Nizami rayonunda Xocalı faciəsinin ildönümü qeyd olunmuşdur

 

Bəşər tarixinin ən qanlı hadisələrindən sayılan Xocalı qətliamından 18 il ötür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni qaniçənləri keçmiş sovet ordusunun tör-töküntülərindən təşkil olunmuş 366-cı motoatıcı alayının köməyi ilə Azərbaycanın ən qədim yaşayış məntəqələrindən sayılan Xocalı şəhərini yerlə yeksan etdilər. Heç bir insanlığa sığmayan bu amansız soyqırımı hadisəsi, ağır cinayət aktı nəticəsində 613 nəfər günahsız soydaşımız xüsusi qəddarlıqla qətlə yetirildi. Neçə-neçə əliyalın, köməksiz insan ağır yaralandı, itkin düşənlər oldu. Ermənilərin Xocalıda törətdikləri vəhşiliklər, qətliamlar xalqımıza qarşı əvvəlcədən planlaşdırılmış soyqırımı siyasəti olmaqla yanaşı, həm də bəşəriyyətə, insanlığa yönəldilmiş ağır cinayət, vandalizm aktı idi.

 

Uzun illər keçməsinə baxmayaraq, bu bəşəri cinayət dünya birliyi tərəfindən öz həqiqi qiymətini hələ də almamışdır. Bununla belə, xalqımız o müdhiş olayı hər il böyük ürək ağrısı ilə qeyd edir, faciə qurbanlarının əziz xatirəsi elliklə anılır. Dünən paytaxtın Nizami rayonunda da Xocalı şəhidlərinin xatirəsinə həsr olunmuş anım mərasimi keçirildi. Tədbirin keçirildiyi yerdə Xocalı faciəsini əks etdirən rəsm əsərlərindən ibarət fotoguşə yaradılmış, matəm şamları yandırılmışdı. Nizami Rayon İcra hakimiyyətinin başçısı Tahir Budaqov Xocalı ağrısını, Xocalı niskilini tabloya köçürən rayon məktəblilərinin əl işlərindən ibarət sərgi ilə tanış oldu.

Tədbir Xocalı şəhidlərinin xatirəsini bir dəqiqəlik sükutla yad olunması ilə davam etdirildi.

Nizami rayon uşaq-gənclər yaradıcılıq məktəbinin dərnək üzvləri “Xocalının qisası yerdə qalmayacaq” adlı ədəbi-bədii kompozisiya ilə çıxış etdilər. Qəlbləri riqqətə gətirən bu kompozisiya mərasim iştirakçılarında kövrək hisslər oyatdı.

Xocalı sakinləri adından çıxış edən jurnalist Səriyyə Müslümqızı və Xocalı Rayon İcra Hakimiyyətinin şöbə müdiri Ramilə Xudayarova erməni quldurları və onların havadarları tərəfindən xalqımıza qarşı törədilmiş qanlı aksiya – soyqırımı siyasətinin tərkib hissəsi olan Xocalı faciəsinin ağrı-acılarından söhbət açdılar. Erməni vandalizminin nəticəsi olaraq didərgin, köçkünlük həyatı yaşayan xocalılara göstərilən doğma münasibətə, diqqət və qayğıya görə Nizami Rayon İcra Hakimiyyətinin rəhbərliyinə şəhid şəhəri – Xocalı sakinləri adından minnətdarlıq ifadə olundu. Dövlət başçısı, Ali Baş Komandan İlham Əliyevin apardığı uğurlu xarici siyasətin nəticəsi olaraq bütün məcburi köçkünlərin, o cümlədən də xocalıların tezliklə doğma yurdlarına qayıdacaqları əminliklə vurğulandı.

Anım mərasimində çıxış edən Nizami Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov bu amansız qətliamın ildönümü ilə bağlı keçirilən tədbirdə iştirak edən Xocalı sakinlərinə dərin hüznlə başsağlığı verdi. XX əsrin ən amansız, dəhşətli hadisələrindən sayılan Xocalı faciəsinə vaxtında lazımi hüquqi-siyasi qiymət verilmədiyindən təəssüfləndiyini bildirən natiq ötən illər ərzində xalqımızın başına gətirilən müsibətlərə, bəlalara görə erməni qaniçənlərinin və onların havadarlarının gec-tez ədalət məhkəməsi qarşısında cavab verəcəklərini vurğuladı. T.Budaqov bu gün ölkəmizin müxtəlif yerlərində, o cümlədən paytaxtın Nizami rayonunda məskunlaşmış xocalıların o müdhiş gecənin ağrı-acılarına, iztirablarına baxmayaraq, öz ləyaqətini, məğrurluğunu qoruyub saxladıqlarını xalqımıza xas nəcib keyfiyyət kimi dəyərləndirdi. Dünya birliyinin xalqımızın Qarabağ dərdinə, Xocalı faciəsinə hələ də ikili standartlar mövqeyindən yanaşmaqda davam etdiyindən təəssüfləndiyini dilə gətirən natiq bunun tarixi ədalətsizliyin əsl mahiyyətini üzə çıxarmağa maneçilik törətdiyini bildirdi. Qeyd olundu ki, bütün bunlara baxmayaraq, Prezident, Ali Baş Komandan İlham Əliyevin apardığı məqsədyönlü fəaliyyət, gərgin danışıqlar Azərbaycanın haqq səsinin bütün dünya birliyinə daha gur səslə çatdırılmasına imkan verir. Məhz buna görə də xalqımıza qarşı yol verilmiş bütün tarixi cinayətlər, ədalətsizliklər kimi Xocalı faciəsi də gec-tez öz həqiqi qiymətini alacaq, günahkarlar cəzalarına çatacaqlar.

Tədbirdə Xocalı şəhidlərinin əziz xatirəsinə ehtiram əlaməti olaraq ehsan süfrəsi açıldı. Axırda Nizami rayonunda məskunlaşmış Xocalı sakinlərinə rayon icra hakimiyyəti tərəfindən maddi yardım edildi.

 

       

Mirbağır YAQUBZADƏ

 

Xalq qəzeti.- 2010.- 25 fevral.- S. 2.