2 iyul Azərbaycan Polisi Günüdür

 

    İnkişafın qarantı - sabitlik və təhlükəsizlik

 

    Azərbaycan polisi onların qorunması, daha da möhkəmləndirilməsi keşiyindədir

 

    Dövlətin taleyi o zaman təhlükə altında ola bilər ki, onun gələcəyi barəsində fikirlər, ideyalar tükənsin. Dövlətin taleyi həm də o zaman təhlükə altında ola bilər ki, onun gələcəyi barəsində fikirlər, ideyalar olsun, lakin həmin fikir və ideyaları həyata keçirəcək hərəkətverici qüvvə, lider, rəhbər olmasın. Ölkəmizin bu günü və gələcək taleyi ilə bağlı ümummilli liderimiz Heydər Əliyevin əbədiyaşar ideyaları, habelə bu ideyalara sədaqətlə xidmət edən, yeni dövrün tələblərinə uyğun olaraq ona yeni çalarlar əlavə etməklə zənginləşdirən möhtərəm Prezidentimiz və Ali Baş Komandanımızın fəaliyyəti müstəqil Azərbaycan dövlətinin sarsılmazlığının və inkişafının qarantıdır. Praqmatik düşüncə tərzi, müasir dövlət idarəçiliyi prinsiplərini demokratik inkişafın Azərbaycan modelinə tətbiqetmə onun fəaliyyətini rövnəqləndirən cəhətlərdir.

 

    Dövlət başçısı cənab İlham Əliyevin böyük öndərin siyasətini uğurla davam etdirməsi Azərbaycanın taleyində elə parlaq səhifələr açır ki, bir vaxtlar onları ancaq xəyal etmək olardı. "İzvestiya" qəzetinə müsahibə verən cənab İlham Əliyev deyirdi: "Biz hər şeyə müvəffəq olacağıq". Bu, doğrudan da belə oldu. Həyat sübut etdi ki, Prezidentin ölkə həyatının bütün sahələrini inkişaf etdirmək üçün konkret proqramları var. Bu proqramların arxasında böyük öndərin irsinin layiqli davamçısının qətiyyəti, dünya birliyi tərəfindən qəbul edilən prinsipial, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirən dövlətçi şəxsiyyəti durur. Azərbaycanın bu gün iqtisadi inkişafına görə dünyada lider mövqeyə çıxması da deyilənlərin əyani təzahürüdür. Vətəndaş cəmiyyətinin möhkəmləndirilməsi, demokratikləşmə prinsipinin irəli aparılması, hüquqi dövlətin daha əzmkarlıqla qorunması və inkişaf etdirilməsi, vətəndaşların təhlükəsizlik və sabitlik şəraitində yaşaması Prezidentin siyasətinin kökündə durur.

