Qaradağ rayonu paytaxtın yeni sənaye mərkəzinə çevrilir

 

Bakının yeni sənaye mərkəzlərindən birinə çevrilməkdə olan Qaradağ rayonunda Azərbaycanın sosial iqtisadi inkişaf tempini, infrastruktur layihələrin gerçəkləşməsinin dinamikasını daha aydın görmək olur. Son illər dövlət başçısının milli mənafelərə xidmət edən iqtisadi strategiyasına əsasən Bakı şəhərinin bir çox sənaye obyektlərinin məhz Qaradağ rayonuna köçürülməsi layihələrinin gerçəkləşməsi buranın sənaye potensialını sürətlə artırır.

 

Qaradağ rayon İcra Hakimiyyətinin 2009-cu ilin yekunları və 2010-cu ildə qarşıda duran vəzifələrin həlli ilə bağlı hesabat yığıncağında səslənən çıxışlarda bu fikirlər konkret rəqəmlərlə əsaslandırıldı. Rayon icra hakimiyyətinin başçısı Hüseyn İsrafilov hesabat məruzəsində əvvəlcə dövlət başçısı cənab İlham Əliyevin Qaradağda bu günlərdə səfərdə olmasını diqqətə çatdıraraq dedi: — Bildiyimiz kimi, dünən ulu öndərimiz Heydər Əliyevin layiqli davamçısı, xalqımızın sınanmış lideri, Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyev Qaradağ rayonuna növbəti dəfə səfər etmiş, özünün bilavasitə təşəbbüsü ilə şəhid ailələri və Qarabağ əlilləri üçün Lökbatan qəsəbəsində müasir standartlar səviyyəsində inşa olunan yeni doqquzmərtəbəli 81 mənzilli yaşayış binasının açılış mərasimində iştirak etmiş, gözəl və yaraşıqlı mənzillərin orderlərini, eləcə də əlillər üçün nəzərdə tutulan 100 ədəd xüsusi minik avtomobilini şəxsən bu ailələrə təqdim etməklə onlara hədsiz sevinc bəxş etmişdir.

Biz qaradağlılar həmişə fəxr etmişik ki, möhtərəm Prezidentimizin böyük siyasətə gəlişi məhz Qaradağ rayonundan başlamışdır. Cənab İlham Əliyev 1995-2000-ci illərdə respublikanın ali qanunvericilik orqanı olan Milli Məclisdə rayonumuzun deputatı və bizim millət vəkilimiz olmuş, özünün təşəbbüsü ilə yaratdığı “Qaradağ rayonunun sosial-iqtisadi inkişafına yardım fondu”nun vasitəsi ilə rayonun tərəqqisi və müasir infrastrukturunun yaradılması üçün çox böyük işlər görmüşdür.

H. İsrafilov hesabat məruzəsində ölkədə iqtisadi inkişaf tempinin əsasını təşkil edən dövlət siyasətindən danışaraq bildirdi ki, 2008-ci ilin ortalarından etibarən dünyanı bürüyən qlobal iqtisadi və maliyyə böhranına baxmayaraq, dövlət başçımızın bilavasitə rəhbərliyi ilə ötən il ərzində uğurla gerçəkləşdirilən milli iqtisadiyyatın şaxələndirilməsi siyasətinin, antiböhran tədbirlərinin, möhkəm maliyyə potensialının və ölkə iqtisadiyyatının dayanıqlılığının nəticəsində Azərbaycan böhranın təsirinə ən az məruz qalan və ən sürətlə inkişaf edən dövlətlər sırasında yer almışdır. Təkcə bunu xatırlatmaq kifayətdir ki, keçən il ölkə başçısının sərəncamları ilə Bakı şəhərində, eləcə də respublikanın bir sıra rayonlarında abadlıq və quruculuq işlərinə bilavasitə Prezidentin Ehtiyat Fondundan əlavə olaraq 171 milyon manatdan çox vəsait ayrılmışdır.

Ümumi daxili məhsul MDB məkanı ölkələrində bütövlükdə 9 faiz azaldığı halda, Azərbaycanda bu göstərici 9,3 faiz, sənaye istehsalı 8,6 faiz, kənd təsərrüfatı istehsalı 3,5 faiz artmış və ilk dəfə olaraq ölkədə rekord səviyyədə – 3 milyon ton taxıl istehsal edilmişdir.

