Xocalı faciəsi bəşəriyyətə
qarşı yönəlmiş qanlı cinayətdir
1992-ci il fevralın 25-dən 26-na keçən gecə
Xocalıda yaşanan dəhşətli soyqırım
aktından 18 il ötür. Erməni faşizminin mənfur
xislətini tamamilə ifşa edən bu kütləvi və
amansız soyqırım aktı Azərbaycanın dövlət
müstəqilliyinə və ərazi bütövlüyünə
qarşı çevrilmiş terror siyasətinin təzahürü
olmaqla, təkcə azərbaycanlılara qarşı deyil,
bütövlükdə bəşəriyyətə və
insanlıq əleyhinə törədilmiş qəddar cinayətdir.
Beynəlxalq hüquq norma və prinsiplərinə məhəl
qoymayan azğınlaşmış erməni silahlı birləşmələri
Xocalıda bu soyqırımı törədərkən
doğma torpağını qəsbkarlara vermək istəməyən
Azərbaycan xalqını qorxutmaq, onun mübarizə əzmini
qırmaq və məhv etmək niyyətini güdmüşlər.
Tarixi faktlar təsdiqləyir
ki, “Dənizdən-dənizə Ermənistan” xülyası ilə
yaşayan ermənilər müəyyən xarici
havadarlarının köməyilə müxtəlif dönəmlərdə
azərbaycanlılara və türklərə qarşı
amansız terror və soyqırım siyasəti həyata
keçirmiş, etnik təmizləmə siyasəti
aparmışlar. Bir sıra dövlətlərin hakim dairələri
tərəfindən himayə olunan bu mənfur siyasət
Çar Rusiyası və Sovet hakimiyyəti dövründə
də ardıcıl şəkildə davam etdirilmiş,
SSRİ-nin süqutu prosesi azərbaycanlıların doğma
torpaqlarından qovulması, qaçqın və məcburi
köçkünə çevrilməsi, kütləvi
qırğınlarla müşaiyət olunmuşdur. Təcavüzkar
erməni millətçilərinin və sərsəm
“Böyük Ermənistan” ideoloqlarının etnik təmizləmə
və soyqırım siyasətinin nəticələrini
bütövlükdə iki milyon azərbaycanlı müxtəlif
vaxtlarda öz üzərində hiss etmişdir.
Xocalıda törədilmiş
amansız qətliam isə nəinki türk dünyasına,
bütövlükdə bəşəriyyətin mütərəqqi
dəyərlərinə, insanlığa və beynəlxalq
hüquq normalarına qarşı yönəlmiş genosid
aktı idi. Həmin gün azğınlaşmış erməni
quldur birləşmələri mənfur imperiyanın 366-cı
motoatıcı alayının bilavasitə iştirakı ilə
mühasirəyə aldıqları Xocalı şəhərinə
qarşı əvvəlcədən hazırladıqları məkrli
planı işə saldılar: 613 nəfər dinc azərbaycanlını,
o cümlədən 63 uşağı, 106 qadını, 70
qocanı bir neçə saatın içində milli zəmində
amansızlıqla qətlə yetirən, 487 nəfəri
ağır xəsarətlərə məruz qoyan, 1275 nəfəri
isə girov götürən ermənilər qaniçənlikdə
vaxtilə dünyanı lərzəyə salmış
faşizmi də geridə qoyduqlarını nümayiş
etdirdilər. Beynəlxalq humanitar hüquq normalarını,
insan hüquqları üzrə ən müxtəlif
konvensiyaları ayaq altına atan erməni hərbi birləşmələri
insanları qətlə yetirmək məqsədilə
insanlığa ləkə olan ən qəddar üsullara əl
atdılar. İstintaq materiallarından görünür ki, həmin
gecə qadınlar, uşaqlar, qocalar güllələnmiş,
insanların başlarının dərisi soyulmuş, müxtəlif
əzaları kəsilmiş, gözləri
çıxarılmış, hamilə qadınların
qarınları yarılmış, adamlar diri-diri torpağa
basdırılmış və ya yandırılmış,
meyitlər zorakılığa məruz qalmışlar.
