Lerik: qayğı yeni qələbələrə ruhlandırır

 

    Hazırda leriklilər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iyunun 25-də bölgəyə səfərinin ən xoş təəssuratlarını yaşayırlar. Həmin gün Heydər Əliyev Mərkəzinin və Uzunömürlülər muzeyinin açılışında iştirak edən, rayon mərkəzi xəstəxanasında və Mədəniyyət evində aparılmış əsaslı yenidənqurma işləri ilə tanış olan dövlət başçısı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə ölkənin sosial-iqtisadi inkişafı dinamikasının ilbəil artdığını bildirmişdir.

 

    Prezident İlham Əliyev Lerikdə görülən işləri təqdir etmişdir: "Mən çox şadam ki, Lerikdə inkişaf çox sürətlə gedir. Mən artıq üçüncü dəfədir ki, Lerikdəyəm. Hər dəfə gələndə yeni müəssisələr, yeni obyektlər açılır, abadlıq işləri aparılır. Bunları görürəm və çox sevinirəm. Rayonun, sözün əsl mənasında, inkişafı həm yerli sakinlər, həm də bütün ölkə üçün çox vacibdir. Çünki Lerik paytaxtdan uzaqda yerləşən dağ rayonudur. Dağ rayonlarına, paytaxtdan, mərkəzdən uzaqda yerləşən bölgələrə xüsusi diqqət göstərilməlidir və bu diqqət göstərilir".

    Ucqar dağlıq bölgədə, çətin şəraitdə abadlıq və quruculuq naminə yaradılanlar heyranlıq doğurur. Axı, buraya Bakıdan tikinti materiallarını daşıyıb gətirməyin özü asan başa gəlmir- yolun əziyyəti, vaxt sərfi, payız-qış aylarının sərt iqlim şəraiti və sair. Fərəhli haldır ki, rayonun rəhbərliyi və fədakar adamları bütün bu çətinliklərin öhdəsindən layiqincə gəlməyi bacarır və dövlətin qayğısı sayəsində doğma yurdu daha da gözəlləşdirə bilirlər. Regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramlarının isə bu tərəqqidə, gözəllik yürüşündə rolu əvəzsizdir.

    Prezident İlham Əliyevin imzaladığı 13 iyun 2008-ci il tarixli qanuna əsasən rayonun mərkəzi Lerik qəsəbəsinə şəhər statusu verilib. Həqiqətən də, Lerikin timsalında davamlı inkişaf strategiyasının çox fərəhli amilləri aydın şəkildə göz önündə canlanır.

    Bu gün Lerik yenidən, özümüasir bir şəhər kimi formalaşır. Leriklilər bütün bunlara görə möhtərəm Prezidentimizə minnətdardırlar.

    Rayonun ictimaiyyəti dövlət başçısının 2005-ci ilin sentyabrında bu rayona ilk səfərini iftixarla xatırlayır. Həmin səfər proqramı çərçivəsində Prezident İlham Əliyev dövlət vəsaiti hesabına yenidən qurulmuş 56 kilometrlik Lənkəran-Lerik yolunun açılışında iştirak etmişdir. Bir il sonra isə daha bir tarixi hadisə- dövlət başçısının Lerik rayonuna təbii qazın verilməsi mərasiminə gəlməsi əhalini hədsiz sevindirmişdir. Dövlət başçısının rayona ötən həftədəki səfəri də əhaliyə unudulmaz təsir bağışlamışdır. Bütün bunlar Azərbaycanın get-gedə qüdrətlənməsinin, dağlıq bölgələrdə belə həyat şəraitinin durmadan yaxşılaşmasının göstəricisidir.

    Ötən illərdə Lerikdə 22 məktəb, neçə-neçə poçt binası, müalicəxana tikilib. İnzibati binalar təzələnib. Yollar salınıb. Həm dövlət hesabına, həm də fərdi qaydada evlər inşa olunub. Şəhər tamamilə qazlaşdırılıb. Rayon mərkəzi xəstəxanası hazırda Lerikin ən gözəl, yaraşıqlı binalarından biri sayılır. Tibb ocağında aparılmış yenidənqurma işləri ilə tanış olan Prezident İlham Əliyevə məlumat verildi ki, burada yüksək səviyyəli müayinə və müalicədən ötrü hər cür şərait yaradılıb. Dövlət başçısı bir daha bildirdi ki, bundan sonra da bütün sosial məsələlərin həlli davam edəcəkdir.