    Dövlət başçısının yürütdüyü siyasət tam halda xalqın və müstəqil respublikamızın milli maraqlarına köklənib. Bu səbəbdən də Azərbaycan xalqı əmindir ki, gec-tez respublikanın ərazi bütövlüyü təmin ediləcək, məcburi köçkünlər öz dədə-baba yurdlarına dönəcək, hər bir vətəndaş sülh, təhlükəsizlik və rifah şəraitində yaşayacaq. Bu fikri təsdiqləyəcək onlarla təkzibolunmaz faktdan yalnız birini qeyd edim. Qlobal iqtisadi böhranın meydana çıxdığı vaxtdan indiyə qədər olan müddət ərzində Azərbaycanın bu problemə dayanıqlığı özünü bariz şəkildə göstərdi. Ölkəmizin qlobal iqtisadi böhranın təsirlərindən effektiv qorunması indi dünya maliyyə institutlarının xüsusi maraq dairəsindədir. Azərbaycan vətəndaşı indi hər gün yeniləşən, inkişaf edən, demokratikləşən, bəşəri dəyərlərə daha sıx qovuşmağa doğru hərəkət edən, vətəndaşların hüquq və azadlıqları daha səmərəli və etibarlı şəkildə qorunan bir ölkədə yaşayır. Bu gün Azərbaycan nəinki regionda, nəinki keçmiş postsovet məkanında, hətta dünyada ən sabit və təhlükəsiz ölkədir. MDB məkanına daxil olan ayrı-ayrı dövlətlərdə, habelə dünyanın bir çox inkişaf etmiş ölkələrində baş verən qarşıdurmalar, daxili çaxnaşmalar, rəngli inqilabların nəticələrinin necə böyük fəlakətlər gətirdiyinin şahidiyik. Azərbaycan isə bütün bu bəlalardan ona görə xilas ola bildi ki, düz 17 il əvvəl ümummilli liderin hakimiyyətə qayıdışı ilə Azərbaycan dağılmaqdan quruculuğa, siyasi kataklizmlərdən sivil siyasi mübarizəyə, insan haqlarının kütləvi surətdə pozulmasından vətəndaşların hüquq və azadlıqlarının sivil, bəşəri dəyərlərə uyğun qorunmasına, qeyri-qanuni silahlı birləşmələrin qarşıdurmasından möhkəm ictimai-siyasi sabitliyin bərpa olunmasına, hakimiyyətin zor gücünə ələ keçirilməsindən demokratik seçkilər yolu ilə hakimiyyətə gəlmək ənənəsinə, tarixi əlaqələr bərpa edilməklə dövlətlərarası çoxşaxəli yeni münasibətlərin yaradılmasına nail oldu. Lakin bütün bunlara elə də asanlıqla müvəffəq olunmadı. İndi yalnız Dağlıq Qarabağ münaqişəsinin həlli qaldığından obıvatel tərəfindən həmin taleyüklü məsələlərin çözümü sıradan problemlərin həlli kimi qələmə verilə bilər. Amma həmin problemlərin yoluna qoyulması ümummilli liderin gecəli-gündüzlü ağır zəhmətinin, qətiyyətinin, şəxsiyyətinin məğlubedilməzliyinin, alternativi olmayan daxili və xarici siyasətinin, müstəqil dövlətin Azərbaycan modelini işləyib hazırlamasının və həyata keçirməsinin hesabına başa gəldi. Biz sizlərlə adı müstəqil, özü isə marionet olan respublikaları, onların bugünkü durumunu görürük. Elə dövlətlərin gələcək talelərini proqnozlaşdırmaq da çətin deyil. Ölkəmizin isə real müstəqilliyi ona görə sarsılmazdır ki, böyük öndərin irsi xalq tərəfindən hifz olunub saxlanılır, möhtərəm Prezidentimiz tərəfindən isə ümummilli liderin onilliklərə hesablanmış strategiyası ləyaqətlə, qətiyyətlə, qüsursuz yerinə yetirilir. Möhtərəm Prezidentimiz sözün əsl mənasında ölkəsinin və xalqının milli maraqları naminə böyük siyasətçi qətiyyəti ilə deyir: "Milli maraqlarımıza zidd olan mövqe nümayiş etdirənə biz hansı mövqeyi nümayiş etdirə bilərik?! Əgər bizim maraqlarımız pozulursa, maraqlarımızı pozanın maraqlarını necə müdafiə edə bilərik, necə dəstəkləyə bilərik?! Ölkələrin böyüklüyündən-kiçikliyindən asılı olmayaraq dünyada hər şey qarşılıqlıdır. Bunu biz kəşf etməmişik. Dünya birliyi bu əsasda fəaliyyət göstərir. Nə iqtisadi potensial, nə hərbi güc, nə əhali, nə ərazi ikitərəfli münasibətlərdə rol oynaya bilməz". Dövlət başçısı Azərbaycanın milli maraqları naminə eynən ümummilli lider kimi prinsipial mövqe ortaya qoyur, qətiyyət nümayiş etdirir. Ali Baş Komandan deyir: "Mən hər hansı problemə münasibət zamanı düşünürəm ki, görəsən, Heydər Əliyev belə vəziyyətdə necə hərəkət edərdi?" Bax, budur, alternativi olmayan siyasətin davamı! Budur doğru yol! Azərbaycan doğru yolda olduğundan biz bir ölkə kimi günbəgün, aybaay, ilbəil inkişaf edir, yeniləşir, demokratikləşirik.

 

    Azərbaycan polisinin tarixinə bir nəzər

 

    Şərqdə ilk dəfə demokratik respublika quran Azərbaycan xalqı və onun dövlətinin keçdiyi yol şərəfli və kəşməkəşli olduğu kimi, Azərbaycan polisinin həyatı və fəaliyyəti də eyni xarakterli olmuşdur. Daxili İşlər Orqanlarının başına çox bəlalar gəlib, çox işlər gətirilib. Zaman-zaman sərt sınaqlara çəkilən, repressiyalara məruz qalan, təxminən 70 il ərzində kommunist ideologiyasının birbaşa təsiri altında fəaliyyət göstərən Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra da - sabiq iqtidarlar dövründə öz səlahiyyətlərindən kənara çıxmağa məcbur edilən ölkə polisi, demək olar ki, bütövlükdə qarşısında duran vəzifələri layiqincə yerinə yetirmişdir. Azərbaycan polisi ən çətin zamanlarda həmişə xalqın güvənc yeri olmuş, cinayətkarlığa qarşı mübarizə aparan, xalqın asayişini mühafizə edən bir orqan kimi hörmət və sayğıya layiq görülmüşdür. Bu gün Azərbaycan polisinin 92 yaşı tamam olur. Onun keçdiyi şərəfli, ziddiyyətli və tarixi yol haqqında ümummilli lider Heydər Əliyev belə demişdir: "Bu tarixi dövrdə Azərbaycan polisinin, milisinin, daxili işlər orqanlarının çox əhəmiyyətli nailiyyətləri də, itkiləri də, uğurları da, səhvləri də olmuşdur. Bu tarixin çox parlaq səhifələri də, ancaq ləkəli, qara səhifələri də vardır. Amma bunların hamısı bizimdir, Azərbaycanındır, xalqındır. Bu bizim xalqın tarixinin səhifələridir".