Xocalıda mülki əhalinin
planlı şəkildə qətlə yetirilməsini
sübut edən çoxsaylı faktlardan biri də məhz
budur ki, həmin gün əhalinin zorakılıqdan
qaçıb qurtarmaq istəyən hissələri ərazidən
çıxış yollarında əvvəlcədən
xüsusi hazırlanmış pusqularda güllələnmişlər.
Xocalıdan çıxan əhalinin Naxçıvanik kəndi
ərazisində pulemyot, avtomat və başqa atıcı
silahlardan gülləbaran edilməsi faktı bunu bir daha təsdiqləyir.
Bütün bunlar ermənilərin 18 il öncə Xocalı
şəhərində törətdikləri qeyri-insani hərəkətlərin
kökündə məhz soyqırım niyyətinin
dayandığını aşkar surətdə üzə
çıxarır. Genosid cinayəti üçün
xüsusi niyyətin olması zəruri şərt
sayılır və bu dəhşətli akt hökmən
milli, etnik, irqi, dini qruplara qarşı yönəlməlidir. Hüquqi
baxımdan yanaşdıqda aydın görünür ki, erməni
silahlı birləşmələrinin çirkin niyyəti
Xocalı şəhərindəki azərbaycanlıları məhz
milli-dini zəmində son nəfərədək qətlə
yetirmək olmuşdur. Ermənilər beynəlxalq humanitar
hüquqda yolverilməz sayılan soyqırım cinayətinə
şüurlu, məqsədli şəkildə, bilərəkdən
əl atmış, misli görünməmiş qətliam törətmişlər.
Beynəlxalq hüquq normaları Xocalı faciəsinin soyqırım cinayəti kimi tövsifi üçün kifayət qədər ciddi əsaslar verir. Ümumiyyətlə, ilk dəfə olaraq Nürnberq Hərbi Tribunalının Nizamnaməsində beynəlxalq cinayətlərin nədən ibarət olduğu göstərilmişdir. Orada soyqırım cinayəti insanlıq əleyhinə olan cinayətlər kateqoriyasına aid edilmişdir. BMT-nin “Soyqırım cinayətinin qarşısının alınması və onun cəzalandırılması haqqında” 1948-ci il tarixli Konvensiyasında isə soyqırım cinayətinin mahiyyəti tam olaraq əksini tapmışdır. Beynəlxalq hüquqa görə, soyqırım sülh və bəşəriyyət əleyhinə yönələn əməl olmaqla ən ağır beynəlxalq cinayət sayılır. Soyqırım hər hansı milli, irqi, etnik və dini əlamətlərinə görə fərqlənən xüsusi bir qrupun tamamilə və ya qismən məhv edilməsinə yönəlmiş bu cinayət hərəkətlərinə deyilir: birincisi, həmin qrupun üzvlərinin öldürülməsi; ikincisi, onların şikəst edilməsi, bədən xəsarəti, yaxud əqli pozğunluq yetirilməsi; üçüncüsü, hər hansı qrupa onun qəsdən tam, yaxud qismən fiziki məhvini nəzərdə tutan həyat şəraitinin yaradılması; dördüncüsü, həmin qrupda doğumun qarşısını almağa yönəlmiş tədbirlərin həyata keçirilməsi; beşincisi, azyaşlı uşaqların bir insan qrupundan alınıb başqasına verilməsi. Bunlardan hər biri hadisənin soyqırım kimi qiymətləndirilməsi üçün kifayət edir. Bu meyarlar baxımından, Xocalı faciəsi soyqırım cinayəti kimi qiymətləndirilməlidir.