    Keçən il Lerik və lerikliklər üçün uğurlu olub. Heydər Əliyev meydanında ulu öndərin möhtəşəm abidəsi ucaldılıb. Heydər Əliyev Mərkəzi üçün milli ornamentlərlə zəngin, müasir arxitektura üslubunda əzəmətli bina inşa edilib. Burada ulu öndərin həyat və fəaliyyətini əks etdirən fotoşəkillər çox böyük təsir bağışlayır. Prezident İlham Əliyev leriklilərlə görüşündə bu barədə danışaraq bildirdi ki, bu, Azərbaycanın tarixidir. Bütün dövrlərdə Heydər Əliyevin fəaliyyəti Azərbaycanın inkişafına xidmət edibdir. Hazırda Heydər Əliyevin siyasəti bütün sahələrdə davam etdirilir. Lerikin bugünkü siması o siyasətin nəticəsidir. Mədəniyyət evi, incəsənət məktəbi əsaslı şəkildə yenidən qurulub. Rayon icra hakimiyəti başçısının aparatı üçün üçmərtəbəli yeni bina ucaldılmağa başlayıb. Çayrud kəndində 200 yerlik orta, Hovil kəndində 120 yerlik əsas məktəb binası inşa edilib. Dövlət Proqramına uyğun olaraq rayonda investorların işləməsi üçün şərait yaradılıb. Tikilən yeni istirahət, turizm-əyləncə mərkəzləri, kərpic və çınqıl zavodu, mineral süfrə suyu sexləri məhz investorların fəaliyyətinin nəticəsidir. Bir çox inzibati və yaşayış binalarının dam örtükləri dəyişdirilib. Azərbaycan Respublikasının Dövlət Bayrağı meydanında tikinti işləri başa çatıb, 35 metr yüksəklikdəki qülləyə üçrəngli, ay-ulduzlu bayrağımız qaldırılıb. Cəngəmiran kəndində uşaq bağçası tikilib. Mərkəzi meydanda və N. Nərimanov küçəsində estetik baxımdan göz oxşayan 35 işıq dirəyi quraşdırılıb. N.Nərimanovun abidəsinin ətrafındakı bağ bərpa edilib. Dövlət vəsaiti hesabına tikilmiş PiranBlaband həkim məntəqələri istifadəyə verilib. Yeni parklar salınıb, istirahət guşələri yaradılıb.

    Yuxarıda qeyd etmişdim ki, payız-qış aylarında Lerikdə sərt iqlim şəraiti hökm sürür. Bəzən təbiət vaxtaşırı şıltaqlıq edir. Elə ötən il dekabrın ortalarında və bu il yanvarın ilk günlərində qasırğa ilə müşayiət olunan güclü küləklər Lerikin elektrik təsərrüfatına ciddi ziyan vurmuşdu. Dövlət orqanlarının vaxtında müdaxiləsi, rayon əhalisinin səfərbərliyə alınması, qısaca desək, səylərin birləşdirilməsi sayəsində təbii fəlakətin nəticələri tezliklə aradan qaldırılıb, həyat normal məcraya düşüb. Fevralmart aylarında da baş verən təbii fəlakətin nəticələri yenilib, təchizatda yaranan fasilələr qısa müddətdə aradan qaldırılıb. Bu, bir daha göstərir ki, getdikcə qüdrətlənən Azərbaycan dövləti üçün həlli mümkün olmayan problem yoxdur, yerlərdə vəzifələr idarəetməni gözəl bilən, dövlətçilik mənafeyini hər şeydən üstün tutan, qüvvələri səfərbərliyə almağı bacaran qabiliyyətli adamlara tapşırılıb.

    Çətinliklərə, təbiətin sınaqlarına baxmayaraq, cari ilin ötən aylarında Lerikdə abadlıq-quruculuq işləri yeni vüsətlə davam etdirilib. Keçən əsrin 60-cı illərində yaradılmış elektrik təsərrüfatının bərpası məqsədilə, nəhayət, tədbirlər görülməsinə başlanıb. Rayon icra hakimiyyəti tərəfindən yeni tikiləcək 110 kilovoltluq elektrik stansiyası üçün torpaq sahəsi ayrılıb, xəttin keçəcəyi trass müəyyənləşdirilib, layihə-smeta sənədləri hazırlanaraq "Azərenerji" ASC-yə təqdim edilib. Çoxsaylı müraciətlərdən sonra artıq Lerik şəhərində elektrik xətlərinin dəyişdirilməsi işinə başlanıb. Yaxın günlərdə şəhərdə yaşayan abonentlər üçün smart-kart tipli sayğacların quraşdırılması işinə başlanacaq. Lerik-Vizəzəmin hava xətlərində təmir-bərpa işləri aparılır.

    Son iki-üç ildə rayona gələn ağır yüklü maşınlar Lənkəran-Lerik yolunda problemlər yaratmışdı. Rayon rəhbərliyinin Nəqliyyat Nazirliyinə etdiyi müraciətə əsasən həmin yol boyunca sürüşməyə məruz qalmış torpaq yataqları hamarlanıb, asfalt vurulub, yeni istinad divarları hörülüb və digər bərkitmə işləri aparılıb.

