Şəki: Qədim diyarın bu
günü...
Şəki haqqında çox
yazmışıq, onun bənzərsiz təbiəti, mehriban,
qonaqpərvər insanları haqqında çox
danışmışıq. Qədim tarixi ənənələrə
malik olan bu diyar həmişə adamı özünə
çəkib, ovsunlayıb. Burada hər daşın, hər
ağacın öz tarixi, öz yaddaşı var. Dindirsən
sənə min illərdən süzülüb gələn elə
qiymətli faktlar danışarlar ki...
Nə deyim, nə danışım. Şəki başdan-başa tarixdir. Rayon icra hakimiyyəti başçısının müavini Zərinə xanım Cavadova ilə bu barədə o qədər söhbətlərimiz olub ki... Tarix elmləri namizədi olan Zərinə xanım doğulub, boya-başa çatdığı bu torpaq haqqında elə maraqla, səmimiyyətlə danışır ki, istər-istəməz Vətənin bu bir parçası ilə fəxr edirsən. Yadıma əziz müəllimim, əslən Şəkidən olan Şirməmməd Hüseynovun sözləri düşür: “Oğul, insanda birinci növbədə Vətən, torpaq namusu olmalıdır”. Və Zərinə xanım danışdıqca həmişə belə düşünmüşəm. Görəsən hamı onun kimi öz doğma yurdunu sevsəydi dünya dağılmazdı ki...
Keçən ilin sonunda xoş bir xəbər eşitdim. Respublika mədəniyyət və turizm nazirliyi Şəkini Azərbaycanın sənətkarlıq paytaxtı elan edib. Sevindirici faktdır. Demək bu il Şəkidə hələ çox tədbirlərin şahidi olacağıq. Demək Şəki, onun sənətkarları haqqında hələ çox yazmaq lazım gələcək. Demək Şəki hələ neçə-neçə uğurlara imza atacaq. Amma bu gələcəyin işidir. Bu yaxınlarda keçirilən hesabat yığıncağında isə şəhər icra hakimiyyətinin başçısı Nazim İbrahimov 2009-cu ildə əldə olunan uğurlardan danışdı.
Bildirdi ki, “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”ndan irəli gələn vəzifələr bütün bölgələr kimi Şəkidə də hərtərəfli inkişafa təkan verib. Həmişə geniş iqtisadi imkanları və bu imkanlardan səmərəli istifadə təcrübəsi ilə fərqlənən rayonda ənənə keçən ildə də uğurla davam etdirilib. Bu gün Şəkidə sənaye əsasən toxuculuq, tütün emalı, qida məhsulları istehsalı kimi sahələrlə təmsil olunur. Yeni istehsal sahələrinin yaradılması, o cümlədən tikinti materialları istehsal edən müəssisələrin şəbəkəsinin genişləndirilməsi, mövcud müəssisələrin imkanlarından maksimum istifadə edilməsi hesabına iqtisadiyyatda sənayenin payının artırılması prioritet vəzifə hesab olunur.
2009-cu ildə Şəkidə dövlət əmlakının özəlləşdirilməsi, dövlət müəssisələrinin icarəyə verilməsi, investisiya qoyuluşu və digər sahələrdə konkret tədbirlər həyata keçirilib. Bu baxımdan Azərbaycan İnvestisiya Şirkəti və AŞB-ın Beynəlxalq İnkişaf Agentliyinin birgə təşkilatçılığı ilə keçirilən “Şəki İnvestisiya Konfransı”nın mühüm əhəmiyyəti vardır.