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 103-cü maddəsində soyqırım cinayəti “Hər hansı milli, etnik, irqi və ya dini qrupu, bir qrup kimi bütövlükdə və ya qismən məhv etmək məqsədilə qrup üzvlərini öldürmə, qrup üzvlərinin sağlamlığına ağır zərərvurma və ya onların əqli qabiliyyətinə ciddi zərərvurma, qrupun bütövlükdə və ya qismən fiziki məhvinə yönəlmiş yaşayış şəraiti yaratma, qrup daxilində doğumların qarşısını almağa yönəlmiş tədbirləri həyata keçirmə, bir qrupa mənsub olan uşaqları zorla başqa qrupa keçirmə” kimi tövsif olunur və “on ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır”.
BMT Baş Məclisinin 10 dekabr 1948-ci il tarixdə qəbul etdiyi “Ümumdünya insan hüquqları” Bəyannaməsində qeyd olunur ki, “Hər bir insanın yaşamaq, azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır, heç kəs insan ləyaqətini alçaldan alçaldıcı və qeyri-insani cəza və işgəncələrə məruz qala bilməz. Hər bir insan onun harada olmasından asılı olmayaraq hüquq sübyekti hesab olunur və bütün insanlar qanun qarşısında bərabərdir və qanunlarla eyni dərəcədə müdafiə olunurlar”.
XX əsrin ən dəhşətli hadisələrindən olan Xocalı soyqırımının məhz milli əlamətlər baxmından azərbaycanlılara qarşı yönəldiyi inkarolunmaz faktdır və bu da ermənilərin qeyri-insani davranışlarının genosid kimi tövsifi üçün ciddi hüquqi əsaslar verir. BMT Baş Məclisinin 9 dekabr 1948-ci il tarixli 260 (III) saylı qətnaməsi ilə qəbul edilmiş və 1961-ci ildə qüvvəyə minmiş “Genosid cinayətinin qarşısının alınması və təqsirkarların cəzalandırılması haqqında” Konvensiyada insanlığa qarşı yönəlmiş bu qeyri-humanist aktın hüquqi əsasları təsbit olunmuşdur.
Bəşər tarixində ən dəhşətli soyqırım aktları məhz İkinci Dünya müharibəsinin gedişi zamanı faşistlər tərəfindən törədildiyindən, sonrakı mərhələdə dünya ictimaiyyəti insanlığa qarşı yönəlmiş bu ağır cinayətə qarşı daha həssaslıqla yanaşmağa başlamışdır. Soyqırım qurbanlarının xatirəsinə müxtəlif ölkələrdə abidələr ucaldılmış, bu sahədə beynəlxalq qanunvericilik təkmilləşdirilmişdir. Eyni zamanda bir çox dövlətlər soyqırımı əleyhinə beynəlxalq sazişlərə, konvensiyalara qoşulmuşlar. Eyni zamanda müharibənin dərslərindən nəticə çıxaran Almaniya yəhudi xalqına və keçmiş SSRİ əhalisinə qarşı soyqırım törətdiyini etiraf edərək dünya ictimaiyyətindən üzr istəmişdir.
Soyqırım cinayətini dövlət səviyyəsində dəstəkləyən Ermənistan da üzvü olduğu BMT-nin və digər dövlətlərin nizamnamələrini, müvafiq konvensiya və sazişlərini kobud surətdə pozur. Təşkilatın digər üzvü olan Azərbaycana qarşı soyqırım, terror və işğalçılıq siyasəti yeritməklə, beynəlxalq ictimaiyyətə meydan oxuyur. Ermənistan yeganə dövlətdir ki, öz Konstitusiyasında yaxın qonşu dövlətə - Türkiyəyə qarşı əsassız ərazi iddiasını ortaya qoymuşdur. Ermənistan nəinki Azərbaycan və Türkiyəyə, eyni zamanda Gürcüstana qarşı da ərazi iddialarını gizlətmir. Bu gün ASALA, “Daşnaksütyun” və digər terrorçu təşkilatların Ermənistan tərəfindən maliyyələşdirilməsi ilə bağlı çoxsaylı inkaredilməz faktların mövcudluğu ermənilərin bütövlükdə bəşəriyyət üçün təhlükə mənbəyi olduğunu göstərir.