    Azərbaycan polisinin arenada görünməsi xanlıqlar dövrünə təsadüf edir. Həmin vaxtlar xanlıqlarda xüsusi səlahiyyətlərlə fəaliyyət göstərən darğalar müəyyən mənada polisin funksiyalarını yerinə yetirmişlər.

    Rusiya ilə İran arasında gedən müharibənin nəticəsi olaraq 1828-ci ildə imzalanan Gülüstan sülh müqaviləsinə görə Şimali Azərbaycan Rusiyaya birləşdirildi. Məhz həmin vaxtlardan ölkəmizdə polis rəsmi orqan kimi fəaliyyətə başlayıb. Tarixi məxəzlərin təsdiq etdiyinə görə, ilk uyezd polis idarələrinin əsası 1840-cı ildə qoyulmuşdur. Həmin idarələr ilk vaxtlar Bakı, Gəncə, Şamaxı, Naxçıvan, Quba, Şuşa və digər bölgələrdə fəaliyyət göstərməklə tədricən ölkə ərazisini bütövlükdə əhatə edib. O vaxt polis idarələri quberniya rəhbərliyinə tabe olmuşdur. O dövrün polisi xırda cinayət hadisələrinə baxmaqla, əgər belə demək mümkünsə, məhkəmə funksiyalarını da yerinə yetirmişdir. Belə vəziyyət 1918-ci ilin aprelinədək davam edib. Daşnak Şaumyanın rəhbərliyi ilə Bakı Xalq Komissarları Soveti yarananda daxili işlər komissarlığı da təsis edilib. Bolşevik Alyoşa Caparidze onun ilk rəhbəri olub.

    Azərbaycan Xalq Cümhuriyyəti qurulandan sonra - 1918-ci il iyulun 2-də ölkəmizin tarixində ilk dəfə müstəqil polis qurumları yaradılmışdır. Azərbaycan Xalq Cümhuriyyətinin ilk baş naziri və daxili işlər naziri vəzifəsini Fətəli xan Xoyski tutmuşdur. Fətəli xan Xoyskidən sonrakı daxili işlər nazirləri Cavanşir Behbudov, Xəlil bəy Xasməmmədov, Nəsib bəy Usubbəyov, Məmmədhəsən Hacınski və Mustafabəy Vəkilov olmuşdur.

    ADR dövründə Azərbaycan DİN-in tabeliyində aşağıdakı qurumlar olmuşdur:

    - Bakı, Balaxanı, Sabunçu müstəqil polismeyster idarələri;

    - Bakı şəhər upravasının polisi;

    - Bakı xüsusi vergi polisi;

    - Xəfiyyə polisi;

    - Gəncə, Zəngəzur, Şuşa, Cavanşir, Cavad, Cəbrayıl və sair qəzaların polis idarələri.

    1920-ci ilin aprelində bolşevik Rusiyası XI Qızıl Ordunun vasitəsilə Azərbaycanı işğal etdi. Sovet Azərbaycanının ilk daxili işlər naziri Həmid Sultanov olub. Polisin adı da dəyişdirilərək milis adlandırılıb. Pristavlar işdən götürülüb, onların yerlərinə komissarlar təyin olunub. 1922-ci ildə 70 qəza milis rəisindən 93 faizinin heç orta təhsili də olmayıb. Şəxsi heyətin 75 faizi tam savadsız olub. O vaxtdan indiyədək Azərbaycan Respublikasının daxili işlər naziri vəzifəsini 20 nəfər tutub.

    Hüquq-mühafizə orqanlarının, o cümlədən də DİN və onun strukturlarının fəaliyyəti ilə bağlı xüsusi olaraq tənqid olunan mərhələ 1937-1938-ci illərin repressiya dövrüdür. Həqiqətən o illərdə bu orqanlarda işləyənlərin əksəriyyətinin günahı üzündən yox, o dövrdə aparılan dövlət siyasəti, o dövrün ideoloji prinsipləri nəticəsində insanlar günahsız qurban olublar, repressiyaya məruz qalıblar. Bu, tariximizin dəhşətli səhifələridir, illəridir. Minlərlə, on minlərlə insan, onların ailə üzvləri həbslər, repressiya nəticəsində, əsassız ittihamlar nəticəsində böyük məhrumiyyətlərə uğrayıblar. O da faktdır ki, 1920 - 1940-cı illərdə milisin 500-ə qədər əməkdaşı cinayətkarlığa qarşı mübarizədə həlak olmuş, 1937-39-cu illərdə isə onun yalnız rəhbər heyətindən, təxminən 320 nəfər repressiyaya məruz qalmışdır. 1941 - 1945-ci illər müharibəsində isə 800 nəfərə yaxın milis əməkdaşı cəbhəyə yollanmış, böyük əksəriyyəti geri dönməmişdir. Müharibədən sonrakı illərdə milisdə çalışan İsrafil Məmmədov, polkovnik Mehdi Quliyev, generallar Xəlil Məmmədov və Səlahəddin Kazımov isə cəbhədən Sovet İttifaqı qəhrəmanları kimi qayıtmışdılar.