Konfransda Şəki-Zaqatala bölgəsi rayonlarının yerli iş adamları, xammal təchizatçıları, habelə Azərbaycan İnvestisiya Şirkəti, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi, Xəzər Beynəlxalq İnvestisiya Şirkəti və Beynəlxalq Maliyyə Korporasiyasının nümayəndələri iştirak ediblər. Konfransın əsas məqsədi ölkə iqtisadiyyatının qeyri-neft sektoruna yerli və xarici investisiyaların birbaşa cəlb olunmasına və müxtəlif layihələrin birgə maliyyələşdirilməsinə dəstək vermək idi. Konfransda həmçinin ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi tərəfindən maliyyələşdirilən “Özəl Sektorun Rəqabətliliyinin Gücləndirilməsi Proqramı” layihəsinin təqdimatı keçirilib. Konfransdan sonra Şəkidə iqtisadiyyatın ayrı-ayrı sahələrinə yerli və xarici investorların cəlb olunması məqsədilə Azərbaycan İnvestisiya Şirkətinə konkret təkliflərlə müraciət edilib.
İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Şəki şəhərində Şəki-Zaqatala iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlar üçün “Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi” mövzusunda növbəti tədbir keçirib. Tədbir çərçivəsində 7 müvəkkil kredit təşkilatı vasitəsilə regionda fəaliyyət göstərən 110 sahibkara 1 milyon manatadək güzəştli kreditlər verilib, həmçinin bölgə sahibkarları üçün təqdim edilən investisiya layihələrinin hazırlanması və qiymətləndirilməsi mövzusunda treninq keçirilib.
Mənə belə gəlir ki, 2009-cu ilin sosial-iqtisadi inkişafının yekunlarını müzakirə edərkən konkret faktlara nəzər salsaq daha yaxşı olar. Belə ki, 2009-cu ildə rayonda faktiki qiymətlərlə 217607,5 min manatlıq məhsul buraxılıb ki, bu da 2008-ci illə müqayisədə 104,6 faiz çoxdur. Buraxılan məhsulun 14 faizi dövlət, 86 faizi isə qeyri-dövlət bölməsinin payına düşür. Hazırda Şəkidə 39 sənaye müəssisəsi fəaliyyət göstərir ki, bunların da 15-i kiçik müəssisədir. 2009-cu ildə pərakəndə əmtəə dövriyyəsi 190187,3 min manat, əhaliyə göstərilən pullu xidmətlərin həcmi isə 40873,4 min manat olub.
Ötən il Şəkidə 983 yeni iş yeri açılıb ki, bunun da 421-i daimidir.
Ötən illərdə olduğu kimi 2009-cu ildə də kənd təsərrüfatının mövcud sahələrinin müasir elmi nailiyyətlər əsasında inkişaf etdirilməsi, məhsul istehsalının artırılması, özəl bölmənin daha da genişləndirilməsi diqqət mərkəzində saxlanılıb, ərzaq təhlükəsizliyi məsələlərinin prioritet əhəmiyyətə malik olduğu nəzərə alınaraq rayonda aqrar sahənin inkişafı üçün bütün zəruri tədbirlər görülüb. Taxılçılığın, üzümçülüyün, meyvəçiliyin inkişafına diqqət artırılıb.
2009-cu ildə respublikamızın ən iri taxılçılıq rayonlarından biri olan Şəkinin fermer təsərrüfatlarında cari ilin məhsulu üçün rekord miqdarda 86433 hektarda payızlıq taxıl əkilib. Əvvəlki illə müqayisədə rayonda taxıl əkini sahələri 18,8 min hektar artıb. Taxıl istehsalçılarına Şəki aqroservis filialı vasitəsilə 50 faiz güzəştlə 1313 tondan artıq azot gübrəsi verilib. Nazirlər Kabinetinin “Buğda istehsalçılarının maddi marağının artırılması və buğda istehsalının stimullaşdırılması ilə bağlı tədbirlər haqqında” qərarı buğda əkininə marağı daha da artırıb. Bunun nəticəsidir ki, son iki ildə buğda əkini sahələri əvvəlki illərlə müqayisədə 2,5 dəfə, o cümlədən cari ildə 42 faiz artıb. 2009-cu ildə Şəkidə 218 min ton taxıl istehsal olunub.