Ermənistanın müharibə zamanı davranış normalarını müəyyənləşdirən beynəlxalq hüquq normalarına məhəl qoymaması ilə bağlı faktlar yalnız bütün bunlarla məhdudlaşmır. Beynəlxalq humanitar hüququn tələblərinə əsasən müharibə yalnız silahlı münaqişədə olan tərəflərin silahlı qüvvələri arasında aparılmalıdır. Mülki əhali döyüşlərdə iştirak etməməli və onlarla hörmətlə davranılmalıdır. “Müharibə zamanı mülki şəxslərin müdafiəsinə dair” IV Cenevrə Konvensiyasının 3-cü maddəsinə əsasən, mülki əhalinin həyatına və təhlükəsizliyinə qəsd, o cümlədən onların hər cür öldürülməsi, şikəst edilməsi, onlarla qəddar davranış, onlara əzab və işgəncə verilməsi, insan ləyaqətinə qəsd, təhqir və alçaldıcı hərəkətlər qadağan edilir. Konvensiyanın 33-cü maddəsində isə qeyd olunur ki, heç bir mülki şəxs törətmədiyi hüquq pozuntusuna görə cəzalandırıla bilməz. Mülki əhaliyə qarşı kollektiv cəza tədbirlərinin görülməsi, mülki əhalini qorxuya salmaq, onlara qarşı terror hərəkətləri, onların repressiyaya məruz qoyulması birmənalı qadağan edilir. Həmin Konvensiyasının 34-cü maddəsinə görə mülki əhalinin girov götürülməsi də qadağandır. Lakin təkcə Xocalıda 1000-dən artıq insanı girov götürən ermənilər bu prinsipə də aşkar sayğısızlıq nümayiş etdirmişlər. Ermənistan silahlı qüvvələri bu hüquq normalarına məhəl qoymamış, Xocalıda dinc əhalinin məhvi üçün ən qəddar üsullara əl atmışlar.
Xocalıda baş verənlərin soyqırım olduğunu həmin dövrdə bir sıra ölkələrin aparıcı kütləvi informasiya vasitələrinin nümayəndələri də təsdiqləmişlər. Bu baxımdan faciə baş verən gün Xankəndində ezamiyyətdə olmuş Fransanın “Libardion” qəzetinin əməkdaşı Jul Gen Vaynerin qeydləri xüsusi maraq doğurur. Xocalı soyqırımını qorxulu yuxuya bənzədən Vayner jurnalistika ilə məşğul olduğu 25 il ərzində müharibələrin getdiyi çoxlu müxtəlif ölkələrdə olduğunu, lakin Xocalı şəhərindəki kimi dəhşətli və tükürpədici mənzərələrlə rastlaşmadığını yazmışdır. Jurnalist “Libardion” qəzetində çap etdirdiyi “Erməni terroriziminin canlı şahidi oldum” sərlövhvli yazıda Xocalıda baş verənlərin qabaqcadan cızılan ssenari olduğunu açıq bəyan etmişdir. Onun fikrincə, bunda məqsəd bütövlükdə bəşəriyyətin gözünü qorxutmaq olmuş, erməni terrorizimi dünyanı məhz bu yolla “ram etməyə” çalışmışdır. Fransalı müxbir Xocalı qətliamında iştirak edən erməni terror dəstələrinin necə amansızlıq etdiklərinin canlı şahidi olduğunu yazmışdır. Mənfur sovet ordusunun 366-cı motoatıcı alayının ermənilərlə birgə Xocalı üzərinə hücumundan bir gün əvvəl Xankəndində bu alayın qərargahında olan Vayner orada rus polkovniki Zaviqarovun əməliyyata ciddi hazırlaşdığının şahidi olduğunu göstərmişdir. “Hələ Xocalı işğal edilməmişdən bir gün əvvəl 49 azərbaycanlı əsir alınaraq kütləvi şəkildə güllələndi. Batalyon və hərbi hissələrin komandirləri dinc əhalinin məhvinə qərar vermişdilər. Hücumdan bir neçə saat əvvəl 366-cı motoatıcı alayın qərargahında 58 azərbaycanlı qətlə yetirildi. Onların çoxu qadın və uşaqlar idi. Cəsədlərin gömüldüyü quyuların yanından keçmək mümkün deyildi. Çünki oradan dəhşətli dərəcədə meyit iyi gəlir, itlərin, çaqqalların səsləri eşidilirdi” – deyə müşahidələrini obyektiv şəkildə qeydə almış fransalı jurnalist Xocalıya hücum ərəfəsində Ermənistanın hakimiyyət orqanları rəhbərlərinin 366-cı motoatıcı alayın qərargahında olduğunu da vurğulamışdır.