Makroiqtisadi sabitliyin mövcud olduğu və güclü inrfastruktur layihələrin reallaşdırıldığı ötən il ərzində ölkəyə 9,2 milyard dollar investisiya qoyulmuşdur ki, bunun da möhtərəm Prezidentimizin iştirakı ilə keçən il Qaradağ rayonunda təməli qoyulan yeni müasir sement zavodunun inşasına sərf olunacaq 400 milyon dollar da daxil olmaqla 7,3 milyardı daxili sərmayələrdir.

Ölkə üzrə müxtəlif sferalarda əldə edilən uğurlarda Qaradağ rayonun da payı az deyil. Belə ki, qlobal iqtisadi və maliyyə böhranının doğurduğu çətinliklərə baxmayaraq, rayonun sosial-iqtisadi həyatının bir sıra sahələrində son illər müşahidə olunan inkişaf dinamikası 2009-cu ildə də qorunub saxlanılmışdır.

Belə ki, rayonun sənayesində hesabat ili ərzində 336 milyon 206,4 min manatlıq və ya əvvəlki illə müqayisədə 9,1 faiz az sənaye məhsulu istehsal edilmişdir. Sənayedə qeyri-dövlət müəssisələri tərəfindən 130 milyon 793,7 min manatlıq və ya ümumi istehsalın 38,9 faizi, dövlət müəssisələri tərəfindən isə 205 milyon 412,7 min manatlıq və ya ümumi istehsalın 61,1 faizi qədər sənaye məhsulu istehsal olunmuş və xidmətlər göstərilmişdir.

2009-cu ildə istehlakçılara 377 milyon 563,6 min manatlıq və ya bütün sənaye istehsalının 112,3 faizi qədər sənaye məhsulu göndərilmiş və cari il yanvarın 1-nə sənaye müəssisələrinin anbarlarında 9 milyon 297,7 min manatlıq hazır məhsul ehtiyatı qalmışdır.

Rayonun neft və qaz hasilatı üzrə aparıcı müəssisələri olan Ə.Əmirov adına NQÇİ tərəfindən ötən il ərzində 68435 ton və ya plan-proqnoz üzrə 100 faiz neft, 46 milyon 252 min kub metr və ya plan-proqnoz üzrə 141 faiz qaz, N.Nərimanov adına NQÇİ tərəfindən 382165 ton və ya plan-proqnoz üzrə 100 faiz neft, 489 milyon 350 min kub metr və ya plan-proqnoz üzrə 85,7 faiz qaz hasil edilmişdir.

Hesabat ilində rayon üzrə sement istehsalı 1 milyon 143,1 min ton və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 82.1 faiz, mişar daşı istehsalı 161 min ton və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 86 faiz təşkil etmişdir. Yaxın illərdə Sahil və Qızıldaş qəsəbələrində inşa olunacaq yeni sement zavodlarının istifadəyə verilməsi hesabına rayonda sement istehsalının həcmi bir neçə dəfə artacaqdır.

Keçən il ərzində əsas kapitala yönəldilmiş investisiyalar 216 milyon 404,7 min manat olmuşdur ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 58,6 faiz təşkil edir. İstifadə edilmiş investisiyaların 65,5 faizi istehsal təyinatlı obyektlərin inşasına sərf edilmişdir. Nəqliyyat sektorunda 10 milyon 675,4 min manatlıq və ya keçən ilin müvafiq dövrü ilə müqayisədə 34,0 faiz, rabitə sahəsində 1 milyon 727,9 min manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 11,7 faiz çox xidmətlər göstərilmişdir.

Bütövlükdə, 2009-cu il ərzində əhaliyə 406 milyon 208,1 min manatlıq istehlak malları satılmış və pullu xidmətlər göstərilmişdir. Pərakəndə əmtəə dövriyyəsi 2,9 dəfə artaraq 333 milyon 416,8 min manata, pullu xidmətlərin həcmi 17,4 faiz artaraq 72 milyon 791,3 min manata çatmışdır. İstehlak mallarının 11 faizi hüquqi şəxslər, 70,2 faizi kənd təsərrüfatı bazarı və yarmarka, 18,8 faizi fiziki şəxslər tərəfindən realizə olunmuşdur. Təqdirəlayiq haldır ki, əmtəə dövriyyəsinin 99,9 faizi, pullu xidmətlərin isə 87,9 faizi özəl bölmə tərəfindən həyata keçirilmişdir. Rayonun iqtisadi və sosial sahələrində işləyənlərin orta aylıq əmək haqqı 2008-ci ilin müvafiq dövrü ilə müqayisədə 0,8 faiz artaraq 465,5 manat, sənaye sahələrində çalışanların əmək haqqı isə 6,7 faiz artaraq 625,4 manat təşkil etmişdir.

Regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsinə yönələn dövlət proqramlarının icrası nəticəsində rayonumuzda 2003-cü ilin oktyabr ayından bu günədək 4994 yeni iş yeri açılmışdır ki, bunlardan da 773 iş yeri 2009-cu ilin payına düşür. Ötən dövrdə Qaradağ rayonunun ərazisində “Binə” və “Sədərək” kimi nəhəng ticarət mərkəzlərinin böyük bir hissəsinin istifadəyə verilməsinin rayon əhalisinin məşğulluğunun artırılmasına müsbət təsiri olmuşdur.

Eyni zamanda, möhtərəm Prezidentimizin Nazirlər Kabinetinin məlum iclasında xüsusi qeyd etdiyi kimi, böyük həcmdə investisiyaların cəlb ediləcəyi Ələt qəsəbəsində regionda ən böyük Dəniz Limanının və Sahil qəsəbəsində Gəmiqayırma zavodunun bu il inşasına başlanılması, ötən il aprelin 14-də hörmətli dövlət başçımızın şəxsən iştirakı ilə təməli qoyulan “Qaradağ-sement” ASC-nin 400 milyon dollar dəyərində irimiqyaslı yenidənqurma layihəsinin davam etdirilməsi, eləcə də Qızıldaş qəsəbəsində yeni sement zavodunun inşasına başlanılması, Puta qəsəbəsində Metanol zavodunun tikintisinin başa çatmaq üzrə olması və digər layihələrin icrası yaxın illərdə Qaradağ rayonunun sosial-iqtisadi tərəqqisinə və rayonda yüzlərlə yeni iş yerinin açılmasına köməklik göstərəcəkdir.

Rayonun istilik enerjisi ilə təchizatının mərkəzləşdirilmiş qaydada səmərəli təşkili üçün “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinin 10 saylı istilik sistemləri istismarı sahəsi tərəfindən bu istiqamətlərdə yenidənqurma işləri davam etdirilmiş, Lökbatan, Sahil və Ələt qəsəbələrində 3 876 metr uzunluğunda məhəllədaxili istilik xətləri çəkilmiş, 2 425 poqonometr uzunluğunda binaların daxili şaquli istilik boruları və dayaqları yenisi ilə əvəz edilmiş, təhsil, səhiyyə və məktəbəqədər tərbiyə müəssisələrində 204 ədəd müasir istilik radiatorları quraşdırılmışdır.

Hazırda rayon üzrə 34 çoxmərtəbəli yaşayış binası, 17 məktəbəqədər tərbiyə, 18 təhsil, 8 səhiyyə müəssisəsi cari qış mövsümündə istilik enerjisi və təbii qazla normal şəkildə qızdırılır. Enerji təchizatının yaxşılaşdırılması üçün 2009-cu il ərzində 7 yeni kompleks transformator məntəqəsi tikilmiş, 108 transformator məntəqəsinin avadanlıqları təmir olunmuş, 9 məntəqənin 0,4 kv-luq şəbəkəsi 18 522 metr uzunluğunda SİP kabelləri vasitəsi ilə yenidən qurulmuş, 6 güc transformatoru qoyulmuş, müxtəlif qəsəbə və yaşayış məntəqələrində 21227 metr yüksək və 9405 metr aşağı gərginlikli hava naqilləri çəkilmiş, 2900 metr yüksək və 4053 metr aşağı gərginlikli kabel xətləri dəyişdirilmiş, rayon üzrə 70 ədəd 0,4 kv-luq dayaq, 1458 ədəd elektron sayğac quraşdırılmışdır.