Üzümçülüyün və meyvəçiliyin inkişaf etdirilməsinə də xüsusi diqqət göstərilib. 330 hektar bar verən üzüm bağlarında il boyu ardıcıl aqrotexniki qulluq işləri aparılıb və 3551 ton süfrə və texniki sortlu üzüm məhsulu istehsal olunub. Yaz və payız mövsümündə 4 hektar texniki və 2,5 hektar sahədə süfrə sortlu yeni üzüm bağları salınıb. Çələbixan qəsəbəsi yaxınlığında inşa edilən şərab zavodunun fəaliyyətə başlaması rayonda üzümçülüyün inkişafına əsaslı təkan verib.
Sonra Nazim İbrahimov Şəkidə görülən abadlıq, tikinti quruculuq işlərindən danışdı. Bildirdi ki, küçə və xiyabanların, prospektlərin, həmçinin yerli əhəmiyyətli yolların abadlaşdırılması diqqətdə saxlanılıb. A.Şaiq, M.Qorki, Nakam, Ağvanlar, F.X.Xoyski küçələrinə, Marxal istirahət zonasına gedən yola asfalt beton örtük tökülüb, Qoxmuq körpüsü yaxınlığında, “Güyümlər” adlanan ərazidə, S.Mümtaz, 20 Yanvar, Əzizbəyov, Oğuz şosesi ilə N.Nərimanov küçəsinin kəsişməsində əsaslı təmir işləri aparılıb, Heydər Əliyev prospektində səki kənarlarının milli memarlıq üslubunda yenidən qurulmasına başlanılıb, bir sıra ictimai binaların dam örtükləri əsaslı şəkildə təmir edilib.
Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Şəki Regional Şöbəsi üçün inşa edilən yeni inzibati binanın açılışı olub. Baş Zəyzid və Cəfərabad kəndlərində yeni körpülər istifadəyə verilib. Zəyzid çayının üzərində salınan Vərəzət və Baş Zəyzid kəndlərini birləşdirən 3 aşırımlı yeni körpünün uzunluğu 48 metr, eni 8 metr, Cəfərabad kəndində Dəhnə çayı üzərindəki körpünün uzunluğu 36 metr, eni 7 metrdir.
3500 yerlik şəhər stadionu əsaslı təmir edilib, qarışıq tipli penitensiar müəssisənin, Şin çayı üzərində ümumi uzunluğu 1350 metr olan körpünün tikintisi davam etdirilib, Şəhər Arxiv İdarəsi üçün inşa olunan yeni binada tikinti işləri başa çatdırılıb.
Yığıncaqda Şəki şəhərinin su təchizatının yaxşılaşdırılması, kanalizasiya sisteminin yenidən qurulması məqsədilə Azərbaycan və Almaniya Federativ Respublikası arasında maliyyə əməkdaşlığı çərçivəsində texniki-iqtisadi layihənin həyata keçirilməsindən də danışıldı. Layihəyə əsasən Kiş və Qurcana çaylarındakı su mənbələrində drenaj şəbəkələri quraşdırılıb. Qurğular işə salındıqdan sonra Şəki şəhəri içməli su ilə fasiləsiz təmin olunacaqdır. Yenidənqurma işləri iki mərhələdə həyata keçiriləcək. 2010-cu ilin sonunda başa çatdırılması nəzərdə tutulan birinci mərhələdə şəhər əhalisinin 75 faizi içməli su, 70 faizi isə kanalizasiya sistemi ilə təmin ediləcəkdir.