“Böyük Ermənistan” ideyasının əsas ideoloqlarından biri olan Zori Balayanın Xocalı soyqırımında birbaşa iştirakını təsdiqləyən faktlar mövcuddur. Zori Balayan 1996-cı ildə dərc olunmuş “Ruhumuzun canlanması” adlı kitabında (260-262-ci səh.) Xocalıda baş verən soyqırım barədə qeyd edir: “Biz Xaçaturla ələ keçirdiyimiz evə girərkən əsgərlərimiz 13 yaşlı bir türk uşağını pəncərəyə mismarlamışdılar. Türk uşağı çox səs-küy salmasın deyə, Xaçatur uşağın anasının kəsilmiş döşünü onun ağzına soxdu. Daha sonra bu uşağın başından, sinəsindən və qarnından dərisini soydum. Saata baxdım, türk uşağı 7 dəqiqə sonra qan itirərək dünyasını dəyişdi. Ruhum xalqımın bir faizinin belə qisasını aldığı üçün sevincindən qürurlanırdı. Xaçatur daha sonra ölmüş türk uşağının cəsədini hissə-hissə doğradı və bu şeyi daha 3 türk uşağına etdik. Mən bir erməni vətənsevər kimi öz vəzifəmi yerinə yetirdim”.
Faciənin törədilməsinə görə siyasi və mənəvi məsuliyyətin həm də o zaman ölkəyə rəhbərlik edən antimilli və qətiyyətsiz hakimiyyətin üzərinə düşdüyünü açıq demək lazımdır. Reallıq budur ki, o zamankı qətiyyətsiz hakimiyyət mühasirəyə alınmış Xocalı şəhərinin mülki əhalisinin xilası üçün heç bir qətiyyətli və səmərəli addım atmamış, əksinə, etinasızlığı və məsuliyyətsizliyi ilə düşmənin törətdiyi qanlı cinayətin hüdudlarının daha da genişlənməsinə şərait yaratmışdır. Dövlət rəhbərliyi xalqın qəzəbindən qorxaraq hadisənin miqyasını kiçiltməyə çalışmış, itkilər barədə ictimaiyyətə yalan məlumat vermişdir. O zaman yayılmış rəsmi məlumatlarda Xocalıda guya “iki nəfərin öldüyü” iddia edilmiş, soyqırım faktı gizlədilməklə, xalqa xəyanət yolu tutulmuşdur. Faciənin beynəlxalq ictimaiyyət tərəfindən hələ də düzgün və layiqli qiymətini almaması da məhz vaxtında lazımi tədbirlərin görülməməsi, eləcə də təbliğatın düzgün qurulmaması ilə bağlı olmuşdur.
