Rəqabətin dəstəklənməsi və istehlakçıların hüquqlarının müdafiəsi fəaliyyətimizin əsas istiqamətləridir

 

Ölkə iqtisadiyyatında keçid dövrünün başa çatması, iqtisadiyyatda idarəetmə və nəzarətin səmərəliliyinin artırılması struktur islahatlarını zəruri edir. Bununla əlaqədar son dövrlər ölkəmizdə idarəetmənin təkmilləşdirilməsi üçün bir sıra islahatlar aparılmışdır. İnhisarçılığın qarşısının alınması və haqsız rəqabətlə mübarizənin gücləndirilməsi, habelə istehlakçıların hüquqlarının müdafiəsi sahəsində dövlət idarəetməsinin təkmilləşdirilməsi məqsədilə İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin yaradılması da bu islahatların tərkib hissəsidir. Müsahibimiz İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin rəisi Zahid İsayevdir.

 

– Zahid müəllim, belə bir xidmətinin yaradılması zərurəti və qarşıda duran əsas vəzifələr hansılardır?

– İstehlakçıların hüquq və mənafelərinin qorunması, sahibkarların maraqlarının təmin edilməsi əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş və hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Ölkə iqtisadiyyatında haqsız rəqabətin qarşısının alınması və inhisarçılıqla mübarizənin gücləndirilməsi, habelə Azərbaycan Respublikasında istehlakçıların hüquqlarının müdafiəsi sahəsində dövlət idarəetməsinin təkmilləşdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin “Antiinhisar siyasəti və istehlakçıların hüquqlarının müdafiəsi sahəsində fəaliyyətin təkmilləşdirilməsi haqqında” 2009-cu il 24 iyun tarixli fərmanı ilə Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi yanında iki xidmətin - Antiinhisar Dövlət Xidmətinin və İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidmətinin bazasında İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti yaradılmış və dövlət başçısının 2009-cu il 25 dekabr tarixli fərmanı ilə yeni xidmətin əsasnaməsi təsdiq edilmişdir. Əsasnaməyə uyğun olaraq, İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti əmtəə və xidmət bazarlarında rəqabətin qorunması, istehlakçıların hüquqlarının və qanuni maraqlarının müdafiəsi, reklam və istehlak bazarında xidmət normalarına və qaydalarına riayət edilməsinə dövlət nəzarətini həyata keçirir. Yeni xidmətin yaradılması ölkə rəhbərliyinin digər sahələrdə olduğu kimi, istehlakçı hüquqlarının qorunmasına verdiyi böyük önəmin daha bir nümunəsi olmaqla yanaşı, qarşımıza mühüm vəzifələr qoyur. Bu vəzifələrin icrasının əsas istiqaməti isə insanların sağlamlığının qorunması və keyfiyyətli ərzaqla təminatdır.

– Dövlət xidmətinin fəaliyyət istiqamətlərində istehlakçıların hüquqlarının müdafiəsi sahəsini xüsusi qeyd etdiniz...

– İstehlakçı hüquqlarının qorunması səviyyəsi əhalinin maddi durumu və ölkənin iqtisadi vəziyyəti ilə uyğunluq təşkil edir. Əhalisinin yaşayış səviyyəsi aşağı olan ölkələrdə insanların ən zəruri ehtiyacları ödənilir. İstehlak bazarı isə daha çox kəmiyyət baxımından təmin olunur, malların standart və normativ-texniki sənədlərin tələblərinə uyğunluğu və keyfiyyəti ikinci plana keçir. Azərbaycanda əldə edilmiş dinamik və davamlı inkişaf nəticəsində əhalinin yaşayış səviyyəsinin yüksəlməsi istehlakçıların müxtəlif mallara və xidmətlərə olan tələbatını da artırmışdır. Bu isə öz növbəsində, mal və xidmətlərin keyfiyyətinə xüsusi yanaşma tələb edir. Bu istiqamətdə görülən işlər istehlak bazarının keyfiyyətli və təhlükəsiz mallarla (xidmətlərlə) təmin edilməsinə, istehlakçıların tələbatının daha dolğun ödənilməsinə və onların hüquqlarının daha etibarlı müdafiəsinə xidmət edir.

– Bazar iqtisadiyyatında antiinhisar nəzarəti vacibdirmi?

