Dövlət İdarəçilik
Akademiyasında Xocalı
faciəsi anılmışdır
Fevralın 24-də Azərbaycan Respublikasının
Prezidenti yanında Dövlət İdarəçilik
Akademiyasında Xocalı soyqırımı
qurbanlarının xatirəsinə həsr olunmuş mərasim
keçirilmişdir. Əvvəlcə soyqırımı qurbanlarının
xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Yığıncağı
akademiyanın rektoru, əməkdar elm xadimi, professor Seyfəddin
Qəndilov açaraq, tariximizin salnaməsinə qara səhifə
kimi düşmüş bu faciəni təfərrüatı
ilə açıqlamış, erməni
separatçılarının, terrorçu dəstələrinin
əsrlər boyu “Böyük Ermənistan” yaratmaq
xülyası ilə xalqımıza qarşı daim
apardıqları təxribatları qeyd edərək,
Xocalıda vəhşicəsinə həyata keçirilən,
tarixdə analoqu olmayan bu hadisədən danışdı. Yalnız
ümummilli liderimiz Heydər Əliyev hakimiyyətə
qayıtdıqdan sonra başımıza gətirilən fəlakətlərin
beynəlxalq təşkilatlara, dünya ictimaiyyətinə
çatdırılması yönündə görülən
işləri xatırlatmışdır. Rektor dünya azərbaycanlılarının
haqq səsimizin bütün dünyaya
çatdırılmasının zəruriliyini
vurğulamış, həmvətənlərimizin bu yöndə
səfərbər olaraq gördüyü işlərin əhəmiyyətini
diqqətə çatdırmışdır. Həmçinin
torpaqlarımızın azad olunması istiqamətində
möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ətrafında
xalqımızın sıx birləşməsinin vacibliyini
qeyd etmişdir.
S.Qəndilov qeyd etdi ki,
Xocalı soyqırımı barədə dünya ictimaiyyətinə
dolğun məlumatlar verilməsində Heydər Əliyev
Fondunun, şəxsən fondun prezidenti, YUNESKO və
İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin
deputatı Mehriban xanım Əliyevanın fəaliyyəti
yüksək qiymətə layiqdir. Heydər Əliyev Fondunun
Rusiya Federasiyası üzrə nümayəndəsi Leyla
xanım Əliyevanın rəhbərliyi ilə aparılan
“Xocalıya ədalət” kampaniyası beynəlxalq aləmdə
böyük rezonans doğurmuşdur.
Rektor diqqətə
çatdırdı ki, Xocalı soyqrımına beynəlxalq
aləmdə hüquqi-siyasi qiymət verilməlidir.
Sonra DİA-nın
YUNESKO və Gənclərin Dostluq Əlaqələndirmə Mərkəzinin
birgə fəaliyyəti ilə yaradılan www.Qarabaq.ws
saytının Xocalı bölməsi nümayiş etdirildi.
Milli Məclisin
deputatları Elman Məmmədov və Həvva Məmmədova
erməni quldurlarının azərbaycanlılara qarşı
törətdikləri soyqırımından
danışdılar.
Sonda incəsənət
xadimi, əməkdar artist Ağalar Bayramovun və akademiya tələbələrinin
iştirakı ilə faciə qurbanlarının xatirəsinə
həsr olunmuş ədəbi-bədii kompozisiya göstərilmişdir.
Əliqismət BƏDƏLOV
Xalq qəzeti.- 2010.- 25 fevral.- S. 3.