    Azərbaycan polisinin 1988-ci ildən bu günə qədər olan tarixi xüsusi bir dövrdür və o, zənnimcə, aşağıdakı mərhələlərə bölünməklə tədqiq oluna bilər:

    - 1988-ci ilin fevralından 1991-ci ilin oktyabrınadək - dövlət müstəqilliyi elan olunana qədərki dövr;

    - 1991-ci ilin oktyabrından 1993-cü ilin iyununadək - yəni Qurtuluş Gününə qədər olan dövr;

    - 1993-cü ilin iyunundan bu günədək olan dövr.

    Bu tarixi dövrlərin hər birində polisin fəaliyyətini xüsusi şərtləndirən məqamlar olmaqla yanaşı, bu fəaliyyəti bir-birindən kəskin surətdə ayıran və qırmızı xətlə keçən mahiyyət fərqi də var. Ümummilli liderimiz Azərbaycan polisinin 80 illik yubileyində çıxış edərək dedi: "Azərbaycan Daxili İşlər Nazirliyinin, milis, polis orqanlarının tarixində son on il çox mürəkkəb, ziddiyyətli, çətin və ağır dövr olmuşdur. Bu on ildə Azərbaycanın Daxili İşlər Nazirliyində sədaqətlə xidmət edən insanlar öz vətəndaşlıq borcuna sadiq qalmış, öz xidməti vəzifələrini layiqincə yerinə yetirmişdir. Ancaq eyni zamanda, bu müddətdə Azərbaycanda gedən ictimai-siyasi proseslərin ucbatından və ayrı-ayrı vəzifəli şəxslərin etdikləri cinayətin, xalqa xəyanətin nəticəsində Daxili İşlər Nazirliyinin bir çox əməkdaşlarının özləri cinayətkarlara çevrilmiş, peşələrinə ləkə gətirmiş, ümumiyyətlə Daxili İşlər Nazirliyi orqanlarının işinə böyük zərbələr vurmuşlar. Daxili İşlər Nazirliyi orqanlarında nə qədər mənfi hallar olmuşdusa da, bu orqanlarda çalışan şəxsi heyətin əksəriyyəti öz mənliyini qorumuş, Vətənə, xalqa sədaqətini daim saxlamışdır". Zaman təsdiq edir ki, böyük öndərin verdiyi bu qiymət heç vaxt dəyişməyəcək. Azərbaycan polisinin fəaliyyətinin dünəni də, bu günü də, gələcəyi də həmin etalonun qəlibinə salınmaqla qiymətləndiriləcək. Yuxarıda qeyd etdiyim üç dövrün birinci ikisini xarakterizə edən əsas cəhət ondan ibarət olub ki, hüquq-mühafizə işinin əlifbasını belə bilməyənlər bu orqanda rəhbər vəzifələrə irəli çəkilib. Ali Baş Komandan cənab İlham Əliyev həmin dövrü belə qiymətləndirib: "Əfsuslar olsun ki, müstəqillik bərpa olunduqdan sonra polis orqanlarında vəziyyət ürəkaçan deyildi. Məhz o illərdə ən böyük cinayətləri törədən insanlar polis orqanlarının rəhbər işçiləri, Daxili İşlər Nazirliyinin rəhbərləri idilər". Yalnız üçüncü dövrdən başlayaraq Azərbaycan DİN sözün əsl mənasında müstəqil dövlətin nazirliyi olaraq qanunlarla müəyyən edilmiş vəzifələri icra edən müstəqil dövlət orqanı kimi fəaliyyət göstərdi və bu gün də göstərməkdədir. Ümummilli liderə təxminən üç il lazım gəldi ki, həm ölkədə ictimai-siyasi sabitlik bərqərar olunsun, həm də kriminogen duruma nəzarət edilsin.

 

    Yeni vəzifələr

 

    Nüfuzlu araşdırma mərkəzləri və tanınmış ekspertlər hələ XX əsrin sonlarında qeyd edirdilər ki, yeni yüz ildə bəşəriyyət yeni kəşflərin, siyasi, iqtisadi və mədəni sahədə inkişafın zirvəsinə doğru irəliləyə biləcəyi kimi, qlobal problemlərlə də - mütəşəkkil cinayətkarlığın, beynəlxalq narkomafiya və terrorun yeni formada təzahürləri ilə də üzbəüz qala bilər. Hazırda da davam edən proseslər yeni dünya nizamının hələ tam həllini tapmamasından xəbər verir: qabarma və çəkilmələrdən, strateji maraqlardan, bu zəmin üzərində hərbi toqquşmalar və müharibələrdən, qlobal iqtisadi böhrandan və digər məsələlərdən. Təbii ki, Asiya və Avropanı birləşdirən və xüsusi geopolitik mövqeyi olan Azərbaycan dünyanın bir parçası olduğundan baş verən proseslərdən kənarda qala bilməz, qalmır da.