– Bildiyimiz kimi, bazar iqtisadiyyatı şəraitində təsərrüfat subyektləri sərbəst fəaliyyət göstərirlər. Lakin rəqabətin qorunması və istehlakçıların hüquqlarının müdafiəsinin zəruriliyini nəzərə alaraq, iqtisadiyyatda zəruri tənzimləmə tədbirləri həyata keçirilir. Bu sahədə fəaliyyəti tənzimləyən normativ hüquqi sənədlərin qəbulu, həmin sənədlərin tələblərinə əməl olunmasını təmin edən effektiv mexanizmlərin yaradılması mühüm əhəmiyyət daşıyır. Şübhəsiz ki, hər bir sahibkarlıq subyektinin istəyi daha çox inkişaf etmək, məhsul satmaq və mənfəət əldə etməkdir. İqtisadiyyatda iri, maliyyə cəhətdən güclü və bazarı daha çox əhatə etməyə çalışan şirkətlərin olması labüddür. Azərbaycanda yaradılmış əlverişli investisiya mühiti dünyanın bir çox tanınmış şirkətlərini ölkəmizə sərmayə yatırmağa sövq edir. Qeyd etmək lazımdır ki, 2009-cu ildə ÜDM-in 85%-dən çoxu, məşğul əhalinin 70%-i özəl sektorun payına düşüb. Lakin şirkətlər inkişaf edib bazarda hökmran mövqeyə malik olduqda onların antiinhisar qanunvericiliyinə əməl etmələrinə nəzarət gücləndirilməlidir. Belə ki, həmin şirkətlərin bazar gücü azad rəqabəti məhdudlaşdırmağa, kiçik təsərrüfat subyektlərini bazardan çıxarmağa, habelə yeni təsərrüfat subyektlərinin bazara daxil olmasına maneələr yaratmağa, istehlakçılara məcburi şərtləri qəbul etdirməyə imkan verir. Belə halların qarşısının alınması üçün nəzarət tədbirlərinin gücləndirilməsi vacibdir.

– Haqsız rəqabət istehlakçıların hüquqlarının pozulmasına səbəb ola bilərmi?

– Bir təsərrüfat subyektinin digərinə qarşı həyata keçirdiyi haqsız rəqabət halı rəqibin işgüzar nüfuzuna xələl gətirməklə, son nəticədə istehlakçıların çaşdırılmasına, aldadılmasına və keyfiyyətsiz malların bazara yol tapmasına səbəb olur. Qeyri-dəqiq, aldadıcı reklamlar həm istehlakçıların çaşdırılması, həm də haqsız rəqabətlə nəticələnir. Reklam istehlakçıya düzgün informasiya verməli, sərbəst seçim imkanına kömək etməli və normativ hüquqi aktlara zidd olmamalıdır. Ona görə də, antiinhisar, istehlakçıların hüquqlarının müdafiəsi və reklam sahəsində dövlət nəzarətinin bir orqan tərəfindən həyata keçirilməsi bu sahədə idarəetməni daha da səmərəli edir.

– Belə nəticəyə gəlmək olarmı ki, antiinhisar fəaliyyəti ilə istehlakçıların hüquqlarının müdafiəsi bir-biri ilə sıx bağlıdır?

– Bəli. Qeyd olunduğu kimi, antiinhisar fəaliyyətinin nəticəsi istehlakçıların azad seçiminə, onların keyfiyyətli, münasib qiymətlərlə məhsul və xidmətlərlə təmin edilməsinə şərait yaradır. Bu səbəbdən də, yuxarıda adları qeyd olunan dövlət xidmətləri – birləşdirilmiş və idarəçiliyin daha çevik forması tətbiq edilmişdir. Bununla da, paralellik aradan qaldırılmış və dövlət xidmətinin maliyyələşməsi ilə bağlı dövlət büdcəsinin vəsaitlərinə qənaət olunmasına imkan yaradılmışdır. Struktur dəyişikliyi istehlakçıların hüquqlarının müdafiəsində xüsusi önəm kəsb edən antiinhisar qanunvericiliyinin daha geniş tətbiqinə, istehlak bazarında rəqabətin qorunması, istehlakçılarla yanaşı, sahibkarlıq subyektlərinin mənafelərinin təmin olunmasına yeni imkanlar açır.

– İstehlakçıların maarifləndirilməsi işləri necə həyata keçirilir?

– İstehlakçı hüquqlarının qorunmasında onların maarifləndirilməsi xüsusi əhəmiyyət kəsb edir. Maarifləndirmədə əsas məqsəd istehlakçı mədəniyyətinin yüksəldilməsindən, istehlakçıların, satıcıların və xidmət personalının öz hüquq və vəzifələrini daha yaxşı bilməsinə yardım göstərməkdən ibarətdir. Buna görə də dövlət xidməti tərəfindən istehlakçıların maarifləndirilməsi istiqamətində aparılan işlərin əhatə dairəsi daha da genişləndirilir. Bu məqsədlərə nail olunması üçün kütləvi informasiya vasitələrinin imkanlarından daha geniş istifadə edilir. Qeyd etməliyəm ki, 2009-cu ildə istehlakçıların hüquqlarına dair 6 adda 60 min, sahibkarların, istehlakçıların hüquqlarının müdafiəsi sahəsində vəzifələrinə həsr olunmuş 3 adda 5400 broşür və buklet, 1500 plakat hazırlanaraq paylanmışdır. Bu il də maarifləndirmə işləri davam etdirilir. Eyni zamanda, qanunvericiliyin tələblərini pozan, ticarət, ictimai-iaşə və digər növ xidmət qaydalarına əməl etməyən, istehlakçılara keyfiyyətsiz və təhlükəli mallar (xidmətlər) satan təsərrüfat subyektlərinə qarşı məsuliyyət tədbirləri görülməklə yanaşı, onların da maarifləndirilməsi istiqamətində işlər aparılır. Sahibkarlar bilməlidirlər ki, qanunvericiliyin pozulması inzibati cərimələr və maliyyə sanksiyaları tətbiq edilməklə yanaşı, onların işgüzar nüfuzunun itirilməsinə, müştərilərinin sayının azalmasına gətirib çıxarır.

