Gün gələcək
şəhid ruhları
sevinəcək
Xocalı soyqırımının 18-ci
ildönümü, ölkəmizin hər yerində olduğu
kimi, fevralın 26-da Azərbaycan Dövlət Pedaqoji Kollecində
də geniş qeyd olundu. Foyedə
quraşdırılmış Xocalı
soyqırımını əks etdirən çoxsaylı
kitablar və fotostendlər tədbir
iştirakçılarını, o müdhiş gecənin
bilavasitə iştirakçıları olmuş Xocalı
sakinləri və şəhid ailələrini bir anlıq o dəhşətli
günlərə qaytardı. Al qırmızı qərənfillər
və çoxsaylı yanar şamlar, eləcə də
Xocalı soyqırımını əks etdirən plakat və
videogörüntülərlə bəzədilmiş səhnə
daha baxımlı, daha yaddaqalan oldu.
“Xocalı qan
yaddaşımızdır” anım gününü giriş
sözü ilə açan məktəbin tədris işləri
üzrə direktor müavini, respublikanın əməkdar
müəllimi Füzuli Qasımov tədbir
iştirakçılarından Xocalı soyqırım
qurbanlarının əziz xatirəsini bir dəqiqəlik
sükutla yad etməyi xahiş etdi. Daha sonra F.Qasımov bu faciədə
613 nəfərin qətlə yetirildiyini, 1000 nəfər
müxtəlif yaşlı dinc sakinin aldıqları güllə
yarasından əlil olduğunu, 106 qadının, 63
azyaşlı uşağın, 70 qocanın erməni qəsbkarları
tərəfindən amasızcasına
öldürüldüyünü, 8 ailənin tamamilə məhv
edildiyini, faciə baş verən gecə 1275 nəfər dinc
sakinin girov götürüldüyünü, 150 nəfərin
taleyinin indi də məlum olmadığını ürək
ağrısı ilə qeyd etdi.
Aradan 18 il ötməsinə
baxmayaraq, beynəlxalq təşkilatların hələ də
Xocalı soyqırımına hüquqi-siyasi qiymət verməməsini
tarixi ədalətsizlik kimi dəyərləndirən
F.Qasımov çıxışının sonunda bu il Heydər
Əliyev Fondunun dəstəyi ilə Xocalı
soyqırımının dünyanın 100-dən artıq
nöqtəsində qeyd olunduğunu bildirdi. Natiq daha sonra
fondun Rusiya üzrə nümayəndəliyinin təşəbbüsü
ilə keçirilən “Xocalıya ədalət”
kampaniyası və digər silsilə tədbirlərin məhz
fondun təbliğat materialları əsasında
reallaşdırıldığını xüsusi vurğuladı.
Daha sonra söz bədii-qiraət ustalarına
verildi. Kollecin tərbiyə işləri
üzrə direktor müavini, qabaqcıl təhsil işçisi Qızxanım Abbaszadə,
ictimai elmlər fənn komissiyasının
müəllimi İradə
Ağayeva və musiqi müəllimi Şəfiqə Həsənovanın
ssenarisi əsasında
hazırlanmış “Xocalı
qan yaddaşımızdır”
ədəbi-bədii kampaziya
göstərildi. Tələbələrin ifasında səslənən
hər bir şeir parçasında,
musiqi nömrəsində
gənclərimizdə ölməz
vətənpərvərlik ruhu, sabaha ümidi
və doğma torpaqlarımızın tezliklə
yağı düşməndən
azad olacağı günün işartısını
gördüm. Bəlkə
elə bu səbəbdən də Bülbül adına məktəbin gənc xanəndələri Fərid
Sultanov və Faiq Əkbərovun tarzən Salman Bədəlov və kamançaçı Vüqar
Zamanovun müşayiəti
ilə oxuduqları “Qarabağ şikəstəsi”
bu tarixi faciəni unutmamağa bir çağırış
idi. Bəlkə elə bu səbəbdən
musiqi müəllimi Şəfiqə Həsənovanın
şəhid Alı Mustafayevin sözlərinə
bəstələdiyi “Dəli
bir ağlamaq keçir könlümdən”
və məktəb xorunun ifasında səslənən mahnılar
hamını ayağa
qaldırdı. Bu ifalara əl çalan olmadı. Hamının gözündə bir intiqam əhvalı
gördüm. Və bildim
ki, tezliklə o gün gələcək, şəhid ruhları sevinəcək, qara bulud üstümüzdən
çəkiləcək, ana
torpaq, doğma Qarabağ yenə bizim olacaq.
Rafiq SALMANOV
Xalq qəzeti.- 2010.- 27 fevral.- S. 6.