    Transmilli cinayətkarlıq, beynəlxalq terrorizm, narkobiznes və insan alveri XXI əsrin bəlalarıdır və bu baxımdan hüquq-mühafizə orqanlarının, o cümlədən də DİN və onun strukturlarının qarşısında yeni və çox mürəkkəb vəzifələr durur. Daxili İşlər Nazirliyi öz fəaliyyətini ictimai təhlükəsizliyin təmini, cinayətkarlığın qarşısının alınması, insan və vətəndaş hüquq və azadlıqlarının qorunmasına dair ümumdövlət prioritetlərinə, qanunun aliliyinə söykənən milli strategiya əsasında qurur. Qanunvericiliyin humanistləşdirilməsi, sosial-hüquqi nəzarətin səviyyəsinin artırılması şəraitində fəaliyyətinin səmərəliliyinin yüksəldilməsinə, habelə kriminogen duruma təsir göstərilməsi mexanizminə, informasiya-texnologiya vasitələrinin keyfiyyətcə yenidən qurulmasına dair proqram sistemli şəkildə, ardıcıllıqla həyata keçirilir. Qanunçuluğun, xidməti, icra və uçot-qeydiyyat intizamının, daxili təhlükəsizliyin möhkəmləndirilməsi, şəxsi heyətin peşəkarlığının artırılması məqsədilə zəruri tədbirlər görülür. Kriminogen durum daim izlənilməklə nəzarətdə saxlanılır. Əməliyyat mövqelərinin, informasiyanın dərin işlənilməsi və reallaşdırılmasının gücləndirilməsi yoluyla onun dəyişməsinə qabaqlayıcı, preventiv reaksiya göstərilməsi təmin edilir.

    Cinayətkar aləm demokratik dəyərlərə xələl gətirilmədə daim artan hüquq-mühafizə təzyiqini hiss etməkdədir. Aparılan iş proqnozlaşdırılan nəticələri gətirir. Son illər ərzində Azərbaycan Respublikasında cinayətkarlığın azalması müşahidə edilir. Ağır cinayətlərin, qəsdən adamöldürmələrin, quldurluqların, azyaşlılar tərəfindən törədilən hüquq pozuntularının sayı aşağı düşür. 1993-cü ildən indiyədək təxminən 30 mindən artıq müxtəlif odlu silah götürülmüşdür ki, bu da odlu silahla törədilən cinayətlərin 10 dəfədən çox azalmasıyla nəticələnib. Cinayətlərin açılması son illər 90 faizdən yüksək olaraq qalıb. Respublikamızda əhalinin hər yüz min nəfərinə düşən cinayətlərin sayı son 5 ildə orta hesabla 200 cinayət faktı təşkil edib. Müsbət meyillər 2010-cu ildə də qorunub saxlanılıb.

    Bu gün Azərbaycan DİN dövlətin müəyyənləşdirdiyi strategiyaya uyğun olaraq dünyanın, xüsusilə də Avropanın beynəlxalq polis strukturlarına inteqrasiya olunmaq yolunu tutub. İkitərəfli və çoxtərəfli əməkdaşlığın qurulması əldə olunan nailiyyətlərin rəhnidir. İndi Azərbaycan polisi BMT, NATO, Avropa İttifaqı, Avropa Şurası, ATƏT, Beynəlxalq Miqrasiya və İqtisadi Əməkdaşlıq Təşkilatı, MDB, habelə digər beynəlxalq təşkilatlarda yüksək səviyyədə təmsil olunur. Amma nə yazıq ki, cəmiyyətin demokratik inkişaf tendensiyası arzu etdiklərimizlə üst-üstə düşmür. Reallıq utopik sosializm və utopik kommunizmin uydurduğu "cinayətsiz cəmiyyət" ideyalarını rədd etsə də, bəzi xəyalpərvər qüvvələr, nöqsanlı və qərəzli düşüncə sahibləri hələ də cinayətkarlıq olmayan ölkə və cəmiyyət təfəkkürünün girovlarıdır. Hər kəs bilməlidir ki, cinayətkarlığın kökünü tamamilə kəsmək mümkün deyil. Amma cinayətkarlığa qarşı uğurla mübarizə aparmaq, kriminogen durumu nəzarətdə saxlamaq olar. DİN və onun strukturları məhz bu vəzifələrin öhdəsindən gəlməyi bacarırlar.

    Görülən işlərin nəticəsidir ki, cinayətkarlığa qarşı mübarizədə ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunması sahəsində əvvəlki illərin müsbət nəticələri 2009-cu ildə də qorunub saxlanılmış və 2010-cu ilin ötən dövrü ərzində daha da inkişaf etdirilmişdir. 2009-cu ildə respublikada 22.830 cinayət qeydə alınmışdır ki, təsnifat baxımından onların 88,3 faizi böyük ictimai təhlükə törətməyən və az ağır, yalnız 11,7 faizi ağır və xüsusilə ağır cinayətlərdir. Cinayətlərin açılma faizi isə 88 faiz təşkil etmişdir. 2009-2010-cu illərdə banditizm və adamların girov götürülməsi cinayətləri qeydə alınmamışdır. Mən müsbət nəticələri təsdiqləyən faktların siyahısını genişləndirə bilərəm. Lakin buna ehtiyac olmadığından beynəlxalq polis təşkilatının Azərbaycan Daxili İşlər Nazirliyinin fəaliyyətinə verdiyi qiyməti xatırladıram: "Çox qısa zamanda Azərbaycan nümunə olacaq qədər inkişaf etmiş, dövlətçiliyi və təhlükəsizliyi möhkəmlənmiş ölkədə ictimai asayiş qorunub saxlanmışdır. Təbii ki, bu, müdrik siyasətin nəticəsidir. Biz Azərbaycanın hüquq-mühafizə orqanlarının xalqın təhlükəsizliyinin qorunması sahəsindəki xidmətlərini yüksək qiymətləndiririk. Terrorizm, mütəşəkkil cinayətkarlıq, narkotik maddələrin alveri və qaçaqmalçılıqla mübarizə sahələrində ciddi işlər görülmüşdür".

