Xocalı harayı heç zaman unudulmayacaq
Bakı Mədəni-Maarif
Texnikumunda Xocalı soyqırımının ildönümü
münasibətilə tədbir
keçirildi
Tədbiri giriş
sözü ilə açan Bakı Mədəni-Maarif
Texnikumunun direktoru İlqar Mahmudov bu hadisəni
xalqımızın tarixində ən dəhşətli qətliam
kimi qiymətləndirdi. O bildirdi ki, ulu öndər Heydər Əliyevin
hakimiyyətə qayıdışından sonra bu faciəli
hadisəyə hüquqi, siyasi qiymət verilmişdir. Natiq
ümummilli liderin bu sözlərini diqqətə
çatdırdı: “Xalqımızın qəhrəman, igid
övladları torpaqlarımızın müdafiəsi
uğrunda vuruşaraq şəhid olublar. Ancaq bütün bu
tarixin içində Xocalı faciəsinin xüsusi yeri var. O
da ondan ibarətdir ki, bir tərəfdən bu, hər bir
Xocalı sakininin öz torpağına, millətinə, Vətəninə
sədaqətliliyinin nümunəsidir, ikinci tərəfdən
də Ermənistanın millətçi, vəhşi qüvvələri
tərəfindən Azərbaycana qarşı edilən
soyqırımdır — vəhşiliyin görünməmiş
bir təzahürüdür. Bütün bunlara görə də
biz Xocalı faciəsinin ildönümünü hər il qeyd
edirik”. İ.Mahmudov sözünə davam edərək dedi:
– Bu gün Xocalı faciəsinin
dünyada soyqırımı kimi tanınması məqsədilə
davamlı olaraq tədbirlər həyata keçirilir. “Xocalıya
ədalət” kampaniyası uğurla davam etdirilir.
Dünyanın bir çox ölkəsində Xocalı faciəsinin
ildönümü münasibətilə tədbirlər təşkil
olunur.
Bu gün biz Xocalı
soyqırımının 18-ci ildönümünü qeyd
edirik. Bu, xalqımızın, millətimizin tarixində qara
bir səhifədir. Xocalıda şəhid olanlar, həlak
olanlar Azərbaycan Respublikasının müstəqilliyi
uğrunda mübarizədə şəhid olublar, özlərini
qurban veriblər.
Xocalı faciəsi ermənilərin
Azərbaycanda genosid siyasətinin davamı idi. Artıq
bütün dünya bunu bilir. Cənab Prezidentimiz İlham Əliyevin
apardığı uğurlu xarici siyasət ermənilərin mənfur
niyyətlərinin dünyada tanınmasında böyük rol
oynayıb. Bu sahədə Heydər Əliyev Fondunun prezidenti,
YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri,
Milli Məclisin deputatı Mehriban xanımın da mühüm
xidmətləri vardır.
Xocalı faciəsi heç zaman unudulmayacaq. Çünki
1992-ci il fevralın 25-dən 26-na keçən
gecə Xocalının
dinc sakinləri — qocalar, qadınlar, uşaqlar amansızlıqla
qətlə yetirilib. Həmin gün baş verənlərin mahiyyətini
gənc nəslə çatdırmaq mədəniyyət
işçilərinin də
başlıca vəzifəsidir.
Biz gəncləri vətənpərvərlik
ruhunda tərbiyə etməliyik. Bu gün
ölkəmizin hər
yerində tədbirlər
keçirilir, Xocalı
şəhidlərinin xatirəsi
hörmət və ehtiramla yad edilir.
Bu tədbirlərin keçirilməsinin məqsədi
odur ki, yetişməkdə olan nəsil bu faciəni
unutmasın.
Azərbaycanın 20 faiz torpağı işğal altındadır. Bir milyondan
çox vətəndaşımız
qaçqın vəziyyətində
yaşayır. Ancaq xalqımız
inanır ki, dövlət başçımızın
apardığı ardıcıl,
prinsipial siyasət tezliklə torpaqlarımızın
azad olunmasına şərait yaradacaq.
Onda böyük müsibətlərlə
üzləşən xocalılar
da öz doğma torpaqlarına qayıdacaqlar. O gün
çox da uzaqda deyil...
Sonra Xocalı soyqırımının
ildönümü ilə
bağlı tələbələrin
hazırladıqları ədəbi-bədii
kompozisiya nümayiş
etdirildi. İştirakçılar Xocalı ilə
bağlı şeirlər
dinlədilər, kiçik
səhnəciklərə tamaşa
etdilər.
Məktəbin foyesində tələbələrin
əl işlərindən
ibarət sərgi də təşkil olunmuşdu. Burada Xocalıya həsr
olunan müxtəlif rəsmlər, qəzetlərdən
seçilmiş məqalələr,
fotoşəkillər və
s. sərgilənmişdir.
M.MÜKƏRRƏMOĞLU
Xalq qəzeti.- 2010.- 27 yanvar.- S. 6.