Rayon əhalisinin fasiləsiz təbii qazla təchizatı və əhaliyə satılan qazın dəyərinin yığılması istiqamətində bir çox tədbirlər həyata keçirilib. Müddət ərzində Çələbixan qəsəbəsi, Daşüz, Çolaqlı, Təpəcənnət və Orta Zəyzid kəndləri təbii qazla təmin olunub, Qoxmuq, Oxud, Vərəzət və Çeşməli kəndlərinin qaz xətlərində təmir-bərpa işləri davam etdirilib. Gələcəkdə Şəki şəhərinin qaz təsərrüfatını yaxşılaşdırmaq məqsədilə 10 yeni layihə smeta sənədləri işlənib hazırlanıb ki, onların həyata keçməsi bununla bağlı bütün problemləri həll edəcəkdir.
Məruzəçi öz çıxışında təhsil sahəsində görülən işlərə də xüsusi yer ayırdı. Göstərdi ki, təhsil sisteminin tədrisi, təlim-tərbiyə prosesinin yüksək səviyyədə təşkili daim diqqət mərkəzində saxlanılıb.
Kiçik Dəhnə və Baş Göynük kəndlərinin hər birində 640, Dərəcənnət kəndində isə 220 şagird yerlik yeni məktəb binaları istifadəyə verilib, Aşağı Şabalıd kənd əsas məktəbində yeni sinif otaqları tikilib.
Qəbul imtahanlarında iştirak edən məzunlardan 542 nəfəri tələbə adını qazanıb. Onlardan 83 nəfəri 500-dən, 22 nəfəri isə 600 baldan yuxarı nəticə göstərib. Ölkə Prezidenti cənab İlham Əliyevin imzaladığı sərəncamlara əsasən Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialının direktoru Rafiq Rəsulova və Şəki şəhər təhsil şöbəsinin müdiri Firədun İbrahimova “Əməkdar müəllim” fəxri adı verilib, şəhər 20 saylı orta məktəbin müəllimi Rahim Həsənov isə “Tərəqqi” medalına layiq görülüb.
İcra başçısı hesabatında səhiyyə sahəsində qazanılan uğurları sadalamağı da unutmadı. Eyni zamanda həmin sahədə olan nöqsanları da qeyd etdi.
Şəkidə mədəni tədbirlərin keçirilməsinə gəlincə isə deməliyik ki, bununla bağlı Nazim İbrahimov xeyli fakt sadaladı. Həmin tədbirlərin əhəmiyyətindən danışdı. Biz isə onlardan yalnız birini deyəcəyik. Unudulmaz şairimiz Bəxtiyar Vahabzadənin doğulduğu torpaqda büstünün açılışı, həmin tədbirdə millət vəkilləri Nizami Cəfərov, Sabir Rüstəmxanlı, Aqil Abbas və xalq şairi Zəlimxan Yaqubun iştirakı uzun illər yaddaşlardan silinməyəcək. Gələcəkdə “Poeziya günü”nün ənənəvi xarakter alması və türk dünyasının tanınmış ədəbiyyat xadimlərinin Bəxtiyar Vahabzadənin doğum günündə keçiriləcək bu tədbirə dəvət edilmələri təklif olundu.
Sonra yığıncaqda Nazim İbrahimov gənclərlə iş, onlara göstərilən qayğı, keçirilən digər tədbirlər, qarşıda duran vəzifələr, problemlər və onların həlli yollarından danışdı. Bildirdi ki, görülməli işlər hələ çoxdur. Biz öz doğma Şəkimizin adını həmişə qürurla qorumalıyıq.
Səmimi, ürəkdən gələn sözlərdir, deyilmi? Qədim diyarın bu günü bax belədir. Gələcəyi lap yaxşı olacaq...
Yığıncağın işində Azərbaycan Respublikası Prezident Administrasiyasının məsul işçisi Məhərrəm Quliyev, Milli Məclisin deputatları Yaqub Mahmudov, Əli Məsimli və Məjlum Şükürov iştirak etdilər.
İlqar HƏSƏNOV,
“Xalq qəzeti”nin bölgə
müxbiri
Xalq qəzeti.- 2010.- 26 fevral.- S. 6.