Xocalı faciəsinin ildönümünə həsr
olunur
1992-ci il fevralın 25-dən 26-na keçən
gecə Ermənistan təcavüzkar ordusu tərəfindən Xocalı
şəhərinin dinc
sakinlərinə qarşı
hərbi təcavüz
edilmiş, yüzlərlə
günahsız insan qətlə yetirilmişdir.
Xalqımıza
qarşı xüsusi amansızlıqla törədilmiş bu
qanlı cinayət əməli “XX əsrin genosidi” kimi tarixə
düşmüşdür. Xocalının işğalı
zamanı onlarla Azərbaycan əsgəri, əli silah tutan
sakinlər əsl igidlik göstərmiş, düşmənlə
qeyri-bərabər döyüşdə mərdliklə həlak
olaraq, xalqımızın qəhrəmanlıq tarixinə əbədi
daxil olmuşlar. Bütün bunlar gənc nəsil
üçün Vətən sevgisinin layiqli örnəyidir. Hər
il Xocalı faciəsinə həsr olunmuş çoxsaylı
tədbirlərin və sərgilərin təşkili Vətən
uğrunda şəhid olanların və soyqırımına
məruz qalmış günahsız qurbanların xatirələrinin
anılması və gənc nəslin vətənpərvərlik
ruhunda tərbiyəsi baxımından əhəmiyyət
daşıyır.
Xocalı faciəsinin on
səkkizinci ildönümünün qeyd edilməsi ilə əlaqədar
Mədəniyyət və Turizm Nazirliyi tərəfindən
bir sıra tədbirlər keçirilir.
Əməkdar rəssam
Adil Rüstəmovun “Qarabağ şikəstəsi” rənglərin
göz yaşında” adlı silsilə qrafika əsərlərindən
ibarət sərgi V.Səmədova adına sərgi salonunda təşkil
olunmuşdur.
M.F.Axundov adına Milli
Kitabxanada isə “Xocalı soyqırımı – əsrin faciəsi”
adlı kitab sərgisi keçirilmişdir. Eyni zamanda, bu
kitabxanada “Xocalı soyqırımı rabitəçilərin
yaddaşında” adlı kitabın təqdimat mərasimi də
baş tutmuşdur.
“Muzeydə teatr” silsiləsi
çərçivəsində Zərəngiz Dəmirçi
Qayalının “Cavab ver!” poeması əsasında səhnələşdirilmiş
“Xocalı tamaşası”nın nümayişi isə Muzey Mərkəzində
olmuşdur.
Dövlət İncəsənət
Muzeyində “Xocalı harayı” adlı kitabın təqdimatında
ziyalılar, sənət adamları iştirak etmişlər.
Bu gün isə Azərbaycan
Dövlət Filarmoniyasında Üzeyir Hacıbəyli
adına Dövlət Simfonik Orkestri və Dövlət Xor
Kapellasının iştirakı ilə Xocalı şəhidlərinin
xatirəsinin anım gecəsi keçiriləcək.
Respublikanın
regionlarında “Xocalı faciəsi”nə həsr olunmuş tədbirlər
isə fevralın 28-dək davam etdiriləcəkdir.
M.MÜKƏRRƏMOĞLU
Xalq qəzeti.- 2010.- 28 fevral.- S. 7.