Elektrik enerjisi ilə yanaşı rayon əhalisinin təbii qazla təchizatının yaxşılaşdırılması məqsədilə hesabat dövründə rayonun Lökbatan, Sahil, Qızıldaş və digər qəsəbələrində 3 193 poqonometr uzunluğunda yeni qaz kəməri çəkilmiş, 1685 poqonometr uzunluğunda qaz xətləri əsaslı təmir olunmuş, 18 ədəd müasir tipli qaztənzimləyici şkaf quraşdırılmış və 12 qaz siyirtməsi dəyişdirilmişdir. Rayonun qaz təsərrüfatında görülmüş məqsədyönlü işlərin nəticəsi olaraq məlum qarlı hava şəraiti müşahidə olunan günlərdə əhalinin və sosial obyektlərin təbii qazla təchizatında elə bir ciddi çətinlik yaranmamışdır.

Hesabat dövründə əhalinin içməli su ilə təchizatının və kanalizasiya xidməti ilə təminatının normallaşdırılması üçün Lökbatan, Sahil, Ümid, Səngəçal, Çeyildağ, Qobustan və Qızıldaş qəsəbələrində 6 145 poqonometr yeni su kəmərləri, 3138 metr uzunluğunda məhəllə və binadaxili su xətləri çəkilmiş və 12 su nasosxanası təmir edilmişdir. Lökbatan qəsəbəsinin VI və VIII yaşayış massivləri üçün yeni su nasosxanası və anbar tikilərək istifadəyə verilmişdir. Bundan əlavə, 1 765 metr uzunluğunda yeni kanalizasiya kəməri çəkilmiş, 1 840 metr uzunluğunda məhəllə və binadaxili kanalizasiya xətləri təmir edilmiş, 89 quyunun təmiri başa çatdırılmış və 95 lyuk quraşdırılmışdır.

Rayonun Lökbatan, Sahil, Qobustan, Ələt, Korgöz, Qızıldaş, Müşfiqabad və digər qəsəbələrində müxtəlif küçələrə və qəsəbədaxili yollara ümumilikdə 108 560 kvadratmetr sahəyə 18,7 kilometr uzunluğunda yeni asfalt örtüyü döşənmiş, piyada səkilərinə 2500 kvadratmetr bəzəkli tamet düzülmüş və 2740 kvadratmetr sahədə yeni qazon salınmışdır.

Eyni zamanda, rayonun daxili imkanları hesabına Lökbatan qəsəbəsində S.Orucov küçəsində 1,5 hektar ərazidə müasir standartlar səviyyəsində yeni mədəniyyət və istirahət parkının salınmasına hazırlıq işləri görülmüş və yaxın vaxtlarda Sahil qəsəbəsində böyük dənizkanarı parkın tikintisinə başlanılacaqdır. Lökbatan qəsəbəsində Heydər Əliyev parkının əsaslı şəkildə rekonstruksiyasının layihəsi hazırlanmış, parkda xalqımızın ümummilli liderinin böyük abidəsinin ucaldılması, ulu öndərin adını daşıyacaq çoxtəyinatlı möhtəşəm mərkəzin inşası nəzərdə tutulmuşdur.

Bundan əlavə respublikanın aidiyyəti qurumları tərəfindən Bakı-Astara (Bakı–Qazax) magistral avtomobil yolunun rayon ərazisindən keçən 14-79-cu kilometrlik hissəsində ümumilikdə 60 400 kvadratmetr sahəyə 10,4 kilometr uzunluğunda yeni asfalt örtüyü döşənmiş və Lökbatan-Xocahəsən yolunun əsaslı təmiri demək olar ki, başa çatdırılmışdır.

Rayonun mənzil fondunun, binadaxili və binaətrafı ərazilərin abadlaşdırılması, xüsusilə fasadları və dam örtükləri yararsız vəziyyətdə olan bir sıra çoxmərtəbəli yaşayış evlərinin təmiri istiqamətlərində Qaradağ Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi və digər tabeli mənzil istismar sahələri tərəfindən bir sıra işlər görülmüş, binalarda 346 yeni müasir giriş qapısı, 282 pəncərə quraşdırılmış, blok qəfəslərində 6390 kvadratmetr şüşələnmə işləri aparılmış, bütövlükdə 27260 kvadratmetr dam örtüyü yenisi ilə əvəz olunmuş, rayon üzrə 194 lift əsaslı təmir edilmiş və hazırda 147 lift işlək vəziyyətdə əhalinin istifadəsindədir.