 

    Günün tələbi - peşəkar, sədaqətli əməkdaş

 

    Azərbaycan polisinin peşə hazırlığını daha da təkmilləşdirmək üçün 2010-cu il hörmətli nazirimiz general-polkovnik Ramil Usubovun bu ilin mart ayında imzaladığı əmrə görə "Peşə hazırlığı ili" elan olunmuşdur. Təbii ki, əgər yetkin, peşəkar, müstəqil dövlətinə sədaqətli kadrlar olmasa ən yaxşı qanunlar, normativ aktlar, dövlət-vətəndaş, dövlət-cəmiyyət münasibətlərini tənzimləyən ən yaxşı sənədlər kağız üzərində qalar. Ümummilli liderimiz Azərbaycan polisinin 84 illik yubileyində çıxış edərkən dedi: "Bu peşəni, polis peşəsini qəbul edən Daxili İşlər Nazirliyinin əməkdaşı bilməlidir ki, o, sədaqətlə xidmət etməlidir. Mən bu məsələni ön plana çıxarıram. Ön plana çıxararaq bir daha Azərbaycanın dövlət müstəqilliyinə bərabər səviyyəyə gətirirəm. Biz dövlət müstəqilliyimizə sadiq olduğumuz kimi, peşəmizə də sadiq olmalıyıq. Əgər peşəmizə sadiq olmasaq, onda dövlətimizə, dövlət müstəqilliyimizə sadiq ola bilmərik".

    Daxili İşlər Nazirliyinin rəhbərliyi peşəkar polis kadrlarının hazırlanmasında məhz böyük öndərin bu tövsiyələrindən çıxış edir: "Gələcəkdə Azərbaycanın çiçəklənməsini təmin edəcək başlıca amillər gənclərin qətiyyəti və novatorluğu, yaşlıların müdrikliyi və təcrübəsidir" kursunu hədəf seçən Ali Baş Komandanımızın göstəriş və tapşırıqları ən yüksək səviyyədə həyata keçirilir.

    Prezident dövlət qulluqçularını belə görmək istəyir: "Bu zümrə fəaliyyətində qanunun aliliyi, vəzifə borcuna sədaqət, humanizm, sosial ədalət prinsiplərini rəhbər tutmalı, vətəndaşın və dövlətin maraqlarını uzlaşdırmalıdır". Belə tələblərə cavab verən kadrlar yetişdirmək ən mühüm məsələlərdən biridir. Məlumat üçün deyim ki, hələ 1921-ci ildə yaradılmış və 1922-ci ildən komandir heyəti hazırlayan tədris müəssisəsi statusu almış Bakı Orta Xüsusi Milis Məktəbi vaxtilə nəinki Azərbaycan, hətta bütün Zaqafqaziya və Şimali Qafqaz regionu üçün milis kadrları hazırlamışdır. Həmin tip tədris müəssisələri sırasında özünün yüksək səviyyəsi və nüfuzu ilə seçilmişdir. 1992-ci ildən məktəbin bazasında fəaliyyətə başlayan Polis Akademiyası bilavasitə ümummilli liderimiz Heydər Əliyevin göstərişləri, tövsiyələri və birbaşa rəhbərliyi ilə tamamilə yenidən qurulmuş, köklü islahatlara məruz qalmış, nəticədə ölkənin sayılıb-seçilən, ali hüquq təhsili verən xüsusi təhsil müəssisəsinə çevrilmişdir. Ali Baş Komandan cənab İlham Əliyevin bilavasitə qayğısı nəticəsində akademiyanın daha yüksək səviyyəli peşəkar kadrlar hazırlaması üçün maddi-texniki bazası müasir standartlara uyğun qurulmuş, tədrisin daha keyfiyyətli aparılması üçün təsirli tədbirlər görülmüşdür. Polisin fəaliyyətində önəmli olan Cinayət, Cinayət Prosessual, İnzibati Xətalar haqqında məcəllələrin, "Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların dövriyyəsi ilə mübarizə haqqında" və digər qanunların, eləcə də qanunvericilik aktlarının peşə hazırlığı dərslərində öyrənilməsi təmin edilmişdir. Vətəndaşların hüquq və azadlıqlarının qorunması, insan alverinə qarşı mübarizə məsələlərinin öyrənilməsi prioritet vəzifələr sırasına daxil edilmişdir. Həmçinin, sıravi və kiçik rəis heyəti hazırlayan məktəb təşkil olunmuş, ixtisasartırma kursları getdikcə daha çox səmərə verməyə başlamışdır. Bütün həyata keçirilən tədbirlərin nəticəsidir ki, Avropa Şurası ekspertləri tərəfindən "Azərbaycan Respublikasında polis kadrlarının hazırlanmasının qiymətləndirilməsi" monitorinqinin yekunları qənaətbəxş hesab edilmişdir. Sevindiricidir ki, indi Azərbaycan DİN və onun strukturlarının əməkdaşları, xüsusilə də Polis Akademiyasının müəllimləri bir çox hallarda xarici ölkələrə ixtisaslarını artırmağa, öyrənməyə deyil, ekspert kimi rəy verməyə, müxtəlif metodiki vəsaitlərin və proqramların hazırlanmasına dəvət alırlar. Akademiyanın əməkdaşları 30-dan artıq beynəlxalq sertifikat almışlar. Bu gün DİO-da çalışan və özünün biliyi, bacarığı, xidməti borca münasibətilə seçilən Akademiyanın yüzlərlə məzunu var. Akademiyanın qarşısında duran əsas vəzifə mükəmməl biliyə, yüksək mənəvi-psixoloji keyfiyyətlərə, xüsusi fiziki hazırlığa, möhkəm iradəyə və qətiyyətə malik polis zabitləri hazırlamaqdır. İndiyədək yüzlərlə əməkdaşımız dünyanın ən məşhur ali məktəblərində müvafiq ixtisas üzrə biliklərini təkmilləşdirmiş, təhsildə yüksək nəticələr göstərmişdir. Bu gün Türkiyə, ABŞ, Rusiya, Çin, Böyük Britaniya və digər ölkələrin ən nüfuzlu universitet və akademiyalarında təhsilini davam etdirən onlarla layiqli əməkdaşımız var.

