Qadın məsləhətxanaları
yeni klinik protokol əsasında işləyir
Dünyaya gələcək hər körpənin ilkin
yolu ana bətnindəykən məhz qadın məsləhətxanasından
keçir. Məsləhətxanaların əsas vəzifəsi
hamilə qadınlara doğuşaqədər tibbi xidmət və
nəzarət etmək, ginekoloji xəstələrə tibbi
xidmət göstərmək, ailə
planlaşdırılması xidməti və sanitariya- maarif təbliğatı
aparmaqdır. 1999-cu ilin siyahıyaalınması
statistikasına görə, Nərimanov rayonunda 57000-ə
yaxın qadın var və onlardan 43614 nəfər fertil (15-
49) yaşlıdır. Əvvəllər bütün məsləhətxanalar
sovet dövründə – 1981-ci ildə tərtib edilən təlimat
əsasında işləyirdi. 2008-ci il noyabrın 28-də Səhiyyə
Nazirliyinin işçi qrupu tərəfindən yeni təlimat
hazırlanıb təsdiqləndi. Nərimanov rayonundakı 7
saylı Qadın Məsləhətxanasının baş həkimi
Südabə İsmayılova ilə görüşüb həmin
protokola uyğun işlərin gedişi ilə maraqlandıq.
— Əvvəlki təlimatla
işləmək, doğrudan da mümkün deyildi, amma
dözürdük – deyə baş həkim söhbətə
başlayır.— Təsəvvür edin ki, ötən 27 il ərzində
dünyada nə qədər yeni müayinə metodları, nə
qədər müasir aparatlar meydana gəldi, bizim isə nədən
nə cür istifadə etmək barədə
anlayışımız yox idi. Heç bilmirdik ki, hamilələri
neçə dəfə USM-dən keçirək. Elmi məqalələrdə
fikirlər üst-üstə düşmürdü. Müxtəlif
elmi məqalələrə əsasən perinatal ölümlərə
səbəb kimi bətndaxili infeksiyalar göstərilirdi. Çalışırdıq
ki, qadınları bütün infeksiyalara görə
müayinə edək. Bu isə haqlı narazılıqlara səbəb
olurdu.“Fizioloji hamiləliyi olan qadınlara antenatal qulluq üzrə
klinik protokol”un tərtib olunması” qadınları yersiz
müdaxilə və müayinələrdən azad etdi. Belə
hesab edilir ki, hamilə qadınların 80 faizi sağlamdır.
Artıq məsləhətxanalarda protokola uyğun iş
aparılır. Dünya təcrübəsinə və
sübutlu təbabətə əsaslanaraq təlimatda göstərilir
ki, hamilə 9 ay ərzində 7 dəfə məsləhətxanaya
gəlməli, 3 dəfə USM-dən keçməlidir.
—Yeni təlimata əsasən
hamilələrdə hansı müayinələr vacib hesab
edilir?
—Qadın sağlamdırsa məsləhətxanada 2 dəfə— nəzarətə götürüləndə və hamiləliyin 34-cü həftəsində sifilis və HİV, nəzarətə götürüləndə, 26-cı və 30-cu həftələrdə qanın ümumi müayinəsi, hər gəlişdə sidik və arterial təzyiq yoxlanılır. Təkcə rubella (məxmərək) müayinəsi başqa tibb müəssisəsində aparılır. Bu infeksiya ilə təmasda olmaq belə bətndaxili inkişaf qüsuruna səbəb olur. Yoxlamalarda əsas məqsəd ağır fəsadların qarşısını almaq, xəstəni sağlamdan ayırmaq, sağlam hamiləyə nəzarət etmək—yəni qidalanması, həyat rejimi, yeni doğulacaq uşağa qulluq, ana südü ilə əmizdirmə barədə məlumat vermək, xəstəni isə 2-ci mərhələyə— xəstəxanaya müalicəyə göndərməkdir ki, fəsad baş verməmiş lazımi müalicə alsın. Əvvəlki illərdən fərqli olaraq indi qadınlara evdə müşahidə vərəqəsi adlanan kart verilir. Orada hər hansı təhlükəli vəziyyət mütləq qeyd olunur və həkimə məlumat verilir. Hamilənin hər gəlişində mama-ginekoloq ondan hamiləliyin gedişi, ağrıları, vəziyyətindəki dəyişikliyi soruşur. Məsləhətxanada çox təcrübəli, bacarıqlı ginekoloqlar var. Almaz Cəfərovanın, Zibeydə Süleymanovanın, Lida Quliyevanın, İlahə Haqverdiyevanın adlarını çəkə bilərəm. Onların hər biri hamilələrə xüsusi diqqət və qayğı ilə yanaşır, yaranan problemi vaxtında həll etməyə çalışırlar. Sadaladıqlarım hamilə qadına doğuşaqədərki tibbi xidmətə aiddir.
— Qadın məsləhətxanasının bir vəzifəsi də ailə planlaşdırılması xidmətidir. Bu sahədə gördüyünüz işlər barədə nə deyərdiniz?
