Xocalı – qan verən yaramız

 

Bəzən xalqın qəlbinə elə yaralar vurulur ki, onu nə dava-dərman sağaldır, nə də ağrı-acısını zaman, tarix unutdurur. Nə qədər ki, xalq yaşayır, həmin yaralar da qaysaqlanmır, qan çağlayır. On səkkiz il bundan əvvəl — o müdhiş fevral gecəsində Ermənistanın silahlı birləşmələrinin sovet imperiyasından qalma 366-cı motoatıcı alayın komanda heyətinin, əsgər-zabitlərinin və zəhmli hərbi texnikasının fəal iştirakı ilə Azərbaycan xalqının sinəsinə çəkdikləri çalın-çarpaz dağ — Xocalı faciəsi belə sağalmaz yaralardandır.

 

Erməni daşnakları və onların qaniçən havadarları həmin gecə tarixdə misli görünməmiş, hətta Hitler faşistlərinin də yuxularına belə girməyən amansız qəddarlıqla Xocalı şəhərinin dinc, əliyalın əhalisinə divan tutdular, əsl soyqırımı törətdilər. Heç kəsə aman verilmədi, günahsız insanlar gülləbaran edildi, qocalar, xəstələr, qadınlar, uşaqlar, hətta südəmər körpələr ən dəhşətli vasitələrlə qətlə yetirildi, yaxud girov götürülərək insanlığa sığmayan həqarət və təhqirlərlə üzləşməli oldu. Budur dünyanın “məzlum, başıbəlalı xalq” adlandırdığı ermənilərin iç üzü: Yeddi min əhalisi olan abad şəhər bircə gecənin içində yerlə-yeksan edildi, Yer üzündən silindi. Adları bəlli olan 613 nəfər azərbaycanlı, o cümlədən 106 qadın, 63 azyaşlı uşaq, 70 qoca xüsusi amansızlıqla məhv edildi, 487 nəfər ömürlük şikəst edildi, 1275 nəfər girov götürülərək ağlasığmaz işgəncələrə məruz qaldı. 150 nəfərin sonrakı taleyi isə bu günədək məlum deyildir.

XXI əsrin astanasında ermənilərin azərbaycanlılara qarşı törətdikləri qeyri-insani cinayətlər, çox təəssüf ki, hələ də cəzasız qalmışdır. Respublika Hərbi Prokurorluğunun müstəntiqləri Xocalı soyqırımında təsadüf nəticəsində sağ qalanlardan aldıqları ifadələrlə ermənilərin və 366-cı alayın hərbçilərinin azərbaycanlılara qarşı törətdikləri ağlasığmaz işgəncə növlərini — baş dərisinin soyulması, qulaq, burun, cinsiyyət orqanlarının və erməni qəbirləri üzərində qurbanlıq kimi azərbaycanlıların başlarının kəsilməsi faktlarını aşkara çıxarmışlar.

Demək lazımdır ki, Ermənistan Respublikasında əsirlikdə olan Azərbaycan vətəndaşlarına qarşı qeyri-insani işgəncələr bu gün də davam etdirilir. Əsirlərə qarşı münasibətdə beynəlxalq hüquq normaları, demək olar ki, hər gün kobudcasına pozulur. “Müharibə qurbanlarının müdafiəsinə dair” 1949-cu ildə qəbul olunmuş Cenevrə Konvensiyasının tələbləri nəzərə alınmır. Ermənistanın Azərbaycana hərbi təcavüzü zamanı dinc əhalinin kütləvi şəkildə öldürülməsi, Ermənistan Respublikasında və Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazisində əsirlikdə saxlanılan azərbaycanlıların dəhşətli işgəncələrə və mənəvi əzablara məruz qalmaları, amansız rəftar və ləyaqətin mütəmadi alçaldılması nəticəsində onları intihar etmək həddinə çatdırmaları, soyuqqanlıqla qətlə yetirmələri, yaxud verilmiş işgəncələr nəticəsində vəfat etmələri dediklərimizə sübutdur.

Beynəlxalq hüquqa görə, soyqırımı sülh və bəşəriyyət əleyhinə yönələn əməldir və ən ağır beynəlxalq cinayətlərdən hesab olunur. BMT Baş Məclisinin 1946-cı il 11 dekabr tarixli 96 (I) saylı qətnaməsində qeyd olunur ki, soyqırımı, insan qruplarının yaşamaq hüququnu tanımamaqla insan mənliyini təhqir edir, bəşəriyyəti insanlar tərəfindən yaradılan maddi və mənəvi dayaqlardan məhrum edir.