 

    Qanunların keşiyində

 

    Məşhur bir deyim var: "Cəzalandırılmış cinayətkar bütün yaramazlar üçün nümunədir. Günahsız cəzalandırılmış isə bütün namuslu insanların vicdan məsələsidir". Bu deyimin qayəsində haqqın, ədalətin zəfər çalmasının labüdlüyü durur. Ölkənin hüquq-mühafizə orqanlarının, o cümlədən də Azərbaycan polisinin məhz bu prinsip əsasında fəaliyyət göstərməsi dövlət başçısının bir nömrəli tələbidir.

    DİN və onun strukturları da, əgər obrazlı dillə desək, "şəffaf evdə yaşayır, işləyir və daim müşahidə olunurlar". Şəksiz, DİO hər hansı tədbir keçirəndə, yaxud DİN hansısa qərar qəbul edəndə kiminsə xoşuna gəlib-gəlməməsindən asılı olmayaraq qanunlardan çıxış edir. Lakin eyni zamanda, onlar qərar qəbul edərkən sosial kontekstə əhəmiyyət verməyə bilməzlər. Hüquq və onu formalaşdıran cəmiyyət arasındakı münasibətlərdə hər zaman bir balans olmalıdır. Biz bu balansın qarşılıqlı etibar, qarşılıqlı səmimiyyət, qanunlara qarşılıqlı hörmət əsasında formalaşmasının tərəfdarıyıq. DİN-in fəaliyyəti də məhz bu notlar üstündə köklənib. Heç kim belə bir iddianı sübut edə bilməz ki, DİO dəyişməyib, yeniləşməyib, müasir dövrün tələblərinə uyğun islahatlar aparılmayıb. DİN-in rəhbərliyi də iddia etmir ki, Azərbaycan polisinin fəaliyyəti tamamilə Avropa standartlarına cavab verir və hər şey əladır. Ancaq çox şeyə nail olmuşuq desəm, - zənnimcə, müvəffəqiyyətləri qabartmış olmaram.

    DİO cəmiyyətdən təcrid olunmuş şəkildə fəaliyyət göstərmir. O, cəmiyyətin tərkib hissələrindən biridir. Canlı orqanizm olan bu struktur bütövlükdə cəmiyyətin özü kimi dəyişir, inkişaf edir, yeni forma və məzmun kəsb edir.