— Ailə planlaşdırılması istiqamətində çox işlər görülür. Tədqiqatlar onu göstərir ki, ilk doğulan uşaqdan sonrakı hamiləlik planlı şəkildə olmalıdır. İki hamiləlik arasında, heç olmasa, 2-3 il fasilə lazımdır. Bu müddət ərzində ana həm öz sağlamlığını bərpa etməli, həm də dünyaya sağlam uşaq gətirməlidir. Süd əmizdirən ananın hamilə olması arzuolunmazdır. Biz qadınlara məsləhət veririk ki, hamiləlikdən qorunmaq üçün sınanmış yol 6 ayına qədər əmizdirmədir. Uşaq əlavə yeməyə keçəndə də həkimə müraciət etmək lazımdır. Həkim bütün süni qidalar haqda anaya məlumat verməli, seçimi isə ana özü etməlidir. Əvvəlki təlimatda qadına ailə dəstəyi yox idi. İndi biz çalışırıq ki, qadın problemlə üz-üzə tək qalmasın. Hamiləliyin gedişi ilə ailə məlumatlı olsun və ona nəzarət etsin. Kiçik bir narahatlıq olan kimi həkimə bildirilsin. Ailə planlaşdırılmasında bütün dünyada belə qəbul edilib ki, qadın hamiləlik arasında 2-3 ili gözləyirsə, o uşaqlar arasında perinatal ölüm səviyyəsi dalbadal doğulanlar arasında olan perinatal ölüm səviyyəsinə nisbətən 2,5 dəfə az olur. Ailə planlaşdırılması istiqamətində şöbə müdiri Mehriban Mirmehdizadənin böyük əməyi var. Məsləhətxanaya ginekoloji xəstəliklərlə bağlı da müraciətlər olur. Onlar mama-ginekoloqlar tərəfindən yoxlanır, lazımi müayinələrdən keçir, xəstəliyə uyğun müalicə alırlar.
— Sanitar
– maarif təbliğatı
necə aparılır?
Hansı
çətinliklər var?
—Ailə
planlaşdırılmasından danışarkən arzuolunmayan
hamiləlikdən söz
açdıq. Bu, heç də o demək deyil ki, doğuşların sayını azaltmaq istəyirik. Biz sadəcə dünyaya sağlam uşaq gəlməsinin tərəfindəyik.
Bu sahədə mama-ginekoloqlar tərəfindən
aparılan təbliğatı
dəyərli hesab edirəm. Məsləhətxanada “Hamiləlik dövrü—analıq məktəbi” adlanan xüsusi otaq var. Bütün divarları hamiləliyə
aid plakatlar, şüarlar
bəzəyir. Hamiləliyin 15-16-cı həftəsindən mamalar
qadınlara o otaqda əmizdirməyə hazırlıq,
risk qrupuna aid xəstəliklər,
doğuş və sonrakı dövrdə yarana biləcək fəsadlar, uşağa qulluqla bağlı lazımi məlumatlar verirlər. Məsləhətxanada patronaj sistemi
fəaliyyət göstərir.
Hamiləyə təyin olunan
vaxtda müəyyən
səbəbdən həkimə
gələ bilmirsə,
onda mama onun evinə gedir və şikayətlərinə
baxır. Zahılıq dövrünün patronajı
isə doğuşdan
sonra anaya nəzarət edir. Çətinliyimiz miqrasiya ilə
əlaqədardır. Hələ sovet dövründən uşaqlar və hamilə qadınların ərazi poliklinikalarında
qeydiyyatsız müayinə
olunmaq hüququ var. Hamilə qadınlar 1-2 aylıq qonaq qalacağı yerdə belə həkim nəzarətindən keçməli,
öz yaşadığı
yerə qayıdanda mübadilə vərəqini
aparmalıdırlar. Çünki hamiləliyin istənilən
ayında problem yarana bilər. Məsləhətxanada çalışan 23 sahə həkiminin hər biri 3000-3300 nəfər fertil yaşlı qadına xidmət edir. Müraciət edən hər
bir qadına həkim seçmək imkanı verilir. Hamilə məsləhətxanada nəzarətdə
olmasını rəsmiləşdirməli—
ərizə yazmalı,
ünvan göstərməlidir.
25 kabinet— klinik laboratoriya, USM, terapevt,
mama-ginekologiya, mini-abort və
s. qadınların xidmətindədr.
Ərazi
poliklinikaları, uşaq
poliklinikası, onkoloji,
dəri-zöhrəvi, vərəm
dispanserləri ilə
əlaqə saxlayırıq.
— Südabə
xanım, bilirik ki, Səhiyyə Nazirliyində təşkil
olunan Doğuma Yardım Komissiyasının
üzvüsünüz. Bu istiqamətdə hansı işlər görülür?
—Komissiya
üzvləri ayda bir dəfə toplanır və orada ana ölümü
hadisələri təhlil
və müzakirə edilir. Bu komissiya
təkcə Bakı şəhərində yox,
lazım gəldikdə
səyyar olaraq rayonlarda iclaslar keçirir, ana ölümünün qarşısını
almaq üçün
tədbirlər hazırlanır.
Statistika
göstərir ki,
2008-ci ilə nisbətən
2009-cu ildə ana ölümünün səviyyəsi
azalıb. Xüsusi olaraq
qeyd etmək istəyirəm ki, fizioloji hamiləliyi olan qadınlara antenatal qulluq üzrə klinik protokollar Səhiyyə Nazirliyi tərəfindən hamıya
verilir ki, gündəlik işdə
istifadə edilsin.
Təlimatlar verilməzdən öncə təlim keçilir. Ölkə rəhbərinin
səhiyyəyə qayğısı
göz önündədir.
Vaxt vardı ki, səhiyyədə təchizat
yox səviyyəsində
idi. İndi isə Səhiyyə
Nazirliyinin 141 saylı
əmrinə əsasən
tibb müəssisələri
zəmanətli tibbi xidmətlə təmin edilib. Bunlar müayinə və
müalicənin uğurlu
aparılmasına, bu isə öz növbəsində dünyaya
gələcək körpələrin
sağlam olmasına zəmanət verir.
Zərifə BƏŞİRQIZI
Xalq qəzeti.- 2010.- 28 fevral.- S. 8.