Ulu öndər Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın təkidli tələbilə hakimiyyətə qayıdışından sonra bir çox milli faciələrimiz kimi Xocalı soyqırımına da siyasi-hüquqi qiymətin verilməsi mümkün olmuşdur. 1996-cı il fevralın 24-də xocalılarla görüşən Heydər Əliyev Xocalı faciəsinin xalqımızın qəhrəmanlıq tarixində xüsusi yeri olduğunu vurğulamışdır: “Bir tərəfdən bu, hər bir Xocalı sakininin öz torpağına, millətinə, Vətəninə sədaqətinin nümunəsidir, ikinci tərəfdən də Ermənistanın millətçi, vəhşi qüvvələri tərəfindən Azərbaycana qarşı edilən soyqırımıdır, vəhşiliyin görünməmiş bir təzahürüdür. Əgər Xocalı faciəsi bir tərəfdən erməni işğalçılarının vəhşiliyinin nəticəsi olubsa, ikinci tərəfdən bizim dövlət orqanlarının, o vaxt respublikaya rəhbərlik edən səlahiyyətli şəxslərin cinayətkarlığı, hətta deyərdim, xəyanətkarlığı nəticəsində olubdur. Ona görə də biz bu soyqırımını pisləməliyik, ermənilərin bu vəhşiliyini dünyaya göstərməliyik, onları bir vəhşi kimi ifşa etməklə yanaşı, eyni zamanda, özümüzə etdiyimiz cinayəti, xəyanəti də aşkar etməliyik”.
Ümummilli liderin təşəbbüsü ilə Milli Məclis 1994-cü il fevralın 24-də “Xocalı soyqırımı günü haqqında” xüsusi qərar qəbul etmiş, sənəddə hadisənin baş vermə səbəbləri, günahkarlar təfsilatı ilə açıqlanmışdır. Ümummilli liderimizin “Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında” 25 fevral 1997-ci il tarixli Sərəncamı ilə hər il fevral ayının 26-sı saat 17.00-da Azərbaycan Respublikasının ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsi ehtiramla yad edilir.
Ümumiyyətlə, Azərbaycan hökuməti Xocalı faciəsini soyqırım kimi dəyərləndirərkən 9 dekabr 1948-ci ildə BMT Baş Assambleyası tərəfindən 260 A saylı qətnamə ilə qəbul edilən “Soyqırımın qarşısının alınması və ona görə cəza” haqqında Konvensiyanı, keçmiş Yuqoslaviya üzrə Beynəlxalq Cinayət Tribunalının IV maddəsini, Ruanda üzrə Beynəlxalq Tribunalın Nizamnaməsinin I maddəsini, Beynəlxalq Cinayət Məhkəməsinin statutunu, həmçinin “Xocalı soyqırımı günü haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 24 fevral 1994-cü il tarixli qərarını, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycanlıların soyqırımı haqqında” 26 mart 1998-ci il fərmanını və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 103-cü maddəsini əldə əsas tutur. Xocalı soyqrımı ilə bağlı Baş Prokurorluqda Cinayət Məcəlləsinin 103-cü (soyqırım) və əhalini deportasiya etmə və ya məcburi köçürmə (107) maddələri ilə cinayət işinin istintaqı aparılır. İstintaq zamanı 280-ə yaxın erməni və rus millətindən olan şəxslərin təqsirləndirilən şəxs qismində cəlb olunması barədə qərarlar çıxarılmış, barələrində həbs-qətimkan tədbiri seçilmiş və axtarışları ilə əlaqədar müvafiq sənədlər İnterpolun Azərbaycan Milli Bürosuna göndərilmişdir.
Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması üçün hər il hökumət səviyyəsində müəyyən tədbirlər həyata keçirilir. Eyni zamanda Milli Məclisin dünya parlamentlərinə müraciətində soyqırım aktının real mahiyyəti, onun soyqırım kimi tanıdılmasını şərtləndirən amillər konkret faktlar əsasında əksini tapır. Xocalı faciəsi ilə bağlı Milli Məclis 75 müraciət, bəyanat və qərar qəbul edib. Bu baxımdan faciənin 15 illiyi ilə bağlı Milli Məclisin 2007-ci il 27 fevral tarixdə qəbul etdiyi bəyanatda deyilir: “Dinc əhalinin vəhşicəsinə kütləvi qırğını bütün insanlığa qarşı ən ağır cinayətlərdən biri olmaqla, XX əsrin Xatın, Lidiçe, Babi Yar kimi dəhşətli faciələri ilə bir sırada dayanır. Xocalı soyqırımı Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsini zəbt etmək məqsədi ilə Ermənistan Respublikasının apardığı işğalçılıq müharibəsinin gedişində dinc azərbaycanlı əhaliyə qarşı törədilmiş soyqırım cinayətlərinin miqyasına görə ən dəhşətlisidir. Azərbaycan Respublikasının Milli Məclisi hesab edir ki, Xocalı soyqırımı unudulmamalı, dünya birliyi tərəfindən beynəlxalq hüquqi qiymətini almalıdır. Faciənin ideoloqları, təşkilatçıları və icraçıları yaxalanaraq layiq olduqları cəzalara çatdırılmalıdırlar. Azərbaycan Respublikasının Milli Məclisi Birləşmiş Millətlər Təşkilatına, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına, Avropa Şurasına, Avropa Birliyinə, İslam Konfransı Təşkilatına, Müstəqil Dövlətlər Birliyinə, digər beynəlxalq təşkilatlara, dünya ölkələrinin parlamentlərinə və hökumətlərinə müraciət edir ki, erməni millətçiləri tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş Xocalı soyqırımını tanısınlar və pisləsinlər, gələcəkdə bu cür cinayətlərin baş verməsinin qarşısını almaq üçün təsirli tədbirlər görsünlər, Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn hamılıqla qəbul olunmuş norma və prinsiplərinə, xüsusən onların arasında təməl rolunu oynayan dövlətlərin ərazi bütövlüyü prinsipinə əsasən sülh yolu ilə həllinə kömək göstərsinlər”.
Fikrimizcə, Xocalı soyqırımını dünya ictimaiyyətinə çatdırmaq üçün indiyədək görülmüş işlər daha da genişləndirilməli, bu sahədə virtual məkanın – internetin hüdudsuz imkanlarından geniş istifadə olunmalıdır. Eyni zamanda səfirliklərimiz və diaspor təşkilatlarımız birgə işləməli, faciə ilə bağlı həqiqətlərin yerləşdikləri ölkələrin ictimaiyyətinə çatdırılması üçün fəallıq göstərməlidirlər. Bu baxımdan Heydər Əliyev Fondunun Prezidenti, Milli Məclisin deputatı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın xidmətlərini xüsusi qeyd etmək lazım gəlir. Fond bəşəriyyətin ən böyük faciələrindən olan Xocalı soyqrımı haqda faktların dünyaya çatdırılması istiqamətində sistemli və ardıcıl fəaliyyət göstərir. Fondun dəstəyi və təşkilatçılığı ilə məktəblilər arasında keçirilən “Xocalı uşaqların gözü ilə” rəsm müsabiqəsinin, əl işlərinin, fotoşəkillərin dünyanın qabaqcıl ölkələrində keçirilən sərgisi beynəlxalq ictimaiyyətdə XX əsrin ən böyük faciəsi haqqında dolğun təsəvvürlər formalaşdırmışdır. 2007-ci il fevralın 26-da Heydər Əliyev Fondunun təşəbbüsü ilə Brüssel şəhərində təşkil olunan “Təcavüzün qurbanları” adlı foto və uşaq rəsmlərinin sərgisi də bu baxımdan mühüm əhəmiyyət daşımışdır.