BMT Baş Məclisinin 9 dekabr 1948-ci il tarixli 260 (III) saylı qətnaməsi ilə qəbul edilmiş və 1951-ci ildə qüvvəyə minən Soyqırımı cinayətinin qarşısının alınması haqqında Konvensiyada soyqırımı cinayətinin hüquqi əsası təsbit olunmuşdur. Bu konvensiyaya qoşulan dövlətlər sülh, yaxud müharibə dövründə törədilməsindən asılı olmayaraq, soyqırımının beynəlxalq hüquq normalarını pozan cinayət olduğunu təsdiq edərək, onun qarşısının alınması və səbəbkarların cəzalandırılması üçün tədbirlər görməyi öhdələrinə götürmüşlər.

Xocalı faciəsi zamanı yol verilmiş cinayət əməllərinin qabaqcadan düşünülmüş qaydada, milli əlamətinə görə insanların tamamilə və ya qismən məhv edilməsi niyyəti ilə törədilməsi beynəlxalq və dövlətdaxili hüquqa əsasən məhz soyqırımı olduğunu sübut edir. Həmin qətliamda Xatın, Xirosima, Naqasaki və Sonqmi faciələrinə bərabər tutulmalı, bu vəhşilik və vandalizm aktı insanlığa qarşı törədilən qanlı cinayət kimi öz layiqli qiymətini almalıdır.

Eyni zamanda, Ermənistanın Azərbaycana qarşı təcavüzü uzun illərdir ki, dünya ictimaiyyətinin gözü qarşısında baş verir. Halbuki, beynəlxalq hüququn normalarına görə, dövlətlərin sərhədlərinin toxunulmazlığına hörmət edilməlidir, ərazi bütövlüyünün və suverenliyin pozulması yolverilməzdir.

İşğal edilmiş Dağlıq Qarabağ və ətraf rayonlar Azərbaycan ərazisinin ayrılmaz tərkib hissəsidir. Bunu beynəlxalq hüquq, o cümlədən BMT Təhlükəsizlik Şurasının məlum 822, 853, 874 və 884 saylı qətnamələri, BMT Baş Məclisinin “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlı 14 mart 2008-ci il tarixli qətnaməsi, Avropa Şurası Parlament Assambleyasının Azərbaycan ərazilərinin erməni hərbi qüvvələri tərəfindən işğal edildiyini və Dağlıq Qarabağ regionunun separatçı qüvvələr tərəfindən idarə olunmasını təsdiq edən 1416 saylı qətnaməsi və 1690 saylı tövsiyəsi bir daha sübut edir.

Erməni təcavüzü bütövlükdə Cənubi Qafqazda sülhyaratma, sabitlik və inkişaf proseslərinə mənfi təsir göstərir. Azərbaycanda tam sərbəst, tolerantlıq, milli, dini dözümlülük prinsiplərinə hörmət mühitində on minlərlə erməni yaşadığı halda, beynəlxalq hüquq normalarını pozan Ermənistan monomilli dövlət yaratmış və orada yaşayan 200 mindən çox azərbaycanlı dinc əhali, o cümlədən ahıllar, qadınlar, uşaqlar, əlillər işgəncələrə, insan ləyaqətini alçaldan rəftar və cəzalara məruz qalaraq, vətəndaşı olduqları bu dövlətin ərazisindən etnik təmizləmə nəticəsində kütləvi surətdə zorla qovulmuşdur.

Azərbaycan tərəfi bu münaqişənin sülh yolu ilə həllinə səy göstərir. Ümumilli liderimiz Heydər Əliyev Xocalı soyqırımının əsl mahiyyətini açıqlamış, 1994-cü ilin fevralında Azərbaycan Respublikasının Milli Məclisi Xocalı soyqırımına hüquqi-siyasi qiymət vermişdir. Prezident İlham Əliyev Avropa Şurasında ilk dəfə olaraq Ermənistanın təcavüzkar tərəf kimi tanınmasına nail olmuş, bu dövlətin Dağlıq Qarabağı və Azərbaycanın daha 7 rayonunu işğal altında saxlaması faktı AŞPA-nın rəsmi sənədlərində öz əksini tapmışdır. Lakin ATƏT-in Minsk qrupunun münaqişənin sülh yolu ilə həlli istiqamətində vasitəçi kimi uzun illər fəaliyyəti hələlik bir nəticə verməmişdir.