    Azərbaycan dövlətçiliyi üçün əvvəllər mövcud olan təhlükələr bu gün də tamamilə aradan qalxmayıb. Ümummilli liderimiz Heydər Əliyevin müstəqil, bölünməz və demokratik Azərbaycan uğrunda başladığı mübarizə möhtərəm Prezidentimiz tərəfindən uğurla davam etdirilir. Bəzi qüvvələr isə Azərbaycanda ictimai-siyasi sabitliyin pozulmasında maraqlıdırlar. Onlar rəngarəngdir, fəaliyyət göstərdikləri məkanlar da fərqlidir. Ona görə də Azərbaycan polisi kriminogen duruma daim nəzarət etmək, sabitliyin pozulmasına yönələ biləcək fitnəkarlıqları önləmək, zamanında qətiyyətli tədbirlər görmək üçün ən müxtəlif layihələr həyata keçirir. Respublika Daxili İşlər Nazirliyi və onun strukturları Azərbaycan dövlətçiliyi və xalqın mənafeyi naminə ən mürəkkəb və çətin vəzifələri layiqincə yerinə yetirməyi bacardıqlarını dəfələrlə sübut ediblər. 1994-95, 2003 və 2005-ci illərdə ictimai-siyasi sabitliyi pozmağa, qeyri-qanuni yollarla hakimiyyətə gəlməyə cəhd göstərən qüvvələr və onların təhrikçiləri ilk növbədə Azərbaycan polisinin qətiyyəti ilə rastlaşdılar. Bəzi siyasətbazların başı əhlət daşına dəydi də. Ancaq bəziləri qanunsuzluğun tüğyan etdiyi zamanların xiffətini çəkmək mərəzindən xilas ola bilmir, "stəkanda da olsa, fırtına qoparacaqlarını" dilə gətirirlər. Mən elələrinə Çörçillin bir deyimini xatırlatmaq istərdim. O deyirdi: "Siyasətçi başını itirməkdən yox, simasını itirməkdən qorxmalıdır". Hər kəs aydın dərk etməlidir ki, demokratiya qanunlara hörmət və onlara riayət deməkdir. Azərbaycan cəmiyyətinə qanundan kənar heç nəyi həzm etdirmək olmaz. Çünki qanunun aliliyinin təminatçısı olan dövlət başçısı və qanunların işləməsinə, tətbiq olunmasına məsul olan hüquq-mühafizə orqanları var. Azərbaycan DİN onlardan biridir.

    Bayram ovqatlı bu yazıda olub-keçənləri təkrar yada salmaq istəmirəm, o cümlədən də DİN və onun strukturlarının, DİN rəhbərliyinin illərlə böhtan və şantaj kampaniyası ilə üzbəüz qalmasını da. Ancaq bir məsələ mütləq qeyd olunmalıdır. Bəziləri tez-tez təkrarlayır ki, Azərbaycan polisi hakimiyyətin sifarişini yerinə yetirir. Söhbət nədən gedir? Söhbət ölkə vətəndaşlarının hüquq və azadlıqlarının, sabitliyin qorunmasından gedir. Bir ovuc narazının istədiyi vaxt istədiyi yerdə hoqqabazlıq etməsinə necə haqq qazandırmaq olar? Polis Konstitusiya ilə üzərinə qoyulan vəzifələri yerinə yetirir. Azərbaycanın milli mənafelərinin, xalqının rəyinin əksinə gedənlərə, ona qarşı cinayət törədənlərə qarşı polis adekvat tədbirlər görüb, görür və görəcək. O ki qaldı Ali Baş Komandanın əmr və göstərişlərinə, onlar daim ən yüksək səviyyədə icra olunub, bundan sonra da elə olacağına zərrəcə şübhə ola bilməz.

    Dağlıq Qarabağda, daha sonra isə ətraf rayonlarda erməni və sovet hərbi birləşmələrinə qarşı duran Azərbaycan polisi vətən torpaqlarının müdafiəsində öz tarixi salnaməsinə şanlı səhifələr yazmışdır. Qarabağ uğrunda gedən döyüşlərdə daxili işlər orqanlarının 922 əməkdaşı şəhid, 544 nəfəri əlil olmuşdur. Vətən qarşısında misilsiz xidmətlərinə görə 65 nəfər Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür. Bu bayram günündə DİN rəhbərliyi adından ilk növbədə şəhid polis əməkdaşlarının ailələrini, veteranları təbrik edirəm. Nazirliyin rəhbərliyi bu qəbildən olanları heç vaxt diqqətdən kənarda qoymayıb və qoymayacaqdır.

    Bu gün tam əsasla demək olar ki, Azərbaycanın böyük oğlu, görkəmli dövlət xadimi, ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə qəbul edilən mütərəqqi qanunlar, həyata keçirilən təşkilati və praktiki tədbirlər zamanında ölkəmizdə demokratik-hüquqi dövlətin möhkəm əsaslarını yaradıb. Obrazlı dillə desək, həmin əsaslar üzərində Heydər Əliyev siyasi kursunun və dövlətçilik xəttinin davamçısı olan cənab İlham Əliyev tərəfindən şərq-qərb memarlığının bütün gözəlliklərini özündə əks etdirən Azərbaycan adlı əzəmətli və yaraşıqlı bina tikilir. Bu möhtəşəm "bina" müstəqil, hüquqi, demokratik dövlət quruculuğunun bütün tələblərinə cavab verəcək. Dünyanın istənilən yerindən bu "bina"ya baxan soydaşlarımız qürurla deyəcəklər: mən azərbaycanlıyam! İndi Azərbaycan qatarı parlaq gələcəyə doğru gedən yola çıxıb. Arzu edirəm ki, bu qatarın təhlükəsiz hərəkətinin təmin edilməsində təkcə Azərbaycan polisinə, müvafiq strukturlara yox, hər bir vətəndaşa pay düşsün.

    Bayramınız mübarək olsun!

 

 

    Əsgər ƏLƏKBƏROV,

   daxili işlər nazirinin müavini,

   polis general-leytenantı

 

    Xalq qəzeti.- 2010.- 2 iyun.- S. 4.