Fond soyqırım haqda həqiqətləri dünyaya çatdırmaq üçün həmçinin 2007-ci ildə fevralın 19-26-da Türkiyənin İstanbul və daha 25 vilayətində “Xocalı həftəsi”ni keçirmiş, tədbirlər proqramı çərçivəsində İstanbulun mərkəzi meydanı Taksimdə bir sıra anım mərasimləri təşkil olunmuşdur. Bundan başqa, Xocalı faciəsinin beynəlxalq miqyasda tanıdılması baxımından 2008-ci il fevralın 14-də Berlində keçirilmiş “Xocalı soyqırımı və 1915-ci il hadisələrindəki gerçəklər” adlı elmi konfrans da son dərəcə əhəmiyyətli olmuşdur. Konfransda Heydər Əliyev Fondunun dəstəyi ilə hazırlanmış “Xocalı uşaqların gözü ilə” sərgisi nümayiş etdirilmiş, habelə erməni qəddarlığını əks etdirən kitablar paylanmışdır. Fondun Moskva nümayəndəliyinin rəhbəri Leyla xanım Əliyevanın İslam Konfransı Təşkilatının Gənclər Təşkilatı ilə əməkdaşlıq çərçivəsində “Xocalıya ədalət!” kampaniyasına start verməsi də bəşər tarixində ən dəhşətli cinayətlərdən olan Xocalı soyqırımı ilə bağlı həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq məqsədi daşıyır.
Bu ilin 31 yanvarında dünyanın 56 ölkəsinin üzv olduğu İslam Konfransı Təşkilatının (İKT) Parlament Assambleyasının VI sessiyasında Xocalı faciəsi insanlığa qarşı cinayət kimi qiymətləndirilib. İKT-nin Xocalı hadisələrini insanlığa qarşı cinayət kimi qiymətləndirməsindən hüquqi əsas kimi istifadə edib bu ölkələrin parlamentlərində müzakirələrin keçirilməsinə və soyqırımı kimi tanıdılmasına nail olmaq üçün hərtərəfli fəaliyyət göstərilməlidir. Diaspor təşkilatlarının gücündən maksimum istifadə etməli və onların fəaliyyətləri uzlaşdırılmalıdır.
Ermənilərin Xocalıda törətdikləri dəhşətli soyqırım aktı zaman keçdikcə öz həqiqi qiymətini alır. Hər il olduğu kimi, bu il də qardaş Türkiyə Böyük Millət Məclisində faciə ilə bağlı dinləmələrin keçirilməsi nəzərdə tutulub. Qardaş ölkənin parlamentində ermənilərin insanlığa qarşı yönəlmiş bu soyqırım cinayəti pisləniləcəkdir. Ermənilərin Xocalıda törətdikləri soyqırım aktı ilə bağlı dünyanın bir sıra ölklərində də anım mərasimlərinin keçirilməsi və beynəlxalq ictimaiyyətin diqqətinin bu məsələyə yönəldilməsi nəzərdə tutulub.
Bəşəriyyətə qarşı ən dəhşətli cinayətlərdən olan Xocalı soyqırımı barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması baxımından son 7 ildə Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən ardıcıl tədbirləri də xüsusi vurğulamaq lazımdır. “Vətəndaşlarımız, soydaşlarımız unutmamalıdır ki, erməni millətçilərinin anti-Azərbaycan təbliğatı getdikcə genişlənir, mənfur formalarda davam etdirilir. Ermənilər ərazi iddialarını əsaslandırmaq üçün yeni-yeni əsassız tezislər uydurur, məkrli siyasət aparırlar. Buna görə də biz belə ideoloji təxribatlara qarşı ayıq olmalı, onları vaxtında ifşa etməliyik” – deyən cənab İlham Əliyev Ermənistanın təzavüzü nəticəsində xalqımızın üzləşdiyi faciələri real faktlarla dünya ictimaiyyətinə çatdırılmasını Xarici İşlər Nazirliyinin, xaricdəki diplomatik korpuslarımızın və diasporumuzun qarşısında mühüm vəzifələr kimi müəyyənləşdirmişdir.
Rafael CƏBRAYILOV,
Milli Məclisin deputatı
Xalq qəzeti.- 2010.- 26 fevral.- S. 3.