– Hələ də keyfiyyətsiz məhsulların satışına rast gəlinir. Şübhəsiz ki, yeni dövlət xidməti istehlak bazarında malların keyfiyyətinə nəzarəti daha da gücləndirəcək.

– İstehlakçıların hüquqlarının qorunması, istehlak bazarının keyfiyyətli mallarla təmin olunmasında yuxarıda qeyd olunanlarla yanaşı, dövlət xidməti həmçinin, istifadəyə yararsız, saxlama müddəti ötmüş, normativ - texniki sənədlərin tələblərinə cavab verməyən istehlak mallarının satışının qarşısının alınması məqsədilə mütəmadi olaraq monitorinqlər keçirir. Ötən ilin sonunda dövlət xidmətinin Bakı şəhərində taxıl və digər yeyinti məhsullarının keyfiyyəti və təhlükəsizliyi üzrə sınaq laboratoriyası yaradılmışdır. Laboratoriyanın fəaliyyətə başlaması keyfiyyətə nəzarət tədbirlərinin səmərəliliyinin daha da artırılmasına imkan yaratmışdır. Dövlət xidmətinin 2009-cu ildə apardığı monitorinqlər zamanı ümumi çəkisi 137 ton olan saxlama müddəti ötmüş və mənşəyi məlum olmayan ərzaq məhsulları, o cümlədən 1,7 ton uşaq yeməkləri, 11 mindən çox sertifikatlaşdırılmamış uşaq oyuncaqları və 2,4 minə yaxın uşaq geyimləri satışdan çıxarılaraq məhv edilmişdir. Tikinti materialları bazarında aparılan monitorinqlər nəticəsində ümumi çəkisi 1000 tondan çox olan saxta sement aşkar olunmuş və ticarət dövriyyəsindən çıxarılmışdır. 2009-cu il ərzində dövlət xidməti tərəfindən qanun pozuntularına yol vermiş təsərrüfat subyektləri barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq 845 qərar qəbul olunmuş, qanunvericiliyin tələbini pozmuş şəxslərə 1,4 mln. manat inzibati cərimə tətbiq olunmuşdur. Dövlət xidməti nəzarət tədbirlərini davam etdirir.

– Qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı hansı işlər görüləcəkdir?

– Yeni xidmətin yaradılması ilə əlaqədar normativ hüquqi aktlarda dəyişikliklərin edilməsi üçün təkliflərin hazırlanmasına başlanılmışdır. Həmçinin, bu sahədə mütəmadi olaraq beynəlxalq təcrübə, qabaqcıl texnologiyalar öyrənilir və tətbiq edilir. Bundan başqa, əmtəə bazarlarında inhisarçılıq fəaliyyətinin və haqsız rəqabətin qarşısının alınması, məhdudlaşdırılması və aradan qaldırılması, təbii inhisar subyektlərinin fəaliyyətinin tənzimlənməsi və istehlakçıların mənafeləri ilə uzlaşdırılması və haqsız reklamın aradan qaldırılmasının təşkilati-hüquqi əsaslarını özündə əks etdirən, vahid qanunvericilik normaları toplusu olan “Rəqabət Məcəlləsi” hazırlanmışdır. Məcəllə artıq Milli Məclisdə 2-ci oxunuşdan keçmiş və 3-cü oxunuş üçün hazırlanmışdır. Məcəllənin qəbulu həmin sahədə hüquqi bazanın daha da təkmilləşməsinə, istehlak bazarında keyfiyyət və təhlükəsizliyin təmin olunması üçün yeni metod və mexanizmlərin tətbiqinə imkan yaradacaqdır.

– Dövlət xidmətinin fəaliyyəti haqqında məlumatları necə əldə etmək olar?

– İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti fəaliyyətinə aid olan məlumatlar İqtisadi İnkişaf Nazirliyinin (www.economy.gov.az http://www.economy.gov.az) və dövlət xidmətinin internet saytlarında (www.consumer.gov.az http://www.consumer.gov.az) yerləşdirilir. Xidmətin fəaliyyəti barədə informasiyaları istehlakçılar həmin saytlardan əldə edə bilər, eyni zamanda istehlakçılar hüquqlarının pozulması və rast gəldikləri digər qanun pozuntuları ilə bağlı dövlət xidmətinə 498-15-01, 498-15-04 nömrəli telefonlarla və ya Telefon məlumat mərkəzinə 195-2 telefonu ilə məlumat verə bilərlər.

 

 

Vaqif BAYRAMOV

 

Xalq qəzeti.- 2010.- 28 fevral.- S. 7.