Möhtərəm Prezidentimizin Bakı şəhərinin ekoloji vəziyyətinin sağlamlaşdırılması və respublikada yaşıllaşdırma işlərinin gücləndirilməsi ilə bağlı müvafiq tapşırıqlarının icrasının, xüsusilə 2010-cu ilin “Ekologiya ili” elan olunması ilə bağlı təşəbbüsünün dəstəklənməsinin təmin edilməsi üçün rayon icra hakimiyyətinin xüsusi tədbirlər planı hazırlanmış, qəsəbə nümayəndəliklərinin, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların bütün imkanları bu istiqamətlərə səfərbər edilmiş, kütləvi iməciliklər təşkil olunmuş və ölkəmizin hər yerində olduğu kimi rayonumuzda da ağacəkmə kampaniyası əsl ümümxalq hərəkatına çevrilmişdir. Ötən müddət ərzində rayonun qəsəbələrində və yaşayış massivlərində 18500 ədəd, Bakı-Astara (Bakı–Qazax) magistral avtomobil yolunun rayon ərazisindən keçən hissəsində 29500 ədəd, Lökbatan-Xocahəsən yolunun ətrafında isə 2000 ədəd, bütövlükdə rayon üzrə 50 mindən yuxarı müxtəlif növlü ağac və bəzək kolları əkilmiş, onlara aqrotexniki qulluğun göstərilməsi və suvarılması təşkil edilmişdir.

Hesabat ilində Qaradağ rayonu ərazisində məskunlaşan 12877 nəfər və ya 3026 məcburi köçkün və qaçqın ailəsinin yaşayış və məişət şəraitinin yaxşılaşdırılması, onların sosial problemlərinin həlli məsələləri də rayon icra hakimiyyətinin diqqət mərkəzində olmuşdur.

Lökbatan və Qızıldaş qəsəbələrində məcburi köçkünlərin kompakt məskunlaşdıqları bəzi binaların dam örtükləri təmir edilmiş, su, kanalizasiya xətləri dəyişdirilmiş, “Qurd qapısı” adlanan ərazidə 250 kilovoltluq, Sahil qəsəbəsində keçmiş hərbi şəhərciyin ərazisində 400 kilovoltluq transformatorlar quraşdırılmış və 3000 metrdən artıq müxtəlif gərginlikli yeni elektrik naqilləri çəkilmişdir.

Möhtərəm Prezidentimizin təşəbbüsü ilə yaradılmış “Qaradağ rayonunun sosial-iqtisadi inkişafına yardım fondunun” köməkliyi ilə 3800 məcburi köçkün, qaçqın, şəhid, əlil və aztəminatlı ailələrə Novruz bayramı, Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il bayramı münasibəti ilə 56 ton müxtəlif növ ərzaq məhsullarından ibarət bayram sovqatları paylanmışdır.

Ötən tədris ilində dövlət proqramları və “Yeniləşən Azərbaycana - yeni məktəb” layihəsi çərçivəsində Heydər Əliyev Fondu tərəfindən, eləcə də rayonun daxili imkanları hesabına 106, 166, 233 saylı orta məktəblərin ərazisində əlavə tədris korpuslarının tikintisi, 106, 197, 222 və 274 saylı orta məktəblərin əsaslı təmiri, 105 saylı orta məktəbin isə yenidən qurulması başa çatdırılmışdır.

Lökbatan qəsəbəsində müasir standartlara cavab verən 120 yerlik 333 saylı yeni uşaq bağçası tikilmiş və körpələrimizin istifadəsinə verilmişdir. Eyni zamanda rayonun 26 ümumtəhsil məktəbi 870 ədəd kompyuterlə təmin edilmişdir ki, bu da rayon üzrə orta hesabla hər 24 nəfər şagirdə 1 kompyuterin düşməsi deməkdir. Müqayisə üçün qeyd edim ki, respublika üzrə bu rəqəm hər 29 nəfər şagirdə 1 kompyuterdir.

Hesabat ilində rayon icra hakimiyyətinin fəaliyyətinin prioritet sahələrindən biri də, rayonun səhiyyə infrastrukturunun inkişafı, əhalinin sağlamlığının mühafizəsi, sakinlərə tibbi xidmətin səviyyəsinin yüksəldilməsi, müalicə-profilaktika işlərinin təkmilləşdirilməsi, infeksion yoluxucu xəstəliklərin yayılmasının qarşısının alınması və bütövlükdə rayonda sanitar-epidemioloji sabitliyin təmin edilməsi təşkil etmişdir.

