ölkələrdə keçirilən belə əhəmiyyətli tədbirlərin, təbliğat kampaniyalarının təşkili möhtərən Prezidentimiz İlham Əliyevin uzaqgörən, düşünülmüş xarici siyasətinin nəticəsidir. Bu sahədə ən ağır yük onun üzərinə düşür. Biz də öz vətəndaşlıq borcumuzu yerinə yetirərək dövlət başçımızın apardığı siyasətə dəstək verməliyik. Mən Azərbaycan həqiqətləri, ermənilərin ölkəmizdə törətdikləri terror aktları, soyqırımları barədə dünya ictimaiyyətinə müfəssəl məlumatlar verilməsi barədə Heydər Əliyev Fondunun, şəxsən fondun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın fəaliyyətini xüsusi qeyd etmək istərdim. Dağlıq Qarabağ münaqişəsinin yaranması, Xocalı soyqırımının törədilməsi və digər faciələrlə əlaqədar çoxlu sayda əyani vəsaitlər, videolentlər, kitablar, fotolar hazırlanıb. Biz xarici ölkələrə səfərlərimiz zamanı bunlardan çox faydalanırıq. Bundan başqa Heydər Əliyev Fondu dünya miqyasında çox böyük əhəmiyyətə malik tədbirlər keçirir.

Bir faktı da qeyd etmək vacibdir. 2009-cu ilin fevral ayından “Xocalıya ədalət” kampaniyası start götürüb. Bu kampaniyaya Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəsi Leyla xanım Əliyeva rəhbərlik edir. Beynəlxalq aləmdə yüksək səviyyədə keçirilən bu tədbir dünyada böyük əks-səda doğurub. Belə tədbirlər ermənilərin azərbaycanlılara qarşı törətdikləri dəhşətli cinayətlər barəsində dünya ictimaiyyətinə çox müfəssəl məlumatlar çatdırır.

Mən istərdim ki, Bakının ən yüksəkliyində soyqırımı muzeyi yaradılsın. Çünki orada “Şəhidlər Xiyabanı” salınıb. Türk şəhidlərinin məzarları da orada yerləşir. Ölkəmizə gələn qonaqlar buranı ziyarət edərkən erməni vandalizminin törətdikləri soyqırımını bir daha görsünlər.

 

 

Müsahibəni qələmə aldı: Əliqismət BƏDƏLOV

 

Xalq qəzeti.- 2010.- 25 fevral.- S. 3.