    Hazırda Lerik şəhərində 1320 ailə təbii qaz alır. İndi Cəngəmiran kəndinə mavi yanacaq xəttinin çəkilməsinə başlanıb, yaxın vaxtlarda rayonun digər kəndlərinə də qaz xətti çəkmək nəzərdə tutulub.

    Rayon ictimaiyyəti ilə görüşündə Prezident İlham Əliyev qeyd etmişdir ki, leriklilər çox gözəl təbii şəraitdə yaşayırlar. Təsadüfi deyil ki, Lənkəran-Lerik yolu boyunca turizm, istirahət-əyləncə mərkəzləri şəbəkəsi genişlənir. Obyektlərdə yeni kotteclər, istirahət meydançaları tikilir. Lerik-Lənkəran yolunun yaxınlığında "Cənub", Bilnə kəndi yaxınlığında "Səfa", Qosmalian kəndi ərazisində "Relax" turizm-istirahət mərkəzinin inşası davam etdirilir.

    Bizim dəfələrlə qalıb istirahət etdiyimiz "Təbəssüm" turizm mərkəzi yurdumuzun Lerik adlı yaşıl tacının gözoxşayan bir naxışıdır. Birinci Dövlət Proqramında Lerikdə məhz bu mərkəzin inşasının dəstəklənməsi ayrıca müddəa kimi əksini tapmışdı. Burada eyni vaxtda əlli nəfərin dincələ bilməsi nəzərdə tutulmuş, ölkə rəhbərliyinin tapşırığı ilə obyektin genişləndirilməsinə kredit ayrılmışdı. Bununla da Talış dağlarının qoynunda, Lənkəran çayının sahilində, sıx meşəlik ərazidə istirahət üçün lazımi şərait böyük zövqlə yaradılıb. Hazırda Lerikin turizm mərkəzlərində minlərlə müsafir istirahət etməkdədir.

    Lerikdə Qarabağ əlilləri və şəhid ailələri üçün yeni, 16 mənzilli yaşayış evinin tikintisi başa çatıb. Şəhər yollarının kənarlarındakı istinad divarları milli ornamentlərə uyğun yenidən tikilib. Meydanbağlarda salınan çəmənliklər, əkilən dekorativ bəzək ağacları, gül kolları şəhərə xüsusi yaraşıq verir, fəvvarələr ətrafa sərinlik yayır. Baytarlıq idarəsi üçün yeni inzibati bina inşa edilib. Şəhərdəki bulaqlar təmir edilir. Uşaqlar üçün əyləncə mərkəzində tikinti işləri sürətlə aparılır.

    Lerikdə görülən bütün abadlıq-quruculuq işlərinə yerli əhalidən olan qüvvələrin cəlb edilməsi məşğulluq probleminin həllinə kömək edir. Hazırda bu işlərdə 100-dən artıq adam çalışır.

    Lerik bəlkə də dünyanın yeganə şəhəridir ki, orada "Uzunömürlülər" muzeyi tikilib. Bildiyimiz kimi, dünyanın ən uzunömürlü sakini kimi Ginnesin rekordlar kitabına daxil edilən Şirəli Müslümov 168 il yaşayıb. Eyvaz Mahmudov 150 yaşında dünyasını dəyişib. Məcid Ağayev və Hacı Heydər həyatlarında üç əsri görüblər. Qızıl Quliyeva 136, Nəni Əhmədova 120 yaşında xanım-xatun nənə olublar. İndinin özündə də Lerikdə yaşı yüzü ötmüş, əsrin dizini qatlamış onlarca ağsaqqal və ağbirçək yaşayır. Bu faktlar Leriki Azərbaycanın uzunömürlülər paytaxtı adlandırmağa əsas verir. Səfər çərçivəsində muzeyin açılışında iştirak edən Prezident İlham Əliyevə məlumat verildi ki, hazırda rayonun yaşı 100-ü keçmiş 20-dən çox sakini var. Muzey böyük turizm potensialına malik Lerikə əlavə səyahət həvəskarlarının gəlməsinə səbəb olacaqdır.

    Prezident İlham Əliyev Lerik ictimaiyyəti ilə görüşündə rayonun inkişafından razılığını dönə-dönə vurğuladı: "...Lerikin timsalında Azərbaycanın sürətli inkişafını çox əyani şəkildə görürük. Biz əldə edilmiş uğurlarla kifayətlənməməliyik, irəliyə baxmalıyıq, əlavə hansı tədbirlər görülməlidir. Rayonun potensialı maksimum dərəcədə işə salınmalıdır. Xüsusilə kənd təsərrüfatı, emal və sənaye müəssisələri, turizm imkanları çox genişdir..."

    Dövlət qayğısından ruhlanan leriklilər yeni zirvələrə doğru inamla irəliləyirlər.

 

 

    Əli NƏCƏFXANLI

 

    Xalq qazeti.- 2010.-1 iyul.- S. 5.