Sahil qəsəbəsindəki 23 saylı Birləşmiş Şəhər Xəstəxanasının poliklinika şöbəsi, 20 saylı Təcili Tibbi Yardım Stansiyası, Lökbatan qəsəbəsindəki 15 saylı Təcili Tibbi Yardım Stansiyası, onun Korgöz qəsəbəsindəki filialı əsaslı təmir olunmuş, 23 saylı Birləşmiş Şəhər Xəstəxanasının və 20 saylı Təcili Tibbi Yardım Stansiyasının Səngəçal qəsəbəsindəki filiallarının yerləşdiyi bina əsaslı şəkildə yenidən qurulmuş, müasir tibbi avadanlıqlarla təmin edilmiş və Ələt qəsəbəsindəki 32 saylı şəhər poliklinikasında cari təmir işləri aparılmışdır.

Ötən il rayon icra hakimiyyəti başçısının aparatının və qəsəbələr üzrə nümayəndəliklərinin cari və perspektiv işlərində müasir stil və metodlardan istifadənin, informasiya və kommunikasiya texnologiyalarının tətbiqinin, dövlət qulluğu ilə bağlı son qanunvericilik aktlarının icrasının təmin edilməsi və bütövlükdə rayonda dövlət idarəetmə sisteminin təkmilləşdirilməsi fəaliyyətimizin prioritet istiqamətini təşkil etmişdir. Belə ki, Qaradağ Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Mərkəzləşdirilmiş informasiya təminatı sistemi yaradılmış, dövlət qulluqçularının reyestri, şəxsi işlərinin elektron variantı hazırlanmış, sənədləşmənin və kargüzarlığın müasir elektron proqramlar əsasında aparılması tətbiq edilmişdir.

Vətəndaşların müraciətləri rayon rəhbərliyi ilə əhalinin birbaşa əlaqə və ünsiyyət vasitəsi olaraq idarəetmə işimizdə mühüm rol oynayır. Ötən il ərzində rayon icra hakimiyyəti başçısı aparatında keçirilən 36 qəbulda 859 nəfər, rayonun 11 qəsəbəsində keçirilən 22 səyyar qəbulda isə 298 nəfər vətəndaş qəbul edilmişdir. Qəbul edilmiş vətəndaşların 58,2 faizinin müraciəti müsbət həll edilmiş, 36,3 faizinə müvafiq izahat verilmiş, 5,1 faizi aidiyyəti qurumlara göndərilmiş və 0,4 faizi hazırda icradadır.

Vətəndaşların müraciətlərinin baxılmasının yekunları hər rübün sonunda rayon icra hakimiyyəti başçısının yanında şurada və hər həftə keçirilən aparat müşavirəsində müzakirə olunmuş, müvafiq qərərlar qəbul edilmiş və icrası nəzarətdə saxlanılmışdır. Bunun nəticəsidir ki, hesabat ilində 2008-ci illə müqayisədə daxil olan müraciətlərin, xüsusilə Prezident Administrasiyasından və digər rəhbər instansiyalardan daxil olan müraciətlərin sayı xeyli azalmışdır.

H.İsrafilov məruzənin sonunda əminliklə bildirdi ki, Qaradağ Rayon İcra Hakimiyyəti cari ildə də rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsi, quruculuq, abadlıq, yaşıllaşdırma işlərinin gücləndirilməsi, əhalinin rifahının yaxşılaşdırılması istiqamətlərində bütün qüvvə və imkanları səfərbər edərək, Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin Nazirlər Kabinetinin yanvarın 18-də keçirilən iclasındakı və fevralın 18-də keçirilən müşavirədəki nitqlərindən irəli gələn vəzifələrin layiqincə yerinə yetirilməsini təmin edəcəkdir. Məruzə ətrafındakı cıxışlarda Qaradağ Rayon İcra Hakimiyyəti başçısının 2009-cu ildə rayonun sosial-iqtisadi inkişafı sahəsindəki fəaliyyəti qənaətbəxş hesab edildi. Yığıncaqda 2010-cu ildə qarşıda duran vəzifələr və həyata keçiriləcək tədbirlərlə bağlı qərar layihəsi oxundu. Sonda yığıncaq iştirakcılarının Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciəti qəbul olundu.

 

 

İlqar RÜSTƏMOV

 

Xalq qəzeti.- 2010.- 28 fevral.- S. 6.