Hazırda Xocalı soyqırımı dünyanın bir sıra dövlətlərinin parlamentlərində müzakirəyə çıxarılır, nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən Ermənistan təcavüzkar dövlət kimi tanınır, işğal edilmiş Azərbaycan ərazilərinin geri qaytarılması, ərazi bütövlüyünün bərpa olunması tələb olunur.Bu günlərdə İslam Konfransı Təşkilatına üzv dövlətlərin Parlament İttifaqının Uqandanın paytaxtı Kampala şəhərində keçirilən VI sessiyasında 51 ölkə parlamentinin nümayəndələri Xocalı faciəsini insanlığa qarşı cinayət kimi qiymətləndirmiş və xüsusi qətnamə qəbul etmişlər. İslam Konfransı Təşkilatı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində irəli sürülən qətnamədə Xocalı faciəsinə “Erməni silahlı qüvvələri tərəfindən dinc əhalinin kütləvi qətliamı” və “İnsanlığa qarşı cinayət” kimi qiymət verilmişdir. Qətnamədə “Xocalıya ədalət” beynəlxalq kampaniyasına həm milli, həm də beynəlxalq səviyyədə tam dəstək verməyə çağıran bənd də öz əksini tapmışdır.

Çexiyanın 1942-ci ildə alman faşistləri tərəfindən dağıdılmış və əhalisinin terrora məruz qaldığı Lidiçe şəhərinin Xocalı şəhəri ilə qardaşlaşması, Lidiçe Şəhər İcra Hakimiyyətinin qərarı ilə bu şəhərdə küçələrdən birinə Xocalı adının verilməsi qərara alınmışdır.

Artıq dünya ictimaiyyəti qəbul edir ki, Azərbaycan tərəfi haqlıdır, onun ərazisi işğal olunmuşdur. Xocalı faciəsi İsveçrədə yaradılmış “Beynəlxalq müharibə qurbanları memorialı” arxiv layihəsinə daxil edilmiş, layihənin rəsmi saytında erməni silahlı qüvvələri tərəfindən Xocalı şəhərində xüsusi amansızlıqla öldürülmüş qurbanların siyahısı yerləşdirilmişdir.

Ümummilli lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyev bəşəriyyət tarixində ermənilərin törətdikləri cinayətlərə münasibət bildirərkən Xocalı faciəsini xüsusi vurğulayaraq demişdir: “Xocalı faciəsindən keçən illərin təcrübəsi göstərdi ki, xalqımız, ölkə ictimaiyyəti ayıq-sayıq olmalı, denzinformasiya və təxribat sahəsində böyük təcrübəsi olan ermənilərin planlarını daim ifşa etməlidir. Ermənistan dövlətinin və erməni millətçilərinin Qafqaz bölgəsində həyata keçirdikləri etnik separatizmin, başqa xalqlara qarşı nifrət və terror ideologiyasının bəşəriyyət üçün təhükəsi açılıb göstərilməlidir. Bu sahədə bizim görəcəyimiz işlər çoxdur. Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması daha səmərəli və ardıcıl aparılmalıdır. Xarici ölkələrdə getdikcə öz mövqelərini möhkəmləndirən soydaşlarımız da bu işdə yaxından iştirak etməli, ermənilərin Azərbaycan torpaqlarında törətdikləri Xocalı soyqırımı kimi hadisələrə yaşadıqları dövlətlərdə lazımi qiymət verilməsinə çalışmalıdırlar.Düşünürəm ki, müstəqil, güclü və demokratik Azərbaycan dövlətinin mövcudluğu və getdikcə inkişaf etməsi Xocalı şəhidlərinin ruhuna təsəlli ola bilər”.

Son illər bu sahədə görülən işlərin intensivləşməsi belə bir inam yaradır ki, işğal olunmuş torpaqlarımız tezliklə azad ediləcək, Xocalı şəhəri yenidən qurularaq tamamilə müasir görkəmdə öz sahiblərinin, xocalıların ixtiyarına veriləcəkdir.

... Lakin Xocalı yarası heç vaxt yaddan çıxmayacaq, unudulmayacaqdır.

 

 

Qüdrət PİRİYEV

 

Xalq qəzeti.- 2010.- 27 fevral.- S. 3.